Səhnə səmimiyyətinin işığı - İlham Rəhimli yazır

Səhnə səmimiyyətinin işığı - İlham Rəhimli yazır
27 sentyabr 2016
# 12:18

Aktyor Sabir Məmmədovun yaradıcılığı haqqında qısa söz düzümü

İstedadlı aktyorlar yaddaşımın üst qatında müxtəlif yaradıcılıq keyfiyyətlərinə görə qalırlar. Və onlardan kiminsə haqqında söhbət düşəndə qeyri-ixtiyari yaddaşımda formalaşmış üst qatdakı cəhətləri xatırlayıram. Artıq bu hal vərdişə çevrilib.

Aktyorluğuna rəğbət bəslədiyim, insanlığına məhəbbətlə sayqı göstərdiyim, şəxsiyyətinə ehtiramla yanaşdığım Sabir Məmmədovdan söhbət düşəndə yadıma ilkin onun səhnə sadəliyi, istedadının səmimiliyi, lətafətli oyun tərzi düşür. Özü də bu üç cəhətin üçünü də bir estetik bürümdə xatırlayıram və sanki bunlardan hansısa olmasa sənətkar barədə qənaətimə duman çökə bilər.

Amma və di gəl ki, Sabir Məmmədovun yaradıcılığının hüsnü və təravəti, əlvanlığı və cazibəsi təkcə dediyim keyfiyyətlərlə bitmir. İstər peşəkar səhnədə ilk addımlarını atdığı Sumqayıt teatrında, istərsə də istedadının pardaxlanıb formalaşmağa, kamilləşməyə doğru ucalan Akademik Milli Dram Teatrında onun ifa etdiyi obrazları tamaşaçılara sevdirən çox-çox incəliklər var ki, onlardan bir neçəsini xatırlamağa əşəddi ehtiyac duyuram.

Sabir Məmmədov yaradıcılığının estetik səciyyələrinə görə realist aktyor məktəbinin estetik prinsiplərinə, poetika göstəricilərinə daha yaxındır. Amma və di gəl ki, daxilən zəngin olan, ehtiraslarına romantik vüsət verə bilən aktyor poetik teatr estetikasına əməlli-başlı bələddir. Bu ustad bələdlik, bu peşəkar səriştə, istedadın bu işıqlı yönümü Sabirin böyük düha Hüseyn Cavidin «Şeyda» və «Afət» faciələrinin tamaşalarında şovqlə, coşqun temperamentlə oynadığı Şeyda Əfəndi və Yavuz rollarında ecazkar parlaqlıqla üzə çıxır.

Sabir Məmmədov gözəl və zərif plastikaya, cazibəli və məlahətli səhnə görkəminə, sərbəst və ifadəli səhnə davranışına malik aktyordur. Əgər istedadının canına-qanına hopmuş, aktyorluq məharətinin iliyinə işləmiş bu keyfiyyətlərdən hansısa olmasaydı yəqin ki, tamaşaçılar Sabirin İsgəndər və Hacı Baxşəli («Anamın kitabı» və «Ölülər», Cəlil Məmmədquluzadə), Çingiz («Eşq və intiqam», Süleyman Sani Axundov), Novruz bəy («Aydın», Cəfər Cabbarlı) rollarındakı ifasından bu qədər ləzzət, bu qədər həzz ala bilməzdilər.

Sabir Məmmədovda duymaq, görmək fəhmı, daxili enerji güclüdür. O, tanrı bəxşişi olan fəhmnən səhnəni, səhnədəki yöndaşlarını, salondakı tamaşaçıları çox asanlıqla görür, duyur və cox sərbəstlklə də gördüklərini hərəkət monoloqunda obrazın psixoloji mahiyyətinə uyğun ahəngdarlıqla bədiiləşdirir. Bədiiləşdirdiklərini obrazın enerji nüvəsinə çevirməyi və onu ən mürəkkəb məqamlarda da həssaslıqla idarə etməyi bacarır. Məhz buna görə də Saday bəy, Seyid Hüseyn, Fərəc («Hökmdar və qızı», «Xurşidbanu Natəvan» və «Boy çiçəyi», İlyas Əfəndiyev), Dulu Xaqan («Özümüzü kəsən qılınc», Bəxtiyar Vahabzadə), İlus («Burla xatun», Nəbi Xəzri) rollarında Sabirin ifası iki, üç və bəzən daha çox planda təqdim olunur. Obrazın xarakter çoxqatlılığının estetik mahiyyəti aktyorun istedadının çoxçalarlığını tamamlayır.

Sabir Məmmədovda qaravəllidən, məsxərə və məzhəkədən şirələnən cazibəli və ləzzətli, şux və təravətli, şirin və dadlı yumor var. Aktyor roldan-rola cilaladığı bu ifadə vasitələrindən hər obrazın, hər tip-xarakterin estetik mahiyyətinə uyğun tərzdə, koloritli səciyyələrə söykənən məharətlə istifadə edə bilir. Hətta tamaşanın janr poetikasının başlıca estetik xüsusiyyətlərinə əsaslanaraq obrazı qrotesklə, ironik çalarlarla, satirik nüanslarla daha baxımlı, daha təravətli canlandırır. Sabirin Teymur ağa, Müsyö Jordan («Lənkəran xanının vəziri» və «Müsyö Jordan və dərviş Məstəli şah», Mirzə Fətəli Axundzadə), Oğul nəvə («Generalın son əmri», Vaqif Səmədoğlu), Şahmar («Dəlilər və ağıllılar», İlyas Əfəndiyev), Fərman («Yalan», Sabit Rəhman) rollarını bu qroteksiz, bu ironiyasız, bu satirik rəngsiz təsəvvür etmək mümkün deyil.

Sabir Məmmədov hər obraza xarakterik sürət-ritm, dinamik enerji tapır və bu tapıntılarını cilalayaraq ahəngdər şəkildə hərəkət plastikası ilə harmonik vəhdətdə birləşdirir. Dediklərimə əyani və canlı sübut kimi Bertye («Napoleon», Ferdinad Brukner) və Tissafern («Herostradı unudun», Qriqori Qorin) rollarını xatırlamaq kifayətdir.

Sabir Məmmədov milli xalq oyun-tamaşalarının estetikasını, meydan teatrının poetika səciyyələrini həssaslıqla mənimsəmiş aktyordur və tamaşaçılar bu dediklərimi əyani şəkildə Oğlan, Dost («Qatil və «Teleskop», Elçin), Vali («Füzuli və Əsmər», Mirmehdi Seyidzadə), Hüseyn («Bəxt üzüyü», Vaqif Səmədoğlu. Sumqayıt teatrında) səpkili rollarda görüblər, bəyəniblər, alqışlayıblar. Amma və di gəl ki, daim axtarışda olan Sabir bununla kifayətlənməyib. O, Avropa karnaval estetikasını da dərindən dərinə öyrənib. Örəndiklərini cəsarətlə səhnədə sanaqdan çıxarıb. Saınaqdan uğurla çıxardıqlarını dönə-dönə cilalayaraq formalaşdırıb. Formalaşdıraraq istedadının ifadə cəbbəxanasında layiqli yerdə saxlayıb. Skapen («Skapenin kələkləri», Jan Batist Molyer), Pista («Nazirin xanımı», Branislav Nuşiç), Şair («Kəllə», Nazim Hikmət), Xəlil («Müvəqqəti ər», Rəşad Nuri Güntəkin. Sumqayıt teatrında) aktyorun karnaval estetikasında ehtiras və coşqunluqla oynadığı bitkin və əlvan səhnə personajlarıdır.

Sabir Məmmədov təfəkkürlə düşünən, enosiya ilə duyan, idrakla obrazın hərəkət plastikasının zərifliyini quran aktyordur. Əcnəbi dramaturqların əsərlərinin tamaşalarında oynadığı rollarda hadisələrin baş verdiyi tarixi dövrü, şəraiti, həmin xalqın mənəvi-əxlaqi dəyərlərini, məişət, kənd və ya kübar davranış tərzlərini öyrənib mənimsəmədən özünü obrazın ifasına hazır bilmir. Elə buna görə də Sabirin Eddi Karbone («Körpüdən mənzərə», Artur Miller), Akkanad («Sokratı anma gecəsi» və yaxud «Eşşək dərisi üzərində məhkəmə», Çingiz Aytmatov və Muxtar Şahanov), Qaraşın («Diribaş adamlar», Vasili Şukşin. Sumqayıt teatrında) rollarında tamlıq və bütövlük vardır.

Sabir Məmmədovun istedadının bir qanadı romantik faciə rolları üçün açıqdır. Bu baxımdan arzu edərdim ki, rejissorlarımız ona Horatsio (Hamlet, Uilyam Şekspir) səpkili rolları cəsarətlə tapşırsınlar.

Sabir Məmmədov səhnədə yöndaşları ilə münasibətlərdə diqqətcildir, həssasdır, sərbəstdir, ən əsası isə ayıqdır. O, özünün aktyorluq imkanlarına texniki vərdişləri ilə dolğunluq gətirir, təravət verir, cazibədarlıq aşılayır.

Sabir Məmmədov şəksiz və şübhəsiz istedadlı aktyordur. Amma və di gəl ki, yorulmaz çalışqanlıq, yenilik ehtirası daim aktyorun istedadına yeni naxışlar, təzə ilmələr salır.

Sabir Məmmədovun yaradıcılığında yumşaq, ürəyəyatımlı sadəlik var. Bu sadəlik ona görə cazibəlidir ki, onun mayası səmimiyyətlə yoğrulub.

Sabir Məmmədov emosional düşüncədən təfəkkür dərinliyinə, idrak coşqunluğuna ustalıqla keçə bilir.

Sabir Məmmədov səhnədə istedadlı yöndaşlarının gözlərindən işıqlı enerji aldığı kimi, həm də baxışları ilə qarşısındakı aktyora səmimiyyət və həlim aura aşılayır.

Sabair Məmmədovun yaradıcılıq marağında sanki səma genişliyi var və bu səma genişliyində də könül oxşayan əlvanlıq mövcuddur. Belə bir keyfiyyət aktyora mürəkkəb, çoxçeşidli obrazlar yaratmağa güclü zəmin yaradır.

Sabir Məmmədovun bir aktyor kimi daxili enerlisinin fəallığı mütləq tamaşanın janrına, obrazın xarakterinə, bədii tutumuna, rejissorun əsərdə izlədiyi ali məqsədə uyğun olur.

Sabir Məmmədovun aydın diksiyası, lətafətli və yumşaq səs tebmbri səhnədə aktyorun başlıca ifadə vasitələrindən biridir. Buna görə də, obrazın xarakterindən asılı olmayaraq, Sabirin səsi bütün məqamlarda qulaqlara dinclik verir. O, səsinin ahəngini ustalıqla idarə edir.

Sabir Məmmədov daxili coşqunluğunu, ona bağlı olan ehtirasını aramsız ardıcıllıqla ifa etdiyi səhnə personajının ruhunda saxlayır.

Sabir Məmmədov kiçik, hətta bəzən bədii cəhətdən sönük, zəif obrazları ifa etmək məcburiyyətində də qalıb. Amma və di gəl ki, aktyooq məhz həmin vəziyyətlərdə də bacarıq və ustalığını səxavətlə “xərcləyə” bilib.

Mənim fikrimcə, ustad aktyor səhnədə eyni anda həm hiss etməyi, emosional yanaşma-qavramanı, həm də fikirləşməyi bacarmalıdır. Bacarıb onları ahəngdar qovuşuqla ifasının canına hopdurmağa qadir omalıdır. Sabir Məmmədovun yaradıcılığına ehtiram və sevgimin kökündə onun yuxarıda dediklərimə qadir olması durur...

Bütün bunlarla yanaşı, arzu edərdim ki, rejissorlar Sabir Məmmədovun istedadının görünməyən cəhətlərinin axtarışları üçün daha cəsrətli addımlar atsınlar...

# 857 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #