Nazim Hikmətin babasını xalq niyə öldürdü?

Nazim Hikmətin babasını xalq niyə öldürdü?
8 noyabr 2016
# 13:59

Kulis.az Elnarə Ağaoğlunun tərcüməsində Sunay Akının “İstanbulun Nazim planı” kitabından “Nazim Hikmət və Qız qülləsi” yazısını təqdim edir.

1827-ci ildə Almaniyanın Brandenburq şəhərində Karl Detroit adında bir uşaq dünyaya gəlir. Atası musiqi müəllimi olan Karl Detroit ailəsində yaranmış gərginlik nəticəsində bir fransız yetimxanasına göndərilir. Gəmilərdə miço (Gəmi şagirdi, matros olmağa hazırlaşan uşaq - E.A.) işləmək barədə şəhadətnaməni əlinə alar-almaz Hamburq limanından qalxan bir gəmiylə İstanbula üz tutanda hələ on iki yaşında idi.

Gəmi İstanbula gəldikdə özünü dənizə atan Karl Detroit Qız qülləsinə doğru üzməyə başlayır! Qız Qülləsinin onu xilas edən qarovulçusuna gəmiyə qayıtmaq istəmədiyini deyir, iki ölkə arasında siyasi konflikt yaşansa da o dövr üçün xarici işlər naziri vəzifəsinə bərabər sayılan sədrəzəm Əli Paşa sevgisini qazanır, paşa da onu himayəyə götürür. Hərbiyədə oxudulan uşağa “Məhməd Əli” adı verilir.

İllər on iki yaşında ikən Qız qülləsinə üzən uşağı Kırım səfəri və Bosniya, Çernoqoriya (Qaradağ) savaşlarından sonra II Abdülhəmid dövründə “paşa” ünvanına gətirib çıxarır. Məhməd Əli Paşa 1878-ci ildə imzalanan Berlin andlaşmasında Osmanlını təmsil edən üç nəfərdən biri olur! Berlin andlaşmasında xristian icmalarına bir sıra haqların verilməsindən sonra bəzi geriçi qüvvələr “Sizi kafirə bu satdı” deyə xalqı Məhməd Əli Paşaya qarşı qaldırır... Və Məhməd Əli Paşa Arnavutlukda linç edilir.

Eyni zamanda şair olan Məhməd Əli Paşa qısa müddətə səfər etdiyi Maqdeburqda, bir zamanlar oxuduğu məktəbə də gedərək şərəf dəftərinə bir şeir yazır və bu şeir sonradan qəzetlərin birində çap olunur. Saray rəssamı Anton von Verner Məhməd Əli Paşa üçün bunları demişdir: “Şeirlərini alman, fransız, yunan, fars və ərəb dillərinin hamısında eyni məharətlə yaza bilən şair idi.”

Uşaqlığında Qız qülləsinə sığınan Məhməd Əli Paşanın dörd qızından biri olan Leyla Xanımın da bir qızı dünyaya gəlir. Cəlilə xanım... Və Cəlilə Xanımın bir oğlu olur: Nazim Hikmət!

1 Yanvar 1921-ci il... Yeni ilin ilk səhərində İstanbula qar yağsa da çoxu əriyib... Yol kənarlarında və Çamlıca təpəsində ağ ləkələr gözə çarpır... Sirkəcidən qalxan bir paroxod pambıq kipləri ilə dolu olsa da əsl yükü müqavimət hərəkatına qoşulmaq üçün Anadoluya keçən Qüvveyi-Millətçilərdir.

Paroxodda dörd şair də var: Yusif Ziya, Faruk Nafiz, Vala Nurəddin və Nazim Hikmət... Qız qülləsinə yaxınlaşdıqda Nazimin ürəyindəki qorxu da böyüyür. Çünki, Qız Qülləsi işğal illərində ingilis əsgərləri tərəfindən Boğazdan keçən gəmilərin yoxlanıldığı bir patrul məntəqəsi kimi istifadə edilirmiş. Paroxod Qız qülləsinə çatdıqda motorları söndürülür. Pambıq kiplərinin üstünə yatmış müqavimətçilər nə qədər soyuqqanlı görünməyə çalışsalar da ürəkləri mühərrik kimi döyünməyə başlayır.

Qız qülləsindəki yoxlama başdansovdu aparılır, paroxoda keçməyə icazə verilir. Nazim Boğaza lövbər atmış işğal gəmilərinin arasından üzüb keçən paroxodun planşirindən (gəmi göyərtəsinin kənarlarında hasar kimi qoyulan tir – E.A.) getdikcə balacalaşan Qız qülləsinə baxıb, dərindən köks ötürür. Yeni ilin ilk günü Nazim Hikməti Anadoluya aparan paroxodun adı “Yeni dünya” idi... Və əgər soruşsaydılar Nazimin ingilis əsgərlərinə göstərəcəyi saxta vəsiqəsində belə yazılmışdı: yumurta taciri!

1950-ci ilin isti iyul günü... Nazim Hikmət həbsxanadan çıxdığı ilk gündə dostları ilə birlikdə bir maşında “içəridə ikən ən çox eləmək istədiyi işi” görməyə gedirdi!...

Üsküdara gəlib çıxanda gecə olmuşdu. Küçə lampaları yanmadığı üçün hər yer qapqaranlıq idi... Ayazma camisinin qabağından keçib dənizə doğru getdilər. Vala Nurəddin, yoldaşı, Nazim Hikmət və oğlu Məhmədin anası Münəvvər Andaç. Söhbətlərinin dinləniləcəyindən çəkindikləri üçün səssiz addımlayırlar. Dəniz sahilinə çatdıqda çınqılların üstünə yığılan şalbanların arasında yerə çökdülər. Qız qülləsi düz qarşılarında idi... Ulu babası Məhməd Əli Paşanın on iki yaşında üzərək çıxdığı Qız qülləsinə Nazim Hikmət on iki illik həbsxana həyatından sonra ilk dəfə baxırdı.

Nazim Hikmət Qız qülləsinin qarşısında əyilir və əlini dənizə batırır... Sonra uzanıb dənizin çırpıntısını dinləyərək ulduzları seyr etməyə başlayır. On iki il boyunca həbsxanalar və xəstəxanalar arasındakı get-gəllərdə dostları Nazim Hikmətdən həmişə soruşardılar: “Azadlığa çıxdıqda ən çox istədiyin nədir? Birlikdə sənin üçün hazırlayaq.”

Nazim Hikmət Qız qülləsinin qarşısında əlini dənizə soxduqdan sonra ulduzları seyr edərək dənizin musiqisini dinlədiyi zaman bu sualın cavabını verirdi!...

1962. Nazim Hikmət çox sevdiyi məmləkətindən on bir ildir ayrı düşüb. Parisdə, Notr Dam Kilsəsinin bağçasına baxan otel otağında onun İstanbul həsrətini üzə çıxaran bu sətirləri yazır:

Koşmaca oynayalım Güzinciğim

sen ben Dino bir de Verusam

koşmaca oynayalım yağmurun altında yalnayak

başıkabak

ve geçelim Sen Mişel Bulvarından İstanbulu

kovalayarak

ve fır dönelim Notr Damın bahçesinde

Kız Kulesiyle...

Qeyd: 1962-ci ildə Trabzonda bir dərzi atanın ikinci oğlu dünyaya gəlir. Adını Sunay qoyurlar... Ailəsi ilə İstanbula köçən uşaq ilk dəfə anası ilə qonaq getdiyi bir yerdə nəlbəkinin içində naxışını gördüyü Qız qülləsinə doğru on iki yaşında ikən Salcaq çimərliyində üzsə də qüllədəki əsgərlər icazə vermədikləri üçün balaca adacığa çıxa bilməmiş, qayalıqlarda nəfəsini dərib sahilə geri qayıdır.

1992-ci ildə şeir kitabları ilə çıxdığı Qız qülləsini “Bəşəriyyətin əsl qanunlarını şairlər müəyyənləşdirir” düşüncəsiylə “Şeir Respublikası” elan edir! Və ilk qanun kimi də Nazim Hikmətin iki misrasını oxuyur: “Yaşamaq bir ağac kimi tək və hür və bir orman kimi qardaşcasına...” Bəzilərinə görə “şou” düzəldən, bəzilərinə görə də İstanbulun ən yaxın dostu olan bu uşaq 12 Sentyabr günü dünyaya gəlib və 1980-ci ildən bəri ad gününü qeyd etmir!

# 805 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #