news-inner
clock08:30 calendar-gray 07 İyun 2016 view-gray164 dəfə oxunub
view-gray164 dəfə oxunub

Azərbaycanlı vegetarian: “Məhəmməd peyğəmbər də vegetarian olub” - MÜSAHİBƏ

Kulis.az vegetarian Rəna Cəfərova ilə müsahibəni təqdim edir.

- Əvvəlcə, özünüz haqqında məlumat verərdiniz...

- 1989-cu ildə Bakıda doğulmuşam. Ailəmiz Ermənistandan köçmədir, 1988-ci ildə Bakıya gəliblər. Vaxtaşırı Moskvada olmuşam, atamın işi ilə əlaqədar. Hardasa Moskvanın mühiti də mənə təsir edib. Orta məktəbi bitirdikdən sonra Rəssamlıq Akademiyasında sənətşünaslıq fakültəsində təhsil almışam. Oranı bitirdikdən sonra kitabxanada, mədəniyyət evində rejissor köməkçisi kimi işlədim. İndi isə orta məktəbdə rəsmdən dərs deyirəm.

- Vegetariansınız. Bu, necə oldu?

- Münasibət deyilən bir şey var. Dünyada hər şey münasibətdən asılıdır. Ətrafa hər kəsin öz şəxsi münasibəti var. Vegetarianlıq da bir münasibətdir. Deyəsən, bu anlayış XVI əsrdə yaranıb. Uşaq vaxtı hələ vegetarianlıqdan xəbərsiz olanda qoyun ətindən iyrənirdim, yeyə bilmirdim. Ancaq toyuq və balıq ətini yeyirdim.

- Ondan sonra vegetarianlıq haqqında oxumusunuz?

- Vegetarianlıq haqqında deməyək, Şərq fəlsəfəsi haqqında oxumuşam. Yoqa, buddizm, krişnaizm və s. İlk dəfə psixoloji olaraq özümü axtarmağa başladım. Luiza Xey adında psixoloq var, yoqa və meditasiya ilə çox məşğul olub. Birinci onu oxudum və Luiza Xeydən ən çox özünü sevməyi öyrəndim. Özünə olan sevgini açmaq və bunu ətrafa səpələmək. Biz ancaq ətdən və sümükdən ibarət bədəni bilirik. Ancaq insanın energetik bədəni var: bu bizim eqomuzdur, ağlımızdır, dərrakəmizdir. Buna incə bədən də deyirlər. Və bizim incə bədənimizə yemək vasitəsi ilə ölüm informasiyası daxil olur. Bir heyvana zorakılıq törədilir, öldürülüb yeyilir. Ancaq onun energetik bədəni yaşayır. Bu ölüm informasiyası sənin incə bədəninə keçir. Şərq fəlsəfəsi ilə maraqlanandan sonra balığı, əti, yumurtanı, soğanı öz qidamdan xaric elədim.

- Soğanı niyə?

- Ət yeyən adamlar onun üstündən soğan yeyir ki, mikrobları təmizləsin. Ət yemirəmsə soğan nəyimə lazımdır.

- Öldürülən bütün heyvan ətlərini...

- Bəli. Zorakılıq informasiyası daşıyan qidanı qəbul edə bilmirəm. Deyirlər ki, bəs bitkiləri niyə yeyirsən. Bizim heyvandan fərqli olaraq şüurumuz var. Ancaq heyvan ən azından o ağrını hiss edir. Bitkilər isə yatmış vəziyyətdədirlər. Əslində hər şeyin, təbiətin, ağacların, suyun öz informasiyası var. Onu hərəkətə gətirən isə ruhdur. Ruh olmayanda heç bir şey hərəkətə gəlmir. Yəni ölü vəziyyətindədir. İnsanın bədənini ruh tərk edəndə ölür axı.

- Dediniz ki, ölüm, zorakılıq informasiyasına görə ət yeyə bilmirəm. Onun təzədən dünyaya gələcəyinə inanmırsınız bəs? Buddizmdəki reankarnasiya söhbəti...

- İnsan alışıb ki, marketə girib hazır əti alsın. Artıq fikirləşmir, onu necə, hansı vəziyyətdə öldürüblər. Özünün əlinə balta ver ki, bunu öldür, sonra ye, eləyə bilməyəcək. Ancaq bişmiş və hazır ortaya qoyulmuş ət insan üçün daha asandır. Çünki o, həmin heyvanın ölüm anını, nə vaxtsa, o heyvanın başqa bir formada qarşısına çıxacağını düşünmür.

- Yoqa fəlsəfəsi də ölümü ağıldan çıxartmaqdır hardasa...

- Bizimkilər yoqanı daha çox arıqlamaq forması kimi başa düşürlər. Yoqa sözünün mənası əlaqə deməkdir. Hər pozanın, hər hərəkətin həm fiziki, həm də mental səviyyədə insana xeyri var. Məsələn, quş, qurbağa pozası... Həm insanın ömrünün uzadılmasına köməyi var, həm də ruhən sağlamlığa xeyirlidir. Yoqa kosmosla əlaqəyə girir. İnsanın bədənində 8 mistik enerji var. Əsas səhvimiz burdadır: incə bədən haqqında informasiyanı itirmişik. Quranın özündə də belə bir ayə var: ruh haqqında biliyi biz sizə vermədik. Sufilərdə ruh haqqında bilgi var amma. Şərq fəlsəfəsi başdan-ayağa ruh haqqında bilgidir. Biz fikirləşirik ki, indiki sivilizasiya qədim sivilizasiyadan çox yüksəkdədir. Səhv fikirdəyik. Düşünürük ki, robotları, kompüteri yaratmışıq. Elə bilirik ki, hər şeyi yaratmışıq. Bu o deməkdir ki, insanın şüuru və dərrakəsi süquta uğrayıb. Keçmişdəki insanın dərrakəsi kompüterdən də üstün idi.

- Şərq fəlsəfəsi Qərbdən fərqli olaraq insanlara ekzotika kimi gəlir...

- Qərb fəlsəfəsi daha çox maddiyatın üzərində qurulub, Şərq fəlsəfəsi mənəvidir. Mənəvi və maddi bir yerdə olmasa inkişaf olmaz. İnsan özünü aşdıqca, özünü axtarmaq istədikcə yoqa ilə, Şərq fəlsəfəsi ilə maraqlanır. Vegetarianlığın da əsas səbəbi budur. Ətdir, narkotik maddədir, qanundan kənar cinsi əlaqə ilə məşğul olmaqdır, qumar oynamaqdır, bunların hamısının insan şüuruna, dərrakəsinə çox güclü təsiri var. Ət insanı mərhəmət hissindən məhrum edir. Ət yeyən insanın mərhəmət hissi yoxdur. Ürəyi yumşaq, mərhəmətli adamlar ət yemir. Bu, insanın içindən oyanır. Heç kim ona vegetarianlığın nə olduğunu demir. Məsələn, videoda göstərirlər, uşaqlar ət yemək istəmir. Deyirlər, o, mənim dostum idi, bir yerdə oynayırdıq, indi onu necə yeyim? Ət yeyən insanda qəddarlıq, aqressiya olacaq. Nikah olmadan cinsi əlaqədə olmaq insanın paklığını əlindən alır.

- Bu bir az dinə də yaxındır...

- Təbii ki, dinə yaxındır. Düzdü, sevgi olan yerdə günah yoxdur. Saf sevgidən söhbət gedir, ehtirasdan yox. Bu gün birinə ehtirasım var, sabah başqa birisinə. Belə olanda insanın saflığı gedir. Şüur tabe vəziyyətə gəlir, onu idarə eləmək olmur.

- Amma bizim sağlamlığımız həm də sekslə bağlıdır...

- Buddist monarxların özləri də ömürlərinin sonuna qədər ailə həyatı qurmayacaqlarını deyirlər. Təbii ki, indi kiməsə sekslə məşğul olma desən, şok vəziyyətinə düşəcək. Çünki ən ali həzlərdən sayılır.

- Buddizm qadağa qoymur buna...

- Burda qadağadan söhbət getmir. Bu insanın öz seçimidir. Məsələn, yoqlar sekslə məşğul olmurlar. Sekslə məşğul olacaqları adam seçilmiş olmalıdır, təmiz olmalıdır, yaxşı nəsil gətirməlidir. Cinsi əlaqənin öz enerjisi olur. İnsanın yeddi mərkəzi var, hər bir mərkəzin də öz funksiyaları. Aşağı mərkəz insanın dünyaya uşaq gətirməsi, qoruması və torpağa bağlı olmasıdır. Yoqlar xüsusi meditasiyalarla cinsi əlaqədəki həzzi ala bilirlər. Ona görə də onlara cinsi əlaqədə olmaq gərək olmur.

- Ancaq, bayaq dediniz ki, seçilmiş biri ilə sekslə məşğul ola bilərlər...

- İçki içən, nəşə çəkən, yəni normal həyat tərzi keçirməyən insanların aurası çirkli vəziyyətdədir. Onların şüuru da çirklidir. Belə olanda onların nəsli də yaxşı nəsil olmayacaq. Burda nəsildən başqa, reankarnasiya söhbəti də var. Ruh ölməzdir. Yəni onu nə partlatmaq, nə də yandırmaq olar. Ruh əbədidir, həzlə və biliklə doludur. Hamımız bilik və həzz axtarırıq. Hamı da əbədi olmaq istəyir. İnsan hansı arzularla yaşayırsa ruhu da o cürdür. Ruh arzularla doludur. Hamımızın hədəflərimiz var, ona çatmaq istəyimiz var. Karma deyilən tale qanunu var. Keçmiş həyatınızda elədiyiniz pis və yaxşı əməllərə görə bu həyatda cavab verirsiniz. Bu həyatda da özünüzə yeni karma yaradırsınız.

- Siz meditasiya və yoqa ilə məşğulsunuz indi?

- Bəli, məşğul oluram. Meditasiyanın çox texnikaları var. Ən əsası ağıldır. Yəni incə bədən. Rudralar deyilən bir şey var: barmaqların sonlarında informasiya olur. Barmaqları belə, ya da elə tutmağın (göstərir - red) öz mənaları var. Çaxralar deyilən bir şey var, enerji mərkəzləri yəni. Enerji mərkəzləri ilə kosmosla əlaqəyə girirsən. İlk növbədə meditasiya edərkən sakitləşmək və ağlı olduğun yerə gətirməkdir. O mərhələdən sonra adama rahat gəlir.

Meditasiya insana ən birinci sakitlik gətirir. Öz hislərinə nəzarət etməyi öyrədir.

- Hissləri idarə etmək olar, yəni?

- Təbii ki, olar.

- Siz məsələn birini sevirsiniz. Hislərinizi idarə edib o sevginizi ləğv edə bilərsiniz?

- Sevgi ilk növbədə insanı azad edir. Ehtiras isə insanı məhdudlaşdırır. İndi ürəklə bağlanan çox azdır. Təbii, ehtiras da sevginin bir hissidir. O, insandan elektrik almasanız, heç nə olmayacaq. İnsan ruhən yüksələndə tanış olduğu adamın mənəvi tərəfinə baxır. İndiki cəmiyyət isə o vəziyyətdə deyil ki, hislərini idarə edə bilsin. Tantra yoqası deyilən bir şey var. Buna seksual yoqa da deyilir. Burda seksdən daha böyük həzz almaq olur. Ancaq burda ruhi yüksəkliyinə görə bir-biri ilə eyni olanlar sekslə məşğul ola bilirlər. Ruhi yüksəkliyi çox böyük olan yoqlar var. Elə yoqlar var ki, öləndə öz bədənini də özləri ilə götürə bilirlər. Bu çox çətin prosesdir, gərək ruhi vəziyyətin buna cavab verə bilsin. Çünki bədən buna dözə bilmir, yanır.

- Ölüm mövzusu da deyəsən sizi həmişə narahat edib.

- Uşaq vaxtından ölüm mənə maraqlı gəlib. Niyə mən, ya da başqaları ölməlidir? Bir filmdə ölüm səhnəsi gördüm və oturub fikirləşdim ki, atam, anam, hamı öləcək. Və bunu özüm üçün qloballaşdırdım. Hər adamda bu oyanma prosesi olmur. Yəni bu sualları özünə vermir. Seçilmiş insan o insandır ki, problemlərin kökünü özündə axtarsın.

- Şərq fəlsəfəsi ilə maraqlanırsınız. Mənim üçün maraqlıdır. İnəyə sitayişə necə baxırsınız?

- Çox yaxşı (gülür). Vedalar var, dörd kitabdır bunlar. Vedalar 5 min il əvvəl olan biliklərdən ibarətdir. Həyatın hər sahəsində olan biliklər haqqında... Ən əsası da insan həyatının ali məqsədindən danışır. Seks, düzgün ailə başçısı seçmək, hərb, müharibə haqqında bir çox biliklər var. Orda deyilir ki, insanın altı anası var: öz anası, ana vətən, ruhani ustadı, həyat yoldaşı, ölkə başçısının həyat yoldaşı və bir də inək. Nəyə görə inək? Çünki inək öz südünü balasından başqalarına da verir. Südün də insan bədəni üçün çox xeyirli cəhətləri var. Mistik tərəfi də budur: inək bu maddi dünyaya gələsi heyvan deyildi. Bu maddi dünyaya mərhəmət üçün verilən heyvandır inək. Yoqların hər biri süd və bir xurma ilə dolanır. Məhəmməd peyğəmbər, İmam Əli də vegetarian olublar. Xurma və südlə dolanıblar. Mərhəmət hissi ilə dolu olan adam heyvan əti yeyə bilmir axı.

- Qəssabxanaları görəndə nə hiss keçirirsiniz?

- Qəssabların özlərinə yazığım gəlir. Onların özlərinin psixologiyası pozulub. Hər gün əlində balta, qan içində... Ölmüş bədənin ruhu onu öldürəni lənətləməyə başlayır. O zorakılıq informasiyası da keçir ətin içinə. Sən də o əti götürüb yeyirsən, lənətlə dolursan. Lev Tolstoyun sözüdür, deyir, bədəninizi qəbristanlığa döndərməyin. Tolstoy da vegetarian idi və vedalar haqda oxuyub öyrənmişdi. Yazıçı kimi də çox sevirəm Tolstoyu. Sonra Con Bayron, o da vegetarian olub. Da Vinçi də həmçinin. Qəssabların aqibəti pis olacaq. Tanıdığım qəssabların çoxunun taleyi çox acınacaqlı olub. Çox pis xəstələniblər. Ölə bilmir, sürünüblər.

- Öldürdüyü heyvanlar məhkəməyə çəkirlər onu...

- “Bhaqavat Gita ” kitabı var, çox maraqlıdır. Bu kitabda da vegetarianlıq haqqında çoxlu məlumatlar var. Kitabda maraqlı bir illüstrasiya var, reankarnasiya ilə bağlıdır. İnək başlı insan əlində balta insan başındakı heyvanı öldürür. Yəni, sən bu həyatında nə qədər heyvan öldürmüsənsə, gələn həyatında o heyvanın bədənində doğulacaqsan və o heyvan səni öldürəcək.

- Məsələn, çox adam sizin kimi öldürülən bir heyvana acıyır, ancaq yenə də ət yeyir.

- Niyə həmişə insan ətə bağlıdır, almaya yox? Çünki ətin həzzi daha çoxdur. Ölmüş heyvanı götürüb yeyə bilməz axı heç kim. İnsana zorakılıq informasiyası lazımdır. Ətlə o zorakılığı yemək istəyir. Beyin də artıq ondan qidalanır.

- Bizə bəzən elə gəlir ki, ətsiz yemək yeyəndə doymursan.

- İnsan nə yeyirsə, ona dönür. Mənim tanıdığım qız var, 12 yaşından vegetariandır. İndi 30 yaşındadır, iki övladı var. Hamilə olanda da ət yeməyib. Onun övladları da fiziki cəhətdən sağlamdırlar. Mənə çox sual veriblər ki, heç ürəyindən keçmir ət yemək? Gözümün qabağına gətirirəm o heyvanın necə öldürülməsini və istəmirəm yemək.

- Siz özünüz ət yemirsiniz, ancaq yanınızda ət yeyənlər yəqin ki olur.

- Əlbəttə. Mənim ailəmin hamısı ət yeyir. Hamının da verdiyi sual budur: Ət yeməyəcəksən, bəs nə yeyəcəksən? 108 növə yaxın vegetarian yemək növü var. İnsanlarda maraq doğurur ki, nə əcəb ət yemirsən.

- Zarafat eləyənlər də olur yəqin. “Gedək kabab yeyək” - deyirlər?

- Hə, o qədər zarafat eləyən olur ki... Mən də onların zarafatına zarafatla cavab verirəm. O qədər toxunmur mənə. Dostlarımla gedirəm restorana, onlar ət sifariş eləyirlər, mənsə vegetarian yeməklər sifariş edib normal əyləşib süfrə arxasına bir yerdə yeyirik.

- Vegetarianlığa gətirdiyiniz dostlarınız olub bəs?

- Bəli, olub. Təsir etmək kimi yox. Demirəm ki, ət yeyirsən, sən bilirsən necə günahkarsan. Adamı belə qorxu basar, əlbəttə. Hörmətlə yanaşıram ilk növbədə. Çünki əvvəl mən də ət yemişəm. Mən öz həyatımdan danışıram. Necə vegetarian olduğumdan, ət yeməyəndən sonra həyatımın necə dəyişdiyindən və s. Bunları danışandan sonra istər-istəməz qarşındakı informasiyanı alır.

- Ət yeməyəndən sonra sizdə nə dəyişdi?

- Mədə ilə bağlı xəstəliklərim var idi, ət yeməyəndən sonra o xəstəliklər məndən getdi. “Qaymorit”im var idi, güclü baş ağrılarım. Əti atandan sonra baş ağrılarım yoxa çıxdı. Əvvəl qoyunla inək ətini, sonra da balıqla toyuğu atdım. Elə veganlar var ki, qırmızı ət yemirlər, ancaq ağ ət yeyirlər. Yumurta, balıq, toyuq yeyən, ancaq qoyun və inək yeməyən növləri də var. Elə növlər də var ki, heç birini yemirlər. Məsələn, biri elə mən. Nə yumurta, nə balıq, nə toyuq, nə inək əti, nə də soğan yeyirəm. Yumurta bir az sonra cücə olacaq, bu hardasa döldür. Elə növləri də var ki, süd və pendir də istifadə etmirlər. Mən pendir yeyirəm, ancaq özüm hazırladığımı. Marketlərdəki pendirlər daha çox inəyin qursağından düzəldilir. Ona görə onları yeyə bilmirəm.

- Vegetarianla veganın fərqi nədir?

- Veganlar, ümumiyyətlə, bişmiş yemək yemirlər. Tərəvəzləri bişirib yeyən vegetarianlardır. Veganlar ət yeməməklə bərabər hər şeyi təbii, ilkin halında yeyirlər, bişirmirlər.

- Vegetarianlığı psixoloji travma kimi qiymətləndirmək olar?

- Təbii, psixoloji travması var. Travma alırsan ki, vegetarian olursan. Gözünün qabağında dananın kəsildiyini görür, bu zorakılığa şahid olur.

- Bunu çox adam görüb. Ancaq hamı vegetarian deyil, yenə də ət yeyir.

- Mənəvi cəhətdən saflığa daha yaxın və səmimi insanlara bu təsir edir. Vegetarianlar maddi həzdən daha çox, mənəvi həzzə bağlı olan adamlardır. Baxırlar ki, bu nəşə də çəkmir, içki də içmir, ət də yemir, cinsi əlaqədə də çox olmur. Bəs bu nədən həzz alır? Mənəvi və ruhi verilən həzz maddi həzdən daha yüksəkdir. Adam maddi həzdən heç vaxt doymur. Biz vegetarianlar mənəvi həzzin arxasınca gedirik. Özümüzün yığışdığımız yerlər var.

- Harda yığışırsınız?

- Xüsusi bir yer deyil. Sosial şəbəkədən tanış olmuşuq bir-birimizlə. Tez-tez şəhərin müxtəlif yerlərində görüşüb söhbətləşirik. Bizdə Krişnaitlərin mərkəzi var, Qara Qarayevdə yerləşir.

- Nə vaxt açılıb bu mərkəz?

- Çoxdan. 90-cı illərdə. Dini komitədə qeydiyyatdan da keçib. Yəni pərakəndə bir şey deyil. Orda da vegetarianlığı təbliğ edirlər. Mərkəzdə olanların əksəriyyəti vegetariandır.

news-inner-user
Ayxan Ayvaz

391 məqalə

Paylaş

Oxşar xəbərlər