Kalmık kəndində sevgi bayramı

Kalmık kəndində sevgi bayramı
17 iyun 2016
# 12:40

Kalmık rejissoru Boris Manjiyev Gənc Tamaşaçılar Teatrının səhnəsində teatralcasına aşdım-daşdım bir sovet müzikli hazırlayıb; adı “Qohumlar”; musiqili komediya da demək olar: ancaq fərqi nə; onsuz da şəcərəsi “Şən uşaqlar”, “Malinovkada toy”, “Xanuma”, “Həsir şlyapa”, “Səma qaranquşları” müzikllərindən, tatarların “Sobuntay” tipli milli bayramlarından gəlir. Kənd, idilliya, koloritli sakinlərin koloritli danışığı, dövranın zarafat vaxtı, şux melodiyalar, səmimi həyat şadyanalığı, kollektivcə oxunan “işıqlı” nəğmələr, püskürən enerji və xırda-para gülməli şeytan fəsadları sovet müzikllərinin və musiqili komediyalarının inqridiyentləri sayılıb. Müzikl xalq teatrı, meydan teatrı formalarının cilalanmış şəkildə rəsmi mədəniyyətə yansımasıdır: qrotesk, sarkazm, kinayə müqabilində şəbədəçiliyə, şarja üstünlük verər, qəhqəhə çəkmək əvəzinə xəfifcə gülümsünüb məzələnər; heç kimi incitməz, heç kimin qəlbinə dəyməz.

“Qohumlar” müzikli də sanki meydan teatrının, del arte komediyalarının estetik müstəvisində birnəfəsə ifa edilən kadril rəqsidir; kadril rəqsinin müxtəlif fikstura, yozum və versiyalarda epizod-epizod təzahürüdür. Başqa sözlə: bu müzikl kalmıksayağı kadril qəlibində mizanlaşdırılıb, kadril karuseli kimi, halay içi kadril kimi mizanlaşdırılıb, personajlardan hər birinin kənd sakinləri halayı ilə dialoq-söhbəti üstündə mizanlaşdırılıb. Zahirən, adama elə gəlir ki, tamaşanın mürəkkəb strukturu var: lakin öz altyapısında hər şey “bənd düşə, bəndə düşə, bizdən sizə kim düşə” uşaq oyununun quruluş trafareti qədərincə sadədir. Fərq onunla şərtləınir ki, B.Manjiyev bu primitiv oyundan itələnərək səhnədə kalmık kənd bayramı, evlənmə macərası düzənləyir, klounsayağı əlvan geyimli personajları fişəng kimi səhnəyə səpələyir və bu fişənglər ətrafa dağılanda onların düşəcəyi məkanı idealcasına sahmanlamağı bacarır.

Fikrimcə, rejissor bir zamanlar Kalmık Respublikasında qurduğu tamaşasının modelini indi Azərbaycana gətirib və bu modeli Gənc Tamaşaçılar Teatrının bədii-estetik parametrlərinə, aktyorlarına uyğunlaşdırıb, azərbaycanlılara uyğunlaşdırıb və, adamın Allahı var, əla da uyğunlaşdırıb: kalmıksayağı kadrilə Qafqaz rəqs patternlərini əlavə eləyib, kalmık rəqslərilə Azərbaycan rəqslərinin elementlərini bəstəkar qardaşı Arkadi Manjiyevin iştirakı və Gənc Tamaşaçıların rəqqas-aktyoru Vüsal Mehrəliyevin köməyilə bir-birinə “calayıb”. Kalmıkların milli musiqi ənənələrindən yararlanan Arkadi isə tamaşanın səs partiturasına, kalmık melodilərinə Azərbaycan ritmlərindən qəfil desantlar çıxarmaqla personajları seyrçilərə çox doğmalaşdırıb.

Eyni bir dil ailəsinə mənsub qohum millətlər deyilik bəyəm? Ritmlərdə, melodilərdə bir məhrəmlik var!

Basanqov Baatr, yəni soyu Basatlardan olan Bahadır, qohumluğumuzun birbaşa isbatı kimi söyləyirəm mən bunu, Badmeyeviç kalmık sovet ədəbiyyatının cəmi 33 il yaşamış təməlçi nümayəndəsidir: əbəs deyil ki, B.Manjiyevin baş rejissor kimi çalışdığı Kalmık Milli Dram Teatrı elə o kişinin adını daşıyır. “Qohumlar” tamaşası da B.Basanqovun “Təəccüb doğuran hadisə” əsərinin motivləri əsasında kalmıkların xalq şairəsi Vera Şuqrayevanın yazdığı librettovari bir mətnin müzikl gerçəkliyidir. Mətnin Azərbaycan versiyası bizim və MDB məkanının dramaturqu Əli Əmirlinindir.

Səhnə mətni “Qohumlar” adlandırılsa da, tamaşada söhbət, əslində, qohumlardan yox, antiqohumlardan gedir: adamlar qohum olmaq istəsələr də, bacarmırlar; nədən ki, niyyətləri saf deyil: övladlarını mənfəət, qazanc məqsədilə evləndirmək istəyirlər, onların sevgilərilə hesablaşmırlar, cavanların həyatı ilə alver eləyirlər.

Qohumluğu həmişə mənfəət iddiası öldürür.

Elə bu arada Bosxomçu (Vahid Orucoğlu), “Qohumlar”ın özünəməxsus Sərvəri, çıxır ortaya, babalı götürür boynuna və toy günü bəyə gəlin əvəzinə üzüduvaqlı fotoqraf Lici-Qaryanı (Elnur Hüseynov) sırıyır: bununla da “Məşədi İbad” finalı “Qohumlar”da təkrarlanır. Boris Manjiyevin müzikli klounada sərhədlərində fırlandığından, süjetin dolanbacları, münasibətlərin dəyişməsi sözdən daha çox fiziksəl işarələrlə, musiqilə bildirildiyindən tamaşa karnaval ovqatına maksimal şəkildə yaxınlaşır və dinamik, enerjili Bosxomçu bir oyun babası kimi öz sevdiciyi Buuva (Şəbnəm Hüseynova) ilə birgə səhnədə bir sevgi bayramı düzüb qoşur.

Həqiqi bayram həmişə sevginin bayramıdır.

İnsan sevgiyə sevinir: sevginin sevinci həyatın adiliyinə bayram donu geyindirir.

Bayram sevgi ilə bayram olur. Hər hansı bir bayramı sevgisiz yaşamaq əzaba çevrilir. “Qohumlar” tamaşası da seyrçidə elə bir təəssürat oyadır ki, sanki səhnədə sevgi bayramıdır: sanki teatrda çiçəksiz gül bayramı yaşanır. Məncə, Boris Manjiyevin teatrı üçün bayram konsepti son dərəcə önəmli: hətta onun “Xortdanın cəhənnəm məktubları” tamaşasının civarları ilə də barmaqları ucunda bir bayram dingildəyə-dingildəyə gəzişirdi.

Yenə səhnədə heç bir dekor-filan yoxdur, yalnız üçbir tərəfdən nazik, yüngül pərdələr asılıb: personajlar məhz bu pərdə aralarından “hücum çəkib” bir alay-halay enerjisilə səhnəyə daxil olurlar. Cümləni bica yerə belə fırlatmıram: tamaşa çoxsakinlidir; 31 iştirakçısı var. Amma buna rəğmən səhnədə hamı baxılır, hamı orijinaldır, hamı oyundadır, fiksə edilir və yaddaşda qalır: çünki hər bir fərdin həyat hekayəsi, xarakteri, psixikası personajın geyim və davranışına yansıdılıb. Ona görə də “kənd sakinləri” tamaşanın süjeti içində ayrıca bir tamaşa kimi qavranılır: Atabala Səfərovun “susqun fleqmatik qocası” Bulmaq tamaşa proqramında məxsusi fərqləndirilsə də, kənd sakinlərindən seçilmir, gülməli el ağsaqqalı, huşsuz, reaksiyasız kukla qəbilə başçısı kimi yozulur və tamaşa boyu vur-tut iki cümlə söyləyir: bir deyir “Allah rəhmət eləsin”, bir də “Novruz bayramınız mübarək”. Di gəl ki, bu cəfəng saçmalama toy mərasiminin absurdunu faş edir, köhnə adətin mənalarını zarafat konstruksiyasında modelləşdirir. Bu mənalar təbəssüm cağarasında açılanda Atabala Səfərov olur epizod ustadı, intonasiya ustadı.

“Kənd sakinləri” sırasından aktyor Eşqin Quliyevin sözsüz personajı “hiperaktiv kənd pijon”udur və kütləvi səhnə kontekstində diqqəti əlüstü özünə çəkir: nədən ki, Eşqinin özü səhnədə aktyor olmaqdan, fasiləsiz “oynamaqdan” və öz oyun bacarığından aşırı bir ləzzət duyur. Rəzzaq Məmmədovun, Bəxtiyar Kərimovun və digər aktyorların kütləvi səhnələrdə cəmi bir ştrixlə, lakin gözəçarpan dolğun ifadə konkretliyində rəsm etdikləri xarakterlər kalmık-azərbaycanlı kəndini, kəndistan toy macəralarını tam danışır.

Tamaşaya baxanda həməncə görürsən ki, hansı aktyor öz rolu üzərində nə qədər işləyib; görürsən ki, kimisi təkcə istedadına güvənib, kimisi öz köhnə oyunçu ştamplarından faydalanıb, kimisi də personajı tanımağa, onun özəlliyini ortaya qoymağa çalışıb. Təbii ki, bu mesaj hamıdan öncə müziklin aktyorluq sənəti baxımından solo ifaçılarına ünvanlanır.

Quruluşçu rejissor B.Manjiyev tamaşada “solistliyi” dəstəkləsə də, aktyorları monoloji parçalardan qaçırdıb, solistliyi yalnız duet, trio və kvartetlər çərçivəsində mümkün sayıb. Şövqü Hüseynovla (Doji) Qurban İsmayılovun (Nyamin) dueti (daha uğurlu olmaq ehtimalı yüksəkdir), məncə, teatra pıçıldayır ki, bu tandem hər hansı bir başqa tamaşa kontekstində fenomenal oyun göstərə bilər. Məncə, artıq Azərbaycanın güclü aktyorlarını bir tamaşaya toplayıb qeyri-adi “teatr cəm-seyşnləri” təşkil etmək mümkündür.

Dorji rolunda Şövqü həpəndliyin bütün versiyalarını oynayır: personajın bicliyi də, gicliyi də, mülayimliyi də, zalımlığı da, doğruçuluğu da, fırıldaqçılığı da aktyorun rol partiturasında elə qarışdırılır ki, Dorji məqamlarca gah başmaq geyinmiş zavallı violençel, gah da bığlı kontrabas təəssüratı oyadır; əlacsız kontrabas kimi bubbuldayıb danışır. Şövqünün ifasında bubbuldayıb danışmaq şansın və ümidin tükənməsinə bir işarədir. Neyləsin, qızını varlı oğluna ərə verə bilmir, arvadı Amulanqa (Naibə Allahverdiyeva) da bir ucdan elə hey qız gətirir dünyaya...

Qız demişkən, “Qohumlar”ın oyun məkanında üç qarımış qız – Saqana (Nəsibə Eldarova), Namsa (Şəfəq Əliyeva) və Buqa (Zemfira Əbdülsəmədova) – sözün yaxşı mənasında səhnədə “od qoparır”. Onların üçü də kəndin simsiz teleqarafı və dedi-qodu paçtolyonu, divarların qulaqları funksiyasını bir-birilə dostcasına paylaşıb tamaşanın yüksək templə davam etməsinin, süjetin çevik inkişafının təminatçısı olur. Aktrisalar səhnədə çox sərbəst, əylənə-əylənə, komplekssiz, həyasızlığa yuvarlanmadan davranırlar, özləri üçün qəşəng-qəşəng “sındırırlar”.

Tamaşada əla Kema var: aktrisa Səbinə Məmmədova son dərəcə orqanikdir; ifasında dəqiq və konkretdir. Adətən, gülünc tiplər əhatəsində müsbət qəhrəmanı canlı oynamaq aktyora çətin başa gəlir: buna qəhrəmanın plakatvariliyi mane olur. Burada isə əksinədir: Səbinə diridir, özünəarxayındır, davranışında rahardır, əzilib-büzülmür, Kemanı “romantik vurğun qız” kimi oynamağa, aşırı aktrisa olmağa çalışmır.

Digər aktyorlar da tamaşanın karnaval mənzərəsini, “kadril karuseli” mənzərsini pozmurlar, rejissor tərəfindən müəyyənləşmiş partituranın tələbini məqbulcasına yerinə yetirirlər: bəzisi şarjla qrotesk arasında qısa məsafə qət edib yenidən şarja qayıdır, bəzisi isə öz personajına azacıq ironiya ilə, lağla yanaşmağı, personajına münasibətdə özgələşmə məsafəsi saxlamağı unudur.

Boris Manjiyevin tamaşasında bığ, çəkmə, başmaq, pantalon seyrçiyə elə bir effektli tərzdə təqdim olunur ki, həməncə teatralcasına obrazlaşır, xarakterin metaforasına çevrilir. Hərdənbir görürsən ki, rejissor bir mizanla bir hekayə nəql eləyir: əl arabasında açılmış süfrədəki cecə arağının arxasınca tamarzı-tamarzı, qocafəndi-qocafəndi, sümsünə-sümsünə kulisə doğru addımlayan qırmızı çəkməli məstan pişik Nyamin (Qurban İsmayılov) bir əhvalata dönür. Rejissorun işində bəyəniləsi cəhətlərdən biri də budur ki, o, aktyora özünü maksimal ifadə etməkdən ötrü şərait yaradır və hətta bəzən mizanları bilərəkdən bu niyyətlə qurur. Kalmık rejissorun Gənc Tamaşaçılar Teatrının aktyor truppasını bu qədər yaxşı tanıması, bilməsi, Manjiyevin rol bölgüsündə bu qədər sərrast olması qayət çox ilgincdir. Bu da o anlama gəlir ki, teatrın baş rejissoru Bəhram Osmanov öz kalmık kolleqasını “Qohumlar”ın hazırlanma müddəti boyunca tam dəstəkləyib, Manjiyevə kart-blanş verib: gərəkir ki, ayrıca qeyd olunsun.

Yox, mən məqaləni ona görə yazmadım ki, tamaşaya bayılmışam. Hərçənd “Qohumlar” köhnə sovet dönəminin əyalət teatrı üçün yetərincə yaxşı bir nümunə kimi qəbul edilə bilər. Mən məqaləni ona görə yazdım ki, qaynar qazan kimi təbəssüm köpükləri ilə pıqqıldayan bu tamaşa Gənc Tamaşaçılar Teatrının yaradıcı imkanlarının geniş bir spektrini işıqlandırdı, aktyor truppasının, daha doğrusu, bu truppanın istedad özəyinin hər cür rejissuraya açıq olduğunu göstərdi və bu teatrın mümkün perspektivlərini cızdı. Göstərdi ki, əgər teatrda yaradıcılıq prosesi obyektiv prinsiplərlə təşkil olunursa, teatr özünəvurğunluğun daşını atıb mütəmadi öyrənməyə və yeniləşməyə, sənətin müasir vibrasiyalarına köklənirsə, daima ordan-burdan dəvət edilmiş maraqlı rejissorlarla iş birliyi qurmaqdan ehtiyatlanmırsa, özünə qapanıb qalmırsa, tənqidi dinləməkdən eymənmirsə, onda teatr tamaşadan tamaşaya buğda-buğda böyüyür, peşəkarlığın kamillik nöqtəsini bulmağa çalışır.

# 2352 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #