news-inner
clock13:51 calendar-gray 21 İyul 2016 view-gray907 dəfə oxunub
view-gray907 dəfə oxunub

Haqqında yazı yazılmayan professor

Kulis.Az İmran Sabirovun “Professor Tərlan Quliyev – əruzşünas...” məqaləsini təqdim edir.

Mən Tərlanı – filologiya elmləri doktoru, professor Tərlan Quliyevi on ilə yaxındır ki, tanıyıram. Təqribən 2007-ci ildən etibarən iştirakçısı olduğum “Məclisi-üns” verilişinin çəkilişləri ilə əlaqədar olaraq, biz tez-tez görüşür, hal-əhvallaşırdıq. Sonralar bu dostluq qardaşlığa çevrildi. Bu müddət ərzində mən Tərlanın kitablarını, məqalələrini oxuyur, həmişə də onun haqqında nəsə bir yazı yazmaq, ürəyimdən keçənləri kağıza tökmək istəyirdim. Lakin, həmişə də Tərlan bu işi təxirə salır, “gələn dəfə, gələn kitabdan sonra, gələn məqalədən sonra yazarsan” deyirdi. Bu dəfə də elə oldu. Mən Tərlanın bu yaxınlarda çapdan çıxan “Dədə Qorqud kitabı”: bir müqəddimə, üç boy...” kitabçası haqqında yazı yazmaq istəyərkən, o yenə də bir qədər gözləməyi, hələ ki, üzərində işlədiyi məqaləni bitirdikdən sonra yazı yazmağımı məsləhət bildi. Nəhayət, bu məqalə də “Kredo” qəzetində işıq üzü gördü: “Kitabi-Dədəm Qorqud”: Oğuznamə, yoxsa Alban abidəsi?”. Beləliklə, bu vaxta qədər mən Tərlan Quliyev haqqında yazacağım yazıya başqa ad qoymağı fikirləşsəm də, onun bu məqaləsindən sonra mən də onun məqaləsinin adına uyğun olaraq, bu yazımın adını “Professor Tərlan Quliyev: əruzşünas, yoxsa qorqudşünas ? ” adlandırdım.

Bəri başdan deyim ki, yaradıcılığının otuz ili tamam olduğu 2015-ci ilə qədər professor Tərlan Quliyev haqqında 2012-ci ıldə, yəni onun 50 yaşı tamam olan ərəfədə professor Nizaməddin Şəmsizadə tərəfindən dostcasına, səmimiyyətlə yazılmış kiçik bir yazıdan və yenə də Nizaməddin Şəmsizadənin “Ədəbiyyat nəzəriyyəsi” adlı kitabında Tərlan Quliyevin əruz haqqında fikirlərini dəyərləndirən yazılardan başqa, demək olar ki, heç bir yazı yazılmamışdır. Bir də akademik Tofiq Hacıyevin Tərlanın 2006-cı ildə cağataycadan Azərbaycancaya çevirərək nəşr etdirdiyi Əlişir Nəvainin “Mizanül-övzan” əsərinə yazdığı “ön söz”də Nəvaini və “Mizanül-övzan”ı gözəl şəkildə təqdim etdikdən sonra, Tərlan haqqında yazdığı sətirlərdən başqa: ”Bü gün Əlişir Nəvainin bu əsərinin Azərbaycan türkcəsinə tərcüməsi filologiyamız üçün bir hadisədir. Əsər təkcə elmi əsər kimi yox, həm də məhz əruz kimi mürəkkəb bir sahəni ələ aldığı üçün onun tərcüməsi, açıq desək, çox çətindir. Elmlər doktoru Tərlan Quliyev bu çətinliyin öhdəsindən uğurla gəlib. Onun uğuru əruzu gözəl bilməsindən gəlir – Tərlan Quliyev əruzu mükəmməl bilməklə yanaşı, həm də bu elmin tarixinə, əruzşünaslığın tarixinə yaxşı bələddir. Mən bu tərcüməni tərcüməçinin təkcə usta tərcüməçiliyi yox, həm də dərin elmi yaradıcılığı kimi qiymətlndirirəm. Bu yaradıcılıq onun şərhlərində də aşkar görünür”.

Bu mənada, mən də bütün bunları nəzərə alaraq, bu yazımda Tərlan Quliyevin yaradıcılığına daha geniş və ümumi şəkildə bir nəzər salmaq istəyirəm.

Tərlan Quliyev Bakıda, ziyalı ailəsində - ərəbşünaslar ailəsində dünyaya göz açıb. Atası, anası, dayısı, xalası... Azərbaycanın ilk ərəbşünaslarındandırlar. Tərlan Quliyev özü də orta məktəbdə doqquz il ərəb dili öyrənib. Xüsusilə, dayısı, filologiya elmləri namizədi, dosent Malik Qarayev Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi ərəb şöbəsinin ilk məzunlarından olmuş, ilk dəfə Azərbaycandan xaricdə, Bağdad Universitetində təhsil alan tələbələrdən və eyni zamanda, Azərbaycanda ərəbşünaslığın əsasını qoymuş, professor Ələsgər Məmmədovdan sonra şərqşünaslıq fakültəsinin ilk ərəb dili müəllimlərindən biri olmuşdur. O, 1961-ci ildən 2008-ci ilə, ömrünün sonuna qədər Bakı Dövlət Universitetində ərəb dili müəllimi kimi işləmişdir. Malik Qarayev eyni zamanda, İraq, Suriya, Yəmən kimi ölkələrdə tərcüməçi kimi çalışmış, dəfələrlə bu ölkələrdə sovet tərcümə missiyasının rəhbəri kimi fəaliyyət göstərmişdir. Tərlan Quliyev özü xatırlayır ki, “nə qədər ki, dayım, Malik Qarazadə sağ idi, mənim üçün ərəb dili ilə bağlı heç bir problem yox idi. Çünki o, ərəb dilini adi səviyyədə deyil, çox yüksək səviyyədə bilirdi. Malik Qarayev ərəb dilini o səviyyədə bilirdi ki, başqalarından fərqli olaraq, sinələrinə döyüb ərəb dilini bilirəm deyənlərdən seçilərək, cahiliyyə dövrü poeziyasını, əruzun, qafiyənin nəzəri əsaslarını elə dəqiqliklə, yüksək səviyyədə tərcümə edirdi ki, bunları hər bir ərəbşünas bacarmır. ”

Məhz ailədə şərq ədəbiyyatına, şərqşünaslığına olan məhəbbət Tərlanı da Bakı Dövlət Universitetinin filologiya fakültəsinə və orada da XX əsrin ən böyük əruzşünası Əkrəm Cəfərlə tanışlığa gətirib çıxardıb. Əkrəm Cəfərdən danışanda Tərlan həmişə deyir: “Mən çox xoşbəxt adamam. Tələbə olarkən tələbə yoldaşlarımızın əksəriyyəti hansısa bir mövzu ətrafında yazmaq və özlərinə kimisə rəhbər götürmək haqqında düşünərkən, mən Bakıda, vətənimdə XX əsrin ən böyük şərqşünası, əruzşünası Əkrəm Cəfərlə tanış oldum və bu tanışlıq müsbət mənada mənim həyatımı dəyişdirdi. Bu tanışlıqdan sonra mən gələcək elmi fəaliyyətimi bütövlükdə əruzla bağlamaq, əruzvəznli şeirimizi, anadilli şerimizi tədqiq etməyi qarşıma bir məqsəd kimi qoydum”.

Həqiqətən də Tərlan Quliyevin yaradıcılığı ilə tanış olarkən, onun yaradıcılığında əruzun, qafiyənin nəzəri əsaslarının araşdırılmasının əsas yer tutduğunu görərik. Belə ki, o, ömrünün iyirmi ilini əruzun öyrənilməsinə sərf etmiş, 1982-ci ildən, Əkrəm Cəfərlə tanış olduğu gündən etibarən 2003-cü ilə qədər, yəni doktorluq dissertasiyasını müdafiə etdiyi günə qədər ömrünü əruzun, qafiyənin nəzəri əsaslarının öyrənilməsinə sərf etmişdir. Qeyd edim ki, Tərlan Quliyev əruzun və qafiyənin nəzəri əsaslarının öyrənilməsini bu gün də davam etdirir, bu barədə ayrı-ayrı məqalələr, kitablar yazır, tərcümələr edir...Msələn, Əlişir Nəvainin türk-özbək əruzunun xüsusiyyətlərindən bəhs edən “Mizanül-övzan” əsərini cağataycadan Azərbaycan dilinə çevirir... Lakin Tərlanın əruzun, qafiyənin nəzəri əsaslarını öyrənməkdə məqsədi başqadır. Təbii ki, o, ərəb, fars şeirlərinin əruz və qafiyə sistemlərini bilsə və “Əruz və qafiyəşünaslıq tarixi (VIII-XVI əsrlər)” adlı monoqrafiyasıda bu məsələlərə ayrıca bölmələr həsr etsə də, onun əruzun, qafiyənin nəzəri əsaslarını öyrənməkdə əsas məqsədi bu nəzəri bilikləri, bu elmlərin mahiyyətini, məğzini Azərbaycan poeziyasına, Azərbaycan şeirinə tətbiq etməkdir. Belə ki, o, bu məqsədini sonuncu kitabının- “Dədə Qorqud Kitabı”: bir müqəddimə, üç boy...” kitabının müqəddiməsində açıq-aydın yazır: “Mən qorqudşünas deyiləm, şeirşünasam, əruzşünasam. Əslində əruzla da ona görə məşğul olmuşam ki, “Dədə Qorqud”dan başlayaraq, müasir günümüzə qədər olan anadilli Azərbaycan şeirinin poetik inkişaf tarixini öyrənərkən, gəlib ərəb-fars poetikası əsasında meydana çıxan klassik poeziyamıza çıxdıqda, ilişib qalmayım. Yəni Həsənoğlunun, Qazi Bürhanəddinin, Nəsiminin, Xətainin, Seyid Əzim Şirvaninin, Cavidin, Vahidin və onlarla başqa şairlərimizin yaradıcılıqlarını poetik baxımdan araşdırarkən, əruz və qafiyənin nəzəri əsaslarını, Şərq poeziyasının digər poetik xüsusiyyətlərini bilmək olduqca vacibdir. Bu mənada, mən də ömrümün iyirmi-otuz ilini sərf edib əruzun, qafiyənin və Şərq şeirinin digər poetik xüsusiyyətlərinin nəzəri əsaslarını öyrəndim”.

Professor Tərlan Quliyevin “Əruz və qafiyəşünaslıq tarixi (VIII-XVI əsrlər)” adlı monoqrafiyası olduqca fundamental bir əsərdir. Belə ki, Tərlan Quliyev özü həmişə deyir: “Ustadım Əkrəm Cəfər Azərbaycanda əruzun nəzəri əsasları haqqında kitab yazraq, bu nəzəriyyə ilə oxucuları tanış etsə də, mən də əruz və qafiyəşünaslıq tarixini yazıb, bu nəzəriyyələrin tarixən haradan başladığını, kimlər tərəfindən yaradıldığını və sonrakı inkişaf tarixlərini izləməyə çalışdım”. Belə ki, bu iki kitabla, yəni Əkrəm Cəfərin “Əruzun nəzəri əsasları və Azərbaycan əruzu” və Tərlanın “Əruz və qafiyəşünaslıq tarixi (VIII-XVI əsrlər )” adlı monoqrafiyaları ilə Azərbaycanda əruzşünaslığın təməli qoyulmuş və dünya əruz və qafiyəşünaslıq tarixinə Azərbaycan müəllifləri tərəfindən olduqca gözəl töhfələr verilmişdir. Bu mənada, professor Tərlan Quliyevin kitabı faktlar, mənbələr, məlumatlar baxımından o qədər zəngindir ki, oxucu bu kitabı oxuduqda təkcə əruz və qafiyəşünaslıq tarixi ilə deyil, ümumilikdə Şərq filoloji-elmi-nəzəri fikri ilə tanış olur. Ayrıca olaraq isə, onu qeyd etmək istəyirəm ki, Tərlan adı çəkilən monoqrafiyasında Azərbaycan elmi-nəzəri fikrində, demək olar ki, müasir ədəbiyyatşünaslıqda ilk dəfə, qafiyənin nəzəri əsasları haqqında geniş məlumat vermiş, şeirin bu kiçik elementinin necə böyük nəzəri əsaslara malik olduğunu göstərmişdir.

Beləliklə, Tərlan Quliyevin əruz və qafiyəşünaslıq tarixində olan xidmətləri haqqında onu deyə bilərəm ki, Azərbaycanda vaxtilə Fazil Seyidov, Əli Fəhmi, Məmmədəli Əsgərov kimi alimlər əruzun və qafiyənin nəzəri əsaslarını bilsələr də, əruz və qafiyəşünaslıq Əkrəm Cəfər və Tərlan Quliyevin əsərlərilə elmi şəkil almış və bu iki alim Azərbaycanda əruzşünaslıq – Şərq poetika məktəbi yaratmağa müvəffəq olmuşlar. İndi bəzən ədəbiyyatşünaslarımız, şairlərimiz tez-tez bildi-bilmədi əruzdan, qafiyədən danışırlar. Bizə elə gəlir ki, onların hamısı bu və ya digər mənada professor Əkrəm Cəfər və onun tələbəsi professor Tərlan Quliyevin əsərlərindən bəhrələnən və onların şinelindən çıxan tədqiqatçılardır...

Tərlan müəllimini, öz böyük ustadı Əkrəm Cəfəri həmişə minnətdarlıqla xatırlayır: “Əkrəm Cəfər məni əruz adlı enli, geniş, işıqlı böyük bir prospektin başına gətirdi. Dedi: - Get, bu yol sənindir. Səndən əvvəl bu yolu Azərbaycanda ancaq mən getmişəm. İndi isə sən bu yolun başlanğıcındasan. Səndən sonra da hələ ki, bu çətin yolla kimsənin gəldiyini görmürəm. Ona görə də əruz adlanan bu böyük xiyaban və ondan ayrılan yüzlərlə kiçik küçələr, yollar, yəni mövzular, ayrı-ayrı şairlərin əruz yaradıcılıqları və s.-lər hamısı səni gözləyir”. Və həqiqətən də, Tərlan bu yolla gedərək, hətta, müəllimi Əkrəm Cəfərin etmədiklərini də edir. Belə ki, əgər Əkrəm Cəfərin “Əruzun nəzəri əsasları və Azərbaycan əruzu” adlı altı xalqın əruzunu müqayisəli şəkildə tədqiqata cəlb edən fundamental monoqrafiyasını oxuyub, onun bir məqsəd kimi qarşısına qoymadığı üçün, hər hansı bir şeirin vəznini təyin etmək mümkün deyilsə, Tərlan Quliyev məhz bu çətinliyi aradan qaldırmış, öz əsərlərində, məqalələrində kökü Əkrəm Cəfərdən gələn, lakin məhz ilk dəfə professor Tərlan Quliyevin qələmilə elmi şəkil alan, elmi ictimaiyyətə çatdırılan prinsip, metod yaradaraq, Xəlil ibn Əhmədin qrafik prinsipindən fərqli metodla əruzvəznli şeirin vəznini təyin etməyin yolunu sadələşdirmiş və müasirləşdirmişdir. Bu məqsədlə o, 2001-ci ildə çapdan çıxmış bu məsələlərdən, yəni əruzvəznli şeirin heca quruluşundan bəhs edən “Əruz” adlı kitabçasının “Ön söz”ündə yazır: ”Hörmətli oxucu, biz ... bu kitabı yazarkən, qarşımıza Azərbaycan oxucusuna əruzun mahiyyətini, ərəb, fars və Azərbaycan dillərində yazılmış şeirin vəznini müəyyən etməyi öyrətmək məqsədini qoymuşuq... Bu kitabda onların hamısı aydınlaşdırılır. Beləliklə, burada yazılanları öyrənməklə hər hansı bir şeirin vəznini asanlıqla təyin etmək olar”.

Beləliklə, professor Tərlan Quliyevin əruz və qafiyəşünaslıq tarixi və nəzəriyyəsi haqqında olan tədqiqatları barəsindəki fikirlərimə yekun vurarkən, onun bu yolda nə qədər böyük dəyərli işlər gördüyünü və əziyyət çəkdiyini qeyd etməklə yanaşı, əvvəldə dediyim kimi, əslində onun bu tədqiqatlardan məqsədinin əruz və qafiyəşünaslıq tarixini, əruzun və qafiyənin nəzəri əsaslarını öyrənməklə yanaşı, eyni zamanda, bu elmlərin nəzəri əsaslarının anadilli əruzvəznli şeirimizə tətbiq etmək olduğunu bir daha vurğulamaq istəyirəm. Lakin yeri gəlmişkən, söhbət açılmışkən, professor Tərlan Quliyevin əruzun və qafiyənin anadilli şeirimizdə meydana çıxan xüsusiyyətləri haqqında olan əsərlərini və bu barədə olan fikirlərini təhlil etməzdən əvvəl, onun əruz və qafiyəşünaslıq tarixi və nəzəriyyəsi haqqında olan fikirlərini qələmə alarkən, hansı mənəvi və maddi çətinliklərlə üzləşdiyini, sadəcə olaraq, onun dilindən eşitdiyim bir-iki xırda epizodla xatırlamaq istəyirəm. Əvvəla, ən sadəsi, təkcə elə əruz və qafiyənin nəzəri əsaslarını öyrənmək, bu sistemləri başa düşmək heç də asan məsələ deyildir. Təbii ki, hamı tədqiqat apararkən yuxusuz gecələr keçirir, yaradıcılıq əzabı çəkir. Amma mənə elə gəlir əruzu, əruzun, qafiyənin nəzəri əsaslarını oxuyub başa düşmək, heç də hər hansı bir romanı, şeiri və yaxud da nağılı oxuyub başa düşmək deyildir. Məhz, elə buna görədir ki, romandan, hekayədən, şeirdən, bayatıdan, qoşmadan yazanların sayı yüzlərlə, əruzdan, qafiyədən yazanların sayı isə bəlkə də bir əlin barmaqları qədərdir. İkincisi isə əruzun və qafiyənin nəzəri əsaslarını öyrəndikdən sonra, bu nəzəriyyənin tarixini yazmaq da əslində o qədər də kiçik məsələ deyil. Çünki müxtəlif ölkələrdə işıq üzü görmüş mənbələri bir araya gətirməyin özü bir ömrün işidirsə də, bütün mənbələri oxuyub ümumiləşdirib nəticələrə gəlmək də böyük bir problemdir. Bu sətirləri yazarkən Tərlanın bir xatirəsi yadıma düşür. O, xatılayır ki,: “1993-cü ildə akademik Ziya Bünyadov məni doktorluq dissertasiyam üzərində çalışmaq üçün altı ay müddətinə Təbriz Dövlət Universitetinə elmi ezamiyyətə göndərdi. Və mən orada kataloqları araşdırarkən, Qum şəhərində yerləşən Mərəşi Nəcəfi adına kitabxanada məşhur alim Zəməxşərinin “əl-Qistas əl-müstəqim fil elm əl-əruz” və əl-Əndəlüsinin “Əruzi-Əndəlüsi” adlı əruza aid əsərlərinin olduğunu öyrəndim. Lakin qərib ölkə və uzaq, tanımadığın bir yolçuluq... Amma bütün çətinliklərə baxmayaraq, mən o yolu getdim. Bir neçə gün, çətinliklərlə, tanımadığım şəhərlərdə gecələr məscidlərdə yatmaqla bu kitabları əldə edib, Təbrizə döndüm. Bu kitablar indi də Bakıda, məndədir”. Daha sonra, Tərlan Quliyev 1990-larda Bakıda 20 Yanvar qırğınları törədilən və rusların bizə xor baxdığı zamanlar Moskva və Sankt-Peterburq şəhərlərilə telefon danışıqları nəticəsində Nəsirəddin Tusinin “Miyarül-əşar” və Mövlana Müfti Sədullah Muradabadinin “Mizanül əfkar fi şərhi Miyar əl-əşar mə risaleyi rübai” adlı əsərlərinin mikrofilmlərini gətirtdiyini də xatırlayır. Mənim də bu məsələləri qələmə almaqda məqsədim indi içi məzmunsuz, lakin qalın-qalın kitablarla ortaya çıxanlardan fərqli olaraq, Tərlan Quliyevin “Əruz və qafiyəşünaslıq tarixi” və başqa kitablarının məzmun zənginliyinin və elmi dəyərlərinin hansı çətinliklərlə başa gəldiyini bir daha nəzərə çatdırmaq istəyidir.

Əruzun nəzəri məsələlərinin öyrənilməsinin qarşıya çıxartdığı çətinliklərdən danışarkən Tərlanın bir xatirəsi də yadıma düşür. O, xatırlayır ki, hələ 1980-ci illərin sonlarında Əkrəm Cəfərin rəhbərliyi ilə “Nəsirəddin Tusinin “Miyarül- əşar” əsəri” adlı namizədlik dissertasiyası üzərində işləyərkən, Nəsirəddin Tusinin, ənənədən kənar olaraq, mötəlifə dairəsinə vafir və kamil bəhrlərilə yanaşı poeziyada işlənməyən, nəzəri şəkildə başqa bir bəhri də əlavə etdiyini görür. Bu bəhrin əsli təfiləsi qrafik baxımdan zahirən fA”ilAtün təfiləsinə oxşasa da, amma o deyildi. Çox araşdırmalardan sonra, Tərlan onun fA”ilAtünə təfiləsi olduğu qənaətinə gəlir. Tərlanın dediyinə görə, bu təfiləyə Nəsirəddin Tusidən əvvəl heç bir əruzşünasda rast gəlinmir və bu təfilə ancaq Nəsirəddin Tusinin icadı idi. Lakin hər nə..., bu təfilə düzgün oxunmalıydı... və Tərlan onu düz oxuyur, elmi dəlillərlə də düz oxuduğunu sübut edir. Sonralar isə Nəsirəddin Tusinin “Miyarül- əşar” əsərini 1980-lərin axırı, 1990-ların əvvəllərində İranda çap etdirən gözəl alim, vaxtilə Tehran Universitetində dekan olmuş professor Cəlil Təclilin və XYI əsrdə Nəsirəddin Tusinin “Miyarül- əşar” əsərindən istifadə edərək öz əsəini yazan Zəhirəddin Məhəmməd Baburun “Müxtəsər” əsərini transilletrasiya edən görkəmli özbək alimi professor Səid bəy Həsənin də bu təfiləni yanlış oxuduqlarını görür. Və birinə 1991-ci ildə, sonralar bir dəfə də görüşərkən professor Cəlil Təclilin özünün də gülə-gülə xatırladığı kimi, təyyarədə, göydə, Kermandan Şiraza uçarkən, digərinə isə 2007-ci ildə Daşkənddə düzgün variantın nə olduğunu deyir.

Tərlan xatırlayır ki, “mənim əruzun türkdilli şeirə tətbiqi xüsusiyyətlərilə maraqlanmağımın əsas səbəblərindən biri XX əsrin 60-80-ci illərində sovet türkologiyasında məşhur olan və bizim də bəzi alimlərimizin pərəstiş etdikləri bir xanımın-İya Vasilyevna Steblevanın tədqiqləri ilə əlaqədar oldu. Rus tədqiqatçıları türkologiya ilə məşğul olsalar da, amma bu və ya digər mənada, haradasa tədqiq etdikləri sahəni tam səmimiyyətlə araşdırmırdılar”. Tərlana görə, İ.V.Stebleva da bu qəbildən olan tədqiqatçılardandır. Belə ki, Stebleva “XI əsrdə türk poetik formalarının inkişafı” əsərində Mahmud Kaşğari “Divan”ındakı şeirlərin vəznlərinin əruz olduğunu sübut etməyə çalışır. Halbuki adi oxucunun da gördüyü kimi, bu şeirlər türk şeirinin ana vəzni olan hecadadır. Məhz Steblevanın bu problemə yanlış şəkildə yanaşması və bu yanaşmanın daha ciddi nəticələrə, yəni Steblevaya görə, türkdilli şeirin yalnız ərəblərin Yaxın Şərqi istila etmələri nəticəsində ərəb ədəbiyyatının türkdilli ədəbiyyata təsir etməsindən sonra vəzn və qafiyəyə sahib olmasını söyləməsi, Tərlana toxunmuş və o, bu kitab çap olunandan təqribən 20 il sonra, keçmiş ittifaqda barmaqla sayılacaq alimlərdən biri kimi ona cavab vermişdir. Tərlanın ciddi elmi dəlillərlə, arqumentlərlə Steblevanın əleyhinə yazdığı “M.Kaşğari “Divan”ındakı şeirlərin vəzni” adlı məqaləsi 27 mart 1992-ci ildə “Ədəbiyyat qəzeti”ndə çap olunur. Məqalə elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Tərlan xatırlayr ki, “1992-ci ildə mən, Elmlər Akademiyasının Şərqşünaslıq institutunda işləyirdim. Metronun çıxışında kiçik bir qəzet köşkü vardı. Metrodan çıxıb o köşkdə və ətraf köşklərdə olan bütün “Ədəbiyyat qəzet”lərini aldım. Məqsədim də bu sahə ilə məşğul olan və ürəyim istədiyi adamlara bu məqaləni şəxsən təqdim etmək idi. Və sonra da həmişə gülə-gülə xatırlayırdım ki, nahaq yerə belə etmişəm. Bəlkə bu məqaləni mənim güman etmədiyim, amma yaxşı dəyərləndirə bilən daha kimsə oxuya bilərdi. Nə isə... Qəzetləri alıb, paylamağa birinci Dilçilik İnstitutundan başladım. Liftdən çıxıb elə Dilçilik İnstitutunun foyesində dayanmışdım ki, sən demə, gözəl alim, gözəl tədqiqatçı, filologiya elmləri doktoru, professor, rəhmətlik Vaqif Aslanov qəzetin bir nömrəsini məndən qabaq almış və artıq oxumuşdu. Və məni Dilçilik İnstitunun foyesində gördükdə soruşdu: Tərlan Quliyev sənsən? Səhər tezdən olduğu üçün foyedə ikimizdən başqa heç kim yox idi. Mən Tərlan Quliyev olduğumu təsdiq etdim. O isə heç nə demədən, məni başdan ayağa qədər diqqətlə və bir qədər də təəccüblə süzdükdn sonra, dönüb getdi. Həm pərt oldum, həm sevindim. Pərt oldum ona görə ki, əsərlərindən tanıdığım və hörmət etdiyim bu alim heç olmasa bir söz deyə idi, lap tənqid edəydi, amma mən onun münasibətin biləydim. Sevindim də, ona görə ki, heç bir söz demədi, deməli tənqid etməyə bir şey tapmayıb və belə bir ciddi məqalənin mənim kimi gənç bir oğlanın yazmasına hələ də inanmır...və ürəyimdə səmimiyyətlə bir qədər güldüm də...Səməd Vuğun demiş: A Firudun bəy, sən nə bilirsən bu... ürəkdə nələr var...” Qeyd edim ki, Tərlanin xatırlamasına görə bu məqalə sonralar, yəni 1998-ci ildə Türkiyədə “Qardaş ağızlar” məcmuəsində də “Tərlan Quliyev rus tezlərini çürütüyor” başlığı altında çap olunur. Amma Bakıda, Tərlan elmlər namizədı olduğu halda, məqalənin üzərində naşırlər tərəfindən professor sözü yazıldığı üçün məqalə müəllifini gec tapır...Sanki Bakıda professor Tərlan Quliyev adaında başqa birisi də varmış...

Beləliklə, Tərlan Quliyev 1992-ci ildən etibarən ötən on il ərzində öyrəndiyi əruzun nəzəri əsaslarını türkdilli şeirə tətbiq etməyə başlayır. Və bu tətbiqlə anadilli əruzvəznli şeirimizin inkişaf tarixini izləmək istəyən Tərlan, artıq məsələyə təkcə əruzvəznli şeir kontekstində deyil, bütövlükdə anadilli poeziyamızın inkişaf yolu və əruzvəznli anadilli şeirimizə də bu inkişafın bir mərhələsi kimi baxmaq istəyir. Buna görə də bu dövrdən sonra onun tədqiqlərində əruzvəznli və hecavənzli şeirimizin tarixi paralel olaraq araşdırılır. Və professor Tərlan Quliyevin anadilli şeirimizin poetik inkişaf yoluna bütöv şəkildə nəzər salmaq istəməsi, onu aşağıdakı konseptual nəticələrə gətirib çıxardır və o, anadilli poeziyamızın, şeirimizin inkişaf tarixini 2001-ci ildə çapdan çıxmış “Anadilli şeirimizin qədim dövrü” adlı kitabçasında aşağıdakı şəkildə təsnif edir:

I Anadilli şeirimizin ümumtürk mərhələsi

a) Dədə Qorqud şeirləri

b) “Divani lüğat-it türk” əsərində olan mənzum parçalar

II Anadilli şeirimizin orta əsrlər mərhələsi

a) Klassik üslubda yaranan poeziya

b) Folklor – aşıq üslubunda yaranan poeziya

III Anadilli şeirimizin XX əsr mərhələsi

a) Səməd Vurğun şeiri

b) Rəsul Rza şeiri

Qeyd edək ki, təqribən ədəbiyyat tariximizin dövrləşmə məsələləri yenidən araşdırılma müstəvisinə çıxarıldığı zamanlar, Tərlan tərəfindən irəli sürülmüş bu konsepsiyanı elə bir növ Tərlanın ədəbiyyat tariximizi dövrləşdirmə istədiyi kimi də qəbul etmək olar. Özü də ədəbiyyat tariximizin böyük hissəsinin poeziya nümunələrindən ibarət olduğunu da nəzərə alsaq, Tərlanın təsnifatının orijinallığı bir daha üzə çıxmış olar. Amma, onu da qeyd edim ki, məncə, Tərlan öz təsnifatını yazarkən bu ideyaya gəlib çıxsa da, bu istəkdən xeyli uzaqdır. Onu elə şeirimizin təsnifatını aparması da təmin edir. Çünki, hələ ki, nə Tərlana qədər, nə də Tərlandan sonra şeirimizin keçdiyi poetik inkişaf yoluna heç kim bütöv şəkildə nəzər salmamış və onu poetik mərhələlər baxımından sistemləşdirməyə can atmamışdır. Bu sahədə hələ ki, birinci və sonuncu söz Tərlana məxsusdur. Tərlanın təsnifatı isə o qədər dəqiqdir ki, bu dəqiqliyi bəlkə yarı zarfat, yarı gerçək də olsa, deyək ki, ədəbiyyat tariximizi mərhələləşdirən tədqiqatçılarımızın heç birində görmürük. Bu təsnifat haqqıda “alimlərdən” bir səs çıxmasa da, Rəsul Rzanın Türkiyədə 1998-ci ildə çap olunan “Çinar ömrü” adlı kitabına “Mücadilə bu gün də var” adlı ön söz yazan və onu “Ulduz” jurnalının 1998-ci il səkkizinci sayında “Mübarizə bu gün də var” adı ilə çap etdirən yenə də Xalq yazıçısı Anar münasibət bildirmişdir: “Mən bu mərhələləşdirməni, bu təsnifatı əsasən doğru sayıram. Bu ardıcıllığı ümumtürk şeirinə və ilk öncə Anadolu və Azəri şeirinin ortaq mənzərəsinə də aid edərsək, Oğuz şeirinin inkişaf dövrləri və hərəkət yönü, istiqaməti aydın görünər”.

Yuxarıdakı təsnifatın xırdalıqlarına qayıdarkən isə, onu demək istəyirəm ki, müasir poeziya ilə, XX əsr şeiri ilə hələ ki konkret olaraq məşğul olmayan Tərlanın, Səməd Vurğun və Rəsul Rzanın poeziya tariximizdəki yerləri, mövqeləri barədə müşahidələri o qədər dəqiqdir ki, hətta, Anar da bu barədə danışarkən, Tərlan Quliyevin fikirlərinə istinad edir:” Ümumtürk şeirinin araşdırıcısı, filoloji elmlər namizədi Tərlan Quliyevin bu məsələyə dair gəldiyi nəticə çox dəqiqdir: “ XX əsrin 20-30-cu illərində şeirimiz öz inkişafının tamamilə yeni bir mərhələsinə qədəm qoyur. Hətta Hüseyn Cavid kimi klassik normalara tam sadiq qalan bir şair də yaradıcılığında əruz vəzni ilə bərabər heca vəzninə də müraciət edir. Və elə bu andaca Səməd Vurğun öz böyük istedadı ilə meydana çıxır və poeziyada təşəbbüsü öz əlinə alır... İki min ildən artıq tarixi olan heca vəzni S.Vurğunun yaradıcılığında demək olar ki, zirvəyə qalxmışdır. S.Vurğunla bərabər, XX əsr şeirimizin poetik simasını müəyyənləşdirən, XX əsr şeirimizdə ayrıca bir poetik mərhələ olan ikinci şair Rəsul Rzadır: R.Rza poeziyamız tarixində sərbəst şeirin ilk böyük yaradıcısıdır. Sərbəst şeir, sərbəst vəzn isə istər bizim ədəbiyyatda, istərsə də dünya ədəbiyyatında hələ öz simasını tapmayan, təşəkkül dövrünü keçirən ən cavan ədəbi formadır, hələ sərhədləri, normaları müəyyən olmayan bir ədəbi formada isə yazıb-yaratmaq olduqca çətindir. Rəsul Rza istedadının nəticəsidir ki, bir şair kimi həm özünü, həm də sərbəst şeiri poeziyamızda təsdiq etmişdir.”

Beləliklə, bütün yuxarıda deyilənlərə yekun vurduqdan sonra, qeyd etmək istəyirəm ki, anadilli şeirimizin poetik inkişaf yolunun araşdırılması Tərlanın ruhundan və yaradıcılğından əsas bir xətt kimi keçir. Və bu ruhun başlanğıcında da mənəvi və faktiki olaraq mənbə kimi “Dədə Qorqud” dünyası dayandığı üçün, Tərlan da ilk növbədə “Dədə Qorqud kitabı”na münasibət bildirməyi özünə borc bilmiş, anadilli şeirimizin poetik inkişaf yolunu bu faktdan araşdırmağa başlamışdır. Professor Tərlan Quliyevə görə, “Dədə Qorqud kitabı”ndakı şeir parçaları anadilli şeirimizin və bütövlükdə türkdilli şeirin başında duran poetik nümunələrdir. Bu şeirlərdə olan vəzn, bölgü, bənd quruluşu, qafiyə xüsusiyyətləri hələ ibtidai şəkildə olsalar da, lakin bu şeirlərdən və türk dillərinin, o cümlədən, Azərbaycan dilinin iltisaqi quruluşundan Azərbaycan şeirinin gələcəkdə hecavəznli şeirə doğru inkişaf edəcəyi açıq-aydın görünür. Belə ki, həqiqətən də, professor Tərlan Quliyevə görə, bu inkişaf özünü sonralar Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərindəki mənzum parçalarda açıq-aşkar göstərir. Qeyd edək ki, Tərlan Quliyev “Dədə Qorqud” şeirləri ilə Mahmud Kaşğari şeirləri arasında olan zaman böyüklüyünün və yaxud, başqa sözlə desək, bu inkişafın zaman etibarilə təqribən 1000-1500 il olduğu qənaətinə gəlir. Bu qənaət nə qədər şərti də olsa, professor Tərlan Quliyev bu şərtiliyi əsaslandırmağı bacarır. Onun nöqteyi-nəzərinə görə, əgər Kaşğari şeirlərindən bu günə qədər hər hansı bir ədəbi formanın, janrın inkişaf etməsi üçün təqribən 1000 illik bir zaman fasiləsi lazım olubsa, deməli, “Dədə Qorqud” şeirləri ilə Kaşğari şeirləri arasında da bu qədər zamana ehtiyac olmuşdur. Qeyd edək ki, hələ 1990-cı illərdə yazdığı bu fikirlərlə, başqa sözlə desək, “Dədə Qorqud” və Kaşğari şeirlərinin poetikası əsasında “Dədə Qorqud” şeirlərinin Kaşğari şeirlərindən 1500 il əvvəl yarandığı fikrini söyləyərək, “Dədə Qorqud” şeirlərinin eradan əvvəl birinci minilliyin ortalarında yarandığı qənaətinə gəldiyini bildirən professor Tərlan Quliyev, bu fikri ilə qorqudşünaslıqda mühüm bir mərhələ, elmi kəşf sayıla biləcək nəticələrə gəlmişdir. Lakin 1990-larda, bütövlükdə hələ “Dədə Qorqud”la məşğul olmadığından, o, bu fikirləri bir qədər arxa plana keçirmiş, bu fikirləri, yəni “Dədə Qorqud” şeirlərinin qədimliyini “Dədə Qorqud kitab”ında cərəyan edən hadisələrin zamanının müəyyən ediləcəyi günə saxlamışdı...Lakin atalar demış, sən saydığını say... Tərlan bir də gözünü açıb görür ki, onun söylədiyi nəticə əsaslandırmasız-filansız, heç bir tədqiqat aparılmadan... artıq bir sıra kitablara ayaq açıb...Qeyd edək ki, Tərlanın dediyinə görə, onun gəldiyi digər bəzi nəticələrə də, şərik çıxanlar var. Belə ki, yuxarıdakı təsnifatdan da göründüyü kimi, şeirşünaslığımız tarixində anadilli şeirimizin poetik inkişaf yolunu ilk dəfə Tərlan Quliyev sistemləşdirib, “Dədə Qorqud” şeirlərini də bu inkişafın başında qoysa da, indi bu fikirlərə çox adam şərik çıxır. Doğrudur, tədqiqatçılarımız tərəfindən vaxtilə “Dədə Qorqud” şeirləri haqqında müəyyən tədqiqatlar aparılsa da, lakin heç kim “Dədə Qorqud” şeirlərinin poeziyamız tarixində hansı mərhələ olduğunu söyləməmiş, sadəcə olaraq, ümumiyyətlə, “Dədə Qorqud” şeirləri haqqında fikir bildirmişlər. Qəribə orasındadır ki, bu iddiada olanlar, əslində “Dədə Qorqud” şeirləri ilə sonradan ilgilənənlərdır... Tərlanın isə “Dədə Qorqud” və bütövlükdə türkdilli şeirin qədim dövrü haqqında olan mülahizələri daha genişdir. Və bu mülahizələr bir daha göstərir ki, professor Tərlan Quliyev ancaq elə türkdilli şeirin qədim dövrünə təkcə “Dədə Qorqud” şeirləri kontekstində deyil, daha konseptual şəkildə yanaşır və bu yanaşmanı digər heç bir tədqiqatçıda görmürük. Belə ki, türkdilli şeirin qədim dövrünü xarakterizə edərkən Tərlan Quliyev yazır: “ Türkdilli şeirin qədim dövrünün özünü də poetik baxımdan aşağıdakı mərhələlərə bölmək olar: 1.Təqribən Dədə Qorqud” şeirlərindən daha əvvəllərin yetirməsi olan, lakin bizə gəlib çatmayan, tamamilə alliterasiyalı şeir sistemi üzərində qurulan şifahi poeziya nümunələri; 2.Dədə Qorqud şeiri; 3.Uyğur poeziyası dövrü və 4. Kaşğari mərhələsi”.

Dediyimiz kimi, poeziya tariximizə olan bu baxış artıq konseptual baxışdır. Və belə bir konsepsiyanın müəllifi olan professor Tərlan Quliyev artıq elmə də özünəməxsus konsepsiya ilə yanaşır. Belə ki, səhv və ya düz, onun nöqteyi-nəzərinə görə, elmdə elmlər namizədi, elmlər doktoru, filan... bölgülər çox şərtidir. Var alim və bir də tədqiqatçı. Tədqiqatçı ayrı-ayrı mənbələri min zəhmət bahasına araşdıran, ortaya çıxaran araşdırıcı, alim isə özünün və yaxud da digər araşdırıcıların nəticələrini konsepsiya şəklində, nəzəri şəkildə ortaya qoya bilən müəllifdir. Və Tərlanın düşüncələrinə görə, Azərbaycan alimlərinin və “Dədə Qorqud”la məşğul olanların çoxu məhz tədqiqatçılardır...

Tərlan mənəviyyat adamıdır, ruh adamıdır, romantik adamdır, deyib-gülməyi çox xoşlayır. Amma bəzən onun gülüşündə cəmiyyətdən doğan istehza da hiss olunur. Belə ki, Tərlan ötən il Dədə Qorqudun öyrənilməsinin 200 illiyi ilə bağlı tədbirlərin sönük keçdiyini, lakin onun özündə güc tapıb üç məqalə yazdığını da gülə-gülə xatırlayır. Bu üç məqalədən hər biri qorqudşünaslıqda özünəməxsus yeri, çəkisi olan məqalələrdir. Bu məqalələrlə əlaqədar Tərlan gülə-gülə onu da deyir ki : “ Mən qorqudşünas deyiləm. Amma bəs niyə indiyədək qorqudşünaslar, iki yüz ildi Dədə Qorqudla məşğul olanlar, Dədə Qorqudun çörəyini yeyənlər “Dədə Qorqud” kitabını adi oxumaqla da insanın ağlına gələn bu məqalələri yazmayıblar”.

Beləliklə, professor Tərlan Quliyevin “Dədə Qorqud” kitabının öyrənilməsinin 200 illiyi ilə bağlı 2015-ci ildə yazdığı üç məqalə aşağıdakılardır: “Erməni mifini dağıdan ana kitabımız”, “Ədəbiyyat tariximizin ilk sufi qəhrəmanı – Qanturalı”, “ Kitabi-Dədəm Qorqud”: Oğuznamə, yoxsa Alban abidəsi?”

Qeyd edək ki, birinci məqalə, yəni “Erməni mifini dağıdan ana kitabımız” məqaləsi istər elmi baxımdan, istərsə də yaşadığımız günlərin ictimai-siyasi nöqteyi-nəzərindən olduqca aktualdır. Və bu məqalə çap olunan zamandan elmi ictimaiyyət tərəfindən olduqca rəğbətlə qarşılanıb. Çünki Tərlan bu məqalədə məhz öz abidəmizlə, “Dədə Qorqud kitabı”yla, bu bölgədən danışan ən birinci mənbə ilə ermənilərin bu coğrafiyada yaşamadıqlarını sübut edir. Və həqiqətən də, hələ siyasi məzmun bir tərəfə, heyrət edirsən, doğrudan da, “Dədə Qorqud”da erməni niyə yoxdur? Əgər bu coğrafiyada, həqiqətən də, erməni yaşayırdısa, deməli o, hər hansı bir şəkildə olsa da, “Dədə Qorqud”da öz əksini tapmalıydı. Lakin bütün səmimiyyəti ilə, həqiqətən də, “Dədə Qorqud”da erməni yoxdur. Və bu fakt bu gün bizə lazım olduğu üçün, olduqca aktualdır. Doğrudur, bu aktuallığı duyan alimlərdən bəziləri bu məqalənin xaricdə ingilis dilində çap olunmasını da məsləhət gördülər. Lakin “Dədə Qorqud”un öyrənilməsinin 200 illiyi dövründə və ermənilərin Azərbaycana ərazi iddiaları olan bir vaxtda, elm aləminə təqim olunan bu məqalənin aktuallığına baxmayaraq, Tərlanı taxta medal demirəm, heç olmasa Akademiyanın fəxri fərmanından, zadından bir şeylə təltif etmək əvəzinə, hətta 30 il çalışdığı, ömür çürütdüyü, zəhmət qoyduğu Elmlər Akademiyasından da uzaqlaşdırdılar. Və Tərlan bunu da gülə-gülə xatırlayır...

Tərlanın ikinci məqaləsi “Ədəbiyyat tariximizin ilk sufi qəhrəmanı – Qanturalı” adlanır. Bu məqaləni oxuyarkən sufi xüsusiyyətlərin Dədə Qorqud və Qanturalı obrazlarında nə qədər bariz şəkildə ifadə olunduqlarına heyrət etməyə bilmirsən. Qeyd edim ki, müasir ədəbiyyatşünaslığımıza nəzər salsaq, Tərlanın özünün də yazdığı kimi, indi hamı irfanoloq olub, sufilikdən yazır. Lakin bu vaxta qədər istər “Dədə Qorqud”da dini məsələlərdən, dini inanclardan və istərsə də bütövlükdə ədəbiyyat tariximizdə sufilikdən yazanlar, nədənsə, “Dədə Qorqud kitabı”ndakı Dədə Qorqud və Qanturalı obrazlarında olan sufi xüsusiyyətləri görməmiş, bu məsələləri geniş şəkildə tədqiqat müstəvisinə çıxartmamışlar. Beləliklə, bu məqalə ilə sufi xüsusiyyətlərin ədəbiyyat tariximizdə təkcə orta əsrlərə məxsus klassik ədəbiyyatda deyil, eyni zamanda, ədəbiyyatımızın başında duran “Dədə Qorqud kitabı”nda da yer aldığını qeyd edən Tərlan Quliyev, sufi xüsusiyyətlərin ədəbiyyat tariximizdə işlənmə tarixini daha erkən əsrlərə çəkir.

Tərlan xatırlayır ki, məqalə “Kredo” qəzetində çap olunduqdan sonra, bir nüsxəsını götürüb akademik Tofiq Hacıyevə apardım. Redaksiyadan müəllifin şəklini də istədikləri üçün, mən də bir şəkil çəkdirib vermişdim. Şəkildə obyektivə qəsdən bir qədər tərs-tərs baxmışdım. Tofiq müəllim şəkili uzaqdan görüb, dedi: “O kimdi? Qanturalının şəklidi?”

Tərlanın “Dədə Qorqud kitabı”nın öyrənilməsinin 200 illiyi ilə bağlı yazdığı üçüncü-“ Kitabi-Dədəm Qorqud”: Oğuznamə, yoxsa Alban abidəsi?” adlı məqaləsi olduqca konseptual məqalədir. Tərlan özü demişkən, o, bu məqaləyə təqribən otuz ildir ki, yol gəlir. Belə ki, bu məqaləni əslində onun 1992-ci ildə yazdığı və sonralar 2001-ci ildə “Azərbaycan şeirinin qədim dövrü” adlı kitabçasında çap etdirdiyi fikirlərin, konsepsiyanın davamı kimi də qiymətləndirmək olar. Lakin hələ o məsələlərə qayıtmazdan əvvəl, qeyd olunan bu məqalənin məğzindən danışarkən, onu deyək ki, Tərlan həmişə mənimlə söhbətlərində də, qorqudşünaslıqda onun qəbul etmədiyi bir müddəanın bir qədər hakim mövqedə olduğunu söyləyir. Belə ki, onun dediyinə görə, əksər tədqiqatçılar “Dədə Qorqud kitabı”nı bəzən Oğuznamə adlandırdıqları və onu, eyni zamanda, təqribən, XI-XVII əsrlərdə Orta Asiyada meydana çıxan Oğuznamələrlə eyniləşdirdiklərinə görə, bu dastanı Orta Asiya ilə də bağlayırlar. Tərlan bu fikrin qəti əleyhinədir. Belə ki, o, adı çəkilən məqalədə də “Dədə Qorqud kitabı”nın mahiyyət etibarilə Orta Asiyada yaranan Oğuznamələrdən fərqləndiyini və onların ayrı-ayrı abidələr olduqlarını, eyni zamanda, “Dədə Qorqud kitabı”nın Azərbaycanda, Alban dövlətinin tərkibində yaşayan Oğuzlardan bəhs edən bir əsər olduğunu söyləyir. Tərlana görə, təqribən XI əsrdən sonra bu dastan təbii ki, Orta Asiyada da yayılmışdır. Bu mənada, Tərlan bu əsərə Orta Asiya Oğuznamələri kimi deyil, Azərbaycan Oğuzlarının həyatından bəhs edən bir əsər kimi baxır.

İkincisi, bu vaxta qədər qorqudşünaslıqda “Dədə Qorqud”la bağlı ən mübahisəli məsələlərdən biri “Dədə Qorqud”da cərəyan edən hadisələrin hansı əsrlərdə baş verdiyi, cərəyan etdiyi məsələsidir. Belə ki, məlum olduğu üzrə tədqiqatçılar bu hadisələri adətən, X-XI əsrlərə bağlayır, ən yaxşı halda isə VII-VIII əsrlərlə əlaqələndirirlər. Tərlanın dediyinə görə, doğrudur, son tədqiqatlarda bəzən hadisələrin eradan əvvəl baş verdiyinə işarələr olunsa da, yenə də əsərdə cərəyan edən hadisələrin dəqiq tarixi naməlum qalmış olur. Tərlan isə “Kitabi-Dədəm Qorqud”: Oğuznamə, yoxsa Alban abidəsi?” adlı məqaləsində bu məsələyə birdəfəlik aydınlıq gətirmişdir ki, onu da qorqudşünaslıqda Tərlanın uğuru kimi qiymətləndirmək olar. Doğrudur, Tərlandan qabaq da bəzi tədqiqatçılar dastanda Alban toponiminin işləndiyini qeyd edib, hadisələrin bəzən Alban dövlətinə yaxın dövrlərdə cərəyan etdiyini söyləsələr də, Tərlan adı çəkilən məqaləsində dastandan gətirilən inkarolunmaz dəlillərlə bu faktı bir daha üzə çıxarmış, dastandakı hadisələrin məhz Oğuz tayfa birləşmələrinin bir dövlət kimi Alban dövləti altında birləşdikləri zaman, başqa sözləd esək, Alban dövlətinin ilkin təşəkkül dövründə cərəyan etdiyini sübut etmişdir.

Qeyd etdiyimiz kimi, Tərlan bu məqaləyə, həqiqətən də, təqribən 30 ildir ki, yol gəlir. Belə ki, yazımızın əvvəlində Tərlanın 1992-ci illərdə Dədə Qorqud şeirlərilə Kaşğari şeirlərini müqayisə edərkən, Dədə Qorqud şeirlərinin Kaşğari şeirlərindən təqribən 1000-1500 il əvvəl yarandığı fikrini söylədiyini demişdik. Əgər, həqiqətən də, Dədə Qorqud şeirləri XI əsrdə yazıya alınan Kaşğari şeirlərindən 1000-1500 il əvvəl yaranıbsda, onda, doğrudan da, Dədə Qorqud şeirlərinin yaranma tarixi eradan əvvəl birinci minilliyin ortalarına təsadüf edir. Və əgər Dədə Qorqudda cərəyan edən hadisələrin tarixini təqribən eradan əvvəl birinci minilliyin ortalarında yaranan Alban dövlətinin tarixi ilə bağlasaq, onda, həqiqətən də, Dədə Qorqud şeirlərinin tarixi Dədə Qoruqdda cərəyan edən hadisələrin tarixi ilə üst-üstə düşür. Və bu mənada, bu vaxta qədər öz qədimliyi ilə tədqiqatçıları heyrətə salan Dədə Qorqud şeirlərinin qədimliyinin sirri açılır. Deməli, həqiqətən də, Tərlanın konsepsiyası olduqca dürüst və sərrastdır. Dədə Qorqud şeirləri ancaq və ancaq Alban dövləti kimi qədim bir dövlətin sakinlərinin əsəri ola bilərdi. Professor Tərlan Quliyev deyir ki, bu vaxta qədər Dədə Qorqud şeirlərinin tarixi, qədimliyi, həqiqətən də, müəmmalı idi. Çünki, şeirlərdə biz bu qədimliyi görür, lakin bu qədimliyin yaşını müəyyən edə bilmirdik. İndi isə bu qədimliyin sirri açılmış oldu. Və beləliklə, şeirlərin qədimliyi, dastandakı hadisələrin qədimliyini, dastanda cərəyan edən hadisələrin tarixi isə, şeirlərin tarixini təsdiq etmiş oldu. Bizə elə gəlir ki, təkcə elə bu uğurlu nəticəsinə görə, professor Tərlan Quliyevi tədqiqatçı deyil, Azərbaycanda cəmi bir neçə nəfərin adlandırıla biləcəyi alim adlandırmaq olar.

Beləliklə, Tərlanın “Dədə Qorqud” haqqındakı fikirlərini təhlil etdikdən sonra düşünürəm ki, bu yazıma “professor Tərlan Quliyev - əruzşünas, yoxsa qorqudşünas?” adını qoyarkən, həqiqətən də, yanılmamışam. Doğrudan da, professor Tərlan Quliyev əruz sahəsində nə qədər söz sahibidirsə, şeirşünaslığımızın, qorqudşünaslığımızın inkişafında da öz yeri, mövqeyi olan alimlərimizdəndir. Bu mənada, onu da qeyd edim ki, professor Tərlan Quliyev istər Azərbaycan, istərsə də dünya Qorqudşünaslığında “Dədə Qorqud Kitabı”nın yaşını, “Dədə Qorqud Kitabı”nda cərəyan edən hadisələrin tarixini müəyyən edən, dəqiqləşdirən və bu tarixin Alban dövlətinin təşəkkül tarixinə təsadüf etdiyini söyləyən ilk alimdir.

Professor Tərlan Quliyevin yaradıcılığı haqqında fikirlərimi, nəticələrimi yekunlaşdırmazdan əvvəl onun iki məqaləsinə də münasibətimi bildirmək istəyirəm. Onlardan biri Tərlanın 2011-ci ildə çapdan çıxmış “Anadilli əruzvəznli şeirmizin poetik inkişaf yolu” monoqrafiyasında eyni başlıqlı fəsil, digəri isə 1990-larda qəzetdə məqalə şəklində çap olunmuş “Azərbaycan dili və əruz vəzni” adlı məqaləsidir. Sonuncu məqalənin mahiyyətindən danışarkən, onu demək istəyirəm ki, Tərlan Quliyev bu məqaləsiylə olduqca problematik bir məsələyə toxunmuş, Azərbaycan dili ilə əruz vəzninin hansı nöqtələrdə uyuşub-uyuşmadığı faktını öyrənməyə çalışmışdır. İstər tarixən, istərsə də bu gün şairlərimiz, alimlərimiz bu və ya digər mənada, həmişə əruz vəzni və Azərbaycan dili probleminə toxunmuş, lakin bu iki faktın bir-biri ilə nə üçün uyuşmadığı səbəbini izah edə bilməmişlər. Təkcə elə Füzulini götürsək o, “nəzmi-nazik türk ləfzi ilə ikən düşvar olur” demiş, alimlərimiz isə Azərbaycan dilinin əruz vəzninə uyuşmamasının səbəbini yanlış olaraq, şairlərimizin bilə-bilə guya hecanın əruza yaxın olan qəliblərində yazmaq istəyi və s. ilə əlaqələndirmişlər. Tərlan isə bu məsələyə elmi şəkildə yanaşmış və bu problemi birdəfəlik həll etmişdir. Onun nöqteyi-nəzərinə görə, Azərbaycan dili və ərəb dilinin qanunları, bazası əsasında yaranan əruz vəzninin heca quruluşları bir-birinə uyuşmadığı üçün, başqa sözlə desək, Tərlanın tədqiqlərinə görə, Azərbaycan, o cümlədən, türk dillərində qısa hecalılığa, ərəb-fars dillərində, o cümlədən, əruz vəznində uzun hecalılığa meyl daha güclü olduğundan, Azərbaycan dili ilə əruz vəzni təbii ki, heç vəchlə tam şəkildə bir-birinə uyuşmaz. Doğrudur, şairlərimiz bəzən ərəb-fars sözlərindən daha çox istifadə etməklə, bu uyğunsuzluğu minimum həddə endirsələr də, təbii ki, bu uyğunsuzluğu tam şəkildə aradan qaldırmaq mümkün deyildir. Lakin, eyni zamanda, bu uyğunsuzluğu aradan qaldırmaq üçün istifadə olunan ərəb-fars kəlmələrinin bolluğu da dili ağırlaşdırır ki, bu da Azərbaycan – türk dilinin ümumi məzmununa xeyir gətirmir. Beləliklə, Tərlan, təqribən XVI əsrdən, Füzulidən bu yana şair və alimlərimizi düşündürən bir məsələni həll etmiş, Azərbaycan dili və əruz vəzni problemini birdəflik çözmüşdür. Məhz bu konseptual, problematik məsələnin həllidir ki, professor Tərlan Quliyev sonrakı dövrlərdə yazdığı əsərlərdə, başqa sözlə desək, bir qədər yuxarıda adını çəkdiyimiz “Anadilli əruzvəznli şeirmizin poetik inkişaf yolu” adlı tədqiqatında bu prinsipi əsas tutmuş, anadlli əruzvəznli şeirimizin inkişaf yolunu izləyərkən bu meyardan çıxış etmişdir. Doğrudur, adı çəkilən məqalədə bu meyar bilavasitə hiss olunmasa da, amma, Tərlanın anadilli əruzvəznli poeziyamızın inkişaf tarixini izləyərkən, Həsənoğludan tutmuş müasir günümüzə qədər olan şairlərimizin yaradıcılığına dəyər verən zaman onun məhz bu meyardan çıxış etməsi və əruz vəznində yazan şairlərimizin yaradıcılığını bu nöqteyi-nəzərdən qiymətləndirməsi öz-özünə bəlli olur. Qeyd edim ki, bu məqalə o qədər səmimi, lakin eyni zamanda, o qədər elmi bir məqalədir ki, oxucuya məqalə deyil, monoqrafiya təsəvvürü aşılayır.

Bu məqalələri xatırlatmaqda mənim məqsədim, təkcə bu məqalələrin elmi keyfiyyətlərini dəyərləndirmək deyildir. Məqsədim, eyni zamanda, bu yazıların da Tərlanın konsepsiyasının, yazmaq istədiyi ana kitabının ayrı-ayrı cizgiləri olduğunu deməkdir. Belə ki, Tərlanın daha geniş şəkildə nəzərdə tutduğu “Anadilli şeirimizin poetik inkişaf yolu” adlı ana kitabının konturları, cizgiləri və hətta, fəsillərinin müəyyən hissələri artıq mövcuddur. Sadəcə olaraq, bir daha oturmaq, faktları, mənbələri bir yerə toplamaq qalır. Mənə elə gəlir ki, bu işi məhz Tərlandan başqa da heç kim görə bilməz. Çünki Tərlan bu missiyanı yerinə yetirmək üçün artıq otuz ildir ki, yol gəlir.

Beləliklə, Tərlan haqqında ürəyimdən keçən bu kiçik yazını yazarkən, onu demək istəyirəm ki, artıq 55 yaşın həndəvərində olan, öz elmi, dəsti-xətti, yazıları ilə Azərbaycan elmində, filologiyasında alim kimi sayılıb-seçilən professor Tərlan Quliyev, adi həyatda, davranışda bir qədər emosional, çılğın təsəvvürü bağışlasa da, əslində çox sakit, mülayim adamdır. Lakin bu sakitlik və mülayimlik onun yumordan xali olduğuna dəlalət etmir. Belə ki, Tərlan gülə-gülə xatırlayır ki, qarşıdan haçansa Elmlər Akademiyasına seçkilər gəlsə də, o, bu seçkilərdə iştirak etməyəcək. Çünki ora “böyük-böyük alimlər” sənədlərini təqdim edəcəklər. Tərlanın isə sadəcə, başqa arzusu var. Kaş Azərbaycan nazirlərindən olan Səlim müəllim digər Azərbaycan vətəndaşları kimi alimlərə də iki yerdə işləməyə icazə verə və Tərlan da, eyni zamanda, haradasa Elmlər Akademiyasının İnstitutlarından birində çalışa. Arzuya bax... Tərlanın bu fikrinə mən də onu əlavə edim ki, deyəsən, bu arzu əruz vəznində, özü də əruzun Azərbaycan şeirində işlənməyən bəhrlərindən birində oldu...

news-inner-user

17146 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Arif Babayev koronavirusa yoluxdu
09:46 01 Dekabr 2020
Daşaltıdan ölüm xəbəri gələn Vüqar – Yeni hekayə
08:57 01 Dekabr 2020
Kukla Teatrı dekabr repertuarını açıqladı
18:56 30 Noyabr 2020
Ukraynada Müslüm Maqomayevə həsr olunan beynəlxalq müsabiqə keçiriləcək
18:24 30 Noyabr 2020
Qonkur mükafatının qalibi açıqlanıb
17:42 30 Noyabr 2020
“Anam dedi ki, bu gün sancım tutan gündür” – İlqar Cahangirlə ad günü söhbəti
17:05 30 Noyabr 2020
Zəlimxan Yaqubun yeni kitabı nəşr edildi
16:23 30 Noyabr 2020
Musiqili Teatrdan "Laçına ithaf" layihəsi - Video
15:34 30 Noyabr 2020
Topçu Vüsalın araq şüşəsinə həkk olunmuş şəkli
14:52 30 Noyabr 2020
Sevdiyi qıza görə cəzalandı, arvadı sözünə baxmadığı üçün öldü, dəfnində Rəşid həkim yazıçı Anarla dalaşdı – Məşhur şairdən maraqlı faktlar
14:11 30 Noyabr 2020
Trampın arvadı Ağ Evdə baş verənlərdən kitab yazır
13:25 30 Noyabr 2020
Müharibə başlayıb, Nəbatat bağındayam... - Rəşad Nağı Mustafadan yeni şeir
12:43 30 Noyabr 2020
Qatarlar daşıdıqca qurtarmır yolçuluq – Təbrizdən şeirlər
12:11 30 Noyabr 2020
Əsgərlərimizin Zori Balayanın oğlunu dəhşətə gətirən qəhrəmanlığı - Bircə yazır...
11:39 30 Noyabr 2020
Yadındadı, içib qızlardan danışmağın? - Şuşada döyüşən zabit dostuma məktub
11:05 30 Noyabr 2020
"Ulduz müharibələri"nin qəhrəmanı vəfat etdi
10:30 30 Noyabr 2020
Regionlararası onlayn musiqi müsabiqəsinə start verildi
10:06 30 Noyabr 2020
Qərbin sülh riyakarlığı və bizim saxta pasifistlər – Sevda Sultanova yazır...
09:00 30 Noyabr 2020
Ölmək sənəti – Ağalar Qut yazır...
17:25 29 Noyabr 2020
“Cinema Radio”nun rəhbəri: “Onun səsi ilahi vergidir” – Müsahibə
17:04 29 Noyabr 2020