Sənə yazdığım şeirlərdən asacam özümü

Sənə yazdığım şeirlərdən asacam özümü
12 oktyabr 2016
# 16:07

Tural Cəfər

Yoxluğun

Sənin yoxluğun
Mənfi neçə dərəcədi?
Ayrılıq havasında
Məndən soruş deyim sənə,
Nəfəs almaq necədi...

İndi sənsiz darıxanlar
Cərgəsinə qoşulmuşam...
Yoxluğunun ad gününü qeyd edirəm,
Səni gözləyirəm bayaqdan.
Həsrətin şirinlik gətirsin deyə,
İki dilim tort kəsmişəm ayrılıqdan....
Sənin üçün adi təqvim,
Mənim üçün son gecədi...

Sənə yazdığım şeirlərin birindən,
Lap kədərli olanından -
asacam özümü,
Şahid olacaq intihara sözlərim.
Bir ümidin əllərindən yapışıb,
Xəyalını axtaracaq gözlərim.

Sabah tüstüsü çıxacaq bu odun,
Mərhum qoyacaqlar adımı.
Yəqin sən də duyarsan,
Bu məişət qayğılarından,
Az da olsa uzaqlaşıb,
Axır ki mənim haqda,
Bir xəbər oxuyarsan...

Sən bilmədin

Sən bilmədin,
bilmədin ki,
məhəbbətin üzünə
qapını bağlayanda,
xoşbəxtlik də
bayırda qalır...
Kədər evinə girir,
Həsrət yatağına uzanır,
Xəyalların çay kimi,
süfrəyə gəlir...
Sən bilmədin ki,
ürək bir dəfə sevir,
bir dəfə aldanır,
bir dəfə də dayanır...
Sən bilmədin,
bilmədin ki,
ölüm da gizlənqaç kimidi,
tapacaqdı səni nə vaxtsa,
növbə sənə də gələcək,
sakit baxıb susacaqsan,
sən də bu oyunda uduzacaqsan...

Uzaqdasan

Sən uzaq bir şəhərdə,
Kirayə qaldığın evdə,
Gündəlik məişət qayğıları ilə
Qucaqlaşıb yatırsan...

Xırda qüsurlarını
gizlətmək əvəzinə,
Hər gün poçta gedirsən,
Məktub yazıb göndərirsən,
Naməlum bir ünvana,
Adsız bir küçəyə...

Bəlkə də utanırsan,
Ya da lap darıxırsan,
Gecələri ağlayıb,
Günahkar axtarırsan...

Ən acısı budur ki,
Hər gün bir az da olsa,
Sevdiyin tərəfindən
Soyuqqanlı şəkildə,
Səssizcə unudulursan...

# 1942 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanın ən maraqlı Yeni il adətləri

Dünyanın ən maraqlı Yeni il adətləri

12:00 31 dekabr 2025
Qlobal mədəni ikon: Eyfel qülləsi haqqında maraqlı faktlar

Qlobal mədəni ikon: Eyfel qülləsi haqqında maraqlı faktlar

14:40 27 dekabr 2025
Paytaxtlar haqqında maraqlı faktlar

Paytaxtlar haqqında maraqlı faktlar

12:00 11 oktyabr 2025
Fahişələr, cadugərlər,  feministlər... - Servantesin "qadınları"

Fahişələr, cadugərlər, feministlər... - Servantesin "qadınları"

09:20 29 sentyabr 2025
"Lolita"nın nəşr  macəraları...

"Lolita"nın nəşr macəraları...

15:00 19 avqust 2025
Dünyanın ən məşhur musiqi festivalları

Dünyanın ən məşhur musiqi festivalları

10:00 9 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər