news-inner
clock14:00 calendar-gray 26 Aprel 2016 view-gray399 dəfə oxunub
view-gray399 dəfə oxunub

Göygöz Kosanın peyğəmbərliyi - İlqar Fəhmi yazır...

Kulis.Az İlqar Fəhminin “Qapalı dairə və ya, bitmək istəməyən XX” məqaləsinin altıncıhissəsini təqdim edir.

Yazının beşinsi hissəsini burdan oxuya bilərsiniz.

Əsərdən fraqmentlər

(6-cıyazı)

Sim-nar

Son onilliklərdə «mənəvi çöküş», «əxlaqi deqrodasiya», «insan ruhunun çürüməsi» və sair şüarlar altında yüzlərlə kitablar yazan Qərb filosoflarının əsərlərini nəzərdən keçirəndə və onların «Qərbin inkişafı»nın tarixçəsi barədə fikir və düşüncələrini analiz edəndə, qeyri-ixtiyari «Bir qalanın sirri» filmi yada düşür…

Həqiqətən də, ötən əsrin altmışıncı illərində çəkilmiş bu film bəşər inkişafının əsas mərhələlərini bədii cəhətdən özündə əhatə edirdi. Başqa dillə desək, film son yüzillikdəki inkişaf konsepsiyasının nağıl dilinə çevrilməsi və uşaq təfəkkürünün həzm edə biləcəyi formada tədbiq olunması idi. Etiraf edək ki, çox uğurlu film idi. Burdakı hər obraz hər detal simvolik yük daşıyır, süjet xəttinin hər döngəsi tarixin hansısa gedişinə işarədir…

Məsələ bundadır ki, Qərbin və Rusiyanın bir çox alimləri bəşər tarixinin son üç-dörd yüz ildəki inkişafını da məhz bu cür təqdim edirlər, sadəcə filmin finalından sonrakı hadisələri də davam etdirirlər.

Diqqət edək. Onların fikirlərini yığcam halda təxminən bu cür ifadə etmək olar - Dünya cəmiyyəti təbəqələrə bölünmüşdü və bütün maddi rifah bir hakim təbəqənin əlində cəmlənmişdi. (Sim-nar xan və onun ətrafı). Kütlə isə acınacaqlı vəziyyətdə yaşayırdı, çünki maddi nemətlərin xalqa çatmasına əngəllər törədilirdi (suyun qarşısının kəsilməsi, kəndlərə suyun az miqdarda verilməsi). Hətta elm-bilik sahibi sayılan ruhanilərin də əksəriyyəti ali təbəqəyə qulluq edir, onların hakimiyyətinin saxlanmasına çalışırdı (Göy-göz kosa).

Nəhayət xalq öz acınacaqlı vəziyyətindən bezdi, xalqın içindən çıxan ağıllı adamlar və qəhrəmanlar qiyama qalxdılar, (qəhrəman Elşən, Həkim Eldostu, Kamran baba və sair) və köhnə dünyanın altını üstünə çevirib yeni müasir dünya qurdular, (Simnar-xanla Göy göz kosanın məhv edilməsi, suyun qarşısını kəsən Qanlı qayanın yarılması və kəndlərə suyun gəlməsi).

Əslində burada əsl konflikt «elm» sahibləri arasında idi. Aşağının - kütlənin elminin daşıyıcısı olan Həkim baba və yuxarının- hakim təbəqələrin elminin daşıyıcısı olan Göy-göz kosa… Yuxarının elmi maneələr yaratmağa, aşağının elmi isə bu maneələri dəf etməyə yönəlib. Nəhayətdə aşağının - Həkim babanın elmi qalib gəlir, Göy-göz kosa məhv olur, su ilə xalq kütlələrinin arasındakı bütün maneələr aradan götürülür.

Yəqin izah etmək artıqdır ki, burada su sadəcə maddi nemət yox, həm də ruhanilər tərəfindən xalqdan gizlədilən savad - elmlər, biliklər idi. Bəli, əsrlər boyu insan düşüncəsinin, elmin, biliyin inkişafının yolunu kəsən, xalq kütlələrini bu elm-savaddan aralı saxlamaqla onları əsarətə düçar edən köhnə mürtəce ruhaniləri bu filmdə məhz Göy-göz kosa simvolizə edir. Göy-göz kosalar ona görə xalq kütlələrini elm-savaddan uzaq saxlayırdılar ki, cəhalətdə qalsınlar. Cahili, avamı əsarətdə saxlamaq, idarə etmək daha asandır. Bizə illər boyu tarix məhz bu cür izah olunub…

Ancaq hər şey filmdəki kimi bir nöqtədə «həpi-end»lə bitsəydi nə vardı ki?

Müsir Avropa filosoflarının çoxu bəyan edir ki, əslində hər şey burada bitmədi, hər şey məhz bundan sonra başladı…

Nə başladı? Bəşər düşüncəsinin deqrodasiyası. Bəşəriyyət əsrlər boyu arzuladığı elmi-texniki inkişafı, mənəvi və maddi nemətləri əldə etdikdən sonra ruhunda mutasiyalar, transmutasiyalar yayılmağa başladı və bu günki ümumbəşəri mənəvi krizisə gətirib çıxartdı…

Axı niyə?

Yenə filmin üstünə qayıdaq… İllər boyu bütün kənd əhli su sarıdan əziyyət çəkirdi, Simnar xanla Göy-göz kosa suyun qabağını kəsib xalqa çox az miqdarda su verməklə onları əsarətdə saxlayırdı və hamı düşünürdü ki, əgər kəndə kifayət qədər su gəlsə, hər tərəf güllü gülüstana dönsə, bağ bağatımız inkişaf eləsə, əkinlərimiz bol məhsul versə, qarnımız doyanacan yeyib-içə bilsək, hamımız xöşbəxt, firavan yaşayacağıq…

Əgər belə isə, bəs bu arzular həyata keçəndən sonra niyə kənd əhli «əbədi səadət»ə nail olmadı? Bəs, görəsən niyə bu nöqtədən sonra başlanan problemlər əvvəlkilərdən daha ağır, daha çətin oldu?

Hal-hazırda üstündə işlədiyim bir povest məhz haqqında danışılan filmin motivləri üzərində qurulub və yaxın vaxtlarda dərc ediləcək. Əsərdə hadisələr filmin sonundan başlayır. Ona görə, kəndin sosial və psixoloji problemlərinin izahını o povestin öhdəsinə buraxıb, bu məqalədə fikrimi izah etməkçün mənə lazım zahiri analogiyaların üstünə qayıtmaq istəyirəm…

Müasir Qərb filosoflarının, alimlərinin inkişaf baradə fikirlərini həmin kəndin üzərinə proyeksiya eləsək, təxminən belə bir mənzərə alınır; Camaat Qanlı qayanı yarıb kəndə su gətirəndən sonra ilk vaxtlarda yaranan səadət eyforiyası qısa müddətdən sonra çəkilməyə başlayır. Düzdü, bağ-bağat yaşıllaşır, əkinlər bol məhsul verir, kənd camaatının maddi rifahı yaxşılaşır, yaşamaq asanlaşır, «qarınlar doyur»… Ancaq nəyə görəsə, kütlə arasında mənəvi-əxlaqi problemlər, psixoloji gərginliklər, qanlı qarşıdurmalar, savaşmalar çoxalmağa başlayır… Kənd əhalisi vəziyyətlə qane olmur, daha çox su tələb edir, daha çox maddi nemətlər əldə etməyə çalışır, hamı zəngin olmaq istəyir, hamı o birilərdən daha artıq görünməyə cəhd edir, su kifayət etməyəndə isə kənd əhalisi nəsillərə, dəstələrə bölünüb su davasını çıxır, qırğın başlayır, Qanlı qayanın yarığını bir az da böyüdürlər, su getdikcə daha da çoxalır. Kənd camaatının yenə gözü doymur, su tələbatı dayanmadan artır, beləcə qayanın yarığını daha da genişləndirirlər, bu da onlara azlıq edir, yenə istəyirlər, yenə tələb edirlər, nəhayət qərara gəlirlər ki, Qanlı qayanın yarığını genişləndirməkdənsə, onu ümumiyyətdə, birdəfəlik dağıtsınlar…

Belə də edirlər. Lakin qarşısında heç bir maneə olmadığına görə, dağdan gələn suyun axarı genişlənir, su öz yatağını böyüdür, nəhayətdə böyük selə çevrilib bütün kəndi yuyub aparır, hamı məhv olur… Qiyamət günü gəlib çatır.

Diqqət edək: «Bir qalanın sirri» filminin əsl finalı məhz burda olmalıydı…

Bəli, iyirminci əsrin bir çox ezoterikləri son yüzillərin tarixi hadisələrini məhz bu cür izah edirlər. Bəli, inkişaf labüd idi, çünki bəşər tarixi özünün son mərhələsinə çatmışdı və bu inkişaf da qiyamət gününün başlanğıcı olub…

Ciddi elm hesab olunmayan ezoterikanı kənara qoyub yenə də filmin üzərinə qayıdaq.

Təsəvvür edək ki, qarşısının alınması mümkün olmayan sel gəlib kəndi basır, heç kim qurtula bilmir, hamı məhv olur və məhz bu məqamda, məhv olmaq üzrə olan kəndin səmasında Göygöz kosanın ruhu peyda olur və deyir ki, ay bədbəxtlər, biz bilirdik ki, axırı belə olacaq, ona görə də suyun qabağını kəsmişdik. Biz əslində sizi elə sizin özünüzdən qoruyurduq…

Və həmin məqamda yəqin ki, kənd camaatının ürəyində müxtəlif fikirlər keçir.

Elşən kimi, Həkim Eldostu, Kamran baba kimi romantiklər fikirləşir ki, eybi yox, qoy məhv olaq, ölək. Əsrlər boyu susuzluqda, çətinlikdə yaşamışdıq, indi heç olmasa beş gün də olsa, qarnı doymuş, zəngin insan kimi gün gördük. Bu «qarnı tox beş günə görə» ölməyə dəyər. Qoy hamımız ölək, amma tox insan kimi ölək…

Kütlənin böyük hissəsi isə fikiləşir ki, kaş elə damcı-damcı suyumuz gələydi, kaş heç qarnımız axıracan doymayaydı, kaş elə hər gün çətinliklər içində yaşayaydıq, ancaq hamını məhv edən bu faciə olmazdı…

Lakin bu barədə düşünmək artıq gecdir. Suyun qabağını kəsən Qanlı qaya dağıdılıb. İndi onu yenidən bərpa etmək mümkün deyil. Nəinki Həkim baba, hətta yüzlərlə Göygöz Kosa da qayıdıb gəlsə, bir şey çıxmayacaq…

Bu dəfə «Babək» filmindəki tezisləri xatırlayıram: Bir gün azad yaşamaq yüz illik əsarətdən daha yaxşıdır…

Maraqlıdı, görəsən həmin «bir azad gün»ünü yaşayıb başa çatdırmaqda olan və ölümün bir addımlığında dayanan insan da eyni cür fikirləşəcək?

Bilmirəm…

Əlbəttə, kimlərsə təəccüb edəcək ki, bu nə absurd yanaşmadı, əsarət nə vaxtdan azadlıqa tən bir məfhum olub? Əsarət zəlalətdi, insan azadlığı isə nemətdi…

Bəli, insan azadlığı həqiqətən də nemətdi. İlahi nemətdi. Əgər belə olmasaydı, Allah insanları azad yaratmazdı…

Ancaq əvvəlki fəsillərdə bildirmişdim ki, bizim indi anladığımız azadlıq məfhumunun həmin ilahi nemət olan əsl azadlığa qətiyyən aidiyyatı yoxdu. Çünki bizim geniş mənada dərk etdiyimiz və təbliğ etdiyimiz azadlıq əksər hallarda insanın zahiri zəncirlərdən qurtularaq öz nəfsinin əsarətinə düşməyidir.

Əsl azadlıq isə insanın öz-özündən, özünün qaranlıq tərəfindən, özünün içindəki şər qüvvədən qurtulmağıdır. Bunu müasir psixologiya elminin müxtəlif cərəyanları da təsdiq edir.

Yalnız bu halda insan həqiqi ilahi nemət olan azadlığa nail olur və Ali varlığa çevrilir.

Daimi narazılıq

Qərb mədəniyyətinin, fəlsəfəsinin son əsrlərini diqqətlə gözdən keçirdəndə bir faktor da diqqəti çəkir. Nədi bu faktor? Daimi narazılıq.

Bir çox başqa xalqların ənənəvi əqidələrində olduğu kimi, intibahdan əvvəlki Qərb mədəniyyətində də ən ali dəyər səbr, riza hesab olunurdusa və insanlar bütün çətinliklərə sinə gərərək İlahi qüvvələrə asi olmamağı ən ali dəyər hesab edirdilərsə, sonradan məhz bu keyfiyyət insan xarakterinin rəzaləti kimi təqdim olundu. Və məhz bundan sonra sanki bəşər tarixinin «narazılıq mərhələsi» başladı.

Bu hal inkişafın ilk stimulu kimi təqdim edilir. Əgər insan vəziyyətindən razı olsa, inkişaf olmaz. İnkişafı narazılıq və barışmazlıq yaradır. Səbr, dözüm, riza isə cəhalətdir, insanın inkişafına mane olur.

Bəs bu narazılıq görəsən daimi hal kimi təqdim olunurdu yoxsa ötəri?

Əlbəttə ki, ötəri… Axı narazılıq daimi ola bilməz. İnsan özünə lazım olan inkişaf səviyyəsinə yetişəndən sonra razılıq halına çatacaq və əbədi səadətə nail olacaq…

Bəs bu «razılıq və əbədi səadət halı» görəsən nə vaxt baş verəcək?

Qərb tarixinə fikir versək, görərik ki, inkişafın hər bir konkret mərtəbəsində sonrakı mərtəbə məhz həmin razılıq və ədəbi səadət məkanı kimi təqdim olunub. Ancaq həmin mərtəbəyə çatandan sonra «razılıq və ədəbi səadət» əldə olunmadığına görə, bu dəfə növbəti mərtəbə həmin halın ünvanı kimi verilib və insanlar bu mərtəbəni fəth etməyə üz qoyublar…

Lakin hər dəfə eyni hal baş verib. İnsanlar mərtəbələri keçib inkişaf etdikcə, narazılığı heç vaxt dəf etmək mümkün olmayıb və əsas ali məqsəd olan «razılıq və ədəbi səadət» halı da üfüq xətti kimi onlardan uzaqlaşıb. (Elə özümüzə də fikir versək eyni halı görmərikmi? Hansı birimiz həyatda nəyəsə nail olanda, razılıq və səadət mərhələsinə çatırıq? Yox, çatmırıq, bir az da çox istəyirik, bir az da artığına çalışırıq. Çünki biz də, dediyim kimi, «müasir insanlar»ıq.)

Bu qədər inkişaf mərhələsi keçən Qərb cəmiyyətinin məhsulu olan mədəniyyət nümunələrinin arasında insanların məhz mənəvi razılığını, ruhani rahatlığını əks elətdirən əsərlər tapmaq mümkün deyil. Varsa da, barmaqla sayılacaq qədərdir. Hamısı yalnız və yalnız narazılığı əks elətdirir.

İlk baxışdan qəribə görünür. Kralları devirdilər, ruhaniləri mənsəbdən saldılar, narazıdırlar; elmi-texniki yüksəlişə nail oldular, narazıdırlar; insan hüquqlarını, insan azadlıqlarını ən ali səviyyəyə qaldırdılar, yenə narazıdırlar; demokratik-liberal cəmiyyətlər qurdular, hələ də narazıdırlar: bütün insani rifahları, maddi nemətləri əldə etdilər, narazılıq yenə də davam edir; və nəhayət bütün dünyada hakim oldular, narazılıq hələ də azalmır.

Və nəinki azalmır, hətta çoxalmağa doğru gedir. Bizsə kənardan baxırıq və fikirləşirik ki, bunlar nə naşükürdürlər. O cür gözəl şəraitdə, o cür təmiz cəmiyyətdə yaşayan insanlar, görəsən nədən narazı olmalıdır? Məgər məhz o həyat tərzi bizim gözümüzə «ədəbi cənnət» kimi görünmürmü? Bəs bunlar daha nə istəyirlər görəsən?

Qərbin narazılıq tarixçəsinə fikir versək, bir transformasiyanı nəzərdən qaçırtmaq mümkün deyil. Əgər on səkkiz-on doqquzuncu əsrlərdə narazılığın fonunda onlar nə istədiklərini bilirdilərsə və bu istəyin ardıyca gedirilərsə, iyirminci əsrdən başlayaraq heç özləri də bilmirlər ki nə istəyirlər. Ona görə də maarifçilik, realizm, romantizm yüksələn xətlə hərəkət edən təfəkkür tərzi hesab olunurdusa, iyirminci əsrin yetirməsi olan dekadans, modernizm, postmodernizm aşağı gedən xəttlə hərəkət kimi qəbul olunur. Çünki insan (cəmiyyət) nə istədiyini bilirsə, bir nöqtəyə doğru hərəkət edir, əgər bilmirsə, hərəkət xəttləri də səpələnir…

Hətta narazılığın özü bir pozaya çevrilib. Narazılıq nümayiş etdirmək az qala müasirliyin, ali keyfiyyətlərin nümunəsi sayılır. Elə öz ətrafımıza fikir versək, bunu görmürükmü? Qərb mədəniyyətinin təsiri altına düşən dostlarımızın davranışında, yazılarında həmişə eyni narazılığı müşahidə etmirikmi? Heç nə onların xoşuna gəlmir, hər şeydə yalnız pis tərəfi görməyə çalışırlar, hər şeyə bir qulp qoyub ağız büzürlər… Bu bir dəb halını alıb. Müasir görünmək istəyirsənsə, mütləq bu xalqdan - onun mədəniyyətindən ədəbiyyatından narazı olmalısan, heç nəyi bəyənməməlisən.

Fərq isə ondadır ki bizim «narazı»lar özümüzdən narazı olaraq, nümunə kimi qərbi göstərirlər. Qərb «narazıları»nın isə nümunə göstərməyə heç nəyləri yoxdu, ona görə də, sadəcə narazıdırlar, və bu narazılığı ziyalı insanın daimi halı kimi təqdim edirlər.

Onu da deyim ki, bu narazılığın özü də onlarda ali dəyər və insanın labüd halı kimi təqdim olunur. Çünki təkrar edirəm, narazılıq hərəkət yaradır, hərəkətsə inkişaf deməkdir…

Bir tarixi faktı xatırladım. ABŞ-da İkinci dünya müharibəsindən sonra həmin dediyimiz «razılıq və əbədi səadət» halına bənzər vəziyyət yaranmağa başlamışdı. Müharibə bitmişdi, ABŞ qaliblər sırasındaydı, iqtisadi vəziyyət stabilləşmişdi, insanlar rahatlanmışdı və öz həyatlarından razılıq hissi əmələ gəlmişdi…

Bəs bunun ardınca nə baş verdi?

İnhisarçı kapitalistlər hay-küy qaldırdılar ki, vəziyyət gərgindi, çünki iqtisadi inkişafın tempi zəifləyir, gəlirlər artmır…

Diqqət edək, sənaye işləyir, hamı çalışır, iqtisadiyyat zəifləməyib, stabil gəlir var, amma İNKİŞAF yoxdur, maliyyə diliylə desək, maddi gəlir stabil qalıb, artmır…

Və bunu az qala böyük faciə kimi qələmə verərək, fəaliyyətə başladılar. Böyük reklam maşını işə salındı, insanlarda öz vəziyyətindən narazılıq hissi aşılanmağa başladı. Və bu narazılığın aradan qaldırılması üçün yeganə çıxış yolu yeni yeni şeylər almaq, istehlak hərəkətləri göstərildi… Beləcə, bu günə qədər davam edən əzəmətli reklam və istehlak mexanimzi öz fəaliyyətinə start verdi.

Qərb filosfoları qeyd edir ki, daim tənqid etdikləri mənhus «İstehlak cəmiyyəti»nın əsasları məhz həmin illərdə ABŞ-da qoyulmuş oldu. İnsan daim narazılıq və narahatlıq içində olmalıdır və bu hissi dəf etmək üçün daim alış-veriş etməlidir. Bunun hesabına iqtisadiyyat daimi inkişaf, yüksəliş yaşamalıdır, daha çox şeylər istehsal olunmalıdır və kapitalistlər daha çox pul qazanmalıdır…

Müasir iqtisadçılar yazır ki, indiki iqtisadi krizislərin rüşeymi məhz o vaxt atılıb. Lakin bu, sırf iqtisadi mövzu olduğuna görə, müdaxilə etmək istəmirəm. Bununla bağlı yalnız bir detalı da mütləq qeyd edim və yenə də mədəniyyət, ədəbiyyat müstəvisinə qayıdaq…

Varlı yoxsa Ğəni

Şərq-İslam əxlaqında Ğəni termini var. Biz onu zəngin, varlı kimi tərcümə edirik. Əslində isə Ğəni-zəngin sadəcə müəyyən məbləğdə maddi vəsaitə sahib olan insan mənasını vermir. Çünki varlılıq nisbidir. Eyni miqdarda sərvətə sahib olan insan aşağıdan baxanda varlı hesab olunursa, daha da yuxarılardan baxanda kasıb kimi görünür.

Ğəni-zəngin isə konkret miqdarda maddi vəsaitə sahib olan yox, öz sahib olduğu sərvətə qane olan, kifayətlənən, bundan razı qalan insandır. Deməli əslində insanın həqiqətən zəngin olması üçün sərvətin (maddi və mənəvi) miqdarı yox, insanın içindəki razılıq və kifayətlənmək hissi daha vacibdir.

Əfsus ki, bu cür zənginlik - kifayətlənmək hissi də müasir «istehlak cəmiyyəti»nin düşmənidir. Düşmən olduğuna görə də daim gözdən salınır, passivlik, hərəkətsizlik nümunəsi kimi təqdim olunur.

Yox, dünyavi işlərdə insan həmişə narazı olmalıdır və bunu dəf etmək üçün çalışmalıdır, hərəkətdə olmalıdır. İnkişaf bunu tələb edir… Əlbəttə ki dünyavi hərəkət, dünyavi inkişaf… (Unutmayaq ki, bütün bu inkişaflar və hərəkətlər yalnız maddi, dünyavi müstəvidə baş verir, mənəvi-ruhi hərəkət ümumiyyətlə lazımsız bir şey kimi kənara atılıb.)

Amma sonda bir rahatlıq nöqtəsi- ali məqsəd yoxdursa, onda necə? Onda vasitənin özü məqsədə çevrilir. Bu dünyada daimi Hərəkət lazımdı, çünki hərəkət inkişafın rəmzidir. Hərçənd heç bir məqsəd yoxdur, hərəkət sadəcə hərəkət xətrinə, inkişaf sadəcə inkişaf xətrinə olmalıdır. Onsuz da bu maddi dünyadakı hərəkətin sonunda heç bir nəticə hasil olmayacaq, lakin sən hərəkət elə, dayanma… Hərəkət həyatdır, dayanmaq isə ölüm. Hərəkət yaşamaq xətrinə olmalıdır.

(Eynən Heminqueyin «Qoca və dəniz»ində olduğu kimi.)

Rusların məşhur ifadəsi var - belka v kolese… Dələni sadə qəfəsdə saxlamaq olmur, ona görə onun üçün məxsusi olaraq dairəvi formalı və yerində fırlanan bir qəfəs forması fikirləşiblər… Dələ orada daim aktivdir hərəkətdədi, dayanmadan qaçır. Lakin həqiqətdə qəfəs yerindən tərpənmir…

Bir çox psixoloqlar qeyd edir ki, müasir sivil cəmiyyətlərdəki insanlar məhz fırlanan qəfəsdə qaçan dələyə bənzəyirlər… Daim ora bura qaçır, daim hərəkət edir, daim iş görür - lakin mahiyyət etibariylə yerində fırlanır… Bir çox psixoloji problemlərin, depressiyaların səbəbləri də məhz bununla izah edilir. Uzun müddəttli aktiv dinamik əmək fəaliyyətindən sonra insan müəyyən qədər ayaq saxlayır və fikir verəndə görür ki, bütün bu qaçaqaçdan sonra yenə də mənəvi-ruhani baxımdan eyni yerdə dayanıb. Belə demək olarsa, bütün bu hərəkətlər mənəvi müstəvidə heç bir irəliləyişə səbəb olmayıb.

Məhz buna görə də Qərbin bütün fəlsəfi, elmi-texniki, iqtisadi, mədəni inkişafı "Qənilik" yaratmayıb, çünki qərb cəmiyyəti qəniliyin düşmənidir...

Heç kim həyatından razı olub dayanmalı deyil... Çünki «stop düyməsi» ölümə bərabərdir.

Qərbin pradiqması yalnız inkişafa, hərəkətə hesablanıb... Fotonlar kimi. Hərəkət varsa mövcuddur. Hərəkət yoxsa yoxdur. Həm də təkcə fotonlar yox, bir çox elementar zərrəciklər elmdə məhz bu cür təqdim olunur. Onların varlığı hərəkətlə bağlıdır. Dayansalar məhv olarlar.

Bir məqam da var ki, əslində isə tarixən Qərbin bütün bu inkişaf fəlsəfələrinin ilkin səbəbi sadəcə maddi nemətlər əldə etmək deyildi, daha doğrusu bu maddi rifahı əldə etməkdə məqsəd insan şüurunda məhz həmin Ğəniliyə-zənginliyə nail olmaq və mənəvi rahatlığa çatmaq idi...

Müasir dünya filosofları bəyan edir ki, Qərb təfəkkürünün inkişafı hansı bir mərhələdəsə öz yolundan sapıb və sonrakı inkişafın hər mərhələsi bəşəriyyəti Qənilikdən-əsl zənginlikdən bir qədər də aralayır...

Qənilik pisdi yoxsa yaxşıdı? Bu saat bəlkə də ən böyük sullardan biri budur…

Müasir inkişaf da metafizik baxımdan məhz həmin dələnin qəfəsinə bənzəyir. Qəfəs fırlanır, hərəkət edir, dinamika aktivlik var, mənəvi-ruhi baxımdan isə heç bir hərəkət yoxdu...

Mənəviyyat və etika

Düzdü, son yüzillikdə xeyli sayda etik nəzəriyyələr, estetik görüşlər, müxtəlif əxlaq normalar yaradılıb. Əfsus ki, bunların heç biri əski mənəviyyatın yaratdığı qoruyucu mexanizmi ortaya qoya bilməyib.

Bəs fərq nədə idi? Axı zahiri plastda oxşarlıqlar çoxdu. İlahi metafizik dəyərlərə söykənən mənəviyyat da insanın davranışını, fikir və düşüncəsini istiqamətləndirirdi, müasir etik-mənəvi nəzəriyyələr də eyni məqsədə xidmət edir…

Bəli, ilk baxışdan oxşarlıq həqiqətən var, lakin ortada çox zərif bir hədd mövcuddur…

Müasir etik nəzəriyyələr insanları bir birindən qorumağa yönəlib. Əvvəlki nəzəriyyələr isə insanı öz-özündən qorumağa istiqamətlənmişdi… Çünki öz-özü üçün təhlükəli olmayan insan başqalarıyçün də təhlükə mənbəyinə çevrilə bilməz.

Biz və başqaları… Bu yanaşma son yüzilliklərin aparıcı təfəkkür paradiqmasını əks elətdirir. Bütün problemlər başqalarındadır. Ona görə də cəmiyyəti düzəltmək lazımdır. Çünki cəmiyyət başqalarıdır. Məni başqalarından qorumaq lazımdır. Mən təhlükəsizəm, başqaları isə təhlükəlidir.

Əslində isə insan üçün ən böyük təhlükə öz ruhundakı, öz psixikasındakı mənfi enerjidəndir. Sadəcə bu enerjiyə vaxtıyla müxtəlif mifik adlar qoyulurdu. Nəfsdən tutmuş insan ruhundakı iblislərə qədər.

Adları inkar etsək də, fakt faktlığında qalır. İnsan üçün ən böyük təhlükə mənbəyi psixikasının dərin qatlarındakı gizli mənfi energetikadır. Minillər boyu mövcud olan dini əqidələr, ilahi təfəkkür tərzi bu mənfi energetikanın üstünü örtməyə, daha da dərinə basdırmağa, konservləşdirməyə çalışırdı. (Tam nail olurdu demək həqiqət olmaz, ancaq ən azından çalışırdı və müəyyən nailiyyətlər əldə edirdi)

Lakin son yüzilliklərdə biz insan psixikasının dərinliklərindəki həmin gizli mənfi energetikanın - məşum iblislərin azadlığa çıxması, açılıb buraxılması prossesini müşahidə edirik.

Və təəssüflə qeyd edim ki, son yüzilliklərin Qərb ədəbiyyatı və onun təsiri altında yaranan müasir dünya ədəbiyyatı insanı məhz öz özündən - öz içindəki iblislərdən qoruma mexanizmlərini sındırmaqda əhəmiyyətli rol oynayıb.

Və belə ədəbiyyatın mədəniyyətin köməyi ilə insan özü özü üçün təhlükə və fəlakətlər mənbəyinə çevrilib… Həm fərdi mənada, həm də ümumbəşəri miqyasda…

Bəs bu təhlükəni aradan qaldırmaq mümkündümü, yoxsa bəyənmədiyimiz ezoteriklərin həqiqətini qəbul edib Qiyamət gününə hazırlaşmalıyıq?

Ardı var

Oxşar xəbərlər

Xəbər lenti

Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020
Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
16:23 08 İyul 2020
Kuklada uşaqlar üçün tamaşa
15:37 08 İyul 2020
Məşhur rəssamın əsəri tapılıb
14:59 08 İyul 2020
Azərbaycanda orkestr rəhbəri həbs edildi
14:18 08 İyul 2020
Xəsil adam - İlham Əzizdən yeni hekayə
14:10 08 İyul 2020
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: sürgündən qayıdanda arvadı başqası ilə evlənmişdi - İnanılmaz faktlar
13:18 08 İyul 2020
Elzanın başındakı qıjıkimilər - Sərdar Amin yazır
12:36 08 İyul 2020
Türkiyəli aktrisa vəfat etdi
12:01 08 İyul 2020
Bu, Allaha qarşı küfrdür – Gənc şair həmkarını tənqid etdi
11:20 08 İyul 2020
“Üzüklərin hökmdarı” geri qayıdır
10:47 08 İyul 2020
Elzanın yeni şəkli müzakirəyə səbəb oldu - Foto
10:12 08 İyul 2020
Kitabxana maraqlı layihəyə başlayır
09:30 08 İyul 2020
Üzündəki ipəyi qaldıranda oğlum özünü çölə atdı - Bircə atasının ölümündən yazır...
09:00 08 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
18:44 07 İyul 2020
Əfsanəvi musiqiçi vəfat etdi
18:09 07 İyul 2020
Bizim üçün qızılgül – Cavanşir Yusifli yazır...
17:30 07 İyul 2020