news-inner
clock13:42 calendar-gray 02 Noyabr 2016 view-gray360 dəfə oxunub
view-gray360 dəfə oxunub

Aqşin Yeniseyin yeni şeirləri

Kulis.az Aqşin Yeniseyin yeni şeirlərini təqdim edir.

Anlaqsız qələbəlik

Bir də var şəhərlərlə şəkil çəkdirən tək adamlar,

Məsələn, biri elə yanından ötən insanlarda güzgülənən mən!

Heç tanımadığım bir ölümün əyninə biçilmiş bədən.

Gələcəyə gedən yol bağlı, buraxmırlar, yenidən keçmişə qayıdır vətən!

Arxasınca dartaraq əsəbi şəkildə övladının əlindən.

Küçədən tapıb, tək böyüdüb onu, atasız, anasız, amansız!

Öyrədib ki, gözdürsə şəxsidir, ağlamaqdırsa bəşəri!

Şəriki varsa ömürdür, kimsəsizdirsə tale!

Yaradırsa doğmadır, ağrıdırsa köçəri!

Kimsə vicdanın yerini soruşur xəstə taksidən;

ya televiziyadandır, ya qəzetdən

Biri deyir: – harasından güllələdinizsə,

O biri: – harasından asdınızsa,

Başqa biri: – harasından tək qoydunuzsa,

Orasıdır vicdanı insanın!

Kimsə dəqiq bilmir heç bir ünvanı.

Yol yoxdursa, çıxış yolu hələ ki, azmaqdır.

Hansıdır bu şəhərin kişi olan küçələri?

Qadın olan binaları hansıdır?

Kimin qızıdır bu hicablı, körpə səki?

Kimdir zamanı tutub saxlayıb, hansı dünəndi gizlənib o heykəldəki?

Bir də var insan – sevdikləri azadlığının düşmənləri…

Müharibədən sağ qayıdıb

Atasız uşaqların diləndiyi küçədən keçərkən

yerinə utanmaq üçün şəhidlərin…

Qədim gəmi

Vicdan ölmədiyimiz bir dünyanın cəhənnəmidir

Yerini axtarsan, azarsan, itkin düşərsən öz bədənində

Günah ölmədiyimiz bir dünyanın cənnətidir

Tikan tək gizlənib güldə, musiqi tək örtünüb çılpaq simdə!

Gül tikanın, səs sükutun azadlığıdır!

Öz yalqızlığına keşik çəkən o qoca əsgər,

Başqalarını öldürdü başqalarının uğrunda

Yarası qasnaqladı, metala, medala döndü sol çiyninin altında.

məqsədi buralı kimi ölməkdi!

Çünki yer üzü öz ölümləri ilə məşhurdur!

Ustalar ona şabalıd ağacından tabut əvəzinə əsa qayırdı.

Çünki insan öz ümidlərindən daha uzunömürlüdür!

Əsa ağacın, ağac tabutun azadlığıdır!

Və o məmləkətin bir quyusundan su çıxdı, bir quyusundan neft!

Bir məmləkət ki, at kimi kişnədi odla suyun arasında.

Kişnəyəndə and içir at!

Qisasının dördayaqlı olduğuna!

Su yanğının əsarəti, yanğın odun azadlığıdır!

Qaranlıq gecənin yalnız insana aid rəngidi.

Pisliyi yalnız insan çevirə bilir çörəyə.

İnsanın azadlığıdır qabağına çörək atılıb həyətdə

zəncirlənib bütün fəsillərə, qaranlıqdakı ağ itdə.

Çöldə qara qurdda ulayan itin azadlığıdır!

Ölmüş bir kəndlini heç danışmadan torpağa gömdülər

Sanki, günahkarmış və cəzası ölümmüş yaşamağının.

Ölüm budursa, tanrısı bir diktatordur bu sükutun.

Hər sükut bir bütün azadlığıdır!

Bu yetim uşaqlar, çətin uşaqlar

səkilərə atılmış quru çörək qırıqlarının arzularıdır.

Atalarını müharibə yeyib, analarını namus!

İnsan hələ də vətən keşiyi, bədən keşiyi çəkirsə,

Hamının olan və heç kimin olmayan bu qədim gəmidə,

Onun azadlığı…

Onun azadlığı… bağışla, ey Nuh!

Şalvarda gizlənmiş g*tün azadlığıdır!

Gender bərabərsizliyi

Qadınlar şəhərdirlər;

onlar üçün gələnin-gedənin fərqi yox.

Kişilər uzaq bir dağın köksünə qısılmış

qədim kəndə bənzərlər;

gələnlərə görə sevinər, gedənlərə görə darıxarlar,

darıxarlar, həm də çox…

Üzün tanınmaz halı

Yenə səhər…

Yenə həmin gün şüası

Evdəki tozu göstərir.

Yenə axşam…

Qaranlıq boş çarpayını

Saat doqquzu göstərir.

Nə mənası,

Ölmüşəmmi, qalmışammı?

Heç yadına düşürəmmi?

Kimə lazım,

Təkəmmi, qocalmışammı?

içib miskinləşirəmmi?

Aman-güman

Məndə cəmi bir şəklin var

Baxıram əynin köhnəlib.

Həyatdı da…

Ömür var, şəkilnən keçir,

İnsan var, şəkildə ölür.

Yenə şəhər…

Yenə həmin insan seli…

Kölgələr əyilir camda.

Bəlkə də, biz

Ayrı-ayrı evdən çıxıb

Yan-yana itkin düşürük,

Hər gün eyni izdihamda.

Bakıda son səhər

Pəncərədən baxanda

bir televizor kimi açılır səhər.

Səhnəyə birinci aparıcılar çıxır;

Göyərçinlər və süpürgəçilər.

Göyərçinlər zövqlə yeriyir boş səkidə

yerimək uça bilənlərin xoşbəxtliyidi!

Süpürgəçilər həmişəki kimi acıqlı:

– hanı bəs, axı süpürgələr də uça bilirdi?..

Unudulmuş edam

Ölüm hökmü oxuyublar, amma öldürməyiblər

Kiminsə umrunda deyil, varlığınla, yoxluğun.

Hətta günahkar kimi də daha gərək deyilsən

Heç səni də düşündürmür.

İndi burda kimdən ötrü, nədən ötrü olduğun.

Sözlər yaddan çıxmamaq, unudulmamaq üçün

Susub özün öldürür, fikir olmaq istəyir.

Təbiət ruhdan düşür şəhər axşamçağında.

Göylər eybəcərləşib kifir olmaq istəyir.

Tarix heykələ dönür, daşın boyun ucaldır

Tamah gizlənmək üçün girir qızıl küpünə,

Mənsə köhnə sobanın dibində, soyuq evdə

Sitayiş eləyirəm, sönməməsindən ötrü

son bir kibrit çöpünə.

Əlisəmid Kür

Düyün düşüb fikir kimi.

Günortanın istisində ünvansız çöldə Kür kimi

tüstülənə-tüstülənə

Axıb, axıb o gedəndi

Əlisəmid Kür!

Üzü laylay çalınmış torpaqdı,

Yuxusunda azadlıq görən vətəndir,

Əlisəmid Kür!

Suların paytaxtı ucsuz Xəzərdə

Kürün aqibəti kimi,

Gəlib, gəlib bu şəhərdə

O itəndi

Əlisəmid Kür!

Canına çör-çöp daraşmış,

Özü-özünə dolaşmış qəzəbli burulğan kimi,

Özünə də çətindi,

çətindi,

Əlisəmid Kür!

Dünyada yerini bir kimsə bilməz!

Harda gəldi, necə gəldi xoşbəxtdi, bədbəxtdi,

Bir üzü toydu-bayramdı,

Bir üzü ölüm-itimdi,

Əli Səmid Kür!

Hirsi əngində kilidli,

Gözünün yaşı ovcunda,

Bilmirsən ögey atadır,

Bilmirsən yetimdi,

Əlisəmid Kür!

Tale

Xəstəlikdən deyil, həkimlərdən qorxan uşaqlıq,

Həbslərdən deyil, polislərdən qorxan gənclik,

Ölümdən deyil, xəstə və həbsdə yaşamaqdan qorxan qocalıq…

Ömrü ağır oldu fikir kimi

Və ümid kimi qəflətən öldü.

Şahbaz Xuduoğlunun şeri

Daş qayadan qopan kimi

Hayanımdan qopub düşdün?

Haramdan tək qoydun məni?!

Canımın bir tərəfiydin

Qopduğun yer qan ağladı,

Yaramnan tək qoydun məni!

Tək uçana göy də dardı…

Bir cüt leylək qatarıydıq,

Sıramdan tək qoydun məni!

Ölüm hər şeyin sonrası,

O da sənə qismət oldu,

Sonramdan tək qoydum məni!

Ankarada azan hüznü

Qaşqabaqlı bir atadır axşamcağı

cəzalandırdığı oğludur küçə fənəri.

Pəncərənin alt yazısıdır

hər gün eyni yerdə ölümü gözləyən qoca.

Düzgün tərcüməsi belədir dünyanın bütün dillərinə:

Min il də yaşasa insan yaşanmış sayılmamalı…

Çünki ölüm bir təsadüf!

Nəsiminin vəsiyyəti

Can məhkum evidir, cəza ver, təki,

Günahı savabdan məhrum eyləmə!

Min dəfə soruşum, bircə yol hay ver,

Sualı cavabdan məhrum eyləmə!

Əzabdan həzz almaq nə sirdir eşqdə?!

Min yara bəslərəm, hər biri eşqdən!

Asini, aşiqi, kafiri eşqdən

Mömini kitabdan məhrum eyləmə!

Qulun küfründə də gizli iman var!

Necə ki, ilanın zəhrində can var.

Nə qədər məkan var və laməkan var,

Sufini şərabdan məhrum eyləmə!

sim-sim.az

news-inner-user
Aqşin Yenisey

66 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Mübariz Örənin Fransada romanı çıxır
14:32 17 Noyabr 2019
Fikrət Sadıqın oğlu: “Atama görə davalara düşürdüm” – Müsahibə
17:30 16 Noyabr 2019
Rusiyada rəssamımızın sərgisi açılıb
16:12 16 Noyabr 2019
Mikayıl Müşfiqin xatirəsinə həsr olunan tamaşa
15:11 16 Noyabr 2019
Oğluna bacısı qızını alan ananın faciəsi - Hekayə
14:00 16 Noyabr 2019
TEAS Press Nəşriyyat Evinin 5 yaşı tamam olur
13:29 16 Noyabr 2019
Bizdə seks inqilabı olarsa...
12:25 16 Noyabr 2019
Azərbaycanlı ilahiyyatçı: "Quranda baş örtüyü yoxdur"
11:32 16 Noyabr 2019
Elçin Əlibəyli TV-dən getdi
10:47 16 Noyabr 2019
Noyabr ayı üçün ən çox gözlənilən filmlər
10:12 16 Noyabr 2019
Siyasətə görə atası ilə düşmən olan jurnalist - Sevda Sultanova yazır...
09:00 16 Noyabr 2019
Salam Qədirzadənin oğlu: “Atamın adından istifadə eləməyi xoşlamıram” – Müsahibə
21:00 15 Noyabr 2019
Pantomima teatrı dekabrda - Afişa
18:40 15 Noyabr 2019
Məşhur ifaçı Bakıda konsert verəcək
18:01 15 Noyabr 2019
Dünya şöhrətli musiqiçi: “Vikinqlərin vətəni Azərbaycandır”
17:30 15 Noyabr 2019
Bakıda Milli Qəhrəmanın heykəlinin açılışı olub
16:51 15 Noyabr 2019
Müğənnilər deputata cavab verdi: “Getsin, kasıb-kusuba əl tutsun”
16:20 15 Noyabr 2019
Mir Cəlal adına hekayə müsabiqəsinə start verildi
15:38 15 Noyabr 2019
Üzü günə qalan evlər - Tanımadığımız şairdən seçmə şeirlər
15:01 15 Noyabr 2019
Rəfael və Coşqun "Şabaş"a görə qadın paltarı geyindi
14:20 15 Noyabr 2019