Oyun - Seyran Səxavətdən YENİ HEKAYƏ

Oyun - Seyran Səxavətdən <span style="color:red;">YENİ HEKAYƏ
10 oktyabr 2016
# 21:00

Kulis.Az Seyran Səxavətin “Oyun” hekayə-faciəni təqdim edir.

Birinci hissə

İyirmi birinci əsr dul qalmışdı...

lll

Yaz bu kəndə dünyanın hər yerində olduğu kimi hər doqquz aydan bir gəlib çıxırdı. Belə baxanda uzaq yoldu - doqquz ay yol gələsən...

Dünyanın hər yerində olduğu kimi bu kənddə doğulan körpələr də doqquz ay yol gəlir - belə baxanda uzaq yoldu...

Dünyanın hər yerində olduğu kimi bəzən yaz tez gəlir və tez gələn qonaq gec gələn qonaq kimi öz kisəsindən yeyir, əziyyət çəkir, əziyyət verir...

Dünyanın hər yerində olduğu kimi bəzən yaz gecikir; görünür təbiətin də bizə məlum olmayan öz tıxacları olur. Və tıxaca düşən yaz ana bətnindən doğulmağa gecikən körpə kimi ölü doğulur, təbiətin bətnində qeysəriyyə əməliyyatı aparmaq mümkün deyil axı...

Dünyanın hər yerində olduğu kimi əksər hallarda körpə də, yaz da vaxtında-vədəsində gəlir, əziyyət-filan da çəkmir.

Yeri gəlmişkən, dünyaya gəlməyə tələsən körpələr də (elə bilirlər ki, yel əsib, qoz tökülüb) çox əziyyət çəkirlər; dünyadakı həkimlər onlar üçün ana bətni şəraiti, mühiti yaratsalar da, bu, heç vaxt ana bətninin şəraiti, mühiti olmur - həkim kimdi ki, Allahın yaratdığı ilahi mühitin oxşarını yarada bilsin, hələ əslini demirəm (bu yerdə “əsli ilə düzdür”dən söhbət gedə bilməz). Və körpə əgər iki ay vaxtından əvvəl dünyaya gəlibsə, təxminən o qədər şüşə “bətnin” içində pambığa bükülmüş halda “həbs” olunur, dustaqxanada olduğu kimi yalnız vaxtı tamam olandan sonra azadlığa - dünyaya buraxılır...

Əlqərəz... Vaxtında dünyaya gəlmiş beş-altı yaşlı uşaqlar, vaxtında-vədəsində gəlmiş yazın ortasında, güneydə evcik-evcik oynayırdılar - uzaq keçmişdə; Mirzə Ələkbər Sabirin qırxı təzə çıxmışdı; bunu nənələrdən eşitmişəm. Evcik-evcik oynayan uşaqlardan biri də nənəm olub, hə...

Üzü üzlər görmüş, qocalmaq bilməyən, həmişəcavan, Allahın dilindən qopan “Ol” kəlməsiylə ekiztay, yaşıd olan Yaz da uşaqlara qoşulmuşdu, evcik-evcik oynayırdı - soyuq ölkələrdə Qış uşaqlara qoşulub qartopu oynayan kimi...

Dünyanın ən böyük kəndi elə dünyanın özüdür. Yaz hava kimi Yerin altı ilə gəlib dünyanın ən böyük kəndində üzə çıxmışdı və dünyanın ən böyük kəndi dünyanın ən pinti rəssamına oxşayırdı, üstü-başı hamısı rəng idi.

Uşaqlar qaranquşlar kimi yeri göy bilib süzürlər - xeyr, qaranquşlar uşaqlar kimi süzürlər, sığırçınlar uşaqlar kimi dişləri dişlərinə dəyə-dəyə, üşüyə-üşüyə oxuyurlar, bülbüllər uşaqlar kimi cəh-cəh vururlar. Yaz da qoşulub onlara - uşaqlara, qaranquşlara, sığırçınlara - süzür, oxuyur və cəh-cəh vururdu. Və qaranquşlar süzməyi, sığırçınlar oxumağı, bülbüllər cəh-cəh vurmağı elə bu uşaqlardan öyrənib də... elə Yazın özü də...

Beş-altı yaşlı uşaqlar özlərini elə aparırdılar ki, elə bil beş-altı əsrdi bu dünyada var-gəl eliyirlər və dünya dediyimiz bu dayanacağın cikinə-bikinə də bələddilər.

Oğlanlar şalvar ciblərini çevirib suyu topuqdan bir-iki qarıc yuxarı olan çaydan yığdıqları məktəblinin rezin pozanı boyda hamar, yastı daşları yerə tökdülər. Ciblərini axırıncı boşaldan oğlan yastı, hamar daşlara baxıb yer üzünün beş-altı əsrlik sakini ədasilə dedi:

- Bu daşlarınan beş-altı ev tikmək olar... çox daş yığmışıq.

- Onsuz da kəndimizdə uşaq çoxdu... lazım olacaq, - bunu da boğazı armud saplağına oxşayan oğlan dedi.

- Cibini sal içəri, - bunu da göygöz qız cibini axırıncı boşaldan oğlana dedi; uşaqlar qaranquş kimi, sığırçın kimi, bülbül kimi, elə Yazın özü kimi gülüb özlərindən getdilər. Cibini axırıncı boşaldan oğlan, nədənsə oğlanlara məhəl qoymadı, qızlara baxdı - pərt olana oxşayırdı; mən belə oxşatmışdım, əslində pərt olmuşdu. O, torbalanmış şalvar ciblərini içəri salana qədər bu pərtlik də sovuşdu - pərtlik uşaq paklığını xoşlamır axı...

Göygöz qız pambıq parçadan tikilmiş, ağzı iplə büzülüb bağlanan torbanın içindən at ayağının ləpiri qədər su tutan balaca mis kasanı çıxardıb oğlanların çaydan dənlədikləri yastı, hamar daşların böyrünə qoyub alnına tökülmüş bənövşə kimi saçlarını sağ əlinin ədasilə qulağının dibinə keçirəndən sonra dedi:

- Bu da xına... dünənnən yazmışıq... istağa qoyduq ki, qurumasın.

Ciblərini axırıncı boşaldan oğlan əyilib kasanın içindəki xınaya zəndinən baxandan sonra dedi:

- Bu xınaynan beş-altı ev tikmək olar, çox yazmısınız, halal olsun sizə, - qızlara dedi.

- Onsuz da gəlinin əlinə də xına qoyacağıq... qalanını da qızlar öz əllərinə qoyar. - Bunu da boğazı armud saplağına oxşayan oğlan dedi.

Bu kəndin xına rəngli güneyində xına daşları bitir; bəli, daş da bitir - ağac kimi, bənövşə kimi, böyürtkən kimi, adam kimi... bitir... və bu kənddə bitən bu qızlar da Yaz günəşinin işığında çimib cumculuq ola-ola, düz iki gün, gün çıxandan gün batana kimi tüpürcəkləri quruyana qədər, təxminən özləri boyda olan xına daşlarının “üzünə” tüpürə-tüpürə, əllərindəki rezin məktəbli pozanına oxşayan xırda hamar daşı xına daşlarının nəm sifətinə sürtə-sürtə bu qədər xına yazıblar. Özü də bu xına həftələrnən bu kəndin qız-gəlinin əlində xına rəngində alışıb yanardı - hətta Əsgərxan bulağının suyu da yel olub onun böyründən ötə bilməzdi. Qız-gəlinin əlində öz rəngində alışıb yanan bu xına özü sönməsəydi heç kəs onu sökdürə bilməzdi. Axı o vaxt dünyanın da xına vaxtları idi - əli xınalı dünya...

İndiki halda isə qızların yazdığı xına təyinatı üzrə deyil, tikinti materialı kimi istifadə olunacaqdı. Oğlanların ciblərində gətirdiyi yastı, hamar çay daşlarından gələcək bəylə gəlin üçün evcik tikiləcəkdi, təzə cütlük bu evdə yaşayıb oğul-uşaq sahibi olacaqdılar.

Gombul oğlan dizini yerə qoyub şəhadət barmağının ucunu nəm xınaya toxundurdu:

- Yaxşıdı, - dedi, - ancaq çox qatıdı... Hamı gəlsin bura.

Uşaqların hamısı dizlərini yerə qoyub mis kasanın ətrafında dövrə vurandan sonra Gombul dedi:

- Bir-bir tüpürün bura, - kasanın içini göstərdi.

Göygöz qızın yanında diz çökmüş Sarışın qız etiraz elədi:

- Niyə tüpürək ee, qoy gedim su gətirim dana.

- Suyunan olmaz. - Gombul da Sarışının etirazına etiraz elədi.

- Niyə olmur ee... demirsən qatıdı... su tökək...

Gombul Sarışının sözünü kəsdi:

- Xınanı nəynən yazmısan, suyunan?

- Yox...

- Bəs nəyinən?

- Tüpürcəyinən.

- Di tüpürün... özü də lombeynan, - sonra da üzünü Sarışına çevirdi və az qala Əcəmi Naxçıvani ədasilə sözünü tamamladı, - sən elə bilirsən adamın ağzının suyuynan Əsgərxan bulağının suyu birdi?! Bıy?!

Uşaqlar növbə ilə kasanın içinə tüpürdülər. Gombul boğazı armud saplağına oxşayan oğlana dedi:

- Sən niyə tüpürmürsən, əə?

- Nə isə tüpürcəyim gəlmir, quruyub. - İkinci dəfə pərt oldu.

- Mən sənin əvəzinə tüpürərəm. - Öz aləmində onun armud saplağına oxşayan boynuna minnət qoydu. İkinci dəfə pərt olub bu minnəti götürən oğlan da dedi ki, sağ ol.

Gombul şəhadət barmağı ilə xınanı qarışdırıb öz aləmində hala gətirdi:

- İndi yaxşı oldu. - Sonra da üzünü qızlara tutdu, - siz gedin evə, kişilər ev tikən yerdə sizin işiniz yoxdu.

- Bıy nağayrırıq ki?.. Baxırıq... qoy baxaq... - Sarışın dedi.

- Olmaz! - Gombul iki ayağını bir başmağa dirədi, - gedin... qutaranda gəlin. - Altı yaşlı kimi kişiləndi, belə də...

Qızlar aralananda Sarışın hələ soyumamışdı:

- Heç xına yazanda demirdilər eee... gedin... pah...

Xına yazmaq əziyyətli işdi. Əgər qızların, lap elə oğlanların da ağlına gəlsəydi ki, xınanın əvəzinə yumurta sarısından - xına rəngli yumurta sarısından da istifadə eləmək olar, hərəsi evdən bir qavlama yumurta gətirərdi, boğazları quruyana qədər də tüpürməzdilər.

Gombul şəhadət barmağını, qoxusu ilə adamın huşunu başından alan torpağa dürtüb şagird dəftəri boyda bünövrə “qazdı” - təxminən dörd künc. Sonra çaydan dənləyib gətirdikləri hamar, yastı daşın birini götürüb altına horra kimi xınadan yaxıb səliqə ilə “evin” bünövrəsinə qoyan kimi uşaqlar bir ağızdan “Allah xeyir versin!” dedilər. Qonşunun ərlik qızı, təxminən yüz addımlıqda qaynayan Əsgərxan bulağından səhəngini doldurub qayıdana qədər evi tikib qurtardılar, qaldı üstünü örtmək; üstünü də oğlanların qabaqcadan kəsdikləri, yonub hamarladıqları bir qarıc uzunluğunda qarğıları səliqə ilə yan-yana düzməklə örtdülər. Elə o yastı, hamar daşların biri boyda bir pəncərə, yastı, hamar daşların ikisi hündürlükdə qapı yeri də qoydular. Pəncərəyə şüşə salmadılar, eləcə açıq qaldı ki, ev havalı olsun. Qapının yerinə isə boğazı armud saplağına oxşayan oğlanın qobudan yığdığı bir dəstə bənövşə qoydular; içəri girəndə bənövşəni götür gir içəri, sonra da qaytar qoy yerinə, vəssalam.

- Bu hara getdi? - Gombul boğazı armud saplağına oxşayan oğlanı soruşdu.

- Odey gəlir... - Cibini axırıncı boşaldan oğlan dedi.

Boğazı armud saplağına oxşayan oğlan qaça-qaça gəlib sağ əli ilə arxasında gizlətdiyi, qapılarındakı Tut ağacından qırdığı çoxdan tumurcuqlamış bir qarıc hündürlüyündə olan körpəcə budağı Gombulun təzə tikib qurtardığı evin qabağında torpağa sancıb dedi:

- Bu da bunların tut ağacı, doşab bişirərlər...

Gombulun xoşuna gəlsə də özünü o yerə qoymadı, ancaq gərək qoyaydı. Əvəzində qızlara əl elədi:

- Gəlin!..

Qızlar qaçaraq gəldi. Evi bəyəndilər. Gombul da bunu hiss eləyib məmnun olan kimi dedi:

- Bu gün gəlin kim olacaq? - Bir-bir hamısının üzünə baxdı.

İnanın inandığınıza; bu beş-altı yaşlı qız uşaqları ərlik qızlar kimi oğlan yaşıdlarına baxıb utandılar, utanandan sonra qızardılar, utanıb-qızarandan sonra da əridilər - əriyəsən səni...

- Mən bilirəm... bilirəm gəlin kim olacaq, - Gombul qızları süzüb dedi, - bəs bəy kim olacaq, - növbə ilə gözünü oğlanlara zillədi. Bu beş-altı yaşlı oğlan uşaqları, əsgərliyini çəkib gəlmiş oğlanlar kimi qız yaşıdlarına baxıb utandılar, utanandan sonra qızardılar, utanıb-qızarandan sonra isə ərimədilər, elə canları bir balaca isindi və bu, Günəş istisi deyildi; ömrü də uzun olmadı, heç bənövşə ömrü qədər də olmadı - şimşək ömrü qədər...

Oğlanların hamısının ürəyindən bəy olmaq keçirdi, ancaq heç kəs büruzə vermirdi, özlərini samballı aparırdılar.

Qızların hamısının ürəyindən gəlin olmaq keçirdi, ancaq heç kəs büruzə vermirdi, özlərini sanballı aparırdılar. Kənddə-kəsəkdə ağbirçəklərdən eşitmişdilər ki, qız qaldıqca qızıla dönər. Ancaq bu, o vaxtlar eləydi, indi qız qaldıqca zibili çıxırdı.

Göygöz qız evlərindən gətirdiyi kələğayını ədəb-ərkanla, əzizləyə-əzizləyə cır səsli qızın başına örtüb bir addım geri çəkiləndən sonra dedi:

- Yarıyanlardan olasan... oğullu-qızlı olasan, - o, bu sözləri keçən il böyük bacısı gəlin köçəndə nənəsindən eşitmişdi. Nənəsi bu sözləri deyəndən sonra böyük bacısının alnından öpmüşdü - Göygöz də cır səsli qızın alnından öpdü.

- Yaylıq canıyanmışa nə qəşəng yaraşır... - Bunu Sarışın dedi və bu sözdən sonra oğlanlar birinci dəfə görürmüş kimi ilk dəfə “gəlin” olan qızın tamaşasına durub, yaşlarına uyğun olaraq necə bacarırdılarsa, eləcə də hayıl-mayıl oldular. Cır səsli qız da bunların hamısını canında hiss elədikcə əriyirdi. Qız elə bil ki, birdən-birə yaşıdlarının gözünün qabağındaca böyüyüb həddi-buluğa çatmışdı - bu, kələğayının möcüzəsi idi...

Boğazı armud saplağına oxşayan oğlan gəlinin qabağına yeriyib cibindən çıxartdığı güllü yaylıqla onun belini bağlaya-bağlaya üyüdüb tökdü:

- Anam, bacım, qız gəlin,

Əl-ayağı düz gəlin,

Yeddi oğul istərəm,

Bircə dənə qız, gəlin.

Boğazı armud saplağına oxşayan oğlan ikinci dəfə belə xeyir-dua verirdi. İlk xeyir-duasını keçən payız qardaşı evlənəndə gəlinin belini elə həmin bu güllü yaylıqla bağlayanda vermişdi. O, qardaşının yeganə qardaşı idi və adətə görə gəlinin belini o bağlayıb yuxarıdakı kimi xeyir-dua verməli idi - yük onun boynuna düşmüşdü, şeiri də o əzbərləməli idi. Nənəsi bu xeyir-duanı ona əzbərlətdirmək üçün günlərlə onunla məşq eləmişdi. Nənəsi, elə hamı da elə bilirdi ki, əgər gəlinin belini o bağlayıb xeyir-dua verməsə bu işin axırı olmayacaq. İndi gecənin tən yarısı boğazı armud saplağına oxşayan oğlanı oyadıb desən ki, o şeiri de, bülbül kimi cəh-cəh vuracaq.

- Bəyinən-gəlin oynasın! - Göygöz dedi.

- Oynasınnar! - Hamısı bir ağızdan dedi.

- Aşıq bunnarın havasın çal!

- Heyvagülü!

- Heyvagülü!

- Çal, aşıq!

Aşıq, yəni indiki halda Göygöz dilində bir “Heyvagülü” çalmağa başladı ki, bəyinən gəlinin sümüyünə düşdü. Bəyinən gəlin düşdülər ortalığa. Sarışın qız evlərindən gətirdiyi bir kasa tut qurusunu onların başından tökdü - şirinlik; o vaxt bu uşaqlar konfetti heç yuxuda da görməmişdilər. Hə... yaxşı yadıma düşdü - bəy rolunda Gombul özü idi, bu, onun beşinci bəyliyi idi, Allah axırın xeyir eləsin...

“Heyvagülü” soluxcayan kimi bəy-gəlin bardaş qurub yerdən oturdu, uşaqlar da onların başına yığışdı.

Göygöz bir üzü qız, bir üzü gəlin cır səsli qıza dedi:

- Bəs uşağın hanı?

Təzə gəlin dik qalxdı, atasının toxunma yun corabının bir tayından düzəltdiyi “uşağı” göstərib dedi:

- Budeey...

- Bəs uşağın üstündə niyə oturmusan?

- Axı uşağım olmayıb hələ... dedim heç kim görməsin...

- Ölər ee... bir də üstündə oturma. Bəri bax, uşağın adı nədi?

- Adı yoxdu hələ... uşaqdı...

- Oğlandı, qızdı?

- Hələ bilmirik... - Gombulun üzünə baxdı.

Gombul “arvadının” qulağına pıçıldadı:

- Dədənin corabının o biri tayı hardadı?

- Evdədi... - Arvadı da onun qulağına pıçıldadı.

Gombul üzünü Göygözə tutsa da ortalığa dedi:

- Oğlan uşaqlarıdı, ikisi olub... o birisi oğlan dədəsigildədi - ekizdilər.

Göygöz soruşdu:

- Addarı nədi?

- Birinin adı Fəmil, o birisi də Şəmil.

Hər şey əvvəldən razılaşdıqları kimi getsə də mərasim boyu əlavələr də olurdu. Gombul uşaq canına hopmuş əda ilə arvadına kişiləndi:

- Nə gözünü döyürsən, qonaqlara bişmiş bişirmisən?

- Mən quymax bişirmişəm. - Sarışın dedi.

- Səni demirəm, - Gombul arvadını göstərdi, - bunu deyirəm.

- Hə... bişmişim hazırdı...

- Nə bişirmisən?

- Yumurta qaynatmışam...

- Neçəsin?

- Altısın... bir dənə də təndir çörəyi...

- Duz var?

- Hə... Nənəm kirkirada çəkib.

Əvvəlcə yumurtaları döyüşdürdülər; Gombulun yumurtası hamısından bərk çıxdı - sonra da başladılar yeyib-içməyə.

Gombulun arvadı aradabir səsi buraları başına götürən uşağını qucağına alıb ovudurdu. Bir-iki dəfə də abır-həya timsalı kimi üzünü o tərəfə çöndərdi, oğlunu döşünə salıb əmizdirdi də...

Bu minvalla evcik-evcik oyunu get-gedə daha ciddi şəkil alırdı, çünki uşaqlar bu məsələyə barmaqarası baxmırdılar. Əgər Gombulun arvadı uşağını əmizdirəndə mənim yanımda olsaydınız, siz də öz gözlərinizlə görsəydiniz inanardınız ki, doğurdan da qucağındakı körpəni altı yaşlı qızın özü doğub. Əgər görsəydiniz ki, Gombulun arvadı uşağını əmizdirəndə necə sinəsinə sıxırdı, sinəsinə sıxanda necə gözlərini yumurdu, gözlərini yumanda əkə-bükə analar kimi necə oturduğu yerdə yırğalanırdı. Bəs hiss eləmədiniz ki, mən də artıq “cır səsli qız” yox, Gombulun arvadı yazıram; inanmasam heç elə yazardım? Mən gözlərimə inanıb yazmışam. Siz də gördünüz axı, siz də ordaydınız, indi yadıma düşür ki, mən sizi “evcik-evcik” oynayan uşaqların yanında öz gözlərimlə görmüşəm və Siz də bunu dana bilmərsiniz, yəqin heç istəməzsiniz də... Yadımdan çıxmamış onu da deyim ki, mən heç kəsin üzünə durub nəyisə adamların boynuna qoyanlardan deyiləm ha... Siz ki, məni azdan-çoxdan tanıyırsınız... Əlqərəz, mən getdim uşaqların yanına...

Hər il Yaz toxum olub bu yerlərə səpiləndə uşaqlar evcik-evcik oynayır, buna bir oyun kimi baxsalar da, özləri də bilmədən ev olmaq, ailə olmaq, övlad əkib-doğmaq, bir sözlə, yaşamaq üçün məşq eləyirdilər. İndi bu kənddə ev-eşik sahibi, övlad yiyəsi olanların hamısı evciklərdən çıxıb gəliblər.

Evcik-evcik də bir oyundu... Ancaq oyun olsa da gözəldi, uşaqların özləri qədər pakdı - oyun olmayan nəsə varmı?!

Bu kənddə hal-hazırda yaşayan doxsan-yüz yaşlı nənələr-babalar da vaxtilə evcik-evcik oynayıblar. Bu ahıl adamların da evcik-evcik oynadıqlarını fikirləşəndə adamın inanmağı gəlmir. Ancaq adamın inanmağı gəlsə də, gəlməsə də oynayıblar axı...

Görəsən, doxsan-yüz yaşlı nənələr-babalar bu gün də yığışıb evcik-evcik oynamaq istəyərlərmi, bunu bacararlarmı? Ancaq istəsəydilər, bacarsaydılar nə yaxşı olardı... Ən böyük kənd - Dünya uşaqlaşardı - paka çıxardı...

Həmişə adamları şeytan yoldan çıxardıb - bunu hamı bilir. Gəlin hamımız birlikdə elə eləyək ki, bu dəfə mələk doxsan-yüz yaşlı nənə-babalardan beş-altısını yoldan çıxartsın (bəlkə də yola gətirsin), onlar da böyük kəndin ortalığında, Yaz toxum olub bu yerlərə səpiləndə başlasınlar evcik-evcik oynamağa. Müşkül olsa da, bir anlıq təsəvvür edin də, noolar, dünya dağılmaz ki?!

Təsəvvürünüzə gətirdiniz? Lap yaxşı. Deməli, doxsan-yüz yaşlı nənə-babalar böyük kəndin ortalığında evcik-evcik oynayırlar və doxsan-yüz yaşlı nənə-babaların övladları, nəvə-nəticələri, kötükcələri də xəcalətindən gizlənməyə siçan deşiyi axtardıqları yerdə böyük kəndin adamları yığışıb doxsan-yüz yaşlı nənə-babaları hoydu-hoyduya götürür, axırda da bu nəticəyə gəlirlər ki, evcik-evcik oynayan doxsan-yüz yaşlı nənə-babalar havalanıblar...

Nəticəyə baxın, də... Böyük kənddə yaşayan milyardların gün-güzəranında, taleyində-tarixində saysız-hesabsız naxışdan uzaq yanlışlar olub; ancaq bu yanlışdan heç vaxt olmayıb və olası da deyil. Çünki böyük kənddə yaşayan milyardların buna vaxtı çatmayacaq ki, başqa bir yanlışa da yol versinlər...

Təbii ki, doxsan-yüz yaşında evcik-evcik oynayan nənə-babaların nəvə-nəticələri, kötükcələri xəcalətindən gizlənməyə siçan deyişi axtarsalar da tapa bilmədilər; lap tapsaydılar da bir belə adam ora yerləşməzdi axı... Onlar gərək xəcalətdən gizlənmək üçün siçan deşiyi yox, ayı mağarası axtaraydılar - bax bu, yanlışdı, yanlış belə olar...

Təkcə mənim doğulduğum kənddə beş-altı yaşlı uşaqların evcik-evcik oynaya-oynaya tikdiyi “evlər” mal-heyvanın ayağının altında qalıb dağılmasaydı, bəlkə də bizim kənddə, indiki dillə desək, böyük bir mikrorayon salınmışdı - uşaq mikrorayonu... Böyük kəndin də heyvanları uşaqlarından çox...

...Mən uşaqların yanına çatanda onlar evlərinə dağılmışdılar. Uşaqların tikdiyi ev kiminsə ayağının altında qalıb dağılmışdı. Rezin şagird pozanına oxşayan yastı, hamar daşların bir-ikisi gözə dəyirdi; bir də taxta qapı əvəzi qobudan yığılmış bir dəstə bənövşə...

Heyf... Gecikdim... O qədər çərənlədim ki... Uşaqlar burda olsaydı onlara deyərdim ki, sabah günorta gəlin mən də sizinən evcik-evcik oynamaq istəyirəm...

Birdən razılaşdılar, özüm də bəy olmaq istəyirəm; bəs mən özümə bab arvadı hardan tapacam? İçimdə əyri bitən bu sual işarəsinə də müdrikanə çarə tapdım:

- Öz dost-doğma arvadımınan gələrəm... Siz necə baxırsınız bu məsələyə, hə?

- A kişi, deyəsən sənin işin-gücün qurtarıb ee, niyə gedib öz yaşına uyğun bir işin qulpundan yapışmırsan, hə?!

Və mən getdim... Getdim ki, öz yaşıma uyğun bir iş tapıb qulpundan yapışım - üzüyola adamam axı...

Ancaq mən tərsliyimə salıb beş-altı yaşlı uşaqlarınan evcik-evcik oynasaydım, mənim də övladlarım, nəvə-nəticələrim xəcalətindən gizlənməyə ayı mağarası əvəzinə siçan deşiyi axtaracaqdılar ki, babamız havalanıb...

İkinci hissə

- Qalxın, hakim gəlir!

Qara geymiş hakim qoltuğundakı qara qovluğu qara pərdəli stolun üstünə qoyub qara eynəyini çıxarandan sonra adamlara nəzər salıb dedi:

- Xahiş edirəm əl telefonlarınızı söndürəsiniz.

Hakimin enli kürəyinə, dolu bədəninə, boy-buxununa yaraşmayan cır səsi adamlarda gülüş doğurdu və onun sifətinə dünya kosmetikasının son uğurları ilə çəkilən pərtliyin cır qızartısı tez də keçib getdi. Mən hakimin cır səsini Mirzə Ələkbər Sabirin qırxı çıxandan sonra yığışıb evcik-evcik oynayan uşaqlardan birinin səsinə oxşatdım və yanılmamışdım; sonradan öyrəndim ki, necə deyərlər, möhtərəm hakim həmin o cır səsli qızın törəmələrindən biridi... Yəni cır səsli qız möhtərəm hakimin ulu nənəsidi, yad deyil...

İddiaçının vəkili qəşəng geyinmişdi - elə bil toya gəlmişdi, ya da burdan çıxıb birbaşa toya gedəcəkdi. Özü də qəşəng oğlan idi. İri, göy gözləri ona yaraşan xüsusi bir cazibədarlıq vermişdi, özü də uzun müddətə...

Vəkil iddiaçının ərizəsini aramla oxumağa başlasa da, getdikcə sürəti artırırdı. İddia ərizəsindən məlum oldu ki, xasiyyətləri tutmur və mütləq boşanmalıdırlar - çıxış yolu yoxdur.

Mən də məhkəmədə idim, bir qıraqda dayanıb tamaşa eləyirdim, əlim ağzımda qalmışdı, sancılanmışdım - elə bil qara əlcəkli birisi içimi doğrayırdı. Zalda gedən söhbətləri eşitmirdim. Fikrim vəkilin yanında qalmışdı, mən onu harda görmüşdüm, hardan tanıyırdım... Sən onu nə görmüsən, nə də tanıyırsan. Axı, sən məhkəmələrə getməmisən heç vaxt, həmişə qıraqdan baxmısan. Ancaq göz yaddaşımın, fəhmimin gücü gözümü çıxarırdı, məni buraxmırdı.

Uzun çək-çevirdən sonra yadıma Mirzə Ələkbər Sabirin qırxı çıxandan sonra yığışıb evcik-evcik oynayan uşaqlardan birinin - Göygözün gözləri düşdü. Bəlkə Göygöz də bu vəkilin ulu nənəsidi, hə? Yox, deyəsən lap ağ elədim. Yazmaq olar ee, ancaq camaat inanmaz axı. Olsun, bir söz demirəm... ancaq kim nə deyir desin, Göygöz də vəkilin ulu nənəsidi - mənim zəndim yalançı deyil axı...

Mən yaraşıqlı, göygöz vəkilin hansı qoldan olduğunu müəyyənləşdirənə qədər iddiaçı qız danışıb qurtarmışdı və onun dediklərindən birini də eşitməmişdim. Ani olaraq bircə onu gördüm ki, göygöz vəkil kimi o da, üzündən oxuyurdu, vəssalam.

Hakim qara pərdəli stolun üstündən kağızı götürüb üzündən oxudu:

- Ay xanım, siz bilirsiniz ki, indi ailəniz dağılır?

- Möhtərəm hakim, bilirəm. - Xanım da əlindəki vərəqdən oxudu öz cavabını.

Hakim yenə əlindəki kağıza nəzər saldı:

- Siz bilirsiniz ki, təkbaşına iki uşaq böyütmək nə qədər çətindi?

- Bilirəm... - Cavab yenə vərəqdən gəldi və hakimlə iddiaçı xanımın sual-cavabı sona qədər belə davam elədi: hakim sualını kağızdan oxuyurdu, iddiaçı xanım da möhtərəm hakim kimi vərəqdən cavab verirdi.

Bayaqdan ağzımda qalan əlim indi donub ağzıma yapışmışdı - donu nə vaxt açıla-açıla...

Bayaqdan məni ağrıdıb içimi doğrayan sancı indi göynədirdi, elə bil içimdəki işlək qara əlcəklər çoxalıb dörd olmuşdu. Elə bil bu qara əlcəklərin içindəki Səttar Bəhlulzadənin əlləri idi və içimdəki sancının mənzərəsini yaradıb abıra salırdı...

Dünyanın neçənci möcüzəsi olmasından (neçənci olmaq vacib deyil) asılı olmayaraq bu əsl möcüzə idi. Bu möcüzə gözlərini gözümün qarasına elə zilləmişdi ki, baxışlarımı qoparda bilmirdim və böyrümdə dünya dağılsaydı görməzdim - iddiaçı xanımın uzun boğazı elə özünün nazik biləyi yoğunluqda olardı; keçmişdə, Mirzə Ələkbər Sabirin qırxı təzəcə çıxan vaxtlarda bu cür adamlara, cinsindən asılı olmayaraq boğazı armud saplağına oxşayan adam deyərdilər. Dəqiq inansam da, bilsəm də, belə deyəcəm: Çox güman ki, deyəsən, mənə elə gəlir ki (sizin qorxunuzdan belə yazıram), iddiaçı xanım Mirzə Ələkbər Sabirin qırxı çıxandan sonra yığışıb evcik-evcik oynayan uşaqlardan birinin - boğazı armud saplağına oxşayan beş-altı yaşlı oğlanın nəticəsidir; yəni boğazı armud saplağına oxşayan beş-altı yaşlı oğlan boşanmaq istəyən xanımın ulu babasıdır.

Və sizə söz verirəm ki, bir də heç kəsi, heç kəsə oxşatmayacam, bu oxşatmalarla sizi bezdirməyəcəm - kişi kimi söz verirəm, sözümün üstündə duracam, özü də buz üstə dayanan dana kimi yox...

...Sonra boşanan xanımın əri, qaynatası, anası, qaynanası da danışdı; danışdı deyəndə ki, hamısı möhtərəm hakim, vəkil, iddiaçı xanım kimi üzündən oxudular. İstəsəydim onları da tanıyardım, ancaq söz vermişdim axı... Əslinə qalan yerdə hamısını tanıdım, özü də kefin istəyən kimi, ancaq tanışlıq vermədim, vəssalam.

Hakim sağında-solunda oturan sağdışına-soldışına nə isə pıçıldadı, bu dəfə insafən üzündən oxumadı, daha doğrusu üzündən pıçıldamadı və onlar da başlarını silkələyib razılaşan kimi müşavirəyə getdilər.

Onlar qayıdana qədər vaxtımız var və bir az da dərdləşsək pis olmazdı.

Rəhmətlik nənəm danışardı ki, evcik-evcik oynayan oğlan-qızların bəziləri sonradan bir-birinə qismət olurdu; buna ilahi qisməti söylədiyimiz kimi, evcik-evcik qisməti də demək olar.

Adəm əmi ilə Həvva xalanın vaxtından bu günə qədər Yer üzündə nəfəs alan, mövcud olan, sürünən, elə-belə görünən və yaşayan adamlar çox oyunlar görüb, oynayıb, bu günə də oynaya-oynaya gəlib çıxıblar. Əgər Adəm əmi ilə Həvva xalanın vaxtında, onlardan yüz il, beş yüz bizə tərəf adamlar beş-on cür oyun tanıyırdılarsa, bu gün Yer üzündəki (etiraf olunmuş oyun növlərindən başqa) adamların sayı qədər oyun var və hər kəs öz oyununu oynayır. Bu oyunda udanların sayı uduzanlardan qat-qat artıqdır. Evcik-evcik oyunu bəşəriyyətin fikirləşdiyi (bəşəriyyət deyəndə ki, bizim fikirləşdiyimiz) yeganə oyundur ki, burda uduzan tərəf olmur. Futbolun vətəni İngiltərə olduğu kimi, bu oyunun da vətəni Mirzə Ələkbər Sabirin qırxı çıxıb tiyanı sahibsiz qalan ölkədi. Evcik-evcik oyunu, oyun üstündə qurulmuş bir məktəb idi - ailə məktəbi. Yaxşı olardı özümüzdən müştəbeh biz böyüklər, uşaqların təsis elədiyi bu ibtidai ailə məktəbini, orta məktəb səviyyəsinə qaldıraydıq, Universitet yaradaydıq - evcik-evcik universiteti...

Evcik-evcik oyununu fikirləşib tapan, kəşf eliyən, tay-tuşlarını başına yığıb ilk dəfə oynayan, bizim torpağımızda doğulan o bizim uşaq, atom bombasını kəşf eliyən adamdan min dəfə tərsinədi, böyükdü, bəşər tarixinin bir nömrəli, yeganə dahisidi! Ancaq adını bilmirik. Görəsən, onun adını kim tapa bilər? Kimdən soruşaq? Hə?! Kim tapa bilər? İnsanlığın bir nömrəli dahisinin adını tapmaq üçün Məhəmməd Hadinin qəbrini tapa bilməyənlərə müraciət etməyimiz pis olmazdı...

Bir təklifim də var: Məhəmməd Hadinin qəbrini tapa bilməyənlər o uşağın - dahinin adını tapan kimi onun adını əbədiləşdirək, bütün var-yoxumuzdan keçmək hesabına olsa belə; özü də küçə, zavod, qəbristanlıq, qəsəbə-filan olmasın ha... Mən təklif eləyirəm ki... Yer üzündə yaşayan kövrəklərin hamısını bir yerə yığıb qarşılarında diz çökürəm və onlardan xahiş edirəm, yalvarıram ki, mənim təklifimi dəstəkləsinlər və iyirmi ildən artıqdır ki, “JEK” səviyyəsinə enmiş Birləşmiş Millətlər Təşkilatı bu amalla ona ünvanlanmış milyardlarla teleqramın altında itib-batsın və itib-batdığı yerdən də qərar qəbul eləsin. Qərar qəbul eləsin ki:

- Avropa qitəsinin adı dəyişdirilsin və bu tarixdən etibarən o qitəyə dünyanın ən kiçik yaşlı bir nömrəli dahisinin adı verilsin. Müvafiq olaraq Avropa ölkələrinin paytaxtlarına isə dünyanın ən kiçik yaşlı bir nömrəli dahisi ilə ilk dəfə evcik-evcik oynamış uşaqların adı verilsin...

Baxdığım bəzi filmlərdən mənə məlumdur ki, cinayətkarlar izi itirmək üçün çox vaxt adlarını dəyişirlər...

Bu cümlə hardan düşdü bura? Hardan düşür-düşsün, mənlik deyil... Ancaq qoy qalsın, pozma...

Dünən dəhşətli bir hadisə ilə, metronun eskalatorunda aşağı düşənlə yuxarı qalxan necə üz-üzə gəlirsə, bax eləcə qarşılaşdım. Mən yetmiş il, beş ay, on bir günlük ömrümdə belə şey...

- Qalxın hakim gəlir!

Bunlar nə tez qayıtdılar, eh...

Hamı mənim kimi ayaq üstə idi. Hakim qərarı üzünə oxudu və bu dəfə üzünə oxumaq yerinə düşdü və bu dəfə onun boy-buxununa yaraşmayan cır səsi gülüş doğurmadı - elə bu da yerinə düşdü. Hakimin qərarı ilə boşanmaq istəyən gənc ailəyə fikirləşmək üçün üç ay vaxt verildi ki, gedin ağlınızı yığın başınıza.

Hakim qərarını elan eliyən kimi sağında-solunda oturanlarla qucaqlaşdı, vəkil, iddiaçı xanım, onun əri, qaynatası, atası, məndən başqa hamı onlara qoşulub qışqırırdı, sevinirdi, atılıb-düşürdü. Onların səsi buraları başına götürmüşdü. Hamısı bir-birini təbrik edir, qucaqlaşır, xoş söz deyirdilər:

- Alındı!

- Əla!

- Super! Super!

- Alındı!

- Alındı!

Hakim soruşdu:

- Çəkə bildin?

- Əla çəkmişəm.

- Onun telefonu ən bahalı telefondu, - kimsə hakimi arxayın salmaq üçün dilləndi:

- Axşam gəlin bizə... bir ye

rdə baxaq, - bunu da hakimi arxayın salmaq istəyən dedi.

- Yox... bizə yığışırıq. - Bunu da məhkəmə prosesini bahalı telefonu ilə çəkən dedi.

- Yaxşı sizdə yığışırıq... - Kimsə dedi.

Razılaşan kimi də çıxıb getdilər.

İndi təkəm, həm də sakitlikdi, sizə deyə bilərəm bu, nə həngamə idi.

Əvvəla onu deyim ki, evcik-evcik oyunundan fərqli olaraq birlikdə iştirakçısı olduğumuz bu məhkəmə bu günlərdə, yəni Səməd Vurğun rəhmətə gedəndən altmış il, Markes bu dünyada həmişəlik yorulandan bir-iki ay sonra baş tutdu. Özünüz də gördünüz ki, bu, bir oyun idi; iştirakçıların da hamısı orta məktəbin beşinci-altıncı sinif şagirdləri idilər. Bilmirəm uşaqlar özləri bu oyunu necə adlandırırlar, gərək orda onların birinə yaxınlaşıb soruşaydım; ancaq mən buna “Boşanma-boşanma” deyərdim. Bilmirəm. Heç nə bilmirəm. Bu oyunu kimin fikirləşdiyini, kəşf etdiyini də bilmirəm. Bayaq sizə demişdim axı, əlim ağzımda qalıb: adam dünyadan əli üzüləndə tutmağa yer axtarır - əl hardansa tutmalıdı axı. Adamın əli hər yerdən üzüləndə, heç hara, hətta ağzına da çatmayanda qudurub əlini yeyir... Məhkəmə qurtarana qədər əlim ağzımda qalmışdı - bir az uzansaydı bəlkə mən də... Baxın də, görmürsünüz, barmaqlarım gömgöy göyərib?!.. Bəşəriyyətə güvə düşüb...

Evcik-evcik oyununda hamı udur, boşanma-boşanmada isə hamı uduzur.

- Hamı?!

- Bəli, hamı... hamı uduzur bu oyunda.

- Heç bir nəfər də udmur?!

- Niyə, udur...

- Kim? Kim udur?

- Şeytan!

- Bayaq dedin ki, evcik-evcik oynunda hamı udur, heç uduzan olmur?

- Niyə, olur...

- Kim? Kim uduzur?

- Şeytan...

- Bu ki, dəhşətdi...

- Dəhşətdi... Özü də beləsindən olmayıb...

- ...

- ...

- ...

- ...

- Bayaq dediniz ki, bunlar oyun oynayırdılar, hə?..

- Bəs görmədiniz ki, iştirakçıların hamısı üzündən oxuyurdu... Elə bil Milli Dram Teatrında ilk məşqə çıxmışdılar, əllərində kağız... Məşq eliyirlər də... Evcik-evcik oyununda ailə qurmağı məşq eləyirlər, burda da ailə dağıtmağı... Görün uşaqlar hara gəlib çıxıb ee? Bunların əlindən tutub bu yerə gətirənin əli qurusun! Əli heç hara çatmasın! Mənim kimi əli ağzında qalsın!..

- ...

- ...

- ...

- Bəri bax, səni hardasa görmüşəm.

- Yox, mən sizi tanımıram - həmsöhbətim dedi.

- Özün də hal əhlinə oxşayırsan... Gəl bir az söhbət eliyək.

- Eliyək də... - bir az da minnət qoydu.

- Sən bilən bu işə necə əlac eləmək olar?

- Nə bilim vallah... - diqqətlə məni süzdü, - yenə sən yaxşısan, sən bilərsən.

- Mən bildiyim belədi də... - Onun mənə yenə sən yaxşısan, sən bilərsən deməsi məni bir az da ürəkləndirdi, - mən bilən bu yara çox dərinə işləyib ee, metastaz verib.

- Nə verib? - O təəccübləndi.

- Metastaz...

- Metastaz nə deməkdi?

- O deməkdi ki, yəni iş işdən keçib.

- Bəs onda nə təhər olsun? - Onun sifəti hər tərəfdən burnuna tərəf yığıldı.

- Ancaq dövlət... dövlət kömək eliyə bilər. Bu, boşanma-boşanma oyunu uşaqlar arasında geniş yayılmamış tədbir görülməlidi.

- Nə tədbir? - Onun hər tərəfdən burnuna tərəf yığılmış sifəti əvvəlki qaydasında yerbəyer oldu.

- Boşanma oyununu uşaqlar arasında qadağan eləsinlər.

- Bu ancaq uşaqlara aiddi də, böyüklərə şamil olunmayacaq ki? - Üzümə baxdı.

- Nədi ki? - Mən şübhələndim.

- Heeç...

- Heçə oxşamır axı... - dedim.

- Heç ee... mənim də xasiyyətim arvadımnan düz gəlmir...

- Boşamaq istəyirsən?

- Hə... - pıçıldadı.

- Bəri bax, arvad pis yola gedir?

- Nə? - O, heç nə anlamayan kimi üzümə təəccübləndi.

- Deyirəm arvadın ayağı sürüşkəndi...

- Yoox...

- Onda boşama, - dedim, - əsas məsələ qaydasındadırsa, boşama... Evlənəzsən təzədən...

- Hə...

- Guya aldığın onnan yaxşı olacaq. Yaxşı arvad olmur - arvadın biri o birinə baxanda babat olur... başa düşdün, - baxışlarımla onun üzünə dikləndim.

- Düşdüm...

- Bəri bax, indi hara gedirsən?

- Gedirəm, - gülümsədi, - arvadı da, uşaqları da götürüb aparacam parka.

İkimiz qalmışdıq, mən, bir də özüm.

Həmsöhbətim gedəndən sonra özümlə darıxdım. Bir də ürəyimdə bir şey qalmışdı, gərək ona deyəydim, onda lap kökündən vurmuş olardım. Gərək ona deyəydim ki... Deyəsən dedim axı... Mən ona dedim ki, boşanma-boşanma oyununda mən də uduzuram, sən də, o da, biz də uduzur, siz də uduzursunuz, onlar da? Deyəsən demişdim axı... Nə isə...

Evcik-evcik oyunu haqqında yetərincə məlumatlıyam, hətta özümü mütəxəssis kimi də hesab eliyə bilərəm. Çünki evcik-evcik yaşında, kəndimizdə özüm də bu oyunun iştirakçısı, bəzi hallarda təşkilatçısı da olmuşam. Nənəmin dedikləri də öz yerində. Bu oyun Allahın da xoşuna gəlir, ən çox sevdiyi oyundu; mənə elə gəlir ki, Allah da evcik-evcik oynayıb və elə bu gün də Yer üzündə yaşayan adamlarla birlikdə evcik-evcik oynamaqdadır...

Allahın da bəşəriyyəti başına yığıb evcik-evcik oynadığına inanandan sonra bir şeyə də inandım; inandım ki, Gombul oğlan, Göygöz qız, Cibini axırıncı boşaldan oğlan, Sarışın qız, Boğazı armud saplağına oxşayan oğlan, Cır səsli qız aradan yüz il keçsə də hələ böyüməyiblər, elə o yaşda qalıblar və ən böyük kənddə evcik-evcik oynayırlar...

Oyunçu aparsın...

4 oktyabr 2016-cı il

# 1339 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #