Ehtiyatlı olun, qapılar bağlanır... – Seyran Səxavətin hekayəsi

Ehtiyatlı olun, qapılar bağlanır... – <span style="color:red;">Seyran Səxavətin hekayəsi
30 sentyabr 2016
# 21:00

Kulis.Az “Axşam oxusu” layihəsindən “Ehtiyatli olun, qapılar bağlanır...” hekayəsini təqdim edir.

Yer kürəsinin üstündə bir oğlan addımlayırdı. Yorulmaq bilmirdi, dərə-təpə, düz keçmişdi. On doqquz yaşı olanda özü yaşda bir qız da ona qoşuldu – oldular iki. Əl-ələ tutub getdilər. Dünyanın qobusundan bənövşə yığdılar, quzeyində qar yedilər, güneyində dincəldilər. Yollarının üstünə bir oğlan uşağı çıxıb onlara qoşuldu – üç oldular. Yenə getdilər. Sonra yollarının üstünə bir oğlan uşağı da çıxdı – dörd oldular, yenə getdilər. Laaap axırda yollarının üstünə bir qız çıxdı - beş oldular; yenə getdilər.

İndi də gedirlər. Biri yorulub yolda qalsa, dördü gedəcək? Axır ki, gedəcəklər... gedəcəklər... gedəcəklər... İrəlidə ər, sonra arvad, uşaqlar... Onların qabağına çıxan qapıların birinə açar düşəndə, beşinə də düşməyəcək, məcbur olub yoldan burulacaqlar, uzun, dolayı bir cığırdan keçib yenə böyük yola çıxacaqlar. Getdikcə qapılar çoxalacaq, beşinə açar düşəndə, on beşinə düşməyəcək. Qapının dalında durub gözlərinin kökü saralana qədər gözləyəcəklər. Yenə məcbur olub yoldan çıxacaqlar, uzun, dolayı bir cığırdan keçib min bir zillətnən böyük yola çıxan kimi yorulub daş kimi yolun sinəsinə düşəcəkdilər.

– Yorulmuşuq! – uşaqlar deyəcək.

– Mən də yorulmuşam! – qadın dillənəcək.

– Yaman günün ömrü az olar... – Kişi qadının üzünə baxa bilməyəcək.

Durub tərpənmək istəyəndə yenə bir qapı... Dunyanın nə qədər qapısı olarmış? Bu qapıları kim bağlayıb, niyə bağlayıb?!

Qapın bağlansın, dünya! Qapın çırpılsın!

Kişinin otuz beş yaşı olsa da rahat qırx beş yaş vermək olardı. Saçının yarısı tökülmüşdü; yerdə qalanının da yarısı ağ idi, yarısı qara.

Qadın ərindən bir az yaşlı görünürdü...

Ər-arvad sifətdən bir-birinə elə oxşayırdı ki, elə bil bacı-qardaşdılar. Dərdi-səri eyni olan adamlar zaman keçdikcə kimliyindən asılı olmayaraq bir-birinə oxşayır. Çünki dərd adamın ürəyindən üzünə çıxır, şəkili qalır, insanın sifəti dəyişir və eyni dərdi çəkən adamlar beləcə bir-birinə oxşayır. Bu ər-arvad da belə idi və ən dəhşətli bu idi ki, uşaqlar da yavaş-yavaş onlara oxşayırdı – uşaq ata-anasına oxşamalıdır, düzdür, ancaq bu o oxşamaqdan deyildi, haaa!!!

Yerin altında işləyirdi. İşi qurtaran kimi paltarını dəyişib yerin altından çıxırdı. Çıxan kimi – xüsusilə yayda – gözləri qamaşırdı; gözlərini qıya-qıya evə gedirdi. Elə bil ki, qıyılmaqdan gözləri balacalaşmışdı.

– Ay oğul, bu yerin üstündə bir iş tapılmadı sənə? – Atası demişdi.

– Səhər girirsən yerin altına, axşam çıxırsan... – Anası narazılıq eləmişdi.

– Harda işləsəm o qədər pulu ala bilmərəm, çox pul verirlər, – Onlara cavab vermişdi.

– Havası da ağır olar... – Anası kövrəlmişdi.

– Oranın havası Bakınınkından yaxşıdı. – Elə bil anasına təsəlli verirdi.

– Ay bala, birdən uçdu-elədi, bəs.

– Uçmaz. – Qəti dedi, – hara uçur...

On beş ildən çoxdu ki, ata-anası beləcə ondan nigaran idilər. Hər dəfə yayda kəndlərinə gələndə anası ona deyirdi:

– Ay bala, keçən il bundan yaxşı idin, yaman sınıxmısan.

Anasının sözündən belə çıxırdı ki, oğlu iddən-ilə geriləyir.

Atası da arvadına deyirdi ki: «Uşağın üzünə elə söz demə...»

***

Gecə saat on bir olmuşdu. Beş nəfər idilər. Ər-arvad, iki oğlan uşağı – onlar səkkizinci-doqquzuncu sinif şagirdlərinə oxşayırdı, özü də deyəsən Azərbaycan məktəbində oxuyurdular – bir də anasının qucağında on aylıq körpə – şirin-şirin yatmışdı, burnunun ucu görünürdü.

Kiçik çilə təzəcə girmişdi – dünyanı dağıdırdı, nahaq yerə böyük çiləyə deməyib ki, sən gələn vaxtı mən gəlsəydim, bir quyruqbulayan qoymazdım, qırardım hamısını.

Gündüzdən qar yağmışdı. Adamın ayağının üstünü gücnən örtərdi. İndi ayaq izləri donmuşdu. Saysız-hesabsız çala-çuxur qalmışdı – səki ilə yerimək çətinləşirdi. Güclü külək əsirdi, nazik, uzun, cavan ağacların başı yerə dəyirdi.

Hamısı əl-ələ tutmuşdular. Külək onların üzünə çırpıb geri itələyirdi. İstəsələr də tez-tez gedə bilmirdilər – elə bil xirtdəyə qədər suyun içi ilə yeriyirdilər. Dördü də qabağa əyilmişdi, elə bil küləyi başlarının üstündən ötürürdülər. Nədən olsa da, Bakı heç vaxt küləkdən korluq çəkməyib...

Metroya girən kimi elə bil süd gölünə düşdülər. Bakıda küləyin girə bilmədiyi «kol» metro idi. Onlar dayanıb nəfəslərini dərdilər – elə bil bir az da sevinən kimi olmuşdular. Əri körpəni anasının qucağından aldı.

– Qollarım qırıldı, – qadın dedi. Dərindən bir nəfəs alıb, yüngülcə ərinə söykəndi.

– Bayaqdan deyirəm ver bəri uşağı... – Ayağını arxaya qaldırıb çəkməsinin altına baxdı, – zəhrimara qalsın, elə sürüşür ki...

Teatrdan metroya dörd-beş yüz metr olardı, iki dəfə sürüşüb yıxılmışdı. Birinci dəfə yıxılanda qadın fikirləşmişdi – yaxşı ki, uşağı özüm götürmüşəm.

- Xaraba qalsın Bakının küləyini, – qadın cojuyub dedi.

– Yavaş danış, – əri ətrafına elə baxdı ki, guya indi kimsə gəlib onun arvadı ilə üzbəüz dayanıb deyəcək: Bakının küləyinə niyə qarğış eləyirsən? – Yüz dəfə demişəm ki, yavaş danış. – Əri sakitcə əlavə etdi.

Qadın ərinin bu sözündən incidi; hətta deyəsən ona elə gəldi ki, əri Bakının küləyini ondan çox istəyir.

Onlar eskalatorun üstünə düzülüb enməyə başladılar, hamısı da aşağı baxırdı. Birdən elə bil ki, qadın aşağı baxmaqdan yorulub geri çöndü. Balaca oğluna nəzər salıb bir an çaşdı. Sonra üzü bozardı – bəs papağın hanı? – soruşdu və ərinin də bu sualı kiçik oğluna verəcəyi ümidi ilə ona baxdı. Əri dillənməyəndə bir də soruşmaq istəyirdi ki, uşaq dedi:

– Külək apardı...

– Bıy evin yıxılsın sənin, yeddi manata almışdım...

Qadının üzünə kədər çökdü.

– Bir az yavaş, – əri dedi, – camaat baxır axı, – eskalatorda onlardan başqa heç kəs yox idi.

Qadının ürəyi soyumadı, kiçik oğlundan bir cimdik götürdü. Uşaq da bir pillə geri qalxıb atasının pencəyinin ətəyindən tutdu. Böyük qardaş gülümsədi.

– Ata, ona deynən, nəyə gülür? – kiçik qardaş onu göstərdi. Atası dinmədi, qaş-qabağını salladı, ailə üzvlərinin hamısı özünü yığışdırdı.

Vaqonda onlardan başqa iki nəfər var idi – o başda oturmuşdular. Onların səsi vaqonu başına götürmüşdü. Cavan oğlan nəsə danışırdı, qız qəh-qəhə çəkib gülürdü, sonra oğlan da əlini əlinə vurub ona qoşulurdu.

Körpədən başqa hamısı çönüb onlara baxdı. Cavanların həddindən artıq şən olmaları elə bil ki, heç birisinin xoşuna gəlmədi. Deyəsən hamıdan çox qadın narazı qaldı: – Bəxtəvərlərə bax e, – dedi.

– Sən heç cavan vaxtı gülməmisən, – deyə əri yumşaq şəkildə etiraz elədi.

– Biz heylə bərkdən gülsəydik dədəmizin evinin küncündə buğda çuvalına dönmüşdük indi. –

Çönüb bir də tərs-tərs qıza baxdı.

Əri ağzını onun qulağına yaxınlaşdırıb pıçıldadı:

– Sənin elə ən çox gülməyin mənim xoşuma gəlmişdi.

Qadının tutqun rəngi bir az açılan kimi dedi:

– Bayaq da deyirsən ki, cavan vaxtı heç gülməmisən... – çönüb yorğun bir naz ilə ərinə baxdı, – qocalmışıq ki, otuz beşim heç tamam olmayıb... Mənim çəkdiyimi sən çəksəydin çoxdan... – Bir də ərinə baxdı, nədənsə ona ürəyi yandı, – ancaq sən yaxşı qalmısan, məni özünə yaraşdırmırsan, dünya belədi... – dedi.

– Nə təhər? – Əri onun könlünü almaq istədi, gücü çatmadı.

– Kişilər həmişə cavan qalır – çöl quşudular də.

Qatar əvvəlcə ətürpəşdirici səs çıxartdı, qadın bu səsdən diksindi – sonra da dayandı. Cavanlar durub onlara baxa-baxa düşdülər. Qadın da qızın arxasınca fikirləşdi: get-get hələ duza gedirsən...

– Allahın altında bircə uşaqdan sonra görəydim səni, – ərinə dedi.

– Kimi? – əri təəccübləndi.

– O qızı deyirəm. – Qadın başı ilə cavanların dalınca işarə elədi.

– Elə bil ki, görmüsən, nə deyəssən?

– Heeç, deyəcəm ki, aşna, indi nə təhərsən?

– Görəndə soruşarsan, – əri yorğun-yorğun dedi və səhər tezdən işə gedəcəyini fikirləşəndə elə bil ki, bəri başdan yoruldu. «İnsan nə qədər işləyər?» – Özü-özündən soruşdu. «Ölüncə» – özü də cavab verdi.

– Ehtiyatlı olun, qapılar bağlanır... Dıııqqq-tap...

İndi vaqonda onlardan başqa heç kəs yox idi. Qadın cavanların çıxıb getdiyini öz gözləri ilə görsə də çönüb onların oturduğu yerə tərəf baxdı, elə bil ürəyi sıxıldı.

Başda kişi oturmuşdu. Metroya girəndən sonra paltosunun yaxasını aşağı salmaq yadından çıxmışdı. Uzun, boz şərfini iki dəfə boynuna dolamışdı. Sifarişlə tikdirdiyi qırmızı çəkməsinin uzun burnu azca bozarmışdı. Enli balağı, köhnə dəbdə olan şalvarı oturduğu yerdən topuğuna qədər qalxıb yellənirdi. Corabı ağarırdı, əlinin üstündə biləyinə yaxın yerdə tuşla günəş döydürmüşdü. Günəşin aşağısında yazılmışdı: l950. S.M.Ə.O. Dördüncü barmağında isə üzük şəkli çəkilmişdi. Deyəsən hamısı eyni vaxtın məhsulu idi.

Sinəsində, ürəyindən dörd barmaq aşağı «Güldəstə» yazılmışdı. Bu yazı ilə üzbəüz sağ tərəfdə «Privet iz Qavqaz» həkk olunmuşdu. Bu cür «yazı-pozu» ilə o, əsgərlikdə məşğul olmuşdu.

...Bir ildən sonra Güldəstənin yağış kimi tökülən məktublarının arası səngidi. Əvəzində bacısından məktub aldı. «Əziz qardaşım. Dədəmi meşəbəyi qoyublar. İnəyimiz ölü doğdu. Məmmədxan kişi allah rəhmətinə getdi. Qərib Sonanı aldı. Kəndimizə radio çəkirlər. Bakıdan konsert gəlmişdi. Dədəm saa qurban deyib, sağ-salamat gələn kimi kəsəcək, yeddi qonşuya paylayacaq. Bu il yaman quraqlıq oldu. Dadaş kişinin atını oğurlayıblar. Dəmiri ilan vurub. Temir kişi də qolaydı. Həcər müəllimin oğlu oldu. Əllərində qalsın. Hətəm vuruf Gülməmmədin başını yarıf, yaxşı olub. Gülməmmədin qızı da – Güldəstə əndamları yanmış – Qədimin oğluna qoşulub qaçdı. Saa vəfasız çıxdı, bajının gözləri çıxsın. Neynək, canın sağ olsun. Kəndimizdə o qədər qəşəng qız var ki... Odey ha, sən də Nisəni alarsan. Nisə ondan da işləkdi, özü də sünbülündən su damır; demişəm ona – gülür... Dədəm saa qurban deyib, gələn kimi kəsəjək, yeddi qonşuya paylayacaq (bu cümləni iki dəfə yazmışdı). Biz hamımız səni çox istəyirik. Şəklini göndər, Nisəyə göstərəjəm. Dədəm o gün deyirdi ki, Səfər gələn kimi onu evləndirəcəm. Dədəm deyirdi, qorxma, gələn kimi səni evləndirəcəyik. Hamı sənə salam-dua yollayır. Di yaxşı sağ ol. Allah qardaşıma qurban olum».

Səfər məktubun axırını dönə-dönə oxudu. Xəlvət bir guşəyə çəkildi, döş cibindən Güldəstənin şəklini çıxardıb ona baxdı – Sən niyə öz sevgilinə vəfasız çıxdın?! – şəkli cırdı, atdı. Ordan qırmızı guşəyə qalxdı, qələm-kağız çıxardıb əyləşdi: «Hamıdan qiymətli sevgilim Nisə...» ilə başlayan uzun bir məktub yazdı.

Düz iyirmi gündən sonra Nisədən məktub gəldi. Səfər Nisəyə, Nisə də Səfərə o qədər məktub yazdı ki... nəticəsi göz qabağındadır: indi ikisi də yanaşı oturmuşdular. Özü də ailəlikcə teatrdan gəlirdilər.

Nisəni anası böyütmüşdü – tək qız idi. Heç kəsləri yox idi. Ancaq anası zirək qadın idi, arada kolxozun partkomu da olmuşdu.

Qohum-əqrəbadan söz düşəndə həmişə Nisənin rəngi avazıyırdı; ancaq lap axırda deyidi: – Biz yaxşı nəsildən olmuşuq, ancaq...

– Hansı nəsildən?

– Xan qızı Natəvan babamın qohumu olub.

– Hansı babanın?

– Nə bilim, nənəm deyir.

– Nənən durur?

– Yox, çoxdan ölüb... Nənəm yox ey, nənəmin nənəsi deyirmiş.

Nisə yaxşı tikmə tikirdi və özü də bilmirdi ki, Xan qızı Natəvana elə bu tərəfdən çəkmişdi.

Ərinə demişdi ki, Natəvanın kitabını tap gətir, oxuyaq. O da gətirmişdi, baş-başa verib oxusalar da, o qədər dərindən bir şey anlamayıb məyus olmuşdular – ən çox da Nisə.

Bu gün də bu ailə teatra çoxusu elə bir qohum kimi gəlmişdi. İçəri girəndə nəzarətçi onları buraxmırdı: – Olmaz ay bacı, bura Akademik teatrdı, kukla teatrı deyil ki...

– Vallah ay bajı, elə dərinə getsən, Natəvan bizim qohumdu. Bu cür məşəqqətlə gəlmişik, – əli ilə çölü göstərdi.

Qapı bağlanan kimi nəzarətçi uşağı Nisədən alıb öz balaca, isti otağına çəkildi: – Yaxşı mən baxaram, – dedi, – Siz gedin, ancaq sakit oturun ha...

Şəhər elə soyuq idi ki...

Metro elə isti idi ki...

Onlardan olsa havalar qızana qədər elə beləcə yerin altında yol gedərdilər.

– Ehtiyatlı olun, qapılar bağlanır...

– Xoşuna gəldi? – Nisə Səfərdən soruşdu.

– Teatr?

– Yox ey...

– Bəs nəyi deyirsən? – Səfər təəccübləndi.

– Natəvan özü xoşuna gəldi?

– Niyə gəlmədi, – gülümsədi, – qohumun pisinə canım qurban.

– Görürsən nə zirəng qadındır, dünyanın o başından su çəkdirir, özü də su deyirəm ey saa, bal kimi.

– Nə bilirsən, içmisən? – əri dedi.

– Şuşaya gedəndə içmişəm dayna... Bizimkilər də su çəkib, teyxa lildi... Onu da can çəkirlər verməyə.

Əri bir an fikrə gedib dedi:

– Mən indi başa düşdüm ki, mənim qaynanam zirənglikdə kimə oxşayıb...

– Kimə oxşayır? – Nisə yalnız bu sözləri deyəndən sonra ərinin fikrini başa düşdü.

– Natəvana.

– Bəs kimə oxşasın, qohumdur, özü də qan qohumu...

– Allah sizi axıracan eləsin. – Səfər zarafata keçdi.

– Sağ ol, üzün ağ olsun, sənnən belə...

– Ay mama, bunu görürsən, – böyük oğul kiçikdən narazılıq elədi.

– Ə, bəsdirin bala! – ata dilləndi.

– Yüz ildə bir dəfə ürəyimiz açılıb, qoymazlar ha, ə, bəsdir əclaf, – ərinə çöndü, – bilirsən sənin o balaca vücudunda nələr var... – dişsiz ilandı ey.

– Gör indi o necə oğul olacaq... – Səfər oğlanlarının ikisini də süzdü, böyük bu tərifdən narazı qaldı.

– Yaman da oğuldu, gündəliyin hamısı dörddü, – böyük oğul dilləndi və başını da o saat aşağı saldı.

– Nə olsun, yarısı da beşdi, – kiçik oğul hikkə ilə dedi.

– Bəsdirin! – atası bu gün neçənci dəfə sözə qarışdı.

– Gün axşamacan döyüşürlər. – Nisə narazılığını bildirib ərini müdafiə elədi və kiçik oğlunu dartıb Səfərnən özünün arasında oturtdu, – tərpənmə, – dedi. Böyük oğlu ayağını ayağının üstünə salıb üzünü o tərəfə çevirdi.

– Sən də uşaqsan? – atası onun boynunun dalına dedi.

Bayaqkından fərqli olaraq indi Səfərin yanında kiçik oğlu oturmuşdu, baş barmaqlarının dırnağını bir-birinə sürtürdü. Onun pələng dərisinə oxşayan paltosu dizindən bir qədər yuxarı idi, tükləri adda-budda tökülmüşdü, düyməsinin də biri yox idi. İki həftədən çox idi ki, o düyməni cibində gəzdirirdi. Hər dəfə də anasına deyirdi ki, bunu tik – ancaq anasının macalı olmurdu, sonra da yadından çıxırdı. Çapayevin papağına oxşayan papağını külək aparmışdı. Boynuna səridiyi şərf atasındakı ilə eyni idi; Nisə ikisini almışdı – birini də iki yerə bölüb oğlanlarına vermişdi. Şalvarı torbalanmışdı. Nənəsinin kənddən toxuyub göndərdiyi naxışlı yun corab dizinə qədər çəkilmişdi, uzunboğaz, rezin ayaqqabılarının başından görünürdü. Zirək nənəsi hər il nəvələrinin corablarını toxuyub göndərirdi –bu dəfə kürəkəninə də göndərmişdi. O, geymirdi, gələn ilə saxlamışdı. Oğlu armudboğaz idi, səsi də cır, anası demişkən adamın başına düşürdü, kürən uşaq idi, gözləri atasının, anasının, qardaşının və körpə bacısının gözləri kimi iri, kədərli idi. Bikef olanda bu uşağın sifətinə baxmaq mümkün deyildi – elə bil yüz yaşlı kişi idi –sinəsinə də dünyanın dağı çəkilmişdi. O, hərdən elə sifətə düşəndə anası min dillə onu yola gətirib keyfini açırdı. Çünki anası sınamışdı – balaca oğlu bikef oldumu, qurtardı: o gün ya pul itirəcəkdi, ya da elə buna bənzər «hadisə» baş verəcəkdi.

– Mısmırığını sallama, – anası onun başını sığalladı, sonra da qulağına dedi, – hamıdan çox səni istəyirəm, – ancaq heç kəsə demə.

O, yüngülcə başını tərpətdi: – Mama, – dedi.

– Can, – uşağı «mama» deyəndə elə bil dünyanı yığıb verirdilər ona. Nisənin aləmində mədəni olmağın elə birinci əlaməti övladın anasına «nənə» yox, «ma» deməsi ilə bağlıdı.

– Mama, Natəvan xala bizim qohumumuzdu?

– Hə qadan alım.

– Yenə gedərik teatra? – Diqqətlə onun üzünə baxdı.

– Nə bilim valah... – Nisə də çönüb Səfərə tərəf tamaşa elədi, – Niyə dinmirsən, uşaq söz soruşmur? – dedi.

Səfər başını tərpətdi. Uşağın saçını sığallayıb dedi: – Gedərik, gedərik.

– Havaxt? – uşaq dəqiqləşdirmək istədi.

– Evdə deyərəm...

– Çatan kimi?

– Çatan kimi.

– Mən də gedəcəm… – böyük oğlu o tərəfdən dilləndi.

– Get də! – Qardaşı hirslə cavab verdi.

– Ehtiyatlı olun, qapılar... vızzzzzzzzz. – Kiçik oğul dedi.

Körpə atasının dizinin üstündə uzanmışdı; bayaqkı tufanda şirin-şirin yatana nə olmuşdu ki, indi oyansın. Onu dama-dama yun adyala büküb sərimişdilər. Ağzındakı əmzik hərdən tərpənirdi. Körpədən süd iyi gəlirdi. Adını da böyük qardaşı qoymuşdu: Aygün.

Nisə kiçik oğlunu yerə oturtdu, əyilib körpənin üzünə baxdı və neçənci dəfə fikirləşdi: elə bil «fırt» eləyib dədəsinin burnundan düşüb. Sonra da nə qədər əlləşdisə onu Xan qızı Natəvana, öz dost-doğma qohumuna oxşada bilmədi. «O, xan qızı idi, bu Səfərin qızıdı. Bəlkə də yekələndə oxşadı, nə bilmək olar».

– Çıxanda uşağa soyuq dəyəcək, – Nisə ərinin gözünün içinə baxdı.

– Dəyməz, – əri başını da qaldırmadı.

– Mama, – kiçik oğlu dedi.

– Can, nədi, dilinə qurban olum, – dedi.

– Yekələndə bajımı da teatra aparajam.

– Apar, qadan canıma.

– Ehtiyatlı olun, qapılar bağlanır…

***

Səfər əsgərlikdən gələndə zabitlərin geydiyi şinelin materialından alıb gətirmişdi. Nisəyə palto tikdirmişdi. Palto ağır olsa da, çox isti idi, xüsusilə hamilə olanda Nisə bu paltonu gəzdirə bilmirdi, özü də təzə qalmışdı – hara geyirdi ki... hələ beş-altı il də geyinə bilərdi. Ömründə birinci dəfə teatra gəlmişdi, o da, qohum toyuna getmək kimi bir şey idi. Bəlkə də Nisə fikirləşmişdi ki, «Natəvanın bu qərib yerdə bizdən başqa kimi vardı...»

– Mama... – kiçik oğul oturduğu yerdə Nisənin qoluna girdi.

– Can, nədi, dilinə qurban... – Nisə arxayınlaşdı ki, nə pul itirəcək, nə də...

– Yekələndə mən də teatr yazacam... yaxşıdı?..

– Allah qoysa.

– Ehtiyatlı olun, qapılar bağlanır...

– Mama, bizə deyirlər? – Kiçik oğul gözlərini maraqla döyə-döyə anasının üzünə baxdı.

– Hə, qadan alım.

– Biz düşmürük axı.

– Elə bilirlər ki, düşürük.

Böyük oğlun boyu yaşından uzun görünsə də altıncı sinifdə oxuyurdu. Doğulandan bəri Nisə onlara yerkökü yedizdirir. Televizorda eşitmişdi ki, kök adamın boyunu uzun eləyir. Böyük oğul məktəbə gedən günü isə öz xətti ilə divara yazıb yapışdırmışdı: kim istəyir ki, uzun olsun – gecə-gündüz yerkökü yesin!

Böyük oğul bayaqkı kimi də oturmuşdu. Onlar tərəfə baxmırdı heç. Əynində nazik plaş olsa da altdan qalın geyinmişdi. Tüklü papağı elə qoymuşdu ki, gözləri güclə görünürdü. Plaşının yaxalığını qaldırıb, boynunu-boğazını içəri çəkib büzüşmüşdü. Kiçik qardaşının anasına dediyi sözlər onun qulağında səsləndi:

«Yekələndə mən də teatr yazajam...» – yanı üstə sürüşüb anasına yaxınlaşdı: – Ay mama, mən də yekələndə prokuror...

Onun sözü lap ağzında qaldı – qatar bələdçisinin səsi guruldadı.

– Ehtiyatlı olun, qapılar bağlanır!

– Ay mama, eşitdin? – Böyük oğul elə soruşdu ki, elə bil hər şey anasının razılığından asılı idi.

– Eşitdim ay bala, allah qoysa...

Atası neçə illər idi ki, metroda fəhlə işləyirdi. Balalar da bunu bilirdilər və hər dəfə metroya minəndə ataları onların gözündə daha da böyüyürdü. Balacalar buna başqa məna vermədən öz uşaq fəhmləri ilə dumanlı şəkildə dərk eləyirdilər. Səfər də həmişə metroda özünü yaxşı hiss edirdi. Yerin üstünə çıxıb evə gələndə də darıxırdı, bu basabas onu açmırdı. «Yaxşı ki, yerin altında çox adam olmur...»

Qatar evlərin, idarələrin, nazirliklərin, restoranların yanından yox, altından keçib şütüyürdü. Şəhər bu qatarın nə özünü görürdü, nə səsini eşidirdi. Metro yaxşı yerdi – yayda sərin, qışda isti.

– Deyirəm ay Səfər, – Nisənin elə bil bayaqdan gözü yol çəkirdi, – bu metro olmasa camaat yollarla əsir-yesir olar, ey.

– Hə... bəs nədi. Bilirsən gündə nə qədər adam minib-düşür bura?

– Nə qədər? – Nisə çox böyük maraqla gözünü zillədi ərinin ağzına.

– Çooooox... – Əri uzada-uzada dedi.

...Bu ailə əvvəlcə kirayədə olub, indi ailələr üçün yataqxanada yaşayırlar. Sonra isə evləri olacaq – aşağısı üç otaq. İndi bir otaqları var. Yeməkləri də, yatmaqları da ordadır. Yay gələndə bir otaqları da artır, köçürlər eyvana, paltardan-palazdan döşəyib yatırlar orda. Elə eyvanda da yeyirlər. Nisə deyir: – Şükür allaha, çıxdıq genişliyə.

Bəzən Nisə cojuyanda Səfər deyir, – Darıxma, yaman günün ömrü az olar.

Nisə qəti etirazını bildirir: – Bu yaman günün ömrü deyəsən elə bizim ömrümüzdən də uzundu...

Neçə il idi ki, Səfər elə deyirdi, belə eşidirdi. Səfər də öyrəşmişdi, Nisə də...

Onu da demək lazımdır ki, Səfər əlli-ayaqlı idi. Yataqxananın yanındakı boş sahəyə səliqə ilə çəpər çəkib bostan əkmişdi. Əlbəttə, buna bostan demək olar da, olmaz da. Hər halda dinc durmurdu, öyrəşmişdi. Orası da bir həqiqət idi ki, Səfər bu bağa-bostana çəkdiyi zəhməti kənddə çəksəydi, indi o bağda quşu ayağından tutmaq odardı. Burda Səfər hər ağaca, hər şitilə ovuc-ovuc su verirdi. Elə bil dəvəni çömçə ilə sulayırdı. Haranı bir qarıc qazsaydın daş çıxırdı. Səfər daş üstə bostan becərirdi. Keçən il bir-iki dəstə göy-göyərti, iki kiloya qədər pomidor və üç-dörd qarğıdalı yığan kimi Səfərin bostanı urulandı-savıldı. Bu yataqxanada Səfər kimi oğlanlar çox idi. Səfər kimi oğlanların çoxu ordan keçəndə deyirdilər ki, Səfərin bostanına bax ey... hətta zarafatcan deyirdilər ki, ay batandan sonra bir-iki kisə götürüb bostana oğurluğa gedəcəyik. Səfərə bostançı demək olardı da, olmazdı da. Bu bostanın, necə deyərlər, burnun tutsaydın canı çıxardı, kökü suda deyildi ki, daş üstə idi.

Səfər nərd oynamaq üçün yer düzəltmişdi, su da çəkmişdi. Yataqxanada yaşayan Səfər kimi oğlanların yadına kənd düşəndə gəlib orda nərd oynayırdılar, gecənin yarısı dağılışırdılar. Nisə eyvana çıxıb onu çağıranda, Səfər özünü sındırmayıb deyirdi:

– Görürsən qonaqlarımız var... O yekə çaydanı dəmlə, göndər gəlsin.

Səfər son vaxtlar yaman yorulurdu. Arada bir könlündən dəllək olmaq keçdi, ancaq hara getdisə ondan sənəd istədilər –sənəd hardaydı onda. Bu arzusu da Səfərin gözündə qaldı. Ancaq oğlanlarının başında dəlləklik eləmişdi. Baş qırxan maşın da almışdı – indi o, maşınla yaydan-yaya öz uşaqlarının da, qonşu uşaqlarının da başını dibindən qırxıb qoyur yerə. Səfərin ürəyində dəllək olmaq arzusu baş qaldıranda sevindiyindən Nisənin əl-ayağı yerə dəymirdi. Gedib ağ da almışdı ki, ərinə xalat tiksin. Elə tikdi də, əyninə geyindirib gendən baxdı da: – Doxtura oxşayırsan, ay Səfər, – dedi də.

İndi o ağ xalatı Nisə büküb qoyub bir tərəfə: – Saxla samanı, gələr zamanı.

– Neynək, gəlsin...

Nisə o vaxt soruşanda ki, bəs niyə dəllək olmadın. Dedi ki, imtahan elədilər, çıxa bilmədim. Demədi ki, min manat istədilər, desəydi də Nisə inanmazdı, deyərdi ki, atdı, dəvədi, nədi bu belə?..

Nisə bu məsələdən beş-on gün sonra evlərinin lap yanında açılan təzə uşaq bağçasına süpürgəçi düzələndə dedi: –Görürsən, bir tərəfdən bağlayanda, bir tərəfdən açan allahdı...

Səfərin yenə dilindən qıfıl götürülmədi. Demədi ki, sənin işini allah yox, Səfər düzəltdi, özü də təzə müdürəynən... hə...

Amma uşaqları yaxşı oxuyurdular. Səfər onlara baxanda ürəyi dağ boyda olur, fikirləşir ki, kasıbın da allahı var.

«Sabah gedəjəm müdirin yanına, görüm ev məsələmizə nə deyir...» – Səfər bunu qatar dayananda fikirləşdi.

– Ehtiyatlı olun, qapılar bağlanır!

Bu dəfə Səfər dəfələrlə eşitdiyi sözləri tək səbir kimi qəbul edib narahat oldu.

...Səfər də böyük oğlu kimi prokuror olmaq istəyirdi. Əsgərlikdən gəlib evləndi, dədəsi söz vermişdi – sonra sənədlərini hüquq fakültəsinə verdi. Bütün kənd bu xəbəri gurultulu alqışlarla qarşıladı, hamı onun bu hərəkətinə əhsən dedi, – «Qoy bizim kənddən də «adam» çıxsın da, allah bizə qarğımayıb ki...»

Ədəbiyyat yazıdan dörd alan kimi kəndə bir teleqram göndərdi, camaat hamısı bu «dörd»ün başına yığışdı.

– Bəxtəvər dədəsinin başına....

– O elə uşaqlıqdan fərasətli idi.

– Bizimkilər də uşaqdı? Dananın dalından əl çəkmirlər.

Bir neçə gündən sonra ikinci teleqram gəldi. – «Dədə, şifahidən də dörd aldım. Səfər». Camaat bu teleqrama da biganə qalmadı.

– Bilirsən nə zəhmli prokuror olar Səfərdən? Boy-buxun, özü də qəşəng – allah nə desən verib ona.

– Ə, boş-boş danışma... meşə dədəsinin əlindədi də, o da oxumayacaq, kim oxuyacaq?

– İmansız danışma, bəsdi, elə ağzını qoymusan allahın yolunda, nə gəldi deyirsən...

– Deyirlər ki, dədəsi dizini qoyub yerə, düz qırx min sanayıb...

– Yalançının dədəsi itnən baş-başa yatsın...

İkinci teleqramın qanadı yox idi. Sənə zarafat gəlməsin, Nisə prokuror arvadı olacaqdı. Səfərin dədəsi isə elə bil yuxuda idi. Qaş-qabağı açılmırdı, sevinə bilmirdi, elə bil suluq udmuşdu. İki dörddən sonra balaca qardaşları kənddəki tay-tuşlarını Səfərlə hədələyirdilər.

Səfərin ən yaxşı bildiyi tarix idi ki, ondan da dörd aldı. Üçüncü imtahanın əks-sədası kəndi silkələdi. Nisə sevindiyindən ağladı – Səfərin bacısı muştuluqlamışdı onu. Səfərin qaynanası əlindəki açarları kişi sayağı fırlada-fırlada qürrələnirdi. Deyəsən atası da «yuxudan» ayılmışdı, yavaş-yavaş o da sevinirdi. Çox adam bəri başdan Səfərin atasına göz aydınlığı verirdi. Bu kəndin tarixində, hələ hər şey bir kənara, hüquq fakültəsinə sənəd vermək indiyə qədər heç kəsin ağlına gəlməmişdi... Bu faktın özü bu kənd üçün əməlli-başlı tərəqqi hesab olunurdu və bu yolu Səfər açmışdı.

Dördüncü imtahandan Səfərə bir qol-qabırğası sınıq üç lazım idi ki, tələbə olsun. Ancaq bu üçü ona vermədilər. Kənd bu xəbəri elə qarşıladı ki, guya uzaq olsun, Səfərin qara kağızı gəlmişdi, hətta onun universitetə girməyini istəməyənlər də çox pis olmuşdu. Ən çox yanıb-yaxılan isə Nisə ilə Səfərin bacısı idi. Səfər kəndə qayıtmadı, şəhərdə ev tutdu. Nisə də gəlib çıxdı. Sonra metroda işə girdi. İlk vaxtlar çətin olurdu. Atası göndərirdi, onlar da geyib, yeyib dolanırdılar. Elə o vaxtdan Səfər metroda işləyir. İndi oturub metroda, balaları da yanında, qucağında...

– Ehtiyatlı olun, qapılar bağlanır!

Bir az da gedəndən sonra metro bələdçisinin sanki yorğun səsi eşidildi:

– Neftçilər – sonuncudur!

İstər-istəməz düşməlisən. Birinci oğlanları qalxdı. Səfər uşağı Nisəyə verdi: – Bunu tut, – dedi və əvvəlcə paltosunu çıxartdı, altdan da pencəyini çıxardıb böyük oğluna verdi. Sonra paltosunu köynəyin üstündən geyinib yaxasını düymələdi. Uşaq oyanmışdı – onu pencəyinə büküb getdilər.

– Uşaqların əlindən tut, – Nisəyə dedi. Elə bil döyüşə hazırlaşırdılar, – papağını gözlə, – böyük oğluna dedi, – indi külək biz tərəfi lap dağıdır, – öz-özünə gileyləndi. Körpə onun qucağında tərpəndi, üz-gözünü turşudub qəti sözünü dedi: – İnqə! İnqə! İnqə! İnq... – dil-qəfəsə qoymurdu.

Onlar hələ metrodan çıxmamışdılar.

– Bu əmməsə evəcən qışqıracaq...

– Qışqırsın dayna. – Səfər gülümsədi.

– Nə qışqırsın ə, uşağın göbəyi...

– Yox, budey girək bura əmsin sonra gedək. – Nisə metrodakı telefon köşkünə girib körpəni döşünə saldı. – Yazıq nə acıb ey, – əyilib uşağın üzünə baxdı. Üçü də durub gözləyirdilər.

– Tez ol də, – kiçik oğlu anasına dedi.

– Nə təhər nədəhim uşaqdı ey, ə, bəs bajın ölsün ajından? Bıyy...

– Mən də ajmışam, tez ol.

– Mən də, – böyük oğlu da kiçiyə qoşuldu.

– İndi hamısına qırğın düşəcək ey. – Nisə hirsləndi.

– Ə, bəsdirin, – Səfər uşaqlara acıqlandı.

Körpə doydu, ağzını çəkdi, gözünü yumdu.

Onlar metrodan çıxanda şəhərdəki küləyə şükür elədilər – buralar lap dağılırdı. Uşaqlar da, Nisə də qəzet köşkünün arxasında gizlənmişdilər, titrəyirdilər. Bu dəqiqə onların hardan gəldikləri yadlarından çıxmışdı. Səfər bütün maşınlara əl qaldırırdı. Taksi yox idi. On-on beş dəqiqədən sonra bir «alabaş» avtobus saxladı.

– Qardaş, bizi Əhmədliyə apararsan? – Səfər tələsik soruşdu.

– Otur, – sürücü onun üzünə də baxmadı. Elə bil havanın belə pis olmasının günahı hamısı Səfərdə idi.

– Gəlin, – Səfər uşaqlarını çağırdı. Onlar avtobusa minib qapını örtəndə bu gün ikinci dəfə xoşbəxt oldular.

– Ə, bəsdirin, – Səfər yenə oğlanlarına acıqlandı, – sən dur bu tərəfdə otur, – kiçik oğluna dedi.

Sürücü azca geri dönüb qəfil dedi: – Bağışlaginən əmioğlu, rayondan gəlirsiniz?

– Yox, teatrdan.

– Bağışlaginən əmioğlu, bu qiyamətdə teatr olar?.. – əməlli-başlı çönüb diqqətlə onlara baxdı.

– Ə, niyə olmur, maşını sür... – Sürücünün sualı Səfərə çox yersiz göründü.

– İnciməginən əmioğlu, atam qəbri, qırx ildi Bakıda yaşayıram, heç qapısını da tanımıram oranın. Bu rayonnulara malades, mən ölüm...

– Beləliyimizə baxma, həftədə bir dəfə getməsək, bağrımız çatlayar... – Səfər qırmızıca yalan deyib uşaqlarına göz vurdu, Nisənin də üzünə gülümsədi...

– Vapşe teatr yaxçı şeydü, həvəskarı olasan... Bir də vaxt ola...

– Niyə sənin vaxtına nə gəlib ki?..

– Eh əmioğlu, vaxt hardandır, allah səninkiləri saxlasın, dörd uşağım var, işdən sonra düşürəm bu şəhərin canına ki, beş-on manat çörək pulu çıxardım. Yoxsa mən gedim teatra, uşaqlar da belənçik, aldığım da doxsan manat. – Sürücü geri çöndü, – düz demirəm, əmioğlu?

– Düzdü... – Səfərin ona ürəyi ağrıdı bu dəfə. «Ancaq boşboğaza da oxşayır». – Ancaq özünə də bax, insan özünə baxmasa çətindi.

Nisə incidi: «Bu nə deyir, mən pis baxıram ki, buna?!»

Sürücü dedi: – Mənim özümə baxmağa ixtiyarım yoxdu, – başını silkələyib sol əlini yüngülcə sükana çırpdı.

– Niyə? – Səfər soruşdu.

– Niyəsi çox uzundu, əmioğlu.

– Elə yolumuz da uzundur, – Səfər qırsaqqız olmuşdu.

– Qısası odur ki, əmioğlu dörd qızım var, dörd qızı olan gərək gecə-gündüz yatmasın.

Səfər bu dəfə lap onun, necə deyərlər, «dərdinə» şərik oldu:

– Darıxma, allah bəxtlərini versin.

– Sağ ol əmioğlu... – yenə geri çöndü, – uşaqların hamısı budu?

– Yox... – Nisəyə gülümsədi, – yarısı evdədi. – Gülüşdülər.

İşıqforun yanına çatanda Səfər dedi: – burdan sola...

– Baş üstə...

– Burdan sağa... Burdan da sola, düz get, sonra yenə sağa dön...

– Sağ olmuşlar bu Əhmədlinin də elə tikiblər ki, – sürücü başını buladı, – elə bir yer yoxdur ki, maşına oturan adam desin ki, sür filan yerin yanına... Küçə yox, zad yox... evlər də inqubator cücələri kimi düzülüb yan-yana.

– Ürəyin doludur ha, sənin. – Səfər bərkdən dindi. Qucağındakı körpə diksinən kimi oldu.

– Eh... əmioğlu, bu saat ürəyi dolu olmayan adam var? Kimi tərpədirsən dərdi başından aşır... hamı danışqan olub ey, belə...

– Burdan da sola, düz.

– Baş üstə.

– Başın ağrımasın.

– Sağ ol.

– Sən də sağ ol.

Maşın onları atıb tuturdu.

– Yola bax da, – sürücü dedi. – Əgər Bakı qədər haranı qazsaydılar bəlkə yüz küp qızıl tapardılar. Özü də intiresnidi ey, dünən yol çəkirlər, bir də görürsən ki, bu gün başladılar sökməyə. Ukraynski ploşşadı yüz dəfə söküblər, elə bil nə isə axtarırlar.

– Pul axtarırlar, pul... özü də hökumət pulu. – Səfər dedi. – Vallah bu hökumətin yerinə ayrısı olsaydı, çoxdan dağılmışdı... Bax, o bağın yanında saxla...

Külək avtobusu silkələyirdi... Onlar maşından düşdülər. Lift işləmirdi, gec idi.

Nisə süfrəni hazırlayana qədər oğlanları yuxuladılar. İstədi onları oyatsın, Səfər qoymadı: – Yuxu hər şeydən irəlidi, – dedi. Özü durub onların paltarını çıxartdı, yerlərinə uzadıb üstlərinə yorğan çəkdi.

Ər-arvad stol arxasına keçdilər. Özləri də, uşaqları da gecəyə-gündüzə baxan deyildilər, nə vaxt acıdılar, o vaxt da yeyirdilər.

– Ac yatdı, qurban olum gözlərinə... – Nisə çönüb başı ilə kiçik oğluna işarə elədi.

Otaqda iki çarpayı qoyulmuşdu, iki qardaş baş-ayaq yatırdılar. O biri çarpayıda, əlbəttə Səfər yatırdı. İşdən gələn kimi sərilirdi üstünə. İki çarpayının arasında uzun, ensiz stol qoyulmuşdu. Səfər bu stolu öz əli düzəltmişdi, qatlanırdı. Yatanda stolu qatlayıb çarpayının altına qoyurdular, yer salırdılar. Nisə körpəsi ilə orda yatırdı. Bu ailə yatanda otaqda tək ayaqlı durmağa da yer olmurdu. Rayondan qonaq gələndə isə lap müsibət olurdu.

Yedilər, yığışdılar. Stolu bəlkə neçə mininci dəfə qatlayıb çarpayının altına qoydular. Nisə dedi:

– Bu xarabadan canımız qurtarsaydı... Canımız çıxdı.

– Darıxma, yaman günün ömrü deyəsən bizim ömrümüzdən də uzundu... – Nisə yorğun-yorğun öz sözünü dedi. Səfər də öz sözünü götürdü. İnsan nə qədər söz götürərmiş, ilahi. Hərəsi öz yerinə keçib uzandı. İşıq sönmüşdü. Nisə soruşdu: – Qapını bağladın?

– Hə. – Səfər öz-özünə əsəbiləşdi: «Səhər tezdən gedəcəm müdirin yanına, deyəcəyəm ev nə oldu?» Əllərini daraqlayıb başının altına qoyan kimi hardansa metro bələdçisinin səsi gəldi:

– Ehtiyatlı olun, qapılar bağlanır!

– Cəhənnəmə bağlansın... – Səfər öz-özünə dedi.

– Nə deyirsən? – Nisə başını bir az qaldırıb təəccüblə soruşdu.

– Heç nə.

Uzun bir sükutdan sonra Nisə başını qaldırıb dedi:

– Yatmısan?

– Yox...

– Deyirəm ki, ay Səfər, qəzetdə bir heylə şəklin çıxıb dayna... indi səhər işə gedəndə böyüyünüz səni çağırıb deyə ki, Səfər səni deputat seçirik...

– Bu hardan ağlına gəldi? – Səfər başını qaldırıb təəccüblə soruşdu.

– Dünən gecə yuxuda görmüşəm... Deputat olsaydın nə yaxşı olardı...

– Az, yat... Eşitməmisən ac toyuq yuxuda darı görər? Yat, yat, səhər tezdən işə gedəcəyəm.

Səfər yorğana büründü, üzünü divara çevirib gözlərini yumdu, Nisənin dediyi söz deyəsən onun ağlına batmışdı. Bu fikir gecə yarıya qədər onu yatmağa qoymadı. «Birdən oldu...»

Yuxuda gördü ki, kənddən çoxlu qonaq gəlib...

Nisə hələ yatmamışdı. O fikirləşirdi ki, allahın altında Natəvan sağ olaydı, özü də Bakıda yaşayaydı, gedib onun yanına tanışlıq verəydi, Səfəri yaxşı bir işə düzəldəydi...

1980

# 1533 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #