news-inner
clock17:50 calendar-gray 06 Mart 2017 view-gray89 dəfə oxunub
view-gray89 dəfə oxunub

“Süleyman Rüstəmin mədhiyyələrini görməmək vicdansızlıqdır” - MÜSAHİBƏ

Kulis.az “Ədəbiyyatımızın dünəni” layihəsindən Cavanşir Yusifli ilə Şərif Ağayarın Xalq şairi Süleyman Rüstəm haqqında söhbətini təqdim edir.

- Mütəxəssislər sovet dövrünü sovet ədəbiyyatı və sovet dövrü ədəbiyyatı deyə iki hissəyə ayırırlar. Yəni sırf ideologiyanı mədh edən, ona qulluq edən ədəbiyyat, bir də o dövrdə yaranan və daha azad hesab olunan ədəbiyyat. Bu bölgüyə münasibətiniz necədir?

- Şübhəsiz ki, sovet ədəbiyyatı vahid, bölünməz bir kateqoriya deyildir. Sosrealizm haqqında xüsusən sovetlər birliyi iflasa uğrayandan sonra nə qədər əsərlər yarandı. Ancaq indiyə qədər o dövrün ədəbiyyatının klassifikasiyası tam olaraq aparılmayıb. Xüsusi çətinliklər var. Deyək ki, sizin yuxarıda mütəxəssislərdən gətirdiyiniz bölgü prinsipi düzdür, ancaq heç nə bu dövrü həm də vahid sovet ədəbiyyatı olmaqdan xilas eləmir. Və bu çox təbiidir. Yadıma bir hadisə düşdü. Tədbirlərin birində Anar müəllim deyirdi ki, o dövrdə (yəni, 60-cı illərdə - C.Y.) xarici yazıçı, filosof və tənqidçilərin əsərlərini birbaşa orijinaldan oxumaq imkanı yox idi, əlimizə əsasən xaricdəki elmi-ədəbi proses haqqında bizim alimlər tərəfindən yazılan tənqidi mətnləri düşürdü. Biz o əsərləri sitatlar səviyyəsində anlamağa çalışırdıq. Tutaq ki, freydizmi və sair cərəyanları ideoloji baxımdan tənqid edirdilər, bizsə bu sitatları oxuyub o qart tənqid yazılarını unudurduq, bizdə “tənqidi əksinə anlamaq” vərdişi (yuxu kimi - !) formalaşdı. Yəni, hətta 60-cı illər “mülayimləşmə” dövrü adlandırılsa da, ideoloji basqı çəkilib getməmişdi. Mən özüm də sovet dövründə aspirant olanda “Kontekst” adlı buraxılışları oxuyurdum. Burada bir yazı vardı, modernizm haqqında. XX əsrin nəhəng ədəbi-fəlsəfi düşüncəsi bizim sərhədləri keçə bilməmişdi. Kafkanın “Çevrilmə” hekayəsi səhv eləmirəmsə, elə 60-cı illərin əvvəllərində dilimizə çevrilib “Azərbaycan” jurnalında çap edilmişdi. İndi bu jurnalı bəyənməyənlər onun tarixini oxusunlar. “Qəsr” romanı “İnostrannaya literatura” jurnalında çap edilmişdi, Paşa Əlioğlu “Ulduz” jurnalında onun haqqında esse yazmışdı. Yəni, məsələ təkcə buzların qırılmağında deyil, böyük, cahanşümul hadisələri mənimsəməkdədir. Bizim ədəbiyyat bu dövrdə nələr qazana bildi?

Sovet ədəbiyyatı müəyyən mənada keçmişə və gələcəyə yolu bağlamışdı, təmiz, xalis ədəbiyyat illüziyası onun damarlarını kirəcləşdirmişdi, heç təsadüfi deyil ki, son dərəcə istedadlı şair olan Süleyman Rüstəm də mexaniki olaraq 30-40-cı illərdəki pafosdan azad ola bilməmişdi. Ancaq poeziyanın məğzində elə bir şey var ki, şairi altdan-altdan olsa da zəmanəyə əks getməyə məcbur edir, bu səsi eşidən və duyan şair son nəticədə ideoloji sifarişi də gələcəyin malı edə bilir. Süleyman Rüstəmin Cənubi Azərbaycan silsiləsi bu qəbildəndir.

Ağlasan ağlaram, gülsən gülərəm,

Yaşasan yaşaram, ölsən ölərəm...

Yaxud:

Sənin çiçəyinə, gülünə qurban!

Mənə qardaş deyən dilinə qurban!

- Şərti mənada belə bir bölgü götürsək, Süleyman Rüstəmin yaradıcılığında hansı şəkildə təzahür edər?

- Süleyman Rüstəmin və o dövr yazıçıların yaradıcılığından heç bir fraqmenti kəsib atmaq və onları yalnız bu şəkildə dəyərləndirmək olmaz. Çərçivəni, konteksti maksimum şəkildə genişləndirə bilərik. O dövrdə, deyək ki, Şərqi Avropada XX əsrin digər böyük şairləri də yaşayırdı. Rejimi tənqid edir və cəlayi-vətən olurdular. Bizim şairlər ya qətlə yetirildilər, ya da sona qədər vətəndə yaşadılar. Hansı asan, yaxud çətindir? Həm də, onlar burda yaşamağa və qətlə yetirilməyə məhkum idilər.

- Yüksək vəzifələrdə işlədi... Sizdə belə bir hiss var ki, bu xalq vəzifəni şairə bağışlamır?

- Mən belə düşünmürəm. Yüksək vəzifələrdə işləməyi (Onun, Rəsul Rzanın və sair – C.Y.) başqa məsələdir. Sovet rejimində, xüsusən onun 37-dən sağ çıxmış və yaşayıb-yaradan nümayəndələrinə münasibət sırf ideoloji aspektlə bağlı idi. Şair ya sağ qalıb ən zirvədə qərar tuturdu, ya da olmurdu!

Xalq indi də Süleyman Rüstəmin şeirlərindəki vətən hissini, cənub həsrətini, qəzəl və digər mətnlərindəki yumor hissini sevir və oxuyur.

- Etiraf edək ki, ortada danılmaz istedad faktı var...

- Əlbəttə, Süleyman Rüstəm çox istedadlı bir qələm əhli idi. Son dərəcə mürəkkəb, çalpaşıq bir dövrdən sağ çıxmışdı, “Günəş şimaldan doğmaz deyir təbiət elmi, Lenin şimaldan doğdu, Lenin günəş deyilmi?” - kimi yüzlərlə boşa gedən mətnlərlə bərabər sırf milli hislərdən yoğurulmuş və bu gün də yaşayan şeirlər yazdı. Ancaq bu dünyada heç nə əbəs deyil. Bəzən deyirlər ki, böyük şairlərin mətnləri təkcə gələcəyə yox, keçmişdəki ənənəyə də təsir edir, üstündən yüz illər keçəndən sonra ümumi poetik panorama dəyişir, oxucu qavrayışında başqa şəkil alır və sair. Adı keçən dövrün şairlərinin keçmişi dumanlı, gələcəyi “birxətli” idi. Düzdür, təsadüflər də olurdu. Dövlət sifarişi ilə böyük Nizaminin, digər klassiklərin əsərlərinin poetik tərcüməsini edirdilər. Bu da onların taleyinə təsirsiz qalmırdı. Səməd Vurğunun yaradıcılığında bu, güclü şəkildə bilinir. Müəyyən mənada Süleyman Rüstəmdə də. Rəsul Rzanın “Xosrov və Şirin”i unikal tərcümə abidəsi idi. Klassika onların hər birinin yaradıcılığına fərqli şəkildə təsir etdi və son dərəcə fərqli nəticələr meydana çıxdı. Səməd Vurğun 60-cı illər ədəbiyyatına nəfəs verən bir neçə son şeirini yazdı. Rəsul Rza forma məsələsində böyük bir məktəb yaratdı. Süleyman Rüstəm ənənəvi formalarda yeni şeir yazmağın yolunu açdı. Ancaq bütöv şəkildə götürdükdə, onların ideoloji sifarişlə yazdıqları saf niyyətlə yazdıqlarına “müdaxilə” edir, mətnin şikəst, pafosdan “şişmiş” vəziyyətdə alınmasına gətirib çıxarırdı. Məsələn:

Gözəllər gözəlim vətəndir, vətən,

Nə duman görəcək, amalım, nə çən.

Məni, karvan-karvan mənalı keçən,

Aylarda, illərdə axtararsınız.

Görən gözümü,

Ürək sözümü,

Mənim özümü

Nəğməli dillərdə axtararsınız!

- Azərbaycan dilinin poetika qatından, ədəbi-bədii ifadə və təsvir vasitələrdən yaxşı istifadə edə bildi...

- “Çapayev” şeiri. “Layla” şeiri yadınızda olar:

Bir komada balasına layla çalır bir ana,

Dərdlərini sanki bir-bir yada salır bir ana.

Bu laylada sakit axan bulaqların səsi var,

Bahar çağı pıçıldaşan yarpaqların səsi var.

Bu laylanı uzaqdan

Ürəyimin qulağıyla eşidirəm bayaqdan.

Bir igidin balasıdır bu körpə,

Bir şəhidin balasıdır bu körpə.

Yaxşı fikir verirəm,

Mən tanışam bu laylanın hər sözüylə

Təbrizdəki o daxmada beşiyi də görürəm,

Qana dönmüş ürəyimin gözüylə.

- Yadımdadır, orta məktəbdə oxuyanda “Qafurun qəlbi” poemasını hardasa bütövlükdə əzbər bilirdim və bunun üçün elə də zəhmət çəkməmişdim. Sizcə, bu, hər hansı göstərici deyil?

- Böyük göstəricidir! Süleyman Rüstəm poeziyası sovet dövründə öyrənilib və həm də bərbad vəziyyətdə. İndi, müstəqillik dövründə, təəssüf ki, elmi araşdırmalarda dominant rolu görüntü təşkil edir. Unudulur ki, “müstəqillik dövrü ədəbiyyatı” ilk növbədə ayrıldığımız (?! – C.Y.) sovet dövrü ədəbiyyatının yenidən qiymətləndirilməsindən başlanmalıdır. Keçmiş ancaq təftiş edilir. Keçmişdə yaranan irsin sonrakı mətnlərə nüfuz etməsi və digər çox ciddi məsələlər arxa plana keçirilir. Bir qrup Səməd Vurğunu və Süleyman Rüstəmi söyür, digər qrup onlara cavab verir (nə qədər “SOS” sözünü mənalandırmaq olar?). Hər iki “tənqid cəbhəsi” mənasız işlərlə məşğuldur. Orta səviyyə - iki dövrün keçid və qarşılıqlı münasibətlərini akademik şəkildə araşdıracaq həlqə yoxdur. Zənnimizcə, bu fakt yeni dövr ədəbiyyatının araşdırılmasını da ləngidir. Çox istedadlı, yeni kontekst yaratmış şairlər göz ardına vurulur, orta statistik pafosla yazanlar cəfəng şəkildə təriflənir və dəyər kimi təqdim edilir. Halbuki bu belə deyildir. Bunlar adi şeylərdir, bilinməsi üçün heç filologiya üzrə fəlsəfə doktoru olmağa da ehtiyac yoxdur.

- Razıyam. Səməd Vurğun da daxil olmaqla sovet dövründə özündən çox-çox yuxarılara qaldırılan şair və yazıçılar, müstəqillik dövründə özlərindən aşağı endirildilər. Onlara obyektiv qiymət verilmədi. Süleyman Rüstəmi də bu sıraya aid edirəm...

- Çox-çox yuxarı qaldırmaq şan-şöhrət üçün deyildi, çox-çox yuxarı qaldırıb yerə çırpmaq… İkinci görünmürdü. Adamlar içindən qırılırdı. Rəsul Rzanın ensiklopediya məsələsini yada salın. 37-dən sağ çıxmış bir şairin çəkdiyi iztirabı kim ölçə bilər? Bir yaxın adam 80-90-cı illərdə Süleyman Rüstəmlə “Azərbaycan” jurnalı üçün müsahibə almağa getmişdi. Evinə. Bəzi şeyləri mənə danışdı. Şair uzun bir ömür yaşadı və bildiklərini özüylə apardı. Xatirələrini yazmadı. Halbuki yazmağa meylli idi. Bir tədqiqatçı tapın, zahiri faktlardan, fakt kimi gördüklərindən vaz keçib o şairlərin çəkdiyi iztirabdan yazsın, yaza bilsin. Bizdə belə birisi varmı? Süleyman Rüstəm indinin “vətənpərvər” fiqurlarından daha vicdanlı və ləyaqətli adam idi, zənnimcə…

- Bəzən Süleyman Rəhimov, Əli Vəliyev və Mirzə İbrahimovun adı istedadsızlıq nümunəsi kimi də çəkilib. Eləcə də Süleyman Rüstəmin. Elə olmamaq nümunəsi kimi göstərilib.

- Sovet rejimi dağılan ərəfədə Mirzə İbrahimovla bu şəkildə “məzələnən” cahillər çox idi. Amma Mirzə İbrahimov adi yazıçı deyildi, “Gələcək gün” romanıyla böyük bir cəbhə açdı, akademiyada Cənubi Azərbaycan ədəbiyyatı şöbəsini yaratdı, indi də misilsiz mənbə rolunu oynayan antologiya buraxdı. Bir sözlə, Mirzə İbrahimov yubiley yazıları səviyyəsində öyrəniləsi bir yazıçı deyil. O, Azərbaycan realist nəsrinin ən parlaq nümayəndələrindən biriydi. Yaxud, indi sərbəstdə yazıb onun içində laübalı şəkildə itən şairlərlə müqayisədə, lap elə “brendə” çevrilən şairlərlə müqayisədə Süleyman Rüstəm daha çox Azərbaycan şairidir. Qart tərif kimi qart tənqid də ziyanlıdır. Bu adamları silə bilməzsən, onları araşdırmaq və öyrənmək lazımdır, bu günün malına çevirmək lazımdır, bunu isə ancaq elm bacarar, o isə yoxdu, təəssüf…

- Sizcə, biz Süleyman Rüstəmin yaradıcılığından da yan keçməyən dövr mədhiyyələrinə qarşı indi necə münasibət göstərməliyik? Bunların içində elələri var ki, sənət əsəri kimi gözəldir, amma sırf ideoloji əsərdir. Ancaq övladlar atalarının bu əsərlərini yeni nəşrlərə daxil etmirlər. Burda uduzan kimdir? Ədəbiyyatmı, müəllifmi, oxucumu?

- Burda məsələ qəlizləşir. Gözünü qapayıb mədhiyyəni görməzliyə vurmaq ən azı vicdansızlıqdır. Necə var elə qəbul etmək lazımdır. Sual vermək, araşdırmaq, düşünmək lazımdır: bu mədhiyyələri kim yazıb, niyə yazıb, bu cızma-qaralarla o mətnlərin əlaqəsi varmı? Var, əlbəttə. İkisi arasındakı ziddiyyət şairin taleyində, oxucunun qavrayışında hansı təbəddülatları yaratdı. Bu təbəddülatlar Süleyman Rüstəmdən sonra ədəbiyyata gələn nəslin mətnlərinin oxusuna hansı dərəcədə təsir etdi və sair. Ən asan yol rədd etmək və qəbul etməməkdir. Burda uduzmaq məsələsi yoxdur.

- Süleyman Rüstəm həm də baməzə, koloritli adam olub... Hazırcavab... Lətifə qoşan...

- Yaradıcılığa da yumorlu pyeslərlə başlayıb.

- Qəzəlləri haqda ayrıca danışmağa ehtiyac duyuram. Dili təmizlədi, amma bu qəzəllər deyəsən, yaşamır...

- Ərəb şairi Adonis intervülərinin birində deyirdi ki, qəsidə yazanda mən yaşadığımı çox dərindən hiss edirəm. Süleyman Rüstəmin qəzəlləri haqda bunu demək olmur. Mən daha çox Səməd Vurğunun qəzəllərini sevirəm. Yuxarıda məhz bunu deyirdim: şairin mədhiyyələri, məcbur olub, ya könüllü yazdığı axsaq mətnlər çıxdaş olunmur, təbinin, necə deyərlər, ən çiçəklənən dövründə gəlib başının üstünü kəsdirir, ən saf niyyətlə yazdıqlarını da yaralayır. Bu mənada o dövrün həm güllələnən, həm də sağ qalan şairləri bizim ədəbiyyatın ən faciəvi fiqurlarıdır, bundan böyük faciə təsəvvür eləmək mümkün deyildir. Müşfiq də, Cavid də...

- Son olaraq ənənəvi sual: gənclərə hansı məziyyətlərinə görə məsləhət edərdiniz Süleyman Rüstəmi? Və elə bu sualda şeirlərinin toxuna bilmədiyimiz daha hansı spesifikliyindən danışmaq olar?

- Səmimiyyət!

Ey nazlı vətən, mən sənə öz könlümü verdim,

Qarşında günahkarsa, Süleymanı bağışla!

news-inner-user
Şərif Ağayar

478 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

“Doktor Jivaqo” hədsiz zəif əsərdir” – Brodskinin qeyri-adi müsahibəsi
21:01 23 Avqust 2019
Onlar 2019-da hamıdan çox qazandılar - Siyahı
19:00 23 Avqust 2019
Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb
18:24 23 Avqust 2019
Mirzə Cəlilin son cümlələri... - Mehman Qaraxanoğlu yazır
17:29 23 Avqust 2019
“İt gəzdirən xanım” tamaşası yenidən nümayiş olunacaq
16:37 23 Avqust 2019
Tələbəsinə aşiq olan, 20 Yanvarda adamları ölümdən qurtaran aktyor – Maraqlı faktlar
15:45 23 Avqust 2019
Oğru adlandırılan şair danışdı: “Olur belə şeylər"
15:07 23 Avqust 2019
Yaqub Zurufçu: “Ququşun “Ayrılıq" mahnısı seksual səslənir” – Müsahibə
14:58 23 Avqust 2019
İlqar Əlfioğlu yeni verilişdə - Anons
14:20 23 Avqust 2019
Şəhriyar Del Gerani: “Firudin Qurbansoy falıma baxdı...”
13:30 23 Avqust 2019
Mehriban Zeynalova erkən nikahlardan danışır: "Deyirlər, qadın adamın papağını yerə soxandır" - Müsahibə
12:40 23 Avqust 2019
İctimai nəqliyyat təcavüzkarları
11:50 23 Avqust 2019
Rasim Balayevin bağışlanmaz səhvi
11:15 23 Avqust 2019
Filmimiz beynəlxalq film festivalının qalibi oldu
10:36 23 Avqust 2019
Rasim Balayev: “Fərda, Elməddin, Müşviq meymunluğu sənətlə səhv salıblar” - Müsahibə
09:57 23 Avqust 2019
İran Oskara maraqlı bir filmlə qatılacaq: “Fəridənin sorağında”
09:36 23 Avqust 2019
Ərə getdiyi kişi bir il keçməmiş ölür – Bircənin Romanı
09:00 23 Avqust 2019
Elçibəyin oğlu: “Atamı çox qınamışam” - Müsahibə
21:01 22 Avqust 2019
Oğru şairlər: Yafəs Türksəs və başqaları...
19:04 22 Avqust 2019
“Manqurt” nümayiş ediləcək
16:02 22 Avqust 2019