Ömər Xəyyam: “İntiharımı özüm təşkil etmişdim” - MÜSAHİBƏ

Ömər Xəyyam: “İntiharımı özüm təşkil etmişdim” - <span style="color:red;">MÜSAHİBƏ
23 fevral 2016
# 09:00

- Bizdə yeni yazanlar çox vaxt gec tanınır. Ancaq səndə belə olmadı. Bir də gördük Ömər Xəyyam deyə bir imza var. Necə oldu bu?

- Bilmirəm kimin sözüdür, sən demiş, bəlkə də elə özüm demişəm. Kimsə səni görməyəndə cəmiyyətdə, artıq sən özünü göstərməyə başlayırsan. Mən də statuslarımla özümü göstərməyə çalışırdım. Kütləvi olan hər şeyin əksinə çıxırdım. Toplum bir şeyi çox sevirdisə, məndə avtomatik ona qarşı etiraz hissi yaranırdı. Fərqi yoxdur, ən xırdadan tutmuş, qlobal məsələlərə qədər. Sonra bir hekayə yazdım, sosial problemləri qabartmışdım o hekayədə. Şərif Ağayara göndərdim, o da bəyəndi. Bəlkə də stimul olsun deyə elə dedi, bilmirəm. Sonra şeirlərim dərc olundu. Amma şeirlərin başını buraxıb keçdim nəsrə, daimi olaraq hekayələr yazdım, kitablar oxudum, filmlərə baxdım. O deyirlər e, kitabdangəlmə, həyatdangəlmə, mən oxuduqlarımın təsirindən yazmağa başlamışam. Yəni kitabdan gəlmişəm (gülür).

- Kütləvi olan hər şeyin əksinə çıxırdım deyirsən. Amma səni oxuyan bir kütlə də var...

- Tam səmimi deyirəm, mənim şeir yazmaqda məqsədim qız tovlamaq olub. Doğrudan da alınırdı, bəyənirdilər. Bu məndə necə yaranmışdı? Məktəb vaxtı xatirə dəftərinə şeir yazırdım. Oğlanlar sevdikləri qızlara göstərirdilər, onların da çox xoşuna gəlirdi. Özü də həmin qızları ələ keçirirdilər. Mənim isə sevgilim olmamışdı. Onlar da mənə həmişə bufetdə qonaqlıq verirdilər. “Bakkuş” falan alırdılar (gülür). Hiss eləyirdim ki, istedad var məndə. Sonra bu temanı gətirdim Facebooka. 2006-da qeydiyyatdan keçmişdim, onda yaşım az idi, 10-cu sinifdə oxuyurdum. Orda yadımdadır ki, bircə Kəramət Böyükçöl vardı, yazı-pozu adamlarından. Ən çox türklər idi, bircə Kəramət yadıma düşür bizimkilərdən. Hə, mən həmin şeirlərdən paylaşırdım, ən çox da bəyənən qızlar olurdu. Təbii ki, inboksda danışa bilmirdim, amma ora kimi gələ bilirdim. Təcrübəm yox idi, sonra yavaş-yavaş mobilləşdim. Sırf qız tutmaq üçün olub yəni. Ədəbiyyat naminə və ya nəsə başqa bir şeyə görə yox. Ədəbiyyat mənim üçün məqsəd yox, vasitə olub. Amma zaman-zaman ədəbiyyat artıq həyat tərzimə çevrildi.

- Facebook şairi demirdilər sənə?

- Deyirdilər, amma indi yox. O vaxt Facebookda paylaşdığım şeirlərimdən imtina etmişəm. Çünki o şeirlərdə başqa şairlərdən götürdüyüm misralar vardı. Həm yerli, həm xarici müəlliflərdən bir misra götürürdüm. Əsas da Çarlz Bukovski. Açıq-saçıq yazırdı deyə, xoşuma gəlirdi. Hə, bir misra götürürdüm, qalanını özümdən uydurub yazırdım. Bir növ azərbaycanlaşdırırdım. Bunu da təcrübəli adamlar görəndə deyirdilər ki, Facebook şairidir. Mən də indi baxanda bəzi şeirlərə görürəm ki, bu ədəbiyyat adamı deyil. Ədəbiyyat onun üçün sadəcə bayaq dediyim kimi, vasitədir. Özünü ifadə eləyirlər yəni. Bu sənət üçün yox, hansısa kütlənin xoşuna gəlmək üçündür.

- Hə, həm də o adamlar Facebookda qəbul olunurlar, tanınırlar. Ancaq ədəbi mühitdə belə bir imzadan heç kimin xəbəri yoxdur. Bu səncə, aldatmaq deyil?

- Əlbəttə, aldatmaqdır və təəssüf ki, adamlar buna aldanırlar. İnanırlar o şeirlərə. Amma bir şey deyim. Bizim ustad dediyimiz şairlər var ki, onları tərcümə eləsək başqa dillərə, tamamilə darmadağın olarlar. Ortada heç nə qalmaz və bizim onları Biləcəridən o tərəfə aparmağa üzümüz olmaz. Halbuki onları ədəbi mühit qəbul edib. Düzdü, başa düşürəm Facebook ədəbiyyat yeri deyil, status əsər deyil. Ancaq orda elə aktiv uşaqlar var ki, onları tanımırlar. Biz bəlkə də dəfələrlə kafelərdə, pablarda o uşaqları görmüşük. İntellektualdırlar, çox şeydən xəbərləri var, yazmaq qabiliyyəti olanlardır, ancaq onları ədəbi mühit qəbul etmir. Çünki biz də yeniliyi həzm edə bilmirlər.

- Amma sən də elə olmadı. Yəni ədəbi mühitdə də hardasa qəbul olundun. Çünki səni tanıyanda artıq imzanı tanınmış yazarlar mənə demişdilər...

- Şeirlərimi birinci dəfə Cəlil Cavanşirə oxumuşam, o da məni Qismətlə tanış elədi. Qismətə də oxudum şeirlərimi, dedi ki, yenidir, maraqlıdır. Demədi, yaxşıdır, sadəcə üzərində işləsən alınacaq dedi. Mən ilham pərisinə inanmırdım. Ağılla yazırdım. Tanınmağım necə oldu? Mənim şeirim çap olunurdu, paylaşırdım, reklama qoyurdum. Onda Facebookda çox aktiv idim, beş min dostum vardı. Hansısa yazıçı mənim qədər layk toplamırdı. Mən bir-bir yazımın linkini Facebook dostlarıma göndərirdim ki, oxuyun fikirlərinizi deyin. Tanıdığım, tanımadığım hamıya. Çilingərə, fəhləyə, dərziyə, yazıçıya, aktyora... Hətta bezdirirdim adamları. Mesajım görülməyəndə linki bir də göndərirdim. Buna görə də oxuma sayı çox olub. Baxırdım ki, bir tanınmış yazarın yazısı 200 dəfə oxunub, amma mənim mənasız bir köşəm yeddi min dəfə. İndi çox adam deyir ki, Ömər o vaxt bizə link göndərirdi, indi özünü yuxarıdan aparır. Mən elə düşünmürəm. Cem Yılmaz da, bütün tanınmış adamlar da öz piarını aparıb. Mən də öz piarımı aparırdım, əslində onları aldadırdım. İstəmirdim ki, onlar yazılarımı həqiqətən oxusun, sadəcə oxucu sayı çox görülsün deyə edirdim bunu. Ona görə ki, saytlar görsün bu çox oxunur. Bu mənə stimul verirdi. Amma bəlkə də ədəbi mühit təsdiq etməyib məni.

- Ömər Xəyyam deyəndə ilk yada düşən sən demiş, o rəhmətlik kişi olur. Bəlkə buna görə onun adını imza kimi götürmüsən?

- Həqiqətən ona görə götürməmişəm imzanı. Bir məclisdə Şərif Ağayara şeirlərimi oxudum bəyəndi, maraqlı olduğunu, çap edəcəyini dedi. İmzamı soruşanda, dedim, Ömər Xəyyam yazarsınız. Ona görə ki, istəyirdim adamlar bu imzanı görəndə sual versinlər. O rəhmətlik kişi ilə heç bir işim yoxdur yəni. İlahi şeirlər yazır o, mən isə tamam başqa. Google-da axtarış verəndə o rəhmətlik kişi yox, mənim şəkillərim çıxır. Bəlkə gələcəkdə onun rübailərini də mənim adıma çıxacaqlar (gülür).

