Bu tamaşada Qacar da alqışlanır, Vaqif də

Bu tamaşada Qacar da alqışlanır, Vaqif də
9 iyun 2016
# 12:20

Əzizim İbrahim xan,

bit yerisin yaxandan...

Bu misralar Səməd Vurğunun “Vaqif” dramındandır ki, o əsərdə İbrahim xan pislənirdi, Vaqif Qacarla deyişməyədək yüksəlirdi, Qacarsa qaniçənliyindən zövq alan bir manyak idi. Nə qədər tamaşalar qoyulmalı, əsərlər yazılmalı, filmlər çəkilməlidir, bəlkə hətta o nəsil dəyişməlidir ki, bunca məşhur, dillər əzbəri əsərin (bu əsərdən sonra Azərbaycanda nə qədər insana Vaqif adı qoyuldu) yaddaşlara həkk etdiyi tarixi obrazlar dəyişsin. Bir cəhd dramaturq Əli Əmirlinin oldu (“Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” pyesi), bir cəhd də Şəki Teatrından gəldi. Görünəni, milli teatr tarixilə haqq-hesabı çürütmədən yeni mövzular açmaq istəmir. Bəlkə də düz edir.

Şəki Teatrının yenicə tamaşaya qoyduğu və Bakı tamaşaçılarına da təqdim etdiyi “Vaqif” dramı Səməd Vurğunun pyesinin əsasında işlənsə də (Vaqif Aslan) tamaşada Vurğunun dövrün ideologiyasına xidmət edən misraları səslənmir. Rejissor, Mərdan Feyzullayev “Vaqif” dramını fələk çərxi fırlayar kimi təqdim edir. O, ilk növbədə Səməd Vurğundan fərqli olaraq hadisələrə, obrazlara daha ciddi yanaşır. Onun “Vaqif”i tarixi qəhrəmanların gəldiyi yeri çıxa bilmədiyi dalanadək göstərmək iddiasındadır. Bu tamaşanın qəhrəmanları çıxılmazlıq qəhrəmanlarıdır. Onlar sanki fələyin çərxinin qarşısına düşüblər, istəsələr də, istəməsələr də qaçmalıdırlar.

Molla Vəli Vidadinin tanrıya “Xudaya! İnsanın halı yamandır”la başlayan müraciəti baş verəcək hadisələrin fövqündə dayana bilən ali ideya-suallardır: insanlar bir-birinin qanını içəcəksə, min təriqətin nə mənası var? Qaçan da, qovan da Allah çağıracaqsa bu yalvarışlar nəyə yarar?

Rejissor səhnə-səhnə hadisələrin ucunu gətirib bu ideyaya bənd edəcək. Həm də ustalıqla, hiss olunmadan. Bütün əsas qəhrəmanlar tanrıyla danışacaq, çünki bu onların əməl xəttinin leytmotivini göstərir. Qacar da, İbrahim xan da Vaqif də, Məhəmməd xan Cavanşir də. Və məhz buna görə əhvalat bütöv təsir bağışlayır. Ara-sıra tarixə, siyasətə, faktlara eyhamlar olsa da rejissor baş verənləri məhz bu ali ideyaya bənd edir- yəni, millətçilik coşqğusundan, siyasi təhlil həvəsindən, tarixi şəxsiyyətləri rəngləmək ehtirasından özünü saxlaya bilir. Və hadisələrə, tarixi qəhrəmanlara baxmaq üçün daha yüksək bir rakurs seçir.

İlk pərdədə səhnə dayanmadan fırlanır, pilləli, arkalı dekorasiya (rəssam Qüdrət Məmmədov) belə boş-boşuna (yəni iştirakçılarsız) fırlanmaqla zala fanilik, faciəvilik ötürür. Yəni aktyorlar çıxmamış artıq səhnə doludur, o, öz boşluğu ilə, hərəkəti ilə danışır. Minimal dekorlarla maksimum ifadə şərti artıq təmin olunub.

Üstəlik aktyorlara öz tarixi qəhrəmanlarını tanıtmaq, şəxsiyyətlərini açmaq üçün gen-bol səhnə meydanı verilib, artıq dekor və ya rekvizitlər əl ayaqlarına dolaşmayacaq. Eyni dekor təsəvvürdə dəhşət saçan saray divarından Vidadinin kasıb komasına çevrilə bilir. Yəni, o, qəhrəmanların çabaladığı faciə fəlsəfə məkanıdır, həm onları əhatə edən reallıq.

İbrahim xan (Asif Yusifov) vurnuxur, İran və Rusiyanın arasında xanlıq etdiyi Qarabağı qorumalıdır. O, Rusiyanın tabeliyini asanlıqla qəbul edə bilmir. Amma çıxılmaz durumdadır. “Qoy belə olsun, sonra Allah kərimdir” deyir. Bu addımın səbəbi ilk ağlımıza gələn kimi hakimiyyətinin legitimliyi deyil, (sonrakı səhnələrdə Qacar da onun xanlığına qarant olduğunu deyəcək), Qarabağı qorumaqdır.

Vaqif (Əbülfət Salahov) vəzirdən çox şair xəyalı göylərdə olan bir şairdir, o siyasi vəziyyəti müzakirə edərkən belə imkan tapıb Yekaterinanın mina gərdənini vəsf edir. Əlbəttə, bu, o demək deyil, o, əsl diplomat deyil, amma tamaşa müəllifləri onu əsl şair kimi “öldürürlər”. Bu səhnə barədə az sonra.

Qacarsa (Xanlar Həşimzadə) özünü İran işğalçısı kimi yox, Azərbaycanı birləşdirmək istəyən şahənşah kimi görür; “bu axmaq xanlar onu anlamırlar”. Onu heç kim anlamır. Hamı onun qanlı əlini görüb qaçır, sirdaşı yoxdur. Yalnız təlxəklə dərdləşə bilir. Qacar amansız qərarlarını ağrı tutmalarının əvəzi kimi verir. Aktyor Xanlar Həşimzadə aqressiyanı baş ağrıları ilə növbələşdirir. Və Qacar cinsəllikdən məhrum olsa da, şəxsiyyət olaraq bütövdür, hətta bəlkə buna görə bütövdür. O “mənəmlik” bu məhrumiyyətin (qadın deyilən, sevgi deyilən böyük bir xoşbəxtlikdən məhrum olmağın) təzahürüdür. Onun öz amalı, öz idarəetmə düsturları var. Və əlbəttə öz ziddiyyəti var. Təlxəkdən (İqrar Salamov) başqa kimsəylə bölüşə bilmədiyi ziddiyyəti. Qacar Tanrının qarşısında tərksilah olub dayananda bu ziddiyyəti tapır. Təlxəyə etiraf edir ki, onun düsturu necə olmasından asılı olmayaraq, sıfra bərabərdir “asıram da düzəlmir dünya, kəsirəm də düzəlmir...”. Bu, bir yarımfinaldır, daha düzü, fanilik barədə əsas finala “vəsiqə qazanmaqdır”...

Molla Pənah Vaqifsə dünyadan dad almaq istəyən amma taleyin hökmüylə faniliyi, dadsızlığı dərk edən şair obrazındadır. Müəlliflər-rejissor və aktyor-hər cür pafosdan arındıraraq əsl şair obrazını qıyırlar ona nəhayət ki. Sərbazlar qolu zəncirli, nimdaş xirqəylə sanki ruhu da çılpaq qalan şairin “Görmədim” müxəmməsini bənd-bənd üzünə çırpırlar, kağızlar üzünə çırpıldıqca, şair əyilib kağız qırıntılarını toplayır, ona qalan yeganə dövlət kimi. Bu tərki-dünya səhnə-dünyada bir etibar görməyən şairin qovtək yüngül cisminin sərgərdan bir ruh ağırlığıyla səndirləməsi-final səhnəsidir. Əvvəldə Vidadinin tanrıya ünvanladığı suallarına cavab yerinə göndərilib. Elə şair səhnəni tərk edəndən sonra səhnənin, dekorasiyanın bir dünya misalı dayanmadan fırlanması da.

Tamaşada bir neçə klişe məqamlar olsa belə məhz belə konseptual həll, bütöv yanaşma, dəqiq səhnə həlli tamaşaçıya onun üstündən asanlıqla keçməyə imkan verir. Balaban, tar alətlərində istifadə olunan musiqilər (İqrar Saatov) tamaşanın faciə atmosferini qoruyur, lakin dramatik gərginliyi azaltmaq üçün seçilən yüngülləşdirici musiqi (məsələn Qacarın təlxəklə dərdləşdiyi səhnə) interyer musiqisi təəssüratı yaradır və söhbətin məzmun yükünü unutdurur. Fləş işıq effekti əhvalatın xronikal gücünü artırır, amma həm də sanki çox uzadılır, buna göz fiziki cəhətdən dözə bilmir.

Mizan həlli olduqca dəqiqdir, hər addım, hər düzülüş işləkdir, orqanikdir, obrazların məzmun yükünə, xarakterinə, vəziyyətinə görədir. Məsələn Qacar Vaqifin Yekaterina ilə şəklinə qəzəbli olduğunu göstərir, şairlə qarşılaşma səhnəsində onun haqqında edam qərarını yüngülləşdirməyə niyyətli görünür, lakin təsadüfən şəklə gözü sataşır və qətiyyətlə edam qərarı verir. Və ya qəzəbli, aqressiv Qacarın mizanları Məhəmməd bəy Cavanşirlə danışan Qacarkından fərqlənir. Aktyor məkan duyumu ilə eyni müstəvini ayrı-ayrı qatlara bölə bilir.

Şəki teatrının “Vaqif” dramı əhvalata vəzirin, şahın yox, şairin açdığı qapıdan baxır. Ona görə də onun tarixi şəxsiyyətləri rəngləmək kimi bir azarı yoxdur. Tamaşaçısa Qacarın dövlət qurmaq, Azərbaycanı birləşdirmək arzusuna da əl çalır, İbrahim xanın Qarabağ çıxılmazlığında da dəstək olur, hətta Məhəmməd bəy Cavanşirin Vaqifi edam qərarına da əl çalır. Bu qədər ziddiyyət olarmı heç? Deməli, onlar məzmuna yox, hər səhnənin təsir gücünə əl çalır, aktyor oyununu alqışlayırlar. Razılaşaq ki, milli teatrımızda tez-tez rastlaşacağımız hal deyil. Şəxsən mən indiyədək tamaşaçıda belə keyfiyyət görmədim...

# 2115 dəfə oxunub

Oxşar xəbərlər

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
#
#
# # #