Uşaqlar günündə ata olmaq

Uşaqlar günündə ata olmaq
1 iyun 2016
# 12:10

Bu gün Uşaqların Beynəlxalq Müdafiə Günüdür. Bu yazı da elə uşaqlar barədə olacaq.

Yəqin qəlbində uşaq sevgisi olmayan adam çətin tapıla. Açığı deyim 34 illik həyatımda hələ elə bir adam rast gəlməmişəm. Hətta adını hər dəfə nifrətlə andığım Hitlerin belə uşaqlarla səmimi şəkilləri vardı.

Uşaqlar mələk kimidirlər, safdırlar, təmizdirlər. Yəqin buna görə də incəsənətdə mələklər həmişə uşaqlara bənzədilib. Uşaqlar sevgi ilə doludurlar, sevgi tanrısı Eros da həmişə uşaq şəklində təsvir olunur.

Belə bir fikir var: Özüm ata olandan sonra bildim atamın nə çəkdiyini. Bir az bayağı səslənsə də bu fikirdə həqiqət var. Ananın uşağına sevgisi təmənnasız olur, ata sevgisi isə yox. Çünki ana övladını bətninə düşən günündən sevməyə başlayır. Atalar isə övladlarını doğulandan sonra sevirlər, uşaq böyüdükcə onların sevgisi də böyüyür.

Öz təcrübəmdən deyirəm. Oğlumu ilk dəfə qucağıma alanda özüm-özümə təəccüb etdim, çünki heç bir şey hiss etmirdim. Amma zaman keçdikcə ona bağlılığım həndəsi silsilə ilə artmağa başladı. İndi onun dırnağına dəyən hər bir daşın başıma dəyməsinə sevə-sevə razı olaram.

İnanıram ki, bütün atalarda belədir. İnsan valideyn olandan sonra gələcək haqqında təsəvvürləri də dəyişir, istər-istəməz özünü yox, uşağını düşünməyə başlayır. Hər bir əməlində, gələcək barədə düşüncələrində uşağı gəlir gözünün qabağına.

Hamının qəlbində belə arzu var: Uşaqlarımızın gələcəyi əmin-amanlıq olsun.

Bəs uşaqlarımızın gələcəyinin əmin-amanlıq olması üçün, uşaqlarımızın xoşbəxt dünyada yaşaması üçün biz nə eləyə bilərik?

Bunlara nə dərəcədə əməl edirəm, bu ayrı məsələ, hər halda paylaşmağı da özümə borclu bilirəm. Uşaqlarınıza nağıl oxuyun. Onları ədəbiyyatdan uzaq tutmayın. Əlifbanı öyrəndikləri gündən uşaqlarınıza balaca nağıl kitabları alın. Qoy özlərini nağıl qəhrəmanlarına bənzətsinlər. Qoy ilk dostları hekayə qəhrəmanları olsun. Qoy nağılların içində girib o sehrli dünyada yaşamağı öyrənsinlər. Qoy xəyalpərəst olmağı öyrənsinlər. O zaman xəyal etdikləri o sehrli dünyaları bizim dünyamızda qurmağa çalışacaqlar. Çe Qevaranın sözü olmasın, realist olub mümkünsüzü arzulayacaqlar.

Çünki insan yalnız xəyalpərəst olduqda xəyal etdiyi dünyada yaşamağı, xəyal etdiyi dünyanı qurmağı öyrənir.

Bunları özümdən uydurmuram. Araşdırmalar nəticəsində məlum olub ki, uşaq vaxtı çoxlu nağıl dinləyən uşaqlar böyüyəndə daha çox ixtiraçı, yeniliyə can atan, dəyişikliyə, qurmağa meylli olurlar. Çünki nağıllar uşaq vaxtından onlara xəyal qurmağı, fantaziya qurmağı öyrədir. Eynşteyn nisbilik nəzəriyyəsinin xəyalını qurmasaydı yəqin ki, heç zaman onun peşindən getməzdi.

Bax, belə, əziz atalar və analar, nağıl danışın uşaqlarınıza, dünyamızı nağıla çevirsinlər deyə.

# 1326 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #