news-inner
clock20:00 calendar-gray 13 İyul 2016 view-gray381 dəfə oxunub
view-gray381 dəfə oxunub

Quzu - “Ən yaxşı hekayə”

“Beş ən yaxşı Azərbaycan hekayəsi”sorğusunda 100 hekayənin adı çəkilib.Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayırıq.Siyahı əsasındaCəlil Məmmədquluzadənin “Quzu” hekayəsinitəqdim edirik.

Məmmədhüseynin kirvə oğlusu Qurtbasar kəndindən buna bir quzu sovqat göndərmişdi. Kəblə Məmmədhüseyn istədi quzunu kəsə, amma heyvanın belini əlləri ilə sığallayıb, bıçağı tulladı yerə və arvadına dedi ki:

– Bir sümüknən bir dəridən savayı bir şey yoxdu.

Arvadı məsləhət gördü ki, quzunu ötürsünlər bir neçə gün bağçada otlasın, əmələ gəlsin. Əri də razı oldu və quzunu itələyib saldı həyət bağçasına. Heyvan göy otu gördü, amma ağzını ota uzatmadı.

Həmin vaxt qonşuluqda Əziz xanın evindən kişilərin oxumaq səsi gəlirdi və Əziz xanın öz səsi aşkar eşidilirdi:

Nə durmusan dağ başında qar kimi?

Məmələrin baş veribdi nar kimi, nar kimi...

* * *

Kəblə Məmmədhüseyn quzunu boşlayıb girdi evinə, şalını götürüb bağladı, çuxasını geydi, tütün kisəsini qoydu cibinə, çubuğunu taxdı belinə və arvadına dedi ki:

– Quzunu aparıram. – Arvad cavab verdi ki:

– Həyə satmağa aparırsan, o quzuya heç bir manat da verməzlər.

– Yox, satmağa aparmıram, xanlığa aparıram. Bəlkə bir şey qopardam.

Bu sözləri deyə-deyə Kəblə Məmmədhüseyn yendi həyətə, əyilib quzunu qucaqladı, vurdu qoltuğuna, çıxdı küçəyə və üz qoydu Əziz xanın evinə tərəf. Çəpik və oxumaq səsi gəldikcə yavıqlaşırdı.

Nə durmusan dağ başında...

Məmələrin nar kimi...

Xülasə, xanlıq qapısında bir-iki kəndli durmuşdu, həyətdə də bir dəstə kəndli ucadan danışırdılar. Bağçada yekə tut ağaclarının dibində beş-altı quzu otlayırdı. Həyətin küncündə, çardağın altında bir çılpaq ağ at bağlanmışdı. Aşpazxanadan qab-qacaq səsi gəlirdi. Xanlıq qulluqçularından bir neçəsi aşpazxanadan evə xörək və evdən aşpazxanaya boş qab-qacaq daşıyırdılar. Kəblə Məmmədhüseyn düz gəldi pilləkanlardan qalxdı qabaq otağa və nökərlərin birinə dedi:

– Sadıq əmoğlu, xana ərz elə ki, Məmmədhüseyn quzu gətirib.

Bir az keçdi, Əziz xan bərk kefli, çörək dəsmalı ilə dodaqlarını silə-silə çıxdı qabaq otağa və quzunun başını Məmmədhüseynin qoltuğunda görəndə gəldi yavığa və durdu quzunu tumarlamağa:

– Quzu, quzu, ne yaxşı quzu, ne göyçək quzu. Quzu, quzu, quzu!.. – Ve məhəbbətin şiddətindən başladı quzunun gözlərindən öpməyə.

Kəblə Məmmədhüseyn də durdu quzunu terifləməyə:

– Xan, maşallah çox nəcib quzudu. Bir kəndli aparırdı satmağa, zornan üç manat verib aldım. Bildim ki, qonağınız var, dedim bəlkə lazım ola, plov altına qoyasınız. Çox yeməli quzudu.

İçəri otaqda çəpik səsi bərkidi. Rus qonaqlarının biri qapını açıb Əziz xanı çağırdı. Xan dönüb qaçdı qonaqlara tərəf, genə qayıtdı Məmmedhüseynə tərəf, əlini saldı cibindən bir kağız üçlük çıxartdı. Pulu genə istədi cibinə qoya, sonra istədi Məmmədhüseynə verə, genə istədi cibinə qoya, axırda atdı Memmədhüseynə və qaçdı içəri. Kəblə Məmmədhüseyn pulu qoydu cibinə, yendi həyətə ki, quzunu ötürsün bağçadakı quzuların içinə.

Kəndlilər genə həyətdə “arx” barəsində ucadan bəhs eləyirdilər, nökərlər də genə sağa-sola qaçmaqda idilər və heç kəs Məmmədhüseynə baxmırdı. Bu da çuxasını çəkdi qoltuğundakı quzunun başına və üzünü küçə qapısına çöndərib çıxıb getdi evinə.

Və həmən gün quzunu kəsib yedi... Amma doğrudan da quzu çox arıq imiş.

İkinci dəfə

Aradan bir həftə keçmişdi ki, Kəblə Məmmədhüseyn gəzə-gəzə gəldi Əziz xanın həyət qapısına. Xanın nökərlərindən biri həyətdə palaz çırpırdı və Məmmədhüseyni görənde palazı qoydu yerə, gəldi qapıya. Bunlar başladılar o üzdən-bu üzdən danışmağa. Həyətdə iki quzu görsənirdi və Kəblə Memmədhüseyn nökərə nəsihət elədi ki, küçə qapısını açıq qoymasınlar; yoxsa quzular çıxarlar küçəyə, oğul-uşaq tutub aparar. Nökər də bunun cavabında dedi ki:

– Arxayın ol, heç bir köpek oğlu cürət eləyib xanın quzusunu aparmaz!

Söhbət özgə yana çöndü. Məmmədhüseyn başladı xanın əhvalını soruşmağa və xəyalında tutmuşdu ki, bilsin nə vaxt xan genə qonaqlıq eləyəcək. Nökər söhbət arasında dedi ki:

– Sabah yox, biri gün miravay pasrednik (keçmişdə mülkədarlarla kəndlilər arasındakı torpaq münaqişələrini həll edən yerli hökümət nümayəndəsi – red) xana qonaq gələcək və urus həkiminin arvadı da gələcək və bunlardan savayı Dəmirtəpə pristavı da gələcək, Qulam xan da gələcək, Səfi xan da gələcək.

İki gündən sonra Əziz xanın evində genə qışqırıq qopmuşdu. Bu dəfə məxsusi çalıb-oxuyanlar da var idi. Həyət qapısı dolu idi küçə uşaqları ilə. Kəblə Məmmədhüseyn uşaqları aralayıb qapını taqqıldatdı; çünki hərçənd qapı açıq idi, amma istəmirdi həyətə girsin.

Otaqda oxuyub çalanların səsi, qonaqların çəpiyi, həyət adamlarının hay-küyü qarışmışdı bir-birinə.

– Vəliqulu əmoğlu, Vəliqulu əmoğlu, bir bura gəl!

Xanın Vəliqulu adlı nökəri əlində çörəyi tez aparıb yerinə qoyub, qaçdı küçə qapısına. Kəblə Məmmədhüseyn buna salam verib, kefini soruşandan sonra dedi:

– Vəliqulu əmoğlu! Axı insaf deyil, mən kasıb adamam, xana bir tövr ərz elə quzunun üç manatını iltifat eləsin. Sən öləsən, məhəttələm. İki həftədən çoxdu, ha gedib gəlirəm. Amma, vallah, axı utanıram.

Vəliqulu belə cavab verdi:

– Yaxşı, deyərəm. Amma indi xanın başı qarışıqdı, sabah deyərəm.

Vəliqulu istədi qayıdıb getsin, amma Məmmədhüseyn onun ətəyindən yapışıb əlini saldı boynuna:

– Yox, yox, mən ölüm, indi get de. Mən ölüm indi de!

– Ay Allahın bəndəsi, indi mən xana necə gedim belə sözü deyim? Meyər görmürsən qonaqlar başını necə qatıbdırlar?

Məmmədhüseyn hirsləndi:

– Allahu əkbər! Bu da mənə söz oldu? Mən ki, öz pulumu istəyirəm, bunun nə dəxli var? Əmoğlu, sən Həzrət Abbas, bu saat get mənim pulumu al, gətir.

“Vəliqulu! Vəliqulu” – deyib Vəliqulunu aşpazxanadan çağırdılar, bu da Məmmədhüseynə vədə verdi ki, bir tövr düzəltsin və qaçıb girdi aşpazxanaya, plov məcməisini iki əlli qalxızdı yuxarı və çaparaq apardı qonaq otağına.

Cavan xanlardan biri çalğıçıların qabağında oynayırdı. Qonaqlar əl çalırdılar və oynayan cavan oynaya-oynaya getdi durdu həkimin arvadının qabağında və baş elədi bu da dursun oynasın. Xanım başladı çəm-xəm eləməyə ki, mən oynamaq bacarmıram. Qonaqlar doluşdular bunun başına ki, gərək oynayasan. Axırda xanım durdu ayağa və çalğıçılara dedi ki, “tripaqa” havasını çalsınlar və düşdü oynamağa. Qonaqlar çəpik tutdular. Əziz xan çaxır stəkanını doldurdu, yeridi qabağa və “xanımın sağlığına” – deyib içəndən sonra cibindən bir üçlük çıxardı, apardı taxdı tar çalanın papağına və başladı çəpik çalmağa.

Kəblə Məmmədhüseyn Vəliqulunun yubanmağına səbr eləməyib, girdi qabaq otağa və başladı oradan oynayanlara tamaşa eləməyə, Əziz xan bir üçlük də çıxartdı taxdı kamança çalanın papağına. Vəliqulu boş nimçələri bir-birinin üstünə qalayıb, istəyirdi otaqdan qaça aşpazxanaya. Məmmədhüseyn getdi durdu onun qabağında və nimçələri qucaqladı:

– Mən ölüm, bu sahat qayıt, o üçlüklərin birini al getir mənə!

Vəliqulu bilmədi nə desin.

– Bu lotu Hüsi sənə qurban, sözümü yerə salma!

Vəliqulu nimçələri qoydu taxçaya, qayıdıb girdi qonaq otağına və ədəblə getdi ağzını tutdu Əziz xanın qulağına.

– Xan, o Kəblə Məmmədhüseyn yazıqdı, uşağı naxoşdur. Həkim gətirəcək, quzunun puluna gəlibdi.

Əziz xan çəpik çalıb oxuyurdu:

– Nə durmusan dağ başında qar kimi... – və oxuya-oxuya çıxdı qabaq otağa.

– Hə, niye gelmisen, Memmedhüseyn?

– Xan, quzunun puluna gəlmişəm.

– Hə, genə quzu gətirmisən?

– Xeyr, xan, keçən qonaqlıqda gətirmişdim, xırda pulunuz olmadı ki, verəsiniz.

Əziz xan elini saldı cibinə, bir qayıtdı qonaqlara səmt, bir çöndü Məmmədhüseynə tərəf və başladı addax-buddax danışmağa:

– Hələ pulu qalır? Niyə qalır? Niyə indiyə kimi qalır? Yaxşı, verrem, get-get! Necə quzu? Hansı quzu? Hələ xırda pul yoxdu. Vəliquluya deyərəm versin... Nə durmusan dağ başında... – Oxuya-oxuya qaçdı qonaqların yanına; cibindən bir dəstə kağız pul çıxartdı, bir üçlük taxdı qaval çalanın papağına və bir üçlük de atdı Vəliquluya ki, versin Məmmədhüseynə.

Kəblə Məmmədhüseyn üç manatı alıb yendi həyətə. Gecə yarısına bir saat qalırdı ki, qonaqlar başladılar dağılmağa. Amma Əziz xan əvvəl-axşamdan keflənib yatmışdı.

Üçüncü dəfə

Əhvalatdan bir neçə ay keçmişdi. Bir gün Kəblə Məmmədhüseyn Əziz xanın evinin qabağından keçəndə bildi ki, xanlıqda genə qonaqlıq var. Küçə qapısında iki fayton dayanmışdı. Genə bir faytonda iki nəfər rus çinovniki gəlib yendilər və girdilər həyətə. Kəblə Məmmədhüseyn bir qədər vaxt durdu qapıda, bir az baxdı gəlib gedənlərə; sonra çəkilib çömbəldi divarın dibində və çubuğunu çıxardıb başladı çəkməyə. Yarım saatdan sonra durdu, yavaş-yavaş gəldi dayandı qapının qabağında, başladı həyətə tamaşa eləməyə. Sonra nə fikir elədisə çöndü və bazara tərəf üz qoyub yavaş-yavaş çıxdı getdi.

Bir neçə gündən sonra Kəblə Məmmədhüseyn oturmuşdu bulvarda skameykanın üstündə. Günorta vaxtı idi. Əziz xan dalıyca bir neçə kəndli, natoryus dəftərxanasının qabağından keçirdilər. Məmmədhüseyn durdu ayağa. Dal tərəfdən yavıqlaşdı xanın yanına və salam verdi. Əziz xan çönüb buna baxanda bu da iki əlini döşünə qoyub, ədəblə ərz elədi:

– Xan, utanıram da deməyə, axı o quzunun pulu indiyə kimi qalır.

Əziz xan təəccüblə soruşdu:

– Necə quzu? Məgər mən senin pulunu vermədim?

– Xan, doğrudu, cibinizdən bir üçlük çıxartdınız ki, verəsiniz, amma həmən üçlüyü verdiniz kamança çalana; yoxsa mənə vermədiniz. Hazır kamançaçı Əzim ölmüyüb ki! İstəyirsiniz, çağırın sual edin. Yoxsa qurban olsun sizə o üç manat, onun maliyyəti nədi ki, mən yalan ərz edim? Qurban olsun...

Xan hirslənib Məmmədhüseynin sözünü kəsdi:

– Niyə axı pulun indiyə kimi qalıb? Mən nə bilim nə puldu, nə cəhənnəm oğlu köpəyin quzusudu?! Küçənin ortasında başlamısan quzu belə gəldi, kamança belə getdi. Utanmırsan? Başlamısan bilmirəm nə quzu, nə axmaq oğlu, kamançaçı köpək oğlu, nə axmaq oğlu axmaq? Quzu, mən bilmirəm nə quzu? Başım qarışıb, iki min işim var; başlamısan küçənin ortasında bilmirəm nə quzu, nə zəhrimar oğlu zəhrimar!

Xan bu sözləri deyə-deyə üz qoydu getməyə. Kəblə Məmmədhüseyn başını qalxızıb cürətlə dedi:

– Xan, o üç manatnan mən nə dövlətli olacağam, nə kasıb. Qurban olsun sənə o üç manat. Ürəyini niyə sıxırsan?

Əziz xan beş-altı qədəm də gedəndən sonra dayandı və cibindən üç manat çıxardıb Kəblə Məmmədhüseyni çağırdı:

– Al quzunun pulunu. Kəblə Məmmədhüseyn pulu aldı qoydu cibinə, bircə bunu dedi:

– Allah xana ömür versin.

İyun 1914, Tiflis.

news-inner-user

16063 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Məşhur musiqiçi Trampı məhkəməyə verdi
14:21 06 Avqust 2020
Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı – Maraqlı faktlar
13:32 06 Avqust 2020
Vladimr Sorokindən yeni kitab
12:44 06 Avqust 2020
Çörək, dərman, kitab... - Operativ Qərargaha təklif
11:58 06 Avqust 2020
Ziyalılar karantinlə bağlı müraciət etdi
11:16 06 Avqust 2020
Məşhur rejissordan yeni film gəlir - Treyler
10:38 06 Avqust 2020
"Min bir gecə" Vyanada nümayiş olundu
10:04 06 Avqust 2020
İtin kolbasasını uşağına verdiyi üçün villadan qovulan fəhlə - Varisin yeni hekayəsi
08:59 06 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Ayaz Salayevi mükafatlandırdı
18:57 05 Avqust 2020
Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...
18:12 05 Avqust 2020
Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar
17:41 05 Avqust 2020
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu
17:11 05 Avqust 2020
Məşhur yazıçı həbs olundu
16:28 05 Avqust 2020
Stiven Kinqdən yeni roman
14:50 05 Avqust 2020
Nə düşünürsən, Günel? - Orxan Həsəni yazır...
14:21 05 Avqust 2020
“Məni qardaşım hamilə qoydu" – Qırmızı donda intihar edən qızın faciəsi
13:32 05 Avqust 2020
Kamal Abdulladan orijinal layihə - Müsahibə
12:56 05 Avqust 2020
"Altın Koza"nın keçirilmə tarixi bəlli oldu
12:14 05 Avqust 2020
Məşhur türk aktyoru vəfat etdi
11:20 05 Avqust 2020
Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020