Cinsəllik, futbol, nakam sevgi, mahnı qoşmaq-YAZIÇILARIMIZIN MARAQLARI

Cinsəllik, futbol, nakam sevgi, mahnı qoşmaq-<span style="color:red;">YAZIÇILARIMIZIN MARAQLARI
28 noyabr 2016
# 14:30

Hər kəs öz sahəsindən kənar başqa sahələrlə də maraqlanır, bu haqda oxuyur, araşdırır. Bəs yazarlarımız ədəbiyyatdan başqa hansı sahə ilə maraqlanırlar?

Kulis.Az bu barədə yazarlar arasında sorğu keçirib.

Seyran Səxavət

- Ədəbiyyatdan başqa xeyli məsələlərlə maraqlanıram. Bu məsələlərin içində ən özünəməxsusu futboldur. Futbol mənə xeyli rahatlıq gətirir, məni gümrah saxlayır. Mənə görə, dünyanın ən böyük şəxsiyyətlərindən biri Messidir. Özü də mən qədim azarkeşəm. Hətta özümü yaxşı futbol bilicisi hesab edirəm. Futbol saytları, qəzetləri məndən intervü də götürüblər. Futbol haqqında oxuyuram, araşdırıram.

Nəriman Əbdürrəhmanlı

- Mənim kinoya nakam sevgim var. Vaxtilə kinostudiyada işləmişəm. Ssenarilərim üzrə bir bədii, 8 sənədli kino, 30-a yaxın sənədli televiziya filmi çəkilib. Bir neçə bədii film üçün ssenarim var arxivimdə. “Əli və Nino” romanı əsasında hələ 90-cı illərin əvvəllərində ssenari yazmışdım, bir neçə dəfə çəkilişinə cəhd də oldu. Həm də 4 cildlik “Azərbaycan kino tarixi” monoqrafiyası qələmə almışam, o da hələ çapını gözləyir. 40 yaşından sonra ədəbiyyat kinonu üstələdi. Buna görə də peşman deyiləm.

Etimad Başkeçid

- Tələbəlik illərindən bu yana dinlərin tarixi ilə maraqlanıram. Bu barədə çoxlu ədəbiyyat oxumuşam.

Müasir dünyada Tanrıya inananlar çoxdur, ancaq Tanrıya münasibət hörmət, qorxu, yaxınlıq və hətta laqeydlik formalarında üzə çıxa bilir. Bir çox hallarda Tanrı insanın əlverişli, münasib icadı hesab olunur – onun köməyilə öz qorxularını yenməyə, məsuliyyətdən boyun qaçırmağa və müəmmalı məsələləri izah etməyə çalışırlar.

Yaradan – Tanrı ideyası da sürprizlərlə doludur. Kainatın düzəni və inkişafı ilə bağlı bu ideya, başqa ehtimallar və fərziyyələrlə müqayisədə, elə bir üstünlük təşkil etmir. Fizika və ya kimya kimi elmlər üçün kainatın hansısa qüvvə tərəfindən yaradılıb-yaradılmadığı elə bir əhəmiyyət kəsb etmir. Allaha inanan və inanmayan alimlərin bu məsələyə yanaşması eynidir – onlar işləyirlər.

Lakin humanitar elm sahəsində bu ideya çox işləkdir. Doğrudan da, əgər dünya (biz özümüz də daxil olmaqla) şüurlu olaraq yaradılıbsa, onda bizim varlığımızla bağlı tamamilə fərqli suallar qoyulur və müşahidə etdiyimiz müəmmalı hadisələr başqa cür izah olunur. Deməli, bütövlükdə bəşəriyyətin və ayrı-ayrılıqda hər birimizin fərdi inkişafı bu kosmik təkamülə bağlıdır: başqa sözlə, əgər dünya yaradılıbsa, deməli, biz də yaradılmışıq. Biz yaradılış prosesinin içindəyik və Yer üzündə təsadüfən peyda olmamışıq.

Ancaq, şübhəsiz, Yaradan – Tanrı ideyası konkret cavablar vermək iqtidarında deyil. Bu fərziyyə yalnız dinlərin mövcudluğuna haqq qazandırır, çünki əgər Tanrı varsa, heç kəs Onu axtarmağı qadağan eləyə bilməz, ancaq Тanrı yoxdursa, bu axtarışların heç bir mənası olmazdı. Bu o deməkdirmi ki, ümumiyyətlə, Tanrının yoxluğunu iddia edən başqa, ateist fərziyyə irəli sürmək olmaz? Əlbəttə, yox: hər kəsin haqqı var ki, belə ehtimallar səsləndirsin. Onda yalnız müəmmalı, izaholunmaz məsələlərin mövcudluğunu qeyd etmək qalır. Ümumi qənaət belədir ki, insanın bildikləri - 100 ballıq şkalada – sıfırın yanındadır.

Könül Arif

- İxtisasca tərcüməçiyəm və tərcümə nəzəriyyəsi üzrə elmi araşdırmalar aparır, məqalələr yazıram. İlk elmi işim “İngilis dilindən Azərbaycan dilinə edilən bədii tərcümənin tarixi” olub. Burada xronologiyanı göstərməkdən savayı tərcümə edilən əsərləri orijinal ilə tutuşdurub onların bədii xüsusiyyətlərini təhlil edirdim. O elmi işimdən sonra tərcümə nəzəriyyəsi və üslubiyyat üzrə bütün işlər mənim üçün artıq zövqə çevrildi.

Əsəd Cahangir

- Mahnı bəstələyirəm, pianonu öyrənirəm, musiqi nəzəriyyəsini öyrənmək fikrindəyəm. Teatra tez-tez gedirəm, tamaşalar haqda yazıram. Dünya kinosu tarixi ilə maraqlanıram. Rəssamlıq tarixi ilə maraqlanıram. Monoqrafiyalar oxuyuram bu haqda. Tarix, din, fəlsəfə və xüsusən ezoterika sevdiyim sahələrdir. Qeyri-ənənəvi müalicə, yəni türkəçarə elmi də mənə çox maraqlı gəlir. Hər şeyi bilmək istəyirəm.

Qismət

- Ədəbiyyatdan başqa kitabın və yazının tarixi ilə, bir də kino ilə maraqlanıram. Bundan əlavə, maraqlandığım çox sahə var: tabuların, klişelərin tarixi, dinlərin tarixi, mifologiya, cinsəlliyin tarixdən bu günə dəyişmələri, fotoqrafiya və s.

Qan Turalı

- Ədəbiyyatdan kənar sahə kimi fəlsəfəni deyirlər, amma mənim üçün onlar arasında formal fərqlər mövcuddur. İlk ixtisas insanı heç zaman tərk etmir. Bu mənada fəlsəfə ilə mütəmadi məşğulam, amma bunu ədəbiyyatdan kənar bir sahə kimi də qeyd etmirəm. Tarixi çox sevirəm. Xüsusən də nasizm dövrünü, bir də kommunistlərin inqilaba qədərki fəaliyyətini. Zen buddizmlə bağlı əlimə keçən hər şeyi oxuyuram. Başqa sahələri də var, amma qorxuram deyəcəklər özünü intellektual göstərir, ona görə demirəm. Amma deyəsən doza yenə çox oldu. Bir şey də deyim, düzələr. J Seriallara baxmağı çox sevirəm. Bu günlərdə də “Farqo”ya başlayacam. Hə, indi deyəsən çox intellektual görünmədi. Allah xeyir versin…

Aqşin Evrən

- Hazırda daha çox kinematoqrafiya ilə bağlı materiallar oxuyuram, izləyirəm, öyrənirəm. Demək olar ki, hər gün ssenarilər üzərində işləyirəm: ümumiyyətlə, ssenari yazmaq prosesi çox çətin və maraqlıdır. Burada beyin şahmat taxtası, fikirlər, ideyalar isə fiqurlardır. O qədər dəqiqliklə oynamaq lazımdır ki, tamaşaçı da, aktyor da, keçmiş də, gələcək də mat olsun.

Aytən Cavanşir

- Maraqlanıram, əlbəttə. Yaradıcılığımda "Pərdələri çəkin" kitabının olması da bunun göstəricisidir. Kino, rəssamlıq, musiqi - bunları özümə həyat tərzi seçmişəm. Rəsm sərgilərinə, kinoteatrlara mütəmadi olaraq baş çəkirəm. Nümayiş olunan yeni filmlər sevdiyim italyan və fransız kinosundan köklü surətdə fərqlənsə də, janrından asılı olmayaraq, hər birini izləməyə çalışıram, məsələn, keçən həftə “Fantastik məxluqlar və onlar harada yaşayırlar”ı izlədim, gələn həftəsonu isə qorxu janrında olan digər filmi izləməyi düşünürəm. Bu arada bildiyim dillərdə şeirlər oxumağı da sevirəm. Bu həm sahib olduğum xarici dili inkişaf etdirməyimə, həm də gözəl şeirdən zövq almağıma yardım edir.

Günel Şamilqızı

- Rəsm və kino. Xüsusi rəsm dərsləri almamışam, amma demək olar ki, hər həftə təzə nəsə çəkirəm. Oxuduğum əsərlərin qəhrəmanlarını təsəvvür etdiyim kimi çəkməyi sevirəm. Ssenarilər yazıram. Xırda-para işlər olub, amma hələ ciddi şəkildə heç bir ssenarimi üzə çıxarmamışam. Həmişə də içimdə bir qorxu olub ki, bir də baxacağam az-çox şair kimi tanıyırlar, ssenarilər kölgədə qalacaq. Nə olur-olsun, əmin olduğum bir şey var – özümü yalnız tam hazır hiss etdiyim zaman onları üzə çıxardacağam. Hələ ki, izləmək, qeydlər aparmaq, oxumaq lazımdı. İllər öncə bu sahənin mütəxəssislərindən aldığım müsbət rəylər mənə böyük stimul olub və deyərdim ki, hazırda bədii ədəbiyyatdan da çox vaxt ayırıram, həm nəzəri biliklər əxz etməyə, həm də praktik məşğələlərə. Bakıda və ölkədən kənarda bu sahədə ixtisaslaşan dostların köməyi də danılmazdı. Yəni, demək istəyirəm ki, gözləyin ssenarist gəlir.

Orxan Bahadırsoy

- Mənim peşəm aktyorluqdur. Ümumiyyətlə, məndən nə işlə məşğul olduğumu soruşanda aktyor olduğumu deyirəm. Amma aktyorluğunda nəzəriyyəsinə daha çox köklənmişəm. Son dönəm aktyorluq nəzəriyyələri üzərində işləyirəm. Müxtəlif sistemlərin sintezləri, lazım olanların azərbaycancaya tərcüməsi ilə məşğulam. Bununla yanaşı, texniki sahələrə də vaxt ayırıram. Fizika, kimya, riyaziyyat, astrofizika ilə maraqlanıram. Məntiq sualları tərtib edirəm. Astrofizika ilə bağlı elmi material hazırlayıram.

# 810 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #