Tək, tənha, piyada - Qalib Şəfahətin şeirləri

Tək, tənha, piyada - Qalib Şəfahətin şeirləri
2 iyun 2016
# 11:59

Qalib Şəfahət

Mən yaşamıram

Mən yaşamıram ki,
sadəcə,
hər gün,
yaşamağın yanında
işə gedib gəlirəm.
Hamı elə bilir ki,
mən orda dincəlirəm.
Məni orda
görən olub,
elə bilirlər,
mən də orda yaşayıram.
Yaşamağın yanında
gözümü ovxalayır,
alnımı qaşıyıram.
Yaşamağın yanından
keçib getmək,
gedib gəlmək,
hələ
yaşamaq deyil ki,..
Sürünməkdi, sürünmək.
Yaşamağa doğru,
sürünmək.
Dərdi çox böyükdü,
gözə başqa cür
görünmək.

***

Sevgilim,
qəlbimi qırma.
Soyuğa, borana
tab gətirə bilməzsən.
Hələ neçə
qarlı, çovgunlu
qış var,
qarşıda...

***

Məndən sən gedən yolda
marşrut işləmir,
gedib gələn də yoxdu,
o yolda.
Gələcəyəm piyada.
Bir az səbr elə,
Darıxma.
Yolum çox uzaqdı.
Həm də
Yolumda nə çox
daş-kəsək,
sıldırım qaya.
Çıxmağa çalışıram.
Təngiyə-təngiyə,
tələsə-tələsə.
Tək, tənha, piyada.
Nəfəs almağa da
heç vaxtım yoxdu.
Sənin də insafın hardadı?
eşqimi
qaldırıb qoymusan
uca dağın
lap zirvəsinə.

***

O qədər

Gözlərimdə

əyilim düzəlmisən ki…

Gözlərim çaş qalıb.

Əyri görür

hər şeyi.

Tökülür

Dünya dağılır üstümə,

Dağılıb, lay-lay tökülür.

İçində bir kədər-qüssə,

Çölündə haray tökülür.


Tökülür dərd-səri ilə -

Baş götürüb qaçmaq olmur.

Hər şey qalıb özbaşına,

Başdan da baş açmaq olmur.


Nəyi doğru, nəyi yalan?

Bilinmir yolu, ərkanı.

Dünya inamsız qalıbdı,

İtiribdi din-imanı.

# 2586 dəfə oxunub

Oxşar xəbərlər

"O səs yaşadıqca mənim də ilk məhəbbətim yaşayacaq..." - Səhnəmizin kişi siması haqqında

"O səs yaşadıqca mənim də ilk məhəbbətim yaşayacaq..." - Səhnəmizin kişi siması haqqında

11:15 30 oktyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

10:00 25 oktyabr 2026
İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

10:00 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər