Yazıçının ictimai mövqeyinin müzakirəsi - MƏTN, VİDEO

Yazıçının ictimai mövqeyinin müzakirəsi - <span style="color:red;">MƏTN, VİDEO
8 dekabr 2016
# 17:30

Kulis.Az yazıçının sosial mövqeyi ilə bağlı müzakirəni təqdim edir. Qan Turalının moderatorluğu ilə baş tutan müzakirədə Azad Yazarlar Ocağının qurucusu, şair Rasim Qaraca, şair Qismət, yazıçı Şərif Ağayar iştirak edib.

Qan Turalı

- Yazıçının sosial mövqeyi, ümumilikdə cəmiyyətdə onun oynamalı olduğu rol daim müzakirə mövzusudur. Əsrlər dəyişdikcə, zəmanə dəyişdikcə bu suallar yenidən aktuallaşır. Tarixdə Mirzə Cəlil və Mirzə İbrahimov, yazıçı kimi fərqlərini sərfnəzər etsək, eyni rol oynamamışdır. Xüsusən Sovet dövrü yazıçı qarşısında ideoloji məqsədlər qoymuş, onu ideoloji təbliğatın tərkib hissəsinə çevrilmişdir. Müstəqilliyimizin 25-ci illiyini qeyd etdiyimiz bu günlərdə bu sual xüsusilə aktual səslənir: Kimdir yazıçı? Onun yazmaqdan başqa məqsədi varmı? Yazıçı öz cəmiyyəti, öz mühiti üçün cavabdehlik daşımalıdırmı? Yazıçının ədəbiyyatdan başqa məsul olduğu bir şey varmı? Bu gün biz bu məsələləri müzakirə edəcəyik. Əvvəlcə istəyirəm, sözü AYO-nun qurucusu Rasim Qaracaya verim. Rasim bəy, hələ AYO qurulanda siz “Azərbaycan yazıçısının əhdi” adlı bir mətn qələmə almışdınız. Məncə, bu gün burda müzakirə olunan məsələlər bəlkə də ilk dəfə konseptual şəkildə orda verilmişdi.

Rasim Qaraca

- Bəli, o əhddə yazılmışdı ki, Azərbaycan yazıçısı siyasi hakimiyyətdə olan, ya da olmayan heç bir partiyanın aləti olmamalıdır. Əhddə yazıçı müstəqilliyi ön plana çıxarılmışdı. Çünki bundan əvvəlki dövrlərdə yazıçılar partiyalı olmağa məcbur idi.

Qan Turalı

- Azad Yazarlar da bunu ifadə edirdi. Siyasətən azad...

Rasim Qaraca

- Ad şərti idi əslində. Ətrafımızda bağımsız yazarlar toplaşmışdıq. Yəni, sovetlərin bizə buraxdığı yazıçı anlayışı, təfəkküründən qaça bilmişdik. Dünyaya baxanda sovet yazıçısı anlayışı çox əcaib şəkildə gözümüzün qabağında canlanır.

Qan Turalı

- Onların dünyadakı yazıçılardan çox fərqi var. Misal üçün, Şoloxov və Sartr...

Rasim Qaraca

- Sovet dönəmində yazıçılara nəzarət edən Yazıçılar Birliyi vardı. Hər kəsin bildiyi həqiqətləri burda təkrarlamağa ehtiyac yoxdur. Yazıçı nəzarət altındaydı. Azad yazıçı söhbəti gedə bilməzdi. Azad yazıçılar başlarını götürüb qaçırdılar, dissident hərəkatı vardı. “Samizdat” nəşrlər vardı. Sovetlər yıxılandan sonra sandıq ədəbiyyatı söhbəti çıxdı ortaya. Bizimkilərin sandıq ədəbiyyatı isə meydana çıxmadı. Nə yazmışdılar hamısını çap etmişdilər. Azərbaycan yazıçıları tam nəzarət altındaydı. Yazıçılar təhlükə altındaydı.

Qan Turalı

- Qismət, məlumdur ki, intelgentsiya XVIII-XIX əsrlərdə cəmiyyətdə aktiv rol oynamağa başladı. Əvvəlki dövrlərə baxanda ziyalı təbəqəsi bu zaman yarandı. Yalnız bu zaman zehni əməklə pul qazanmaq imkanı mövcud oldu. Bəs bu gün dünyada yazıçının rolu necədir?

Qismət

- Təbii ki, XVIII əsr reallığı ilə indiki dövrün reallığı tamam başqadır. O dövr yazıçının inqilaba çağırışı, yəni ictimai funksiyası yazıçılıq missiyasından bəlkə də daha çox idi. Ona görə də o dövr yazıçıların ictimai müqavilə haqqında yazdıqları bədii əsərlərindən daha qabarıq olurdu. Bu janrda daha çox yazılırdı. Traktatlar-filan... Amma indi bu mərhələ Avropada aşılıb. Adını çəkdiyimiz dövlətlərin də azad fikir atmosferi var ki, burda yaxşı əsər, yazıçı və mətbəə işləri daha çox ön plana çıxır. Yəni indi yazıçının XVIII əsrlərdəki kimi meydanlara çıxıb hay-küy salmağına ehtiyac yoxdur. O reaksiyaları çəkdiyi filmlə, yazdığı kitabla göstərir. İctimai reaksiya həmişə var. Ancaq o reaksiya meydanlardan kitablara gəlib çıxıb. Bizdə sovetlərdən sonra tam azad fikir mühiti olmadığına görə, burda yazıçıların boynuna düşən missiya Avropanın iki əsr əvvəlki missiyası ilə təxminən eynidir.

Qan Turalı

- İstəyirəm burda Şərif Ağayara söz verək. Şərif, sən sosial problemləri, sosial ədalətsizlikləri ciddi şəkildə yazan yazarlardansan. Qarabağ münaqişəsi, onun ətrafında qaçqınların həyat tərzi, güzəranları... Səndə bu mövzulara maraq hardandır? Bunu yazıçı missiyanın bir hissəsi kimi görürsən, yoxsa sadəcə mövzu kimi cəlb edir.

Şərif Ağayar

- Yox, həmişə müsahibələrimdə də demişəm, qəti belə bir missiya olmayıb.

Qan Turalı

- Yazıçı missiyası kimi olmayıb yəni...

Şərif Ağayar

- Olmayıb. Mən sadəcə özümü ifadə etməyə çalışmışam. Ətrafımdakı gerçəkliklərdən, məni təsirləndirən, haqsız hesab etdiyim məqamlardan yazmışam və yazdıqlarımın bədii həllini verməyə çalışmışam. İstəmişəm, qalıcı mətnlər olsun, publisistika olmasın. Mən razıyam ki, yazıçının bu gün missiyası sırf yazmaqla bağlıdır. Elm sahələrində necə ki, dərin ixtisaslaşma gedir, konkret obyektlər formalaşır və bir-birindən ayrılır, yazıçı da artq öz spesifik sahəsi ilə məşğul olmalıdır. Əvvəllər yazıçı həm də bir siyasi xadim idi, irəliyə çıxırdı. Dastanlarda, yadınızdadırsa, qılıncla saz yanaşı gedirdi. Mənə elə gəlir ki, bugünkü dünyada artıq belə bir missiyaya ehtiyac yoxdur. Amma bu o demək deyil ki, hər hansı yazıçı sosial, siyasi hadisəyə münasibət bildirə bilməz. Bu yazıçılıqdan daha çox vətəndaşlıq məsələsidir. Aktiv və passiv vətəndaşlar var. Burda xüsusi bir məsələni də vurğulamaq istəyirəm. Məni narahat edən məsələ nədir? Bu gün Azərbaycan cəmiyyətində sözün böyük mənasında yazıçı sözünə ehtiyac duyulmur, nəinki siyasətçi sözünə, köşə yazarı sözünə. Bayaq Rasim Qaraca dediyi kimi, hakimiyyətdə olan və olmayan siyasi qüvvələrdən söhbət gedir. Yazıçı hər hansı siyasi partiyanın tribunasından danışırsa, onun yazdığı publisistik mətnlərin qarşılığında qonorar verilir. Ancaq yazıçılıqla məşğul olan adamlara bu qonorar verilmir. Çox nadir hallarda hər hansı mətbuat orqanı və nəşriyyat qonorar təklif edə bilər. Deməli, biz yazıçının kitabını pul verib almırıq, oxumuruq, onun həqiqətən də özünü peşəkar yazıçı kimi hiss etməsinə şərait yaratmırıq, ancaq kritik məqamda ondan yazıçı mövqeyi tələb edirik.

Rasim Qaraca

- Dostlarımızın mövqeyində bir az ziddiyyət var. Adətən belə deyirlər ki, yazıçı əsərini yazmalıdır, ictimai proseslərə qoşulmasa da öz əsəri ilə sözünü demiş olur. Qismət bəy düzgün qeyd elədi ki, mədəni ölkələrdə bu proses başa çatıb. Yəni o xalqlar öz məsələlərini həll etmiş xalqlardır. Bizim ölkəmizdə, cəmiyyətimizdə insan haqları, insan azadlığı, ədalət öz həllini tapmadığına görə, artıq yazıçı ictimai proseslərə müdaxilə etmək məcburiyyətindədir. Təkcə əsərini yazıb işini tamamlamış hesab etməməlidir. Təsəvvür eləyin, PEN təşkilatı 1921-ci ildə yarandı. Beynəlxalq Pen təşkilatından söhbət gedir. Keçən əsrin əvvəllərində yazıçıların dayanışmasına ehtiyac vardı. Hal-hazırda Nobel mükafatının seçimlərində bunu hiss etmək olur. O yazıçılar ki, siyasi güclərə dirəniş göstərirlər, onlar özlərinin xəbəri olmadan mükafatla təltif olunur. Son Nobel mükafatçısı Bob Dilan da eynən. Bəzən adam qəbul edə bilmir. Ancaq adamın qaba güclərə tavrı, münasibəti... Bizimkilər olsa oynaya-oynaya gedib mükafatı alarlar.

Qan Turalı

- Rasim bəy, burda bir məsələni dəqiqləşdirək. Bu mümkündürmü ki, yazıçı heç bir siyasi təşkilata qoşulmadan eyni zamanda öz səsini qaldırsın? Axı bu da çətin prosedurdur.

Rasim Qaraca

- Partiyalara qoşulan yazıçıları da tanıyırıq, faşizimi müdafiə edən yazıçıları da. Söhbət partiyalı olub-olmamaqdan getmir. Məsələn, Rafiq Tağı öldürüləndə bunu gördük. Bir yazıçı sözünə qiymət verən yoxdur.

Şərif Ağayar

- Rafiq Tağının esselərinə reaksiya verirdilər, hekayələrinə yox...

Qan Turalı

- Təəssüf ki, bu reaksiya qətl formasında oldu...

Rasim Qaraca

- Səməd Vurğun haqqında yazdığı yazıya görə də ona hədə-qorxu gəlmişdilər.

Qan Turalı

- Yaxud da Elçibəy...

Rasim Qaraca

- Rafiq Tağının hər yazısı ictimai dalğalandırma yaradırdı. Orxan Pamuk da ictimai məsələlərə bildirdiyi münasibətə görə önə çıxıb.

Qan Turalı

- Məncə, Qismət bununla razı deyil...

Şərif Ağayar

- Əsərini yazır, açıqlamalarda da ictimai məsələlərə münasibətini bildirir...

Rasim Qaraca

- Orxan Pamuk səviyyəli yazıçılar dünyada çoxdur. Nobel ala bilməyənlər.

Qan Turalı

- Qismətin yaralı yerinə toxundunuz, məncə. Pamuk məsələsində...

Qismət

- Yox, mənim də Orxan Pamukdan çox sevdiyim böyük yazıçılar var. Borxes var, məsələn, Nabokov var. Nobel mükafatında istənilən halda siyasi məqsədlər var. Bu ya digər dərəcədə yazıçı bunu ya bilməyərəkdən eləyir, ya da bilərəkdən. Deyək ki, postmüstəmləkə ölkəsində yaşayır, onu əsərində üzə çıxarır və buna görə mükafat verirlər ona. Bu cür şeylər var. Bu bir az reaksiyadır. Nə mənada reaksiya? Müstəmləkə sonrası ölkələrdə həmin o dediyimiz azad fikir mühitinin yaradılmasında qatqıda bulunur.

Qan Turalı

- Burda bir ədalətsiz yanaşma olmurmu? Məsələn, Nobel komitəsinin ən böyük ədalətsizliyi Borxesə oldu. Borxes sözsüz ki, XX əsrin ən böyük yazıçılarından biridir. Ancaq “siyasətən doğru” hərəkət etmədiyinə görə Nobel almayıb. Deməyim odur ki, bu yazıçıya qarşı bir az da ədalətsizlik yaradır. 80-ci illərdə elə adamlar var idi ki, siyasi hərəkata qoşulub layiq olmadığı nəticələr əldə etdilər. Bu, siyasətin də neqativ tendensiyasıdır.

Rasim Qaraca

- Orxan Pamuka Nobel verilməsi Azərbaycan ədəbiyyatının aktuallığına da nə qədər təsir edir. Ümumiyyətlə, dolayısıyla Borxesin də aktuallaşmasına səbəb oldu.

Qan Turalı

- Gəlin, bunu aydınlaşdırmağa çalışaq. Yazıçının əsas missiyası nədir? Yazmaqdırmı, yoxsa ictimai məsələlərə münasibətdirmi?

Rasim Qaraca

- İndiki şərtlərdə müstəqilliyini yeni qazanmış Azərbaycanda yazıçı həm yazmalı, həm də özünə meydan açmalıdır. Biz bunu jurnal çap edərək etmişik. Jurnal olanda da proses canlanır. Bu gün Azərbaycanda bir dənə müstəqil ədəbiyyat jurnalı yoxdursa, “Yazı” jurnalını istisna etməklə, qonorar verə bilmirsə, bu, artıq prosesin ölməsi deməkdir. Bir cəmiyyətin demokratik olmasını ordakı ədəbiyyat jurnallarının sayı ilə ölçmək mümkündür. Müstəqil ədəbiyyat jurnalı yoxdursa, deməli, o cəmiyyətdə söz azadlığı yoxdur.

Qismət

- Mən Rasim bəylə razıyam. Bir fransız xanım, Pascale Casanovanın kitabını xatırladım: “Dünya ədəbiyyatı respublikası”. Bu kitabı gərək ki, 1999-cu ildə yazıb, 2008-ci ildə türk dilinə tərcümə olunub. O kitabda bir ölkənin mədəni səviyyəsini ölçmək üçün istifadə olunan metodlardan danışır. Bu, necədir? İllik yazılan kitabların sayını alınan kitabların sayına vurub ümumi sosioloji araşdırma edib bunun əmsalını ortaya çıxarırlar. Mən təxminən ona bənzər bir şeyi özümüzə tətbiq etmişəm. Biz hələ bir ədəbiyyat jurnalının olmağından danışırıq. Ədəbiyyat jurnalı iyirmi-otuz dənə olmalıdır.

Şərif Ağayar

- Mənə görə, hər bir hadisə, sosial ədalətsizlik də, siyasi problemlər də yazıçı üçün gözəl bir əsər yaratmağa bəhanə olmalıdır. Yazıçının ən böyük missiyası gözəl əsər yaratmaqdır. Bizdə belə düşünən dostlar var ki, yazıçı ədəbiyyatdan əvvəl cəmiyyətdəki problemlərlə məşğul olmalıdır. Burda yazıçılıq bitir, biz artıq burda keçirik ictimai fəaliyyətə. Ancaq biz yazıçıdan danışırıqsa, sənət əsərindən söhbət açmalıyıq. Mənim türk dostlarımla da söhbətlərim olub. Deyirlər ki, Orxan Pamuka Nobel siyasi konyukturaya görə verildi. Gəlin, məntiqlə düşünək, zaman-zaman vətənpərvərlik, turançılıq, türkçülük istiqamətində yüz minlərlə material çıxıb. Bir türk yazıçısının ölkəsinə Nobeli gətirməyindən böyük vətənpərvərlik varmı? Deməli, hər kəs öz işi ilə məşğul olsun deyənlər doğru deyirlər. Amma Aqil Abbasın bir maraqlı fikri var bu barədə: “Jurnalistika həkiməqədərki yardımdır, ədəbiyyat cərrahiyə otağı...” Bu gün elə adamlar ola bilər ki, siyasətlə məşğul olmağı, millət vəkili seçilməyi, publisistik yazılar yazmağı daha vacib saysın. Bu hər kəsin öz seçimidir. Ancaq sənətdən öncə seçim varsa artıq yazıçılıq qıraqda qalır, vətəndaşlıq, siyasətçilik və s. ortaya çıxır.

Qismət

- Pamukun essesində belə bir yer var, deyir ki, siyasət bizim könüllü seçdiyimiz bir şey deyil. Yəni bütün yazıçılar istəyir ki, elə bir mühit olsun, ancaq ədəbiyyatla məşğul olsunlar.

Şərif Ağayar

- Amma elə adamlar var ki, siyasət onun könüllü seçimidir. Yazıçının işi isə yazmaqdır.

Qismət

- Təbii ki...

Qan Turalı

- Bəzi adamlar deyirlər ki, ölkədə sosial problemlər var və yazıçılar bunu yazmalıdır. Sırf ədəbiyyatda bu məsələlərin inikası prosesə müsbət təsir göstərirmi? Tutaq ki, Rasim Qaraca götürsün, təhsildəki neqativ hallardan bədii əsər yazsın. Bununla nə dəyişəcək?

Rasim Qaraca

- Bizim cəmiyyət ədəbiyyata bol material verir. Hər hansısa Avropa yazıçısı bizə həsəd aparır. Biz bunları yazmırıq, yaza bilmirik, acı həqiqətdən yan keçirik. Könül istərdi yazaq. Yaxşı dram əsərinə ehtiyac var. Cəmiyyətdəki eybəcərlikləri, dramatizmi göstərmək üçün. Ancaq biz bunu niyə yazmırıq? Sualın cavabını fikirləşəndə belə bir şey ortaya çıxır: yazıb neyləyəcəksən? Səhnələşdirmək mümkün olmayacaq...

Qan Turalı

- Hekayə kimi də yazmaq olar...

Rasim Qaraca

- Hekayə kimi də olar. Hər kəs bacardığı qədər yazır. Proses isə yavaşıyıb, ləng gedir. Ədəbi mühitdə çatışmayan çox şeylər var. Məsələn, jurnallar çıxmır, tənqidçilərimiz konyuktura ilə yazırlar. Yaxınlarda çap olunan iki cildlik “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” başdan-ayağa saxtakarlıqdan ibarətdir.

Qan Turalı

- Hər hansı bir məsələ haqqında yazmaq problemi həll edirmi?

Qismət

- Aktuallığını saxlayır. Mənə elə gəlir, ədəbiyyat problem həll etmək deyil, onu qabartmaq üçündür.

Rasim Qaraca

- Sabir, məsələn. Sabir bütün eybləri göstərib.

Qan Turalı

- Bu, yüz il qabaq olub....

Qismət

- Olsun “Don Kixot”.

Rasim Qaraca

- Ədəbiyyatın sayəsində cəmiyyət durulur. Dünya azadlıq hərəkatı Tolstoya, Dostoyevskiyə nə qədər borcludur.

Şərif Ağayar

- Belə deyək, ədəbiyyat uzaq mənzilli raketdir. Konkret məsələni indi həll eləməsə də, məsələn, siz düşünmürsünüz ki, Sabir cəmiyyətə həmişə müsbət təsir göstərib? Onun qaldırdığı problemlər qalsa da, Markesvari deyim, Sabir olmasaydı, daha pis olardı.

Rasim Qaraca

- İnsan bir əsəri oxuyub təskinlik tapırsa, bunun özü böyük şeydir.

Şərif Ağayar

- Folkner də deyir ki, ədəbiyyat ilk növbədə fərdləri xilas edir.

Rasim Qaraca

- Nəyə görə bəzi adamlar sovetlərdə diri qalıb? Hansısa əsərdə, ya da filmdə oxuduğu, eşitdiyi bir frazaya görə.

Şərif Ağayar

- Onu biz yaşamaqdayıq. Mənim özümə hər hansı bir çətinlikdə kitab çox kömək eləyir.

Qan Turalı

- Obrazlı desək, bir misra bir insana həyan olur...

Şərif Ağayar

- Çox sadə bir misal deyim. Sən birdən-birə çox səviyyəsiz bir adamla problem yaşayırsan, o sənin həyatını zəhərə çevirir, sənin də onunla mübarizə aparmağa gücün çatmır. Ancaq birdən ağlına gəlir ki, sən Folknerlə eyni cür düşünürsən, ancaq sənə zülm verən geri zəkalının biridir. Bu sənin üçün böyük təsəllidir. Hər bir çətinliyin içində doğrunu sən düşünürsən və doğrunu sən bilirsən. o geri zəkalı yox. Ümumilikdə, Rasim Qaraca ilə mən orda razıyam ki, biz yazıçını sosial mühitdən uzaqlaşdırıb deyirik, bu öz işi ilə məşğul olmalıdır. Yazıçı da sosial mühitin içindədir. Sosial mühit nə qədər bərbad olursa yazıçının özünü realizə etməyində o qədər çətinlik yaranır. Gərək mühit olsun ki, yazasan. Düzdü, bəziləri düşünür ki, yazıçı rejissor deyil, aktyor deyil, bir qələm, bir kağız olsa bəsidir. Ancaq mən belə düşünmürəm. Məncə, mühit çox önəmlidir. Məsələn, “Alatoran” jurnalının yaratdığı mühiti götürək. Şəxsən mən cavan yazıçı kimi həvəslənirdim ki, Həmid Herisçi, Rafiq Tağı kimi imzalarla bir yerdə çap olunuram. Qonorar qarşılığı olmasa da həvəslənib yazırdım. Bu gün mənim bir çox populyar, qəbul olunan hekayələrim həmin dövrlərdə yazılıb. Yəni hər hansı bir motiv hökmən olmalıdır.

Rasim Qaraca

- Yazıçılar artıq dolanışıq problemləri ilə məşğuldurlar. Yazmağa bəlkə də imkanları olmur. Çünki yazdığının qarşılığında qonorar almalısan. Mükafatlandırma, qonorar vermə sistemi olmalıdır. Mədəniyyət Nazirliyi çap olunan kitablardan almalıdır. Ancaq gənc yazıçıların kitablarını alırmı? Almır.

Qan Turalı

- Sonda istəyirəm bir məsələyə münasibət bildirək. Son zamanlar biz yazıçılar mətnlərlə yox, polemikalarla yadda qalırıq. Bu məsələ ilə necə mübarizə etmək olar? Elə Rasim bəy sizin son vaxtlar Murad Köhnəqala ilə polemikanız....

Rasim Qaraca

- Məncə, təbiidir, normal haldır. Dünyanın bütün yerlərində var bu. İntervü də yaradıcılığın bir növüdür.

Şərif Ağayar

- Mən düşünürəm ki, Murad Köhnəqalanın arzuladığımız, arzulamadığımız fikirləri ola bilər, ancaq bütün hallarda Murad Köhnəqalanın gündəmdə olması həm də ədəbiyyatın gündəmdə olması deməkdir. Könül istərdi, Muradın kitablarının müzakirəsi olsun. Ancaq özümüz də bilirik ki, oxucular maqazin, şou xarakterli xəbərləri daha çox sevirlər.

Rasim Qaraca

- Yazıçılıq bir mənada kim haqlıdır sənətidir. Ən sonda kim haqlıdır? AYB ilə AYO arasında intriqa var, onların da özlərinə görə həqiqətləri var, bizim də. Amma kim haqlıdır sonda bilinəcək. Ədəbiyyat gec yetişən meyvədir. 40-50 ildən sonra onun dəyəri bilinəcək. Biz indi böyük bir prosesin içərisində fraqmentləri görə bilirik.

# 1316 dəfə oxunub

Oxşar xəbərlər

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #