news-inner
clock11:49 calendar-gray 08 Sentyabr 2016 view-gray210 dəfə oxunub
view-gray210 dəfə oxunub

Qanadlarım ağrıyır - HEKAYƏ

Kulis.Az gənc yazar Həmid Piriyevin hekayəsini təqdim edir.

ki, sənin qanadların qırılmaq istəmirdi...

Hədiyyə Şəfaqət

Hərdən elə bilirdi quşdu. Uçmaq istəyirdi, uça bilmirdi...

Püstəxanım talvarın altında oturmuşdu. Alaqapının balaca gözü aralandı.

“Pistə... Ay Pistə...”

Püstəxanım səsi eşitmədi, qocaldıqcan qulağı ağırlaşmışdı. Qapı bir az da aralandı, Süriyə başını içəri soxdu.

“Ay Pistə...”

Gördü Püstəxanım oturub, içəri girdi. Alçaqdan danışa-danışa yaxına gəldi. Öz aləmində Püstəxanımnan əhval tuturdu. Püstəxanımın fikri uzaqlardaydı, Süriyə yanına çatanda başını qaldırıb onu gördü.

“Ay Süryə, xoş gəlmisən.”

Süriyənin əlində bir salxum şirəyi üzüm vardı. Bayaq alçaqdan verdiyi sualı indi bərkdən verdi.

“Pistə, neynirsən, necəsən?”

Püstəxanım əllərini açıb başını yellətdi.

“Mənəm də... Oturmuşam.”

Sonra ayağına söykədiyi əsasını əlinə götürüb ayağa durdu.

“Gəl gedəy içəri.”

“Yox, tələsirəm. Ay Pistə, bax gör abqora çəkməy olar?”

Püstəxanım gözlərini qıyıb salxıma baxdı.

“Həri, şirəyə dolur. Əsil vaxtıdı.”

“Bildir baş qarışıq oldu, imkan olmadı sıxmağa. Qışda bir gilə abqora tapa bilmədim. Heç olmasa bu il əlim yerdə qalmasın.”

Süriyə əlini sağ ol mənasında yellədib yenə dodaqaltı Püstəxanımnan sağollaşa-sağollaşa qapıya tərəf getdi.

“Ay Süryə, heç olmasa içəri keçəydin.”

“Yox e, tələsirəm, ay Pistə. Gələn səfər...”

Püstəxanım Süriyənin dalıncan gəlib qapını yaxşı bağlayıb-bağlamadığını yoxladı. Sonra qapının poçt deşiyindən bayıra baxdı. Alaqapı köhnəydi, üst-üstə rənglənib ağırlaşmışdı, altı çürüyüb yerə oturmuşdu, on-on beş ildi böyük tayları açılmırdı. Qırx-qırx beş il qabaq köhnə evi böyüdəndə qapını da təzələmişdilər, taxta qapını çıxardıb yerinə bu dəmiri qoydurmuşdular. Qapının içəri tərəfində poçt yeşiyi vardı. Hər gün poçtalyon abunə yazıldıqları qəzeti-jurnalı gətirib bu deşikdən yeşiyə buraxırdı. Doxsanıncı illərdə bu ənənə yığışdı, daha qəzetə-filana abunə yazılmırdılar, poçtalyon da gəlmirdi. Onda Püstəxanımın kiçik oğlu poçt yeşiyini çıxartdı, amma deşiyi qaynaqlamadılar. O vaxtdan Püstəxanım bekar olanda çıxıb dayanırdı bu deşiyin qabağında, kəndin içinə baxırdı. Qapıdan aralanmamış Nərgiz gəldi. Nərgizin bir az aralıda pal-paltar dükanı vardı. Amma adı pal-paltar dükanıydı, ələ keçən hər şeyi satırdı Nərgiz. Subaşına Püstəxanımgilə gəlirdi. Vaxt keçdikcə doğmalaşmışdılar, qızı kimi olmuşdu. Bir də görürdün çiməndə gəlib kürəyini kisələyirdi, azarlayanda iynələrini vururdu.

Nərgiz salamlaşıb subaşına keçdi. Çıxıb əllərini yudu, təzədən qayıdıb talvarın altındakı stulda oturan Püstəxanımın yanına gəldi.

“Püstə xala, necəsən?”

“Babatam...”

“Nəsə lazımdı?”

“Yoox, yox. Heç nə.”

“Yaxşı, onda, dükan təkdi, gedim. Bir azdan gənə gələrəm.”

Nərgiz qapıya çatanda Püstəxanım səslədi onu.

“Ay Nərgiz, o uzun corablardan varındı?”

“Hə, var. Gətirərəm indi.”

Püstəxanım il uzunu eyni uzunboğaz, qəhvəyi corablardan geyinirdi. Nərgiz becid-becid gedib iki cüt corab gətirdi.

“Gəl pulunu verim.”

“Püstə xala, keçən dəfə çox vermişdin. Lazım deyil.”

Püstəxanım ancaq lazım olandan-olana nəsə alırdı. Hamısını da Nərgizə tapşırırdı. Nərgiz bilirdi onun nə istədiyini, nə geyindiyini. Amma heç vaxt pul almırdı. Çox vaxt aldadırdı Püstəxanımı. Ya deyirdi, keçən dəfə çox vermisən, ya deyirdi gələn dəfə verərsən. Püstəxanım da inanırdı ona. Qocaldıqca huşu gedirdi, hər şey yadından çıxırdı.

Nərgiz getdi.

Püstəxanım əsasını ev qapısının kandarında söykəyib evə girdi, heç vaxt əsayla evə girmirdi. Corablardan bir tayını çarpayısının üstünə qoydu, o biri tayını apardı içəri otaqda şifonerə qoysun. Şifonerin orta gözündə bir cüt də bu corabdan varmış. İndi görürdü. Dodaqaltı qocalığının dalınca deyinib şifoneri bağladı.

Keçib televizoru yandırıb çarpayıda oturdu. Əvvəllər bekar olanda otururdu evdə, eynəyini gözünə salıb atasıyçun, anasıyçun, əriyçün yasin oxuyurdu. Axır vaxtlar gözləri lap korlanmışdı, heç eynəklə də oxuya bilmirdi.

İdarəedicini götürüb televizorun səsini qaldırdı. Xəbərləri verirdilər. Amma onun fikri başqa yerdəydi, diktorun dediyini eşitmirdi...

Gözlərini açanda gördü ki, nəvəsi televizoru söndürür. Bu ən kiçik nəvəsiydi, böyük oğlunun sonbeşiyi. Gündə neçə kərəm gəlib başa çıxırdı.

“Hə, haçan gəlmisən?”

“İndi gəldim. Gördüm yatmısan, televizoru söndürdüm.”

“Huş aparıb məni.”

Gözlərini qıyıb stolun üstündəki balaca saata baxdı, günortanı keçmişdi.

“Nənə, bir şey lazımdı?”

“Aptekə get. Ürək dərmanımnan qarınişdətmə dərmanım qurtarıb.”

Uzun illərdi ki, bütün dava-dərmanını bu nəvəsi alırdı. Heç adlarını da demirdi, nəvəsi hamısını əzbərə bilirdi. Nəvəsi süfrənin küncünü qaldırıb pul götürdü, çıxdı. Beş-on dəqiqəyə qayıtdı. Dərmanları stolun üstünə qoydu. Cibindən pulun qalığını çıxarıb nənəsinə göstərdi.

“Köpegoğlu, qoy ora. Alladeceysən begəm məni?”

Nəvəsi sağollaşıb getdi.

Püstəxanım durub ürək dərmanından birini içdi. Nəsə ürəyi sancmağa başlamışdı. Durdu ayağa ki, həyətə çıxsın. Telefon zəng çaldı. Bacısıydı, kiçik bacısı. Beş-on kəlmə hal-əhval tutub sağollaşdılar.

Çıxıb həyətdə oturdu. Az keçmiş talvardan üstünə çöp düşdü, başını qaldırdı görsün nədi belə. Düz o oturan yerin üstündə, meynə çubuqlarının arasında çöl göyərçinləri yuva qurmuşdu. Bu göyərçinlərə kənddə poçt göyərçini deyirdilər. Lap balaca uşaq olanda kimsə demişdi ki, bu göyərçinlər dava vaxtı kara gəlir, onlarla məktub göndərirlər. Atasıydı bunu deyən. Göyərçinlərdən biri yuvanın yanında oturmuşdu, dimdiyində çöp vardı.

Gün əyilənəcən həyətdə oturdu. Arada Nərgiz iki dəfə də gəldi, axşamüstü də nəvəsi gəldi. Tək bu nəvəsiydi gəlib ona dəyən. Böyük oğlunun o biri uşaqları işləyirdilər, vaxtları olmurdu. Kiçik oğlunun uşaqlarısa aylardı qapısını açmırdılar...

Şər qarışanda həyətin işığını yandırdı, alaqapını daldan bağlayıb evə girdi. Günortadan qalma xörəklə bir fal çörək yedi. Keçib yerində uzandı. İllərdi ki, tək yaşayırdı. İki oğlu vardı, heç birinin yanına getmirdi. Deyirdi ki, bu həyətə gəlin gəlmişəm, bu həyətdə də ölmək istəyirəm.

Arvad gecə-gündüz tək idi.

Vaxt keçdikcə arvadın ağlı qarışırdı. Ən əvvəl huşsuzluğu başladı. Uşaqlıqda, cavanlıqda elədiyi, gördüyü şeylər hamısı yadındaydı. Amma təzə şeylərin hamısı yadından çıxırdı. Sonra ölənlər gözünə görünməyə başladı. Amma arvad bilmirdi ki, bunları yuxuda görür, ya doğrudan. Bir-iki həftə qabaq da durub öz ata həyətinə getmişdi. Səhərə yaxın yuxuda atasını görmüşdü, anasını görmüşdü, görmüşdü ki, qardaş-bacıları hamısı balacadılar, həyətdə oynayırlar, qəribsəmişdi həyətçün. Durub getmişdi ora. Həmin həyətdə indi qardaşı uşaqları yaşayır... İndi də gözünü yuman kimi ölənlər gəlib sıraya düzüldü qabağında. Sonra talvarda yuva quran poçt göyərçinini gördü. Çöp də dimdiyindəydi, dayanıb Püstəxanıma baxırdı. “Mən də sizdənəm,” dedi Püstəxanım, “Amma uça bilmirəm. Qanadlarım ağrıyır..”

Bilmirdi az yatdı, ya çox. Bir də gördü ki, otağın qapısı açıldı, rəhmətlik əri Rəhim girdi içəri.

“Ay Püstə,” - dedi, - “dalınca gəlmişəm. Dur, gedək.”

Püstəxanım heç nə demədi. Durub şifonerdən təzə paltarını götürüb geyindi, bayaq Nərgizin gətirdiyi corabı ayağına keçirtdi, təzə yaylığını da başına bağlayıb əsasını da götürdü. Rəhim bayaqdan dayanıb onu gözləyirdi. Heç sağlığında belə hövsələli deyildi. Rəhim qabaqda, Püstə də dalınca evdən çıxdılar...

Səhər nəvəsi gələndə gördü ki, qapı qıfıllıdır. Evə xəbər elədi, əmisigildən soruşdular. Qohum-qonşuya zəng elədilər. Arvad heç yerdə yoxdu. Aləm dəydi bir-birinə. Gəzmədikləri yer qalmadı. Axırda arvadın meyitini Fatmayı şorundan tapdılar. Yaylığı yolda açılıb düşmüşdü. Qapıdan asdığı qıfılın açarısa corabının boğazında idi...

İyul, 2016

news-inner-user

16060 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Ziyalılar karantinlə bağlı müraciət etdi
11:16 06 Avqust 2020
Məşhur rejissordan yeni film gəlir - Treyler
10:38 06 Avqust 2020
"Min bir gecə" Vyanada nümayiş olundu
10:04 06 Avqust 2020
İtin kolbasasını uşağına verdiyi üçün villadan qovulan fəhlə - Varisin yeni hekayəsi
08:59 06 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Ayaz Salayevi mükafatlandırdı
18:57 05 Avqust 2020
Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...
18:12 05 Avqust 2020
Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar
17:41 05 Avqust 2020
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu
17:11 05 Avqust 2020
Məşhur yazıçı həbs olundu
16:28 05 Avqust 2020
Stiven Kinqdən yeni roman
14:50 05 Avqust 2020
Nə düşünürsən, Günel? - Orxan Həsəni yazır...
14:21 05 Avqust 2020
“Məni qardaşım hamilə qoydu" – Qırmızı donda intihar edən qızın faciəsi
13:32 05 Avqust 2020
Kamal Abdulladan orijinal layihə - Müsahibə
12:56 05 Avqust 2020
"Altın Koza"nın keçirilmə tarixi bəlli oldu
12:14 05 Avqust 2020
Məşhur türk aktyoru vəfat etdi
11:20 05 Avqust 2020
Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020
"Kobra"nın silahdaşı vəfat etdi
10:09 05 Avqust 2020
Mahnıları dillərdə dastan olan 5 Azərbaycan filmi - Video
09:01 05 Avqust 2020
Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə
18:57 04 Avqust 2020
Məşhur romana çəkilən serialın ilk görüntüləri yayıldı - Foto
18:02 04 Avqust 2020