news-inner
clock12:09 calendar-gray 29 İyul 2016 view-gray76 dəfə oxunub
view-gray76 dəfə oxunub

Qarajda boğulmamaq üçün nə etməli?

Aliyə yazır

Az qala daima “Nə baş verir?”, “Nə baş verəcək?” təlaşı içində olan günün insanı ölkədən, dünyadan xəbər tutmaq istəyir. Onun bu istəyi sadəcə təlaşından doğur, amma onun bu təlaşı da məhz xəbərlər yaradır. Bu günün insanı xəbər dovşanı kimi əzab çəkir... Nə olub-olmamasından asılı olmayaraq bu xəbərlər onu tərk silah edir. “Sənin edə biləcəyin heç nə yoxdur!” kimi gizli bir konsepsiyası var xəbərlərin. İnformasiya cəmiyyətinin vətəndaş cəmiyyətinə verdiyi bir töhfə də budur yəni.

Aldığın xəbərlərin üzərinə “öldürücü dozada” sözü yazılmır, çünki realda xəbər eşidən kimi ölən olmur. Ümumiyyətlə, “sənin edə biləcəyin heç nə yoxdur, sən bir heçsən” deyərək canına hopan xəbər yükünə qarşı immunitetimiz haradan ola bilər?

Sənət yaşamağı öyrədir, xəbər sağ qalmağı

Dünyanın terror gündəliyi bir yana, fərdi əhəmiyyət daşıyan xəbərlərdə faciəvi detalların qabardılması, dəhşət oyadan məqamların pornoqrafik şəkildə başlığa çıxarılması təhlükə hissini oyaq saxlayır, həm də ailənin, bədəninin sərhədlərindən kənarda baş verənlərə total laqeydlik yaradır. Daim qorunmaq mövqeyini aşılayır. “Necə olursa, olsun, sağ qalmaq!” şüarını qaldırır.

Qarajda avtomobilin kondisionerini qoşaraq içəridə sevişən və açıq hava ilə təmizlənməyən salonun zəhərli havasında boğulan qadın və kişinin xəbərində iki aspekt vurğulanır:

1. Onlar təklikdə, camaatdan xəlvət yerdə görüşüblər və bunun üstü açılıb (başqasının rüsvayçılığı!).

2. Avtomobil qapalı yerdə olduqda kondisioneri qoşub salonda çox qalmaq olmaz (analoji vəziyyət olsa hər iki mənada ayaq üstə qalmaq üçün bunu gözə almaq).

Xəbəri özü ilə identifikasiya edən oxucu və ya seyrçi sağ qalmaq haqda düşünür, təhlükə hər yerdədir. Amma bu ölümə sənət gözü ilə yanaşılsa nə baş verər? İlk ağıla gələni bir eşq hekayəsi filmidir. İki sevgilinin yaşadığı yüksək hisslərin qarşılığında hər hansı ölüm, hər hansı rüsvayçılıq kiçik görünür. Sənət yaşamağı vurğulayır. Əlbəttə, bu sadəcə bir versiyadır, onlar sevgili olmaya da bilər, onları ora gətirən həyat şərtləri və s. də filmin süjetini təşkil edə bilər. Amma bütün hallarda xəbərin bizim mətbuatın vurğulamaq istədiyi rüsvayçılıq çaları kölgədə qalacaq.

Sənət öz gücünə inanırmı?

Balaca bir araşdırma etsək, hər gün öldürücü dozada xəbər yükü alan, sosial ədalətsizlikdə uduzan insanımız onun dəyərlərini sağlam və güclü tutan, hər cür xəbərə immunitet yaradan qədər mənəvi qida alırmı?

Şou gerçək pozitivlik ötürmək gücündə deyil, bəd xəbərlərin şou ilə balanslaşdırmaq mümkün deyil. O, heç bir şəkildə “immunitet” ola bilməz.

Mənəvi deyəndə ilk olaraq ağla gələn din və sənətdir.

Din sözü bu gün daha çox mənəvi mənada yox, siyasi kontekstdə işlənir (Bu onun mənəviliyindən nəsə azaltmır deyəcək dindarlar, amma biz ona insanların xilas yolu axtarma gözü ilə baxırıq). Ehkamçı mahiyyəti, toxunulmazlıq tabuları, hakimiyyətlə arasındakı legitimlik alveri ilə din sənətlə bir müstəvidə dayanmağa tablamır. Sənətin mahiyyətindəki azadlıq, insanmərkəzçilik bu mənada dinlə ziddiyyət təşkil edir...

Amma...

Kim deyər ki, sənət də siyasiləşməyib?

“Hər şeyə, sosial düzənə, demokratiyaya, mesaja, məqsədə, seçimə laqeyd olan, özünü sıradan dünyadan ayıran və onun iyerarxik nizamını, əsas əlaqələrini tanımayan, ona yuxarıdan aşağı baxan sənət məhz bu laqeydliyi üzündən siyasidir, heç bir siyasi mübarizədə olmadığı üçün siyasidir”- Dicle Koylan adlı türk sənətşünası Jak Ransyerin “Estetikanın narahatlığı” (“Estetigin hüzursuzluğu”) kitabına şərhində belə yazır.

Nəinki bizdə, qonşu Rusiyada belə bir sual gündəmə gəlmişdi: Sənət siyasətə qarışmalıdırmı? Özünü bu dilemma qarşısında hiss edən (intuitiv olaraq) sənət adamları “Sənət siyasətə qarışmaz” kimi siyasi bir şüar (bəlkə də bəraət) səsləndirir.

(Yeri gəlmişkən, qarışmaqla iştirak etmək eyni şey deyil. Rus aktrisası Faina Ranevskayanın məşhur deyimindəki kimi: “Mən yumurta kimiyəm, iştirak edirəm, amma qarışmıram”)

Bu qorxu ilə sənətin hansı gücündən danışa bilərik? O öz dəyərlərinə, gücünə özü inanırmı?

Ümumiyyətlə, bu inamsızlıq yalnız hansısa coğrafiyaya – sosial ədalətsizliyin, tapdanan insan haqlarının, totalitarizmin hökm sürdüyü hansısa lokal məkana aiddir, yoxsa postmodernizm dövrünün əhval ruhiyyəsidir? İnformasiya qarşısında gücsüzləşib, özünü itirən sənət baş verənlərdə özünü məsuliyyətli sayırmı?

Gerçəkliklə qarşı-qarşıya dayanarkən hansısa suallar qoymaq gücü yoxdursa, onun bu gerçəkliyə toxunmağa haqqı çatırmı?

Deyəsən, həddən çox ümumi suallar oldu... Əlbəttə, sənət sözünü özü ilə bağlı işlədəndə özünü məsuliyyətli hesab edənlər üçün yox...

Sənət nəzəriyyəçisi Antonen Arto haqqında belə bir cümlə oxumuşdum: “Faşizm Avropanı bürüyəndə Arto ruhi xəstəxanada idi. Onun baş verənlərdən xəbərinin olub-olmadığı aydın deyil. Amma hətta xəbəri olsa belə bu onu təəccübləndirməz, qorxudmazdı. O, cəmiyyətdəki total laqeydliyi görüb, sənətin hər cür saxtalıqla, imitasiyalarla məsuliyyətdən qaçmasını görüb on dəfə artıq sarsıntı keçirmişdi. Və yəqin ki, faşizm onun üçün gözlənilməz dəhşət deyildi.”

news-inner-user
Aliyə

995 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Hüseyn Cavidin monoloqu - Hekayə
18:57 11 Noyabr 2019
Kamal Sunal haqqında bilmədiyimiz 10 FAKT
16:57 11 Noyabr 2019
Jerar Depardye İslam irsindən film çəkir - Foto
15:06 11 Noyabr 2019
Qab-qacaq səsi - Seymur Baycandan yeni hekayə
13:50 11 Noyabr 2019
"Paris Notr-Dam"dakı yanğına ithaf olunan tamaşanın premyerası - Anons
12:48 11 Noyabr 2019
Salam Sarvandan meyxana ilə bağlı şok açıqlama
11:55 11 Noyabr 2019
"Döyüşən teatr" 27 yaşını qeyd edir - Fotolar
10:57 11 Noyabr 2019
Sevda Ələkbərzadə: “Sazı dinləyəndə gözlərimdən yaş axır” – Söhbət
09:01 11 Noyabr 2019
Tanınmış şair “El bizim sirr bizim” verilişində aparıcı olacaq
09:55 10 Noyabr 2019
Qısa filmlər festivalının qalibləri mükafatlandırıldı - Siyahı
20:46 09 Noyabr 2019
Bit - Aqşin Yeniseydən hekayə
17:30 09 Noyabr 2019
Aşıqlar konsert proqramı ilə çıxış ediblər
16:24 09 Noyabr 2019
“Medeya. Sekvensiya 001” tamaşası nümayiş olunacaq
15:37 09 Noyabr 2019
Göyçayda Nar Festivalı keçirilir - Fotolar
14:48 09 Noyabr 2019
Xalq artistinin yubileyinə həsr olunmuş konsert keçirilib
13:40 09 Noyabr 2019
Məşhur rejissor cinsi zorakılıqda ittiham olunur
12:31 09 Noyabr 2019
İradə Tuncay: “Aqil şuluq adamdır” - Müsahibə
11:29 09 Noyabr 2019
Şuşada sən qonduğun daşa pir deyəcəyəm – Günün şeiri
10:03 09 Noyabr 2019
İntim səhnələrə görə bu filmdən imtina ediblər
09:00 09 Noyabr 2019
Azərbaycanlı şair vəfat edib
06:35 09 Noyabr 2019