Üç toyluq azərbaycanlı

Üç toyluq azərbaycanlı
5 oktyabr 2016
# 13:22

“Fiat justitia-ruat caelum” - Siz ədaləti tətbiq edin, buraxın göy üzü yerlə bir olsun.

90-cı illərdən üç qrup görürəm. Bir qrup insan deyir ki, xaricdə olanları burda tətbiq edək. İkinci qrup deyir ki, xaricdə olanları bura uyğunlaşdırıb tətbiq edək. Üçüncü qrup deyir ki, ən yaxşısı bizimkidir, insan özü istəsə burda da edər.

Dünən tibb universitetinin bir əməkdaşı ilə danışırdım, o da üçüncü qrupa aid idi və deyirdi ki, Ankaranın tibb fakültələri ilə bizim tibb fakültəmiz eynidir. Elə ürəyimdə dedim ki, gorun çatlasın, ay İhsan Doğramacı, Hacettepenin, Bilkentin divarları dağılsın.

Elə bil AZAL Ankara reyslərini xəstələr istifadə eləmir, ancaq tələbələr istifadə edir.

Ümumiyyətlə, üçüncü qrup insanlara vaxt ayırmayın, çünki 90-cı illərdən o tip insanlara görə geridə qalırıq, onlar ASAN xidmətdə növbə gözləməyə canları çıxıb, JEK-dən 2 manata arayış alan məxluqlardır.

Əlqərəz, birinci qrup insanların da ən böyük səhvi qeyri-ixtisas yanaşmasıdır, çünki onlar da uzunmüddətli fikirləşmirlər. Məsələn, yadıma gəlir Azərbaycanda keçirilən böyük bir tədbirdə “Logistika” ixtisası üzrə işçi tapa bilmədilər, məcburən “Beynəlxalq Ticarət” ixtisaslı bir şəxsi dəvət etdilər.

Hətta insan resursları şirkətlərində buna daha çox rast gəlmək olar, onlara lazım olan işçini tapa bilməyib xaricdən iki-üç qat məvacibə işçi gətirirlər. Xarici neft şirkətləri də 90-cı illərdə Dillər Universitetinin məzunlarını işə götürürdülər. Bir az da Neft Akademiyasından. Onları yetişdirib kadrımız var deyib cəmiyyətə sırıyırlar.

Araşdırsanız görərsiniz ki, “HR” rəhbərlərinin 99 faizi “İnsan resurslarının idarə edilməsi” ixtisasını bitirməyib. Qabil rəhmətlik də elə düz deyirdi: “Səhv düşəndə yerimiz”.

Bu tendensiyanın əsas səbəbkarı birinci qrupdur, onlar sırf “İş getsin” deyə, marjinal kapitalizm qurmaq istəyərkən, feodallıqlarından qurtula bilməyiblər.

İndi ölkədə əsas yük düşür ikinci qrupun üzvlərinə. Bizim cəmiyyətin özünəxas modeli yoxdur. Məsələn, rusların iş mədəniyyəti fərqlidir. Türklərin də, farsların da elə gürcülərin də. Lakin bizdə bu formalaşmayıb, bizdə maksimum “alverçi” modeli var.

Yəni hazır məhsulu, daha karlı şəkildə bazarda əridə bilən. İstehsal mədəniyyətini formalaşdırmaq üçün ilk olaraq, cəmiyyətin xarakteristikasını təyin etmək lazımdır ki, azərbaycan vətəndaşları hansı hallarda daha çox gəlir gətirməyə maraqlıdır. Yadıma düşmüşkən qeyd edim ki, orta statistik Azərbaycan vətəndaşının həyatı 3 toydan ibarətdir, öz toyu, övladının toyu və ömür yetsə nəvə toyu.

Həyatını bu 3 istiqamətdə qurur, öncə 11 il + 4 (və ya 7) oxuyur, işləyir və evlənir, sonra övladının cinsinə uyğun olaraq ev və ya cehiz təminatını hazırlamalıdır.

Sonra da nəvə toyunu görsə ya da görməsə şəkər, təzyiq son dövrlərdə də xərçəng xəstəliyinə düçar olub, vəfat edəcək.

Bu, ümumi görünüş idi, bundan sonra daha da xüsusi halları sistematikləşdirib, nəticə çıxarmağa çalışmalıyıq. Və bundan sonra biz hansı istiqamətdə boşluqlarımızın olduğunu görə biləcəyik.

Bu boşluqları doldurmaq üçün hansı sahələrdə istehsalın daha faydalı olacağı qənaətinə gələ biləcəyik.

# 813 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #