Tanınmış qadınlar futboldan nə danışdılar? - RƏYLƏR

Tanınmış qadınlar futboldan nə danışdılar? - RƏYLƏR
8 iyul 2016
# 11:00

Bəzən deyirlər, kişilər futbolu sevir, qadınlar futbolçuları. Çox vaxt kişilərlə qadınları ayıran, mübahisəyə səbəb olan da futboldur. Ancaq bəzi qadınlar futbolu elə kişilər qədər sevir.

Yazar qadınların futbola münasibəti necədir? Onlar da kişilər kimi top dalınca qaçıblarmı? Futbol izləyirlərmi?

Kulis.Az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Ləman Ələşrəfqızı: “Futbol nədir, yəqin tərifini deyə bilməyəcəm. Hər komandada 11 kişinin bir topun dalına düşüb qaçması kimi bəzi adamların ironik münasibətini də təqdir etmirəm. Futbol kifayət qədər ciddi əhəmiyyətli oyundur. Hətta deyərdim ki, siyasət qədər mühüm. Fransa ilə İslandiyanın oyununda Fransa prezidentinin iştirakına baxıb sonra oğlumdan soruşuram ki, kimin yerində olmaq istəyərdin, deyir, elə düşünmə Olandı deyəcəm. Hə, yəni futbol bu qədər əhəmiyyətli və maraqla izlənən oyundur. Mən də həmişə maraqlı futbolun tamaşaçısı olmuşam. Azarkeşlik etdiyim komanda Barselonadır. Bu komandanın istənilən oyununu qaçırmamağa çalışıram. Özüm heç vaxt futbol oynamamışam. Düşünürəm ki, futbol kişi oyunudur və bu oyun qadınlarda alınmır. Bir neçə il əvvəl Azərbaycanda keçirilən Beynəlxalq tədbir də sübut etdi ki, qadınların futbol oyununu ən yaxşı halda Cenifer Lopes və ya Şakira maraqlı edə bilər. Açılışda bir mahnı oxumaqla. Azarkeş kişilərə də çox normal baxıram. Şəxsən özüm sevdiyim komanda qol vuranda elə qışqırıram ki, heç kim mənim kimi qışqıra bilməz. Maraqlıdır, özü də bu içdən gəlir. Kaş gün gələydi öz komandamızın uğurlarına sevinər, onların azarkeşi olmaq istəyərdik.

Elnaz Eyvaz: “Futbol ilk növbədə idmanın bir növüdür. Digər idman növləri kimi, onun da öz yeri və azarkeşləri var. Orta məktəbdə oxuyanda idman dərslərində sinif yoldaşlarım məktəbin stadionunda futbol oynayırdılar, onları çox maraqla izləyirdim. Amma məxsusi olaraq, hansısa idman növünə, o cümlədən, futbola azarkeşlik etməmişəm. Oyunlar zamanı atamla bir yerdə olanda, hər oyunu izləyirəm, əks halda yox. Atamla futbola baxmaq mənə ləzzət edir. Biz uşaq olanda atam bütün oyunları izləyirdi, azarkeşlik etdiyi komanda qol vuranda elə qışqırırdı ki: "Qooool!!!", ya da belə: "Ayyy səənii, azca qalmışdı". Həm diksinirdim, həm də sevinirdim ki, evimizdən ata səsi gəlir.

Futbol fanatı olan kişilərə də normal baxıram. Hərənin bir maraq dairəsi var, onlarınkı da odur. Burda qeyri-adi və anormal nəsə görmürəm. Hələ də bu azarkeş sevdiyin kişidirsə, məsələn, atandırsa. Ümumiyyətlə, adamların zövqünə, inancına, seçiminə hörmətlə yanaşmaq lazımdır”.

Telli Pənahqızı: “Futbol mənim üçün maraqlı idman növü sayılsa da son vaxtlar, demək olar ki, baxmağa həvəsim yoxdur. Milyonlarla insanın əsəbini tarıma çəkən, emosiyalarını ən kobud şəkildə büruzə verməyə səbəb olan, indi artıq gözəl bir idman yarışından, sağlamlıq, istedad və güc qaynağından çıxıb ölkələrin və ayrı-ayrı varlı şəxslərin dünyaya hökmranlıq ambisiyasına çevrilən bu oyunlara bir siyasət marağı kimi baxıram. Deyək ki, hər hansı bir ölkə idmançılarının texniki və ya oyun istedadını nümayiş etdirmək amacı ilə yaradılan klublarda və komandalarda hər şey, hətta oyunçu belə, alınıb satılırsa, (deyək ki, hansısa komandada əcnəbilər öz ölkəsinin deyil, pulla alındığı ölkənin idman marağını qoruyursa) bunun nəyi milli komanda olur ki. Nə vaxsa futbol oynamısınızmı? Yox, bir vaxtlar, yəni orta məktəbdə oxuyanda, bir neçə il də universitetdə voleybolla məşğul olmuşam. İfrat azarkeşliyi sevmirəm. Amma bunsuz da azarkeş olmaq mümkün deyil... Düşünürəm ki, hər şey qədərində gözəl və qəbul ediləndir...”

Xuraman Hüseynzadə: “Əvvəllər futbolu çox sevirdim. İndi maraqlanmıram. Təkcə Dünya Çempionatlarına baxıram. Bu oyun tək kişilərin yox, qadınların da maraq dairəsindədir. Pul gətirməsi, emosiyalara səbəb olması bir tərəfə, oyun kimi çox maraqlıdır. Maraqsız olsaydı dünya bir topun əlində girinc qalmazdı”.

Könül Həsənqulu: “Doğrusu futbol həvəskarı olmamışam bu vaxtacan, amma məktəb vaxtı uşaqlarla oynamağım qaçılmaz idi. Uşaqları bilirsiniz, dostluqda birlik onlar üçün daha önəmli olur, nəinki böyüklər üçün. Bu baxımdan mən də oyuna qatılmışam dəfələrlə. Boyum, qollarım uzun olduğu üçün məni həmişə qapıçı seçirdilər. Belə ki, topun qorxusu hələ də canımdadır. İndi küçədə topla oynayan uşaqların yanından ötəndə qorxuram ki, top indi mənə dəyər, bu saat dəyər. Futbol azarkeşlərinə isə rəğbətlə yanaşıram. Düşünürəm ki, hər bir kişinin azarkeşlik etdiyi mütləq bir və ya bir neçə idman növləri olmalıdır”.

Rəbiqə Nazimqızı: “Ümumiyyətlə, futbola geniş münasibətimlə bağlı iki il əvvəl bir yazı da yazmışam, amma yenə də deyim. Futbol mənim üçün maraqlı, həyəcanlı bir oyundur. Daha çox yorulanda izləməyə üstünlük verirəm. Yaşıl meydan, qalibiyyətə doğru qaçışan adamlar, topun hərəkəti xoşuma gəlir. Fanatların reaksiyasına tamaşa etməyi də xoşlayıram. Canlı baxmaq daha maraqlıdır. Azarkeşliyə gəlincə, hazırda daimi azarkeşlik etdiyim komanda yoxdur. Təbii, "Qarabağ", "Qəbələ", "Neftçi", yığmamız istisnadır. Böyük yerlibazlıq - bunu vətənpərvərlik də adlandırmaq olar. Xüsusən bizimkilərin əcnəbilərlə qarşılaşmalarına baxıram. Mən səs-küy salan azarkeş deyiləm, yəni klassik formada məni azarkeş adlandırmaq olmaz. Reaksiyalarımı özümdə saxlayıram. Hərçənd, bir dəfə evdə futbola baxanda qızımın pəncərələri örtdüyünü gördüm, yay idi, mənə qəribə gəldi, səbəbini soruşdum, dedi ki, hər dəfə qol vurulanda möhkəm çığırıram.

Futbol oynamışam, dəniz kənarında ailəvi dincələndə olur belə şeylər. Dostlarla da oynamışam, amma məndən oyunçu olmaz. Jurnalist kimi daha çox izləməyə meylliyəm. Futbol fanatı olmayan kişilərə bir az qəribə baxıram. Açığı, düşünürəm ki, əks cinsin təmsilçisi futbol oynamasa da, dünya çempionatlarından, böyük qarşılaşmalardan xəbərdar olmalıdır. Amma bunu da deyim ki, kişilərin futbolla bağlı söhbət və mübahisələri də diqqət mərkəzindən kənarda qaldığını düşünən bütün xanımlar kimi xoşuma gəlmir”.

İradə İsaq: “Futbolu sevməmişəm, sevmirəm, sevməyəcəm də. Mən zaman aparan, sonunda heç bir fayda əldə edə bilməyəcəyim hər şeydən uzağam. O cümlədən də futboldan. Futbol fanatı olan kişilərə heç bir söz deyə bilmərəm. Məsələn, oğlum futbolun böyük fanatlarındandır. Onlar haqqında fikir bildirmək istəməzdim. Bu çox şəxsi məsələdir. Uşaq vaxtı futbol oynadığım zaman burnumu qırmışam. Bu günə qədər əziyyətini çəkirəm. Üzümdə xırda izləri də qalıb. Bəlkə elə ona görə futbolu sevmirəm, nə bilim. Amma voleybol oyunu mənim üçün maraqlıdır, vaxtım olanda baxıram. Xüsusən qadınlar oynayanda”.

Günel Natiq: “Gözəl yazıçımız Afaq Məsud hekayələrinin birində “Niderland xalqına eşq olsun” deyə şüar deyən gülməli bir qız uşağını təsvir edir. Həmin o qız uşağı mən idim. O vaxtlar dünya çempionatı gedirdi, mən isə Niderland komandasının azərkeşiydim. Hollandiya (Niderland) komandasının kapitanı Ruud Qullit mənim kumirim idi. Hətta saçlarımı da onunkuna oxşatmağa çalışırdım. Atam mənim azarkeşliyim barədə iş yerində danışdıqdan sonra Afaq xanımın həmin o hekayəsindəki obraz yaranmışdı. İndiyə kimi narıncı rəngi çox sevirəm. Ona görə ki, bu rəng o illərin yadigarıdır. Hollandiya komandasının futbol geyimi narıncı rəngdədir... Nəyə görə bu komandanı sevirdim? Çünki Hollandiya şairanə futbol oynayırdı. Açıq futbol oynayan komandalar həmişə sevilir. Çünki onlar azarkeşlərin görmək istədiyi futbolu göstərirlər. Güclü olduğu qədər bəxtsiz komanda idi Hollandiya, ən güclü vaxtlarında dünya çempionatının yalnız finalına qədər gedib çıxa bilmişdilər. Elə düşünürəm ki, əsl kişi mütləq futbola baxmalıdır. Çünki mənim xəyalımda atamın obrazı qalıb. Futbolu dəlicəsinə sevən, kritik anlarda siqareti siqaretə calayan azarkeş obrazı. Xüsusi futbol gündəliyi tuturdum. Bütün matçları, vurulan qolları, fərqlənən futbolçuları qeyd edirdim. Elə bilirdim, nəyisə qaçırsam, böyük bir qəbahət etmiş olaram.

Kumirlərimdən biri də Dieqo Maradona idi. Bu futbolçunun təvazökarlığı çox xoşuma gəlirdi. Adətən rəqib komandanın müdafiəçiləri imkan vermirdilər ki, bu futbolçunun ayağı topa dəysin, ayağına top gələn kimi itələyib yıxırdılar. O isə növbəti dəfə ayağa qalxıb, heç bir emosiya göstərmədən əllərini çarəsizcə yana açıb eləcə başını tərpədirdi. Maradonanın bu sadəliyi ona böyük hörmət qazandırmışdı. Həm də başqa cür ola bilməzdi, Maradona kimi böyük futbolçu elə belə də olmalıydı... Sevdiyim komandalar uduzanda elə bilirdim özüm məğlub olmuşam. Və artıq heç kim məni ayağa qaldıra bilməz. Günlərlə ağlayırdım. Futbol Çempionatı bitəndə isə içimdə boşluq yaranırdı. Sonra hər şey yenidən başlayırdı. Bəlkə də mən beləcə həyata öyrənirdim, hər məğlubiyyətdən sonra yenidən ayağa qalxıb mübarizəyə davam etməyə alışırdım. Bir də futbol günlərindən allı-güllü xatirələr qalıb, o xatirələri heç nə əvəz eləyə bilməz. Bunlar üzə təbəssüm qondaran, içimizi sevinclə dolduran xatirələrdir. Nə deyirsiniz deyin, futbol dahiyanə oyundur...

Şahnaz Kamal: “Futbolu nə sevirəm, nə də nifrət edirəm. Çünki bu oyunun bu və ya digər şəkildə həyatıma heç bir müdaxiləsi yoxdur. Amma ümumi götürsək, xərclənən pul və vaxta dəyməyən, mənasız bir şey kimi qəbul edirəm. Kişilərin əyləncəsidir, kişilər isə bahalı əyləncəni sevirlər. Futbola baxmıram və tanıdığım klublar azdır. “Qarabağ” klubuna adına görə rəğbətim var, bu qədər. İstənilən sahədə fanatlığa yaxşı baxmıram”.

Hədiyyə Şəfaqət: “Futbol oynamışam. Məktəb vaxtı, oğlanlarla.

Baxmağı da xoşlayıram. Futbola maraq edən kişiləri də anlayıram, doğru edirlər. Mən döyüş idman növlərini sevmirəm, futbolu isə hətta yaxşı idman hesab edirəm. Komanda oyunudur üstəlik. Futbolçu, futbolla ilgisi olan dostlarım var. Futbolla bağlı onlarla mübahisə etmərəm, lakin futbola baxmaqlarını izləməyi və şərhlərini dinləməyi xoşlayıram.

“Qarabağ”a azarkeşlik edirəm. Təəssüf ki, hələ futbola canlı baxmamışam.

Ramilə Qurbanlı: “Tam səmimi deyəcəm, mənə görə futbol qədər mənasız ikinci oyun yoxdur. Mübariz Məsimov deyib, amma ona qədər deyəsən Molla Nəsrəddin buyurub ki, əlimdə əlac olsa bir topun arxasınca düşən 11 kişinin hərəsinə bir top alıb verərdim ki, bizim də canımız qurtarsın, onların da”.

# 982 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #