“Almaz”da qadın azadlığı niyə boğulur ki? - QAN TURALININ YAZISI

“Almaz”da qadın azadlığı niyə boğulur ki? - <span style="color:red;">QAN TURALININ YAZISI
25 yanvar 2017
# 10:28

“Azdrama”nın və şəxsən Azər Paşa Nemətovun “Almaz” tamaşasına müraciət etməsini mən bir çoxlarından fərqli olaraq zamanın tələbi sayıram.

Çünki Cəfər Cabbarlı bizim klassikimizdir, onun yazdığı az qala bütün əsərlər dramaturgiyamızın qızıl səhifələrinə yazılıb və bu mənada da “Almaz”ı 30-cu illərin kollektivləşmə, elə Cəfər Cabbarlının irəli sürdüyü “dildə, şüurda, məişətdə inqilab” tendensiyasının dramatik təzahürü saymaq mənə elə gəlir ki, səthi bir yanaşmadır.

“Almaz” inqilabi bir pyesdir və elə Almaz obrazı da romantik bir obrazdır.

Bu cür romantik obrazlar isə ideyası nə olur olsun daim aktualdır.

Bu aktuallığı nəzərə çatdırmaq isə rejissuranın işidir.

Romantiklərə daim tələbat var, idealizm ölməzdir.

Elə bizim teatrımıza da Oqtay Eloğlu romantizmi, idealizmi, qətiyyəti gərəkdir.

Əsərin zahiri tərəfi kollektivizm üzərində mübarizə ola bilər, bu tamamilə şərti bir məsələdir.

Hər nə qədər Məhəmməd peyğəmbər ərəb cəmiyyət üçün inqilabi bir rol oynamışdısa, eləcə də Karl Marks da tarixdə öz düşüncəsi ilə inqilabi bir missiya yerinə yetirmişdir.

Romantizm ideyaya baxmır, romantik ideyanın vurğunudur.

Romantik qəhrəmanın həyati idealı və mahiyyət xarakterli əlaməti də budur: Zəmanə ilə barışmamaq, ona üsyan qaldırmaq, dünyanı öz ideallarına uyğun hala salmaq, mübarizə aparmaq, qurban vermək, güzəştə getməmək...

Bu mənada “Almaz” pyesi də daim aktualdır.

Bu cür romantik qəhrəmanlar təkcə kollektivləşmə, qadın azadlığı yox, elə bütün sahələrdə öz qəti mövqelərini qoyaraq, mübarizə aparırlar.

“Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun” olsa da...

Çox təəssüf ki, biz tamaşada bu aktuallıq, başqa cür desək, bizim sosial məkanda gərəkli olan romantizm nəzərə çarpdırılmır, ya da çox az tutiya kimi verilir.

Kollektivizmlə bağlı söhbətlərin üstündən bir neçə replika ilə sükutla keçilir, din məsələsi də aydın çatdırılmır və eləcə də qadın azadlığı...

(O zamanlar buna arvad azadlığı deyərdilər)

Bu üç ideya bir yerdə, əslində 30-cu illərin ruhunu ifadə edirdi.

Lakin müasir dövrün ruhi-mənəvi müstəvisində, xüsusilə də kollektivizm heç aktual görünmür.

Hətta Çinin rəhbəri belə bu günlərdə Davosda qloballaşmanı dəstəkləyir, kommunist olsalar da fərdi təsərrüfatların yolunu onlar lap çoxdan açmışdılar.

Pyesi yenidən səhnə üçün işləyən hörmətli Əli Əmirlinin hazırladığı mətn hər nə qədər yaxşı alınsa da tamaşaçının diqqətini vacib problemə cəmləməyi bacarmır.

Tamaşanın xüsusən ilk hissəsindəki dialoqlar cansıxıcıdır, tamaşaçını ideyaya kökləmir və sonluğa hazırlamır.

Və ümumiyyətlə pyesin qoyuluşu kontekstini açıqlamır.

Bu, çox güman ki, rejissuranın problemidir.

Çünki biz Almazın simasında kollektivizmlə təbliğ, dinə soyuq yanaşan və qadın azadlığını tərənnüm edən həlməşik bir obraz görürük.

Bu ideyaların bir qismi çox səthi şəkildə verildiyi üçün xüsusi bir qarmaqarışlıq yaranır.

Mənim şəxsi fikrim belədir ki, Almazda qadın azadlığı məsələsi daha çox qabardılmalıydı.

Müasir dünyada qadın azadlığının bu qədər güclü şəkildə vurğulandığından və ölkəmizin vəsiqəsinin də bu barədə pis qiymətlərlə dolu olduğundan bu çox daha aktual olardı.

Bütün sadaladığımız problemlərdən əlavə Almazın Yaxşının uşağını götürməsi məsələsi də vardı.

Ustad dramaturqumuzun bu mesajı tamaşada dəqiq anlaşılmır, çünki pyesə bu süjetin əlavə edilməsi və son səhnədə bu mesajın açılması əslində qadın azadlığını çox güclü şəkildə vurğulayır.

Cəfər Cabbarlı inqilabi və sosial pafosu kənara qoyaraq Almazı məişət və qadın müstəvisinə qaytarır.

Almaz obrazının (Məsmə Aslanqızı) tamaşada Hacı Əhmədin (Nurəddin Mehdixanlı) xarizması altında əzilməsi ilə bağlı müxtəlif rəylər də deyilib.

Bu rəylərə qatılmaqla bərabər onların tənqidi mövqeyini bölüşmürəm.

Biz qəhrəmanları hamıdan böyük, hamıdan möhtəşəm, hamıdan uca, hamıdan güclü görmüşük və bu mənada Almazın Hacı Əhməddən kiçik görünməsi də Cabbarlının müasiri Frans Kafkanın antiqəhrəmanlarına oxşayır və bu romantik qəhrəmanın zəif, cılız, bəzən səsi belə ciyildəyən, balaca, görünməsi də əslində dövrün tələbidir.

Xeyrin yumruqları həmişə zəif olub.

Elə Almazın da...

Teatrşünas olmadığıma görə teatrın elmi-nəzəri məsələləri barədə mühakimə yürütməkdən uzağam, amma Nurəddin Mehdixanlının, Ayşad Məmmədovun və Sabir Məmmədovun öz rollarının öhdəsindən çox yaxşı gəldiyini qeyd etmək istərdim.

Bütün hallarda Almazın 1968-ci ildən (Almaz rolunda Leyla Bədirbəyli oynamışdı) yenidən Azərbaycan teatr sənəsinə qayıtması çox müsbət haldır.

Əla isə o olardı ki, tamaşa günümüzə toxunardı, teatra gələn adamların fikrini cəmiyyətdəki qadının rolu ilə bağlı məqamlara çəkərdi, onu zəmanənin aktual məsələləri üzərində düşündürərdi, ona bir yol, bir işıq göstərərdi.

Cəfər Cabbarlının pyesi bunun üçün çox güclü bir material idi.

Bu dəfə alınmadı...

# 2334 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #