news-inner
clock21:00 calendar-gray 09 Mart 2016 view-gray252 dəfə oxunub
view-gray252 dəfə oxunub

Paravozsürən – Seyran Səxavətin hekayəsi

Kulis yazıçı Seyran Səxavətin “Paravozsürən” hekayəsini təqdim edir.

Zülfəli söyə-söyə dəlləkxanadan çıxdı. Pencəyinin ətəklərini geri atıb, əllərini ciblərinə dürtdü. Damağındakı «Kazbek»i tüstülədə-tüstülədə, ətrafa boylana-boylana evə yollandı. Maqazinin qabağından keçəndə vitrində özünə baxdı. Sonra da oradakı çaxır şüşələrini gözdən keçirdi. «Qişi», «Martuni sovxoz», «Ağ süfrə», «Ağdam». İndicə qırxdırdığı daz başını qaşıdı, burnunu çəkdi, çönüb maqazinə girdi. «Ağdam»ın əzbər bildiyi qiymətinə bir də baxdı. «Vallah, ucuzluqdu...» «Ağdam»ın birini alıb gen-bol tikilmiş şalvarının cibinə dürtdü.

Bir azdan Zülfəli «Ağdam»ı başına çəkəcək, kefi kökələcək, cavan vaxtı əsgərlikdə olduğu yerlərə «səyahətə» çıxacaq və ömrünün ən mənalı illəri olan əsgərliyini dönə-dönə xatırlayacaqdı. «Əşi, heyif deyildi o günlər, arvad yox, uşaq yox. Nə istəyirsən elə. İndi get evə görüm necə gedirsən? Mürtədin qızı mürtəd «mazgimi» xarab eliyəcək ki, yenə içirsən. Tay başa düşmür ki, gündə bir şüşə «Ağdam» mən boyda cəmdəyə neyliyə bilər ki? Başı kəsilməli deyil ki, eh, tüpürüm belə «jizniyə...»

O, yaz-qış başını daz qırxdırardı. Həmişə «Kazbek» çəkərdi. Yayda köynəyinin düymələrini yarıya qədər açıb, sinəsinə tuşla döydürdüyü «Jora-Zülfəli, Qruziya, Drujba» sözlərini camaatın az qala gözünə soxurdu. Jora onun əsgər yoldaşı olub, yaxın olublar.

Keçən yay Jora arvadı ilə Zülfəligilə qonaq gəldi. Düz bir ay Zülfəlinin və onun ailəsinin sağlığına içdilər. Bir gün isə Jora bərk keflənib arvadını möhkəm çırpdı və səhəri günü çıxıb getdilər. Zülfəli isə üç yüz manat borca düşdü. Çünki Joraya o qədər basıb-bağlamışdı, asıb kəsmişdi ki, pərt olmamaq üçün hər şey eləyirdi. Fikirləşirdi ki, «Qafqazın adını batırmaq olmaz».

Başını daz qırxdırmağının yalnız bircə səbəbi vardı: «Qoy desinlər ki, «blatnoyam». Camaata «xox» gəlirdi.

Zülfəli yekəpər adam idi. Onun gen-bol şalvarından bir-iki dəst şagird kostyumu çıxardı. 45 nömrə ayaqqabı geyirdi. Cavan vaxtlarında, özü demişkən «ştangist» olub. Hərdən söz düşəndə belə öyünür. «Get Qruziyaya, deynən «ştangist» Zülfəli, hamı sənə baş əyər...» İndi isə yalnız futbolla maraqlanır. Bir oyunu da keçirməz. Komanda uduzanda isə belə deyir: «İxtiyarı verələr maa, bilirsən nə oynadaram onları...»

Onun yanında hansı xanəndədən söhbət salsan istehza ilə deyəcək: «Gəlmişdi. Toya gəlmişdi Çermetə. Bir beşlik verdim, dedim ə, «Rast» oxu, dedi ki, beş manata heç təsnif də oxumazlar. Çıxartdım bıçağı, dirədim xirtdəyinə, dedim boğazını kəsərəm. Sonra bülbül kimi cəh-cəh vurdu. Sən qorxunu nə bilirsən, qorxu köpəyoğlu şeydi...»

Həmişə qışqıra-qışqıra danışar. Dinəndə də deyər ki, «mən paravozsürənəm». Adama elə gəlirdi ki, Zülfəli ömründə pıçıltı ilə danışa bilməz, gərək elə həmişə nərildəsin.

Onun beş uşağı var, dördü dərs əlaçısıdır. Keçən il böyük qızı riyaziyyat olimpiadasına gedəndə ona belə müvəffəqiyyət arzulamışdı: «Get, get, oxuyassan heç kəs də görmüyəcək. Hara cəhənnəm olub gedirsən, evdə bir işin qulpundan yapış ee, boyunu yerə soxum». Qız öz otağına çəkilib ağlamışdı. Oğlu isə rəssamlıq dərnəyinə gedirdi. Onu da belə həvəsləndirirdi: «Get bir sənət öyrən eee, get televiziya, xolodelnik mexaniki ol, əlqap onlardadı, bəy kimi dolanırlar». Sonbeşikləri isə yeddi yaşının içində idi, ancaq baxanda elə bilirdin ki, dörd yaşı var. Cılız və arıq idi, pişik balasına oxşayırdı. Ona müharibədə itmiş böyük qardaşının adını qoymuşdu – İsmayıl. Evdə heç kəsin ona bir söz deməyə haqqı yox idi, istəyir lap dünyanı dağıtsın. Uşaq da atasının «məhəbbətinə» güvənib kefin istəyən ərköyün olmuşdu. Zülfəlinin bütün uşaqlarından acığı gəlirdi, sonbeşiyindən başqa. O, yalnız İsmayılı «kişi» hesab eləyirdi: «Nə çıxsa bundan çıxacaq», – deyirdi.

Əslində Zülfəlinin uşaqlarının hamısı cılız idi. İsmayılın bu vəziyyətdə olmağını ürəyinə salmışdı. Həmişə arvadına bu münasibətlə belə deyirdi: «Günah hamısı səndədir, südün xarabdı eee, südün. Bir də ki, sənin südünü əmmiyib ha. Bəri bax, indi işdi də taleyin işidi, bir gün gəldin ölüm ayağına düşdün, İsmayıla nə təhər halallıq eliyəcəksən? Deyəcəksən, südüm sənə halal olsun, yoxsa «İskuşonnu moloko?» Süd verməli oğul İsmayıl idi, onda da yelinin qurudu».

Evdə hara baxırdın İsmayılın şəkli idi. İsmayıl özünü «xozeyn» kimi aparırdı. Atası ona demişdi ki, evlər sənindir. Bacıları və qardaşı ilə sözü çəpləşəndə deyirdi: «İstəsəm hamınızı qovaram». Zülfəlinin uçmağa qanadı olmurdu: «De, səni yaradana qurban olum, de». Zülfəlinin qardaşı bir dəfə ona demişdi ki, «niyə uşaqların içində ayrı-seçkilik salırsan?» Zülfəli cavabını belə vermişdi: «Sən get öz dərdini çək ki, satılmısan arvad qohumlarına, «plen» düşmüsən». Zülfəli qardaşının öz qohumları ilə mehribançılığına belə qiymət vermişdi, qardaşı da elə o vaxtdan bu evdən ayağını kəsmişdi. Zülfəlinin isə vecinə də deyildi: «Heylə biqeyrət qardaş mənə lazım deyil, cəhənnəmə getsin, dalınca da bir qara daş». Əslində isə bu «qara daş» Zülfəlinin təpəsinə düşməli idi, intəhası ki, hələ yol gəlirdi bu «qara daş», gecikirdi.

Bir gün Zülfəli ilə arvadının arasında İsmayıla ixtisas seçmək üstündə bərk mübahisə düşdü. Bir neçə şüşə «Ağdam» şərabını həzmi-rabedən keçirincə Zülfəliyə elə gəldi ki, artıq İsmayıl onuncu sinfi müvəffəqiyyətlə başa vurub, bircə ixtisas seçməyi qalıb. Zülfəli bərk qızışmışdı:

– Mən paravoz sürrəm, oğlum da gərək samalyot sürsün, samalyot!

Qızlar öz otaqlarında dərs oxuyurdular. Böyük oğlu Rasim yoldaşları ilə maqnitofona qulaq asırdı. Mətbəxdəki radio son xəbərləri verirdi. Televiziyada maşınqayırma zavodundan çəkilmiş süjet göstərirdilər. İsmayıl, əmisi ilə özünün təzəcə böyüdülmüş şəklinə baxırdı.

– Mənim oğlum samalyot sürəcək, samalyot, sənin qardaşlarının acığına.

Zülfəlinin arvadı dilləndi:

– Mənim qardaşlarımın acığına niyə?

– Ona görə ki, mənim qardaşlarım kimi, onlar da biqeyrətdirlər.

Zülfəli öz qardaşlarını qayınlarına qatmaqda yalnız bir məqsəd güdürdü: desinlər ki, «çestni»dir, sözün düzünü deyəndir.

Arvadı soruşdu.

– Niyə biqeyrət olurlar, əşi?

– Çünki arvad qohumlarına «plen» düşüblər. – Sonra əlavə etdi: – Onların hamısının acığına İsmayıl samolyot sürəcək. Bax, bu beş otağımı satıb ona samalyot sürdürəcəyəm.

Əsil mübahisə də burdan başlandı. Arvadı Bilul on yeddi il idi ki, onunla bir yerdə yaşayırdı, belə söhbətlərə öyrəşmişdi.

– Hökumətin evlərini nə təhər satarsan?

– Mən Zülfəliyəm, sataram! Hələ o yana da keçərəm!

– Sata bilməzsən!

– Sataram!

– Sata bilməzsən!

– Sataram.

– Dedim ki, sata bilməzsən!

– Dedim ki, sataram.

– Satarsan, tutub basarlar qoduqluğa, bəridən o yana guruldayarsan on beş il.

Zülfəli dik qalxdı. Başını silkələyə-silkələyə dedi:

– Məni tutan hələ anasının qarnında qurdalanır, aaz.

– Xoxxxx! Səndən qorxacaqlar?

– Aaz, adamsan, adam qızısan, uşağın işinin üstündə tək səbir olma, ay niyyətin öz başında çatdasın.

Rasim maqnitofonun səsini bir az da artırdı ki, yoldaşları bu mübahisəni eşitməsinlər. Radio son xəbərləri qurtarıb Şubertin əsərlərindən ibarət konsertə başladı. Televiziya öz əvvəlki işində idi.

İsmayıl isə anasının üstünə xoruzlanırdı:

– Nədi aaz, qoymuyazsan samalyot sürək, nədi, nədi?!

Bilul üzünü ərinə tutdu.

– Mənim uşağımın göydə nə işi var, bircə elə bu qalmışdı. Yəni bu boyda yerdə İsmayıla bir sənət tapılmayacaq?

Zülfəli yenə başını əsdirdi:

– Bəri bax, «mazgimi» xarab eləmə, ha, sən öl vurram para-para olarsan!

Bilul ərinə bab idi, ondan geri qalmazdı, əvvəllər isə o belə deyildi. Bilul, necə deyərlər. «Zülfəlinin yetişdirməsi» idi.

– Sən öl, maa əlini vurasan ha, qonşuları yığaram bura.

– Aaaz, sarsaq-sarsaq danışma, qonşular mənnən arvad alıblar?

İsmayıl atasının balası kimi çıxış elədi:

– Aaaz, sarsaq-sarsaq danışma dəə, sən də.

Anası İsmayıla fikir vermədi. Əgər ər-arvad bilsəydilər ki, belə qeyri-normal inkişafı ilə İsmayıl tibbi müayinədən onsuz da keçə bilməyəcək, dəxli olmayacaqdı və onlar yenə də mübahisə edəcəkdilər.

Arvadının qonşuları «dəvət edəcəyindən» ehtiyat edən Zülfəli pəsə qoydu. Bilul da durub mətbəxə keçdi. Zülfəli kağızdan təyyarə modeli düzəltdi. Sonra mətbəxə getdi və oradaca kağız təyyarəni qaldırıb havaya buraxdı:

– İsmayılın samalyotu gəldi, ay arvad! – Qəh-qəhə çəkdi. Güldü, güldü...

«İsmayılın samalyotu» mətbəxdə iki dəfə dövrə vurub pıqqapıqla qaynayan xörək qazanının içinə düşdü...

Bilul cin atına mindi:

– Saa ağıllı deyənin atası gorbagor olsun.

Bilul «İsmayılın samalyotu»nu qaynar qazandan çıxardıb zibil vedrəsinə atdı. Elə bil Zülfəlini təhqir etdilər:

– Aaaz!

– Nə var?

– Qulaq as. – Babasından eşitdiyi bir əhvalatı arvadına danışmağa başladı:

– «Bir dəfə Kazım adlı bir oğlan uşağının başından bit tapırlar. Bir qız uşağı da ona həmişə Bitdi Kazım deyirmiş. İş elə gətirir ki, Bitdi Kazım həmin qızı alır. Sonra həmən o Bitdi Kazım gəlib alim olur. Arvadı yerli-yersiz ona «Bitdi Kazım» deyir. Kazımın canı boğazına yığılır. Kazım çox deyir, arvad az eşidir. Axırda Kazım arvadını aparır dənizə ki, orda boğub öldürsün. Dənizin ortasında Kazım arvadına deyir ki, bax, bir də mənə Bitdi Kazım demə. Arvad eşitmir, sənin kimi tərs imiş...»

Zülfəli gördü ki, arvadı çox maraqla qulaq asır, sözünə davam elədi:

– Hə, Kazım arvadı suya basır, arvad yenə dediyini deyir. Sonra Kazım arvadın başını da suya basır. Arvad da sənin kimi abırsız imiş. Hə... Kazım onun başını suya basanda arvad əllərini sudan çıxardıb başlayır dırnağı ilə bit qırmağa. Yəni ki, «Bitdi Kazım», «Bitdi Kazım». Bax, indi sən həmin arvaddan da abırsızsan...»

Arvadı dedi: – Bax, sənə elə arvad lazımdı ee, anadan əmdiyini burnundan gətirə.

Zülfəli: – Qorxma sən ondan da betərsən. Sən öləsən, hökumətdən qorxum olmuya, dilini dibindən kəsərəm.

– Vallah, bir cikkə çəkərəm, bütün şəhər bura yığışar.

Zülfəli divana uzandı:

– Mənim oğlum samalyot sürəcək, samalyot.

– O günü görməyəzsən!

– Aaaz, tay «mazgimi» xarab eləmə.

Zülfəlinin arvadı dördüncü sinfə qədər rus məktəbində oxumuşdu, sonra Azərbaycan məktəbinin üçüncü sinfindən təhsilini davam etdirib doqquzuncu sinifdə Zülfəliyə qovuşmuşdu.

– «Mazgimi» yox ee, mozqumu...

– «Mazgimi».

– «Mozqumu».

– Aaaz, saa deyirəm «Mazgimi», ay quşbeyin balası.

Arvad tez o biri otağa keçdi, əlində bir lüğət geri qayıtdı:

– Mən deyən olsa, İsmayıl samalyot sürən olmayacaq, sən deyən olsa, sözüm yoxdu.

– Yaxşı, yaxşı, kitabı aç aaz, alimlik eləmə.

Lüğəti açdılar. Rasim mətbəxdən otağına keçəndə valideynlərinin əlində kitab gördü, yazıq uşaq özünü itirdi, gülümsəyib otağına keçdi. O biri uşaqlar da bir-bir gəldilər, baxdılar, getdilər. Ər-arvad on-on beş dəqiqə olmazın əziyyətini çəkəndən sonra bu sözü tapdılar. Arvadın çiçəyi çırtdadı:

– Gördün bax: «Mozq» – beyin. Gördün?

– Dədəmin çörəyi haqqı, elə bu kitabı yazan da sən ağıldadı. Yox bir «dozq»! «Mazgimi» xarab eləmə, sən o rəhmətlik dədənin kəlləsi.

– Səninki odu.

– Bilirsən nə var? Sən öl, gözünün ikisi də bir deşikdən çıxa, İsmayıl samalyotsürən olacaq.

– Dədəmin goru haqqı qoymaram heç samalyota yaxın da düşə.

– Baxarıq, baxarıq.

– Yaxşı, neynək, görəcəyik.

Zülfəli ayağa durdu. Cəld qapıdan çıxdı. İki saatdan sonra lül-atəş qayıtdı. Əlində iri oyuncaq təyyarə də vardı. İsmayıla almışdı. Ayaq üstə güclə dursa da İsmayılı «təyyarə»yə mindirdi, qaldırıb başının üstündə hərrəməyə başladı: – tırr, tırrr! Gurrrrr!..

İsmayıl xeyli «samalyot» sürdükdən sonra təyyarəsi ilə bərabər yıxıldı və bərk əzildi. Bilul üzünü cırıb tökdü. Aləm bir-birinə dəydi. Zülfəli arvadını mal kimi budadı. İsmayıl elə ağlayırdı ki, elə bil ətini kəsmişdilər. Radio idman xəbərlərini verirdi. Televiziya sabahkı verilişlərin proqramını oxuyub qurtardı. Zülfəligilə «Gecəniz xeyrə qalsın!» dedi. Zülfəlinin arvadı qışqıra-qışqıra evdən güllə kimi çıxdı:

– Səni qoduxluğa soxdurmasam heç dədəmin qızı deyiləm, dəli qudurmuş!

O gecə milis gəldi. Televiziya da Zülfəli kimi ağappaq ağarmışdı. Televizoru söndürdülər. Zülfəlini apardılar. Zülfəli bir də on beş gündən sonra qayıtdı. İçəri girən kimi İsmayılı bağrına basdı və arvadına ilk sözü bu oldu:

– Sən öl, gözünün ikisi bir deşikdən çıxsa da İsmayıl samalyotsürən olacaq.

Arvad dinmədi və o vaxtdan bəri hələ ki, bu evdə İsmayılın gələcək ixtisası barədə heç bir mübahisə, filan olmayıb... Ancaq bu səhər arvadı işə gedəndə Zülfəli kağızdan bir təyyarə modeli düzəldib gizlincə onun əl sumkasına qoymuşdu.

...Zülfəli yaşadığı evin qabağına çatanda yanında oğlan uşağı olan qonşu qadınla görüşdü:

– Privet, aaz, privet, nə var, nə yox. – Sonra da başladı uşağın başını sığallamağa. Cibindən İsmayıla aldığı dodaq qarmonunu çıxardıb əvvəl özü çaldı, sonra uşağa verdi. Uşaq çala-çala getdi oynamağa. Zülfəli boynunu o tərəf-bu tərəfə çöndərib qadının əlindəki zənbilə baxdı, sonra başdan-ayağa onu süzüb dedi:

– Bəri bax, niyə görükmürsən, qadan Zülfəlinin bax, bu ürəyinə. Zənbili maa ver görüm, qolların qırılar. – Bir anda dartıb zənbili qadının əlindən aldı. «Kişi gərək centliment olsun».

Qadın iri gözlərini dolandırıb ədalı-ədalı, küskün-küskün naz ilə dedi:

– Tay məni neynirsən?

– Bu nə sözdü, aaz?

Qadın Zülfəlinin üzünə gülümsədi və o saat da elə bil onun canını aldı. Zülfəlinin ürəyi əsdi, elə bil on yeddi yaşlı oğlan idi. Qadın da öz növbəsində Zülfəlini başdan-ayağa süzəndən sonra dedi:

– Bilmirsən nə sözdü?

– İsmayılın goru haqqı ağlıma heç nə gəlmir, de görüm yenə noolub?

– İndi də deyəsən bağçaya gedib-gəlirsən?

Zülfəli özünü bilməməzliyə vurdu, üzündə çox küt bir ifadə yarandı. İçindəkini ört-basdır eləyə bilmədi. Bir az özünü itirdi. Qadının ona yazığı gəldi. Zülfəli handan-hana cavab verdi:

– Aaz, aaz, İsmayılın goru haqqı, bildim nə deyirsən, bekara söhbətdi.

– Bekara söhbət-zad deyil. Elə adam deyib ki, elə bil gözüynən görüb.

– Aaaz, İsmayılın goru haqqı, yalan sözdü. İtin-qurdun adını çəkirsən. O hara, sən hara? Allah vurub onu, bir dəridi, bir sümük.

Zülfəli ətrafına boylandı. Saatına baxdı. Arvadının gələn vaxtı idi, əgər görsə, qan düşəcək ki, sənin ərsiz arvadla nə söhbətin ola bilər. Özünə də sığışdırmadı ki, çıxıb getsin. Çünki həmişə bu qadının yanında özünü dünya çempionu kimi aparırdı, «allahdan başqa heç kəsdən qorxmuram» deyirdi. «Kaş səni salamat gəlib evə çıxmayasan, ay Bilul. Qıçın sınaydı yolda, üzü o yana aparaydılar səni, belə girəvə bir də nə vaxt ələ düşəcək...»

Qadının səsi onu fikirdən ayırdı:

– Bəri bax, Zülü.

– Can.

Zülfəlinin mehribanlığı heç yerinə düşmədi. Qadın bir an çaşdı və sonra dedi:

– Bilirsən nə var?

– Yox, Zülü qurban.

– Mən... Tay bəsdi.

Zülfəli kişiləndi:

– Nə bəsdi, aaz, nə yatdıq ki, nə də yuxu görək.

– Yox e…

– Hə, bəs noolub ki, bəlkə saa bir söz deyən-zad var. Kimdi o? İsmayılın goru haqqı cərcənək eliyərəm onu.

– Kimi?

– Nə bilim kimi, bəs nə danışırsan?

Zülfəli öz aləmində sözü yayındırırdı. Ağır zənbili sağ əlindən sol əlinə keçirdi: – Dədəmin goru haqqı, bir gün də sənsiz dura bilmərəm.

Qadın özünü toplayıb işvəkarlıqla dedi:

– Yox eee, ayrı məsələdir.

– De dayna, de, biz də bilək görək nə məsələdi.

– Bəri bax, bəs arvadından qorxmursan?

– Mən arvaddan qorxsaydın, görən qurd-quş harda məni basıb yemişdi.

Qadın bir az da qabağa əyildi:

– Sən qorxmursan, mən qorxuram.

– Kimdən?

– Biluldan.

– O aranqutanın nəyindən qorxursan, aaz. Sən öl, dədəmin goru haqqı, saa bir söz deyə ha, o Bilula ot yoldurram. Nə danışırsan aaz, sən.

Əndamlı qadın əlinin birini belinə qoydu, üz-gözünü turşutdu, bayaqkı mehribançılıqdan əsər-əlamət qalmadı. Bir az da ciddiləşib dedi:

– Ərə getmək istəyirəm.

– Nə?!

– Eşitmədin?

– Heç eşitmək də istəmirəm!

Zülfəli ucadan danışmağı faydasız hesab elədi. Bəlkə də, ömründə ilk dəfə yavaşca dedi:

– Dürüş, indi sən mən boyda cəmdəyi uşaq kimi yalvartmaq istəyirsən, dədəmin goru haqqı belə şey ola bilməz. Soxaram bıçağı qarnıma, tökərəm bağırsaqlarımı.

Dürdanənin ona yazığı gəlsə də sözünün üstündə durdu:

– Neynim, ay Zülü, qadan alım...

Zülfəli tapança kimi atıldı:

– Aaz, mən sənin qadanı alım, sən heylə söz demə.

– Yox ee. Tək yaşaya bilmirəm, dörd divarın arasında bağrım çatlayır.

– Niyə bağrın çatlayır, nə vaxt deyirsən gəlim.

– Mən hər gün istəyirəm...

Bu «hər gün» məsələsi qeyri-mümkün olsa da Zülfəli dedi:

– Lap hər gün gələrəm. Mən ölmüşəm sən tək qalasan? Dürüş, məni məhv eləmə. Onsuz da evdə bir gün-güzəranım yoxdur.

Zülfəli ağır zənbili yenidən sağ əlinə keçirdi. O, Dürdanəyə çox söz demək istəyirdi. Şirin sözlər, ürək yumşaldan, qəlb parçalayan sözlər. Ancaq qabiliyyəti çatmırdı, qabında bir şey yox idi.

– Salaməleyküm.

Zülfəli səsə tərəf çöndü. Bilul idi. Əlində yekə bir zənbil də vardı. Zülfəli tez doğrayıb tökməyə başladı.

– Dürdanə bacı da uşaqdan yaman şikayətlənir. Deyir ki, «toçnu» bizim İsmayıldı nadinclikdə.

Dürdanə üstünü götürdü:

– Hə, ta boğaza yığılmışam.

Bilul Dürdanə ilə hal-əhval tutdu. Sonra ərinin əlindəki zənbilə baxıb soruşdu:

– Bu nədi belə?

Zülfəlinin ağzından bu sözlər nə təhər çıxdısa xəbəri olmadı.

– Bazardan gəlirəm, şey-meydi.

Dürdanə zənbildən əlini üzdü. Onun oğlu qaça-qaça, çala-çala gəldi:

– Bilul xala, Bilul xala, baax, Zülfəli əmim alıb ee, çalırsan?

Elə bil Zülfəliyə güllə vurdular. «Hə... bu axşam yenə teatr çıxardacayıq... itin balası!»

Bilul Dürdanə ilə xudafizləşdi, ərinin qolundan tutub getdi.

Dürdanə zənbilə baxa-baxa qaldı. Zülfəli ömründə ilk dəfə allahından da, bəxtindən-taleyindən də razı qaldı: «Yaxşı ki, o it balası demədi ki, Zülfəli əmi zənbilimizi hara aparırsan?»

Bilul məəttəl qalmışdı. «Deyəsən, Zülfəli yavaş-yavaş adam olub adamlar cərgəsinə çıxmaq istəyir». Bu, bir yerdə yaşadıqları müddətdə Zülfəlinin ilk bazarlığı idi. Bilulun ürəyi açıldı. Yenə ərinin əlindəki təzə zənbilə baxdı:

– Bəs zənbili haradan almısan?

Zülfəli zənbilin təzəliyinə, köhnəliyinə fikir verməmişdisə də dedi: – Bazardan. – Bu təhlükəli sualdan da Zülfəli beləcə asanlıqla qurtardı.

– Nə almısan, a kişi, nə yaxşı şeytanın qıçını sındırmısan.

Zülfəli mehribanlıq göstərdi.

– Nə bilim, ayın-oyundu də, maaş almışdım, dedim bir dəfə də mən əlimdə uşaqlara bir şey alım gətirim.

Bilul fikirləşdi: «Ya yeri-göyü yaradan allah, sənə min şükür, bizim kişi də ağıllanarmış». Bilulun yadından çıxdı ki, əri Dürdanənin oğluna dodaq qarmonu alıb. Bir an özünü xoşbəxt hiss elədi, yüngülləşdi. Lap qapının ağzına çatanda Zülfəli onun əlindən zənbili aldı: – Ver, kömək eləyim.

Bilul dinməzcə zənbili Zülfəliyə verdi, mehriban-mehriban ona baxdı. Özgə vaxtı deyərdi: «Allah qoymasa, qapıya gəlib çatandan sonra yadına düşərəm».

Zülfəlinin fikri isə «Dürüşün» yanında idi. Birdən «Dürüş» də yaddan çıxdı: «Allah, görəsən zənbilin içində nə var?» Rəngi ağardı. Bilul bunu görmədi.

Qapını uşaqların hamısı açdı. Dəhlizə keçdilər. Zənbillər bir-birinə oxşayırdı. Bilul zənbillərin ikisini də Zülfəlinin əlindən alıb mətbəxə keçdi. Əvvəlcə öz zənbilini boşaltdı. Sonra Dürdanənin zənbilini açdı. Evdə kartof, soğan və ət olsa da, Dürdanənin zənbilindən çıxan şeylər onu təəccübləndirmədi.

«Kişidi də nə bilsin ki, evdə nə var, nə yox. Çox sağ olsun». Sonra zənbilin dibində «Bakı univermağı» kağızına bükülmüş bir şeyə gözü sataşdı. Zülfəli də mətbəxin qapısı ağzında dayanıb təzəcə rahatlaşmışdı ki, kağıza bükülü şeyi gördü: «Aşqabad batan kimi batdım...» Bilul kağızı yavaş-yavaş, tələsmədən açmağa başladı. Bir kağızı açdı qurtardı. Deyəsən, iki kağıza bükülmüşdü. Zülfəli ürək-göbəyini yedi. Ürəyində kəndlərindəki məşhur seyidə nəzir dedi. Çox şey fikirləşdi, çox götür-qoy elədi və axırda bu qərara gəldi: «Kağızın içindən lap qəlyan da çıxsa, deyəcəyəm ki, sənə almışam, Bilul can». Bilul zənbilin dibindəcə kağızı açdı:

– Sağ ol səni, əşi, allah qardaşın İsmayıla rəhmət eləsin.

Bilul üstündə «Fidci» yazılmış ətir şüşəsini çıxardıb burnuna yaxınlaşdırdı, qoxuladı, oturduğu yerdəcə böyrünə qoydu. Sonra isə qəşəng büstqalterə baxdı, lap ağlı getdi.

– A kişi, gün haradan doğub belə?

Zülfəli utanmaz-utanmaz dedi:

– Görürsən də, dinəndə bəyənmirsən məni.

– Əşşi, mən belə qələt eliyirəm, səni bəyənmirəm, sən nə danışırsan.

Bilul cəld ayağa qalxdı. Üçüncü şeyi kağıza bükülü halda götürüb o biri otağa keçdi. Qapını daldan bağladı. Zülfəlini isə fikir götürdü: «Görəsən bu zəhrimar nəydi belə?» Tez də dizi üstə çöküb qapının deşiyindən baxdı ki, görsün arvadı neyliyir. Gördü ki, Bilul soyundu və qəşəng, uzun bir gecə köynəyini əyninə geyindi, sonra da narazı-narazı heyifsiləndi:

– Andıra qalmış çox yekədi!

Zülfəli arxayınlaşdı. Bilul qapıdan çıxan kimi soruşdu:

– Əyninə nə təhər oldu?

– Əşi yaman yekədi.

– Köpək qızdarını görürsənmi, məni aldadıblar ee.

Zülfəli univermaqda işləyən qızların da payını belə verdi. «Əlbəttə sənə böyük olar. Aranqutanın balası aranqutan. Sən hara, Dürüş hara?»

Zülfəli yataq otağına keçdi, stolun siyirtməsini çəkdi, Bilulun pasportunu çıxartdı, doğulduğu tarixə baxdı, «28-i iyun, 1938-ci il». Bu gün isə ayın 29-u idi. Zülfəli sevindi. Hücuma keçdi... «Düşməni» yerlə-yeksan etmək üçün girəvə düşmüşdü. «Bu saat onu bir günə salım ki, ömründə mənnən şübhələnməsin... Can ay Dürüş, can, can...»

– Bilul.

– Nədi Zülfəli, yəqin acsan? Bu saat, beş dəyqə otur...

– Yox ee, ayrı sözüm var saa. Mən istəyirdim dünən alam bu şeyləri, tay dünən məni nə təhər zəhərlədinsə...

Bilula heç nə çatmadı.

– Əşi istəyir lap həştad razmer olsun, geyəcəyəm.

– Yox ee, sözümün canı var?

– Hə, de gəlsin, qulağım səndədi.

– Bəs, bilmirsən niyə dünən deyirəm?

– Yoox.

– Axı dünən sənin «rojdeniyan» idi.

– Nə danışırsan əşi?

– Vallah!

Bilulun uçmağa qanadı yox idi. Evində «əmin-amanlıq» peyda olmuşdu: – Ay Zülfəli, sən İsmayılın goru, hardan yadında qalıb, mənim dünən yediyim bu gün yadımdan çıxır.

– Mən o günü öluncən yadımdan çıxartmaram. Mən sən deyiləm ha, hər şeydən ötəri havalanam.

Bilul utandı, xəcalət çəkdi. Ərini tanıya bilmirdi:

– Ay Zülfəli, sən allah, məni bağışla. – Gözləri doldu.

– Yaxşı, yaxşı, di sarsaqlama, bir şey ver yeyək.

– Bu saat, beşcə dəqiqə yanını yerə qoy, bu saat.

Zülfəli «Ağdam»ı çıxardıb şəst ilə stolun üstünə qoydu. Hələ ömründə belə ürəkli olmamışdı. Hələ ömründə onun bəxti bugünkü kimi gətirməmişdi.

Zülfəli mətbəxə girdi. Özündən asılı olmayaraq zənbilin «cibciyinə» barmağını soxdu. Heç nə yox idi. Birdən gözü zənbilin dibində səliqə ilə bükülmüş məktuba sataşdı. Tez götürüb açdı: «Mənim Dürdanəm, bir dənəm! Bu kiçik podarkaları məndən qəbul eləsən dünyanı vecimə almaram. Sənə deyiləsi çox sözüm var. Bu gün səni saat səkkizdə həmişəki yerdə gözləyirəm. İmza: sənin dərdindən dəli olan Nejəf».

Qan Zülfəlinin kəlləsinə vurdu. Saata baxdı. Səkkizə on dəqiqə qalmışdı. «Bəlkə Dürüş heç bu məktubu oxumayıb». Tez pencəyini geyindi.

– Aaaz, tez ol, yemək hazırla, düşüm bir araq da alım, gəlirəm.

Bilul xoşbəxt idi:

– İstəyirsən lap ikisini al.

– Mən pyaniskayam, aaz?

– Yaxşı-yaxşı. – Bilul bilmirdi ki, Zülfəli ilə necə danışsın ki, onu incitməsin.

Zülfəli özünü qonşu bloka yetirdi. Tələsik dördüncü mərtəbəyə qalxdı. Zəngi nə qədər basdısa içəridən səs-soraq çıxmadı. Kor-peşiman geri qayıtdı. İçəri girəndə Bilul soruşdu: – Bəs, arağın hanı, əşi?

– Nə qədər içmək olar ee, bir şüşə «Ağdam» var, bəsimdi.

O gecə Bilul Zülfəlinin başına pərvanə kimi dolandı, özünü əməlli-başlı həyat yoldaşı hesab elədi. Stol arxasında Bilul içməsə də, əməlli-başlı tost dedi:

– A kişi, allah səni bizim üstümüzdən əskik eləməsin, ilahi, sənə min şükür... Ay Zülfəli, mən razıyam, qoy İsmayıl samalyotsürən olsun, samalyot, hə...

Zülfəli bu sözlərin heç birini eşitmədi. O gecə ilan vuran yatdı, Zülfəlinin gözünə yuxu getmədi. Bilulun isə elə bil bu gün toyu olmuşdu.

1976

news-inner-user

17096 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Kəlbəcərli şair Sücaətin qardaşı: “Onun baş daşına ölüm tarixi yazılmayıb” – Müsahibə
14:40 25 Noyabr 2020
Məşhur aktrisa vəfat etdi
13:57 25 Noyabr 2020
“Qırmızı papaq” tamaşası onlayn nümayiş etdiriləcək
13:15 25 Noyabr 2020
“Qapımıza dizin-dizin gedəcəm” – Kəlbəcərlilər Qələbə sevincini bölüşür
12:34 25 Noyabr 2020
Tərəf müqabili ilə üçaylıq sevgi yaşadı, evi olmadığı üçün qarajda qaldı, iki dəfə intihara cəhd etdi – Ötən gün vəfat edən Xalq artisti
12:08 25 Noyabr 2020
Məşhur rəssam 101 yaşında vəfat edib
11:30 25 Noyabr 2020
Mıxı mismara döndərən Kəlbəcər – Şərif Ağayar yazır...
11:04 25 Noyabr 2020
Hadisə koronavirusa yoluxdu
10:21 25 Noyabr 2020
Elşən Xəzər: “Anam dedi, südümü sənə halal eləmərəm” – Müsahibə
09:00 25 Noyabr 2020
Tank lüləsində striptiz- Dahiyanə filmlər
21:00 24 Noyabr 2020
“Zorla erməniləşdirmə” sənədli filmi təqdim olunub
19:40 24 Noyabr 2020
Bakı Kitab Mərkəzinə 100-dən çox ərəb dilində kitab hədiyyə olunub
19:37 24 Noyabr 2020
Xalq artisti Əjdər Həmidov vəfat etdi
18:50 24 Noyabr 2020
Xocalı haqda film Tehran festivalının əsas müsabiqəsində
18:21 24 Noyabr 2020
Azərbaycandakı dini rəhbərlər dağıdılan abidələrimizlə bağlı bəyanat verib
17:33 24 Noyabr 2020
Ermənilərin "əl gəzdirdiyi" Əsgəran qalası
17:05 24 Noyabr 2020
48-ci Beynəlxalq "Emmi" mükafatının qalibləri açıqlandı
16:23 24 Noyabr 2020
İbrahim İlyaslının yeni kitabı nəşr edildi - Foto
15:57 24 Noyabr 2020
Rəssamlar İttifaqı beynəlxalq müsabiqə elan etdi
15:21 24 Noyabr 2020
Rus qadınla gizlin evləndi, anasının ölümünə səbəb oldu, otel otağında huşsuz tapıldı– Kinomuzun Əhmədinin faciəvi həyatı
14:42 24 Noyabr 2020