- Ruhu inciyər axı...

- Niyə inciyir ki? Özü də mən ruha inanmıram ki.

- Bir də, Ömər, sənin haqqında intihar xəbəri getmişdi. O nə məsələ idi?

- Bu da piarımın bir hissəsi idi. Amma içimdəki fərqliliyi, enerjini hiss edirdim. Mütaliəm çox idi, filmlərə çox baxmışdım, ədəbiyyata sevgim güclü idi. Amma buna baxmayaraq, məni heç kim görmürdü, reaksiyalar yox idi. Ona görə nəsə fərqli bir şey eləmək istəyirdim. O zaman nə olsa edərdim. Təki məni görsünlər. Bu özünə sevgidir. Əslində insanların Allaha sevgisi də cənnətə gedib-getməmək üzərində qurulub. İnsan nə edirsə, özünə sevgidən edir. Bu yaşamaqdır. Mən də özümü göstərmək üçün bu yola əl atdım. Evdə oturmuşdum, sıxılırdım. Facebookda yazdım ki, özünü asan adam sizə yuxarıdan aşağı baxır. Bu da Aqşin Yeniseyin misrası idi. Arxasınca yazmışdım ki, öldüyümü ona deməyin, məni atın dənizlərə. İntiharımı özüm təşkil etmişdim. Bir qız dostum da bu işdə mənə kömək edirdi. Dedim ki, mən bu statusu yazıb Facebookdan gedirəm. Kompüteri, telefonu söndürdüm. Hamı girib yazıb, zəng edən, ciddiyə alan. Məni də tapa bilmirlər. Hətta bir xəbərdə yazmışdılar ki, məni Topçubaşovda yatızdırıblar. Bunu da mənim ailəm xəbər verib guya (gülür). Halbuki heç ailəmin xəbəri yox idi. Anam biləndə həqiqətən çox pis olmuşdu. Mən kirayədə qalırdım, gəlib baxıblar ki, evdə yoxam. Mənə kömək eləyən qız dostum da girib rəylərə cavab yazırdı: mən yoldayam, çatıram indi filan. Vəziyyəti daha da dramatikləşdirmək üçün. Ondan sonra mənə reaksiyalar oldu. Bütün saytlarda demək olar, xəbər getmişdi: “Gənc şair intihara cəhd etdi”. Onda durğunluq idi, heç bir hadisə baş verməmişdi ölkədə. Elə bir vaxtda elədim ki, xəbər bomba kimi partladı. Üç-dörd gündən sonra Facebooka açıb bunu nəyə görə etdiyimi izah edən bir status yazdım. Məni təhqir etdilər, atamı, anamı söydülər. Ancaq mən bunları gözə almışdım. Bu qara piar idi, düşünülmüş şəkildə edilmiş bir şey idi.

- İndi ona görə peşmansan, Ömər?

- Yox, heç peşman deyiləm. Ümumiyyətlə, elədiyim heç nəyə görə peşman deyiləm.

- Dedin ki, anan narahat oldu, ona görə deyirəm...

- Təbii ki, anam çox narahat olmuşdu. Ancaq onda hər şey yaxşı idi. Mənim pulum da vardı, hər şeyim də. Heç bir istəyim yox idi. Sadəcə istəyirdim insanlar mənə reaksiya versin. Deyirdim ki, içimdə faydalı bir adam var, onu üzə çıxarmaq lazımdır.

- Sən musiqi təhsili almısan həm də...

- Hə, Asəf Zeynallıda oxumuşam. Klassik estrada təhsili aldım orda. Musiqi həvəsim əvvəldən olub, uşaqlıqdan. Muğama, aşıq havalarını çox bəyənirdim, indi də elədir. Özüm üçün evdə oxuyurdum da. Sonra İsmayıllıda Mədəni Maarif məktəbinə qəbul olunmuşdum, evdə də bilmirdilər. Konsertlərdə iştirak edirdim. Mənim atam müğənnilərə “mürtəd” deyirdi. Bəyənmirdi onları, deyirdi kişi xeylağı nədir, əlində mikrofon oxumaq nədir. Artistlərə, artistlik eləyənə pis baxırdı. Ona görə də mən gizlin gedirdim. Bircə anam bilirdi, o mənə dəstək olurdu. Sonra müsabiqə olmuşdu, orda birinci yerə çıxmışdım, fəxri fərmanı evdə gizlətmişdim ki, atam görməsin. Zaman keçəndən sonra atam bunu öyrəndi, bir dəfə mənə dedi ki, oxu görüm bir. Mən də oxudum, xoşuna gəldi. Sonra toylarda oxumağa başladım. Bir nəfər vardı, məni həm öyrədirdi, həm də toylara aparırdı. Pul verirdilər, mən də şirniklənirdim. Onda 9-da oxuyurdum. İsmayıllının kəndlərində məni müğənni kimi tanıyırdılar artıq. Kütlənin xoşuna gəlmək üçün “Can cana” mahnısını da oxumuşam, ən banalını da. Ondan sonra zaman-zaman iyrənməyə başladım.

- Niyə davam eləmədin mahnı oxumağa? Bəlkə böyük sənətkar ola bilərdin?

- İsmayıllıda bir toyda idim. Mən də balaca uşaq, qalstuk boğazımda mahnı oxuyuram. O vaxtın müğənniləri kimi saçıma jele vururdular (gülür). Bir adam məndən mahnı istədi, oxuyanda cibindən beş manat çıxardıb dili ilə yaladı, sonra da alnıma yapışdırdı. Mən kənd uşağı olmuşam, yayda-qışda qoyun otaran, dağlarda yaşayan biri. O qədər də mədəniyyət, davranış qaydalarını bilmirdim. Amma bu hərəkət mənə qaba gəldi. Mən ona söydüm, o da mənə. Mikrofonu başına vurdum, o da mənə yumruq atdı. Belə şeylər çox oldu. Məsələn, oxuduğum yerdə biri gəlib deyirdi ki, sən bacıma baxırsan. Bir də ki, oynayan adamlar mən heç cürə başa düşməmişəm. Bir insan niyə oynasın toyda? “Xala qızı” mahnısı verilir, tamada da deyir, xala qızı gəlsin oynasın. Bu nə qafadır belə? Fikir vermişəm, qızlar yemək yeyirdi, ağızlarında gəvələyə-gəvələyə durub oynayırdılar. Nə vadar edir axı? O dönəmlər kitablar oxumuşdum, ona görə bu cür şeylərdən iyrənirdim.

- Bir də sənin əsgərlik haqqında statuslarını oxumuşdum. Hiss olunurdu, xeyli sarsıntı yaşamısan.

- Ümumiyyətlə, mən ilk travmamı atam öləndən sonra yaşadım. Ondan sonra keçirdiyim ən böyük çətinlik əsgərlikdə olub. Dəhşətli travmalar almışam. Fiziki deyil, mənəvi travmalardır bunlar. Orda məni heç kim döymürdü, mən heç kimi döyməmişdim. Qorxu hissimi əsgərlikdə yenmişəm. Bu hissi itirən adam artıq heyvaniləşir. Bu dəqiqə mənə zəng gəlsə ki, kimsə ölüb, mən çox rahat qarşılayaram. 2001-ci ildən bu yana heç ağlamamışam. Ağlamaq hissimi itirmişəm. Bu hissi bir az da möhkəmlədən əsgərlik oldu. Çox qəddarlaşdım, yazığı gəlmək, humanizm hissi məndə yoxa çıxdı. Ermənilərin ağzı içində, üstündə silah-sursat, bronjlet, başında dəbilqə, o baş bu başa gedirsən. Dumanlı hava, uzaqdan it səsi gəlir. On metr o tərəfdə erməni var. Yeriyirdim, qorxurdum geri çönməkdən ki, birdən erməni görərəm. Bu əvvəllər belə idi. Qorxunun üstünə getdikcə yavaş-yavaş alışdım və oldum manqa komandiri.

- Hətta ondan sonra da hərbi işdə olmusan.

- Mən aşırı vətənpərvər olmuşam. Ramil Səfərov tutulanda, məktəb vaxtı divar qəzetinə yazmışdım onun haqqında. Buna görə danlanmışdım məktəbdə. İsmayıllının bir kəndindən danışıram sənə. Evə Çe Gevaranın şəkillərini yapışdırmışdım. Əzilən insanlar həmişə qəhrəman obrazı uydururlar axı. Mən də xilaskar, cəngavər olmaq istəyirdim. Silaha böyük marağım var, indi də elədir. Harda bu haqda məlumat görsəm oxuyuram. Müharibə filmlərinə baxmaq, silahlar mənim hobbimdir deyə bilərik. Bu da Dostoyevskini oxuyandan sonra yarandı məndə... Daxili Qoşunlar o vaxt müddətdən artıq hərbi xidmət qulluqçularının vakansiya yerləri ilə bağlı elan vermişdi. Mən də müraciət elədim, idmandan keçdim və qəbul olundum. Xüsusi vasitələrin tətbiqi bölümündə idim. Əsgərlikdə istiqlal manqa komandiri idim. Orda da məni manqa komandiri qoydular. İsmayıllı hadisələri oldu onda. Hamımızı yığıb gətirdilər İsmayıllıya. Dəbilqə vardı başımızda. Mən adamları görürdüm, ancaq onlar bizi görə bilmirdilər. Dəbilqənin arxasından görürdüm ki, bu mənim sinif yoldaşımdır, əmim oğludur. Ondan sonra getdim ərizəmi yazdım ki, mən bu işdə işləyə bilmərəm. Sonra maraqlı bir şey oldu. Bir xeyli vaxt keçəndən sonra İsmayıllıya gəldim. Uşaqlar mənim hərbi xidmətdə işlədiyimi bilmirdilər. Hətta bu barədə hekayədə yazmışdım, sonra cırıb atdım. O zamanlar artıq şeir yazmağa başlamışdım

- Deyə bilərik ki, ədəbiyyat xilas elədi səni?

- Aşıq havaları, muğamlar, bir də ədəbiyyat olmasaydı, mən yüz faiz hansısa zindanda çürüyürdüm. Bəlkə də ölüb getmişdim. Xilasım ədəbiyyatda oldu daha çox. Buna görə atama minnətdaram. Gözümü açandan evimizdə kitablar, atamı oxuyan görmüşəm. Özü də atam məni döyə-döyə oxutdururdu. Mənim uşaq vaxtı oyuncağım olmayıb heç. Ümumiyyətlə, oyuncaq nədir bilməmişəm. Uşaqlığım çox pis keçib. Oyuncağı kitabla əvəzləyib atam. Çox tez böyüdüm ona görə.

- Bəlkə də elə atan gətirib səni ədəbiyyata...

- Hə. O xatirələr, travmalar gətirib məni ədəbiyyata. Travması olmayan heç vaxt yaza bilmir. Mümkün deyil xoşbəxt adam yazsın. Heç vaxt da olmayacaq. Yəni içinə travmalardan yaranan enerji dolur, sən də onu göstərməyə çalışırsan ki, bunu görün. Mən ilk şeirimi atama yazmışam. Qapımızı bir adam döymüşdü, atamın ona borcu vardı. Gördüm ki, həmin adam atamın üstünə acıqlanır, deyir, sən necə kişisən, mənim pulumu vermədin filan. Atam çox cüssəli kişiydi, amma onun yanında necə əzildiyini gördüm. Beli büküldü, sifətində qəribə mimikalar yarandı. Uşaqlarda var axı; mənim atam güclüdür, hamını döyər. O hiss artıq mənim gözümdə öldü. Bir anlıq atama nifrət elədim orda. Kiçildi gözümdə, ilk dəfə orda öldü mənim üçün. Sonra fiziki mənada qollarımda öldü. Amma o mənəvi ölümünü görəndən sonra atama heç vaxt güvənmədim. Təbii ki, orda atam haqlıydı, bunu sonralar bildim. Onda uşaqdım, bəlkə indi kimsə məndən borcunu istəsə, mən də o vəziyyətə düşərdim. Uşaq idim, atamı böyük görmək istəyirdim. Hə, onda “Ata” şeiri yazdım, indi yadımda deyil, amma dəftərimdə durur. Sonra əmimə göstərdim, dedi, yaxşıdı, mən də onun sözündən sonra qaza gəldim. Ancaq o hadisədən dəhşətli dərəcə də travma aldım.

- Travma dedin, Ömər. Ancaq bu yaxında sənin “Sayrışan hallar” kitabın çıxıb. Tamam başqa dünyadır, bizim həyatımız deyil yazdıqların. Niyə bu travmalarından yazmadın ki?

- Mən demirəm, dəhşətli bir adamam. Normal, tipik bir azərbaycanlıyam. Sadəcə ailəmizin kasıblıq dövrünə düşmüş biriyəm. İflas dövründə ailənin sonuncu övladı kimi dünyaya gəlmişəm. Mənim yerimə başqası olsaydı, bu olanları mütləq ədəbiyyata gətirərdi. Ancaq mən bunu ədəbiyyat saymıram. Travmalar olanda mən zəif idim, indi isə onlara primitiv baxıram. İnsanın atasının, anasının ölməyi, sevgilisindən ayrılmağı mənim üçün bəsit şeylərdir. Məsələn, fındıq ağacından at düzəltmişdik uşaqlıqda, bütün uşaqlar onu çapırdı. Torpağa basdırmışdım o “atı”. Bakıya getdim, qayıdandan sonra gördüm ki, onun üstü çiçəkləyib. Bundan bağlı bir hekayə yazmışdım, xatirə hekayəsi. Sonra baxıb xeyli güldüm ki, hə da, nə var burda. Heç nə yoxdur. Amma inanıram ki, bunu Şərifə versək bəyənərdi.

- Təkcə xatirəyə görə demirəm. O hekayələr yaddır, sanki xarici müəllifdən tərcüməyə oxşayır. Balaca kitabdır, ancaq adam oxuyanda tez sıxılır.

- Ola bilsin, dil problemi də var. Mənim dilim o qədər püxtələşməyib ki, sən onu bir nəfəsə oxuyasan. Təbii ki, orda problemlər var. Həm də redaktə olunmayıb. Bu mənim yazmaq istədiyim hekayələr deyil. Bunlar qələm məşqləridir. Bəlkə beş ildən sonra imtina edəcəyəm o kitabdan, bəlkə orda ilişib qalacam, bəlkə də lap zəif yazacağam, bilmirəm. Hər halda inkişaf etmək istəyirəm, o hekayələrdə ilişib qalmaq yox, daha da irəli getmək istəyirəm. “Sayrışan hallar” kitabındakı hekayələr hamısı bir-birinin ardıdır. Ka adı da, yer də uydurduğum yerdir. Qəhrəmanın yaşadığı deyil, yaşamaq istədiyi, arzuladığı həyatdan, istəmədən düşdüyü əhvalatlardan yazmışam. Məndə “panik atak” olur, yuxularımda, ya belə real həyatda Morglanda gedirəm, başqa dünyalarda yaşayıram. Buna görə dərmanlar qəbul edirəm hətta. Dəfələrlə həkim yanına getmişəm. Məndə komplusiv pozuntu halı var, dəqiq bilirəm. Bu mənim diaqonuzumdur. Həkim psixologiyamın pozulduğunu deyirdi. Yəni “Sayrışan hallar”dakı qəhrəman mən özüməm.

- O hadisələri, keçirdiyin hisləri Bakıya gətirə bilərsən əslində...

- Əlbəttə. Sadəcə burda Morgland, Bakı söhbəti deyil. Əslində ölü yerdən yazıram. Ona görə də bunun Bakı ilə də əlaqəsi var. Mən orda xarici adları ona görə qoymuram ki, dünyaya çıxacağımı düşünürəm. Dəfələrlə buna görə irad bildiriblər, hətta məzələniblər mənimlə. O qədər də saf deyiləm axı, məqsədim o olmayıb. Orda Ka obrazı yaratmaqla Kafka olmuram mən. Sadəcə o hisləri yaşayan adamın adı Samir, Əhməd ola bilməz. Mütləq o hissi yaşayan adamın uydurma adı olmalıdır. Çünki əslində o heç adam deyil, vücud deyil, haldır.

- Bəs indi nə yazırsan?

- Telefondan hamilə qalan qız haqqında uzun hekayə yazıram. Fərqli, bir az detektiv hekayə kimi olacaq.

# 1857 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #