news-inner
clock09:00 calendar-gray 19 Sentyabr 2016 view-gray120 dəfə oxunub
view-gray120 dəfə oxunub

Azərbaycanlı filosof: “Sartrda səadət yoxdu, amma Oşoda var”

Kulis.az filosof Müşfiq Ötgünlə müsahibəni təqdim edir.

- Müşfiq müəllim, xarici qonaqlardan, uzun müddət ölkədən kənarda yaşayan soydaşlarımızdan belə fikir eşidirik: Sizin adamlar gülərüz deyil, qurudurlar, qaraqabaqdırlar. Siz də belə şeylər müşahidə edirsiz, yoxsa kənardakıların boş fikirləridir?

- Elə bir şey var. Bizim insanımız çox sıxılır. Uşaqlıqdan sıxılır. Mədəniyyətimiz çox kateqorikdir. Tutalım ki, Avropada çərçivələri qıran, tabularla vuruşan filosoflar olub. Amma biz o mərhələlərin hamısını keçməmişik. Bizim bir çox tabularımız diridir və o tabular insanları yaralamaqda davam edirlər. Bizim ciddiliyimiz də ondandır. Geyimlərimizdəki ciddilik də ondan irəli gəlir. Biz səhv etməkdən qorxuruq. Biz qorxuruq allı-gülü geyinsək səhv edərik və bu səhv bizə çox baha başa gələr. Çünki ictimai fikir bizdə tirandır. İctimai fikir o dəqiqə lağ edəcək, ictimai fikir o dəqiqə şayiəyə çevirəcək ki, sən filan vaxtı filan rəngli kostyum geyinmişdin. Ona görə də insanlarımız daha çox qara, boz rəngli geyimlərə üstünlük verirlər. Və çalışırlar ki, rənglərdə aşırıya getməsinlər. Bu da daxili qorxaqlıq və sıxıntının ifadəsidir.

- Dediyiniz xüsusiyyətlər nədən qaynaqlanır.

- Bu mədəniyyətimizdən qaynaqlanır. Mən bunu İslam mədəniyyəti ilə də bağlayıram. Ümumən şərqliliyimizlə də əlaqədardır. Ətraf xalqların da bizə təsiri var. Nağıllarımızda, mahnılarımızda böyük hikmətlərlə yanaşı tabularımız da nəsildən-nəslə ötürülüb. Bununla ziyalılar mübarizə aparmalıdır. Elə bir dünya olmalıdır ki, orda uşaq özünü çox yaxşı hiss eləsin.

- Onda uşaqlardan başlamaq lazımdır?

- Bəli. Biz insanları birinci uşaqlıqdan “Prokrust çarpayısı”na salmağa başlayırıq (bilirsiniz, belə bir yuyan mifi var “prokrust çarpayısı” adlı. Prokrust adlı zalım zalım birisi admları uzadardı o çarpayıya, boyu uzunları kəsərdi, balacaları isə dartıb uzadar, çarpayı boyda edərdi. Bütün hallarda insanlar şikəst olur, ölürdülər). “Xalxın uşağı” adlı bir standart yaratmaqla hamını o standartla şikəst edirik. Uşaq böyüdükcə də “xalxın əri”, “xalxın arvadı” kimi standartlar yaratmağa davam edirik.

- Yəni ictimai fikir bizdə dominantdır.

- Fərd üçün, fərdiyyat üçün yer azdır. Ümumən, bizim mentallıqda fərdin özünüifadəsi üçün böyük diapazon ayrılmayıb. Məsələn, sən gəncsənsə özünü bu cür aparmalısan, yaşlısansa özünü başqa cür aparmalısan. Mən gənc olanda bunun problemlərini yaşayırdım, yaşlanandan sonra gördüm ki, yaşlılığın da başqa problemləri var. Bizdə müəllim olmağın da öz problemləri var, məmur olmağın da. Xaricdə nazirlər, baş nazirlər, Facebook, Twitter işlədirlər, velosipeddə işə gəlirlər. Camaatla danışırlar. Bizdə çox böyük sıxıntı var. Bizdə hansısa bir məmur, məsələn, rektor, direktor belə eləməz. Çünki içəridə böyük bir ünsiyyət qorxaqlığı var. Səhv eləməkdən qorxurlar, səhv buraxanda nolar ki? Ona görə də bizdə ömrün bütün fəsilləri üçün qəliblər mövcuddur.

- Gələcək nəsillərin bu cür olmaması üçün nə etmək lazımdır?

- İndi öyrənmək vaxtıdır. Dünya açıq dünyadır. İnsanların başqa ölkələrdə yaşayan yaşıdlarından öyrənmək, müqayisə eləmək imkanı var. Bizdən pis yaşayanlar, bizdən çox-çox yaxşı yaşayanlar var. Hər ikisi ilə əlaqələrimizi gücləndirməliyik. Bizi ən pisə aparacaq tendensiyalar nədir, bunları dərk etməli və bizi daha yaxşı cəmiyyətlərin sırasına aparan tendensiyaları mənimsəməliyik. Çünki birinci cəmiyyət olmalıdır, cəmiyyət varsa ölkə olacaq. İnsan potensialı azdırsa o ölkənin uğurları da elə o cür olacaq.

- Öyrənmək dedikdə oxumağı nəzərdə tutursuz.

- Təkcə oxumaq, yox, öyrənmək, müqayisələr aparmaq, hətta yamsılamaq da bura aiddir.

- Təqlidi normal qarşılayırsız.

- Əlbəttə. Təqlid öyrənmə prosesinin ilkin mərhələsidir. Uşaqlar dünyanı təqlidlə öyrənirlər. Uşaqlar “həkim-həkim”, “müəllim-müəllim” oynamaqla, oyunla dünyanı dərk edirlər. Burda ayıb heç nə yoxdur. Hansısa bir adam qərblilər kimi saqqal buraxanda, ya saç düzümünü o cür edəndə bizdə gülürlər ki, özünü qərblilərə oxşatdı. Qoy, oxşatsın da, burda qəbahət nə var?

- Əsrin əvvəllərində bizim ziyalılar, elm adamları daha radikal idi. İstər saqqalları, istər geyimləri kəskin fərqlənirdi.

- Onlara xalq “abrazovonski” kimi baxırdı. Sivilizasiya görmüş azərbaycanlı ilə adi xalq arasında ziddiyyət var idi və Mirzə Cəlil, Nəcəf bəy Vəzirov və başqaları bu ziddiyyəti əsərlərində yazırdılar. Xalqın özünüdərkinə xidmət edirdilər. İndi teatr əvvəlki funksiyasında deyil. Media da əvvəlki funksiyasında deyil. İndi elektron dünyadır. Mən əminəm ki, Cəlil Məmmədquluzadə sağ olsaydı sosial mediada profil açıb status yazacaqdı. Çünki oxuyan publika hardadırsa, yaradıcı adam da ordadır. Humanitar elm də hazırda bu səbəbdən məlum böhran yaşamaqdadır. Əslində elmi konfranslar, elmi jurnallar qapalı dairə üçün xidmət göstərir. Texniki sahədə belə bir problem yoxdur, çünki o zatən qapalıdır, amma humanitar sahədə bu ciddi problem yaradır. Humanitar ziyalılarımız auditoriyadan ayır düşüblər. Xalqdan ayrı düşən ziyalı da qurumuş ağac kimidir. Ona görə sürətlə müasirləşmək lazımdır. Ziyalılar klublar, forumlar formasında xalqla ünsiyyətə girməlidir. Amma bütün bunlar əvvəlki kimi “ciddi”, “quru” səciyyə daşımamalıdır.

- Belə bir status yazmışdız ki, filosof üçün ciddi mövzu, yüngül mövzu yoxdur. O, istədiyi mövzuda danışa bilər.

- Biz elə bilirik ki, ancaq fundamental məsələlərdən danışmaq lazımdır və elə danışmaq lazımdır ki, dediyinin yarısını mütəxəssis olmayan adam başa düşməsin. İmkan varsa heç özün də başa düşməyəsən (gülür).

- Ona görə sosial şəbəkədə bu qədər aktivsiz? Demək olar hər mövzuda yazırsız.

- Bəli. Platonu, Sartrı, Kamyunu, Konfutsini oxusalar görərlər ki, onlar çox sadə şeylərdən danışıblar. Platon fahişədən danışa bilər, amma bizim hansısa alimimiz fahişədən danışa bilərmi? Auditoriyadan on dəfə üzr istəyəcək.

- Nəinki fahişə, tutalım biri qadınından danışanda belə ifadə işlədir: üzr istəyirəm, uşaqların anası...

- Bu fikir ümumiyyətlə seksizmdir. Burda qadın seksual obyekt kimi göstərilir. Bu tanıtımın içində çox böyük psixoloji gərginlik var. Kişi öz qadınını təqdim edəndə böyük gərginlik hiss edir.

- Yeri gəlib birini də deyim: Anam-bacım olsun. Kiminsə anası-bacısı, həyat yoldaşı haqqında danışanda belə deyirlər.

- Yəni mən ona təcavüz eləyəsi deyiləm ha. Bunlar hamısı daxili gərginliyin təzahürüdür. Bunu deyən adam düşünür ki, qarşımdakının arvadı haqqında danışacam, o narahat olacaq, üstəlik danışan özü də buna görə narahat olacaq. Buna görə də özünü sığortalayır. Bunlar hamısı daxili yazıqlığımızın təzahürüdür. Cəmiyyətdə inkişaf eləməlidir, böyüyüb çıxmalıyıq belə şeylərdən. Bunun üçün də xariclə çoxlu kontaktda olmalıyıq. Yoxsa bunlar elə belə düzələn deyil. İnkişaf etmiş cəmiyyətlərdən öyrənməliyik. Amma bunun əvəzinə bizim konservatorlar Qərbdə homoseksualizm, pedofillik kimi şeyləri tapıb çıxarırlar və deyirlər ki, Qərb budur. Qərbin ən pis şeylərini üzə çıxarırlar ki, ay camaat, getməyin Qərbə sarı, çünki son nəticədə siz də belə olacaqsınız... Yaxşı edib Qərb kimi oluram, yoxsa sənin kimi olmalıyam?! Küçələrimizdə baş kəsilir. Mən Şərqi nəzərdə tuturam. Orta əsrlərin nə qaranlıq üzü vardısa, hamısı bir anda üzə çıxdı. Düzdür Qərbdə də bir-birlərinin başını kəsiblər, Varfolomey gecəsini unutmuram. Amma onlar nə qədər də irəliyə getdilər daha sonra... Sonra da Qərbi ittiham edirik. Qərbin addımlarında humanizm görməyəndə şikayətlənirik. Qərb nə etməlidir? Özünü də daşımalıdır, səni də? Şərq özü öz qayğısına qalmalıdır. Biz Qərbdən getdiyi yolları öyrənməliyik, daha ərindən küsmüş arvad kimi Qərbi borclu çıxarmamalıyıq. Yox, Qərb elə ətrafa humanizm saçmalıdır, səni səndən də qorumalıdır, özündən də qorumalıdır. Belə şey olmur. Onların da öz təbii eqoizmləri, iqtisadi eqoizmləri, siyasi eqoizmləri var. Fakt budur ki, biz onların qapısını döyürük ki, gələk sizdə yaşayaq, onlar bizim qapını döymürlər. Bir dəfə imperator Konfutsidən soruşur ki, çiçəklənən ölkə hansıdır? Konfutsi deyir ki, çiçəklənən ölkə odur ki, içəridəkilər razıdır, uzaqdakılar da gəlmək istəyir. Əgər Şərq ölkələrində bu vəziyyət yaransa, o zaman desinlər ki, bizim böyük mədəniyyətimiz var. Hələlik isə, bu səfalətin içində öyünmək, qürrələnmək həvəsi yalnız qıcıq yaradır.

- Sözlərinizdən belə çıxdı ki, siz də Qərb dəyərlərinə önəm verirsiz...

- Amma özüm Şərq fəlsəfəsi üzrə ixtisaslaşmışam.

- Elə ora gəlmək istəyirdim.

- Mən Şərq fəlsəfəsinin aşiqiyəm. Şərq aləminin daxili gözəlliyinin nə olduğunu yaxşı bilirəm.

- Deyəsən Hegel də deyirdi ki, Şərqdə fəlsəfə yoxdur.

- Hegel Şərqi küçümsəyirdü. O, Şərqi yaxşı tanımırdı. Hegel dahidir, amma hər şeyi bilə bilməz. Əlbəttə onun dahiyanə olduğu tərəflərindən öyrənmək lazımdır. Hansısa bir fikri yetərsiz çıxa bilər, bunu əldə bayraq etmək lazım deyil. Məsələ burasındadır ki, mən Şərqin fəlsəfəsini sevirəm, ədəbiyyatını sevirəm, musiqisini sevirəm, amma Şərqin indiki durumunu sevmirəm. Onun indiki durumu: mənəvi və maddi səfalətdir.

- Bəs onda bu fəlsəfə, bu poeziya, bu musiqi nəyə gərək?

- Məsələ burasındadır ki, bu dediklərimiz çox az qismin, elitanın yiyələnə biləcəyi səviyyədir. Kütlə bu dahiləri ilə öyünür, çünki öyünmək onun tələbatıdır. Amma reallıqda o səviyyəyə qarşıdır. Şərq Buddanın, Konfutsinin, Ruminin, Rabindranat Taqorun əlində deyil, Şərq cəhalətin əlindədir. Şərq anti muğamdır, anti Buddadır, anti Məhəmməddir, anti Zərdüştdür. Əllərindəki bayraqlara çox da fikir verməyin.

- Saxtakardılar.

- Saxtakar deyəndə, bu, kütlə və elita ziddiyyətidir. Bilirsiz, buralar qaranlıqdır.

- Bəs siz bu qaranlıqdan xilası nədə görürsüz?

- Şərqin ruhaniyyata meyli var. Şərq fəlsəfəsinin dadı başqadır. Ona görə Şərq həmişə bu istiqamətdə gedəcək. Amma Şərq indi Qərbdən elmi, dövlət idarəçiliyini, optimal idarəetməni öyrənməlidir. Şərq şəxsiyyətə hörmət etməyi öyrənməlidir. Baxmayaraq ki, şəxsiyyətin nə olduğunu tarixən Şərqin dahiləri göstərib. Məsələn İsa. Qərb İsanı xristianlaşdırsa da, o, Şərq dahisidir. İsanı düşüncəsinə görə edam ediblər. Qədim yunanlar da Şərqin tələbələri idilər. Sokrat, Platon... Yəni şəxsiyyətin böyüklüyü ilk dəfə Şərqdə təzahür etsə də, indi bunu Qərb daha yaxşı anlayır. Biz isə yenidən öyrənməliyik. Şəxsiyyət - ayrıca bir dövlətdir. Quranda var ki, hər insan bir dünyadı, bir insanı xilas etmək - bir dünyanı xilas etməkdir. Bunu deyirlər, amma əməl etmirlər.

- Belə bir məşhur fikir də var: bu əsl İslam deyil. Sizin sözünüzdən də belə çıxdı ki, əsl Şərq elə o kitablarda, o şəxsiyyətlərdə gizlənib, bunların heç birinin bizim həyatımıza dəxli yoxdur.

- Belə bir şey deyim, bu dəqiqə Məhəmməd peyğəmbər dirilib gəlsə, müsəlmanlar onu öldürər. Durum budur.

- “Karamazov qardaşları” əsərində “Böyük İnkivizitor” bölməsində oxşar şey İsanın başına gəlir. İsa, dirilib gəlir, inkivizitor isə onu öldürtdürür.

- Məhəmməd kimi incə ruhlu bir xarakter indiki Şərq üçün əlçatmazdır. Heç bugünkü şərqlilərə bənzəmir. Quranı oxuyun, onun xarakteri ordan görünür. İndiki Şərq anti Məhəmməddir, anti Əlidir. Bu adlardan istifadə edirlər öz məqsədiləri üçün. Bunu kütlə başa düşməyə bilər. Amma düşünən adamlar bunun fərqində olmalıdırlar və daha kütlənin dəyirmanına su tökməli deyillər. Məsələ bundadır.

- Belə bir kitab var: “Bizim yerimizə Budda olsaydı nə edərdi”. Kitabda müxtəlif situasiyalar verilir, misal üçün Budda dayanacaqda avtobus gözləsəydi nə edərdi və sonra onun əməli Budda mətnləri ilə əsaslandırılır. Böyük şəxsiyyətləri bu cür örnək götürmək olarmı?

- Caizdir, amma bunun özü də təhlükəlidir. Öyrənmə prosesini bütləşdirmək olmaz. Bunun da sıxıntılarını yaşayırıq. Biz fit çalan və mahnı oxuyan Buddanı təsəvvür eləmirik, məsələn, bizə görə Budda çox ciddi, heç səhv buraxmayan adam olub. Elə deyil. Biz mədəniyyəti bütləşdirdikcə həyata hörmətimizi azaltmışıq.

- Bəlkə hər şeyi ideallaşdırdığımız üçün uğursuzluğa düçar oluruq.

- İdeallaşdırmaq prosesində ağlımız işə düşür. Həyatı real olaraq qavramaq əvəzinə onun ideal təsəvvürləri ilə uğraşırıq. Ondan sonra həyatı ağlımızdakı sxemə tabe elətdirməyə başlayırıq. Belə olan halda mədəniyyətin özünün zülmü yaranır. Ona görə bu cür modelləşdirmə zərərlidir. Həyata hörmət eləmək lazımdır. İsa, Məhəmməd, Budda kimi obrazlardan da həyatı anlamağa açar kimi istifadə eləyə bilərik, amma həyatı o insanların obrazlarından yaranmış qəfəsə salmaq lazım deyil. Bu halda həyata qarşı cinayət işləmiş oluruq. Ona görə mədəniyyətlə həyat arasında tarazlığı qorumalıyıq. Yoxsa həyat ölür. Həyat cəhalətdən də ölür, mədəniyyətdən də. Çox mədəniləşmiş adam ölü təsiri bağışlayır, qurumuş ağaca bənzəyir. Çox oxumuş adam axmaq təsiri bağışlaya bilir.

- Niyə?

- Çünki zamanla mədəniyyət həm də sənin ağlının diriliyini öldürür. Sən həyatı olduğu kimi müşahidə eləmirsən, mədəniyyət çərçivələri, şablonları canlı müşahidəni əvəz edir və o zaman həyatla əlaqən itir. Ona görə, Buddanın bir fikrini çox bəyənirəm. O bir çox şeyləri qarşısına “düzgün” təyini əlavə edərdi. Məsələn, “düzgün fikir”, “düzgün müşahidə”, “düzgün səy” və s. Elə oxumaq da “düzgün” olmalıdır, mədəniyyətdən yararlanmaq da. Bir şey dönüb əksinə çevriləndə fərqində olmaq lazımdır. Bir də gördün, oxuyub əlaçı oldun, amma ağıllı adam olmadın.

- Müşfiq müəllim, son vaxtlar Oşoya maraq ciddi artıb. Amma cəmiyyətdə birmənalı qəbul olunmur. Oşo kimdir?

- Oşo çox unikal şəxsiyyətdir, Şərq dahisidir, müasir Buddadır. Böyük reformatordur. O mənə bir şeyi öyrətdi: bu dünyanı, bütün sosial institutları ilə, biz özümüz yaratmışıq, özümüz də dəyişə bilərik. Əgər dünya pisdirsə, onu biz bu hala gətirmişik. Bu, dahiyanə fikirdir. Oşo bunu sadəcə ideya olaraq demir. Onun fəlsəfəsinin ruhu səni buna inandırır. Azadlıq və məsuliyyət dərsini eyni zamanda keçir oxucularına.

- Bir adam niyə Sartrı və ya başqa bir Qərb filosofunu qoyub Oşonu oxumalıdır?

- Oşo səadət qoxuyur. Jan Pol Sartrda isə böyük azadlıq var, o bütqırandır. Sart azadlığa doğru gedən yoldur. Amma bu yolda hələ səadət yoxdur. Oşoda səadət də var. Oşo Şərq fəlsəfəsinin zirvəsini ifadə edir. Qərbin ən böyük filosoflarını götürsək - Kantı, Hegel, Haydegger, Kamyunu - onlar səadətə gedən yolda olan adamlardı, Oşo isə səadətə çatmış adamdır. Səadət nədir? Bilirsiniz, insanın sonsuzluqla problemi var. Bu onu incidir. O ölümlüdür, sonludur, varlıq isə sonsuz və əbədi. Şərq fəlsəfəsi insanı sonsuzluq və əbədiyyətlə barışdırır, belə demək olarsa. Və daha artıq, “sən elə sonsuzluğun, əbədiyyətin özüsən”, deyir. Bu həqiqətin dərki böyük bir səadət yaşantısı verir insana. Şərqin həll etdiyi əsas məsələ budur. Qərb fəlsəfəsi bununla məşğul olmur, onu başqa problemlər məşğul etdi. Məsələn,“fərd–cəmiyyət”, “fərd-dövlət” konflikti və s. Əslində, çox istərdim ki, Şərqin filosofları bir az da sosial cəmiyyət haqqında danışaydılar, Füzulilər, Rumilər elə hey məhəbbətdən, ilahi eşqdən yazdılar. Bir az da şəxsiyyət azadlığından, fikir müxtəlifliyindən, vicdan azadlığından danışaydılar gərək. Amma danışmayıblar, kütlədən qorxublar. Şeirlərində çox böyük məqamlara eyhamlar edibər, amma bu mövzular işlənməmiş qalıb bizim şüurumuzda. Və bu gün biz autsayderik.

news-inner-user
Mirmehdi Ağaoğlu

542 məqalə

Paylaş

Oxşar xəbərlər