Vəsiqə ilə şair olmaq olarmı?

Vəsiqə ilə şair olmaq olarmı?
24 noyabr 2016
# 13:32

Mirmehdi Ağaoğlu

Mən ədəbi mühitə gələndə (gözləyirəm kimsə çıxıb sən ədəbi mühitə gəlmisən ki, zarafatını eləsin :) ) AYO təzə yaranmışdı və bir təşkilat kimi özünün ən mübariz dövrünü yaşayırdı. O illər çoxumuzun yadındadı. Mətbuatda AYB-yə qarşı sərt yazılar çap olunurdu. AYB ədəbiyyatı öz inhisarında cəmləşdirməkdə, yazıçılar üçün normal mühit yaratmamaqda, bir neçə yazıçının maraqlarına xidmət etməkdə günahlandırılırdı.

Təbii ki, ağır dönəm idi. Keçid dövrü yaşayan ölkənin ədəbiyyatı da təzə-təzə dirçəlməyə başlayırdı, dünyada yeni ədəbi tendensiyaların yarandığı bir vaxtda isə AYB ədəbiyyata köhnə qaydalarla münasibət göstərirdi.

Mən də təzə-təzə əlinə qələm götürən bir adam kimi bu məsələləri diqqətlə izləyirdim və özlüyümdə qərara gəldim ki, hal-hazırda gerçək ədəbiyyat yaradan təşkilat AYO-dur. Buna görə də təşkilata üzv oldum, ayoçulara qoşuldum.

Aradan illər keçdi, AYO zəiflədi, AYB az da olsa bəzi yeniliklərə can atdı, internetin inkişafı ilə medianın imkanları genişləndi. Yeni-yeni saytlar yarandı. Çap olunmaq məhdudiyyəti aradan qalxdı. Sosial şəbəkələrin inkişafı ilə isə ədəbiyyat adamı kimi tanınmaq daha da asanlaşdı.

İndi artıq əsl istedad Feysbukda da tanınır. Bir də gördün kimsə bir şeir yazıb paylaşdı və əgər şeiri yaxşıdırsa kimliyindən asılı olmayaraq tanınır, hamı tərəfindən qəbul olunur. Adi bir nümunə deyim. Orxan Bahadırsoy adlı gənc şair var. Bircə dəfə şeirləri çap olunmaqla sosial şəbəkədə məşhurlaşdı, hamı onun şeirlərindən danışmağa başladı, hətta tənqidçi İradə Musayevə onun haqqında məqalə yazdı.

Yəni deməyim odur ki, saytların, sosial şəbəkənin verdiyi imkanlar o qədər genişdir ki, daha 10 il, 30 il, 50 il əvvəlki kimi çap olunmaq problemi qalmayıb.

Onu da deyim ki, üstəlik AYB-nin mətbuat orqanlarında da daha yalnız təşkilatın üzvləri çap olunmur. “Azərbaycan” da, “Ulduz” da, “Ədəbiyyat qəzeti” də daha çox yaxşı mətn axtarışındadırlar, təşkilat üzvü olmaq prioritet deyil. Bundan əlavə AYB rəhbərliyi də dəfələrlə qeyd edib ki, ora üzv olmaq xüsusi imtiyaz vermir. Yalnız gənc yazarlara verilən “Prezident təqaüdü” var, onu da cəmi bir dəfə ala bilərsən.

Yəni biz daha Sovet dövründə yaşamırıq ki, Yazıçlar Birliyinin üzvü olmaq sənə çap olunmaq, tanınmaq imtiyazları versin. Getdi o dövrlər... Nisbətən yaşlı nəsil hələ də AYB-nin o illərki inersiyası ilə yaşayır, onları başa düşürük.

Bəs gənc nəsil niyə AYB-yə bu qədər meyl edir? Gənclərin AYB-yə bu kütləvi axını nədir? Baxırsan ki, üzvlük vəsiqələrinin şəkillərini o qədər bəh-bəhlə paylaşırlar elə bil mason lojasına üzv olublar.

Özü də nə sirdirsə, AYB-yə can atanların ƏKSƏRİYYƏTinin ortada normal bir mətni, normal bir cümləsi yoxdur, varsa da biz niyə görmürük? Necə olur ki, biz Orxan Bahadursoyu görürük, tutalım Əlini, Vəlini görmürük? Lap istedadlısan, axı səni nə vadar edir ki, AYB-yə üzv olasan? O sənə nə verəcək, bir illik təqaüddən başqa?

Bir tanışım var. Ortabab şeirlər yazır, əslində şeir yazmır, daha çox sözləri qafiyələndirir. Şeir həsr etmədiyi bir dənə əlamətdar gün qalmayıb. İndi də keçib, dolma festivalından, nar festivalından şeir yazmağa. Başımı-beynimi aparmışdı ki, sənin tanışların çoxdur, denən məni AYB-yə üzv eləsinlər. Mən də xahiş elədim, sağ olsunlar, sözüm yerə salınmadı, dostumuz AYB-yə üzv oldu.

Düzdür hələ də qonaqlıq verməyib (efirə çıxanlar demiş, fürsətdən istifadə edib ona səslənirəm), amma nə vaxt şeir çap edirsə adının qabağına böyük hərflərlə yazır: “AYB üzvü.” Elə bilir ki, adının qabağına AYB üzvü yazanda şeirlərinin bədii siqləti artacaq, istedadlı olacaq.

Sözümün canı. AYB üzvü olmağa can atan bu cavanların əksəriyyəti üçün vəsiqə istedadsızlıq quyusunun üstünü “torpaqlamaq” üçündür, amma başa düşmək istəmirlər ki, hər hansı bir təşkilatın üzvü olmaqla adam yaxşı nəsr, şeir yaza bilmir. Belələrinin məqsədi ədəbiyyata gəlmək yox, AYB-yə gəlməkdir.

Adını çəkilməsini istəməyən mənbənin dediyinə görə belələrindən AYB də bezardır.

İnanın...

# 711 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #