news-inner
clock12:00 calendar-gray 11 Fevral 2017 view-gray172 dəfə oxunub
view-gray172 dəfə oxunub

Anarın Ənvər Məmmədxanlı haqqında xatirəsi- HƏYATIM AĞRIYIR

Kulis.az Anarın Anarın “Həyatım ağrıyır” adlı əsərini təqdim edir.

(povest-xatirə)

"Həyatım ağrıyır...". Ənvər Məmmədxanlının ifadəsidir. Uşaqlıq illərimdən xatırlayıram, hərdən-birdən xoş məclisdə, ya şirin bir söhbət əsnasında Ənvər Məmmədxanlı birdən-birə öz içəri dünyasına qapılardı, elə bil gözlərinə hansısa uzaq bir xatirənin kölgəsi çökərdi və o zaman xəbər alanda: "Nə olub sənə, nə var?" – dalğın-dalğın cavab verərdi: – "Həyatım ağrıyır". Bilmirəm bu ifadə onun hansısa əsərinə düşübmü? Gərək ki, yox. Hər halda çap olunmuş əsərlərində rast gəlmədim. Bəlkə hələ üzə çıxarılmamış əlyazmalarında, gündəliklərində, qeydlərində – "Qəlpələr"ində hardasa düşüb qalıb bu söz. O uzaq illərdə mən bu ifadəni orijinal bir obraz, qəribə bir təşbeh sayırdım. Hər şeyi daha dəqiq qavramağa başlayandan sonra Ənvər Məmmədxanlının şəxsiyyətini, bioqrafiyasını daha dərindən dərk etdikdən, özüylə və ailəsiylə bağlı bütün məşəqqətlərinə vaqif olandan sonra anladım ki, bu yalnız gəlişigözəl söz deyilmiş – Ənvər Məmmədxanlı taleyinin çox sərrast, çox dürüst düsturu imiş. Uşaqlıqdan mən ona Ənvər əmi, ya Ənvər müəllim deyil, sadəcə Ənvər deyirdim. Atamla anama da adlarıyla müraciət etdiyim kimi. Özləri belə öyrətmişdilər, mən də, bacılarım da valideynlərimizə Rəsul, Nigar, Ənvərə Ənvər deyirdik. Bu yazıda da başqaları üçün qeyri-təvazökar, yaxud kobud görünsə belə, mən "Ənvər" deyib yazacam, çünki bu mənimçün daha təbii və real səslənir.

Həyatsevər insan idi, gəncliyində dünyanın ləzzətlərindən zövq almağı bacaran adam kimi yaşlı çağında da şövqündən, yaşamaq, düşünmək, mübahisə etmək həvəsindən qalmamışdı. Amma bu nikbin təbiətli bir insanın ömrü boyu "həyatı ağrımışdı". "Həyat ağrısı"nın bəzi, mənə məlum olan səbəblərini bu yazıda açıqlamağa çalışacam.

***

Bu il Ənvərin 80 illiyidir. 1913-cü il fevralın 28-i Ənvər Məmmədxanlının doğum günüdür.

1913-cü il fevralın 28-i Ənvər Məmmədxanlının doğum günü deyil. Ənvər Məmmədxanlı fevralın 29-da anadan olub və fevralın 29-u ancaq dörd ildən bir olur. Ailədə biz həmişə bu mövzuda zarafat edərdik. Bir zaman hətta elə düşünürdük ki, dəbdəbəni, hay-kuyü sevməyən Ənvər qəsdən, ad gününü qeyd eləməməkçün belə bir günü – hər il olmayan bir günü – özünün ad günü elan edib. Axı sən necə fevralın 29-da anadan ola bilərsən ki, 1913-cü ildə fevral 28-dən olub? – deyirdik və bizə elə gəlirdi ki, bu tutarlı dəlillə onun "uydurmasını" ifşa edəcəyik. Ənvər gülümsünür: – Bəs onu bilmirsiniz ki, o vaxtdan bəri təqvim dəyişib və on üç gün qabağa çəkilib? Amma hər halda hər il bu gün, yəni il 29-dan olanda 29-da, 28-dən olanda 28-də onun evinə gedər, təbrik edərdik. Nə yazıq ki, 91-ci ilin 28 fevralında onun evinə yox, televiziyaya getməli oldum: iki ay on gün qabaq vəfat etmiş yazıçının xatirəsinə həsr olunmuş verilişdə danışmaq üçün. O vaxt dedim ki, Ənvər haqqında danışmaq çətindir, əvvəli ona görə ki, onun vəfatı mənimçün çox böyük itki idi. Hələ yara qaysaqlanmamışdı, sağalmamışdı. İndi, on iki ildən artıq keçəndən sonra yenə də Ənvərdən söz açmaq mənə asan deyil: yara hələ də qövr edir, incidir. Bu bir səbəbdir. İkinci səbəbi odur ki, Ənvər haqqında xatirələrim çoxdur, bitib-tükənməzdir, mənim həyatımda Ənvərin o qədər böyük yeri var ki, bu xatirələri tənzim etmək, səhmana salmaq, müəyyən bir ardıcıllıqla düzmək müşkül işdir. Adamı az tanıyanda onun haqqında bir neçə görüş əsnasında, bir neçə ünsiyyət dəqiqələri, ya saatları nəticəsində xatirə söyləmək mümkündür.

Amma bir insanı uzun illər boyu tanıyanda və o insan sənə bu qədər yaxın olanda xatirələri müəyyən bir məcraya sığışdırmaq zor işdir. Üçüncü bir səbəb də var: Ənvər Məmmədxanlı mənim yaxın qohumumdur, əmimdir. Əmi deyəndə çox adam təəccüblənir – axı bilirlər ki, Rəsul Rzanın qardaşı olmayıb. Ənvər Məmmədxanlı atamın həm əmisi oğlu idi, həm xalası oğlu. Onların ataları İbrahim və Qəffar qardaş idilər, anaları Məryəm və İmmihanı bacı idilər. Amma bu qan qohumluğundan başqa – onları birləşdirən mənəvi varlıqları idi və heç bir doğma qardaş bir-biriylə bu qədər yaxın ola bilməzdi: eyni peşə sahibləriydilər, eyni məslək və əqidə sahibləriydilər, ömürləri bir yerdə keçmişdi, ömrün çox çətinliklərinə birlikdə sinə gərmişdilər. Mübahisə etdikləri vaxtlar da olurdu, amma bir-birlərini qəribə, riqqətli bir məhəbbətlə sevirdilər. Bu zahirən bəlkə də görünmürdü, amma daxildə, mən bilirəm ki, nə qədər bir-birinə bağlı adamlar idilər. Ailəmizin ənənələrindən, babalarımızın təbiətlərindən gələn bir sərtliklə bir-birinə mehriban sözlər deməyi, qarşılıqlı məhəbbətlərini nümayiş etdirməyi sevməzdilər, hətta birbirlərinin yaradıcılıqlarına dərin rəğbət və hörmətlə yanaşdıqları halda belə heç vaxt atam Ənvərin hekayələrinə, pyeslərinə, Ənvər atamın poeziyasına mətbu surətdə münasibətlərini bildirməyiblər. Yadımdadır, atam bir dəfə Ənvərin "Qaralmaz günəş" hekayəsində bir obrazı bəyəndiyini söyləmişdi. Həmin obraz olan cümləni bura köçürürəm: "Axşamdan əsməyə başlayan külək sübhə yaxın birdən kəsdi. Elə bil naməlum ovçu gülləsi ilə ağac başından yerə sərilən bir quş, aşağıda otlar üstündə bir-iki dəfə qanad çalıb, sonra tamamilə susdu".

Yalnız atamın ölümündən sonra Rəsul Rza və Nigar Rəfibəyli haqqında xatirələr kitabına yazdığı "ön söz"də Ənvər Məmmədxanlının ilk və bəlkə də gecikmiş etirafı səslənmişdi: "Rəsul Rza bir ömür boyu mənim üçün nəinki bir dost, bir yoldaş və böyük qardaş idi, o eyni zamanda uşaqlıq illərindən mənə müəllimlik eləmişdi və həmişə mənim üçün örnək olmuşdu". ("İki ömrün işığı", Gənclik, Bakı, 1987, səh. 4.).

...və mən də uşaqlıqdan Ənvəri əmim kimi tanımışdım və bəlkə də, o atamın atabir-anabir qardaşı olsaydı belə mən onu sevdiyimdən artıq sevə bilməzdim, ona qəlbən bağlandığımdan artıq bağlanmazdım. Mənə bağışladığı ikicildliyinin üstündə yazdığı "Əzizim Anara, ürək dostuma..." sözləri mənimçün ən təmtəraqlı "izhari məhəbbətlərdən" daha qiymətlidir.

İndi onun haqqında düşünəndə, həm də çox tez-tez, sıx-sıx, müxtəlif məqamlarda, müxtəlif hadisələrlə bağlı olaraq düşünəndə bir yandan öz xatirələrim canlanır xəyalımda – onunla bağlı saysız-hesabsız günlər, aylar, illər... Atamgilin sağlığında demək olar ki, həftədə bir, ya iki dəfə onlara gələrdi, orda görüşərdik. Buzovnada bağlarımız qonşu idi və hər il yay ayları hər günü bir yerdə keçirərdik: gündüzlər və axşamlar söhbətlər, şahmat yarışları, gecələr radio dalğalarında "düşmən səslərini" – "Amerikanın səsini", "Azadlığı", "Alman dalğasını" aradığımız, dinlədiyimiz saatlar...

Sonra, mən ayrı yaşamağa başlayanda hərdən bizə gələrdi və daha tez-tez mən onun evinə gedərdim. Bakıda olduğum zaman demək olar ki, hər həftə ona baş çəkərdim. Moskvadan, ya başqa uzaq səfərdən qayıdandan sonra da mütləq Ənvərgilə gedərdim. Birlikdə səfərə çıxdığımız vaxtlar da az olmayıb. Dəfələrlə Moskvaya, Azərbaycanın müxtəlif şəhər və kəndlərinə bərabər getmişik, başqa respublikalarda birlikdə səfərlərdə olmuşuq. Bütün bu dediklərimin nəticəsində mənim bitib-tükənməz xatirələrim, şəxsi təəssüratım onun özünün öz həyatı haqqında, öz keçmişi, uşaqlığı, gəncliyi haqqında söylədikləriylə qovuşur, qaynayıb-qarışır. Bura Ənvər haqqında başqalarının söhbətləri, xatırladıqları da əlavə olunur – atamın, anamın, Ənvərin bacılarının, qohum-qardaşın, tanışların, yazıçıların söhbətləri... Və nəhayət, Ənvər haqqında düşüncələrimin, xatirələrimin bir qaynağı da var – onun öz yazıları, bədii əsərləri... Çünki onun yaradıcılığında, xüsusilə, hekayələrində avtobioqrafik ünsürlər az deyil. Bu ünsürlər "Bakı gecələri"ndə də var, "Ayrıldılar" hekayəsində də, başqa əsərlərində də... "Ayrıldılar" hekayəsinin qəhrəmanı İlyasın ömrü boyu həsrətində olduğu at – dayısının atını çapıb məhv eləməsi, "Babək" romanında da eyni çılğın ehtirasla köhlənin belinə sıçrayıb uçuruma atılan gəncin aqibəti – Ənvərin gənclik xatirələrilə bağlıdır. Dayısı Məhəmmədhüseyn Rzayevin Qaragöz və Ceyran adlı atlarını çapmaq istəyən balaca Ənvərin, yeniyetmə Ənvərin arzularının əksidir. Uşaqlıq və gənclik illərində at çapmağı sevən və bacaran Ənvər çox illər sonra, ahıl yaşında "Leyli və Məcnun" filminin çəkilişi zamanı at belinə sıçramasını da danışmışdı mənə:"Özümü saxlaya bilmədim bu cins atları görəndə, bir az çapdım belədən-belə, qurdumu öldürdüm". Odur ki, bütün bunlar elə qaynayıb-qarışır, elə birləşir ki, sonucda məndə qəribə bir duyum baş qaldırır. Sanki mən Ənvəri uşaqlıqdan, yəni onun uşaqlığından tanıyıram, yaşımdan çox qabaq ötüb-keçənləri öz gözümlə görmüş kimi xatırlayıram. "Uşaqlıq illərimizin ən böyük arzusunu yada salmaq istəyəndə hafizəmdə iz salan budur ki, bizim ən böyük arzumuz səyahət idi. Və bir dəfə Göyçayın üstündəki Boz dağa yemlik, turşəng, quşəppəyi yığmağa gedəndə, hansı bir təpə başındasa uzaqlara baxarkən, Rəsul mənə demişdi ki, heç kəsə demə, bu yaxınlarda evdən qaçarıq, baş alıb gedərik, bütün dünyanı gəzərik..." (Ənvər Məmmədxanlı "İki ömrün işığı" kitabına yazdığı "Ön söz"dən).

Elə bil öz gözlərimlə görürəm bu səhnəni – Göyçayın quru boz təpələrinin birinin başında iki uşaq dayanıb – biri qıvırcıq saçlı, biri ondan üç yaş böyük – göygözlü, harasa uzaqlara baxır və içəri aləmlərində uzaq ölkələri – böyük-böyük şəhərləri, dənizləri, okeanları, gəmiləri görürlər...

Bu romantik xəyal onların hər ikisinin xislətində idi. Hər ikisi dünyanı gəzmək, dünyanı görmək, dünyanı dolaşmaq eşqilə yaşayırdılar. Hər ikisi mühitlərinə sığmırdılar və hər ikisini mühit, şərait, yaşadıqları dar məkan çərçivəsi, zamanın məhdudluğu sıxırdı. Atamın "Darısqallıq" şeri də elə bu barədədir... Hər ikisi bütün dünyaya qovuşmaq istəyirdi və hər ikisi dünyadan doymurdular... Bu narahatlıq, doyumsuzluq, dar bir həyat ülgüsü içində darıxmaq Ənvərin bir çox hekayələrində əks olunub – onun qəhrəmanları karvanlara qoşulur, baş götürüb uzaqlara getmək istəyiylə çırpınırlar.

Gəncliyində yazdığı "Karvan dayandı" hekayəsində də, qocalığında tamamlamaq istədiyi "Babək" romanında da... Axı Babək də Ənvər Məmmədxanlını ilk öncə dünyaya sığmayan bir adam kimi, məhdud ehkamlarla barışmayan bir şəxsiyyət kimi, sərgərdanlıq ruhuyla yaşayan, azadlıq odunda yanıb qovrulan bir səməndər quşu kimi cəlb edirdi. "Babək" romanının böyük hissəsini – uzaq karvan yolunun təsviri tutur.

"Əfsanəli dağlar" hekayəsinin qəhrəmanı da adiliklər mühitindən əfsanələr aləminə qaçır, uzaq və uca dağ zirvələrində bəlalı məhəbbətini tapır və itirir. "Ay işığında" hekayəsində qoca aşiq sənətinin ecazıyla gəncliyini, cavanlıq ehtiraslarını, həvəslərini, hisslərini qaytarmaq istəyir və bu cəhdin mümkünsüzlüyündən üzülür... Və nəhayət, "Ayrıldılar"da bu insanı sıxan, bıkdıran adiliklər mühitinə qarşı üsyan iki sevgilinin qəribə, ilk növbədə izahsız və məntiqsiz görünən ayrılmalarıyla nəticələnir. Vaxtilə Səməd Vurğun bu hekayəni bəyənməmişdi, qəbul eləməmişdi və hətta "Axı niyə ayrıldılar?" adlı bir məqalə də yazmışdı. Amma onu deyim ki, Səməd Vurğun, ümumiyyətlə, Ənvərin şəxsiyyətini də, yaradıcılığını da sevirdi. "Şərqin səhəri" haqqında ayrıca bir məqalə də yazıb əsəri yüksək qiymətləndirmişdi. Ənvərə ərkyana bir zarafatla "Peçorin" deyərdi və məncə, hər ikisinin xasiyyətlərində, xüsusilə, cavanlıq çağlarında oxşar cəhətlər çox idi. Gəncliklərində hər ikisi xəyalpərvər, romantik idilər.

Birlikdə səfərlərdə, Moskvada, çox-çox məclislərdə olmuşdular. Ənvərin Səməd haqqında canlı detallarla zəngin olan xatirələri vardı, heyf ki, özü yazmadı. Mənim yadımda qalanları burda gətirirəm. Bu xatirələrin məzəli məqamları da var. Və qəribədir ki, bu məzəli xatirələrdə Mir Cəfər Bağırovun kabus kimi vahiməli surəti də yumor işığında görünür. "Bir dəfə Bağırov Mehdiylə məni çağırmışdı, Səməd də o vaxt Yazıçılar İttifaqının sədri idi, biz bir az gecikmişdik, Mərkəzi Komitənin qarşısında Səməd əsəbi var-gəl edir, papiros çəkirdi, bizi görən kimi üstümüzə düşdü: – Mənim kimi aslan, – dedi bura gələndə dizlərim titrəyir, siz hələ gecikirsiz də...

Bağırov bizi Moskvaya oxumağa göndərmək istəyirdi, biz imtina edəndə: "əlbəttə, Bakıda bulvar qalır, İnturist qalır, gəzib-dolanmaq qalır, Moskvaya gedib oxumağı neyləyirsiz?" – dedi. "Bir dəfə yenə köhnə "İnturist"də idik, Səməd, Rahim, mən... "İnturist"in o vaxtkı məşhur metrdoteli İvan İvanoviç bizə yaxşı stol düzəltmişdi, yeyib-içdik. O vaxtlar da yazıçılar "İnturist"ə gedən kimi Bağırova xəbər verərdilər. Nə məsələyçünsə yenə yanındaydıq, birdən düşdü üstümüzə ki, bəli, gününüzü restoranlarda keçirirsiniz, içirsiniz filan bax bu günlərdə yenə Səməd Vurğun, Rəsul Rza, Ənvər Məmmədxanlı "İnturist"də kef edirlərmiş. Rəsul isə orada yox idi, nə o gün bizimlə "İnturist"ə getmişdi, nə də indi Bağırovun yanında yox idi. "İnturist"də də bizimlə Rahim idi, burda da vardı, amma Bağırov onun adını çəkmirdi, Rahim də üstünü vurmurdu. Gördüm bu dinmir, dedim: – Yoldaş Bağırov, Rəsul Rza orda yox idi! – Bəs kim vardı? Dedim: – Məmməd Rahim.

Rahim dərhal sıçradı: Yoldaş Bağırov, içmişdim, amma lülüşqə deyildim. – Sadis, durak – deyə Bağırov onun üstünə çəmkirdi. Gülüşdük və vəziyyət bir az yumşaldı, sonra cəsarətə gəlib: – axı rus yazıçıları lap betər içir, – dedik. – Şoloxov, Fadeyev. Bağırov çox məntiqli cavab verdi: Onların dədə-babaları da içib, sizə nə düşüb?"

Ənvərin Səməd Vurğunla və Bağırovla bağlı başqa bir xatirəsi daha dramatik idi... "40-cı illərdə bir şayiə buraxmışdılar ki, (güman ki, bunu qəsdən, provakasiya üçün ediblər) Cavid sağdır, qayıdır və Cavidin köhnə dostu Abdulla Şaiq vağzala, onu qarşılamağa gedib. Ənvər deyirdi ki, bu xəbəri Səməd mənə deyəndə yanımızda üçüncü bir adam da vardı və mən ondan şübhələnirdim ki, bu adam yoncadır. Səməd bu sözü təzə başlamışdı, stolun altında onun ayağını vurdum ki, danışmasın. Səmədin də bütün həyat təcrübəsiylə, zəkasıyla bərabər, bir az sadəlövhlüyü də vardı, qayıtdı mənə ki, ayə, nə olub, ayağımı niyə vurursan? Bildim ki, xəbəri Bağırova çatdıracaqlar. Doğrudan da, bir müddət sonra Bağırov Şaiqin bu hərəkətinə görə Səmədi də bərk məzəmmət eləmişdi, – O qocaya nə düşüb vağzala gedir, – demişdi –yaxşı, tutalım lap Cavid gəlir, hardan gəlir? Həcdən, Məkkədən gəlir?

***

Sonralar "Ayrıldılar" hekayəsini yenidən işlədi, əsaslı dəyişdi və bəlkə bu son variantda "axı niyə ayrıldılar" sualına daha açıq, daha məntiqli cavab tapmaq olar, amma məncə, hekayənin birinci variantı daha bədii, daha kamil və incədir...

1983-cü ildə "Ulduz" jurnalının 3-cü nömrəsində Ənvər Məmmədxanlıyla müsahibə aparan jurnalistin: – İmkanınız olsaydı əsərlərinizi yenidən yazardınızmı? – sualına yazıçı belə cavab verir: – Bilmirəm, ömür limitindən nə qədər qalıb, amma bu dözülməz zəhmətə qatlaşardım. Bəzi yazılarımı büsbütün ləğv edərdim, bəzilərini isə yenidən yazardım... Bu yazı üzərində işlərkən Ənvər Məmmədxanlının sağlığında çıxan son kitabını – "İkicildliyini" oxudum və böyük bir təəssüf hissilə gördüm ki, uşaqlıqdan demək olar ki, hafizəmdə başdan-ayağa kimi diri yaşayan bir çox hekayələri, o cümlədən "Bakı gecələri", "Ay işığında", "Ayrıldılar" hekayələri üzərində yazıçı yenidən işləyib və işlədiyi variantlar, mənim zənnimcə, onların ilk variantlarından bədii cəhətdən heç də yüksək deyillər. Dedim bəlkə məni çox təbii bir hiss aldadır, cavanlıqda oxuyarkən bu hekayələrin mənə göstərdiyi böyük təsir gücünü indiki yaşımda duya bilmirəm. Həmin hekayələrin ilk variantlarını da yenidən mütaliə etdim və onlar mənə əvvəlki kimi güclü təsir göstərəndə əmin oldum ki, yanılmıram, yazıçı hekayələrini təzədən işləyərkən onları müəyyən qədər "korlayıb".

Gənclik təravətiylə, gənclik çılğınlığıyla yazılmış hekayələrin akvarel boyaları üstündən kömürlə işlənilib, hissi tapıntıları bir çox hallarda rasionalist izahlar dayazlaşdırıb.

Alatoran mənzərələrin cazibəsi, hüsnü, sonacan açılmamış mətləblərin sehri qeyb olub, səthi şərhi qalıb. Əlbəttə, bu hekayələrin ilk nəşrlərindən bixəbər oxucuları yenidən işlənmiş variantlar da yüksək sənətkarlığı, zərif şeriyyatı, füsunkar diliylə cəlb edəcək, amma həmin əsərlərin "gəncliyini" yaddaşlarında yaşadan mənim kimi oxucular üçün onların yenidən süslənmiş görkəmi müəyyən pərişanlığa, xəyal qırıqlığına səbəb olacaqdır. Bu cəhətdən "Bakı gecələri" də, zənnimcə, Ənvərin ən yaxşı hekayəsi – yazıçının sonralar apardığı "cərrahiyyə əməliyyatı" nəticəsində çox şey itirib. Lakin indi mən konkret müqayisələrlə hekayənin iki variantı arasında fərqləri göstərmək və fikrimi əsaslandırmaq istəmirəm. Bu ayrı söhbətin mövzusu ola bilər. Burda Ənvərin bioqrafiyasının "Bakı gecələrin"də də əks olunmuş bəzi ayrıntıları üzərində dayanmaq istəyirəm. Mənim nənəm, yəni Ənvərin xalası Məryəm xanım 20-ci illərin axırlarında artıq Bakıda yaşayırdı və Bakıya gələn Ənvər əvvəl-əvvəl bir müddət məhz onlarda qalıb. Nərimanov adına sənaye texnikumunu 1931-ci ildə bitirib, 1932-ci ildə Azərbaycan neft institutuna daxil olub. Eyni zamanda, həmin vaxtlarda Montin zavodunda texnikmexanik işləyirmiş. Amma Ənvər şair qəlbli bir insan idi, meyli texnikaya, sənayeyə, neftə yox, ədəbiyyata, söz sənətinə idi, nəsrə idi. Yadımdadır, nənəm danışardı, deyirdi hər səhər Ənvəri güclə oyadırdım ki, instituta, dərsə getsin, dururdu otururdu yorğan-döşəyinin içində, gur qıvırcıq saçları vardı, əliylə onları qarışdırır və hirslə deyirdi: mən getməyəcəm instituta, mən mühəndis olmayacam. Ölüm-zülümnən onu məcbur edirdik dərsə getsin, axır ki, o peşənin dalınca getmədi, mühəndis olmadı, yazıçı oldu. Mühəndislik təcrübəsi Ənvərin ilk povestində – "Burulğan"da neftçilərin həyatından bəhs edən yazıda əksini tapdı. Yazıçı özü bu əsərinə çox tənqidi yanaşırdı. "Ulduz" jurnalına verdiyi və bayaq xatırlatdığım müsahibəsində deyir: "Ədəbiyyata 1934-cü ildə çap olunmuş "Burulğan" povesti ilə gəlmişəm. Sadəlövh və zəif bir şeydir, ikinci dəfə heç çap etdirməmişəm, unutmaq istəmişəm, amma başlanğıcı xəbər verdiyi uçün hər dəfə yadıma salırlar". Ənvərin mühəndisliyin daşını atıb yazıçılığın dalınca getməsi ailələrində də çox söz-söhbətə səbəb oldu, daha dəqiq desək, atası Qəffar bu işdən çox narazı imiş. Ənvərlə bağlı iki lent yazısı durur məndə. Birini onun sağlığında bacısı Həbibə xanım Məmmədxanlıgildə yazmışam. Ənvər, Həbibə, o biri bacıları Arifə xanım Məmmədxanlı və mən Məmmədxanlılar nəsliylə bağlı məsələlər ətrafında söhbət edirdik. İkinci lent yazısı isə artıq Ənvərin ölümündən sonra Buzovna bağında yazılıb, bu söhbətin də iştirakçıları Arifə xanım, Həbibə xanım və mənəm. Yeri gəldikcə bu yazımda hər iki lentdən istifadə edəcəm. İndi Ənvərin atasıyla bağlı məqamları və xüsusilə, Qəffar əminin (heç bir vaxt görmədiyim bu adamı mən də atamın, bibilərimin diliylə belə adlandıracam) Ənvərin peşə seçməsindən narazılığını, necə deyərlər, ilk qaynağa – Ənvərin özünün, Arifənin və Həbibənin xatirələrinə əsaslanaraq açıqlayacam. 11 avqust 1991-ci il, Buzovna bağında söhbətin lent yazısından fraqment (Həbibə, Arifə, Anar).

HƏBİBƏ. Bu xüsusda Ənvərlə çox mübahisələri olurdu əmimin (qeyd: Qəffar əminin bütün uşaqları da Rəsulgilin diliylə atalarına "əmi" deyərlərmiş, Ənvər hətta uşaq yaşlarında "Qəffar əmi" deyirmiş – A.). Əmim deyirdi ki, yazıçı olursan, rəssam olursan, nə olursan özün bilərsən, amma hayıfdı, üçüncü kursdasan, çıxma institutdan. AZİ-ni qurtar, əlində diplomun olsun, ondan sonra yaz da, sənin əlindən yazıçılığı alan yoxdu ki... Ənvər də qəti deyirdi ki, yox, oxumayacam mən orda. Bax bunun üstündə çox mübahisələri olurdu... Bir dəfə evdə heç kəs yox idi, bir mən idim bir də əmim. Çağırdı məni ki, bura gəl. Ənvərin kitabı çıxmışdı, dedi bu kitabı götür, oxu mənə.

ANAR. Niyə özü oxumurdu ki?

HƏBİBƏ. Özü küsmüşdü də Ənvərdən (gülüş). Gəldim mən də oxudum, özü də bir hekayə idi ki, orda öpüşmək-zad vardı, udquna-udquna oxuyurdum, utanırdım, çox pərdəli idik...

ARİFƏ. Həbibə, çox zəhmli idi e, biz ondan qətiyyən bir dənə ağır söz eşitməmişdik, bizə bir söz deməmişdi, qışqırsın, eləsin, amma o qədər ondan qorxardıq, o gələndə özümüzə yer tapmırdıq. Çox zəhmli idi, çox, çox..."

"Bakı gecələri"nin ilk variantında əsas qəhrəman Yunisin institutdan çıxmaq söhbətinə işarə-filan yoxdu, sonralar işlədiyi ikinci variantda bu məsələyə aid bəzi eyhamlar var. Önəmli cəhət odur ki, bu hekayədə Ənvər kənddən, daha doğrusu, Göyçay kimi bir əyalət şəhərindən Bakı kimi böyük bir mərkəzə gələn gəncin duyğularını çox dəqiq təsvir etmiş, şəhəri bu gəncin gözlərilə görə və göstərə bilmişdi. Bakıya xas olan cəhətlərin belə əyani təsviri yalnız ilk təmasın səmimiyyətindən və güclü müşahidə istedadından doğa bilərdi.

Evləri bir-birinə çox yaxın yerləşdiyi üçün gecələr sayrışan işıqların sıx topalığı, qəfil qopan cilovsuz Bakı küləklərinin cövlanı, köhnə Bakı evlərinin yastı damlarında isti yay günləri adamların yerlərini sərib yatması, Bayıldan Qaraşəhərəcən şəhərin səmasını qaraya-qırmızıya boyayan o dövrün məşhur və məşum neft yanğınları, çoxailəli Bakı evləri, səs-küylü həyətləri, bu şüşəbəndli eyvanların birindən göylərə göyərçinlər uçurdan balaca Səttar, köhnə binaların yastı damlarında isti yay gecələrində yer salıb yatan adamlar – bütün bu dəqiq ayrıntılar dünyanı şairanə baxışla görən həssas bir gəncin duyğularından və gələcək yazıçının iti müşahidəsindən doğulmuşdur.

Yastı dam üstündə paltar sərən Yaqutu yazıçı belə təsvir edir: "İçəri qaranlıqla dolmuşdu, amma ayağa qalxıb işığı yandırmaq üçün yerimdən tərpənməmişdim, çənəmi qollarım üstünə qoymuşdum, axşam şəhərin topa-topa alışan işıqlarına baxmışdım. Haradasa veyllənən fikrimi hardansa geri qaytarmaq istəmişdim və bu vaxt birdən onu pəncərəm altındakı dam üstündə görmüşdüm. Bəlkə çoxdan üzünü görmədiyim, səsini eşitmədiyim xəyalı idi bu? Yox, özü idi, ağ quşum, ağ səadətim idi. Ayağı altındakı tasdan götürdüyü kətan ağlarını, nazbalış və yastıq üzlərini, qırmızı naxışlı əlüz dəsmallarını damın bacalarına sarınmış dirəklər arasındakı iplərə tıxaclarla bənd eləyirdi və o, iki cərgəli ağlar arasında qalaraq asfalt cığırla uzaqlaşıb gedirdi. Dənizdən həzin külək əsirdi, şəhərdə alışan işıqların sayı anbaan çoxalırdı, o isə əyilirdi, qalxırdı, hərdən dizlərini qucaqlayırdı, küləyin qabardıb yuxarı qaldırdığı donunun ətəyini aşağı salırdı, sonra yorğun bir halda bir an donurdu, hərəkətsiz qalırdı və bu vaxt doğulduğu şəhərin çıraqban axşamı elə bil dönüb yalnız ona baxırdı və qız şəhərin qızıl işıqları önündə sirli bir rəqsə başlayırdı. Ağ bir xəyal kimi sərdiyi ağlar arasında batıb- çıxırdı. (kursiv mənimdir – A.) Dönüb əllərini iplər üstündə gəzdirə-gəzdirə yaxınlaşır və hərdən yanakı və ani bir baxışla qaranlıq pəncərəmə baxarkən, qaşları çatılırdı".

"Bakı gecələri"ni yenidən mütaliə edərkən bu yeri oxuyanda az qala diksindim. Axı eyni bir obraz – dam üstündə paltar sərən qızın küləklə, ağlarla rəqsi mənim "Gürcü familiyası" hekayəmdə və onun əsasında çəkilmiş "Gün keçdi" filmində də var. İstəyirsiz inanın, istəyirsiz yox, həmin hekayəni yazanda mən ondan azı 20-25 il qabaq oxuduğum "Bakı gecələrin"dəki bu səhnə heç xəyalımda deyildi. Bilmirəm, bəlkə də özümün belə dərk etmədiyim şüuraltı yaddaşımda yaşayırmış. Qəribədir ki, indi bu yazıyla əlaqədar olaraq Ənvərin hekayələrini neçə il sonra yenidən oxuyanda mənim nəslimdən olan başqa yazıçılarımızın hekayələrində də "Ənvər motivlərinə" yaxın parçalar olduğunu gördüm. Elə həmin "Bakı gecələrində" belə bir yer var: Yunis qonşuları Səttarın cibindən Yaqutun – sevdiyi Yaqutun məktubunu ələ keçirir: "Mən əlimi Səttarın dizi yamaqlı şalvarının cibinə salıb, ordan dördqat bükülmüş bir dəftər vərəqi çıxartmışdım və şagird dəftərindən qopardılmış o vərəqin sol tərəfində bir ağ gül çəkilmişdi, amma elə bil bir uşaq əli çəkmişdi o ağ gülü, sağ tərəfində boz bir bülbül çəkilmişdi, amma elə bil bir uşaq əli çəkmişdi o boz bülbülü və ağ gül ilə boz bülbül arasındakı ağ boşluqda iri, yumru uşaq xətti ilə yazılmışdı ki:

Gəlmişdin görəsən məni,

Dərmişdin hörəsən məni,

Əlində açar olmadı,

Bir açıb görəsən məni.

Və daha aşağıda bir vəsiyyət ki, məhz uşaq xətti ilə yazıldığı üçün daha dəhşətli idi: "Bunu mənim qəbrimin baş daşına yazdırarsan". Bu parçada da Elçinin və Əkrəm Əylislinin bəzi əsərlərinə xas olan poetikayla bir səsləşmə aydın-açıq görünmədədir. "Ayrıldılar" hekayəsində kənd qırağında görüşüb soyuq daş üstündə söhbətləşən İlyasın və Adilənin danışıqları, səhnənin ümumi ahəngi Yusif Səmədoğlunun "Soyuq daş"ıyla eyni pərdədə köklənib. Təkrar edirəm, bütün bu bənzəyişlər, əlbəttə, təsadüfi ola bilər, yaxud gənclik mütaliəmizin şüuraltı yaddaşda ilişib qalmış qəlpələrindən mayalana bilər. Amma Ənvər Məmmədxanlının bir yazıçı kimi də, bir şəxsiyyət kimi də özündən sonrakı ədəbi nəsillərə təsiri danılmazdır.

***

Ənvər hər hansı şöhrət, məşhurluq iddialarından çox uzaq adam idi, müsahibələr verməyi, çıxışlar etməyi, televiziya ekranında görünməyi sevməzdi. Bunun umumən onun xasiyyətinə və təbiətinə uyğun çox nəcib cəhət olmasıyla bərabər mənfi tərəfləri də var, çünki onun özü haqqında da, dövrü haqqında da, ədəbiyyat haqqında da deməyə sözü vardı və nə yazıq ki, bunların yüzdə birini də demədi. Tənqidçi Kamal Abdullayev (indi o Ənvər Məmmədxanlının irsi komissiyasının sədridir) böyük inad göstərərək Ənvərlə televiziyada böyük bir söhbət apardı və bu söhbətin bir qiyməti onun ətraflı, müxtəlif mövzularla bağlı olmasıdırsa, bir əvəzsiz dəyəri də odur ki, bu söhbət Ənvərin ölümündən bir az əvvəl apardığı söhbət idi, bir müddət sonra o dünyasını dəyişdi və Kamalın inadkarlığı olmasaydı, biz bu maraqlı söhbətdən də məhrum olardıq. Ənvərin ölümündən sonra Kamal həmin söhbətin stenoqrafik yazısını "Ədəbiyyat qəzetində" dərc etdirdi. Həmin söhbətdə başqa mövzularla yanaşı, Ənvər ədəbiyyat aləminə gəlməsini də xatırlayır. "O vaxt mən təhsili buraxdım və indi təəssüf edirəm, gərək institutu qurtaraydım və mühəndis olaydım, mühəndis diplomunu alaydım. Diplomum yoxdur. Texnik-mexanik diplomum hələ də durur – Nərimanov texnikumunu qurtaranda almışdım, indi də saxlamışam çox əziz bir yadigar kimi. Mən özümçün nə isə yazırdım, heç bir iddiam olmadan. Sonra belə oldu ki, Faruq idi, bilmirəm kim idi, tanışlığımız vardı – göyçaylı idi – bir vədə dedim ki, mən də bir şey yazmışam, dedi ki, gəl aparaq verək Azərnəşrə, oxusunlar eləsinlər. Əvvəl razı olmadım, sonra, nəhayət, razı oldum. Azərnəşrin binası əvvəlcə başqa yerdə idi. Ora verdim, birinci Mehdiyə çatmışdı. Bir azdan sonra gəldim ki, Mehdi, nə oldu? Dedi ki, nə tələsirsən, nə olub? Bir az Mehdinin də kəskin danışığı vardı. Mən də dedim ki, mənimlə kəskin danışma. Çap eləyirsən elə, eləmirsən eləmə. Çıxdım getdim.

Nə isə sonra çap olundu... O vaxtı az maraqlanırdım ədəbiyyat sahəsi ilə. O vaxt RAPP vardı, AZAP vardı. AZAP-a rəhbərlik eləyirdi o vaxt Mehdi. İdeya rəhbəri idi"...

Mehdiylə Ənvərin çox qəribə münasibətləri vardı... Bu münasibətlərin mənə məlum olan bəzi nöqtələrindən söz açmaq istəyirəm. Ənvərin yazdığı o ilk təmaslarından sonra yaxınlaşmış, hətta dost da olmuşdular. Eyni vaxtda Moskvada Ali Kinossenaristlər kursunda oxumuşdular. "Amma Moskvada mənim başım daha çox kefə qarışmışdı o illər – deyirdi Ənvər – gəzmək, tanslar. Mehdi isə gecəsini-gündüzünü kitab oxumaqla keçirirdi, dərslərə, imtahanlara ciddi hazırlaşırdı və görürsən bəzən elə gətirirdi ki, mən əməlli-başlı hazırlaşmadığım imtahandan Mehdidən yüksək qiymət alırdım.

Dəli olurdu Mehdi, cinlənib özündən çıxırdı, axı yaman yanağan idi... Bir dəfə də yadımdadı, bir fəlsəfə müəllimimiz vardı, adı yadımdan çıxıb və başqa bir məşhur filosof Luppol da onunla düşmən idi... Həmin müəllimə imtahan verəndə Mehdi bunların ədavətini bilirdi. İmtahan verəndə nə isə dolaşdı, lazımınca cavab verə bilmədi və müəllim məzəmmətinə cavab olaraq: "Eto Luppol menya naputal (Məni Luppol çaşdırdı) deyə cavab verdi. Luppolun imtahan verdiyimiz fənnə aid kitabını nəzərdə tuturdu. Qoca müəllim başını buladı: Ne nado molodoy çelovek, ne nado, – dedi. Sonrakı illərdə Mehdiylə gah dalaşır, gah barışırdılar. Bir dəfə Mir Cəfər Bağırov Mehdiylə Ənvərə neftçilər mövzusunda birlikdə ssenari yazmağı təklif edib, hər ikisi birlikdə işləməkdən imtina ediblər: biz bir yerdə yaza bilmərik, – deyiblər.

Bağırov: – Nə oldu, siz Marksla Engelsdən artıq oldunuz? – deyib – onlar bir yerdə yaza bilərdilər, siz yaza bilmirsiniz?

Nə isə bu iş baş tutmayıb, amma bir neçə il sonra hər halda birlikdə bir əsər yazıblar – "Fətəli xan" filminin ssenarisini. Təəssüf ki, o illər bu film ekrana çıxmadı, siyasi səbəblərdən qadağan olundu.

Ənvərlə Mehdinin araları da soyudu. Ənvər çox sonralar, Mehdi artıq dünyasını dəyişəndən sonra və köhnə yaralar sağalandan sonra gülə-gülə deyirdi ki, Mehdi Yazıçılar İttifaqının bir iclasında mənim "And" kitabımı camaata göstərib: "Ay yoldaşlar, – deyirdi – bu boyda kitabda bir yerdə "kolxoz" sözü yoxdur". Ənvər Mehdiyə qarşı, Mehdi Ənvərə qarşı mətbuatda da çıxış etmişdilər. Mehdinin çıxışı daha kəskin idi və Ənvər çox incimişdi. Yadımdadır, bundan bir az sonra – bacım Təranənin bir yaşı tamam olan gün – deməli, 1949-cu il mayın 9-da atam qonaqlıq düzəltmişdi və yazıçılardan da bir neçəsini dəvət etmişdi: Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Sabit Rəhman, Cəfər Xəndan, Əvəz Sadıq ailələriylə bu qonaqlıqdaydılar. Atam Mehdini də çağırmışdı. Bu, hələ də Mehdiylə küsülü olan Ənvərçün xoşagəlməz bir sürpriz olmuşdu. Məclisdə,j əlbəttə, bir şey deməmişdi, amma gedəndə, indiki kimi yadımdadır, bir az içmişdi və atama demədiyini (hər halda böyük qardaşı kimi aralarındakı pərdəni saxlayırdı) anama demişdi: liberalsınız. Mehdini çağırdıqları üçün liberal imişlər. Amma Ənvər insaflı və obyektiv adam olduğu üçün Mehdinin müsbət keyfiyyətlərindən də danışardı.

Bir dəfə yadımdadır, dedi ki, o vaxt Turan haqqında (Turan Cavid Həbibə xanımın uzun illər boyu ən yaxın rəfiqəsidir) Mehdidən xahiş elədim, radio komitəsində müavin işləyirdi, Turan işsiz idi, xahiş elədim və Mehdi onu işə götürdü, bu cəsarət tələb edirdi, axı o vaxt "xalq düşmənlərinin" ailələrinə hər hansı qayğı risk idi... Mehdiylə qəribə zarafatları vardı. Daha doğrusu, Mehdi Ənvərin yumorunu heç cür qavraya bilmirdi və ona görə hirslənib əsəbiləşirdi. "Bir dəfə Mehdiyə dedim ki, ay Mehdi, bu geçə yuxumda Maksim Qorkini görmüşəm və mənə çox ağıllı, çox müdrik bir fikir söyləyib, səncə, mən bu fikri bir yerdə çap elətdirsəm, öz fikrim kimi qələmə verim, ya Qorkinin fikri kimi? Mehdi dəli olub özündən çıxırdı – bu nə sarsaq sözdür mənə deyirsən, mən nə bilim necə qələmə verəsən, heç dəxli var? Uğunub gedir.

Uzun illər boyu Ənvərin öz həyatından, başqa hadisələrdən danışdığı epizodları bir-bir xatırlamaq, sapa düzmək, nizamlamaq çətindir, odur ki, assosiasiya, anımlar zəncirinin ucundan yapışıb yada düşənləri pərakəndə, dağınıq şəkildə olsa da, qələmə alıram. İndi Ənvərin söhbətləriylə əlaqədar olaraq xatirimdə canlanan əhvalatlardan biri də əlifba məsələsidir.

Yəni latın əlifbasından kiril əlifbasına faciəvi keçidlə bağlı söhbətlərdir. Bu keçid, doğrudan da, faciəvi keçid adlana bilər, əvvəla ona görə ki, neçə adamın taleyində əsl faciəylə, ölümitimlə nəticələnmişdir. Daha önəmlisi bütün bir cəmiyyətə, bütün bir xalqa, ədəbiyyata, dilə vurulan ağır, sağalmaz zərbə idi... Bir müşahidəmi, – bəlkə də, bu müşahidə bir az mübahisəli görünəcək – oxucuyla bölüşmək istəyirəm. Bizim nəsil gözünü açandan, daha doğrusu, oxumağa başlayandan, kiril əlifbasıyla oxumağa başlamışıq, bunu bir fakt kimi qəbul etmişik və ona görə latın əlifbasının xiffətini o qədər də çəkməmişik, hər halda o illər. İndi yaxşı ki, imkan düşüb, təzədən latına qayıdırıq və mən bu bunu dəstəkləyənlərdən, alqışlayanlardan biriyəm. Amma hər halda bizim məktəb və universitet illərində bu barədə söhbət ola bilməzdi və bizim 50-ci illərdə yalnız "Ö"-nun, "Ə"-nın, "E"-nin əlifbamızdan çıxarılmasına sevinirdik. Atamçün, anamçün, Ənvərçün, bibilərimçün (mən yalnız özümün müşahidə etdiyim şeylərdən danışa bilərəm, amma aydındır ki, o nəslin başqa ziyalılarının çoxu da eyni hissləri keçirirmiş) bəli, onlarçün latından kirilə keçmək bir faciə idi və bizim evdə bu faciədən 37-ci il müsibətindən sonra xalqımızın ən böyük fəlakəti kimi danışılırdı. Mən bu barədə çox düşünmüşəm və mənə elə gəlir ki, o nəslin hadisəni bu qədər acılı-ağrılı yaşamasının səbəbi budur: latından kirilə keçidi – hər halda ilk mərhələdə – onlar yalnız əlifbanın deyil, dilimizin, ədəbiyyatımızın da yox olması, sıradan çıxması və deməli, tam bir ruslaşma kimi qavrayıblar. Əlbəttə, belə olmadı və ola da bilməzdi və belə olmamağın səbəbi də elə həmin o nəslin yaradıcılığı, əsərləri idi... Partiyanı, Stalini vəsf edirdilər, amma Azərbaycan dilində vəsf edirdilər və deməli, Azərbaycan ədəbi dili yaşayırdı. Bu bəraəti deyil onların, bəraətə ehtiyacları da yoxdur, çünki yalnız ideyalı əsərlər deyil, lirik əsərlər, məhəbbət şerləri, tarixi mənzumələr, pyeslər də yaradırdılar və bu ədəbiyyatın estetik dəyərinə görə ədəbiyyat adlana biləcək hissəsi həmişə yaşayacaq, hər hansı dövrün konüktür təsdiq, ya inkar həmlələrindən salamat çıxacaqdır. Amma təkrar edirəm, bütünlüklə bu ədəbiyyat olmasaydı, Azərbaycan dili ya aradan çıxar, ya da rus sözlərilə tanınmaz olacaq dərəcədə zibillənərdi. Bax buna görə də əlifbanın rus qrafikasına dəyişdirilməsini dilin, ədəbiyyatın axırı kimi qavrayan o nəsil ziyalıları həmin şokdan uzun illər çıxa bilməmişdilər.

Hadisələrin mənə məlum olan gedişi isə bu cür olmuşdu: Azərbaycanın, sonra isə digər respublikaların latından kirilə keçməsi fikri Stalinin şeytan beynində doğulmuşdu və aydın bir məqsəd daşıyırdı – bizləri Türkiyədən ayırmaq, uzaqlaşdırmaq və ruslara yaxınlaşdırmaq, yəni son nəticədə (elə o nəsil ziyalılarının zənni bu baxımdan düz idi) ruslaşdırmaq. Yenə də Ənvərdən eşitdiyim bir xatirə. Ona da bu hadisəni gərək ki, Teymur Yaqubovun dilindən İsrafil Nəzərov danışıb. Deyir bir gün M.C.Bağırovla T.Yaqubov Moskvada olarkən Bağırov Stalinin qəbulundan çox həyəcanlı bir şəkildə çıxıb, "mən bir şey başa düşmürəm, yoldaş Stalin deyir ki, biz latından rus əlifbasına keçməliyik" – deyib. Bağırov bu sözləri deyərkən, Yaqubovun şəhadətinə görə əlləri əsirmiş və əlindəki kağız-kuğuzu yerə tökülüb səpələnib. Amma görünür, bu ani bir həyəcan imiş, çünki (bu fikri də mən Ənvərdən eşitmişəm) Bağırov elə bir adam idi ki, Stalinə fanatikcəsinə inanırdı və bir gün Stalin ona desəydi ki, kommunizmin təntənəsi üçün bütün Azərbaycan xalqını güllələmək lazımdır, bir an da tərəddüd etmədən bu əmri icra edərdi. Əlbəttə, bu məsələdə də Ənvərlə mübahisə etmək olardı. Çünki Mir Cəfər Bağırovun Azərbaycan xalqı qarşısında bağışlanmaz cinayətləri, öz xalqına qarşı erməni enkevedeçilərinin əliylə cəllad kimi davranmasıyla bərabər, ikinci dünya müharibəsi vaxtı artıq həyata keçirilməsi tamamilə real olan bir planın – azərbaycanlıların da, başqa Qafqaz müsəlman xalqları kimi sürgün edilməsi planının qarşısını almaqda, hər halda Bağırovun xidməti var və bu məsələdə o riskə gedərək hətta Stalini belə niyyətindən döndərə bilmişdi. Nə isə, mətləbdən uzaq düşdüm. Bir sözlə, latından kirilə keçmək qərarı tamamiylə Stalin hökmüylə bağlı idi və Bağırov yalnız bu əmrin icraçısı idi.

Xalq şairi Mirvarid Dilbazi "Ədəbiyyat qəzeti"ndə (7 dekabr, 1990) çap etdirdiyi "Kiril əlifbasını necə qəbul etdik" adlı yazısında 1939-cu ilin fevralında Səməd Vurğun və Məmməd Ariflə birlikdə Moskvada olmalarından, orada Kalinin tərəfindən orden və medallarla təltif olunmalarından söz açır. Təltifin səhərisi günü Moskva universitetinin filoloji fakültəsində görüş zamanı onları qarşılayan rus alimi: – Məsləhət belədir ki, siz gərək kiril əlifbasına keçəsiniz, – deyib.

"Səməd Vurğunla Məmməd Arif əvvəlcə ölü rəngi aldılar, sonra üzlərinə boğuq bir qızartı çökdü. İlk sözə Səməd Vurğun başlayıb dedi: – Bu mümkün deyil. Kiril əlifbasındakı bir çox səslər dilimizə uyğun deyil, biz gərək onların əvəzinə başqa dillərdən hərflər götürək, həm kiril əlifbasına yamaq vuraq, həm də əlifbamızı yükləyək. İndi qəbul etdiyimiz latın əlifbası bizi təmin edir və bizim xalqdan bu haqda heç bir şikayət yoxsa, onu dəyişməyə nə ehtiyac var?

Bir də bununla biz Orta Asiya xalqlarından ayrılıb təklənirik (o, "türkdilli xalqlar" demək istədi, ancaq dayandı)... Rus alimi dedi: "Siz bu işin "pioneri" olacaqsınız..." Məmməd Arif də xeyli tutarlı danışdı, ciddi səbəblər göstərib bu dəyişikliyin xalqımıza, mədəniyyətimizə böyük zərbə olacağını sübuta yetirdi. Deyilənlərin qarşısında söz tapmayan rus alimi dedi: – Mən sizi başa düşürəm, ancaq nə etmək olar, artıq qərar verilib. Bu Stalinin göstərişidir...

...Səs Bakıya çatanda Stalinin adını eşidib qorxuya düşənlər bu əlifbanı tərifləməyə söz tapdılar, əleyhinə olanlar isə öz cəzalarına çatdılar. Bu etirazın ilk qurbanı çox istedadlı gənc şair Abdulla Faruq oldu. Onu Yazıçılar İttifaqından xaric etdilər, heç yerdə iş vermədilər, müharibə başlananda, ön sıraya döyüşə göndərdilər, orada məhv oldu. Abdulla Faruq Rəsul Rzanın qohumu olduğu üçün dərhal Rəsul Rzanı da Yazıçılar İttifaqının sədrliyindən çıxardılar. Abdulla Faruqun bu faciəsi çoxlarına görk oldu".

Mirvarid xanımın bu qiymətli şəhadətinə anamdan eşitdiklərimi də əlavə etmək istəyirəm. Deyildiyi kimi, o vaxt atam Yazıçılar İttifaqının sədri idi. Anam danışırdı ki, bir gün Rəsul evə Səmədlə gəldi. Üzlərinə baxanda ürəyim düşdü, ikisi də bir haldaydı ki, çırtma vursan, sifətlərindən qan damardı. Bağırovun yanından gəlirlərmiş, Bağırov bunları əlifba məsələsi üçün çağırıbmış. Qabaqlarına yemək qoydum, içki istədilər, içdilər və dərdləşməyə başladılar. Bağırov deyib ki, rus əlifbasına keçirik, özü də burda daha heç o yan – bu yan ola bilməz, bu şəxsən Stalin yoldaşın göstərişidir. Bu qorxunc sözlərə baxmayaraq etiraz etməyə çalışıblar "axı ermənilər, gürcülər öz əlifbalarından əl çəkmirlər" – deyiblər. Bağırov: – "Yaxın zamanlarda onlar da rus əlifbasına keçəcəklər, – deyib, – Stalin yoldaşın fikri budur ki, bütün sovet xalqları eyni əlifbadan istifadə etməlidirlər". İçdilər, dərdləşdilər, artıq neyləyə bilərdilər ki, yazıqlar...".

Əhvalatın dalını Ənvərin dilindən eşitmişdim: "Faruq mənə dedi ki, mən bu əlifbanın dəyişdirilməsini səhv hərəkət hesab edirəm, bu Bağırovun işidir, ona məktub yazacam. Dedim yazma, bu Bağırovun işi deyil, Stalindən gələn məsələdir. Faruq qulaq asmadı, yazdı. Məktubu Bağırova çatan kimi tufan qopdu. Bağırovun bir xasiyyəti vardı, bir kəs bir iş tutan kimi, o saat deyirdi ki, bu tək sənin işin deyil, sənin dalında hansısa bir qrup, bir təşkilat dayanıb və bu hazırlanmış bir təxribatdır. Bəli, o saat zirək xəbərçilər Bağırova çatdırdılar ki, bəs Faruq Rəsul Rzanın qohumudur və Rəsul da Yazıçılar İttifaqının sədri olduğu üçün bu məsələni o təşkil edib".

Yadımdadır, atam da danışardı ki, bir gün Bağırov məni çağırdı, gözündən, ağzından od tökülürdü, mən də hələ başa düşmürdüm ki, niyə qəzəbə keçmişəm, çünki Faruqun məktubundan xəbərim yoxdu, məsələ açılanda, deyəndə ki, Faruqu sən öyrətmisən, sənin qohumundur, cavab verdim ki, bəyəm siz öz qohumlarınızın hər bir hərəkəti üçün cavabdehsiniz? Daha da özündən çıxdı: – "Mən bax bu əlimlə öz qohumlarımı güllələmişəm" – dedi. Atamın dilindən bu əhvalatı mən məhz bu cür eşitmişəm. Bu söhbətdə bəzi başqa yazıçılar da iştirak edirmiş və bu yaxınlarda həmin əhvalatı Mirzə İbrahimov da xatırladı.

"7 gün" (18 iyul, 1992) qəzetində dərc olunmuş müsahibəsində Mirzə İbrahimov müxbirin sualına cavab verərək deyir: "Rəsul Rza onun (Mir Cəfər Bağırovun – A.) kəskin iradlarına qarşı çıxırdı, sualına iti cavablar verirdi. Bir dəfə yığıncaqların birində Bağırovun Məmmədxanlı nəslinə qarşı işlətdiyi ifadəyə görə Rəsul: "Sən get, öz bacının (Qubada yaşayan bacısı həmişə ona qarşı çıxırdı, o isə bundan qorxardı) cilovunu yığ" – dedi. Ancaq əksər şair və yazıçılar tənqid olunanda sakit dururdular".

Mirzə müəllimin yaddaşına inansam və hörmət etsəm də, məncə, bu xatirələrində mübaliğə var. Əvvəla, Azərbaycanda gərək ki, Ordubadidən və Mirqasımovdan başqa heç kəs Bağırova "sən" demirdi. Hətta Üzeyir bəy də ona "siz" deyirmiş. Yaşca çox cavan olan atam da təbii ki, ona "sən" deməzdi və belə kobud şəkildə ("Get öz bacının cilovunu yığ") cavab qaytarmazdı... Ola bilməyən şeylə indi qürurlanmağın nə mənası var? Doğrudur, bəzən elə şeylər oxuyursan ki, mat qalırsan. Bağırovun nəinki özündən, hətta katibəsindən, sürücüsündən də oddan qorxan kimi qorxanlardan birisi: "Sözü şax deyirdim Bağırovun üzünə, qalırdı mal kimi baxa-baxa" – deyəndə adamın gülməkdən başqa əlacı qalmır. İstəmirəm ki, atamla Bağırovun münasibətlərində də belə ifratlara, hətta xeyirxahlıqla olan ifratlara yol verilsin, amma bununla bərabər, onu da ədalət naminə deməliyəm ki, bütün o dövrdəki adamların şəhadətlərinə görə Bağırovla ən sərt, ən cəsarətli danışan bir neçə adamdan biri Rəsul Rza idi və Bağırovun qohumları haqqında qaytardığı cavab da olmuş hadisədir; intəhası, belə kobud şəkildə olmamışdı bu sözlər. Hər nə isə bir elə bu ötkəm cavab bəs idi ki, atamın necə deyərlər, kitabı bağlansın. Onu dərhal Yazıçılar İttifaqının sədrliyindən çıxardılar, adını hər yerdə qaralamağa başladılar. Özü də tək onu yox, anamı, Ənvəri də qara siyahılara saldılar, əleyhinə kampaniya məqalələr təşkil olundu. O vaxt Moskvada keçirilən Azərbaycan ədəbiyyatı dekadasına gedənlərin siyahısından nəinki atamın adını pozmuşdular, kitablarını çıxarmışdılar, hətta onun adını belə hər yerdən silirdilər. Özü də bunu qəsdən elə sadist şəkillərdə edirdilər ki, adam nəinki "yuxarıdakıların", həm də onların aşağılardakı buyruq qullarının qəddarlığına təəccüb edir. O vaxt "Azərnəşr"də işləyən bibim Surə Məmmədxanlıya, məhz ona tapşırmışdılar ki, dekada münasibətilə Moskvaya göndərilən bütün kitablardan Rəsul Rzanın adını pozsun. Göz yaşları içində bu işdən imtina edən bibimin nələr çəkdiyini təsəvvür etmək çətin deyil... Kamal Abdullayevlə apardığı son söhbətində Ənvər də o günləri xatırlayır: Bağırov onu (Faruqu – A.) tutdurmadı, halbuki, tutdura bilərdi (səbəb, məncə, Bağırovun rəhmdilliyi deyil, 37-ci il qırğınından sonra tutulma, sürgün və qətl planlarının doldurulması və 39-cu ildə bu repressiyalar kampaniyasının bütün ölkədə dayandırılması idi – A.). Amma başladı ki, yox, səni öyrədiblər, Yazıçılar İttifaqında öyrədiblər. Elə sənə Rəsul Rzanın qohumluğu da çatır. Bütün Yazıçılar İttifaqını darmadağın elədi. Bir-bir adamları çağırırdı. O vaxt mən o adamların içində, düzdü, olmamışam. Səməd Vurğunu, Rəsul Rzanı, başqalarını, hamısını... İçəri girən kimi də soruşarmış ki: "Kakoy on poet?" (Yəni Faruq – A.) Məsələn, Səməd nə bilsin ki, hadisədən xəbəri yoxdu. Deyib ki, "tovariş Baqirov, rastuşiy, xoroşiy poet".

–"A... rastuşiy, xoroşiy poet??! Otur!". Bir nəfər, adını demirəm kimdir, nə təhər olubsa, hiss eləyib ki, bu nə məsələdi. İçəri girən kimi bundan da soruşub ki, rusca soruşub yenə: "po tvoemu, kakoy poet Faruk?". O da deyib ki, "eto – provokator, ne poet". Bağırov deyib: "Vot bolğşevik". Ənvərin bu xatirəsinə mən ancaq onu əlavə edə bilərəm ki, Faruqu provokator adlandıran adamı atamın yerinə Yazıçılar İttifaqına sədr göndərdilər...

Ənvər Faruqla yaxın dost imişlər və danışırdı ki, bu hadisələrdən sonra "Faruq hər gecə bizə gələrdi. O İçərişəhərdəki evimə. Və bir nəfər də var, o da gələrdi və mən də bilirdim ki, bu adam söz almağa gəlir.

Bu adam da hər dəfə məndən soruşardı: Ənvər, sən necə baxırsan bu əlifba məsələsinə? Mən deyir bu adamın nə yuvanın quşu olduğunu bilirdim, odur ki, buna ehtiyatla cavab verməyə çalışırdım, amma mən ağzımı açmamış Faruq ortalığa atılırdı ki, çox pis baxıram bu əlifbanın dəyişdirilməsinə, bu böyük səhvdir, düz hərəkət deyil. Bu adam yenə məndən soruşurdu ki, Ənvər, sən necə baxırsan, mən də yenə sözü dəyişərək ehtiyatla cavab vermək istəyirdim, Faruq yenə atılırdı ortalığa: mən çox pis baxıram – filan... Axırda bu adamın hövsələsi çatmadı, qayıtdı Faruqa ki, əşi səni bilirik e, sən bilirik ki, pis baxırsan, bu hamıya məlumdur, mən bu kişinin fikrini bilmək istəyirəm ki, bu necə baxır". (1993-cü ildə yazdığım bu yazıya düz on il sonra – 2003-cü ildə əlimə keçmiş bir sənəddən bəzi faktları əlavə etmək istəyirəm. NKVD arxivindən alınmış bu sənədlərlə məni tədqiqatçı-alim Solmaz xanım Rüstəmova Tohidi tanış etmişdir. Solmaz xanıma dərin təşəkkürümü bildirərək 1939-cu ilə aid olan və o vaxtın Daxili İşlər Xalq Komissarı Yemelyanov və komisarlığın əməkdaşı kapitan Qriqoryan tərəfindən imzalanmış sənəd Azərbaycan ziyalılarının latından kirilə keçmək məsələsinə münasibətlərini infarmatorların gizli danossları əsasında əks etdirir. Həyatım ağrıyır yazımın bu qismi ilə birbaşa əlaqəsi olduğu üçün həmin sənəddən üç sitat verirəm:

Yazıçı Məmmədxanlı deyirmiş: biz kiçik millətik və əlifba vasitəsilə bizi ruslaşdırmaq istəyirlər. Məlumat var ki, ikinci ordeni alandan sonra Moskvadan qayıdan Səməd Vurğun və şair Rəsulov Rza (sənəddə belə yazılıb – A.) yeni əlifbaya keçmənin əleyhinə kəskin şəkildə danışırlarmış.

Şair Əfəndiyev Abdulla Faruq deyirmiş: Mən yeni əlifbaya keçmənin əleyhinə çıxış etmək istəyirdim, amma Rəsul Rza bunu məsləhət görmədi. İndi mən yalnız neytral tamaşaçı kimi qalıram). Çox illər sonra Ənvər bunu gülə-gülə danışardı, amma o illər nəinki evinin içinə çuğul, "yonca" göndərir, hətta çöl qapısının ağzında da güdükçülər qoyurmuşlar. – "Day lap canım boğazıma yığılmışdı, bir gecə bir az dəm gəlmişdim, gördüm yenə qapımın ağzında qaraltı hərlənir, kefliliyimə salıb bunun ayağını elə basdaladım ki, çığırtısı ərşə qalxdı. O illər NKVD məni də, Rəsulu da yaman hərləyirdi. Bir nəfər işçisi vardı oranın, eşitdim ki, bir yerdə deyib, Rəsulla Ənvər çox məğrurdurlar, çox lovğadırlar, eyb etməz, yaxın vaxtlarda salarıq bura, padvallarımızda çox tez yumşalarlar". Taleyin hansı qismətiylə onlar salamat çıxmışdılar? Hansı təsadüflərin, Bağırovun hansı damarının sayəsində məhv olmamışdılar, kim bilir? Axı atamın başında bu əlifba məsələsindən başqa anamın, Nigar Rəfibəylinin – Gəncə qubernatoru Xudadat bəyin qızı və Türkiyəyə qaçmış Kamilin bacısı, doqquz dəfə sürgün olunmuş Rəfibəylilər nəslinin nümayəndəsi Nigarın təhlükəsi də Domokl qılıncı kimi asılmışdı.

Ənvərin başının üstündə asılmış Domokl qılıncı isə – atası Qəffar idi. Müsavatın Göyçaydakı təmsilçilərindən olan, ömrü boyu Şura hökumətinə düşmən kəsilmiş, neçə illər türmələrdə, Sibir sürgünlərində olmuş və ömrünün son beş ilini gizlənmiş, hökumət tərəfindən axtarılan qaçaq kimi yaşamış Qəffar əmi... 11 avqust 1991-ci il Buzovna bağındakı söhbətin (Arifə, Həbibə, Anar) lent yazısından fraqmentlər:

ANAR. Atanızın tutulan günü yadınıza gəlir? Nə cür olub, neçənci ildə?

HƏBİBƏ. 28-ci ildə.

ANAR. Göyçayda, Bakıda?

HƏBİBƏ. Göyçayda.

ARİFƏ. Mənim yadıma gəlmir. Həbibə, o qədər tutulmuşdu ki, hansı yadındadı? Heç biz onu evdə görürdük ki?

HƏBİBƏ. Gəldilər, iki kişi idi. Bu da onlarla getdi. Mən də başa düşmürdüm kimdirlər... Həyətdə oynayırdım, sonra evə gəldim, gördüm yazıq cicim (anaları İmmi xala – A.) ağlayır.

ANAR. İlk dəfə onda tutulmuşdu?

HƏBİBƏ. Hə. Dörd il qaldı.

ANAR. Dörd il qaldı, sonra buraxdılar? Məhkəmə-zad oldu, yoxsa elə-belə?

HƏBİBƏ. Vallah, məhkəmə olmuşdu deyəsən, çünki əvvəl dedilər burda o Sentralnı türmə deyirdilər, indi şirniyyat fabrikidi – nədi, Kömür meydanının yanında, bax orda türmə vardı, ordaydılar. Bir il orda qaldı, sonra Rusiyaya, Sibirə sürgün elədilər. Ordan göndərdiyi şəklini yaxınlarda tapdım, şəklin dalında əski əlifbayla yazıb...

ARİFƏ. Qəşəng xətti vardı. Rusca da, əski əlifbayla da... Yadında, Həbibə, xəz paltosu vardı. Özü də elə yaraşırdı ona ki, axı çox qəşəng, yaraşıqlı kişi idi. Ucaboylu... Hə o xəz paltosu. Deyirdi Sibirdə bu məni qurtardı... Sibirin şaxtasından...

ANAR. Sibirdə neçə il olub?

ARİFƏ. Sibirdə üç il olub...

HƏBİBƏ. Talesiz adam idi də...

ARİFƏ. Eh Anar, yaxşısı budur, bizim keçmişimizi tərpətmə. Mənə elə gəlir bizim ailə qədər zülm çəkən ailə olmayıb.

ANAR. Deməli, Sibirdən 31-ci ildə gəldi, yaxşı bəs haçandan sonra qeyri-leqal vəziyyətə keçdi, gizlənməyə başladı?

HƏBİBƏ. 37-ci ildən sonra... Bir nəfər gəldi... Mahmudbəyov. Dedi ki, NKVD-dən bir adam çıxıb, deyib ki, məcbur oldum, protokola qol çəkmişəm, pokazanya vermişəm. Qafar gedəcək, tutacaqlar Qafarı. Daha nə protokoldu, nə pokazaniyadı, bilmirəm. Hər halda əmim bunu eşidən kimi yığışdı getməyə. Elə evdən təzəcə getmişdi ki, qapımız döyüldü, gəldilər ordan. Yadında deyil, Arifə?

ARİFƏ. Yox.

HƏBİBƏ. Çamadanını yığışdırmışdı, amma aparmağa macal eləməmişdi, evdə qalmışdı, cijim çamadanın üstünə nə isə atdı, yorğan idi, adyal idi, nə idi...

ARİFƏ. Ümumiyyətlə, çox qoçaq idi, hər şeyi hiss edirdi, hamısından da vaxtında qaçırdı, aradan çıxırdı, heç cür onu ələ gətirə bilmirdilər.

ANAR. Neçənci ildə rəhmətə gedib, 42-də?

HƏBİBƏ. Hə.

ANAR. Demək beş il gizlənib.

ARİFƏ. Hə. Beş il.

ANAR. Bəs sizi incitmirdilər, çağırıb soruşmurdular, hardadır bu?

HƏBİBƏ. Eh, nə qədər...

ARİFƏ. Məni o qədər incidiblər ki, onun üstündə.

ANAR. Nə deyirdilər?

ARİFƏ. Ay Anar, sən Allah demə, qurban olum sənə, ağlamaq tutur məni...

ANAR. Soruşurdular ki, hardadır?

ARİFƏ. Üçüncü kursda oxuyurdum onda... Gəldi bir nəfər, dedi ki, NKVD-dən gəlmişəm, Kasparov, indi də yadımdadır familiyası...

ANAR. Erməni idi?

ARİFƏ. Hə. Ki bəs mənim səninlə işim var, idarəmiz Şaumyan küçəsindədir. İndi də ordan keçəndə o bina yadıma düşür. Qoydu məni maşına apardı, dedi, amma bunu heç kəs bilməməlidir, evdə heç anan da bilməməlidir, heç kəsə deməməlisən bunu. Mən də nə başa düşürdüm, üçüncü kursda oxuyurdum o vaxt. Getdim bununla, Kasparov – familiyası yadımdadı, adı yadımda deyil köpək oğlunun, amma vidi bütün yadımdadır – uzun kişi idi, arıq. O pilləkənləri Allah heç kəsə göstərməsin, o binanın içi, orda...

ANAR. İndiki KQB-nin binasıdı?

ARİFƏ. Yox, yox. Bu, bilirsən hardadı, o qabaq Şaumyan küçəsi vardı e, indi Azərbaycan prospektidir, dəniz tərəfə gedəndə sağ tərəfdə... köhnə binadı... İndi də ordan keçəndə ətim ürpəşir. Onun pilləkənlərini Allah heç kəsə göstərməsin, dəmirdən bax belə tor çəkmişdilər, yadımdadır, enli pilləkənlər idi...

HƏBİBƏ. Dustaqlar ordan özlərini atmasınlar deyə setka çəkmişdilər.

ARİFƏ. Hə, girdik uzun, dar koridora, onunla, apardı, dedi ki, bax bura mənim kabinetimdir, havaxt istəsən, gələ bilərsən. Elə şirin dillə danışırdi ki, heç kobudluq eləmirdi. Soruşdu ki, atan hardadır sənin? Dedim bilmirəm, atamla əlaqəmiz yoxdu. Dedi, yox, ola bilməz, heç ola bilməz, siz atanızın yerini bilmiyəsiniz? Dedim, bilmirəm. Bəs siz nə təhər dolanırsınız? Dedim bizi qardaşımız dolandırır, onun himayəsindəyik, atamızı heç, dedim uşaq vaxtımızdan görməmişik, həmişə qaçaq olub. Yox, dedi, sən bizə atanızın yerini deməlisən, sən bizə kömək eləməlisən bu barədə. Biz səni yaxşı işə də düzəldərik, bilirik vəziyyətiniz ağırdır. Müharibə vaxtı idi də...

Hə, deyirdi, müharibə vaxtıdı, ailə vəziyyətiniz ağırdır, qardaşların da cəbhədədir, anan işləmir, biz sizə şərait yaradacayıq, səni işə düzəldərik. Dedim, yox, mən hələ oxuyuram. Eybi yoxdur, dedi, dərsdən sonra gələrsən gündə iki saat, çox yox, iki saat, iş verəcəyik, işləyəcəksən, yaxşı pul verəcəyik, maaş verəcəyik, bu maaşla bütün ailəniz dolana bilər. Hə, get fikirləş, səhər yenə gələrsən. Get, yaxşı fikirləş, sənə çox yaxşı kömək edəcəyik...

HƏBİBƏ. Oy, o günlər getsin, gəlməsin. Bunu bir saat o erməni danışdırırdı, mən də o binanın yanında dolanırdım, ay Allah, çıxacaq, çıxmayacaq, bunu saxlasalar, mən gedib cijimə nə deyim, deyim ki, qızı saxladılar? Dəhşətli illər idi.

ARİFƏ. Məni də qorxudurdular ki, bax məbadə evdə deyəsən.

HƏBİBƏ. Bilirdilər ki, qorxaqsan, ona görə qorxudurdular (gülüş). Məni bir dəfə çağırdı, Quran haqqı, mənə də həmin şeyləri dedi, nə bilim, belə savadlı adamlara ehtiyacımız var, filan-peşməkan.

ARİFƏ. Həbibə, heç qorxub eləmirdim onda. İndi danışıram belə hala düşürəm, yoxsa o vaxt qorxub eləmirdim.

ANAR. Səndən də atanın yerini soruşurdu?

HƏBİBƏ. Əlbəttə. Filandı, peşməkandı, atanın yerini bilməmiş deyilsən.

ANAR. Həmin adam idi səni də dindirən?

HƏBİBƏ. Yox, başqası idi.

ANAR. O da erməni idi?

HƏBİBƏ. Yox, rus idi.

ARİFƏ. O Kasparov indi də gözümün qabağındadı mənim. Uzun kişi idi, arıq. Bir də o dəmir pilləkənlər yadımdadır. Dəmirdən setka çəkmişdilər. Dar, qaranlıq koridorlar idi.

ANAR. Həbibə, yaxşı, sən nə dedin?

HƏBİBƏ. Gördüm çox darıxıram, axı mən çox danışa bilmirəm, mübahisə eləyə bilmirəm. Axırda qayıtdım ki, demirəm. Atamın yerini demirəm. Dedi mənə ki, o sözü bir də de. Dedim deyirəm: demirəm. Deyirəm ki, bilmirəm, elə hey deyirsiz ki, bilməmiş deyilsən, filan. Deyirəm axı bilmirəm.

ANAR. Dedin demirəm, sonra nə oldu?

HƏBİBƏ. Heç nə, dedi: çıx get... Ona görə dua eləyirdim, ay Allah, qoy Arifəni yox, məni çağırsınlar. Çünki bu əsirdi o saat, bir hala düşürdü, gəl görəsən.

ARİFƏ. Yox əşi, heç eynimə deyildi...

HƏBİBƏ. Müsibətli günlər keçirmişik, çox fikirləşəndə deyirəm, yazıq cijim, nə bədbəxt adam idi...

ANAR. Bir yandan baxanda da gör nə qədər aciz idarədir ki, izinə düşüb tapa bilmirdilər, sizin yaxanızdan yapışırdılar...

ARİFƏ. Hə də. Axmaqlığa bax ki, yapışıblar qızından ki, atanın yerini de, tutaq onu basaq dama, ya öldürək. Heç qız atasının yerini deyər? Lap bilsə də... Özü də azərbaycanlı olsun. Atamın yerini doğrudan da bilmirdim, amma bilsəydim də heç deyərdim? Öldürsələr də deməzdim.

ANAR. Demək yerini siz də bilmirdiniz?

HƏBİBƏ. Əlbəttə yox, yerini tez-tez dəyişirdi, on gündən, bir həftədən çox bir yerdə qalmırdı...

ANAR. Bəs heç görüşmürdüz?

HƏBİBƏ. Xəbər göndərirdi qabaqcadan, gedirdik filan saatda, filan poyezdin vaxtında vağzala. Qatardan düşürdü, orda görüşürdük bir saat, elə həmin qatara da minib gedirdi, bax bizim görüşməyimiz bu olurdu.

ANAR. Bəs nə cür xəbər eləyirdi sizə ki, gələsiz?

ARİFƏ. Vallah, bax o yadımda deyil.

HƏBİBƏ. Dostlarının vasitəsilə...

ARİFƏ. Hə. Düzdü, dostları. O vaxt telefon yox, teleqraf vura bilməzdi, amma deyirdi, məsələn, bu gecə saat on ikidə filan qatar çatır Bakıya, demək gəlir. Gedirdik orda görüşürdük. Risk eləyirdi də əmim o vaxt. Yadımdadı, vağzalda görüşəndə yazıq cijim deyirdi ki, indi gəlib səni tutarlar, axı axtarırlar səni, deyirdi heç nə olmaz. Qorxmurdu, heç nədən qorxmurdu... Hə, biznən görüşürdü orda, bir az o yandan-bu yandan danışırdıq, yenə poyezdə minirdi, çıxıb gedirdi.

ANAR. Nə əcəb izinə düşə bilməyiblər?

ARİFƏ. Nə təhərdisə, elə bil tilsimli idi. Yaxşı dostları vardı. O dostu vardı e, Həbibə... Ağahəsən.

HƏBİBƏ. Yaman dost idilər.

ARİFƏ. Basqallıydı da o?

HƏBİBƏ. Hə. Ağacına söykənə-söykənə gələrdi bizi yoxlamağa, nə var, nə yox,... necəsiz, necə dolanırsız... Hər dəfə də deyirdi ki, mən Qəffardan sonra yaşaya bilməyəcəm. Doğrudan da, əmimin ölümündən bir il keçmədi, yazıq kişi də öldü. Yaman fikir eləyirdi.

ARİFƏ. Arvadı da çox qoçaq idi. Onlar saxlayırdı əmimi...

Mustafa Sübhidə olurdular. Bakıya gələndə əmim bəzən onlarda qalırdı, çox yox, bir saat, iki saat o evdə qalırdı, gecədən də ordan gedirdi. Əsasən, Gürcüstanda, Tiflisdə gizlənirdi. Burda dostları vardı, amma Gürcüstanda daha çox dostu vardı, özü də belə çox mərd, qoçaq dostları vardı.

ANAR. Azərbaycanlılar idi də Gürcüstanda?

ARİFƏ. Hə. Tiflisin özündə də yox, əsasən, şəhərdən kənarlarda gizlənirmiş. Amma o vaxtdan ki, iyirminci illərdən onu tutmağa, təqib etməyə başladılar, mənim həmişə o söhbəti yadımdadır ki, deyərdi cijimə, mən burda qalmayacam.

Mənimki bu hökumətlə tutmaz, narazıyam bu hökumətdən, çox narazıyam, cijimə deyirdi, gəl çıxaq gedək Tiflisə, ordan da keçək Türkiyəyə, mənim yaxın dostlarım var, mənə deyirlər ki, havaxt gətirirsən gətir ailəni, bir həftənin içində səni keçirdərik ailənlə Türkiyəyə. Bax o da onun ürəyində qaldı yazığın. Cijim deyirdi ki, mən dünyasında getmərəm, getsəm mən ancaq Bakıya köçərəm Göyçaydan, çünki mənim bacım, qardaşım Bakıdadılar.

ANAR. Bakıya haçan köçdünüz?

ARİFƏ. Otuz birdə.

ANAR. Ənvər əvvəldən gəlmişdi də...

ARİFƏ. Hə, o çoxdan, on üç yaşından evdən çıxmışdı...

ANAR. Nəyə görə təqib edirdilər axı Qəffar əmini, Müsavatın üzvü olduğuna görə?

ARİFƏ. Ancaq ona görə. Müsavat partiyasının üzvü idi.

ANAR. Abbas Zamanov deyirmiş ki, Müsavatın Göyçayda

lideri olub...

ARİFƏ. Yox lider–filan olmayıb, amma Müsavat partiyasının üzvü olub. Həm də müsavat vaxtı Göyçayın pristavı olub. Deyəsən, Göyçayın, Ucarın.

HƏBİBƏ. Bizim Göyçayda evimiz belə idi, bir otağın qapısı ümumi yoldan deyildi, qonaq otağının. Bax o otağa yığılardılar Göyçaydakı müsavatçılar, nəsə orda söhbətləri olardı.

ANAR. Sovet vaxtı?

ARİFƏ. Hə. Nə söhbət eləyirdilər, bizim xəbərimiz olmurdu.

HƏBİBƏ. Şura vaxtı əmimlə bərabər Göyçayda bir neçə adam da tutuldu, müsavatçılar, yadında?

ARİFƏ. Hə.

HƏBİBƏ. O vaxt bizim evdə yığışanda heç kəsi buraxmazdılar. Amma yadıma gəlir, əmim deyirdi, yaxşı ki, Məmməd Əminin əlyazmasını qurtarıb saxlaya bildim. Hansısa əlyazmasını gizlədib keçirdibmiş.

ANAR. Bəlkə, söhbət "Əsrimizin Səyavuşundan" gedir?

Axı Məmməd Əmin bu əsərini Lahıcda yazıb – Göyçaya yaxın

bir yerdə...

HƏBİBƏ. Bilmirəm, bu barədə heç nə deyə bilmərəm, amma o sözü yaxşı yadımdadır, deyərdi ki, Məmməd Əminin əlyazmasını qurtarıb saxlaya bildim...

ARİFƏ. Yaxşı mütaliəsi vardı əmimin, rusca, farsca bilirdi...Tolstoyu çox sevirdi...

HƏBİBƏ. Mənə həmişə deyirdi ki, sistemlə oxumursan. Mütaliən düz deyil. Mən Tolstoyun "Voskresenye"sini oxumuşdum, xoşuma gəlməmişdi. Dedim ki, çox axmaq şeydi, acığım gəldi. Dedi ki, bu kitabı nahaq oxumusan, o hələ sənin yaşına uyğun deyil. Amma hər halda oxumusansa, gərək bir nəticə çıxardaydın.

ANAR. O cür həyatla – siyasət, qaçqınlıq, gizlənmək-filan, hələ ədəbiyyata meyli, marağı da vardı?

ARİFƏ. "Ovod"u qatarda oxumuşdu, deyirdi özümü güclə saxladım. Deyirdi qatarda neçə sutka yol gedirdim, hara gedirmiş bilmirəm, "Ovod"u oxudum, o qədər mənə təsir elədi ki. Günü qatarlarda keçirdi də.

HƏBİBƏ. Bir dəfə mən ona dedim ki, bəsdir də, gəl, qayıt nə qədər orda-burda yaşayacaqsan? Yazıq dedi ki, mənim ömrüm çarxların üstündə keçdi...

ANAR. Neçə yaşında rəhmətə gedib?

HƏBİBƏ. Əlli dörd idi də...

ANAR. Demək "Müsavat"da lap cavan vaxtlarında olub da...

ARİFƏ. Hə, lap cavan vaxtı idi. Deyirəm də, biz də uşaq idik o vaxtlar, onu təqib edirdilər.

HƏBİBƏ. Həyatı olmadı yazığın...

ARİFƏ. Bir dəfə cijimə qayıtdı ki, qırx bir yaşım var mənim, bütün qardaşlarım qırx bir yaşında ölüblər. Üç qardaşı qırx bir yaşında ölüb. Bütün vəsiyyətini elədi ki, bəs mənim də vaxtım çatıb.

HƏBİBƏ. Bax ən böyük qardaşları Mahmud əmimiz 41 yaşında ölüb, xərçəngdən.

ANAR. O Şura hökumətindən əvvəl ölüb də?..

HƏBİBƏ. Hə. Ədil əmimiz vərəmdən ölüb... O da qırx bir yaşında, Şura hökumətindən əvvəl, İbrahim əmimiz də sətəlcəmdən, 15-ci ildə. Uçü də qırx iki yaşına keçəndə... İbrahimi, sənin babanı yaman çox istəyirdi. Kiçik qardaşı Hidayət əmimlə tamamilə əks xasiyyətdə adamlar idilər.

ARİFƏ. Hidayət əmi, nə təhər deyərlər, belə kefcil, zarafatcıl, yumşaq, bir az da qorxaq. Amma bu onun tamam əksinə, elə bil heç qardaş deyildilər. Amma Hidayət əmim də ondan çəkinirdi, yadında, Həbibə, içəri girən kimi özünü yığışdırırdı.

HƏBİBƏ. Bir dəfə Hidayət əmimə dedi ki, Allah İbrahimi aldı mənim əlimdən, səni saxladı. Cijim dedi ki, niyə elə deyirsən, dedi bəs, İbrahimlə mənim başqa cür dostluğum vardı. Mən, – dedi, – bəlkə ayrı bir yola düşərdim İbrahim olmasaydı. Bir dəfə deyir, kazinoda idim, qumar oynayırdım, oturmuşdum, cavan vaxtlarımda, hələ evlənməmişdim, birdən deyir qapı açıldı, İbrahim içəri girdi, əlində də onun həmişə əsası olurdu, deyir heç nə demədi, gəldi o əsayla mənim kürəyimdən vurdu.

ANAR. Yaş fərqləri çox idi bunların?

HƏBİBƏ. Vallah, onu deyə bilmərəm.

(Özüm öz sualıma cavab verirəm: Babam İbrahim 15-ci ildə 41 yaşında ölübsə, Qəffar əmi də 42-ci ildə 54 yaşında vəfat edibsə, deməli, aralarında 14 yaş fərq varmış).

HƏBİBƏ. Hə, deyir İbrahim vurdu məni, çıxdı getdi evə. Mən də gəldim evə, üzümə baxmadı, Məryəm deyir nə qədər elədi ki, Qəffar gəlib-filan, guya heç eşitmir. Bir-iki gün danışmadı mənimlə... Kazinonu o atan oldum. İbrahimin bu hərəkəti olmasaydı, bəlkə mən də Hidayət kimi içkiyə qurşanardım.

ARİFƏ. Qardaşlarının içində hamısından çox İbrahimi istəyirdi. (Beş qardaş olublar – A.).

ANAR. İmmi xalayla harda tanış olublar. İbrahim babamla Məryəm nənəm evlənəndən sonra, hə?

HƏBİBƏ. Hə, onlar evlənəndən sonra. Xalam yazığa həmişə deyərdim ki, özün getdin, gördün Məmmədxanlılar yaxşıdı, bacıvı da gətirdin.

ARİFƏ. Xalam yazıq da gülərdi, ay o Məmmədxanı görüm belə-belə olsun – deyərdi... (gülüş).

HƏBİBƏ. Cijimi də atası Molla Hüseyn vermirmiş ki, onlar babıdı, rus məktəbində oxuyublar...

ANAR. Bəs bir qızını verib, sonra...

HƏBİBƏ. Yəqin bir qızını verib, peşiman olub... Odur ki, xoşum gəlmir o kişidən.

ANAR. Baban deyil, balam? Məmmədxan ulu babandır, ona güldən ağır söz deyəndə, aləmi dağıdırsan, bu doğmaca babanın qarasınca danışırsan? (gülüş).

HƏBİBƏ. Cijimə qarğış eləyib ki, cijim qoşulub qaçıb... Bu işdə xalam da iştirak eləyib əməlli-başlı... Atası da qarğış eləyib cijimə, yazığı elə onun qarğışı tutdu, ömrü boyu əziyyət çəkdi...

ANAR. Qəffar əminin sizinlə rəftarı deyirsən yumşaq, mülayim idi?

HƏBİBƏ. Həm zəhmli idi, həm mülayim. Sözü adama deyəndə məsləhətlə deyərdi. Mən o vaxt rolikovı konki sürürdüm. Hə, yox onu demirəm, kupalniyə gedirdim, çimməyə. ARİFƏ. Sənə nə var, oğlan kimi şeydin...

HƏBİBƏ. Cijim də razı deyildi. Bir dəfə gördüm gecə xısın-xısın deyir ki, atasan, denən ona, getməsin. Gedir deyir, yüksəkdən tullanır. Yazıq ondan qorxurmuş e... Səhər mənim canıma vəlvələ düşdü ki, indi mənə görüm nə deyəcək.

Gördüm deyir, – yazıq mənə ceyran qızım deyirdi, – deyir, ceyran qızım, səninlə söhbətim var. Oturdum. Dedi, deyirlər kupalniyə gedirsən, çimməyə, dedim: – hə. Dedi: – oranın suyu elə çirklidir ki, bəlkə getməyəsən. Atanın əmri idi də bu: bəlkə getməyəsən... Heç bundan sonra gedə bilərdim?

ARİFƏ. Hamımız ondan çəkinirdik, hamımız.

HƏBİBƏ: Pirşağıda bağ götürmüşdük, onda Nigarla Rəsul nişanlı idilər, Nigar da anası Cavahir xalayla o bağda qalırdı. Surəylə Nigar sarafanda gəzirdilər. Bir də görürdün xəbər gəldi ki, Qəffar əmi gəlir, əllərinə keçəni çiyinlərinə salardılar.

ARİFƏ. Nigar o saat çiyinlərini örtərdi, oy, deyirdi, qorxuram ondan.

ANAR. Atamgilin toyunda vardı?

HƏBİBƏ. Var idi, əlbəttə. Ondan bir az sonra tutatut başladı, o da qaçıb gizləndi. Amma toyda çox sevinirdi. Əhməd Cavadla bir qucaqlaşırdılar ki...

ANAR. İki əski müsavatçı...

HƏBİBƏ. İndi istəməsin, Rəsulu yaman çox istəyirdi... Heç yadımdan çıxmaz... gecə mən gec yatırdım, qulaq asırdım bunların söhbətinə. Otuz birinci ildə sürgündən gələndə soruşdu: nə var, nə yox. Cijim dedi ki, bəs Rəsul nişanlanıb. Yox əşi, kimnən nişanlanıb? Cijim dedi, Xudadat bəyin qızıyla, Gəncəli Xudadat bəyin. Dedi: Afərin Rəsul, halal olsun.

ANAR. Tanıyırmış Xudadat bəyi?

ARİFƏ. Bilmirəm, tanış idi, tanış deyildi Xudadat bəylə, amma tanıyırdı onu...

HƏBİBƏ. Nə isə... Yazığın başı çox bəlalar çəkdi... Ölümünü də Ənvər yəqin danışıb sənə...

ANAR. Danışmışdı. O vaxt yazmadım, indi yanıb tökülürəm, çünki çox maraqlı detalları vardı, gedib Tiflisdə onu basdırmağından danışmışdı mənə... Yanıram ki, o vaxt yazmamışam.

ARİFƏ. Əşi, Allah yandırmasın.

HƏBİBƏ. Çox fərli, ürəkaçan söhbətlərdir ki...

ANAR. Tiflisdə basdırıblar da?

ARİFƏ. Hə, Mirzə Fətəlinin yanında.

ANAR. Mirzə Şəfi, Fətəli xan Xoyski, Həsən bəy Ağayevi də orda basdırıblarmış, indi yerləri qalmayıb.

HƏBİBƏ. Hə, bir Mirzə Fətəlidən başqa hamısını düzləyiblər.

ANAR. Həbibə, ağır olsa da, danış onun ölümüylə bağlı məsələləri.

HƏBİBƏ. Dostu gəlmişdi, bir nəfəri görmək istəyir ailəsindən. Kim getsin, kim getsin, diribaş mən idim guya. Muzeydə işləyirdim, muzeyin müdiri Kazım Kazımzadədən icazə aldım, propusk da düzəltdim Tiflisə, müharibə vaxtıydı, Tiflisə getmək üçün propusk lazım idi. Ənvər dedi ki, bileti mən alaram. Səhərisi gün bileti Ənvərdən götürüb Tiflisə gedəcəydim həmin o dostuyla. Gecə yuxusunu gördüm, Arifə, heç yadımdan çıxmaz, uzun bir koridordu, guya üzbəüz gəlirik atamla, birdən bir palçıq dalğası belə gəldi, çirk, lilli bir dalğa, kişini bax belə aldı, getdi. Oyandım, dedim Allah xeyirliyə calasın, bu nə yuxu idi belə? Saat onda getdim Ənvərgilə, dedim Ənvər, bilet aldın? Dedi: – Yox, almadım. Özü də belə çox əsəbi dedi: almadım, sən getmə, özüm gedəcəm. Dedim: – ölüb? Qayıtdı mənə ki, nə bildin, kim dedi sənə? Dedim: – heç kəs deməyib, yuxusunu görmüşəm. Nə isə... Ənvər getdi Tiflisə, ordan da o kəndə, amma Ənvər ora çatana qədər basdırıblarmış xristian qəbiristanlığında. Gecəykən maşın tutub o qəbiristanlıqdan onu çıxardıb, Mirzə Fətəlinin yanında, müsəlman qəbiristanlığında basdırıb. Ənvər bura qayıdan kimi, səhəri onu çağırdılar NKVD–yə. Xəbər tutmuşdular. Yaxşı ki, məsələ gəlib çıxıb Teymur Yaqubova. Yaqubov da Ənvəri tanıyırmış. Mir Cabbar vardı, Ənvərin çox yaxın dostu, Teymur Yaqubovun əmisi oğluydu, Yaqubov da Ənvərə deyib ki, "Mir Cabbar sənin haqqında mənə o qədər danışıb ki... Anan namaz üstəymiş – deyib Teymur Yaqubov, – məlumatbirbaşa mənə gəldi. Kanselyaridən keçməyib. Yoxsa sənin vəziyyətin yaxşı olmayacaqdı".

Maqnitofonumun düyməsini basıram, lent yazısından bir müddət ayrılıram və yenidən Ənvər haqqında düşünürəm. Atasıyla bağlı məsələlər ömrü boyu Ənvərin üstünə kölgə salıb, hər yerdə layiqli qiymətini almasına mane olub. Məsələn, tutalım onun dram əsərinin tamaşasına mükafat verirdilər, aktyorlar, rejissor, rəssam mükafat alırdı, Ənvər almırdı. Uzun müddət, 60-cı illərə qədər xarici ölkələrə turist kimi beləburaxmırdılar.

Ənvər çox məğrur, qorxmaz, cəsur adam idi. Bəzən cəsurluq üzdə olur, ifrat çılğınlıq, cırtqozluq kimi meydana çıxır. Bir də olur əsl cəsurluq, daxili cəsurluq və belə həqiqi cəsurluq yalnız hərəkətlərdə bəlli olur. Ənvərin həyatında belə mərd, kişi hərəkətləri çox olub. Elə hökumətdən qaçıb gizlənən, hökumətə asi olmuş atasını gedib basdırması – belə bir hərəkət deyildimi? Bu hərəkətin bütün nəticələrini nəzərə alaraq o vaxt məhz belə etməsi zarafat deyil. Əlbəttə, indi bu hərəkət bizə təbii gəlir, hətta təəccüblənə bilərik, necə ola bilər ki, oğul atasını basdırmasın? Amma o dövrdə ki, oğul atadan imtina edirdi, ata oğuldan imtina edirdi, qardaş qardaşdan imtina edirdi, Ənvərin bu davranışı qeyrətli bir oğulun, əsl kişi xasiyyətli adamın təhlükəli və riskli addımı idi.

***

Ənvər danışırdı ki, müharibə başlanan kimi Mir Cəfər Bağırov bizi, yazıçıları çağırdı, dedi: – Vətən-vətən deyəndə ağzınıza çullu dovşan sığmır (mən dəqiqləşdirdim, dedi ki, Bağırov məhz bu ifadəni işlətdi), indi gedin vətən yolunda canınızı qurban verməyə. İlk könüllü gedən yazıçıların sırasında atam da vardı, Ənvər də. Atam Krım cəbhəsinə getmişdi, Ənvər əvvəl Cənub-Qərb cəbhəsinə, sonra da Stalinqrada.

Ənvərin cəbhə xatirələri də zəngin idi. Cəbhədə məşhur Ukrayna rejissoru və yazıçısı Aleksandr Dovjenko ilə görüşləri haqqında danışardı:

"Dovjenko mərkəzi qəzetlərdən hansınınsa müxbiri sifətiylə gəlmişdi cəbhəyə və nədənsə, mehrini mənə salmışdı. Özü də mənə, nədənsə, Ənvər yox, Məmmədxan deyərdi. Görürsən, arada imkan olan kimi məni çağırardı, "Mamedxan, poşli", cibində, flyaqasında həmişə araq olardı, məni də qonaq edərdi. Uzun və dərdli söhbətlər edərdi: Ukraynanın faciəsindən, Ukraynanın faşist istilası zamanı çəkdiyi iztirablardan, partizan hərəkatından, gələcək filmlərinin, hekayələrinin dramatik süjetlərindən. Arada belə bir şey dedi ki, məni çağırırlar Moskvaya və orda bəlkə Stalinlə görüşdüm. Görüşsəm belə bir məsələni qaldırmaq istəyirəm: bəzən qəzetlərdə yazırlar ki, bizim hələ zəbt olunmamış torpaqlarımız çoxdur, vətənimiz böyükdür və s. Amma mən deyəcəm ki, vətən nə qədər böyük olsa da tükənməz deyil və vətən nə qədər böyük olsa belə, bir qarışını vermişiksə də bu bizim müsibətimizdir. Məsələn, hələ Sibirdəki torpaqlarımız qalırsa, amma bütün Ukrayna işğal olunubsa bir ukraynalı üçün bundan böyük faciə ola bilərmi?

Bilmirəm də, görüşdü Dovjenko Stalinlə görüşmədi, (çünki daha onu heç vaxt görmədim), bu fikrini nə yollasa çatdıra bildi, bilmədi, amma həmin söhbətdən bir müddət sonra, bir gecə, gecə vaxtı bizi yığdılar, sıraya düzdülər və Stalinin o məşhur gizli əmrini oxudular. Bu əmr ancaq bizim günlərdə, son vaxtlar üzə çıxarıldı, müharibə vaxtı çap olunmamışdı. Çox sərt və kəskin əmr idi və orda deyilənlərin içində Dovjenkonun fikirləriylə səsləşən yerlər də vardı, yəni bu fikir keçirdi ki, vətən torpağı tükənməz deyil, geri çəkildiyimiz hər qarış faciəmizdir, ona görə də bu vecsiz söhbətlərə – "torpağımız böyükdür-filan" son qoymaq lazımdır. Əlbəttə, əmrin qırx neçə il bundan qabaq bircə dəfə eşitdiyim mətnini çox təqribi şəkildə şərh edirəm, amma mahiyyəti belə idi və o vaxt mənə elə gəlmişdi ki, bu məzmun, bu mətləb Dovjenkonun dediklərilə təsadüfən səsləşmir, ya doğrudan da, Dovjenko ürəyindəkiləri Stalinə çatdıra bilmişdi, ya da bu fikir artıq ictimaiyyətin, ziyalıların ümumi fikri kimi formalaşmadaydı və Stalin də bununla hesablaşmalı olmuşdu. Çünki Stalinin əvvəlki ura – patriotik əmrləriylə tam bir kontrast təşkil edirdi bu əmr və məhz elə ona görə də gizli qalırdı, heç yerdə rəsmi bəyan olunmamışdı"...

***

Stalinqrad cəbhəsindən sonra Ənvər başqa Azərbaycan yazıçılarıyla bir yerdə Şimali Qafqaz cəbhəsinə göndərilir. 416-cı diviziyada hərbi müxbir işləyir... 1944-cü ildə ordunun tərkibində İrana göndərilir. İranda əski əlifbayla "Vətən yolunda" qəzeti buraxırdılar. İran, Cənubi Azərbaycan Ənvərin bir insan kimi də, bir yazıçı kimi də bioqrafiyasının çox mühüm səhifələrindəndi. Zabit paltarında olsa da ilk növbədə yazıçı idi. Uşaqlıqdan yadımdadır, hərdən Təbrizdən Bakıya dönən kimi bizə gələrdi, zabit paltarında. Zabit libası da ona çox yaraşırdı. Gəncliyində çox yaraşıqlı idi, elə yaşlı vaxtında da nurani sifəti vardı, amma gəncliyində çox gözəl idi və hərbi paltar da ona çox yaraşırdı. Və bu sovet zabiti libasının içində döyünən yazıçı ürəyi, Azərbaycan ziyalısının duyumudüşüncəsi ona İrandakı hadisələrin əsl mahiyyəti haqqında çox şeyi qandırmışdı. Xalqın – Cənubi Azərbaycan xalqının öz ləyaqəti, dili, milli heysiyyəti uğrunda təbii istək və arzularının necə ustalıqla sovet geopolitik maraqlarının toruna salınmasını Ənvər öz gözləriylə müşahidə etmişdi. Bakıda sovet mətbəələrində əski əlifbayla çap olunmuş intibahnamələrin, çağırışların İrana yaxşı bələd olan NKVD agentləri tərəfindən Cənubi Azərbaycanın müxtəlif şəhərlərində, kəndlərində, yollarında səpələnməsini, yayılmasını dəfələrlə müşahidə etmişdi. İrandakı hadisələri yönəldən, indiki terminlə desək, o zamankı Azərbaycan partokartlarının Arazın o tayındakı özbaşınalığı və acgözlüyündən, özlərinin və arvadlarının malzinət hərisliyindən və bu cür pozuq əxlaqlı adamların başına da yerli dələduzların cəmlənməsindən ürək ağrısıyla danışardı. Özü də yalnız çox illər sonra danışmırdı, öz etirazını, narazılığını bu ya digər şəkildə elə o zaman orda da bildirirdi. Kefli İskəndərsayağı bəzən sözünü içib deyirdi.

"Bir dəfə içmişdim, Bakıdan gələn yüksək rütbəli partiya məmurlarının məclisində açdım gül ağzımı, dedim hamınız juliksiniz. Məclisdəkilərin azı yarısı da açıq, ya gizli NKVD işçiləri idi. Bu rütbəlilərdən biri – o vaxt Mərkəzi Komitənin katibi, – Necə? – dedi – hamımıza julik deyirsən? Yoldaş Bağırova da? Nə qədər dəm olsam da, sözümü bilirdim, – yox – dedim – bircə ondan başqa, qalan hamınız... Əvvəla, ona görə ki, doğrudan da, nə o vaxt, nə də elə indinin özündə Bağırovu julik hesab eləmirdim və eləmirəm, ikinci də, bilirdim, o dövrün və Bağırovun qəribə bir xüsusiyyəti vardı, bu Rəsulun da başına gəlib, o dövrün az-çox tanınmış ziyalısı Mərkəzi Komitənin ən yüksək vəzifəli bir məmuruyla toqquşa bilərdi və bu toqquşma Bağırova çatanda heç kəs yüz faiz əmin və arxayın ola bilməzdi ki, məsələ kimin xeyrinə həll olunacaq. Elə hallar olurdu ki, Bağırov bu konfliktdə məsələn, Səmədin, ya Rəsulun tərəfini saxlayır, onlardan çuğulçuluq edən məmurları yerində otuzdururdu. Əlbəttə, əks hal da olurdu, çox olurdu. Amma hər halda bilirdim ki, İranda da məni, yəni tək məni yox, başqalarını da, amma hər halda məni bir az daha artıq izləyirlər və işdi mən içkinin təsirilə coşub Bağırov haqqında bir söz desəydim, gurumbultuyla gedərdim. Amma bir-birinə nifrət edən, bir-birinin ayağının altını qazan müxtəlif rütbəli partiya və NKVD funksionerlərinə "Bağırovdan başqa hamınız juliksiniz" deyəndə hər kəs bu sözü özünə yox, başqalarına aid edirdi və odur ki, bəzən çox ciddi təhlükələr də başımızın üstündən sovuşub gedirdi. Bir dəfə yenə hansısa məclisdə mən otaqda tavana güllə atmışdım, rəhbərimiz o vaxt Cəfər Xəndan idi, dərhal ona xəbər vermişdilər, gəldi gördü ki, mən bir az içmişəm, bilirdi ki, mənə söz desə, cavabını verəcəm, bir şey emədi, birdən gözü divanın üstündə uzanıb qalmış Qulam Məmmədliyə sataşdı, heç dəxli olmadan: – Adə, uzun adamın pyanlığı nə pis olurmuş, – deyib çıxıb getdi.

–Rəhbəriniz Cəfər Xəndan idi?

–O qədər rəhbərimiz vardı ki, ümumi rəhbərliyi, yəni Cənubi Azərbaycandakı bütün işlərimizin rəhbərliyini üçlük – troyka idarə edirdi, sədri Mirzə İbrahimov, üzvləri o vaxtkı Mərkəzi Komitəninkatibi Həsən Həsənov və NKVD-nin müavini Atakişiyev idi, amma rəhbər sifətilə Bakıdan başqa Mərkəzi Komitə işçiləri, məsələn Şahgəldiyev, o vaxt o da Mərkəzi Komitənin katibi idi, gəlirdi. Redaksiyamıza isə Cəfər Xəndan, Rza Quliyev rəhbərlik edirdi. Cənubi Azərbaycanın məşhur şairi vardı – ağayi Etimad, hamımıza kitablarını bağışlamışdı, cavan adamlar idik də, o vaxt, cavan yazıçılar idik, amma hamımıza kitabının üstündə yazmışdı – "dahi yazıçı Ənvər Məmmədxanlıya, dahi yazıçı Qılman Musayevə, dahi yazıçı Seyfəddin Abbasova". Sonra həmin sözləri Rza Quliyevə də yazmaq istəyəndə, uşaqlardan hansısa demişdi ki, ağayi Etimad, biz də dahi, o da, axı o bizim hamımızın böyüyüdür? Etimad bununla razılaşmış və Rza Quliyevə bağışladığı kitabın üstündə "Nabiqeyi əsr" yazmışdı, özünün izahına görə bu, yüz ildə bir dünyaya gələn dahi demək imiş".

Yadımdadır, yuxarıda yada saldığım həmin o qonaqlıqda –Təranənin bir yaşını qeyd etdiyimiz gün Əvəz Sadıq Ənvər haqqında tost dedi, dedi ki, İranda Ənvərə deyərdim, ay Ənvər, başına dönüm, bir az döz, Bakıya-qayıdaq, orda nə oyundan çıxırsan çıx, bura hər halda xaricdir, burda hər tərəfdən bizə göz qoyurlar, bir az ehtiyatlı davran...

Ənvər də Əvəz əminin Təbrizdəki məzəli söhbətlərindən danışardı hərdən. "Əvəz, – deyirdi – bir müddət Mirzəylə bir otaqda qalırdı. Mirzə həmin o troykanın iclasından sonra evə gələndə, çox inandığı Əvəzə: – Əvəz, sənə bir sirri açacam, amma heç kəs bilməsin, – deyərkən, Əvəz dərhal: – Mirzə, sən Allah, lazım deyil, – deyirmiş, – sən heç nə demə, sabah bazara çıxan kimi hamısını özüm eşidib biləcəm".

Çox macəralı və faciəli taleyi olan Məhəmməd Biriya haqqında da danışardı: "Bizimkilərə çox fəal qoşulmuşdu, inqilabdan, marksizmdən, Lenindən, Stalindən alovlu danışardı, bir dəfə hansı məclisdəsə halı xarab oldu, qəşş etdi, yaxasını açdılar, köynəyinin altında "Quran" vardı...

İranda elə adamlar vardı ki, biz nə deyirdik, ləbbeyk deyirdilər, bizim qoşunlar çıxan kimi birinci radioyla çıxış edib əleyhimizə danışan da onlar oldu. Amma elə adamlar da var idi ki, yüyürüb bizim ağuşumuza atılmırdılar və bizimkilər də məhz onlardan şübhələnirdilər, amma son nəticədə məhz onlar özlərini çox namuslu, mərd apardılar".

Bir adamı Ənvər xüsusi qeyd edirdi – şair Səffəti. Elə o vaxt yaşlı bir adam imiş. "Azərbaycanlı idi, amma əsasən farsca yazırdı, azərbaycanca da bir neçə şeri vardı. Təhsili farsca idi. Nə isə söhbətimiz tuturdu. Bizim qəzeti oxuduqca deyirdi ki, hə, mən indi inanıram ki, müasir Azərbaycan ədəbi dili var və bu dildə də hər mətləbi ifadə etmək olar. Sonra mənə bir şey də deyirdi, deyirdi ki, bax mən qoca kişiyəm, uzun ömür sürmüşəm və bu ömrümün təcrübəsi nəticəsində müəyyən qənaətlərə, müəyyən fikirlərə, əqidələrə gəlmişəm. Siz məni, deyirdi, inandırın ki, bax bu məsələ bu cürdür, düzü belədir, yoxsa göstərişlə, əmrlə, təkidlə, ya təhdidlə heç bir kəsi ürəkdən inandırmaq olmaz, yalandan: "bəli, düz buyurursunuz" – deyən çox olacaq. Amma onlar da ürəkdən inanmırlar. Mənim bir fikrə gəlməyim üçün gərək buna inanım. Uzun söhbətlərimiz olurdu və bu söhbətlər nəticəsində bir çox məsələlərdə mənimlə razılaşırdı, amma heç vaxt bizim hər dediyimizə: "bəli, düz buyurursunuz" demədi, "ləbbeyk" demədi. Başqa görkəmli şair Həbib Sahir kimi o da bizimkilərdən gen gəzərdi, yaxın düşmürdü bizimkilərə. Amma bizim qoşunlar çıxandan sonra özünü ən mərd, namuslu aparanlardan biri də Səffət oldu, bura gəlmədi, orda qaldı, sürgün olundu və sürgündə də, deyəsən, vəfat elədi. Qoca adam idi də..."

Bu yaxınlarda İranda olarkən mən o vaxtın adamlarından Səffəti soruşdum və çox sevindim ki, Ənvər bu zənnində də yanılmayıbmış. Onu tanıyanlar, xatırlayanlar, Səffət haqqında çox saf, təmiz, peyğəmbəranə bir adam kimi danışırdılar. Onu da xatırladım ki, vaxtilə "Ədəbiyyat və incəsənət" qəzetində (11 may, 1990-cı il) Ənvər Məmmədxanlıyla Qılman İlkinin "Unudulmaz Təbriz günləri" adlı söhbətləri çıxmışdı və həmin söhbətdə də Səffəti yada salırdılar. Qılman İlkin: "Sənin Məmmədli Səffət ilə mübahisələriniz yaxşı yadımdadır, – deyir. – Amma qəribə idi ki, mübahisələriniz sizi bir-birinizdən uzaqlaşdırmaq əvəzinə, daha da yaxınlaşdırırdı. Səffət təmkinli, xoşxasiyyət, müdrik bir qoca idi... Əvvəlcə bizə çox ehtiyatla yanaşırdı. Sonra tezliklə bizimlə ünsiyyət bağladı".

Cavabında Ənvər: "Haqlısan – deyir. – Mənim o kişiyə böyük hörmətim vardı. Müstəqil düşüncəli bir şəxsiyyət idi. Dürüst müşahidələri ilə başqalarından fərqlənirdi. İranın gələcəyinə aid orijinal fikirlər irəli sürürdü. Bəziləri kimi bizim vəzifəli adamları idealizə etmirdi. Əksinə, yeri düşəndə hətta bizə qarşı tənqidi münasibətini də gizlətmirdi. Təvazökar idi.

Özündən deyil, başqalarından eşitmişdik ki, o, vaxtilə Şeyx Məhəmməd Xiyabaninin ən yaxın adamlarından biri olub. Çoxlu elmi və ədəbi əsərlərin müəllifi idi". Mən demək olar ki, bizim nəşrlərin, kitabların, antologiya və tədqiqatların heç birində Səffətin adına rast gəlmədim, haqqında bir şey eşitmədim. Amma Ənvərin danışıqları mənimçün etibarlı bir dəlildir və inanıram ki, bu adam məhz belə olub. Mənə elə gəlir ki, Ənvərlə onu yaxınlaşdıran ümumi cəhətləri də başa düşürəm, yəni nədən bir-birinə mehr saldıqlarının səbəbini anlayıram. Ənvərin təsvirində Səffətə xas olan cəhətlər onun özünün də təbiətinə uyğun idi. Çünki Ənvərin özündə də bir müdriklik, nuranilik, əqidəsində sadiq qalmaq, yel kimi o yan-bu yana əsməmək, konüktür mülahizələrə müti olmamaq xasiyyəti vardı... Ənvər də ancaq o şeyi deyirdi ki, ona daxilən inanırdı. Daxilən inanmasaydı, heç kəs onu fikrindən döndərə bilməzdi. Ədəbi zövqləri də çox dəqiq idi, bəzən mənim zənnimcə, bir qədər konservativ olsa da. Siyasi mövqeyi də çox dəqiq idi, müxtəlif milli məsələlərə münasibətində də çox aydın pozisiyası vardı və bu mövqeyindən onu heç kəs döndərə bilməzdi...

İranda olduğu iki il ərzində Azərbaycanın, İranın bir çox şəhərlərini gəzmişdi. Ərdəbildə, Tehranda, kürdlərin mərkəzi Mehabadda olmuşdu və müşahidələri bir sıra hekayələrində əks olunub – "Qızıl qönçələr", "Boyunbağı", "Karvan dayandı".... "Od içində" pyesi də Cənubi Azərbaycan mövzusundadır və bu pyeslə bağlı əhvalatlar üstündə bir az ətraflı dayanacam. Bu pyesin də, daha doğrusu, bu tamaşanın da başı bəlalı oldu. Amma tamaşanın hansı çətinliklərlə qarşılaşdığını izah etmək üçün yenidən Ənvərin bioqrafiyasına qayıtmalı olacam. Həmişə "ağrıyan həyatının" daha bir acısından söz açacam.

Ənvər ömrünün uzun bir müddətində başının üstündən asılmış Domokl qılıncı atasıyla bağlı idisə və 42-ci ildə atasının vəfatından, başlanan vətən müharibəsindən, Ənvərin bu müharibənin müxtəlif cəbhələrində iştirakından və İrandakı hərbi-jurnalist xidmətindən sonra bu qılıncın təhlükəsi bir qədər sovuşmuşdusa, onun ikinci süyər yeri məhz bu illərdə, yəni müharibədən sonrakı illərdə meydana çıxmışdı: bu da kiçik qardaşı Niyaziylə bağlı idi. Niyazi ipək kimi yumşaq, gözəl bir insan idi, amma həm də çox mərd, cəsur, həmişə öz ləyaqətini, mənliyini yüksək tutan bir adam idi. Ənvərin vaxtıyla atıb getdiyi yolu o axıracan getmişdi. AzNKİ-ni bitirib neft mühəndisi olmuşdu. Bəzən mən danışanda inanmırlar, deyirlər ki, iki-üç yaşlı uşaq bu şeyləri xatırlaya bilməz, amma Allaha and olsun ki, müharibədən qabaqkı son yayı, yəni – qırxıncı ilin yayını – iki yaş yarımında olduğum yayı, Pirşağı bağında olan bəzi səhnələri duman içində olsa da xatırlayıram: o cümlədən, Niyazinin: – bax, buranı qazacam, burdan nöyüt çıxacaq, – deyə məni qorxutmasını da... Neftin çıxacağı niyə məni qorxudurdu, bilmirəm, amma Niyazinin bu zarafatları yadımdadır. Bir il sonra dava başlandı və Niyazi də müharibəyə getdi. O vaxt artıq institutu qurtarmışdı, hansı zavodda isə mühəndis işləyirdi. Onu əsgərliyə çağırdıqları gündən cəmisi bircə həftə sonra həmin zavod hərbi müəssisəyə çevrilmişdi və bütün işçiləri bron almışdılar. Ailədə onu da danışırdılar ki, Niyazinin cəbhəyə getməsindən bir neçə gün qabaq kimsə ona "vətəni qorumağa gedirsən"– deyə xeyir-dua verəndə, Niyazi "vətəni yox, bax bu qonşumuz Marusyanı müdafiə etməyə gedirəm", – deyə acı bir rişxəndlə cavab vermişdi. Müharibədə ən ağır bir cəbhəyə – Sevastopol cəbhəsinə düşür. Sonralar mənə danışırdı ki, bir gün zabit dostlarımdan biri, uzaqdan bir-birimizə güllə ataq, əllərimizi yaralayaq, bizi geri – qospitala göndərsinlər" – demişdi, cəbhədə belə hallar olurdu, razı olmadım, qeyrətimə sığışdırmadım belə işi"...

Sevastopolda yaralanır, əsir düşür... Sonralar, Stalin – Beriya sisteminin də dustağı olduğu üçün bir dəfə soruşdum: – Niyazi, hansı daha ağır idi – Hitlerin məhbəsi, ya Stalinin sürgünü? Bir az fikirləşib, "yox, hər halda alman əsirliyi daha ağır idi, – dedi... dil bilmirsən, yad mühit, səsin heç hara çatmayacaq".

Yaralı halda etapla əsir aparılarkən taqətdən düşüb az qala yıxılacaqmış, yıxılanı da almanlar dərhal avtomatla biçirdilər, elə oradaca qalırdı. "İki rus əsiri iki tərəfdən qollarıma girdilər, "nə qədər taqətimiz qalıb, səni də aparacayıq" – dedilər. Həyatımı xilas elədilər... Etap boyu Ukrayna kəndlərindən keçəndə Ukrayna qadınları bizə çörək uzadırdılar, alman konvoyu tüfənglərin, avtomatların qundaqları ilə onları vurur, qovurdu, amma yenə əl çəkmirdilər, imkan tapıb hərəmizə bir tikə çörək verə bilirdilər. Sonra Sibir lagerində həmin o Ukrayna qadınlarını gördüm, yəni həmin deyəndə konkret adamları demirəm, ümumiyyətlə, işğal zonasında qalmış o Ukrayna qadınlarını Beriya əclaf müharibədən sonra Sibir lagerlərinə sürgün eləmişdi".

"Aclığın bütün formalarına bələdəm, – deyirdi Niyazi, – ən çətin aclıq, neçə günlük tam aclıq yox, hər gün cirəylə verilən cüzi qidadır... Heç nəyim qalmamışdı, əmimin (atasının) yadigarı qızıl bir saatı qalmışdı, alman qarovulçusunun gözü düşmüşdü o saata, neçə gün dözdüm, vermədim, axır bir gün aclığa tab gətirə bilmədim, bir parça çörəyə dəyişdim... – Bunları müxtəlif vaxtlarda Niyazidən eşitmişdim. Müharibə illərində isə Niyazinin qara kağızı gəlmişdi... Evdə yasını tutmuşdular. İndi mən düşünürəm ki, bu itkin düşmüş adamların ailələrinə göndərilən ölüm şəhadətnamələri də bilməzlikdən, səliqəsizlikdən, qarma-qarışıqlıqdan doğan bir dolaşıqlıq deyilmiş, dəqiq düşünülmüş, insana qənim Stalin siyasətinin bir ünsürü imiş: madam ki, əsir duşüb, deməli, düşməndir, madam ki, düşməndir, özünə hələ əlimiz çatmırsa, hələlik ailəsini cəzalandıraq, diri adamın ölüm xəbərini ailəsinə çatdıraq – bu məntiqlə göndərirlərmiş ölüm kağızlarını. Nə isə, müharibə illəri Ənvərin həyatı ölkənin ümumi faciələrindən başqa ölən atasına tutulmayan yas və o vaxt hələ diri qardaşına tutulan yasın ağrısıyla da ağrıyırmış... Müharibə qurtarandan sonra, ya müharibənin axırına yaxın isə birdən-birə şad bir xəbər gəldi: Niyazi sağdır, hələlik Moskva yaxınlığında hərbi hissədədir. Atamla anam Moskvaya uçdular (Atam o vaxt Kinematoqrafiya naziri idi). Ənvər o vaxt hələ İranda idi. Moskvada gedib Niyazini tapıblar. Hissə komandirindən izn istəyiblər ki, bir günlük onu özləriylə Moskvaya aparsınlar. Atam: – mənim qardaşımdır deyib. Komandir inanmırmış: – qardaşınızdır, niyə familiyalarınız müxtəlifdir?.. Amma hər halda görünür rəhmdil adam imiş və arvadının da təsiri olub. Bu, söhbətdə iştirak edən arvadı ərinə: – Sən bir onların (Atamla Niyazinin) gözlərinə bax, gör necə oxşayır bir-birinə, – deyib. Axır komandir yumşalıb, icazə verib, Niyaziylə birlikdə Moskvaya qayıdıblar, bir gün onlarla "Moskva" mehmanxanasında qalıb. Sonra Bakıya gəldi. Hamımız, bütün ailəmiz necə şadlanırdı o gün, ilahi. Amma Niyazinin o gün ağladığı da yadımdadır, axı bir gündə üç əziz adamının bu müddət ərzində öldüyünü bilmişdi: atasının, dayısı Məmmədhüseynin, əmisi Hidayətin... Nə yazıq ki, Niyazinin demək olar ki, o dünyadan qayıtmasıyla bağlı bu sevinc uzun sürmədi. Bütün zamanlarda və bütün ölkələrdə əsirlikdən qayıdanları ən böyük hörmətlə, ehtiramla qarşılayırlar, çünki onların çəkdikləri əzab-əziyyət bəlkə hamıdan artıq olur Ancaq Stalin əxlaqıyla qurulmuş bir ölkədə əxlaq da tərs olmalıydı. Stalinin: "Bizim əsirlərimiz yoxdur, vətən xainləri var" – kəlamı yüz minlərlə insanın onsuz da şikəst olmuş həyatına yeni baltalar endirirdi. Birini qoyum, birini götürüm. Bir neçə il bundan qabaq hansısa kinoteatrda "Qurtuluş" (Osvobojdenie) filminə baxırdım. Filmdə belə bir epizod var: Stalinə təklif edirlər ki, əsir düşmüş oğlu Yakovu alman feldmarşalı Paulyusa dəyişsin. Stalin: "Mən əsgərləri marşallara dəyişmirəm"– deyəndə salonda bir alqış qopdu, gəl görəsən. Məni sarsıtdı bu alqışlar. Həqiqətən deyibsə də, deməyibsə də, bu filmdə səslənən sözlər tarixin ən əxlaqsız cümlələrindəndir. Söhbət canlı insandan, sənin oğlundan gedir və sən effektli bir frazaya insan həyatını, doğma oğlunun həyatını qurban verirsən. Bu, Stalinin şəxsi ailə məsələsi olsaydı, özü bilər, öz işidir. Amma axı bu fikrin, bu qənaətin məntiqilə neçə minlərlə insan, onsuz da əsirlikdə mənən və fiziki cəhətdən zədələnmiş insanlar yeni iztirablara məhkum olunurdu. Bizim camaat isə əl çalır buna... Nə isə... Niyazinin də aqibəti başqa əsirlərin aqibəti kimi oldu... May günləri idi, atam hamını Göyçaya aparmaq istəyirdi, Ənvər, Niyazi də gedəcəkdi... Gecə gəlib Niyazini aparmışdılar və on il Sibirə sürgün eləmişdilər...

Niyazinin özünün ağır, dözülməz iztirablarından başqa ailəsinin də yeni müsibəti başlanmışdı və Ənvərin də başının üstündən yeni bir Domokl qılıncı asılmışdı... Bu söhbətlərin məhz bura düşməsi isə, bayaq dediyim kimi, "Od içində" tamaşasının taleyi ilə bilavasitə bağlıdır. Həmin illərdə Azərbaycanda başqa bir sürgün kompaniyası da başlamışdı və bizim ailənin o biri qolundan, anam tərəfindən – Rəfibəylilərdən də bir neçə nəfər, o cümlədən anamın dayısı Fərrux bəy arvadı Rəxşəndə xala ilə Tomska, Cavad bəy Rəfibəyli növbəti dəfə Semipalatinskə sürgün edilmişdi. Nənəm Cavahir xanımın sürgün olunmaq təhlükəsi vardı və anam hər gün gündüzlər onun yanında olur, axşam evə qayıdır və səhər tezdən yoxlamaq üçün zəng eləyirdi, qorxurdu ki, gecə apararlar. Telefonlara da qulaq asıldığını bilirdi, odur ki, nənəmə zəng eləyib Rüstəmin, dayımoğlunun halını soruşurdu, guya ki xəstəymiş... Bir sözlə, yeni sürgünlər axını gedirdi Azərbaycanda və elə bu vaxt "Od içində" pyesi meydana çıxmışdı. Orda da adamları sürgün edirdilər. Əlbəttə, İranda, İran hökuməti edir bu rəzaləti, heç gül kimi sovet hökumətimiz belə şey edər? "Od içində" pyesində Əli Fişəngçi deyir:

–Şəhərdə müsibətdir... Sərbazlar əllərində məşəl və siyahı məhəllələri gəzib qapıları döyürlər. Təzədən altı yüz ailəni sürgünə göndərirlər.

Əsərin başqa səhnəsində şah ordusunun sərhəngi Ehtişami ilə Təbrizdən sürgün edilən qoca ziyalı Ədalət və onun qızı Pərvin arasında belə mükalimə var: "Ehtişami: Nə tez yorulub yoldan qalmısan, ağayi Ədalət? Bu əsa, bu yerişlə nə sən, nə Pərvin xanım heç üç aya da gedib Bilicüstana çata bilməyəcəksiniz.

Ədalət: Kinayə etmə, sərhəng! Gün gələr biz qayıdarıq... Ehtişami: Yox, geri qayıtmaq ümidindən əl çəkin, qoca... Mürur zamanla siz yurdunuzun, yuvanızın harda qaldığını unudacaqsınız, əslinizin, nəslinizin kim olduğunu yadınızdan çıxaracaqsınız. Pərvin: Bu şahlar İranın minillik xam xəyalıdır, sərhəng və min ildir siz bizim adımızla, dilimizlə, yurdumuzla iftixarımızı bizim ürəyimizdən qoparda bilməmisiniz!" Və nəhayət, əsərin finalında da baş qəhrəman Azərin anası Reyhan kiçik oğlu haqqında deyir: "Azər nəslini məhv etmək olmaz! O sonbeşiyim qayıdıb ata-baba yurduna sahib duracaq!".

Əlbəttə, indi elə bir zaman gəlib ki, bütün bunları çox asanlıqla ayrı cür yozmaq olar: Bilicüstan əvəzinə "Sibir", sərhəng əvəzinə "NKVD polkovniki", şahlar İranı əvəzinə "Rus imperiyası" istilahlarını qoysaq, deyə bilərik ki, Ənvər İrandan yazıb, sovet siyasətini hədəf tutub. Amma mən bunu demək istəmirəm və Ənvər özü də bunu demirdi, demək istəməzdi və deməzdi... Bunu Ənvər yox, onun düşmənləri, onu istəməyənlər, onu gözü götürməyənlər, ya elə-belə bikarçılıqdan çuğulçuluq eləyənlər demişdi. Şeytançılığa könül vermiş adamlar, növbənöv iblislər bütün dövrlərdə olduğu kimi o dövrlərdə də vardı, amma başqa dövrlərdən xeyli çox idi.

Əlqərəz, danos vermişdilər ki, bu əsərdə Ənvər İran, Cənubi Azərbaycan adıyla öz dərdini yazır, sürgün olunmuş kiçik qardaşının taleyini yazır, ümumiyyətlə, Bakıdan sürgün edilən adamları nəzərdə tutur. Belə bir kağız, belə bir danos lazımi yerlərə getmişdi, lap yuxarılara çatmışdı. Tamaşa hazır idi, mərhum rejissorumuz Adil İskəndərov hazırlamışdı, premyerası olacaqdı. Ənvər bizim hamımızı dəvət eləmişdi.

Ortancıl bacım Fidan onda lap balaca idi, onu dəvət eləməmişdi. Amma Fidan biləndə ki, biz teatra gedəcəyik, amma onu aparmayacaqlar, Ənvər haqqında demişdi ki, "boq eqo nakajet" (uşaqlıqda dayəsi rus idi, rusca danışırdı).

Atam Bakıda yox idi. Anamla getdik teatra, gördük qapıları bağlıdır, içi qaranlıqdır. Dedilər tamaşa olmayacaq. Niyə? Heç kəs bilmirdi. Ənvər özü də heç yerdə yox idi, zəng eləyirdik, telefonu cavab vermirdi. Anamla evlərinə getdik, qapını açdı, gördük ev paltarındadır, gülümsünür. Bəs nə oldu tamaşa, niyə olmadı? Gülüb dedi ki, Fidanın qarğışı, deyəsən həyata keçdi, tamaşanı saxladılar. Niyə saxladılar? Vallah, mən də bir şey bilmirəm. Sonralar məlum oldu ki, danoslar veriblərmiş. Cürbəcür rütbəli məmurlar, özü də yalnız İncəsənət Komitəsi, Mərkəzi Komitədən yox, həm də, o vaxtkı təbirlə desək, müəyyən orqanlardan gəlib ictimai baxışlarda iştirak edir, bir kəlmə söz demədən çıxıb gedirlərmiş. Nə "hə" deyirlərmiş, nə "yox". Çünki bu da o dövrün spesifik xüsusiyyətiylə bağlı idi. Axı son sözü Bağırov deməliydi, birdən bunlar deyər "hə", o, qadağan edər, ya bunlar deyər "yox", o icazə verər tamaşanın getməyinə. Bir sözlə, hamıdan çox Ənvərin əsəbləriylə oynayırdılar. "Götürdüm Bağırova bir kağız yazdım, neçə gün gözlədim, cavab çıxmadı, axır götürüb katibəsi Novikovaya zəng elədim, dedi ki, kağız ondadır, oxudu, amma mənə qaytarmadı, özündə saxladı. Hə, bir detalı da deyim: Makinada yazdırmışdım, adımı altında yazmışdım, amma nədənsə qol çəkməyi unutmuşdum, demə Bağırov buna da diqqət eləyib, "etot qospodin ne soizvolil daje podpisatsya" – deyib. Sonra Mirzə İbrahimova deyib ki, nə istəyir məndən, məgər mən onun yazdığı əsəri oxumağa borcluyam? Mirzə də deyib ki, "yox oxumağınızı istəmir ki, sizdən, tamaşa hazırdır gəlin baxın və fikrinizi deyin". Nə isə bir gün gəlir Bağırov tamaşaya.

"Oturmuşduq, – deyir Ənvər – Bağırov, yanında da başqaları, belə onlara yaxın da Adil İskəndərov, mən... Adil də mənə demişdi, bilmirəm hardan bilirdi bunu, demişdi ki, Bağırovun hər cibində bir tapança var. Nə isə, baxırdı əsərə, birdən heç tamaşaya dəxli olmadan qayıtdı bizə ki, "Dədə Qorqud"un sizə nə dəxli var? Bizə – yəni azərbaycanlılara. – Orda – dedi – at əti yeyirlər, at südü içirlər, bəyəm "sizin babalarınız at əti yeyiblər, at südü içiblər? Türkmənlər istəyir onu, qızıl podnosda verrəm türkmənlərə. Bu dastanın Azərbaycana heç bir dəxli yoxdur. Mən də dedim ki, bəs Dərbənd? Eynəyinin altından mənə tərs-tərs baxdı, amma dinmədi, gördüm bu tərəfdən Adil qolumdan dartır ki, sən nə danışırsan, görmürsən fikri hazırdır?

Qısa bir müddətdən sonra "Kitabi-Dədə Qorqud"la bağlı məsələlər ortaya çıxdı, onu Azərbaycana yabançı bir əsər elan elədilər, qadağan olundu.

"Od içində"nin göstərilməsinə isə icazə verildi.

***

Qəribə, unikal yaddaşı vardı Ənvərin. Mən ondan çox cavan olduğuma baxmayaraq, dünən oxuduğumu bu gün yada sala bilmirəm. Amma o haçan nə kitab oxumuşdusa, nə məlumat almışdısa, kimlə haçan görüşüb nə söhbət eləmişdisə, bir sözlə, nə bilirdisə, nə öyrənmişdisə həyatda – hamısı yadında idi. Azərbaycan və Dünya tarixinə, ədəbiyyatına, fəlsəfəsinə, müasir siyasətə aid ensiklopedik biliklərə malik idi və onunla söhbət eləmək bir universitet qurtarmaq qədər zənginləşdirirdi, savadlandırırdı adamı. İslam tarixini Azərbaycanda ən dərindən bilən adamlardan idi. İslam tarixiylə, xilafətin quruluşuyla, ərəb istilalarıyla Babək haqqında roman üzərində işlədiyi zaman belə geniş tanış olmuşdu. Xanlıqlar dövrünə – Azərbaycan tarixinin XVIII əsrin axırı – XIX əsrin əvvəlinə aid dövrünə də – Mirzə Fətəli haqqında əsər üzərində işləyərkən – qaynaqlara, ilk mənbələrə, arxiv materiallarına əsaslanaraq ətraflı bələd olmuşdu. Yadımdadır, bir dəfə Mirzə Fətəlinin mötəbər bilicilərindən olan Mikayıl Rəfili Axundov barəsində söhbətləri əsnasında Ənvərə: "səndə əməlli-başlı tədqiqatçı damarı var – dedi. O da yadımdadır ki, Rəfili: – amma Mirzə Fətəlinin bioqrafiyasına daha yaxşı bələd olduqca, deyəsən, ondan bir az soyuyursan," – demişdi. Ənvər gülümsünüb cavab verməmişdi. Axundov mövzusunu tamamlamaması bəlkə, doğrudan da, bu səbəblərlə bağlı idi. Amma həqiqət naminə onu da deməliyəm ki, hələ o zamanların özündə Mirzə Fətəliyə qarşı yönəldilən ittihamları (indi bu ittihamlar baş alıb gedir) heç cür qəbul etmirdi. Yəni bu ittihamların əsas məğzi Mirzə Fətəlini guya çar Rusiyasının siyasətinə xidmət edən bir adam kimi, az qala çar casusu kimi qələmə vermək cəhdidir. "Belə deyil, – deyirdi Ənvər. – Bu məsələ daha qəlizdir. Mirzə Fətəlinin oğlu Rəşidə yazdığı məktubları – o vaxt hələ bu məktublar çap olunmamışdı – tapın, oxuyun. Görəcəksiniz ki, Mirzə Fətəli necə ayıq başla, "şəkili bicliyiylə" oğluna ruslarla ehtiyatlı davranmağı tövsiyə edir. Yəni rus siyasətinin mahiyyətinə aid heç bir illüziyası olmayıb. İntəhası, xalqın taleyini, inkişaf prosesini rus mədəniyyəti və rus mədəniyyəti vasitəsilə Avropa mədəniyyəti yönündə görürdü. Şərq ətalətindən, dinin, xurafatın əsarətindən qurtuluş yollarını burada arayırdı".

Hər halda hansı səbəbdən olursa olsun, doğrudan da, Mirzə Fətəli mövzusundan soyudu və ömrünün son illərini Babəkə həsr elədi. Amma Mirzə Fətəli dövrüylə tanışlığı da onunçün çox önəmli idi – çar siyasətini, Rus–İran münasibətlərini, Şimali Azərbaycanın Rusiya tərəfindən istila edilməsini – kiçik ayrıntılarına, faktlarına qədər bilirdi. İran şahzadəsi Abbas Mirzədən, rus generalları Patskeviçdən, Yermolovdan, o dövrün başqa tarixi şəxsiyyətlərindən elə danışırdı ki, elə bil bu adamları öz gözüylə görüb.

Bu dövrlə əlaqədar nəslimizin tarixinə aid geniş bilikləri də vardı. Şahsevənlər tayfasından olan ulu babamız Məmmədxan çar hakimiyyətiylə toqquşan və ruslar tərəfindən təqib edilən ilk Azərbaycan feodallarından biri olub.

Həbibə xanımın anasından eşitdikləri: "Bir gün Məmmədxanın yanına qonşu kənddən bir çapar gəlir, xanın ayağına yıxılır: – başına dönüm, xan, – deyir – bizə kömək elə, kəndimizə bir dəstə urus soldatı gəlib. Yerləşdirdik, əppəklərini, çaylarını verdik. İndi də yapışıblar ki, bizə qadın gətirin, gəlinlərinizi, qızlarınızı gətirin. Ümidimiz bir sənədir. Bizi bu rüsvayçılıqdan ancaq sən qurtara bilərsən. Məmmədxan bir qədər fikrə gedir, sonra, çapara deyir ki, "get deginən, bu saat gətirəcəyik". Çapar kor-peşman geri qayıdır. Məmmədxan oğlanlarına əmr edir ki, atlanın. Yeddi oğul silahlanıb atalarına qoşulurlar. Həmin kəndə gəlirlər. Deyilənə görə soldatlardan bir nəfəri də olsa qaçıb qurtara bilmir, hamısını qılıncdan keçirirlər. Bu hadisədən sonra rus generalı Məmmədxanı tutub gətirən adama böyük ənam vəd edir. (Yüz il sonra nəticəsi Qəffar Məmmədxanlı kimi Məmmədxan da neçə müddət asi kimi, qaçaq kimi hökumət tərəfindən axtarılırmış – A.) heç cür tuta bilmirlərmiş onu. Günlərin bir günündə Məmmədxanı şamaxılı Mahmud ağa qonaq çağırır. Kimsə satqınlıq edib bu barədə ruslara xəbər verir. Evi əhatə edib Məmmədxanı tuturlar. Bir neçə gündən sonra ölüm xəbəri gəlir. Onu qazamatda zəhərləyib öldürürlər. Bu hadisədən sonra oğlanlarının hərəsi bir tərəfə dağılır. Xanlıq məhv olur. Bir rəvayətə görə kəndlər Təbatəbaiyə verilir".

Həbibə xanımgildə Ənvərin iştirakıyla lentə aldığım yazıdan bir parça:

ƏNVƏR: Bir iranlı vardı, Qivami. Abırlı kişilərdən biri idi, çox da bilikli adam idi. Bir dəfə mənə bulvarda rast gəldi, söhbət elədik o yan-bu yandan, birdən dedi ki mənə, sizin nəslinizin tarixini bilirəm. Dedim ağayi Qivami, hardan? Danışdı mənə. Özüm də bəzi şeyləri bilirdim, uyğun gəldi. Demək Məmmədxanın ki oğlanları qaçır İrana, hamısı qaçır, bizim ulu babamız, Məmmədxanın böyük oğlu Mahmud ağadan başqa, Məmmədxanın bütün kəndlərini – Çiynini, Qaziyanı, başqalarını alırlar. Ruslar təzə bəylər zümrəsi yaradırdı. Kim qaçırdısa İrana hamısının yerlərini, kəndlərini alırdılar.

Patskeviç Təbrizdə olanda Təbrizi ona verənlərdən biri məşhur müctəhid olub – Mirfəttah ağa Təbatəbai. Təbatəbai nəsli İranda çox məşhurdur. Həmin bu Mirfəttah ağa kömək eləyib Patskeviçə Təbrizi alsın. Nikolaya xəbər gəlib çatanda ki, bəs məsələ belədir, Patskeviç o vaxt bir polknan gedib bütün İranı ala bilərdi, Nikolay deyib ki, Tehrana getməyin, geri çəkilin, sərhəd olsun Araz çayı, mən istəmirəm ki, Qacar sülaləsi məhv olsun... Görürsən, necədir məsələ, hər halda o sinfi hiss var da, bir padşah düşmən olsa da, o biri padşahın tamam məhv olmasını istəmir. Nə isə, Patskeviç geri çəkiləndə daha o Mirfəttah ağa da İranda qala bilməzdi, Abbas Mirzə onu öldürəcəkdi. Gəlir o da bu taya. Patskeviç ona çoxlu şey verir, bağ-zad, yeddi kəndi – Bərgüşadı, Çiynini, Qaziyanı – Məmmədxanın kəndlərini də ona əta eləyir. Amma Mirfəttah ağa çox savadlı adam imiş, böyük kitabxanası varmış, kitabxanasının bir hissəsini Tiflisdə qoyur. Tiflisdə o məşhur müctəhid bağı var e, o da həmin o Mirfəttah ağanın adınadır, kitabxanasının bir hissəsini də gətirir Qaziyan kəndinə, bir də başqa bir kəndə, adını hardasa qeyd etmişəm. Orda bir ev tikdirir, yığır ora kitablarını, əlyazmalarını... Bu hadisə də niyə görə düşüb aktlara – bir gün, düşmən düşübmüş kimləsə, od vurub bütün kitabxanasını yandırırlar... Gör indi o kitabxana nə xəzinə imiş e...".

***

Tez-tez 37-ci il hadisələrini yada salırdı. Hələ lap gənc yazıçı ikən Yazıçılar İttifaqında keçirilən o qanlı iclasların şahidi olub. "Yadımdadır, Sultan Məcid Qənizadə lap qoca kişi idi – o vaxtkı proletar yazıçılarından biri – adını deyirdi Ənvər, mən yazmıram – qocanın az qala boğazını üzürdü ki, ver bura üzvülük biletini, səni İttifaqdan çıxartmışıq. O qoca yazıq da zəif səslə: vermərəm, – deyirdi, bu kitabçaya Maksim Qorki özü imza atıb... Nə fayda, tutub aldılar əlindən... Qoca kişini tutdular, məhv etdilər, amma az bir müddətdən sonra həmin o bileti ondan alanı da tutub basdılar, o da qayıtmadı... Nə isə... bu bir dövr idi ki, onun faciəsini ancaq Şekspir qələminə sahib olan bir sənətkar yarada bilər..."

Stalin haqqında deyirdi: şineli rəngdə boz bir həyat qoyub getdi bizə...

* * *

68-ci ilin avqustunda Zuğulbada dincəlirdik. Hər gecə xarici radionu dinləyirdim. Bir yerdə yazmışam ki, 56-cı ildə Macarıstanın işğalı zamanı bizim nəslin yeniyetməlik dövrü bitdi, 68-ci ildə Brejnev Çexoslovakiyaya qoşunları yeridəndə isə gəncliyimizlə vidalaşdıq. Praqa baharı, Çexoslovakiyada "gülər uzlü sosializm", "insani sosializm" qurmaq cəhdləri şəxsən mənim sosialist ideyasına son ümidim, son gümanım idi və bilirdim ki, Praqa reformaçılarının bu təşəbbüsləri də sovet tanklarının tırtılları altında darmadağın edilsə, daha bu ideyaya heç bir inam qala bilməz. Ümumiyyətlə, bizim nəsil bu hadisələri çox böyük həyəcanla izləyirdi və Praqa baharının süqutunu çox ağır qəbul etdi. Rüstəm İbrahimbəyov o günlərdə Praqada idi, sonra mənə danışırdı ki, sovet qoşunlarını çaşdırmaq üçün praqalılar küçələrin adları yazılmış lövhələri qoparırdılar, mən də onlara qoşulub bir neçə lövhəni öz əlimlə qopardım. Avqustun axırında Moskvada Rüstəmlə görüşdük, Araz Dadaşzadə də Moskvadaydı, saatlarla Moskva küçələrini dolaşıb Çexoslovakiyanın dərdinə acı-acı yanırdıq. Dubçekin işdən uzaqlaşdırıldığı xəbəri gələndə Əkrəm Əylislinin hönkür–hönkür ağladığı yadıma gəlir. Vaqif Səmədoğlunun da o vaxt yazdığı şerlərinin birində "yuxuma girir rus çarının tankları" misrası vardı, amma o dövrlərdə təbii ki, dərc edilə bilməyən bu şer, nədənsə, indiyə qədər də çap olunmayıb. Mən də o vaxt çap olunmuş Fransa haqqında yazımda senzuranı aldadaraq ürəyimi boşaltmışdım: guya ki, Parisin XIX əsrdəki bələdiyyə rəisi baron Osmanın ünvanına söylədiyim sözlər, əlbəttə ki, Praqanı yaman günə qoymuş sovet tankları haqqında idi: "Osman indi yaşasaydı, yəqin üsyan etmiş insan ləyaqətinə qarşı toplarla yox, tanklarla çıxardı. Ancaq xalq qeyrəti şahə qalxanda, dözüm və səbr kasası dolanda, millət haqqını tələb etmək üçün küçələrə çıxanda nə toplara baxır, nə tanklara. Tankın, topun zirehi bəlkə də tarixin qısa bir keçidində xalqın ləyaqətinə, iradəsinə, sözünə üstün gəlir, amma keçmişin və indinin baronları bilməlidir ki, tankın şüur, söz üzərində üstünlüyü müvəqqəti, keçəri və aldadıcı bir qələbədir ("Azərbaycan" jurnalı № 5. 1970). Sovet qoşunlarının Çexoslovakiyaya girdiyini eşitdiyim gün Zuğulbada qala bilmədim, ürəyim partlayırdı, nədənsə, məhz Ənvəri görmək istəyirdim. Buzovnaya, bağa, onun yanına gəldim. Kül rəngindəydi sifəti, içində boğulmuş adam təsiri bağışlayırdı: "Vallah, – dedi – imkanım olsaydı, bu saat Çexoslovakiyaya gedərdim, sovet qoşunlarıyla əlisilahlı mübarizə etmək üçün. O vaxt neçə-neçə ölkədən adamlar İspaniyaya gedib respublikanı müdafiə etdikləri kimi... Bu imkanı da alıblar əlimizdən". Ənvərin bu qədər həyəcanlı danışdığını az-az görmək olardı... İçindəkiləri, düşündüklərini, duyduqlarını yazılarında demək imkanına malik olmaması da onu bir tərəfdən sıxırdı, boğurdu, həyatını ağrıdırdı.

"İndi adamların evinin içindən çox beyninin içində axtarış aparırlar". "Hər tərəfdə maqnitofon var, nə deyirik yazılır. Xahiş edirəm mümkün qədər idealizmdən uzaq ol". "Düşünən üçün son fikir yoxdur, dost və hər şey ki, boğulanda ölür, fikir boğulduqca dirilir"... "Düşünən həmişə belədir. Azadlığa qovuşanda bir az dəli olur". (Lap elə bil bu gün üçün deyilib – A.) "Ey ölüm, gəl ki, bu həyat bizi öldürdü", "Ey yazıqlar, siz heç vaxt dərk etməyəcəksiniz ki, azadlıq yanğısı nə deməkdir.

O dəhşətli yanğı ki, ürəyi yandırıb külə döndərir". "Böyük gələcək və yaxud bərabərlik dünyası məgər bir nağıl deyilmi uşaqlar üçün? Və əgər ədalətli keçmiş birinci yalandırsa, ədalətli gələcək də ikinci yalandır". "Xırdaca kəndlər gördüm ki, yuxarı başı aşağı başla vuruşurdu. Böyük şəhərlər gördüm ki, aşağı məhəllə yuxarı məhəllə ilə döyüşürdü. Və yüz dəfə lənət olsun o kiçik balıqlara ki, didirlər böyük balığın qarnında bir–birini!".

Müxtəlif əsərlərinə səpələnmiş bütün bu atmacalar Ənvərin demək istədiklərinin və deyə bilmədiklərinin qısa və boğuq fəryadlarıdır. Bugünkü rüsxətli cəsarət mövqeyindən keçmişin bu sayaq etiraz səslərini lağa qoyanlar başa düşmürlər, ya başa düşmək istəmirlər ki, tariximizin böyük bir dövründə ən namuslu şairlərimiz, yazıçılarımız əsərlərini yalnız Azərbaycan dilində deyil, həm də Ezop dilində yaratmağa məcbur idilər...

Bunu böyük Nazim Hikmət bilirdi. Bir dəfə Bakıdan Moskvaya qatarla gedərkən Ənvərlə bir vaqonda olublar və yolda Nazim "İnək" pyesini Ənvərə, Ənvər isə "Şirvan gözəlini" Nazimə oxuyub. Nazim bu əsəri dinlədikdən sonra:

"Siz kiçik millətlərin (kiçik deyəndə o da, Ezop diliylə qeyri- müstəqil, millətləri nəzərdə tuturdu) yazıçılarında həmişə bir qurnazlıq (fəndgirlik, biclik, hiyləgərlik) var, demək istədiyiniz mətləbləri dolayı yolla deyirsiniz". Doğrudan da, sözün yaxşı mənasında, yüngül bir komediya olan "Şirvan gözəlin"də yad fikirlərin, uyğun olmayan nəzəriyyələrin zorla başqa mühitə təlqin olunmasından, zorakılıqla yeridilməsindən söhbət gedirsə, aydındır ki, məsələ yalnız alma sortlarında deyil, daha ciddi mətləblərdədir. Moskvadan gəlmiş rus alimi Mudrov, Azərbaycandakı həmkarlarına müraciətlə: "Dostlar, mənim yetişdirdiyim o ağaclar aranda, öz vətənində yaxşıdır, amma burda, dağ ətəyində, Göytəpə bağlarına yaramır" (kursiv mənimdir – A.) – deyəndə təbii ki, söhbət yalnız nəbatatdan getmir. Və Mudrov son nöqtəni də qoyur: "Burda, Göytəpə bağlarında baş verən hadisələr üçün mən də cavabdehəm, ona görə... bütün Göytəpə bağbanlarından üzr istəyirəm"...

"Şirvan gözəli" o dövrün mətbuatında kəskin tənqidə məruz qalmışdı. Daxilən Ənvər həmişə mövcud quruluşa qarşı dissident duyumuyla, dissident düşüncəsiylə yaşamışdı, ancaq Rusiyadakı dissidentlik hərəkatından – həmişə dünya ictimai fikrinin diqqət mərkəzində olan hərəkatdan fərqli olaraq Azərbaycanda dissidentlik passiv xarakterdə, daha çox daxili narazılıq, tərənnümlərə və təntənələrə qoşulmamaq şəklində olmuşdur. İctimai həyatdan kənara çəkilmək, mənəvi sığınacağı sükutda tapmaq Ənvərin də özünəməxsus daxili etirazı idi. Əlbəttə, Stalin dövründə, başının üstündə bayaq dediyim Domokl qılıncı, daha doğrusu, Domokl qılıncları, ən azı iki qılınc – atasıyla və qardaşıyla bağlı təhlükələr asılanda Ənvər də Lenin, Stalin haqqında hekayələr yazmışdı, Aprelin 28-ni "Şərqin səhəri" kimi tərənnüm etmişdi... Bunlar da var, bunları da danmaq olmur və yazılana da pozu yoxdur. Kamal Abdullayevlə söhbətində Ənvər bu barədə də tam səmimiyyətlə danışır və deyir ki, "Şərqin səhəri"ni yazanda onun əlində olan sənədlər həqiqətin, cüzi və təhrif olunmuş hissəsini əks etdirdiyini çox sonralar dərk edib. O vaxt nə 18-20-ci illərdəki milli hökumətimiz haqqında dürüst informasiya vardı, nə onu yıxanların əsl niyyətləri haqqında. Həqiqət Ənvər üçün də, bir sıra başqa nəsildaşları kimi ildən-ilə, pillədən-pilləyə, addımdan-addıma açılmağa başladı... Bir də axı, 20-30-cu illərin də müəyyən hüsnü, inqilabi romantikası vardı, bunu dainkar etmək olmaz. Mənim nəslimlə Ənvərgilin nəslinin dünya duyumunda əsas fərqi də bəlkə elə bundadır. Biz yetişib bir şey dərk etdiyimiz vaxt bu quruluşu qoca bir fahişə kimi tanımışdıqsa, Ənvərgilin nəsli bu idbar qocanın gənc, cazibəli qız vaxtlarını da yaşadırdılar yaddaşlarında... Hər halda o vaxt onlara elə görünmüşdü. Aşıq Bəsti demişkən, "Qoca cadugərdi, aldadar səni, cavanlıq donunda qalan bu dünya".

Onu da düşünürəm ki, Ənvər ilk hekayələrinin müəllifi kimi otuzuncu illərdə nə səbəbdənsə, Allah eləməmiş dünyasını dəyişməli olsaydı, bu gün onu məsələn, tutalım musiqidə Asəf Zeynallı, rəssamlıqda Rüstəm Mustafayev kimi çox erkən vəfat etmiş nadir bir istedad kimi xatırlar və qiymətləndirərdilər. Atasına görə, öz çılğın hərəkətlərinə görə 37-ci ilin qurbanı olsaydı, indi daha da artıq bütləşdirilərdi. Vətən müharibəsi cəbhələrində həlak olsaydı, Azərbaycan nəsrinin unudulmaz müharibə qurbanı kimi anılardı.

Amma ədəbiyyatda həqiqi, güzəştsiz meyarlara əsaslanan yerini tutması üçün o bütün ömrünü, bütün ağrıyan həyatını yaşamalıymış... Və əgər kiminsə çox doğru söylədiyi kimi, yazıçılıq yalnız peşə deyil, həm də dünyada yaşamaq tərzidirsə, Ənvərin mənəviyyatımızda yeri bu gün təyin olunmuş səviyyəsindən qat-qat yüksəkdir. Ədəbiyyat tariximizdə ona ayrılmış guşədən dəfələrlə böyükdür.

Başqa bir cəhət də var. Ənvərin son və ən böyük əsəri "Babək" oxuculara yalnız indi çatdırılır. Mirzə Fətəli haqqında yazdığı romandan nələr qaldığını hələ bilmirik. Bir neçə çap olunmamış çox maraqlı hekayələrini mənə oxumuşdu, onlardan da ədəbi ictimaiyyət xəbərsizdi. Və nəhayət, ilk gənclik illərindən ömrünün sonuna qədər mütəmadiən gündəliklər aparırdı. "Qəlpələr" adlanan bu gündəliklər onun daxili aləminin, daxili həyatının, mütaliəsindən, müşahidələrindən, fikirlərindən doğan dəruni, gizlin ömrünün aynası idi. Mənə elə gəlir ki, bütün bu zəngin irs tapılıb, araşdırılıb, çapa hazırlanıb meydana qoyulandan sonra ədəbiyyatımızda tamamilə yeni, indiyəcən yaxşı tanımadığımız bir yazıçını kəşf edəcəyik. Ənvərin indiyə qədər məlum olan yaradıcılığı nə qədər maraqlı və əlvandırsa, bundan sonra açılacaq irsi ondan da rəngarəng, parlaq və mühümdür, şübhəsiz. Son illərdə Ənvər çox istədiyi anası İmmi xanımı, sürgündən qayıdıb yalnız bir neçə il sakit həyat yaşayandan sonra xərcəngdən vəfat etmiş kiçik qardaşı Niyazini, İnşaatçılar prospektində maşın altında qalmış bacısı Vahidəni itirdi. Bacısı Həbibənin və xalq rəssamı Tağı Tağıyevin oğlu, özü də rəssam olan Namiq gənc yaşında qəfil xəstələnib keçindi.

Rəsul Rzayla Nigar Rəfibəylinin ölümləri Ənvərin tənhalıq çəmbərini daha da daraltdı. Əsərlərinin birində elə bil özü özü haqqında demişdi: "Sən o qədər təksən ki, heç vaxt təklik nə olduğunu bilməyəcəksən"...

...Son illərdə yalnız bircə dəfə guşənişinliyə qapıldığı yuvasından çıxıb Yazıçılar İttifaqına, "dava iclaslarının" birinə gəlmişdi. "Dəyirman" povestini, haqsız, nadan hücumlara məruz qalmış Mövlud Süleymanlını, istedadını təqdir etdiyi Mövlud Süleymanlını müdafiə etmək üçün. Deyirdi ki, Mövlud məni əsərləriylə onu oxumağa məcbur edir. Və bu iclasda bizim başqa yazıçı adını daşımağa layiq olan yazıçılarımızla bir yerdə Mövludu qanadı altına almışdı. Bunu özünün yazıçılıq, vətəndaşlıq borcu sayırdı. 37-ci ildə Azərbaycan ziyalılarını təpiklə, yumruqla döyən NKVD müstəntiqlərinin varislərinə həmin iclasda: "Bəsdir daha, keçməz o məşum illərin oyunları, – demişdi. – O illəri qaytara bilməyəcəksiniz, – demişdi.

...və: – mən sizdən heç vaxt qorxmamışam" – demişdi. Bunu deməyə mənəvi haqqı vardı. Bu sözləri Ənvərin bütün ağrıyan həyatı təsdiq edə bilərdi...

***

Ənvərin vəfatı həyatımda elə bir boşluq yaratdı ki, mən bu boşluğu heç nəylə doldura bilmirəm. Elə gün olmur ki, düşünməyim: bax bu məsələni Ənvərlə danışmalıyam, müzakirə eləməliyəm, fikrini bilməliyəm onun. Onunla söhbət eləmək, təkrar edirəm, universitet qurtarmaq kimi bir şeydi.

***

Böyük bir arzum vardı. Həmişə nədənsə adam ən yaxşı arzularında yubanır. Çoxdan belə niyyətim vardı və 91-ci ilin lap əvvəlində bu niyyəti həyata keçirməyi planlaşdırmışdım. O vaxt SSRİ Ali Sovetinin deputatı kimi ilin çox hissəsini Moskvada keçirirdim, amma dekabr ayında rotasiya olasıydı, Ali Sovetin tərkibindəki Azərbaycan deputatlarının heyəti dəyişməliydi, mən də Ali Sovetdən çıxmaq haqqında ərizə vermişdim və bu məsələni deputat heyətimizin ağsaqqalı, rəhmətlik Tofiq İsmayılovla da razılaşdırmışdım, çünki iki il idi Moskvayla Bakı arasında qalmışdım... Ənvərlə danışmışdıq, qərarlaşdırmışdıq ki, Moskvayla üzülüşəndən sonra Bakıda bir istirahət evinə gedəcəyəm Ənvərlə bir yerdə. Maqnitofon götürəcəm və saatlarla onun söhbətlərini həm maqnitofona, həm dəftərə yazacam. Bunu 91-ci ilin yanvarında etmək istəyirdim.

Qismət olmadı. Dekabrda Moskvadaydım, ayın axırına sessiya qurtarmalıydı. Dekabrın 18-də mehmanxanadakı otağıma zəng çalındı. Elə bil ürəyimə nə isə dammışdı, telefonu uzun zaman götürmədim. Nəhayət qaldırdım dəstəyi. Arif Əsədov idi, Moskvada yaşayan qohumumuz. Dedi ki, Ənvər vəfat edib. Elə bil ki, həyatımın yarısını itirdim. Atamla anamın vəfatından sonra ən böyük itkim idi... Ümumiyyətlə, bu 90-cı il həyatımın ən məşum illərindən biriydi. Qanlı yanvar faciəsiylə başlamış bu ilin ərzində əziz, yaxın dostumu – Araz Dadaşzadəni itirmişdim və onun dəfnində Ənvər də vardı. İndi, ilin sonunda Ənvəri itirdim.

Həmin gecə təyyarəylə Bakıya uçdum. Dəfn elədik. Yasını verdik. Mənə dedilər ki, xəstəxanada olanda axır nəfəsinə yaxın çağırdığı adamlardan biri də mən olmuşam. Deyib ki, Anarı görmək istəyirəm, ona sözüm var.

Nə sözü vardı mənə, nə deyəcəkdi, bunu mən daha heç bir vaxt bilməyəcəm. Bəlkə özümü çatdırsaydım, "necəsən?" – deyə soruşsaydım, son dəfə deyəcəkdi: "həyatım ağrıyır"...

Yanvar, 1993

news-inner-user

12888 məqalə

Paylaş

Oxşar xəbərlər