Bu əsərlər təkrar-təkrar oxunur – SORĞU

Bu əsərlər təkrar-təkrar oxunur – <span style="color:red;">SORĞU
8 avqust 2016
# 11:52

Elə əsərlər var ki, onlara təkrar qayıdırsan, dönə-dönə oxuyursan. Xatirələr kimidir o kitablar, həmişə yadına düşür, açıb vərəqləmək istəyirsən.

Bizim yazarlar hansı əsəri bir neçə dəfə oxuyub? Təkrar-təkrar qayıtdıqları əsərlər hansılardır?

Kulis.Az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Fəxri Uğurlu: “Elə çox deyil təkrar oxuduğum əsərlər. Daha çox hekayələri təkrar oxuduğum olur, dönə-dönə oxuduğum şeirlər isə hədsiz çoxdur. Mən Nodar Dumbadzenin “Mən, nənəm, İliko və İllarion” əsərini dönə-dönə oxumuşam. Bəzi əsərləri bütöv olmasa da, hissə-hissə oxuduğum olub. Məsələn, Tolstoyun “Hərb və Sülh” və Hüqonun “Səfillər” əsəri. Uşaq vaxtı “Səfillər”i oxuyanda bəzi şeylər sənə aydın olmur, zaman keçdikcə ordakı essevari hissələri oxumaq istəyirsən. Mən də yaddaşımı bərpa etmək üçün o hissələri oxumuşam. Sonra Turgenevin bir çox əsərlərini, əsasən “Atalar və oğullar”ı, Nizami Gəncəvinin “Xəmsə”sində bir neçə poemanı, “Don Kixot”u, Çexovun bir sıra hekayələrini, Şekspirin pyeslərini dönə-dönə oxumuşam. Bir də görürsən ki, yada salmaq üçün təkrar oxumaq lazım olur, içində daxili tələbat yaranır. Məsələn, Dostoyevskinin “İdiot” əsərini bir neçə dəfə təkrar oxumuşam, bütöv yox, hissələrini. Yadımdadır ki, Floberin “Madam Bovari” romanını iki, ya da üç dəfə oxumuşam. Sonra Balzakın “Qorio ata”, “Qobsek”, “Polkovnik Şabel” əsərlərini də təkrar oxumuşam”.

Yaşar: “Bir neçə əsəri dəfələrlə oxuduğum olub. Məsələn, Tomas Vulfun “Öz evinə bax, mələk” romanını, Andrey Platonovun bütün əsərlərini, Dostoyevskinin bir neçə əsərini təkrar-təkrar oxumuşam. Bundan başqa Folknerin “Avqust işığı”nı xatırlamaq istərdim. Bir də Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” dəfələrlə oxuduğum əsərdir”.

Səlim Babullaoğlu: “Aleksandr Düma “Üç müşketyor”, Daniel Defo “Robinzon Kruzo”, Jül Vern “Kapitan Qrantın uşaqları”, Servantes “Don Kixot”, Knut Hamsun “Aclıq”, Strindberq “Tənha” təkrar oxuduqlarımdan ilk xatırladıqlarımdır. Amma başqaları da var. Və bir də elə müəlliflər - şairlər var ki, mən zaman-zaman onları oxuyuram, təkrar-təkrar... Əlbəttə, mən bədii ədəbiyyatdan danışıram... Dini ədəbiyyat bir ayrıdır”.

Pərviz Cəbrayıl: “Təkrar oxuduqlarım: Çexovun, Tolstoyun, Buninin, Markesin, Turgenevin, Dostoyevskinin, Cek Londonun, Akutaqavanın, Drayzerin və onlarla yazıçının hekayələri. İncil, Servantesin “Don Kixot”, Dostoyevskinin “İdiot”, Turgenevin “Atalar və oğullar”, Tostoyun “Anna Karenina”, Herman Hessenin “Yalquzaq”, “Knulp”, Remarkın “Zəfər tağı”, Əkrəmin əsərləri, Markesin “Gözlənilən qətlin tarixçəsi”, “Polkovnikə heç kəs yazmır”, Patrik Zuskinin “Parfümer”, Kobo Abenin “Qumluqdakı qadın”, Drayzerin “Dahi” əsərləri. Yəqin ki, hələ bir xeylisi var bu anda xatırlamadığım. Yalnız öz kitablarımdan heç birini bir dəfə də oxumamışam” .

Elçin Hüseynbəyli: “Son bir neçə ildə Mirzə Cəlilin əsərləri stolüstü kitabımdır. Daim oxuyuram onu. Əcnəbi yazıçılardan isə Şolom Alexumun “Südçü Terye” əsərini dəfələrlə oxumuşam. Onun təsirindən bir pyes də yazmışdım. Əsas bu iki yazıçını son dövrlər çox oxuyuram. Cavanlıqda təkrar oxuduqlarım çox olub, amma təəssüf ki, yadımda deyil”.

Qismət: “Fransua Rable "Qarqantua və Pantaqruel", Stivenson "Dəfinələr adası", Qorki "Ana", Heminquey "Əlvida, silah" - bunları və başqa əsərləri məktəbdə, tələbəlikdə oxumuşdum. Bəzilərini, məsələn, Rableni yenidən oxumaq istəyirəm. Amma Qorki tipli yazıçılara yəqin ki, bir də qayıtmayacam”.

Sahilə İbrahimova: “Təəssüf ki, əksər əsərləri başdan-ayağa yenidən oxumaq vaxt məhdudiyyəti baxımından mümkün olmur. Bəzən hansısa hissə, dialoq, ifadə yadıma düşür, məhz o yeri açıb yenidən oxuyuram. Əziz Nesinin, Mopassanın hekayələrini, Hüseyn Cavidin dramlarını təkrar oxuduğum olur. Hüqonun “Səfillər”ini 3 dəfə büsbütün yenidən oxumuşam. Drayzerin “Cenni Herhard”ını 3-4 dəfə oxumuşam. Mənim üçün özəl əsərdi. Son dəfə yenidən oxuduğum əsərlər Lermantovun “Zəmanəmizin qəhrəmanı" Tolstoyun "Sergi ata" və "Kreyser sonatası" əsərləri olub”.

# 2168 dəfə oxunub

Oxşar xəbərlər

“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli

“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli

14:54 18 fevral 2026
Kişi “kim üçün?” sualının cavabını tapmalıdır... - Anar Şamil

Kişi “kim üçün?” sualının cavabını tapmalıdır... - Anar Şamil

11:30 18 fevral 2026
Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

13:00 17 fevral 2026
"Adam bir də ayılır ki, mafiyanın içindədir..." - Çayxanalara  xərclədiyimiz pulu niyə kitablara ayırmırıq?

"Adam bir də ayılır ki, mafiyanın içindədir..." - Çayxanalara xərclədiyimiz pulu niyə kitablara ayırmırıq?

12:00 17 fevral 2026
Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... -  Sual soruşmağı kim yasaqlaya bilər ki?

Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... - Sual soruşmağı kim yasaqlaya bilər ki?

17:20 10 fevral 2026
"Onun qəhrəmanları iyrənmədən yaşaya bilmirlər..." - Bernhardla Dostoyevskini nə birləşdirirdi?

"Onun qəhrəmanları iyrənmədən yaşaya bilmirlər..." - Bernhardla Dostoyevskini nə birləşdirirdi?

13:00 9 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər