news-inner
clock12:46 calendar-gray 13 Yanvar 2017 view-gray147 dəfə oxunub
view-gray147 dəfə oxunub

Bacısı qızının nişanını pozan xala – ROMANDAN PARÇA

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

O vaxtlar bizim eldə təmtəraqlı toylar üç gün çəkərdi. Böyük qardaşım Səməndərə də üç gün toy çalınmışdı. Ancaq Kamilə atam iki gün toy çaldırdı. Məni o toy mağarına girməyə qoymadılar.

Birinci gün çox rahat, çox da sakit keçdi. Xalam bütün günü daş dəymiş ayı kimi fınxırırdı. Əligildən də xeyli gələn vardı, ancaq onun özünün toyda iştirakına bizimkilər icazə verməmişdilər. Xalam axıra qədər Əlinin qohumlarına söz atmağından qalmadı. Onun qorxusundan anam onlara “xoşgəldin” də eləmədi.

Burasını da deyim ki, xalamla uşaqları ortalığı qarışdırmağa ondan əvvəl də çox çalışmışdılar. Bir dəfə Əli maşınla yanımdan ötəndə mənim yoluma bir qızılgül atmışdı. Aralıdan bunu gözü alan xalam oğlu məndən qabaq özünü yetirmişdi, gülü burnumun qabağına tutub ləçəklərini bircə-bircə yolub yerə səpələmişdi. Onda elə bilmişdim o qansız mənim saçlarımı yolub tökdü, dərimi soyub əynimdən çıxardı...

(Yeniyetmə çağlarımda bir güllü yuxu da görmuşdüm, Dostum. Gördüm qucağımda bir dəstə qızılgül iki çayın arasıyla üzüyuxarı gedirəm. Ağlaya-ağlaya güllərin ləçəklərini yolub çay aşağı axıtdım. Əlimdə bircə dənə qızılgül qaldı...

Ayılandan sonra yuxumu nənəmə danışdım. Nənəm damağındakı uzundirsək qəlyandan bir qullab alıb, tüstünün içindən mənə:

- Bu yuxunu yadında saxla, - dedi.

O yuxunun havası uzun müddət başımdan çəkilmədi. Neçə il sonra ərə getdim, neçə yol hamilə oldum, ancaq əlimdə-ovcumda bircə övladım qaldı. Bəlkə də yanlış yozumdu, sonralar yuxumu belə yozdum...)

Bir dəfəsində də xalam uşaqları tökülüşüb Əlinin maşınını daşla, ağacla gözünün qabağındaca əzik-əzik eləmişdilər, şüşələrini sındırmışdılar. O da onların əlinə bəhanə verməsin deyə bir qıraqda durub dinməzcə baxmışdı...

İndiyə nə plan qurduqlarındansa hələ xəbərsiz idim. Mən hamının yanında diligödək, gözükölgəliymişəm kimi bir küncə çəkilib öhdəmə düşən işləri layiqincə görməyə çalışırdım.

Həngamə toyun ikinci günü qopdu. O vaxtlar hökumət böyük məclislərdə spirtli içki verilməsinə qadağa qoymuşdu. Buna baxmayaraq atam qonşu erməni kəndindən bir iri çəllək üzüm arağı gətirtmişdi - araq verilməyən toydan kişilər narazı gedirdi. Xalamın sir-sifəti çaqqal gavalısına oxşayan oğlu bu əldəqayırma araqdan içib Əlinin böyük qardaşını, bir də əmisi oğlunu meyvə qoyulan vazla ağır yaraladı. Əlbəttə, davanın fitvasını xalam vermişdi. Ortalıq bir anda qarışdı. Mənim gələcək qaynımın başından qan şora verirdi. İçkili olduğundan onun qanını heç cür kəsə bilmədilər. Yaralıların ikisini də xəstəxanaya apardılar.

Əmim məsləhət gördü ki, bizdən də kimsə onların dalınca xəstəxanaya getsin. Xalam tumanını atdı başına:

- Mənim oğlum lap yaxşı eləyib vurub onları! Kimin hünəri çatırsa, getsin xəstəxanaya!

Toyu qanıqara başa vurduq. Səhər açılan kimi xalam oğlunu tutub içəri basdılar, üstəlik, toyda araq verdiyinə görə atamı da silistə çəkdilər. Xalam bir boy da aldı üstümüzə: ki, bəs baxın, təzə qohumlarınız oğlumu tutdurdular. Yenə didişmə, çəkişmə, qırğın-qiyamət başlandı. Xalam öz oğlunda bir qətrə də günah görmürdü, bütün suçu yoğurub qoyurdu Əligillərin üstünə. Sonda mənə də hücum cəkdi:

- Mənim oğlumu dama basdıranların gədəsinə ərə gedəcəksən? Ölsəm də, qoymayacam!

Oğlunun tutulmağı xalamın əlinə yekə bir dəstəvuz vermişdi. Uzun çək-çevirdən sonra atam çox böyük xərc çəkib xalam oğlunu damdan çıxartdı. Elə bildik bununla da xalamın havası alınacaq. Ancaq elə olmadı, xalam mənim nişanımı pozmaq üçün o gündən evimizdə lövbər saldı. Uzun danışıqlardan sonra anam böyük bacısının öyrətmələrinə uyub mənim nişanımı qaytarmağa qərar verdi...

***

O günü qiyamətəcən unutmaram. Böyük həyətimizin lap ayağında qurulmuş təndirxanamızda anam təndir odlayırdı. Yenə də uzun çək-çevir başlanmışdı, xalam yorulmaq-usanmaq bilmədən anamı körükləyirdi. Həmin gün xalam Əlinin valideynlərini də bizə çağırmışdı. Mən başımı itirmişdim, bu iş pozulsaydı məni nələr gözlədiyini bilirdim: nişanımı qaytarıb məni bivec xalam oğluna verəcəkdilər.

Ortalıq bir anda odlandı, mübahisə davaya çevrildi. Anam tez evə girib mənə nişanda gətirilmiş dolu çamadan əlində qayıtdı, hikkəylə çamadanı gələcək qaynanamın ayaqları altına atdı. Bəstəboy, göyçək qadın əvvəlcə nə baş verdiyini anlamadı. Anam qəddar bir kraliçə hökmüylə ona əmr elədi:

- Gətirdiklərinizi də götürün, gedin burdan!

Qaynanam heç nə aparmayacağına and içdi. İşi belə görən anam bir anda çamadanı qapıb, göyə dilimlənən alovun ağzına atdı. Məndən özümün də tanımadığım bir səs çıxdı. Hamı donub qalmışdı. Mən həşir-qiyamət qopardım, elə bildim bütün gələcəyim, bəxtim, taleyim o təndirdə yandı.

Qaynanamgil də, xalam da bir göz qırpımında harasa qeyb oldular. Mən diz çöküb anama yalvardım ki, tam yanıb qurtarmamış çamadanı oddan çıxartsın. Anamsa heç nə olmamış kimi öz işindəydi...

Mənim nişan paltarlarımın közüylə bişən o çörəkdən bircə qismət də dilimə vurmadım. Sonralar da hər dəfə əlimi çörəyə uzadanda elə bilirdim öz ətimi, qismətimi, baxtımı-taleyimi yeyirəm.

Nişanımın pozulması bacılarımdan başqa hamını sevindirdi. Üstündən üç gün keçmişdi, ancaq mən hələ də nə baş verdiyini anlamırdım, hiss eləyirdim ki, artıq özümə nəzarəti itirirəm. Başımdan dözülməz ağrılar tutmuşdu, canımın əlində qalmışdım.

Beləcə, məni bapbalaca işıqlı dünyamdan qoparıb, cəhənnəmin tüstülənən küncünə atdılar. Xalam oğluna gedəcəyimi təsəvvürümə gətirdikcə burnumun qanı özümdən iki addım qabağa sıçrayırdı. Bu minvalla çox keçmədi havalandım, düşdüm yorğan-döşəyə, dörd divar arasına salınmış canlı meyidə döndüm. Nə danışa, nə ağlaya bilirdim.

Bəlkə də o mənə bir parça kağız ötürə bilsəydi, halım yüngülləşərdi, ya onun üzünü görsəydim, bəlkə də sağalardım...

***

Artıq onun məni sevdiyinə də əminliyim qalmamışdı. Arada-sırada özümə gələndə xalamın, xalam oğlanlarının fürsət tapdıqca yenə də Əligillərə sataşdıqlarını eşidirdim. Ancaq günümün-saatımın çoxu anlaqsız vəziyyətdə, dünyadan xəbərsiz keçirdi. Heç bacılarım da mənə yaxın gəlmirdilər. Elə bil məni lənətləmişdilər. Özümə sidq-ürəkdən ölüm arzulayırdım. Dərmanlarımı qəbul eləmirdim, kitablarımdan qorxurdum. Bircə əlçim belə xəyal qura bilmirdim. Nənəm demiş, sağ gözüm ölü canıma qarovulçuydu. Üzünü onsuz da düz-əməlli görmədiyim Əlinin xəyalımda ancaq sol yanağındakı yanıq yeri canlanırdı. Xalam iştahla hər gün onun sifətindəki o yanığa rişxənd eləyib qəhqəhə çəkir, anam da ona qoşulurdu.

Soyuq, qarlı qışı nənəmin köhnə kərpic evində yarı xəstə, yarı huşsuz halda başa vurmaqdaydım. Bu müddətdə bir Telli mama, bir də Səməndər məni tək qoymurdular. Bibim ağlaya-ağlaya başımı dizinə qoyur, pırtlaşıq saçlarımı ehmal-ehmal darayıb düyünlərini açırdı. Elə hey mənə yalvarırdı ki, özümü toplayım, ələ alım. Mənsə yaxşı-pis heç nə duymaq iqtidarında deyildim.

Belə ümidsiz günlərin birində heç gözləmədiyim bir hadisə baş verdi: əmim oğlanlarından biri Əlidən mənə bağlama gətirdi. Onu da deyim ki, xalamın, xalam oğlanlarının mənə, mənim taleyimə qarşı nə qədər qansız, əclaf mövqe tutduqlarını görəndən sonra əmim oğlanları mənim tərəfimə keçmişdilər, anamın qorxusundan altdan-altdan olsa da, mənə dəstək verirdilər. Bu əmoğlu da xalamgilin acığına hansı yollasa Əliylə münasibət qurmuşdu.

Bağlamada bir məktub, saplağı kəsilmiş üç qərənfil, Əli Kərimin şeirlər kitabı, iki dənə saç sancağı, bir qutu da şokolad vardı. Bir anda üzüm-gözüm çiçəklədi, burnumun qanı yenə sinəmdə gölləndi. Donub öləzimiş, bürüşmüş döşlərim bir anda heyva çiçəyi kimi çırtladı – nənəm deyərdi ki, qız-qadın zavala gələndə döşündən quruyar.

Xeyli müddət məktubu aça bilmədim, açandan sonra da oxuya bilmədim. Huşum başımdan getmişdi, şüurum büsbütün itmişdi. Üzümü yarısı buzlu su vedrəsinə saldım, özümü çimdiklədim. Yenə ayılmadım. Həyətimizdə havalı-havalı o baş-bu başa qaçdım. Məni gözdən qoymayan anam elə bildi başım pozulub. Həyətdə bir dövrə vurandan sonra vedrə dolu buzlu suyu elə paltarlı-palazlı təpəmdən aşağı tökdüm. Döşlərimin cızıltısını eşitdim desəm, inan mənə.

Anam qaçıb məni tutdu. Mən ona:

- Əlini mənə vurma, neylədiyimi çox gözəl bilirəm! – deyəndə gözləri kəlləsinə çıxdı.

O soyuq qış günündə yaş paltarda nə qədər qaldım, bilmirəm. Bədənim soyuyub donandan sonra nənəmin otağına çəkildim. Əlim əsə-əsə məktubu açdım...

...Hələ nişana qədər Əlidən 12 məktub almışdım. Qonşumuzda bir kasıb qadın yaşayırdı, oğlu Əligilin kəndində işləyirdi. Əli fürsət tapıb onunla dostlaşmışdı, məktubları verirdi ona, o da gətirib çatdırırdı anasına. Anası da öz növbəsində məktubları geydiyi qaloşun içinə qoyub biz tərəfə adlayır, gizlicə mənə ötürürdü. Həsrətlə gözlədiyim o məktublardan gələn üfunət qoxusunu həvəslə içimə çəkirdim.

O məktublardan üçünü isə qonşu arvad mənə şaftalının içində ötürmüşdü. Onların bizim çəpərin üstünə əyilmiş bir cır şaftalı ağacı vardı. Kənddə hamının keçəl Suğra dediyi bu qadın bir gün çəpərin o tayından əl eləyib məni həmin ağacın altına çağırdı:

- Gəl sənə şaftalı verim.

Mən könülsüz-könülsüz “istəmirəm” deyəndə anam özündən çıxdı:

- Arvadın əlini qaytarma, get götür!

Mən hirslə çəpərin başına yeriyib şaftalını arvadın əlindən qapanda keçəl Suğra tələsik pıçıldadı:

- O irini özün ye, heç kimə vermə.

Şaftalı görəndə çoxları kimi mənim də ətim ürpəşirdi. Əlimdə adamı gicitkən kimi dalayan üç dənə şaftalı key-key arvadın üzünə baxdım. Keçəl Suğra çaşıb qaldığımı görüncə:

- O irisinin içində bir şey var, elə aç, görən olmasın, - deyib uzaqlaşdı.

Yenə bir şey qanmadım. Şaftalının ikisini anama verdim, o birini özümdə saxlayıb bir daldaya çəkildim. Meyvəni ortadan bölmək istəyəndə içindən məktub çıxdı. Şaftalı sovulanacan bu üsulla daha iki məktub aldım. Suğra arvad meyvəni yarı bölüb çəyirdəyini atır, məktubu şaftalının içində mənə ötürürdü.

Məktublar əlimdə qalmışdı, bilmirdim onları harda, necə gizləyim. Yandırmağa, cırıb atmağa da əlim gəlmirdi. Çox düşünəndən sonra məktubların hamısını arxa otaqdakı hisli buxarıya yığdım, Leninin də iri bir şəklini asdım qabağından. Gündə bir-iki dəfə əllərim hisə bata-bata açıb hamısını bircə-bircə, sətir-sətir oxuyurdum. Bacım Lalə hər dəfə məni xəbərdar eləyirdi:

- Bax, Hakim tətilə gələcək haaa, məktubları qoymağa bir etibarlı yer tap.

Ona zarafatla deyirdim qorxma, Hakim görməz, Lenin etibarlı kişidi, fağırın dostudu.

Bir gün də bacım başılovlu gəldi ki, bəs Hakim düz Leninin şəklinin qabağında dayanıb. Dilim batdı, ayaqlarım tutuldu, güclə birtəhər özümü atdım otağa. Hakim əlləri belində dayanıb şəklə baxırdı:

- Bu oğraşı kim asıb burdan?

Sonra da əlinin bir hərəkətiylə şəkli qoparıb yerə atdı. Xırda-xırda qatlanmış hisli məktublar xəzəl kimi yerə töküldü. İrəli şığıyıb məktubları sinəmə, döşlərimin arasına soxdum. Hakim dərhal anladı ki, bu iş mənlikdi, məni geri itələyib yerdə qalanları özü götürdü. Əllərim, sinəm hisdən qapqaraydı, həyəcanla qardaşımın üzünə baxırdım. O məqamda qalan ömrümdən keçərdim, təki Hakim o məktubların qatını açmayaydı. Bir anlığa göz-gözə gəldik. Ağlaya-ağlaya yalvardım ona:

- Nolar, öldür məni, amma açma, oxuma onları!..

Qəfil Hakimin üstünə atılıb, məktubları əlindən qapmağa çalışdım. Hakim əlləri hisə bulaşa-bulaşa kağızlardan birini başının üstünə qaldırıb oxumağa başlayanda mən başımı kiçik qardaşımın dəmir beşiyinin qoluna çırpdım. Bircə onu gördüm ki, qanım göyə sıçrayıb Hakimin üstünə çiləndi...

Ayılanda nə baş verdiyini xatırlamırdım. Başımda güclü ağrı vardı, nənəmin sözləri qulaqlarımda cingildəyirdi: “Sənin bircə yolun var – bir soysuza ərə gedib canını bu oğraşlardan qurtarasan”.

İndi necə qurtaraydım canımı bu əzrayıldan? Gündə üç dəfə əlini Qurana döyürdü ki, məni ərə getməyə qoymayacaq...

...Ancaq bu məktub o məktublardan deyildi. Bu kağızın üstündə mənim gələcək taleyimi dəyişə biləsi bir xəritə cızılmışdı.

ardı var

news-inner-user
Bircə

121 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Filmimiz beynəlxalq kinofestivalda
18:45 18 Oktyabr 2019
Azərbaycan kinosunun inkişafı ilə bağlı xərclər 6 milyon manat artırılır
18:17 18 Oktyabr 2019
Quşları heç kəs öpmür – Salam Sarvandan tərcümələr
17:46 18 Oktyabr 2019
Günel Natiqin kitabı çıxdı
17:01 18 Oktyabr 2019
Şoka düşən Bakı, diri-diri yanan əsgərlər, 5 dəqiqənin hökmü - Səbuhi Sədəf yazır...
16:16 18 Oktyabr 2019
Performativ meditasiya: Eucenio Barbanın tənqidi – Aydın Talıbzadə yazır...
15:47 18 Oktyabr 2019
“Bir şeir” müsabiqəsinin mükafatlandırma mərasimi - Video
15:14 18 Oktyabr 2019
Azərbaycan teatrının Oyun Babası - Vaqif İbrahimoğlu 70
14:21 18 Oktyabr 2019
Milli azlıqların antologiyası təqdim olunub
13:41 18 Oktyabr 2019
Bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim edilib - Fotolar
13:02 18 Oktyabr 2019
İsi Məlikzadənin hekayələri Kulis-də
12:51 18 Oktyabr 2019
Qadını pisdir deyə narkotikaya qurşananlar – İlqar Kamil yazır…
12:01 18 Oktyabr 2019
Müstəqil Azərbaycanın ən yaxşı romanları - Siyahı
11:25 18 Oktyabr 2019
"Netflix" "Eşq" romanından serial çəkəcək
10:55 18 Oktyabr 2019
Xalq artistinə ev verildi
10:15 18 Oktyabr 2019
“Yuğ”da "Müəmmalı bir qətlin üç versiyası”
09:52 18 Oktyabr 2019
Ucdantutma hamını bir-bir öpürdüm – Bircənin romanı
08:55 18 Oktyabr 2019
Nobeli alan yazıçının ilk müsahibəsi: “Qorxuram...”
21:00 17 Oktyabr 2019
Adil Cəmilin 65 illik yubileyi qeyd edilib
18:40 17 Oktyabr 2019
“Bir şeir” yarışmasının qalibləri mükafatlandırıldı - Fotolar
18:00 17 Oktyabr 2019