news-inner
clock16:27 calendar-gray 20 Oktyabr 2016 view-gray1039 dəfə oxunub
view-gray1039 dəfə oxunub

Çağdaş ədəbiyyatşünaslıq - MÜZAKİRƏ

“Ədəbiyyat qəzeti"ndə müzakirə

Çağdaş Azərbaycan ədəbiyyatşünaslığı: nəzəri-metodoloji problemlər və mülahizələr

Milli müstəqillik qazandığımız iyirmi beş ildə bir çox sahələrdə, eləcə də humanitar düşüncə sferasında bir çox təbəddülatlar nəzərə çarpdı. Bu təbəddülatlar hansıdır? Ədəbiyyatşünaslıq elminin tarixi təcrübəsi haqda nə bilirik? O, bu tarixi təcrübə əsasında nəzəri-metodoloji prinsiplərə təshihlər edə bilirmi? XX əsrdən bu yana Azərbaycan ədəbi-estetik fikrin inkişafının əsas istiqamətlərini müəyyənləşdirən hansı ədəbiyyatşünaslıq konsepsiyaları var? Yəni bu gün də ədəbi-bədii nümunəyə yanaşmada onların mövqeyi dominantdır? Suallar çoxdur. Onlara cavab aramaq üçün "Ədəbiyyat qəzeti"nin müzakirə saatına qoşulurlar: professorlar, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları Zaman ƏsgərliŞirindil Alışanlı, filologiya üzrə fəlsəfə doktorları "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, Elnarə Akimova (moderator), İradə Musayeva və Xəzər universitetinin dosenti Dilbər Zeynalova.

Elnarə Akimova: - Şirindil müəllim, "Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı" kitabınızda qeyd edirsiz ki, 80-ci illərin sonlarına qədər Azərbaycan ədəbiyyatşünaslığı rus ədəbi, elmi-nəzəri fikri vasitəsilə dünya ədəbi təfəkküründə baş verən proseslərlə əlaqədə, ünsiyyətdə idi. 90-cı illərdən başlayaraq, bu imkanlar bir az da genişləndi. Bəs ədəbiyyatşünaslıq elmi milli bədii, ictimai düşüncənin daşıyıcısı kimi hansı fərdilik kəsb etdi?

Şirindil Alışanlı: - Ötən əsrin 20-ci illərində Azərbaycan ədəbiyyatşünaslığında, mən heç ədəbi tənqidi ondan ayırmıram, şübhəsiz ki, plüralizm var idi. Bizim ədəbiyyatşünaslarımızın bir qismi Türkiyədə oxumuşdu, xüsusilə də Fuad Köprülünün yaradıcılığı ilə tanış idilər. 20-ci illərdəki ədəbiyyatşünaslıq ciddi ədəbiyyatşünaslıq idi. Xüsusilə, Hənəfi Zeynallı ilə Əmin Abid ədəbiyyatın öz mahiyyəti ilə məşğul idilər, onları daha çox poetika məsələləri düşündürürdü.

Bizim ədəbiyyatşünaslıq elmimizə Fuad Köprülünün ciddi təsiri olmuşdur. Onun böyük rus alimi Bartoldla ünsiyyətinin də elmi bəhrələri var. Bartold Türkiyədə iki dəfə olmuşdur. Respublikadan əvvəlki dövrdə və sonra Bartoldun təklifi ilə Köprülü Rusiya Elmlər Akademiyasına seçilmişdir. Bizim ədəbiyyatşünaslığın, xüsusən klassik ədəbi irslə bağlı konsepsiyanın formalaşmasında F.Köprülünün rolunu vaxtı ilə akademik Həmid Araslı yüksək dəyərləndirmişdir.

Azər Turan: - SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçiləndə Fuad Köprülünün 35 yaşı vardı. Onun Akademiyaya üzv seçilməsi ilə bağlı 1925-ci ildə Bartold və başqa rus alimlərinin imzaladıqları təqdimatda yazılır ki, Köprülüzadənin tədqiqləri sayəsində türkoloji elm sahəsi istər tarix, istərsə də dil baxımından keçmiş vəziyyəti ilə ölçülməyəcək dərəcədə yüksəlmişdir. 1948-ci ildə isə Köprülü mühüm siyasi səbəblərə görə SSRİ EA-nın üzvlüyündən xaric edilmişdi. 1950-ci ildən sonra Xarici İşlər Naziri vəzifəsində çalışdığı dövrdə Sovet hökuməti onu yenidən eyni Akademiyaya üzv seçmək qərarına gəlir. SSRİ səfirinin bu barədə Köprülü ilə danışıqları olur. Köprülü isə bütün təklifləri rədd edir.

Şirindil Alışanlı: - Demək istəyirəm ki, bizim ədəbiyyatşünaslığımız o vaxtlar klassik ədəbiyyatşünaslıq tipi kimi formalaşırdı. Ədəbiyyatşünaslıq öz problemləri ilə məşğul idi. Əmin Abidi götürün. Biz tarixi poetikanın ikinci cildini hazırlayanda heca vəzninin müəllifi ətrafında prof. Kamil Allahyarovla fikir mübadiləsindən sonra Ə.Abidin elmi dövriyyədə olmayan heca vəzni haqqındakı məqaləsi üzərində dayandıq və Kamil müəllimin transliterasiyası ilə kitaba daxil etdik. Hənəfi Zeynallının Cavid haqqında məqalələri də, folklor haqqında məqalələri də - bunlar səviyyəli ədəbiyyatşünaslıq idi.

Ə.Abidin prof. B.Əhmədov tərəfindən çapa hazırlanmış "Seçilmiş əsərləri", lap bu günlərdə nəşr edilmiş "Azərbaycan türklərinin ədəbiyyat tarixi" əsərləri sübut edir ki, 20-ci illərin ədəbi-nəzəri fikrinin elmi təcrübəsi uzun illər dövriyyədən kənarda qaldı. Sonra hakim ideoloji sistem ki gəldi, ədəbiyyatşünaslığı əsasən siyasi rupora çevirdi. Bizim ədəbiyyatşünaslıq və tənqid Rusiya ilə nəfəs alırdı. Onun nümayəndələri getdilər Rusiyada oxudular, təhsil aldılar, aspirant oldular, gəldilər. Onların böyük bir qismi ideoloji aspektdə düşünür və yazırdılar. Və 60-cı illərə qədər bizim ədəbiyyatşünasların, tənqidçilərin əksəriyyəti Rusiya ədəbi-elmi fikrinin ideoloji qolu ilə yaxından ünsiyyətdə idilər. Onların fetişləşdirdiyi ədəbiyyatşünas Georgi Lomidze idi, Zoya Kedrina və Metçenko və digərləri idi. Lamidze SSRİ xalqları ədəbiyyatı şöbəsinin müdiri, SSRİ Ali Attestasiya Komitəsinin üzvü idi, yəni nüfuzlu adam idi. Amma əslində onlar indiki mənada ciddi ədəbiyyatşünas deyildilər. Onlarda sosioloji təhlillər üstün idi.

Bizim ədəbiyyatşünaslığımız XX əsr boyu rus ədəbiyyatşünaslığının təsiri altında olub. Bütün mövzular da, problemlər də bu zəmində elmi fikrə gəlib.

60-cı illər rus ədəbiyyatşünaslığının, eləcə də dünya filoloji fikrinin nüfuzlu mərkəzlərindən biri M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu idi. 60-70-ci illər dövrünü bu İnstitutun "qızıl dövr"ü hesab edirlər. Dünya Ədəbiyyatı İnstitutunda "İstoriya vsemirnoy literaturı" kimi fundamental əsər hazırlanırdı. Ona akademik Konrad rəhbərlik edirdi. Dünya elmində etiraf olunmuş üç cildlik "Ədəbiyyat nəzəriyyəsi" də bu illərdə hazırlanırdı.

Elnarə Akimova: - Neçənci ildə yaranmışdı 3 cildlik ədəbiyyat nəzəriyyəsi?

Şirindil Alışanlı: - 60-cı illərdə. Bu fundamental iş idi. Bizim ədəbiyyatşünaslar da, ciddi ədəbiyyatşünasları deyirəm, bununla tanış olmağa başladılar. Biz bir az gec qayıtdıq bu ədəbiyyatşünaslıq qoluna. Tutaq ki, Y.Borevin "O tragiçeskom" əsəri. Bu kitab Almaniyada çıxmışdı, burada hələ təzə-təzə oxunurdu. O zaman Rusiya ədəbiyyatşünaslığa və estetikaya bir dəstə cavan gəldi. Bunlar kim idi? Averintsev, Meletinski, Borev, Qey, Qasparov, Boçarov, Kojinov, Urnov və digərləri. O vaxt M.Baxtinin əsərləri (F.Rable haqqında əsərindən başqa) dərc edilməmişdi. B.Kojunovla S.Bocarov tarixi bir iş gördülər, bu böyük alimin əsərlərinin nəşrinə başladılar. Və Baxtinin polifonizm, xronotop, roman haqqında konsepsiyası ədəbiyyatşünaslıq və estetikada yeni mərhələnin əsasını qoydu. Dediyim yeni nəsil ədəbiyyatşünasların müəllifliyi ilə üç cildlik "Ədəbiyyat nəzəriyyəsi" yazıldı. Və təsadüfi deyilki, Yaşar müəllim "Azərbaycan ədəbiyyatında faciə janrı" əsərini dediyim kitabın yuxarıda dediyim kitabın - Y.Borevin faciə haqqında monoqrafiyasının metodoloji prinsipləri əsasında yazmışdı. Elnarə xanım, deyirsiz, 90-cı illərdə ədəbiyyatşünaslığın hüdudları genişləndi. Əslində, 90-cı illərdə bizim ədəbiyyatşünaslıq elmi səviyyəcə sürətlə aşağı endi. Nəzəri-metodoloji cəhətdən yüni konsepsiya yaranmadı.

Elnarə Akimova: - Mən deyirəm əlaqələr genişləndi.

Şirindil Alışanlı: - Bəli, əlaqələr genişləndi.

Elnarə Akimova: - Bəs nə baş verdi?

Şirindil Alışanlı: - Bizimkilər getdi Türkiyəyə, İrana, gediş-gəliş açıldı.

Zaman Əsgərli: - Mən genişləndi deməzdim, çox cəhətdən məhdudlaşdı. Sovet dövründə Moskvadakı V.İ.Lenin adına, Leninqraddakı Saltıkov-Şedrin adına kitabxanalar dünyanın ən böyük və zəngin kitabqoruyucu məkanlarından idi. Bu kitabxanalarda hər dildə və hər bir elm sahəsinə aid kitablar və bədii əsərlər saxlanılır və tələbnamə ilə oxuculara verilirdi. Həmin kitabxanaların ayrıca şərq fondu, mətbuat fondu, Şərqşünaslıq İnstitutunun əlyazmalar şöbəsi vardı ki, orada ərəb, fars, türk, hind, özbək, urdu, çin dillərində çox qiymətli əlyazmalar saxlanılırdı. Bunlardan başqa Tiflis, İrəvan, Kazan, Daşkənd, Səmərqənd şəhərlərindətürk dünyasının böyük şəxsiyyətləri, eləcə də Azərbaycan şairlərinin, alimlərinin yaradıcılığına, bioqrafiyasına dair çox müxtəlif sənədlər, əlyazma əsərləri saxlanılırdı ki, 90-cı illərdə bu sənədlərdən və əsərlərdən istifadə etmək imkanı xeyli məhdudlaşdı. Deyə bilərlər ki, indi internet var və oradan hər məlumatı almaq olar. Əvvələn, mən dediyim kitabların və sənədlərin (məsələn, Ərdəbildən, Şeyx Səfi kompleksindən aparılmış kitabların) internetdə heç adı da yoxdur. İkincisi, ədəbiyyatşünasa "quru" məlumat yox, əsərin, yaxud sənədin özü lazımdır ki, onun məğzini, mahiyyətini öyrənə bilsin. Əks halda elmi düşüncənin fərdiyyətindən, özünəməxsusluğundan danışmaq çətindir; indi həm klassik, həm də müasir ədəbiyyatdan yazılanların əksəriyyəti bir-birinin təkrarıdır.

Şirindil Alışanlı: - Bilirsən nə mənada genişləndi, Zaman, mühacirət simpoziumu keçirildi, Türkiyəyə gediş-gəliş artdı. Amma məsələ bundadı ki, rus ədəbiyyatşünaslığı, filoloji fikri bu iki ölkələrin hamısından qabaqda idi. Bizə zəngin faktiki material gətirildi. Türkiyədə tekstoloji iş çox yaxşı təşkil olunub. Onlar tekstə çox fikir verirlər, nəşrlərə, kommentariyalara. Və bu baxımdan materiallar gəldi. Rusiyanın özündə də müəyyən bir durğunluq oldu. Əvvəlki mərhələdə onların bir 4 cildliyi də çıxdı: "Teoriya literaturnıx stiley". O da ədəbiyyat nəzəriyyəsi şöbəsinin çox fundamental işi idi. Sonra o şöbəyə 8 il Y.Borev rəhbərlik elədi. Niyə nəzəriyyə şöbəsindən danşıram? Çünki əsas aspekt oradan başlayırdı. Hamı o şöbəyə baxırdı.

Zaman Əsgərli: - Gördüyün şöbə o idi də (gülüşmə).

Şirindil Alışanlı: - Hə. Averintsev o şöbədə deyildi, amma həmişə o şöbədə iştirak edirdi. Averintsev idi, Miletinski idi, bir də Mixaylov idi. A.V.Mixaylovu indi də yaxşı tanımırlar, amma o da (Mixaylov) 8 il şöbə müdiri olmuşdu və orijinal əsərlər müəllifidir. Sonra 4 cildlik ədəbiyyat nəzəriyyəsi nəşr etdilər. Onlar 3 cilddə kitab buraxdılar: "Teoretiko-literaturnıe itoqi XX veka". Hansı konsepsiyalar olub XX əsr rus ədəbiyyatçünaslığında, nəzəri fikrində, onların rolu nə olub. Onu da çox sanballı müəlliflər yazdılar. Bizim ədəbiyyatşünaslıq da 60-cı illərin ikinci yarısından sonra yüksəliş dövrü keçirtdi. 70-ci illərdə də. Nizami adına Ədəbiyyat İnsitutunun "inkişaf dövrü" 60-70-ci illər idi. Zaman müəllim də, mən də instituta gələndə artıq 76-77-ci illərdə, burada vaxtilə məşhur realizm müşavirəsi olmuşdu: "Realizm v literaturax narodov Vostoka", renessansı barədə müşavirə hazırlanırdı. O vaxt sizə deyim ki, Azər müəllim, sizin bəlkə yadınızda olar, hər doktorluq işinin müdafiəsi bir hadisə olurdu. Araz Dadaşzadənin "XVIII əsr Azərbaycan lirikası", Əziz Mirəhmədovun "Azərbaycan Molla Nəsrəddini" kitabı ki, fundamental kitabdır, o da onun doktorluq işinin mətni idi, Məmməd Cəfər müəllimin "Azərbaycan romantizmi" və "H.Cavid" - ayrı-ayrı kitablardır, birləşdirib doktorluq etmişdi. Yaşar Qarayevin "Azərbaycan realizminin inkişaf mərhələləri". Fəridə Vəlixanova "Azerbaydjanskaya sovetskaya poeziya na russkom yazıke", Arif Abdullazadənin "XX əsr Azərbaycan şeirinin üslubları" H.Araslının "Nizami və Türk ədəbiyyatı", Azadə xanımın fundamental tədqiqatları, Y.Qarayevin, Elçinin, A.Hüseynovun, həm də, tənqidçilik fəaliyyətləri ədəbi-nəzəri fikrin yeni mərhələsini müəyyən etdi, klassik və müasir ədəbiyyatı tədqiq etməyin yeni təhlil prinsiplərini dövriyəyə gətirdilər.

Elnarə Akimova: - Özümüzün orijinal konsepsiyamız olmayıb?

Şirindil Alışanlı: - Orijinal deyəndə ki, burda inkisari-xəyala dalmaq lazım deyil, biz balaca ölkəyik, biz nələrə nail olmuşuqsa, onların özü də böyük şeydir. Bizim rəhmətlik S.Vurğun M.F.Axundovdan sonra yeganə şəxsiyyətdir ki, onun nəzəri irsi dünya nəzəri fikrinin dövriyyəsinə gəlib. Axundovdan sonra bizim heç bir ədəbiyyatımızın Rusiyada ciddi bir ədəbiyyatşünasın əsərində mənbə kimi görməzsən. Ancaq Azərbaycan ədəbiyyatı ilə bağlı oçerklərdə rast gələ bilərsən. Amma S.Vurğunun "Prava poeta"sı və digər məqalələri Rusiyada çıxandan sonra, həmçinin Yazıçılar İttifaqındakı məruzəsi, onun irəli sürdüyü konsepsiyalar: yaradıcılıq metodu konsepsiyası, şairin hüquqları məsələsi, yaradıcılıq azadlığı məsələsi. Onun 1954-cü ildəki məruzəsi, çox orijinal bir hadisə idi. Sizə 20 nəfərdən çox sanballı rus, ukrayn, Orta Asiya alimlərinin adların çəkə bilərəm ki, onlar S.Vurğunla bilavasitə mübahisə eləyib, ona əsaslanıb, fikirlərini genişləndirib. Deyirlər ki, ictimai statusuna görə Mirzə İbrahimovla və S.Vurğun akademik seçiliblər. Elə deyil. O vaxt ictimai statusu böyük olan çox adam var idi. Amma Səməd Vurğun və M.İbrahimov həm də humanitar fikrə istiqamət verən alim idilər. Çünki humanitar fikirdən kənarda ədəbiyyatşünaslıq yoxdur. S.Vurğun 1955-ci ildə, Akademiyanın onilliyində məruzə eləyib: "İctimai elmlər qarşısında duran vəzifələr". Gedin təzədən bir oxuyun, görün, o ağılda indi tək-tük adamlar var. Kiçik bir məqaləsində müharibə dövrü ədəbiyyatını ümumiləşdirib, təhlil edib. Elə ümumiləşdirmə aparıbdır ki, deyək ki, birinci mərhələ nə idi öndə? Müharibəyə çağırış, ikinci mərhələdə müharibənin hadisələri, lövhələri gəldi ədəbiyyata, üçüncü mərhələdə müharibənin fəlsəfi məzmunu, ictimai məzmunu: "Qalib gələcəkmi cahanda kamal?" Rus və Azərbaycan ədəbiyyatşünaslığın inkişaf mərhələlərinə belə qayıdışı ona görə etdim ki, çağdaş ədəbi-nəzəri fikrin qaynaqları haqqında müəyyən təsəvvür yaransın, digər tərəfdən ədəbiyyatşünaslıq tariximizi təmsil edən şəxsiyyətlərin zəhmətini düzgün dəyərləndirək.

Elnarə Akimova: - Zaman müəllim, Şirindil müəllim XX əsrdən bu yana Azərbaycan ədəbi-estetik fikrin inkişafının əsas istiqamətlərini müəyyənləşdirən ədəbiyyatşünaslıq konsepsiyalarından, tarixi təcrübədən danışdı. Bəs bu gün ədəbi-nəzəri fikrin hansı yeni metodoloji prinsiplərə, təhlil və qiymətləndirmə üsullarına ehtiyac var?

Zaman Əsgərli: - Mən ədəbiyyatşünaslıq əsərinin hökmən hansısa metodoloji prinsip əsasında yazılmasını qəbul edə bilmirəm. Elmi tədqiqat metodları var. Mövzuya uyğun tədqiqat metodunu seç və yaz. Sovet dövründə elm adamlarını marksizm-leninizm metodologiyası əsasında yazmağa məcbur edirdilər və tədqiqatçıların da çoxu K.Marksın, F.Engelsin, V.İ.Leninin əsərlərindən xəbərsiz halda qeyd edirdilər ki, əsərimi marksist metodologiya əsasında yazmışam. Hər bir metodologiya bütün zamanlar üçün əsas götürülə bilməz və tədqiqatçını müəyyən çərçivəyə daxil edir, sərbəstliyə buxov olur. 90-cı illərdə marksist metodologiyadan imtina edəndən sonra bizdə nə baş verdi? O baş verdi ki, başladılar görkəmli sənətkarların hamısını təftiş eləməyə. S.Vurğun belədi, S.Rüstəm belədi, M.Rahim belədi, bunlar satqın olublar, bunlar danos yazıblar və s. Mən bu yolun tərəfdarı deyiləm. Ola bilər ki, hər hansı bir sənətkarın şəxsiyyətində, xarakterində, hərəkətində bu gün üçün bağışlanmaz bir hal baş versin. Amma o hadisəni həmin dövrün özünün tələbləri baxımından qiymətləndirmək lazımdır. O günahlar ona görə baş verirdi ki, onlara hazır metodologiya, "resept" verirdilər. Sosialist realizmi bir baxımdan resept idi. Yəni bundan kənara çıxmaq olmaz, sən bu cür yazmalısan. Düzdür, biz dərsliklərdə oxumuşuq ki, sosialist realizmi yazıçının qarşısına heç bir yaradıcılıq məhdudiyyəti qoymur, o hər hansı sahədən istəsə, necə istəsə yaza bilər, yazıçı üçün sənətkarlıq yolları açıdqır. Amma əslində belə deyildi və mən indi də "sən ancaq belə yazmalısan", fikrinin tərəfdarı deyiləm. Həqiqəti yazmaq lazımdır. İstəyirsən klassik ədəbiyyatdan, istəyirsən müasir ədəbiyyatdan, istəyirsən ədəbi tənqiddən yaz. Amma həqiqəti yaz, özü də namusla yaz! Yazıçı və şair kimi ədəbiyyatşünasa da sərbəstlik verilməlidir, onlara da yaradıcılıq azadlığı vermək lazımdır. Kimdən istəyir ondan sitat gətirsin, necə istəyir o cür sitat gətirsin. Yəni həqiqəti üzə qoymaq lazımdır.

Elnarə Akimova: - O həqiqət qorunur bizim ədəbi mühitdə?

Zaman Əsgərli: - O həqiqət bu dəqiqə, mənim fikrimcə, ideal səviyyədə qoruna bilmir. Bu dəqiqə konyunktura çox yayılıb həddindən artıq.

Elnarə Akimova: - Məsələn, bu günün konyunkturası nədir Zaman müəllim?

Zaman Əsgərli: - Bu günün konyukturası elə bil ki, müstəqillik dövrünün problemlərini göstərmədən, müstəqillik dövrünün təzadları haqqında heç bir söz açmadan mübaliğələrə varmaqdır.

Şirindil Alışanlı: - Zaman müəllim, bir şeyə aydınlıq gətirək. Elnarə xanımın verdiyi sualdan bir az qaçdıq. Niyə? Elnarə xanım deyir ki, hansı metodoloji prinsiplər, təhlil üsullarına ehtiyac var?

Zaman Əsgərli: - Üzr istəyirəm, təhlil başqa, metodoloji prinsip başqa söhbətdir. Metodoloji prinsip sovet dövründə marksist-leninçi metodologiya idi. Tənqid də buna əsaslanırdı, nəzəriyyədə də buna əsaslanırdı və s.

Şirindil Alışanlı: - Bilirəm, Zaman, Elnarə xanım bizdən ədəbiyyatşünaslıq məktəblərini soruşur. Bundan gedir söhbət.

Zaman Əsgərli: - Azərbaycanda ədəbiyyatşünaslıq məktəbləri olmayıb, indi də yoxdur. Mən təxminən 20 il bundan əvvəl belə bir məqalə yazmışdım: "Ədəbiyyatşünaslıq məktəbləri Azərbaycanda nə üçün yaranmır?" Verdim rəhmətlik Şamil Salmanova. O dedi ki, Zaman, mən məsləhət bilmirəm bunu çap elətdirəsən. Dedim nəyə görə? Dedi sən bu məqaləni çap elətdirəndən sonra ən azı 50 düşmən qazanacaqsan.

Azərbaycan ədəbiyyatşünasları içərisində bədii əsəri sosioloji baxımdan, sənət nöqteyi-nəzərindən, bədii quruluşuna, dil və üslub xüsusiyyətlərinə görə təhlil edib, qiymətləndirənlər olub. Ancaq biçimlənmiş ədəbiyyatşünaslıq məktəbinə çevrilmiş konsepsiya olmayıb. Bizdə qədim dövr, orta əsrlər, yeni dövr, sovet dövrü ədəbiyyatlarının hətta Rusiyada, Türkiyədə, İranda, Özbəkistanda tanınan görkəmli nümayəndələri olub: Ə.Əlizadə, F.Qasımzadə, H.Araslı, M.Arif, M.Cəfər, Ə.Sultanlı, M.Rəfili, Mir Cəlal, M.Quluzadə, Ə.Mirəhmədov, Y.Qarayev... Lakin onların heç biri xüsusi ədəbiyyatşünaslıq məktəbi yarada bilməyib, bəlkə də buna imkan verməyiblər. Baxmayaraq ki, hərəsinin 10-15 yetirməsi olub, ali məktəbdə yüzlərlə tələbəyə dərs deyiblər. Əgər xüsusi konsepsiyalar yoxdursa, onda dominantlıqdan danışmağa dəyməz. Biz sələflərimizin və müasirlərimizin səmərəli fikirlərinin hamısından faydalanmalı, onlara qədirşünaslıqla yanaşmalıyıq, Konsepsiya olaraq həqiqətnəvislik, "düzü düz, əyrini əyri" (M.Ə.Sabir) prinsipi, vətənpərvərlik, xalqa, millətə, dövlətə sevgi, elmə sədaqət missiyası əsas olmalıdır. Tələbəlikdən üzübəri Firidun bəy Köçərliyə qibtə etmişəm, Əli Sultanlını və Mikayıl Rəfilini sevmişəm, Əziz Mirəhmədov və Yaşar Qarayevdən öyrənmişəm. Onlar ədəbiyyatşünaslıqda xüsusi üslub yaratmış alimlərdir... Ümumiyyətlə, mənim nəzərimdə iki ədəbiyyatşünasın təhlil üsulu başqalarınkından fərqlənir.

Elnarə Akimova: - Kimlərdir, Zaman müəllim?

Zaman Əsgərli: - Onlardan biri Əziz Mirəhmədov, biri də Yaşar Qarayev idi. Onlar Ədəbiyyat İnsitutuna rəhbərlik eləyəndə çox əla bir iş alınırdı. Amma onların aralarını elə vurdular ki, düşmən elədilər. Bizdə bu dəqiqə xüsusi ədəbiyyatşünaslıq konsepsiyası yoxdur. Mən onu görmürəm. Kiminsə fikirlərinə istinad eləmək var. Bir dəfə Elçin Əfəndiyevin yazısında bir fikir oxudum. O, Məhəmməd Biriya haqqında yazırdı ki, Biriyanın əsərlərini çap eləmək lazımdır, haqqında kitab da yazmaq lazımdır. Amma Biryanın həm də öz qiymətini vermək, ədəbiyyatda yerini göstərmək lazımdır. Sən Biryanı aparıb Şəhriyarla, S.Vurğunla, R.Rza ilə bir yerə qoyanda hökmən sənin biliyinə, düşüncələrinə şübhə ilə yanaşacaqlar. Bu mənada mən deyirəm ki, bizim konsepsiyamız həqiqət olmalıdır. Həqiqəti görəndə başqasının da gördüyünə fikir vermək lazımdır. Gör bir başqası necə görür? O səhv görür, ya sən səhv görürsən? O doğru düşünür, ya sən doğru düşünürsən?

Şirindil Alışanlı: - O həqiqət-nəvislik istənilən anlamda olmalıdır. İstəyirsən struktural-semantik təhlil elə, istəyirsən bütöv sistemli təhlil elə, istəyirsən poststruktural təhlil elə, yəni həqiqətə əsaslanmaq lazımdır. Amma məsələ belədir ki, o həqiqəti nə formada üzə çıxardırsan.

Zaman Əsgərli: - O elmi təhlilin üsullarıdır, metodlarıdır.

Şirindil Alışanlı: - Yox, bilirsən, necə, biri var ideologiya, biri var metodologiya. İndi deyirlər Azərbaycançılıq əsasında yazmışam. Bu azərbaycançılıq bizim dövlətin ideologiyasıdır. Amma metodologiya, yəni məktəblər. Rusiyada neçə məktəb var idi? 30-cu illərdən formalistlərə qadağan etdilər. Hətta Baxtinin birinci kitabı çıxanda Medvedyev imzası ilə çıxdı. Rusiyada 2-3 məktəb vardı da. Lotmanın məktəbidir - struktural-semotik, bir də dünya ədəbiyyatı institutunda, bütöv-sistemli təhlilin tərəfdarları. Bunlar hamısı metodoloji məsələlərdir.

Zaman Əsgərli: - Sən nəyə görə son dövrləri götürürsən? Rusların Bartoldu var idi, Bertelsi, Lixaçovu var idi. Hamısı da məktəb yaratmışdılar.

Şirindil Alışanlı: - O məktəb başqa məktəb idi. Biri var metodologiyaya əsaslanır ki, bunlar tamam başqa təhlil üsulu seçirlər. Lotmanın məktəbi başqadır - struktural-semantik təhlildir. Bartold tarixçi idi, yazırdı, özü də əsasən marksist tarixçi idi. Bertelsin özünü fetişləşdiribdilər. Bertelsin kitabları mənim stolumun üstündədir. Bertels qeyri-adi bir tədqiqatçı deyil. Amma Rusiyada Baxtin ortaya çıxınca bir Lotman məktəbi vardı, bir də Lixaçov məktəbi. Dünya ədəbiyyatı İnstitutunda doğru metodoloji prinsip hazırladılar: bütöv - sistemli təhlil, yəni formal ədəbiyyatşünaslıq məktəbinin də təcrübəsi götürülməklə ədəbiyyat yarandığı ictimai kontekstdən ayrı götürməməlidir. Yadıma yaxşı düşdü. 1980-ci ildə Ədəbiyyat İnstitutun Elmi Şurasında hermenevtika haqqında çıxış etdim. Bunun artıq metodikadan metodologiyaya çevrildiyini izah etməyə çalışdım. Xüsusən sinfilik nəzəriyyəsinin ədəbiyyat tarixinə tətbiqindəki yanlışlıqları göstərməyə çalışır, yəni mədəniyyəti "bir mədəniyyətdə iki mədəniyyət" prinsipi ilə təhlil etməyin nəticəsi nə idi: romantizm iki cəbhəyə bölünürdü: mütərəqqi, mürtəce. XX əsrin əvvəlləri ədəbiyyatı az qala düşmən ədəbi məktəblər kimi təhlil olunurdu. İlk sözü rəhmətlik Kamal Talıbzadə dedi: Sinfilik ədəbiyyatşünaslığımızın əsas kateqoriyalarından biridir. Yaşar müəllimin yekun sözü: Sinfiliyin tətbiqindəki yanlışlıqlardan danışmaq olar, ancaq onu inkar etmək yanlışdır. Ümumiyyətlə, tarix boyu siniflər olub. İndi tək marksistlər demir ki, bunu hamı deyir. Elə götürün Stendalın əsərlərini, V.Hüqonun irsini, bizim klassikləri. Ortaya qoyulanların hamısı ayrı-ayrı siniflərin psixologiyasıdır, əhval-ruhiyyəsidir, mübarizəsidir. Ancaq ədəbi fikir tarixini ədəbiyyatın immanent qanunauyğunluqları ilə dəyərləndirmək, ona əsaslanmaq lazımdır. Ədəbiyyatda cəmiyyətin ayrı-ayrı təbəqələrinin, siniflərin dünyagörüşü, psixologiyası varsa, həyat tərzi varsa, bu o demək deyil ki, bunu sinfilik prinsipi ilə dəyərləndirmək lazımdır.

Zaman Əsgərli: - Sənin dediyin o söhbət ki, var, bizim ədəbiyyatşünaslıqda fitri formada əvvəldən var idi. Azərbaycan ədəbiyyatşünasları hər hansı bir əsəri əvvəlcə məzmununa, mövzu və ideyasına, sonra bədii keyfiyyətlərinə, strukturuna, dil və üslubuna, nəhayət müasirliyinə görə qiymətləndirirdilər.

Şirindil Alışanlı: - Deməli, yaradıcılıq psixologiyası baxımından. Ədəbiyyatşünaslardan çox "yazıçı tənqidi" ki, deyirlər, məsələn, Süleyman Rəhimovun kitabına baxın, Rəsul Rzanın kitabına baxın. Yəni bunlar yaradıcılıq psixologiyasını daha yaxşı veribdilər, nəinki Məmməd Arifin 3 cildliyində verilən kimi. Orada elə detallar tapırsan ki, görürsən ki, yazıçı yazıçı yoldaşının elə yaradıcılıq məqamlarını şərh edir ki, tənqidçi-ədəbiyyatşünas onların üzərindən keçir.

Elnarə Akimova: - İradə xanım, sözü sizə verək. Ədəbiyyatşünaslığın problemləri, nəzəriyyənin problemləri ilə bağlı İradə xanım tez-tez çıxış edir mətbuatda. İstərdim mövzu ilə bağlı fikirlərini bildirsin. İradə xanım, Azərbaycan ədəbiyyatşünaslığının üç yaradıcılıq laboratoriyası olan sahə: folklor, klassik və müasir ədəbiyyat. Bunların hansında müstəqillik dönəmindən sonra köklü düşüncə dəyişimi baş verdi? Məsələn, belə deyək, çağdaş ədəbi fakta münasibətdə hansı yeni dəyərləndirmə prinsipləri bərqərar oldumu? Yaxud klassik ədəbiyyatın yeni gözlə oxunuşu hansı kontekstdə baş tutdu? Bədii faktı dünyanın qəbul edəcəyi elmi prinsiplər müstəvisində təhlil etməyin metodoloji meyarları müəyyənləşdimi?

İradə Musayeva: - Şirindil müəllim də, Zaman müəllim də əslində bizi maraqlandıran və bizim üçün gərəkli olan çox şeyi dedi. Və təbii ki, bu gün bizim müzakirəyə çıxardığımız, qaldırdığımız problemlər əsasında bu müəlliflər bizim inandığımız, etimad göstərdiyimiz müəlliflərdir. Ona görə də maraqla dinlədik. Amma bir az çox uzaqlaşdıq məsələnin məğzindən. Çünki biz, əslində Dilbər xanım da, mən də bu gün çoxlu konkret problemlərlə, ədəbiyyatşünaslığın çox konkret və bizə tədrisdə mane olan, şəxsən mənə əsərləri təhlil edəndə tənqidçi kimi mane olan, "baryerə" çevrilmiş çoxlu problemlərlə üzləşirik. Daha doğrusu, ədəbiyyatşünaslıqda problem siyahısı ilə. İndi məsələn, Şirindil müəllim rus tənqidindən, nəzəriyyəsindən və müəlliflərindən danışır, bu da yaxşıdır, belə bir şey də bizə lazımdır ki, bizim rus ədəbiyyatşünaslığından da geniş şəkildə xəbərimiz olsun. Amma bu qədər sırf rus ədəbi-estetik baxışlarına aludəlik isə çox vaxt bizi özümüzün konkret problemlərimizdən uzaqlaşdırır. Tutaq ki, Qorxmaz Quliyev çox yaxşı nəzəriyyəçi və ədəbiyyatşünasdır. Onun postmodernizm haqqında maraqlı yazıları var. Amma bu adam bu günkü Azərbaycan ədəbiyyatını oxumur, təhlil də eləmir...

Şirindil Alışanlı: - Bir dəqiqə, Qorxmaz müəllimlə biz 40 ildir tanışıq. Namizədlik işini də bir yerdə müdafiə eləmişik, ailəvi dostuq. Onun erudisiyasına, mütaliyə mədəniyyətinə yaxşı bələdəm. Amma Qorxmaz müəllim Azərbaycan ədəbiyyatını çox yaxşı bilir. Onun C.Məmmədquluzadə və dünya dramaturgiyası ilə bağlı yazıları sübut elədi ki, bu cür təhlil etmək lazımdır: Müasir ədəbiyyatşünaslığın səviyyəsi budur. Onun digər dərslikləri isə maarifçilik işidir. Mən sizə bir söz deyim, əgər bir xalqın dilində Hegelin "Estetika"sı yoxdursa, biz nədən danışırıq? Müasir ədəbiyyatşünaslıq - Zaman, mən, Kamran, Muxtar və s. - bunlar elə rusların kitablarını oxuyurdular, bir şey öyrənirdilər. İndiki gələnlər heç rusca da bilmirlər. Məsələ ondadır.

İradə Musayeva: - Cəlil Məmmədquluzadə müasir ədəbi prosesə aid deyil, təbii ki... Mən bu günün canlı, nəfəs alan ədəbiyyatından danışıram. Söhbət nədən gedir. Yəni tanınmış alimlərin, professorların bizim əlimizdə olan ədəbiyyatşünaslıq kitabları (bunların çoxu akademiyadan gəlir), akademiyanın Ədəbiyyat İnstitutunda şöbələrinizdə müzakirə olunur, olunmur, bilmirəm. Müzakirə olunursa, lap pis, müzakirə olunub çap olunursa o şəkildə, əlbəttə, təəccüblüdür. Olunmursa, məsuliyyət cavabdehliyi daha yoxa çıxıbsa, onda üçqat pis... Bu müəlliflər Təhsil Nazirliyindən qrif alıb kitablarını rəsmi icazəli vəsait kimi çap etdirir, kitablarının ilk səhifələrində redaktor kimi say-seçmə adamların adını yazırlar, hansısa elmi şuradan keçdiyini, "professor" titullu rəyçilərin rəy verdiyini çəkinmədən göstərirlər... Və bu kitablar kitabxanalara yerləşdirilir, kataloqlara salınır. Tələbə gedib oradan bizim verdiyimiz ədəbiyyat siyahısı ilə müraciət edəndə onların əlinə bu kitabları da verirlər. Dilbər xanım deyir ki, mən tələbəyə cani-dildən dərsi deyirəm, tələbə o kitablarla tanış olandan sonra şikayətlənir ki, bildiklərimi də qarışdırdım... Yəni bilirsiniz, biz həqiqəti demək istəyəndə titullar bizə mane olur... İddialı müəlliflərin özləri haqqındakı əminliyi ilə ortaya qoyduqları iş üst-üstə düşmür... Biz müəllim kimi bu işin fəhləsiyik. Biz bu kitablardan, bu qədər ciddi bir sahəyə bu cür yanaşmadan çox narazıyıq. Birinci bu. İkinci, siz çıxış elədiniz akademik səviyyədə, çox gözəl. Amma ədəbiyyatşünaslıq tədrisdən, eləcə də ədəbiyyatın özündən çox təcrid olunub. Elə bil aralarında xüsusi bir sədd var. Böyük əksəriyyət otaqlarda oturub kitabdan-kitaba köçürür, yeni, diqqəti cəlb edən başlıqlarla kitabını çap etdirir. Biz də bunları oxuyuruq, başa düşmədiyimiz bir şəkildə ya qoyuruq kənara, ya sətirlərin altından xətt çəkib örtürük, ya tənqidi qeydlər götürürük, çox əsəbiləşəndə də bir məqalə yazırıq çıxıb gedir. Şirindil müəllim, dissertasiya mövzuları var ki, bu sahə ilə bağlı, mücərrəddən-mücərrəd ... Biz isə oraya məbədgah kimi baxırdıq, bizim ədəbiyyatşünaslıq elmimiz elmi-nəzəri, tarixi, tənqidi düşüncələri, yenilikləri, qabaqcıl ideyaları ordan istehsal edir, biz də istehlak edirik guya... Universitetlərin kafedralarında müəllimlər gileylənib keçir, ədəbi söhbətlərdə elmi problem kimi yox, bəzən gündəlik məişət söhbəti səviyyəsində danışılır bu barədə. Ciddi və tələbkarlıqla yanaşılmasa, bu müəlliflər bir az da iddialı şəkildə nəşrlərini genişləndirəcəklər. Sizin istehza ilə yanaşdığınız, bizim tənqid etdiyimiz müəlliflərdən elələri var ki, həmin yarıtmaz ədəbiyyatşünaslıq kitabını 4 dəfə böyük tirajla çap etdirib.

Zaman Əsgərli: - Şifahi ədəbiyyat, klassik və müasir ədəbiyyat ədəbiyyatşünaslığın mənbəyi deyil, tədqiqat sahələri, tədqiqat obyektləridir. Şifahi ədəbiyyatı folklorşünas alimlər öyrənirlər. 90-cı illərdən başlayaraq xeyli nümunələr toplanıb, nəşr olunub. Qəzənfər Paşayev, Hüseyn İsmayılov, Muxtar İmanov, Məhərrəm Qasımlı, Seyfəddin Rzasoy, Cəlal Bəydilli şifahi xalq ədəbiyyatının və aşıq yaradıcılığının müxtəlif məsələlərinə aid doktorluq əsəri yazıb, monoqrafiyalar çap etdiriblər. Klassik ədəbiyyatın tədqiqi araşdırıcıdan xüsusi zəhmət və bacarıq tələb edir. Müstəqillik dövründə Nizami Gəncəvinin sənət dünyasından və şöhrətindən bəhs edən yeni kitablar çıxıb. Mən mərhum Azadə xanımın "Nizami və onun poeziya sələfləri" (1999), Teymur Kərimlinin "Nizami və tarix" (2003), Nüşabə Araslının "Nizaminin poetikası" (2004), Siracəddin Hacının Nizami əsərlərinin şərhinə və təfsirinə həsr olunmuş kitablarını qeyd edə bilərəm. Orta əsrlər və yeni dövr Azərbaycan ədəbiyyatından bəhs edən kitablar içərisində İsa Həbibbəylinin "Cəlil Məmmədquluzadə mühiti və müasirləri" (1997), Paşa Kərimovun "XVII əsr Azərbaycan lirikası" (2012), Raqub Kərimovun "Qasım bəy Zakir və müasirləri" (2013), Şamil Vəliyevin "Füyuzat ədəbi məktəbi" (1999), Alxan Bayramoğlunun "Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat" (2003), Tehran Əlişanoğlunun "XX əsr Azərbaycan nəsrinin poetikası" (2006), Təyyar Salamoğlunun "Azərbaycan romanının poetikası" (2005), Şirindil Alışanovun "Müasir humanitar təfəkkür və azərbaycan ədəbiyyatşünaslığı (2011), Kamran Əliyevin, Azər Turanın Cavid haqqında kitabları yaxşı ədəbiyyatşünaslıq əsərləridir.

Mətnşünas alimlərimiz də dinc oturmayıblar; mərhum Ofeliya Bayramlının zəhməti sayəsində "Füyuzat" jurnalının tam mətni, Əli bəy Hüseynzadənin əsərləri, Əziz Mirəhmədov, Turan Həsənzadə, Elmira Qasımova kimi tədqiqatçıların əməyi sayəsində "Molla Nəsrəddin" jurnalının 8 cildliyi çağdaş əlifbaya çevrilərək çap olunub.

İradə Musayeva: - Bayaq dedim ki, ədəbiyyatşünasların əksəriyyəti ədəbi prosesi izləmir, hətta elələri var ki, özlərinə sığışdırmır hansısa gənc bir istedadın haqqında fikir bildirsin. Professor və ya akademikdirsə onlar sanki ancaq xalq yazıçılarını oxumalı və onlardan yazmalıdır. Bu yaxınlarda Kulis.az saytında Orxan Bahadursoy adlı gənc bir şairin şeirlərini oxudum. Diksindirici poetik məqamlar vardı ki, məni çox sevindirdi. Çox sevindim, imkan olan kimi həmin şeirlərin haqqında yazacam, yəqin ki... Amma biz onları ədəbiyyat, müzakirə, "ədəbi hesabat" mövzusuna salmağı sanki, qeyri-ciddi bir yanaşma kimi qəbul edirik. Halbuki, haqqında kitablar bağlanan çox qocaman şairdən daha çox şairdir bu cavan oğlan...

Elnarə xanım sual verdi, ədəbiyyatşünaslığın sahələri ilə bağlı... Folklorşünaslıq tədqiqatlarından tutmuş bütün sahələrdə vəziyyət kifayət qədər dramatikdir... Hələ də ümumtürk abidələrinin, xüsusən "Kitabi Dədə Qorqud"un tədqiqatında qərb, rus, türk qorqudşünaslarının yazdıqlarından, dediklərindən artığına rast gəlmirik. Məsələn, dastançılıq ənənəsi və klassik ədəbiyyatla bağlı çoxlu kitab, monoqrafiya, dissertasiya adı çəkə bilərsiniz. Mahiyyətə, yenidən, müstəqillik dövrü dediyimiz zamanda yenidən tədqiq edib fundamental fikirlər ortaya qoymaq məsələsinə gələndə Azərbaycandan kənarda da əks-səda doğura biləcək kitab tapmayacaqsınız... Halbuki bu kitabları yazmaq üçün - klassik irsə, folklor ədəbiyyatına yenidən və azad təfəkkürlə baxıb yazmaq üçün heç bir maneə yoxdur. Bizə daha rus sovet ideoloqları heç nəyi diktə etmir...

Şirindil Alışanlı: - Sizin dediyinizdə müəyyən həqiqət var. Lakin ədəbiyyatşünaslıq öz işini görür. Birinci, bizim klassiklər pis-yaxşı çap olunub, bizim mühacirlər çap olunur, əlimizin altındadır, qadağan olunmuş ədəbiyyatlar var idi, çap olunub. Əli bəy Hüseynzadənin bir kitabını tapmırdıq ki, oxuyaq. Çap olunub, 2 cildliyi də, ayrı-ayrı əsərləri də. Mən demək istəyirəm ki, dərslik problemi artıq Akademiyadan asılı problem deyil. Əvvəllər, sovet dövründə ədəbiyyatla bağlı dərslik çıxanda "Maarif" nəşriyyatı birinci göndərirdi Ədəbiyyat İnstitutuna. Müvafiq şöbələrdə müzakirə olunurdu. Ya rəyçi kimi, ya redaktor kimi iştirak olunurdu, onun müəllifləri seçilirdi. Sizə bir fakt deyim ki, Həmid Araslının orta məktəb dərsliyi, o vaxt hamımızın oxuduğumuz, ikinci müəllifi də Heydər Eyvazov idi. O Heydər müəllim Buzovna qəsəbəsində bir məktəb müəllimi idi, ədəbiyyat müəllimi idi. Həmid müəllimin dərsliyinə hər dəfə tədris prosesində "uşaq bunu qavraya bilmir, bu söz belə" və s. kimi qeydlərinin hamısını yazıb göndərmişdi, axırda Həmid müəllim onu özünə "həmmüəllif" elədi. Bu dərsliyi yazıb ki, məktəbdə mənimsənilsin də. Mən bəzən kitabı oxuyuram, bəzən özümçün də çətin olur. Zaman müəllim də deyir ki, oxuyanda heç nə başa düşmürəm. Amma dərslikdə bizdən soruşan yoxdur. Mən o dərsliklərlə, sözün düzü, tam tanış deyiləm. Mən rus sektoru üçün yazılmış bir-iki Azərbaycan dili dərsliyinə baxdım, dəhşətdir. Yəni ki, o adamlar düz deyirsiniz, oturub ədəbiyyat nəzəriyyəsi yazmalıdı, bu işin məsuliyyəti onların üzərinə düşür. Elnarə Akimova çox sağ olsun, o vaxt mənim məqaləmə bir fikir yazmışdı.

Azər Turan: - Hə. "Bir müsahibəyə sözardı"...

Şirindil Alışanlı: - Çox yaxşı da yazmışdı. Deməli, orada mən ədəbiyyat nəzəriyyələrinin adlarını çəkmədən ümumi problemlərdən yazmışdım. Çox böyük incikliklər oldu, bizi belə saymırlar, filan. Ay qardaş, başına dönüm, mən sənə deyirəm ki, bu adamlar yuxarıda dediyim o ədəbiyyat nəzəriyyəsi kitablarının heç birini görməyiblər. Nə 3 cildliyi, sonra çıxan 4 cildliyi. Hər halda, rusların ədəbiyyatşünaslığı dünyada ən qabaqcıl ədəbiyyatşünaslıqdır. Digər tərəfdən ədəbiyyat haqqında nəzəri aspektdə istənilən qədər yazmaq olar, bu hər bir müəllifin hüququdur. Dərslik isə elmdə qəbul olunmuş, sabitləşmiş, nəticələr və konkret proqram əsasında yazılmalıdır. Həm də dərslik müəllifi pedaqoq kimi, auditoriya qarşısında "dayanıb" yazmalıdır.

Zaman Əsgərli: - Mən çox üzr istəyirəm, sənin dediklərində müəyyən həqiqət var. Vaxtilə Yaşar müəllim mənə belə bir söz dedi ki, Zaman, biz hər hansı xarici ədəbiyyatşünaslıqdan fakt kimi istifadə eləməliyik, amma onların prinsiplərini öz ədəbiyyat kitablarımıza gətirməli deyilik.

Şirindil Alışanlı: - Unudulmaz Yaşar müəllim bunu necə deyib bilmirəm. Onun Faciə janrı haqqında, eləcə də realizm haqqında tədqiqatları mövcud tədqiqatların elmi təcrübəsi əsasında yazılmışdır.

Zaman Əsgərli: - Sən deyirsən ki, guya kimsə o ədəbiyyat nəzəriyyəsindən xəbəri olsaydı, Azərbaycan üçün yaxşı ədəbiyyat nəzəriyyəsi yazardı?

Şirindil Alışanlı: - Zaman, bütün elmlər öz tarixi təcrübəsi zəminində inkişaf edir. Məsələn, "Formal məktəb" öz tarixi missiyasını yerinə yetirdi. Və nəzəri inkişafın sonrakı mərhələsindən xəbərsiz ədəbiyyat adamı ilə necə danışasan? Yaxşı bizdə yazırlar ki, "hekayə ədəbiyyatın diş ağrısıdır". Bunu tərcümə elə, adama nə deyərlər? Ədəbiyyat nəzəriyyəsi dünya ədəbiyyatının kontekstində yaranır. Bu, tək Azərbaycan ədəbiyyatına aid deyil ki. Sən xarakterdən danışırsan, fabuladan danışırsan, obrazdan danışırsan.

Zaman Əsgərli: - Sənin fabula haqqında yazdığın dünya ədəbiyyatında (özü də "dünya ədəbiyyatı" dünya ədəbi-nəzəri fikri mücərrəd anlayışdır) heç kəsin diqqətini cəlb etməyəcək. Ona görə ki, dünya ədəbi-nəzəri fikrində bu haqda çox yazılıb və yaxşı yazılıb.

İradə Musayeva: - Qəribə tendensiya yaranıb. Kim ağlına gələni sübut etmək istəyirsə, konkret sitatlar və faktlarla deyil, "bütün dünyada belədir"-tezisi ilə, əsaslandırmasız şəkildə məsələnin üstündən ötüb keçir. "Bütün dünyada belədir" - necədir, bilmirik, açmırlar... Şirindil müəllim, Siz deyirsiz ki, Akademiya filan-filan işləri görüb, klassik ədəbiyyatı çap eləyib. Məsələ ondadır ki, o klassik ədəbiyyat ki, çap olunub, onun "ön sözlər"ini, izahlarını və s. oxuyanda məlum olur ki, bu yenə sovet dövrünün əldə olan materialları əsasında hazırlanıb. Hələ də Nizamidə sosializm, kommunizm ideyası "tapanlar" var, hələ də Nəsimi "ateistdir", hələ də "Leyli və Məcnun"ları qadın hüquqsuzluğu aspektindən təhlil edirlər və s.

Şirindil Alışanlı: - "Dünya ədəbi-nəzəri fikri" necə mücərrəd anlayışdır? Onda dünya ədəbiyyatı tarixi necə anlayışdır? Klassiklərimiz yeni əlifba ilə nəşr edilərkən müəyyən qədər tələsikliyə yol verilib. Onlar çap olunanda Elmi Şurada müzakirə edib bu sahədəki tanınmış mütəxəssislərə tapşırıblar. Mövcud elmi steriotiplərdən ayrılmağın çətinlikləri var. Ona görə də dünya ədəbi-nəzəri fikrini öyrənmək lazımdır. Milli ədəbi fikrin nailiyyətlərini dünyaya çatdırmağın yeganə yolu budur.

İradə Musayeva: - Mən başa düşürəm. O adamlar da götürür İbn Səlam kimi müsbət obrazı antipod kimi təqdim edir, ya da "feodal-patriarxal cəmiyyət" dən, quldan-quldardan yazırlar. Anlamırlar ki, klassik ədəbiyyat sufi fəlsəfə yönündən araşdırılmalıdır əslində və yeni metodologiya ilə...

Şirindil Alışanlı: - Klassik irsi bu yöndə dəyərləndirməyin də ifratları var. Y.Qarayev doğru yazırdı ki, indi sufizm yoxdur, ancaq Füzuli var, indi sosialist realizmi yoxdur, ancaq C.Cabbarlı yaşayır. O, həm də deyirdi ki, ədəbiyyat tarixini hər dövrün meyarları ilə təftiş etmək olmaz.

Zaman Əsgərli: - İradə xanım deyir ki, ədəbiyyatşünaslıq kitabları qaydasında deyil. Guya deyilən fikirlərin hamısı səhvdir. Belə yanaşma əsassızdır.

Elnarə Akimova: - Dilbər xanım, ədəbiyyatşünaslıq elmi və onun dərsliyi... Son ədəbiyyat nəzəriyyəsi kitablarında olan vəziyyət hansısa inkişafın göstəricisindən xəbər verirmi? Ədəbi-nəzəri düşüncəmiz yeni təfəkkür tərzindən çıxış edib meyarlarını ortaya qoymağa müvəffəq olurmu? Sizcə, bu sahədə hansı konseptual məsələlərin tədqiqinə ehtiyac var?

Dilbər Zeynalova: - Təşəkkür edirəm, problemin tam ortasındayam. Azərbaycan ədəbiyyatşünaslığında ədəbiyyat tarixinin də, ədəbi tənqidin də müəyyən ənənələri olub. Amma ədəbiyyat nəzəriyyəmiz Avropa və rus nəzəri fikrindən qidalanıb. Bu gün əlimizdə olan ədəbiyyat nəzəriyyəsi dərslikləri əvvəlkilərin (M.C.Paşayev, P.Xəlilov) anlaşılmaz hala salınmış variantıdır, guya onlardan yararlanmayıblar. Amma nəzəri anlayışları da təhrif ediblər. Faciə burasındadır ki, dərslik müəlliflərinin (N.Şəmsizadə, X.Əlimirzəyev, V.Əhməd) yanaşmasında heç bir yeni nəzəri-estetik konsepsiyalar yer almayıb. Bu barədə İradə xanım faktlarla çıxış etdiyindən, təkrarlamaq istəmirəm. Problem yaradan məsələlərdən biri də odur ki, ədəbiyyatşünaslığın əsasları kimi təqdim olunan dərsliklərdə nə ədəbiyyat tarixinin, nə də ədəbi tənqidin meyar və prinsipləri yer almayıb, dərslik ədəbiyyat nəzəriyyəsinə giriş adlansa, daha doğru olardı. Bilirsinizmi, problem yalnız ədəbiyyat nəzəriyyəsində deyil. Ədəbiyyat tarixçiliyində də problem var, Zaman müəllim. Yəni ədəbiyyat tarixçiliyimizin dövrləşdirilməsi hansı meyar və prinsiplərə söykənir,bəlli deyil .Kitabların üzü yenilənir, mahiyyət əvvəlki kimi qalır. Maraqlıdır, nə üçün bütün elmlərin öyrədilməsində ibtidaidən aliyə, yaxud asandan çətinə doğru prinsipi əsas götürülduyü halda, ədəbiyyat tarixində çətindən asana gedirik. Məsələn, klassik adlandırdığımız dövr adətən fəlsəfəsi ilə də, dili ilə də. mövzuları ilə də indiki gənclərdən kifayət qədər uzaqdır. Ədəbiyat tarixini öyrətməyə Nizami, Füzuli Nəsimi Xətayi kimi mürəkkəb dünyabaxış sisteminə malik olan sənətkarlarla başlayırıq. Olmazmı bu günümüzün işığında keçmişi dəyərləndirək? Bu günki gənclik yaşadığı zamandan baş çıxarmadan keçmişi neçə öyrənə, dəyərləndirə bilər? Müşahidələrimə əsasən deyə bilərəm ki, orta məktəbi bitirib universitetə qəbul olan gənclər üçün B.Vahabzadə ilə ədəbiyyat bitir, qapanır.

Zaman Əsgərli: - Onun günahı bizdə deyil.

Dilbər Zeynalova: - Yox, mən demirəm ki, sizdədir. Bu müzakirənin də məqsədi o deyil ki, biz rus nəzəri fikrinin nümayələrini sadalayaq, onlardan sitatlar gətirək. Mən Borevin aspirantı olmasam da, adları çəkilən müəlliflərin bütün nəzəriyyə kitabları ilə tanışam. Özü də indi yox. Təhsil aldığım M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitunda bu dərliklərdən öyrənmişik. İndi də sağ olsun Qorxmaz müəllim, onun qərb ədəbiyyatşünaslıq konsepsiyaları ilə bağlı kitabları köməyimizə gəlir.

Zaman Əsgərli: - Bağışlayın ki, sözünüzü kəsirəm. Siz ədəbiyyat tarixi haqqında dediniz, bizdə ədəbiyyat tarixi düzgün dövrləşdirilməyib.

Dilbər Zeynalova: - Bəli, məni narahat edən məsələlərdən biri də budur.

İradə Musayeva: - Dövrləşdirmə məsələsi subyektiv rəy əsasında olmamalıdır.

Zaman Əsgərli: - Qədim dövr Azərbaycan ədəbiyyatı islamaqədərki ədəbiyyatdır. Bizimkilər deyirlər ki, o dövrdən əlimizdə nümunə yoxdur. Nümunə yoxdur, axtar, tap! Orta əsrlər dünyada IV-V əsrlərdən başlayır, bizdə islamdan sonra, VIII, IX, X əsrlərdən başlayır. Əgər biz ədəbiyyatımızın qədim dövrünü Nizami hesab ediriksə, onda bizim ədəbiyyatın tarixi, məsələn rus ədəbiyyatının tarixindən fərqlənmir. Çox cavan bir ədəbiyyatımız meydana gəlir. Qaldı ki, ədəbiyyatşünaslığın ali məktəbdə öyrədilməsi və ədəbiyyatşünaslıq haqda kitabların yazılması. Bəri başdan deyim ki, hər bir dərslik müəyyən proqram əsasında yazılır. Proqramda nə tələb olunursa, o da dərslikdə verilməlidir. Azərbaycanda orta əsrlərin "Qəvaidi-ədəbiyyə"lərindən fərqlənən ilk dərslik nümunələrinin yazılmasına təşəbbüsləri XX əsrdə H.Cavid, A.Şaiq kimi ziyalılar göstəriblər. Sonralar M.Rəfili, C.Xəndan kimi şair-alimlər ali və orta məktəblər üçün ədəbiyyat nəzəriyyəsinə aid dərsliklər yazıblar. Daha sonralar "Ədəbiyyatşünaslığın əsasları" adlanan kitablar nəşr olunub. Bu kitabların məzmunu 1950-ci illərdə nəşr olunan kitabların təxminən eynidir. Belə çıxır ki, ədəbiyyat nəzəriyyəsinin, ümumiyyətlə ədəbiyyatşünaslığın əsasları ədəbi növlər, janrlar, ədəbi cərəyanlar haqqında məlumatdan ibarət olmalıdır. Əslində isə "Ədəbiyyat nəzəriyyəsi" kitablarında ilk növbədə bədiilik, estetiklik, onları səciyyələndirən amillər, sənət-həyat münasibətləri, estetikliyin təzahür formaları izah olunmalıdır. Onu da deyim ki, "Ədəbiyyatşünaslığa giriş", "Ədəbiyyat nəzəriyyəsi, "Ədəbiyyatşünaslığın əsasları" kitablarında deyilənlər əsasən bir-birinin təkrarıdır. İlk növbədə alimlər müəyyənləşdirməlidir ki, ədəbiyyatşünaslığın əsasları nədən ibarətdir, bu fənnin tədrisi prosesində tələblərə nə öyrədilməlidir? "Ədəbiyyatşünaslığa giriş"in predmeti nə olmalıdır? "Ədəbiyyat nəzəriyyəsi"ndə adları çəkilən fənlərdən fərqli olan hansı məsələlərə diqqət yetirilməlidir? Yoxsa üç fənnin üçündə də eyni məsələlərdən danışmaq tavtologiyadır.

Azər Turan: - Bəzən təəccüb doğurur. "Ədəbiyyat nəzəriyyəsi" kitablarımız, az qala, ədəbiyyatşünaslıq terminləri lüğəti kimi çıxır. Bizim "Ədəbiyyat nəzəriyyəsi" kitablarımız tutaq ki, Rene Vellekin "Ədəbiyyat nəzəriyyəsi" kitabı ilə heç müqayisəyə gəlmir. Vellek sistemli ədəbiyyat nəzəriyyəsinin banisidir, dünyanın qəbul etdiyi alimdir. Onun bir fikri var, deyir: - "Ədəbi tənqid dağın ətəyidir, ədəbiyyat tarixi dağın görüntüsüdür, ədəbiyyat nəzəriyyəsi dağın zirvəsidir". Ədəbiyyat nəzəriyyəsi ədəbiyyata, ədəbi prosesə, ədəbi tənqidə, ədəbiyyat tarixinə zirvədən baxır.

Dilbər Zeynalova: - Ədəbiyyat nəzəriyyəsi elmi tədqiqatlar üçün açar rolunu oynayır. Ədəbiyyat nəzəriyyəsini bilməyən silahı olmayan tədqiqatçıdır.

Zaman Əsgərli: - O Vellekin kitabını iki nəfər yazıblar. O kitab məndə var, oxumuşam, yaxşı kitabdır, maraqlı kitabdır. Mən nəyi demək istəyirəm. "Ədəbiyyatşünaslığın əsasları" - kitabı oxuyanda belə çıxır ki, ədəbiyyatşünaslığın əsasları ədəbi növləri, ədəbi janrları, tutalım məktəbləri - bunları öyrətməkdən ibarətdir. Qoşma qəzəl, budur, qəsidə budur. Elə deyil axı. "Ədəbiyyatşünaslığın əsasları" kitabının giriş hissəsində yazırlar ki, ədəbiyyatşünaslıq, tutalım klassik bölgüyə görə 3 bölmədən ibarətdir. Deyək ki, ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid. İndi mətnşünaslıq da, poetika da ora daxildir, mənbəşünaslıq da, hamısı oraya daxildir. Sən ədəbiyyat nəzəriyyəsi haqqında 2-3 səhifə məlumat verirsən, ədəbiyyat tarixçiliyi haqqında 2 səhifədə demirsən. Ədəbi tənqidin prinsipləri haqqında, vəzifəsi haqqında, aparılması haqqında heç nə demirsən. O mənada sizin dərsliklərdən narazılığınızla razıyam. Dərsliklərdə çatışmayan məsələlər çoxdur. Amma dərsliklərin yazılmasında təkcə müəllif günahkar deyil. Bir də görürsən ki, o tərəfdən Azər zəng eləyir ki, İradə xanım dərsliyin müəllifi olmalıdır. Onunla yazırsan, yaz, yazmırsansa... Bu tərəfdən digər bir müəllim zəng eləyir ki, Dilbər xanım dərsliyin həmmüəllifi olmalıdır, əks təqdirdə mümkün deyil. Biri də o yandan zəng edir ki, bilirsən, Boloniya sisteminə görə hökmən ora bir dənə orta məktəb müəlliminin adını salmalısan. Orta məktəb müəllimi, üzr istəyirəm, eləsi olur, bu dəqiqə bir dənə ərizə yaza bilmir, adını, familiyasını yaza bilmir. Orta məktəb müəllimi seçmək lazımdırsa, mənə ixtiyar versinlər seçim. Deyirlər ki, dəqiq filankəs olmalıdır. Ya da adını çəkmirlər, deyirlər ki, belə olmalıdır.

İradə Musayeva: - Zaman müəllim, orta məktəb dərsliyində ədəbiyyat bir cür dövrləşdirilir, tələbə test imtahanının verir gəlir, birinci kursda dərslikdə tamam başqa bir dövrləşdirmədir. Bu məsələ hansı elmi müəssisədə, institutda, ya akademiyada həll olunmalıdır, bilən yoxdur...

Zaman Əsgərli: - Bu artıq təhsilimizin problemidir.

İradə Musayeva: - Hələ biz təhsilin və tədrisin ədəbiyatımıza yanaşmasındakı problemi ortaya gətirsək, günlər lazım olar...

Şirindil Alışanlı: - Akademiyanı bu dəqiqə sayan yoxdur.

İradə Musayeva: - Onda nə oldu, Şirindil müəllim, müstəqillik dövrünün azad düşüncə ilə fəaliyyət göstərən ziyalılarının əqidəsi? Təhsil Nazirliyini sayan yox, Akademiyanı sayan yox. Bizim dərdimizə kim əlac edəcək?

Şirindil Alışanlı: - Mənim bu saat evdə stolumun üstündə 20 adda ədəbiyyat nəzəriyyəsi var. Nə vaxt istəsəniz mən onları göstərə bilərəm sizə. Mən Türkiyədən, Rusiyadan kitablar gətirmişəm. Son zamanlar adlar yaxşı yadımda qalmır. 90-cı illərdən sonra rusların ki, mütəxəssisləri vardı, bütün dilləri bilənləri vardı, onlar bütün filosofları, estetikləri götürüb tərcümə ediblər. Ona görə deyirdim biz balaca xalqıq ki, bizim bu dəqiqə elə potensial gücümüz yoxdur. Bizim bunların hamısını tərcümə eləyib çatdırmağa potensial imkanımız yoxdur. Tərcümə olunanların da çoxu bizə lazım deyil. Ruscadan da elə şeylər tərcümə edirlər ki, rusca oxuyursan başa düşürsən, Azərbaycanca oxuyursan başa düşmürsən. Biz vaxtilə "Tarixi poetika" şöbəsində isləyirdik ki, bu məsələləri həllinə kömək edək. Birinci, mükəmməl bir ədəbiyyat nəzəriyyəsi müntəxəbatı buraxmaq lazımdır. Bütün dünyada buraxılıbdır. İstəyirsiz proqrama uyğun olsun. Yəni bu kitabı əlinə götürən adam bilməlidir ki, bu alimlərin, klassiklərin hansı əsərləri bizə lazımdır. Hamısını oxumaq mümkün deyil axı. Onu mütəxəssis seçir. Ruslarda ondan çox müntəxəbat var. Həm ədəbiyyatşünaslığa giriş üçün, həm ədəbiyyat nəzəriyyəsi üçün, tarixi poetika üçün və s. Biz də müntəxəbat hazırlamağa başladıq. İki qovluq tərcümə hazırdır. Çox yaxşı mütəxəssislər də tərcümə elədi, yarımçıq qaldı. Bu ədəbiyyat nəzəriyyəsi müntəxəbatı gərək əldə ola ki, sonra onun əsasında da müvafiq proqrama uyğun ədəbiyyat nəzəriyyəsi yazılsın. Həm bizim bədii təcrübə nəzərə alınsın, həm dünya elmi təcrübəsi nəzərə alınsın.

Elnarə Akimova: - Bəlkə, Şirindil müəllim, problem elə bundadır, ədəbiyyat nəzəriyyəsi kollektiv zəka kimi ortaya gəlmir. Hərə fərdi ədəbiyyat nəzəriyyəsi kitabı yazır, onlar da belə...

Zaman Əsgərli: - Bəli, bu bütün dünyada belədir. 10 nəfər oturur bir yerdə dərslik, nəzəriyyə kitabı yazır.

Dilbər Zeynalova: - Amma ümumi yanaşma, konsepsiya olmalıdır.

İradə Musayeva: - Bəli. Mövzular mütəxəssislər arasında bölünə bilər. Məsələn, cərəyanları bir müəllif, məcazlar sistemi ya vəznləri digər müəllif və s. Tədris, auditoriya praktikası və akademik nəzəriyyə birləşsə uğurlu dərsliklər hazırlana bilər ədəbiyyatşünaslıqla bağlı.

Şirindil Alışanlı: - Moskva Dövlət Universitetinin buraxdığı "Ədəbiyyatşünaslığa giriş" kitabı var, 800 səhifəlik. Onu 10 nəfər yazıb. Məsələn, dramı dram mütəxəssisinə veriblər yazıb, yaradıcılıq metodunu həmin sahənin mütəxəssisinə veriblər. Bu çox yaxşı bir dərslikdir. Yaxud mən deyərdim ki, o, ən mükəmməlləri, ədəbiyyat nəzəriyyəsi kitabları ki, onlardan 1-2-sini tərcümə eləmək, dərslik kimi çap eləmək daha yaxşıdır. Digər tərəfdən, şəxsi "Ədəbiyyat nəzəriyyəsi" olanlar dünyanın etiraf etdiyi müəlliflərdir. Və ədəbiyyat nəzəriyyəsinin bir çox kateqoriyalarını tədqiq edən müəllif qəbul edilmiş konsepsiyalara əsaslanmaqla dərslik yazır. Yenə də deyirəm, dərslik kimi yox, fərdi nəzəri görüşlər əsasında da kitablar yazılmalıdır və bunu heç kimə qadağan etmək olmaz.

Zaman Əsgərli: - Bizdə o işləməyəcək.

Dilbər Zeynalova: - Məsələ tərcümə də deyil. Belə tərcümələr var. Məsələn, Qorxmaz müəllim Fukonu da, Ekonu da, Bartı da tərcümə edib. Amma bunun tətbiqi olmalıdır. Məsələn, tədqiqatçı yazır ki, "müqayisəli tarixi metoda əsaslanır". Özü də bütün dissertasiyalar bu metodla "yazılır" .Görəsən müqayisəli tarixi metodun hansı prinsipləri var, onu da bilirmi? Bayaq dediniz hermenevtika. Hermenevtika mətnin şərhidir də. Amma biz nə yazırıq, mətni "oxuya", şərh edə bilirikmi?

Şirindil Alışanlı: - Tək mətnin şərhi deyil. Hermenevtika artıq metodikadan metodologiyaya çevrilib. Hermenevtika böyük bir məktəbdir.

Dilbər Zeynalova: - Dünya ədəbiyyatını da bilmək yaxşıdır, o konsepsiyaları da. Amma onları biz Azərbaycan ədəbiyyatşünaslığına tətbiq eləmiriksə, deməli, heç nə eləmirik də. Mənim dediyim budur.

Şirindil Alışanlı: - Ədəbi-nəzəri düşüncəyə yeni konsepsiyanın gəlişi vaxt tələb edir. Gərək ədəbiyyatşünas alim bunu qavramağa hazır olsun. Qorxmaz müəllim dünyanın görkəmli alimlərinin əsərlərini tərcümə etməklə böyük iş görür. Heç olmasa postmodernizm deyə dad döyənlər onun yaradıcılarının irsi ilə tanış olurlar. Rusiyanın mötəbər universitetlərində bu saat ədəbiyyat nəzəriyyəsi şöbələri "Tarixi və nəzəri poetika" adı kimi fəaliyyət göstərirlər. Vaxtilə mən deyirdim ki, poetikaya keçmək lazımdır. Ədəbiyyatın inkişafı nəyin əsasında olur? Poetik sistem əsasında olur. Məsələn, Broytman və Tamarçenko. Broytman rəhmətə gedib. Çox güclü alimlərdir. Birdən-birə üzə çıxdılar onlar, parladılar. Onların kitabları nədir? "Teoretiçeskaya poetika", "İstoriçekaya poetika". Hərəsinə də aid bir müntəxəbat hazırlayıblar.

Dilbər Zeynalova: - Böyük məktəbdir amma tətbiq etməyi bacarmırıqsa, o zaman hansı böyüklükdən danişmaq olar? Tələb edin ki, dissertasiyalarda tətbiq etsinlər

Zaman Əsgərli: - Bilirsiniz, bu söhbət 30 il bundan əvvəl ortaya atıldı. Bunu ortaya atan rəhmətlik Əliağa Kürçaylı olub. Ona da birinci etiraz edən İmamverdi Əbilov olub. İkisi də rəhmətə gedib. Rəhmətlik Ə.Kürçaylı ədəbiyyatın tədrisi ilə bağlı yazmışdı ki, Füzulini 8-ci sinif şagirdi oxuyub başa düşmür. Amma 10-cu sinifdə bəlkə başa düşə. Ona görə daha yaxşı olar ki, biz sadədən mürəkkəbə doğru gedək.

Dilbər Zeynalova: - Bəli, bəli, bütün elmlərdə belədir. İbtidaidən aliyə doğru. Biz çətindən asana gəlirik.

Zaman Əsgərli: - Ona da Azərin atası, rəhmətlik İmamverdi Əbilov bir dənə yağlı cavab yazdı ki, şair pedaqoji işə qarışmaz (gülüşmə).

Şirindil Alışanlı: - Onu bilirsiz harada eləmək olar? 9-cu sinifdən başlayır da tarixlər. Ədəbiyyat tədrisi başlayır 3-4-cü sinifdə. Bütün siniflərdə nümunələr verilir də. Ədəbiyyat tarixi xronologiya baxımından bir az çətindir. Amma aşağı siniflərdə həzm elətdirsələr, uşaqlar hazır olar.

Zaman Əsgərli: - Ədəbiyyat tarixi mənim fikrimcə, 2-3 cür yazıla bilər. Birinci, xronoloji tarixdir. Qədim dövr, orta əsrlər, yeni dövr, müasir dövr. Bir də ədəbiyyat tarixi belə yazıla bilər. Tutalım, romantizm dövrü, realizm dövrü, bu cür yazıla bilər.

Dilbər Zeynalova: - Mən də bunu təklif etmək istəyirdim. Nə üçün biz ədəbi prosesi yaradıcılıq prinsiplərini, ədəbi-estetik cərəyanları əsas götürmürük?Niyə bundan qaçırıq?

Zaman Əsgərli: - Heç kəs qaçmır.

Dilbər Zeynalova: - Ədəbiyat tarixi kitablarımızda tarix sanki ədəbiyyatı nəfəs almağa qoymur. Ədbiyyat Tarixin ağuşunda boğulur. Bəlkə hər şeyi öz adı ilə adlandıraq? Məsələn, Orta əsərlər Azərbaycan ədəbiyatı tarixi yerinə təriqət ədəbiyyatı, yaxud irfan ədəbiyyatı, XIX əsr ədəbiyyatı əvəzinə- Maarifçilik dövrü Azərbaycan ədəbiyyatı, XX əsr ədəbiyyat tarixi yerinə -Modern Azərbaycan ədəbiyyatı və s.

Azər Turan: - Ədəbiyyatşünas - ədəbiyyat nəzəriyyəçisi də, tənqidçi də mütləq mənada fəlsəfəni, tarixi, teolojini, özü də bütün cərəyanlar, xalqlar və bütün dinlər baxımından dərindən bilməlidir. Məsələn, bir mətni oxuyanda onun orijinal olmadığını nədən bilə bilərik? Müəllif yazır, görürsən ki, bu katolik düşüncəsidir. Bunlar fransız ədəbiyyatından gələn anlayışlardır. Azərbaycanda məsələn, 2000-ci illərdə yazılmış bir şerin demək olar ki, eynisinə XVI əsr fransız şerində təsadüf edib təəcüblənmişəm. Teolojini, indiki halda katolik düşüncəsini, katolik dünyadərki və obrazlar sistemini bilməyən ədəbiyyat tənqidçisi də bu şeirdəki yeniliklərdən yazıb. Dediyim kimi, ədəbiyyat nəzəriyyəçisi zirvədən baxmalı olduğu üçün təsəvvürlərini də zirvəyə uyğun zənginləşdirməlidir. Təkcə ədəbiyyatı deyil, teolojini də, psixologiyanı da, tarixi də, fəlsəfəni də... ən mükəmməl şəklidə bilməlidir. Yaxud bayaq xatırlatdığım Rene Vellekin kitabında, az qala, bütün aspektlərə nəzər yetirilib. Məsələn, Aleksandr Poup həm qozbel, həm də təlxəkdi. Bayron topal idi. Prust nevrozluydu. Con Kits qısa boylu idi. Tomas Vulf çox uzundu. Balzak yazmağa başlarkən keşiş cübbəsi geyərmiş. Prust və Mark Tven yataqda uzanmış vəziyyətdə düşünüb yazardılar və s. İlk baxışda adi görünən bütün bu detallara qədər hər şey o kitabda ədəbiyyat nəzəriyyəsinin predmetinə çevrilib. Amma bizdə bu yoxdur. "Ədəbiyyat nəzəriyyəsi" kitablarımızda yazıçının şəxsi səciyyələrinə nəzər yetirilmir, bunun yaradıcılığa hansı miqyasda təsir göstərməsi bizim nəzəriyyə kitablarımızda söhbət mövzusu olmur. Yaxud romantizmlə bağlı tədqiqatları götürək. Əgər ədəbiyyat nəzəriyyəsini yazan alim bilmirsə ki, romantik sənətkar, məsələn, Hüseyn Cavid nə üçün yalnız gecələr yazıb o zaman onun romantizmlə bağlı fikirləri tam mənzərəni ifadə edə bilməyəcək. Gecə romantik sənətkarların bütün dünya çapında görünən yaradıcılıq anı və necə deyərlər, romantik sənətkarın özünə ayırdığı zaman müddətidir. Bunun şüuraltıyla ciddi əlaqəsi var. Bu sadə, sıradan bir hadisə deyil.

Şirindil Alışanlı: - O sırf yaradıcılıq psixologiyası məsələləridir.

Azər Turan: - Bu həm də ədəbiyyat nəzəriyyəsi məsələsidir.

Şirindil Alışanlı: - Yaradıcılıq psixologiyasının kateqoriyaları elə ədəbiyyat nəzəriyyəsinin də kateqoriyalarıdır. Nəzəriyyə üzrə bizdə mütəxəssislər Sovet dövründə, Azər, Seyfulla Əsədullayevin Ədəbiyyat nəzəriyyəsi üzrə müdafiə şurasında sonra 3 il heç kim müdafiə etmədi. Çəkinirdilər. Yaşar müəllimin realizmlə bağlı avtoreferatını apardım verdim bizim şöbə müdirinə ki, bu hansı indekslə müdafiə eləsin? AAK Ekspert Şurasının sədri bizim şöbə müdiri idi. Nikolay Konstantinoviç Qey. Baxdı dedi ki, "qoy ədəbiyyat tarixi üzrə müdafiə etsin".

Elnarə Akimova: - Şirindil müəllim, son zamanlar ədəbiyyat nəzəriyyəsi adı ilə çıxan kitablardan hansını səmərəli hesab edirsiniz?

Şirindil Alışanlı: - Yazılan hər bir əsərdə nəsə rasional bir şey tapmaq olar. Ədəbiyyat nəzəriyyəsi dərsliyi, proqram əsasında yazılmalıdır. Amma dərsliyi mənimsəmək üçün elə dildə yazmalısan ki, uşaq onu qəbul eləyə bilsin. Burada ustalıq lazımdır. Bizim tanıdığımız, Paspelov idi, Timofeyev idi, Abramoviç idi. Bunlar bütün ömürlərini dərsliklərə, ədəbiyyat nəzəriyyələrinə sərf etmişdilər. Bir dərsliyin də on nəşri olurdu. Bu müəlliflərin dərslikləri artıq öz ömrünü başa vurub. İndi Xalizev, Broytman və Tomarenkonun dərslikləri Ali məktəblərdə tədris edilir. Ədəbiyyatşünas və tənqidçilər üçün M.Qorki adına Ədəbiyyat İnstitutunun nəşr etdiyi 4 cildlik "Ədəbiyyat nəzəriyyəsi" məncə faydalı və bu sahədəki tarixi elmi təcrübəni ümumiləşdirən fundamental nəşrdir. Bizdə sırf ədəbiyyat nəzəriyyəsi ilə məşğul olan adam azdır. İndi mənə müəyyən şeylər Azərbaycan ədəbiyyatından müəyyən bilgilər lazım olanda Mir Cəlal müəllimlə Pənah Xəlilovun kitabını açıram, çox normal, adam dilində yazılıbdır ki, hekayə nədir, qəzəl nədir və s. İndi bax, ortada olan 2-3 dənə ədəbiyyat nəzəriyyəsi var. Əliyar Səfərlinin bir lüğət kitabı çıxıb, Zaman müəllimin bir lüğət kitabı çap olunub. Məncə bunu Azər müəllim, ayrıca bir söhbətin predmeti eləməyə dəyər.

Ardı var

news-inner-user

17146 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Arif Babayev koronavirusa yoluxdu
09:46 01 Dekabr 2020
Daşaltıdan ölüm xəbəri gələn Vüqar – Yeni hekayə
08:57 01 Dekabr 2020
Kukla Teatrı dekabr repertuarını açıqladı
18:56 30 Noyabr 2020
Ukraynada Müslüm Maqomayevə həsr olunan beynəlxalq müsabiqə keçiriləcək
18:24 30 Noyabr 2020
Qonkur mükafatının qalibi açıqlanıb
17:42 30 Noyabr 2020
“Anam dedi ki, bu gün sancım tutan gündür” – İlqar Cahangirlə ad günü söhbəti
17:05 30 Noyabr 2020
Zəlimxan Yaqubun yeni kitabı nəşr edildi
16:23 30 Noyabr 2020
Musiqili Teatrdan "Laçına ithaf" layihəsi - Video
15:34 30 Noyabr 2020
Topçu Vüsalın araq şüşəsinə həkk olunmuş şəkli
14:52 30 Noyabr 2020
Sevdiyi qıza görə cəzalandı, arvadı sözünə baxmadığı üçün öldü, dəfnində Rəşid həkim yazıçı Anarla dalaşdı – Məşhur şairdən maraqlı faktlar
14:11 30 Noyabr 2020
Trampın arvadı Ağ Evdə baş verənlərdən kitab yazır
13:25 30 Noyabr 2020
Müharibə başlayıb, Nəbatat bağındayam... - Rəşad Nağı Mustafadan yeni şeir
12:43 30 Noyabr 2020
Qatarlar daşıdıqca qurtarmır yolçuluq – Təbrizdən şeirlər
12:11 30 Noyabr 2020
Əsgərlərimizin Zori Balayanın oğlunu dəhşətə gətirən qəhrəmanlığı - Bircə yazır...
11:39 30 Noyabr 2020
Yadındadı, içib qızlardan danışmağın? - Şuşada döyüşən zabit dostuma məktub
11:05 30 Noyabr 2020
"Ulduz müharibələri"nin qəhrəmanı vəfat etdi
10:30 30 Noyabr 2020
Regionlararası onlayn musiqi müsabiqəsinə start verildi
10:06 30 Noyabr 2020
Qərbin sülh riyakarlığı və bizim saxta pasifistlər – Sevda Sultanova yazır...
09:00 30 Noyabr 2020
Ölmək sənəti – Ağalar Qut yazır...
17:25 29 Noyabr 2020
“Cinema Radio”nun rəhbəri: “Onun səsi ilahi vergidir” – Müsahibə
17:04 29 Noyabr 2020