news-inner
clock12:59 calendar-gray 10 Fevral 2016 view-gray228 dəfə oxunub
view-gray228 dəfə oxunub

Qar yağsa şaxta olmayacaq - Qorxmaz Şıxalıoğlunun yeni hekayəsi

Kulis Qorxmaz Şıxalıoğlunun “Qış” hekayəsini təqdim edir.

Anamın səsinə oyandım. Yarıyuxulu olduğumdan, sözünü tuta bilmədim.

Bacı-qardaşlarım şirin-şirin yatırdı. Bircə yanan odunun çırtıltısı eşidilirdi. Ev soyuq idi, peçi təzəcə qalamışdılar. Yenə anamın səsi gəldi:

- Bu havada yazıq Dəli necə gəlsin, nəynən gəlsin?

Evin baş tərəfindəki iri pəncərəyə baxanda, az qala, ürəyim düşdü: çöl ağappaq qar idi. Deyəsən, anam eyvanın sürahisindən içəri vuran qarı süpürürdü.

Atam qonşu Kürd Eldarbəylidə məktəb direktoru işləyir. Hər şənbə günortaüstü gələr, bazar ertəsi tezdən gedərdi. Ayda-ildə bəxtinə maşın çıxdı heç, çıxmadısa, iki kənd arasındakı on beş kilometrlik yolu, anam demişkən, piyada ölçərdi.

Atam üç gün əvvəl maaşını almalıydı. Onu daha çox pula görə gözləyirdik- anamla bazara getməliydilər. Dünəndən anama yalvarırdım ki, atam məni də bazara aparsın. Hər dəfə də, “Qoy hələ bir özü gəlib çıxsın” deyən anamın soyuq cavabından ağlım bir şey kəsməsə də, ümidimi də üzməmişdim.

- Kürd Eldarbəyli bura deyil, ora deyil, piyada iki saatlıq yoldu, -anamın səsində bir çarəsizlik vardı, - yox, bu gün Dəli çətin gələr, - anam öz-özünə danışırdı.

Kənddə heç bir arvad ərini adı ilə çağırmır. Bu, ayıb sayılır. Ona görə, hərə uşaqlarının atasına bir ad verir.

Böyük qardaşım Aydın Moskvada əsgərlik çəkir. Atam da çox vaxt qonşu Kürd- Eldarbəylidə olur. Evdə bacım Əzizə ikinci, mən isə, üçüncü uşaq idim. Ona görə, həyət-baca işlərində anamdan sonra, ağırlıq mənim boynuma düşürdü, yəni yaş sarıdan işə, gücə yararlı hesab olunurdum.

Gecə anam, - səhər bazara getməliyik,-dedi, -Ayaz bir həftədir semiçka halvası üçün ölür. Evdə bir dənə kartof-soğan da yoxdu.

Bizim kənd – yaxın olduğu üçün - bazarlığa, qonşu Göyçay şəhərinə gedir.

Banında qadın-kişi, qoca-cavan, qoyun-keçi, bir tərəfdə də, arpa, buğda torbalarının bir-birinə qarışdığı böyük "ZİL" hər bazar, səhər tezdən kənddən çıxar, uzağı, bir saata bazarda olardı. Maşının sürücüsü Telman göygöz, sarıyanız bir adamdır, Göyçayda, hansısa idarədə işləyir. Hər beşinci günü – axşam, ya da lap gecəyarısı olsun- mütləq özünü kəndə çatdırmalıydı.

- Evdə bircə manatımız var. Yaxşı, bu, bir adamın pulu, bəs ikincisi? –anamın səsinin dərinliyində bir titrəyiş vardı, - indi durub xalqın içində ağlayaq ki, yolpulumuz yoxdu?

Bazara gedib-qayıtmağa, Telman adambaşına bir manat alır.

Odun peçinin üstündə qızdırılan acıtma çörəyə şor sürtüb yeyən uşaqların gözü anamın ağzında idi. Çörək boğazlarından zorla keçirdi. Hamı qorxurdu ki, anam bazarın üstündən xətt çəksin. Ona görə də, başqa vaxt “Çörəyi nəylə yeyim?” deyib, özlərini öldürən uşaqların səsi çıxmırdı. Evə bir sükut çökmüşdü. Birdən anam üzünü mənə tutub amiranə səslə:

- Maşın səhər saat yeddidə yola düşür. Biz bir saat əvvəl, bacarsaq, lap tez çıxmalıyıq, - dedi, -çünki o vaxt qaranlıq olur, heç kim bizi görməz. Özü də, Ortaca tərəfdən düşərik, yolla getsək, arxadan maşın gəlib bizə çatacaq.

Bayaqdan çörəyi ölüm-zülüm yeyən uşaqların çöhrəsi işıqlandı. Hamı danışmağa, zarafatlaşmağa başladı.

Anamın tapşırığı ilə axşamdan sarı hinduşka xoruzunun ayaqlarını bağlayıb, tövlənin baş tərəfindəki bağlı quruluğa atmışdım. Mənim işim yaxşı idi: uzunboğaz, rezin çəkmələrim vardı. Nənəmin ikiqat yun ipdən toxuduğu dəvəni rəngdə (“dəvəni”- açıq-qəhvəyi rəngə deyirlər) qalın corabları da geyəndə, soyuq eynimə gəlmirdi. Anamın isə ayaqqabı adına bir cüt qaloşu vardı.

Evdə bir bayram ovqatı hökm sürürdü. Uşaqlar bayaqdan, mən hinduşkanı tutandan duyuq düşmüşdülər. Balaca Ayaz anamın yanından əl çəkmirdi: "Can ana, birdən halva yadından çıxar haa.." Uşaqlar semiçka halvasını pendir kimi əzib, sac çörəklə dürmək düzəldib yeyirdilər...

Yazda kəndimizdə göy-göyərti əlindən tərpənmək olmur. Quzeylərdə, Yuxarı Meşənin ətrafında əvəlik, cincilim, yemlik, turşəng, dağ keşnişi o qədər çox olur ki, istəsən, lap dəryaz götür, çal. Elə ki, yay gəldi, hər yan quruyur, ona görə, çox vaxt tərəvəzi Göyçaydan alıb gətiririk. Yerimiz dəmyə olduğu üçün bizdə meyvə də çətin bitir.

Alça çıxandan, heyva, nar qurtarana kimi, Göyçay tərəfin adamlarını bizim küçələrdə mer-meyvə satan görərdin. Çox vaxt da meyvəni arpa-buğdaya dəyişirlər. Bizdə elə adam yoxdu ki, Göyçayın, bizə qonşu Bığır, Qarabaqqal, Çayarxı, Qarayazı kəndlərindən bir dədə-baba qonağı olmasın. Qonaq, evin əziz adamı sayılır. Qocalar deyir ki, bu get-gəlin, doğmalığın binasını qoyan, daha çox müharibə illərinin aclığı olub...

Həyətdən qaranlıqda çıxdıq. Çətini kəndin qabağındakı uzun dikdiri qalxmaq idi. Sonra düz, poçt yoluna kimi (şose yola bütün kənd belə deyir), üzüaşağı gedirdin. Dikdirin başından şoseyə qədər altı kilometrlik yol var.

Tələsirdik. Arada çevrilib kəndə baxdım. Tək-tük evlərdə işıqlar yanırdı. Bunlar bazara gedənlər idi, təzə-təzə yuxudan oyanırdılar. Ara-sıra xoruz banı və mal-qara səsi də gəlirdi. Narahat olmağa başladım. Anam bunu o dəqiqə sezdi:

- Addımını yeyinlət!

Çəkmədə olduğum üçün mən qabağa düşmüşdüm, ayağı qaloşlu anama yol açırdım. Dikdirin başına qar daha qalın düşmüşdü. Mən yoldan ayrılan cığırın yerini gözüyumulu bilirdim, çünki, bura o qədər qoyun-quzu otarmağa, uşaqlarla cır nar yığmağa gəlmişdim ki...

Dikdirdən Göyçaya sarı düşən torpaq yolun hər iki tərəfi dərin dərə və sıldırımlardı. Sağ-Ortaca, sol isə Tarxança adlanır. Qarağac, arçan, ardıc, saqqız, cır nar, sumax ağacı və qaratikan kolları ilə dolu bu gədiklər, təpələr, yallar, aşırımlar, sellərin açdığı çaylaqlar, qayalı-qapçaqlı eniş-yoxuşlar böyüklərin ovlaq yeridi. Bura canavar, tülkü, dovşan, kəklik, alabaxta ovuna gəlirlər.

Qaranlıq çəkilməsə də, sübhün nəfəsi duyulmaqda idi. Bir azdan dərələr, təpələr şirin yuxudan ayılacaqdı. Bağlı ayaqlarından tutub, başıaşağı sallanan hinduşkanı növbə ilə aparırdıq. Arada anam canıyananlıqla: -“Yoruldunsa, ver mənə” –desə də, hinduşkanı, gah sol, gah da sağ əlimə ötürüb, vaxtı uzatmaq istəyirdim. Onda, anam məndən xəbərsiz: -“Qolların qırıldı ki,”-deyib, hinduşkanın ayaqlarından yapışıb, onu əlimdən götürürdü.

Narlı Dərənin tuşuna çataçatda, dikdirin kəlləsindən "ZİL"-in nəriltisi gəldi. Özümüzü elə aparırdıq ki, guya, bu səsi eşitmirik. Əslində, bu səs qulağımızın içində guruldayırdı və hər ikimizə əzab verirdi. “ZİL”in səsi tuşumuza çatmaqda idi. Günahkar adamlar kimi susurduq. On dəqiqədən sonra “ZİL” bizi keçdi, sanki üstümüzdən bir dağ götürüldü. Maşının səsi uzaqlaşan kimi, anam soruşdu:

- Tərləməmisən?

- Yox, - dedim. -Anam da bilirdi ki, su içindəyəm. Əynimdəki üstü nazik, ağ zolaqlı, yerliyi qara pambıqlının (sırıqlı) düymələrini bayaqdan açmışdım.

- Pambıqlının yaxasını bağla, tərləmisən, sətəlcəm olarsan, - anamın səsi çox isti idi.

Kəndimizdən Göyçaya on beş kilometr yol var. İsmayıllıya, Göyçayın bir çox kəndlərinə gedən avtobuslar şosedən biz tərəfə ayrılan yolun ağzından keçirlər. 20 qəpiyə, elə bu avtobuslarla gəlib, kənd yolunda düşürük. Bax, zülm bundan sonra başlayır: saatlarla gözləsək də, maşın olmur. Və məcbur olub, bu yolu piyada gedirik.

- Bəlkə, bir az dayanıb nəfəs alaq?- dedim.

- Yox-yox, dayansaq, soyuqlayarıq, - anam sözümü ağzımda qoydu. Sonra da, o, yorğunluğumuzu yaddan çıxartmaq, daha çox da mənim başımı qatmaq üçün söhbətə başladı:

- Müharibə vaxtı, ondan sonrakı illər də Göyçay tərəfdən bizə taxıl üçün gələrdilər. Meyvə ilə qarın doymur axı, adam çörək istəyir. Arpa, buğda, darı olsun, əl boyda cadı olsun, axırı çörək olsun. Nə qədər imkan var, camaatımız əl tuturdu onlara. Amma, bala, sağ olsunlar, bizim o yaxşılığımızı bu adamlar unutmur. Keçən ay atan məni Göyçaya, xəstəxanaya aparmışdı. Orda bir cavan həkim gördük. Biləndə ki, Mollaisaqlıdanıq, az qala, daha özünü öldürsün. Nə hörmət eləmədi bizə? Bığırdan idi. Dedi ki, aclıq illərində sizin kənd bizə çörək verib, atam hamısını danışıb mənə.

Yeri düşəndə, anam bu aclıq illərini yada salar və o ağır günlərdən həvəslə söz açardı. Belədə, ayda-ildə bir kəlmə kəsməyən, uzunçuluğu sevməyən atam da, qəribədir ki, biz uşaqlara qoşulub, sakitcə anama qulaq asardı. Anam hər dəfə bu söhbətə qayıdanda, onun səsində gizli bir nigarançılıq duyardım. Elə bil, o, bütün bunları unudacağımızdan qorxurdu. Atamın da bu söhbətə diqqət kəsilməyi anamın fikrinə şərik olduğundan xəbər verirdi.

Yolun daraldığı Yelli Gədikdə dayandıq. Asfalta təxminən iki kilometr qalırdı.

- Şükür Allaha! – anamın səsində bir arxayınçılıq vardı, - bir azdan çatırıq,- dedi.

- Tofiq dayı bizi burda haqladı, - şoseyə yaxınlaşmağımız məni həvəsə gətirmişdi.

- Onu bir dəfə danışmışdın, ancaq yadımdan çıxıb. Danış, danış, gördüm ki, söhbətə başlamağım anamın ürəyincədi.

- Yadındadır, - dedim, - yeddi ay əvvəl məni qonşu Ənvərlə bazara göndərmişdiz. Bazarlıq eləyib, gəlib düşdük Bığır başında. Düz iki saat gözlədik, bir dənə maşın gəlmədi. Ənvər dedi ki, bayaqdan getsəydik, indi evdə oturub çay içirdik. Dolu heybələr çiynimizdə, tərpəndik kəndə tərəf. May ayı idi. Hər yan yamyaşıl, yaxşı da Gün çıxmışdı. Yelli Gədiyə çatar-çatmaz, arxadan maşın səsi gəldi. Çox sevindik. Sarı bir “Moskviç” idi, Günün işığında parıldayırdı. Kənd yolu hara, belə maşın hara? Bizə çatanda, dayandı. Qapı açılar-açılmaz, doğma bir səs eşitdim: “A Şıxalının oğlu, nə yaman gedirsən?” Gördüm, Tofiq dayı.

Birdən anam əlimdəki hinduşkanı çəkib götürdü, - gedək, Tofiq söhbətini sənə yolda danışacam,- deyib, məni tələsdirdi.

Əslində, mənim danışmağım anama ona görə lazım idi ki, oğlunun ovqatı bir az xoş olsun. Vəssalam. İndilikdə isə onu düşündürən yalnız bazar idi. Daha heç nə. Yoxsa, o mənim bu söhbətimi nöqtə - vergülünə kimi bilirdi, əlli dəfə danışmışdım.

Tofiq dayı ilə Yelli Gədikdə rastlaşdığımız o gün, min il keçsə də, yadımdan çıxmaz. Demə, o gün bizə gedirmiş. Onda, Tofiq dayı dikdirin başında – kənd burdan əl içi kimi görünür- maşını saxladıb, yerə düşdü, məni sürücünün yanında oturdub, özü arxaya keçdi. O may günü maşınımız dikdirdən kəndə düşənə kimi, ürəyimdə Allaha yalvarırdım ki, bizim Orta küçədə adam çox olsun. İstəyirdim bütün camaat həyət qapılarının ağzına çıxsın. Xatirimdədir, kəndə girəndə, qolumu “Moskviç”in pəncərəsindən çölə çıxarmışdım, özüm də düz qabağa baxırdım, bir dəfə də başımı yana çevirmədim...

Beş-on addım atmamış, arxadan anamın səsi gəldi:

- Aclığın tüğyan elədiyi günlərin birində, gördüm- bu olardı 47-ci il - darvaza açıldı. Atan, yanında da on altı- on yeddi yaşlı qara bir oğlan, girdilər həyətə. Qabaqda da, üstündə dolu xurcunlu bir uzunqulaq. Tez bunlara çay-çörək hazırladım. Nə isə, xurcunu elə gələn kimi düşürtmüşdülər. İçi, dolu heyva, nar idi. Bir azdan atan onu yola saldı; uzunqulağı da qabağına qatıb, çıxıb getdi. Gedəndən sonra atan dedi ki, bu oğlan Göyçayın Qarabaqqal kəndindəndir, səhərdən küçələrdədir, bir dənə də olsun, heyva, nar sata bilməyib, özü də acdır. Ona görə, gətirdim evə. Elə həmin gün də, atan ərki çatan qohum- qonşulara, istədi-istəmədi, bütün o heyvanı, o narı payladı. Biri arpa, biri darı, biri un gətirdi. Nə vardı, yığdıq xurcuna. Düz həftənin tamamında-atan ona demişdi-bu qara oğlan gəldi. Bu, kim ola, kim ola, bax, bizim indiki bu Tofiq. Bala, o Tofiq, bu Tofiq. Elə o gündən indiyə kimi atanla oldu qardaş. İşə bax, nə atanızın qardaşı var, nə də Tofiqin. Dedilər, elə Allah bizi yaxşı tapışdırıb.

Anam birdən söhbətinə ara verdi:

- Ora bax,- əliylə yolun solundakı böyük qaratikan kolunu göstərdi, - yazıq qaratoyuğun ayaqları donub, -dedi, -gedə bilmir, yıxılır.

Bizim tərəflərdə ləng tərpənişli adama “filankəs lampaxdı”-deyirlər. Qaratoyuq da sərçəyə, sığırçına baxanda, ölə-ölə uçur, yəni lampax quşdu. Əldən cəld uşaqlar onu daşla da vura bilir. Ona görə, mənim qaratoyuqdan elə də xoşum gəlmir.

- O, acdı. Onu soyuq yox, aclıq əldən salıb, - anamın səsindəki təəssüfün soyuğu qarın soyuğundan çox idi.

Qaratoyuq yıxıla-dura qaratikan kolunun arxasında gözdən itdi. Anam yarımçıq qalan söhbətinə qayıtdı:

- Sonra yavaş-yavaş aclıq illəri arxada qaldı. Tofiq yaxşı işə keçdi, varlandı. Amma heç vaxt bizi yaddan çıxartmadı. Düyü demir, vermeşel-makaron demir, pesok demir... həmişə əl tutur bizə. Evlərinə gedəndə də, hesab elə, toy-bayram eləyirlər. Uşaqları da bizə çox yapışır.

Yelli Gədik arxada qalmışdı. Hər yan ağappaq idi. Asfalt yol uzaqdan qara zolaq kimi görünürdü. Bakı tərəfdən çox sürətlə iri bir yük maşını gəlirdi.

Hava xeyli açılsa da, göyün üzü boz-bulanıq bulud idi. Anam tez əlimdəki hinduşkanı götürüb, ayağı ilə qardan təmizlədiyi balaca bir yerə qoydu. Sonra əllərimi ovcuna alıb, ağzına yaxınlaşdırdı.

- Taxtaya dönüb ki, -nəfəsi ilə barmaqlarımı hovxurmağa başladı. Tez əllərimi çəkdim:

- Dayan görüm, neynirsən? –deyib, ondan aralandım. Lovğa-lovğa əllərimi qarla ovuşdurmağa başladım. Qar dolmuş qaloşlarını təmizləyən anam birdən dayandı, sonra tez-tələsik qalın, mixəyi şalının ucundakı düyünü açıb, dörd qatlanmış sarı manatlığı mənə uzatdı:

- Bazara kimi adamın biri iyirmi qəpikdi.

Uzaqdan gələn avtobusu anam məndən tez görmüşdü.

Şəhərdə qar yox idi.

Qış günü olsa da, bazar qaynayırdı. Arpa-buğda satanların yaxınlığında özümüzə bir künc tapdıq. Ətrafımızda iyirmiyə yaxın qadın –kişi - yanlarında on-on iki yaşlı uşaqları olanları da vardı – hinduşka, toyuq satırdılar. Çoxu da nimdaş paltarda idi. Soyuqdan büzüşən uşaqlara yazığım gəlirdi. Nədənsə, ürəyimə dammışdı ki, hinduşkanı alan olmayacaq. Ancaq tez də bu fikri başımdan qovmağa çalışdım: “Elə şey olar? Hinduşka mütləq satılmalıdır. İkinci yol yoxdu. Satılmasa, biz neynərik?”. Yenə də balaca Ayaz gəldi gözümün qabağına. “Bəs qayıtmağımız?” Məni bu çək-çevirdən qara, xəz paltolu bir qadının səsi qurtardı:

- Mənə bax, -kinayəli baxışlarla bizi başdan-ayağa süzüb, üzünü anama sarı tutdu. Sonra parıldayan qırmızı, dəri çəkməsinin ucu ilə hinduşkanın çinədanından vurdu. Yazıq heyvan qanadlarını çırpıb quqquldadı.

- Neçəyədi? - səsi çox acı idi, həm də, elə bil, o, bizdən çiyrənirdi:

- On manat, - tez dilləndim. Qadın yenə əvvəlki acı səslə boğazını arıtlaya-arıtlaya, - səndən soruşmuram, - dedi.

- Uşağa mən demişəm o qiyməti, on manata satırıq, - anam mehriban-mehriban qadının üzünə baxdı.

- Yox, bir əlli manata.

Qadının bu acıqlı sözləri anamın tövrünü pozmadı:

- Ay bacı, bazarda on manatdan aşağı hinduşka yoxdu, Vallah, baha satmırıq.

- Gəl, altı manat verim, baxıram, ikiniz də soyuqdan donursuz,- deyəsən, “ölürsüz” demək istədi, son anda sözünü çevirdi. Onun səsi bir az yumşalmışdı.

- Səkkiz ver, apar, - anam zorla gülümsündü. Qadın nazlana-nazlana dabanı üstə dönüb, bizdən aralandı. Mənə elə gəldi ki, onun hinduşka almaq fikri yoxdu, elə-belə bizi danışdırır. Bəlkə də, bazara başqa şey üçün gəlibmiş, soyuqdan büzüşdüyümüzü görüb, hinduşkanı yarı qiymətə almaq istəyir.

Mən səhərdən beynimdə sarı hinduşkanı səkkiz manata satıb, bazarlıq da eləmişdim: deməli, səksən qəpiyə bir kilo semiçka halvası, otuz qəpikdən on kilo kartof-soğan, altmış qəpiyə iki kilo alma, əlli qəpiyə beşkiloluq bir kələm, on qəpik də kuloka... bu eləyir beş manat”. Üç manatdan da birini yola verməliydik. Və yerdə qalırdı iki manat. Bax, məni bu iki manat düşündürürdü. Görən, anam bu pula nə alacaq? İstəyirdim bunu ondan soruşum, amma tez də fikrimdən daşınırdım. Çünki anam o dəqiqə hirslənəcəkdi: “Yüz dəfə sənə demişəm ki, qabaqcadan danışmaq bizə düşmür, yenə bildiyindən əl çəkmirsən”. Neçə dəfə yoxlamışdım: anamın dediyi düz çıxmışdı. Lakin mən ürəyimdə heç vaxt bu fikirlə barışmırdım: “ Necə yəni, qabaqcadan danışmaq bizə düşmür? Bir iş alınacaqsa, alınacaq, alınmayacaqsa qabaqcadan danışıb-danışmamağın nə mənası var? “

Bu iki manat məni darıxdırmağa başlamışdı. Niyə? Qoy deyim: gecə bacım Almaz uşaqlardan gizlin mənə “qırmızı kukuruz” almaq üçün iyirmi qəpik vermişdi. Mən bu “kukuruz”u alan deyildim. Çünki o biri uşaqlar da vardı axı. Anam demişkən, evə od sala bilməzdim. Ancaq o iki manatdan anam qırx qəpiyi mənə versəydi, bacımı da sevindirə bilərdim: üç “kukuruz”la uşaqların hamısını yola vermək olardı. Birdən anamın səsi məni bu götür-qoydan ayırdı:

- Nə fikrə getmisən?

- Heç, - deyə mızıldandım.

Bizdən solda dayanan qadının yanındakı arıq qız tez-tez anasının qulağına nəsə deyirdi. Qadın isə “Yaxşı, yaxşı” deyib, arada qızının əynindəki gödək, qırmızı jaketin ətəyindən tutub, aşağı çəkirdi. Qızın ayağında qaloş var idi. Dama-dama pamazı parçadan olan sarımtıl donu topuğunun bir qarışlığına kimi uzanırdı. Mənə elə gəldi ki, qızın geydiyi jaket özünün deyil, balaca bacısınındır, ya da bazara gedir deyə, qonşudan alıb. Yəqin, anasına “Hinduşkaları sat, qurtar da” deyirdi. Çünki, hiss eləyirdim ki, o da mənim kimi darıxır. Onlar bazara iki qara hinduşka gətirmişdilər. Qadın uzun, rəngi solmuş qara pencəyinin cibindən bir ovuc qarğıdalı çıxarıb hinduşkaların qabağına səpdi. Bazardakı hay-küyün və soyuğun mürmüc elədiyi quşlar qarğıdalını görən kimi, cana gəlib quqquldadılar. Bizim sarı hinduşka da, tez onlara qoşuldu. Anam “”Sən lap acından ölmüsən”- deyə, hirslə bizim hinduşkanın boynundan tutub, onu qırağa çəkdi. Suyuşirin, sarıbəniz qadın isə həmin an da mülayim səslə anama üz tutdu:

- Nə olasıdır ki, ay bacı, qoy bir-iki dənə də o yesin də, Allahın dilsiz-ağızsız heyvanıdır.

Heç bir hovur keçmədi ki, anamla bu qadın şirin söhbətə başladılar. Onlar yüz ilin tanışları kimi danışırdılar, sözləri bir-biri ilə çox yaxşı tuturdu. Sarıbəniz qadın söhbət edə-edə yenə əlini qarğıdalının şişirtdiyi cibinə saldı. Quşlar o dəqiqə başlarını qaldırıb, hücuma hazır bir vəziyyət aldılar. Bizim hinduşka kəhraba rəngli, şüşəni xatırladan qarğıdalı dənələrinə boğaz uzadanda, gördüm ki, anam, doğrudan da, çox narahat olur. Qadın inciyər deyə, özünü zorla saxlayır, birtəhər susurdu. O, yazıq heyvanın boğazını üzməyə hazır idi. “Gör, ağlım kəsdimi ki, evdən bir ovuc qarğıdalı götürüm? Hamısı tələsiklikdən oldu. Sən də yadıma salmadın”. O, bu sözləri mənə tərəf əyilib pıçıltıyla dedi. Bizim hinduşka isə, qarğıdalı dənələrini, sanki anama acıq verirmiş kimi, tez-tez və çox böyük həvəslə udurdu. Anam sıxılırdı. Bilirdim ki, indi o, daha çox bu vəziyyətdən qurtulmaq üçün hinduşkanı satmağı arzulayır. Bəlkə də, bazarlıq yadından çıxmışdı. Ancaq nə idisə, bizim hinduşka qarğıdalıya cumanda, qırmızı jaketli, arıq qız sevinirdi. Mən bunu onun gözlərindən oxudum. Anam da bunu duymuşdu.

- Sən istəyirsən, bir gəz-dolan, ayaqların açılsın, - anam bu sözləri, elə bil, qəlbindəki sıxıntını azaltmaq üçün dedi. Çünki, səhərdən bəri üş-dörd dəfə bazarı hərlənmişdim.

Əllərimi pambıqlının ciblərinə qoyub, arxayın-arxayın bazarın o başına yol aldım. Düzü, bazarı gəzməkdən, alver edənlərə qulaq asmaqdan xoşum gəlirdi. Bir də, malını satmaq üçün şəhərli müştərini yola gətirməyə çalışan kənd adamının tez-tez and içməsi məni kövrəldirdi.

Kartof-soğan satılan üstü kirəmitli, uzun talvar bazarın ən sıx yeridi, bura həmişə tünlük olur. Hinduşkanı satsaydıq, biz də ən birinci bura gəlməliydik. Talvarın böyür-başında yerə sərdikləri köhnə qəzet və sarı kartonların üstündə göy-göyərti bazarı açan qara arvadlar müştəridən çox bir-biriylə danışırlar. Yox, bütün bunlar başımı qarışdıra bilmirdi. Nə qədər özümü laqeyd aparmağa çalışsam da, alınmırdı. Ürəyim anamın yanında qalmışdı.

Bazarın o başına gedib-gəlməyim on dəqiqə çəkmədi. Geri qayıdanda anam məni, az qala, muştuluqladı:

- İkisini də satıb getdilər. - Özümdən asılı olmadan soruşdum:

- Hara?

- Yuxarı dükanlara,- anamın səsi xeyli işıqlanmışdı, - qırmızı jaketli qız gəldi gözümün qabağına. Yəqin ki, indi o, yuxarı - univermağa tərəf qalxan yolda, az qala anasının dalıyca yüyürə-yüyürə gedir. Ürəyimə sirli bir rahatlıq yayıldı.

Bayaqdan kəndçilərimiz ara-sıra yanımızda ayaq saxlayıb, bizə ürək-dirək verirdilər. Çoxunun da sözü eyni idi: “Arxayın olun, hinduşkanı satacaqsız”. Anam da onlara dil-ağız eləyirdi, ancaq könlümüzü almaq üçün deyilən bu sözlər, görürdüm ki, onu darıxdırır. İndi daha kəndçilərimiz də gözə dəymirdi. Görünür, artıq yüklərini tutmuşdular.

Bazarın aşağı darvazasından içəri keçən kimi, qabaqda bir çinar ağacı var, yaşı otuzdan çox olar. Bizimkilər bazarlıq elədikcə, yüklərini aparıb bu ağacın altına yığırlar. Çinardan iyirmicə addım qabağa gedəndə, iranlı Rəsul kişinin, bazarın hasarına yapışıq cızbızxanasının ağzına gəlib çıxırsan. Pəzəvəng cüssəli, yaz-qış rəngi qıpqırmızı, köynəyinin iki yuxarı düyməsi həmişə açıq olan Rəsul kişi cızbızı ilin səkkiz- doqquz ayı çöldə, yeməkxananın qabağındakı böyük dəmir peçin üstündə bişirir. Arada böyük taxta çömçə ilə iri tiyandakı cızbızı qarışdıranda, adamın ağlını başından alan dadlı bir qoxu bazarı başına götürür. Hamı deyir ki, bu iranlı kişi yaxşı adamdı, boşqabı ağzına kimi doldurub verir. Bu cızbızdan bir dəfə atamla bazara gələndə yemişdim. Yadımdadı, çox olduğu üçün hamısını yeyib qurtara bilmədim. Onda, hətta ürəyimdən keçdi ki, boşqabımda qalan cızbızı bir çörəyin arasına yığıb özümlə götürüm, bacı-qardaşlarıma aparım, amma atamdan qorxdum. O cızbızın dadı indi də ağzımdan getmir: içalatından da çox, uzunsov, xına rəngli kartofu yeməli idi. Rəsul kişinin yeməkxanasının lap yaxınlığında isə, xalça-palaz satırlar. Bazarda xoşuma gələn bir yer də yuxarı darvazanın girəcəyindəki köhnə çayxanadır. Nə qədər ala-qaranlıqda gəlsən də, çayxana eyvanının qabağında iri, sarı samovarı həmişə buğlanan görərsən. Səhər-səhər burda salmaçay (şirinçaya deyirlər), zavod çörəyi və pendir-yağ verirlər. Belə səhər yeməyi iki nəfərə bir manata başa gəlir. Bəzən bura gələndə, bazardakı təndir çörəkdən alırıq. Üstünə zəfəran, yumurta sarısı, xaşxaş çəkilmiş bu çörəyə heç yavanlıq da lazım deyil, elə -belə ye getsin- o qədər tamlıdı.

Maşının getməyinə bir saat qalırdı. Bu, yazılmamış qanun idi: günorta saat ikidə “ZİL” kəndə yola düşürdü. Fikirləşirdim ki, hinduşkanı satsaydıq, kef olardı: maşınla gedərdik. Daha semiçka halvasını demirəm.

Uzundraz, taxta qabırğasına oxşayan qızıldişlı bir kişi tuşumuzda dayanıb, zəndlə hinduşkaya baxırdı. Sanki ömründə belə canlı görməmişdi:

- Bunun neçə kilo əti olar?

- Nə deyim, ay qardaş, hardasa, təmiz üç kiloya yaxın olar.

- Altı manat verim? - səsinin cırlığı bir yana, bu qış günündə onun ağ şalvar geyməyi məni qıcıqlandırırdı. Birdən anam çox inadkar bir səslə:

- Satmıram, götürüb evə aparacam, - dedi. Ağ şalvarlı kişi büzüşdü və dinməz-söyləməz bizdən uzaqlaşdı. Anam acıqlanmışdı:

- Elə bil, bir-birinin ağzına tüpürüblər. Altı manat, altı manat... Satmıram,-anamın dodaqları göyərmişdi,- Vicdansız köpəyoğlu, qışın ortasında bunun geyiminə bax, heç razı olaram, zülmlə saxladığım hinduşkanı aparıb belə bir layaxsız yesin? - Özü-özünə cavab verdi:

- Heç vaxt!

Günortanın yaxınlaşması məni lap dəli eləyirdi. Çünki, bir azdan hamı çıxıb gedəcəkdi.

Hardasa, bizdən on-on beş addım aralıda dayım Sərxan arpa-buğda satırdı. O, anamdan dörd yaş balaca idi. Kəndimizin qəssabı olan dayım son illər taxıl alverinə də girişmişdi. Anama dedim ki, bəlkə, dayımdan pul alım, atam gələndə, qaytararıq. Razılaşmadı. Arada "Qoy bir az bazarı gəzim" bəhanəsi ilə onun yanına getsəm də, böyür-başında hərlənsəm də, xeyri olmadı. Bir-iki dəfə öz-özümə fikirləşdim: “Yəni, məni tanımır? Deyim ki, mən Qorxmazam?” Dayım, sanki məndən heç nə soruşmayacağına and içmişdi. Ancaq hər yanına gedəndə, elə bilirdim ki, bu dəfə ağzının kilidi açılacaq. Mən də bunu bəhanə edib, tez deyəcəyəm ki, bəs günorta olub, hinduşkanı sata bilmirik, cəmi altmışca qəpik də pulumuz var. Dayımın dodağının tərpənməyinə bənd idim. Lakin... Axırıncı dəfə onun yanından qayıdanda, anam başını buladı:

- Lap yüz dəfə get, özünü səhərə kimi o tozlu torbalara sürt, o, sənə bir qəpik də verəsi deyil. Qardaş mənimdir, mən onu yaxşı tanıyıram.

Doğrusu, bir dəfə dayımın yanına gedirdimsə, iki-üç dəfə də - utanırdım- hardasa, yeddi-səkkiz metrliyindən keçirdim. Guya ki, bu aralıqda nəsə alıram. Ancaq həmişə də yolu elə seçirdim ki, dayımın üzü mənə tərəf olsun. Və hər gedişimdə də eyni şeyi fikirləşirdim: daha bu dəfə mütləq məni çağıracaq. Ay-hay!

Anamın dərdi açılmışdı:

- Görmürsən, o qədər pulun içində, ağzında bir dişi yoxdu? Camaat pulu özünə çəpər eləyir, bu isə özünü pula çəpər edib.

Anamın sonuncu sözləri, elə bil, beynimdə əks-səda verdi. Daha onun səsini eşitmirdim. Sanki məni ətraf aləmdən ayırmışdılar. Qarlı təpələr, dərələr, dikdiraşağı düşən yol, bacalarından burum-burum tüstü qalxan kəndimiz, həyətimizdəki qoca tut ağacı, dənə cuman cücələr kimi, xırdaca bir səsə eyvana qaçan bacı-qardaşlarım, alt evimizdəki boş kartof-soğan yeşiyi... bir anda gözümün qabağından gəlib keçdi.

Anam qolumdan tutub məni silkələyirdi:

- Nə oldu sənə? Niyə ürəyini çəkdin?

- Ode, Tofiq dayı.

O, əlimi uzatdığım səmtə baxdı:

- Dəlisən? O, başqa adamdı, Tofiq deyil.

Yaxınlığımızdan keçən qara papaqlı kişi necə də Tofiq dayıya oxşayırdı! Düzü, əməlli-başlı həyəcanlanmışdım.

- Ay ana, mən Tofiq dayıgilin evini tanıyıram, - dedim. Məni danışdıran bu həyəcanın havası idi.

- Atan başını kəsər, - anamın səsindəki hiddətdən, az qala, ürəyim ayağımın altına düşsün. O, mənim fikrimi göydə tutmuşdu.

Bazardan Tofiq dayıgilin evinə iyirmi dəqiqəlik yol vardı. Atam iki-üç dəfə məni onlara apardığı üçün, yolu əzbər bilirdim. Tofiq dayının dörd qızı, bir oğlu var. Anam söz düşəndə, “Ürəyi təmiz olduğu üçün, Allah ona dörd qızdan sonra bir oğlan verdi”, - deyirdi. Axırıncı dəfə onlara dörd il əvvəl – səkkiz yaşında getmişdim. Tofiq dayı oğlu İlqara həyətdə kiçik toy eləyirdi. Biz o payız günü atamla onlara bir qonur rəngli toğlu aparmışdıq. Yadımdadı, yolda mağazadan bir metrlik qırmızı lent alıb, toğlunun buynuzuna bağladıq. Yəni, Tofiq dayıgil bizə çox doğmaydılar. Düzü, gedib onlardan pul istəmək mənim üçün də ölüm kimi gəlirdi. Və bilirdim ki, anam, min il qala, buna razılaşmaz. Sadəcə, mən bunu ümidsizlikdən deyirdim.

- Elə şeyi bir də ağlına gətirmə, - anamın gözlərindəki və səsindəki həyəcan hələ də çəkilib getməmişdi, - lap mən razılaşdım, bəs sən gedərsən?

Mən anama cavab vermədim.

...Kənd maşını çıxıb getmiş, bazar seyrəlmişdi. Dayım da görünmürdü. Yəqin, indi evdə olardı. İndiyə kimi heç vaxt işimiz belə nəhs gətirməmişdi. Neçə dəfə anamla bazara toyuq-cücə, hinduşka, başaq eləyib yığdığımız arpa, buğda, qarğıdalı, günəbaxan gətirmişdiksə, tez də satmışdıq. Ancaq bu gün...

Soyuqdan donmuş, üstəlik də, acımışdıq. Ömrümdə bu qədər pis olmamışdım.

- Barmağımda üzük də yoxdu, yoxsa aparıb dəyər- dəyməzinə o aşağı

budkadakı qızıl alan cuhuda satardım,- anam günahkar adamlar kimi dilləndi.

İlğım kimi yadıma düşür: lap balaca vaxtlarımda anamın barmağında göyqaşlı bir gümüş üzük görmüşdüm, sonradan o necə oldu, bilmirəm. Birdən anam mənə baxmadan:

- O altmış qəpikdən iyirmisini götür get, o biri qapının ağzında sarı kökə satırlar,- dedi, – birini al, ye.

- İstəmirəm!

- Sənə deyirəm, get!

- Dedim, istəmirəm də.

Anam yenə mənə tərəf baxmırdı.

Aşağı qapı tərəfdən çiyinlərində süpürgə, iki arvad gəlirdi. Onların bomboz görkəmi adamın ürəyini sıxırdı. Bir azdan bazar bağlanacaqdı.

- Daha bu gündən sonra heç kim gəlməz, gedək, - anam sərt bir səslə dilləndi. O, bununla məni ürəkləndirmək istəyirdi.

Bazarın aşağı başındakı böyük dəmir darvazaya tərəf yollandıq. İsmayıllıya gedən avtobus bu darvazanın ağzında dayanır. Arxa oturacaqlara yaxın, anama bir yer tapdım. Elə səhərki avtobus idi. İçəridə sarı torbalarla, qara çamadanların əlindən tərpənmək olmurdu. Avtobusdan heyva, limon, balıq iyi gəlirdi. Ortada ayaqüstə, elə mənim kimi, on iki-on üç yaşlı iki oğlan dayanmışdı. Birinin əynində təzə, qara gödəkçə vardı. Görünür, onu mağazadaca alıb geyinmişdi. Arada əyilib, qarşı oturacaqdakı, qara papağı iri günəbaxana oxşayan uzunbığlı kişinin qulağına sevinə-sevinə nəsə pıçıldayırdı. Yəqin, oğlanın atası idi. O biri arıq oğlan isə, mənim günümdə idi, çox pəjmürdə görünürdü. Ən qabaq oturacaqda, qara şalda və əldə toxunma qara jaketdə bir arvad əyləşmişdi. Əlindəki sarı kökəni yeyə-yeyə, iki aya toxuduğu pambıq palazı məcbur olub, altmış manata satdığından danışırdı. O, arada anamla məni fəhmlə süzüb, yenə də söhbətinə davam etdi. Elə bil, ürəyimdən daş asmışdılar, nəfəsim daralırdı. Bu, ən çox anama görə idi. Bu vəziyyətdən qurtulmaq üçün avtobusdakılarla başımı qatmaq istəyirdim, ancaq yenə də, fikrim-zikrim daş kimi, oturacağa çökən anamın yanında idi...

Kənd yolunda düşəndə, sürücü bizə tərəf çevrilib, çox doğma bir səslə:

- Vay, vay, sata bilmədiz?- deyib, heyfsiləndi. Cavab verəsi halda deyildik...

"ZİL" maşının qar basmış yolda saldığı cığırla addımlayırdıq. Hələ ki, rahat gedirdik. Bir azdan yol diklənəcək, getmək çətinləşəcəkdi. Yenə də semiçka halvası gözləyən balaca Ayaz gəldi gözümün qabağına. Yəqin, o biri bacı-qardaşlarım da, anama nəsə tapşırmamış olmazlar.

- Yaxşı ki, tezdən durub çay qoydum, heç olmasa, bir tikə çörək yedin, yoxsa, sənin üçün lap çətin olardı, -bilirəm ki, anam bu sözləri yolu azaltmaq xatirinə deyir.

Mən dinmirəm.

Səsli Qayanın qabağından keçirdik. Yay-qış bu qayanın sıldırım sinəsi sarı rəngdə olur. Yaxasında ağac o yana qalsın, bir ölü qaratikan da bitmir. Tərslikdən, bir balaca çıxıntısı, yastanası da yoxdur ki, heç olmasa, belə havalarda orda qar ilişib qalsın, bir-iki günlüyə də olsa, görkəmi dəyişsin. Arada, təsadüfən sıldırımın qaşında balaca aran qartalı görərdin. Səsli Qayanın adından başqa, xoşa gələn heç nəyi yox idi.

- Qar yağsa, şaxta olmayacaq, - anam dedi.

O, bunları dilucu söyləyir. Bilirəm ki, fikri kənddədir. Birdən məni yoxlayırmış kimi soruşdu:

- Heç bu boyda hinduşkanı altı manata satmaq olar? Sən de, satmaq olar? – o, bu sözlərlə yəqinləşdirmək istəyirdi: hinduşkanı belə aşağı qiymətə verməməklə düz iş görüb, yoxsa yox? Mən bu məsələdə, onun tərəfindəyəm, ya əksinə? Əslində, anamın sualını təkrarlamağı, məndən istədiyi cavabı eşidəcəyinə arxayınlıqdan xəbər verirdi. Əlüstü cavab verdim:

- Əlbəttə, yox! Ondansa, kəsib özümüz yeyərik.

Anam sözümə "hə"- "yox" demir, susur. Yəni, hinduşkanı kəsmək fikrindən vaz keç. Və tez də sözü dəyişir:

- Bir az Yelli Gədikdə dincəlirik, sonra da Narlı Dərədə, - o, bu sözləri də yolu qısaltmaq üçün deyir.

Ağır-ağır gedirik. Təkcə ayağımızın altındakı qarın xırçıltısı eşidilir. Yenə də mən qabaqda yeriyirəm. Hər yan ağappaqdır.Anama kömək etmək- nəsə demək, danışmaq lazımdır. Nə? Elə bil, əllərim kimi, beynim də donub. Heç nə düşünə bilmirəm. Elə bilirəm ki, bu soyuqda mənim də piyada getməyimin əziyyətini anam çəkir. İndilikdə susmağım da o demək idi ki, bazardan əliboş qayıtmağımızın günahkarı da anamdı. Yox, mənim kimi adamla yola çıxmaq olmaz. Fikirləşirdim ki, indicə anam acıqlanacaq: “Ağzında qatıq tutublar? Bir dillənsənə” ( kənd yerlərində südə maya vurub qatıq tutanda, onun üstünü köhnə pal-paltar, ya da, döşəklə bərk-bərk örtürlər və ən azı on-on beş saat eləcə örtülü qalır). Anam isə susurdu, yəqin o da danışmağa söz axtarırdı. Yelli Gədiyin ayağında dayandıq:

- Gecə şaxta düşsə, heç, - anam qayğılı-qayğılı dilləndi, - soruş niyə?

- Niyə?

- Çünki, - əlini yolun sağındakı böyük qaratikan koluna sarı uzatdı, - səhər-səhər

burda gördüyün o ac qaratoyuq öləcək.

- Bəlkə də, gecə tülkü-zad tutub yeyəcək, gücnən gəzirdi.

- Gedək, - görünür, sözüm anamın xoşuna gəlmədi.

Getmək çətinləşirdi. Hələ ki, heç birimiz yorulduğumuzu boynumuza almırdıq. Kürəyim tərləmiş, ayaqlarım donmuşdu. İlahi, görən, indi qaloş geyən anamın ayaqları nə gündədi? Narlı Dərəyə yaxın, yolun sağındakı köhnə qəbirstanlığın yanında ayaq saxladıq. Anam, adəti üzrə dua verib, sonra ah çəkdi:

- Ay rəhmətliklər, - dedi, - kənd salmağa yer qəhət idi? Gedib o asfaltın yaxınlığında ev tikərdiz də. Axı o dərədə nə görmüşdüz?

Bu köhnə qəbirstanlıqda – otuz il olardı- Böyük Vətən Müharibəsi başlayandan sonra, heç kimi dəfn eləmirlər. Aclıq illərində ölənləri bura gətirməyə adamların tabı olmadığı üçün, kəndlə üzbəüz yamacda təzə qəbirstanlıq salıblar...

- Mənə bax, o qaratoyuğa Qurban Olduğumun rəhmi gəlib, - elə bil anam xoş bir xəbər almışdı,- şaxtadan əsər-əlamət yoxdu. O yaşayacaq.

- Hə, - deyə dilimi sürüdüm.

- Ayaqların donmayıb?

- Bir azca.

- Evə çatan kimi corablarını dəyişərsən, ayaqlarını da qoyarsan peçin altına,-. o, bu sözləri ilə, sanki alt evimizdə yanan odun peçinin istisini indicə çəkib, bura gətirəcəkdi...

Narlı Dərənin enişinə çatmışdıq. Hava xeyli soyumuşdu. Bu dərədən yuxarı böyük, adamın nəfəsini kəsən dik yoxuş başlayırdı. Yəqin indi onu qalxmağın zülmü anamın da gözündə dayanmışdı.

- Burda bir az nəfəs alaq,- anamın səsindəki yorğunluq açıq-aydın hiss olunurdu,-əməlli -başlı qaranlıq düşüb ki. Heç xəbərimiz olmayıb.

Həqiqətən də, hava toranlaşmışdı. Dərə, elə bil, qaranlığı daha tez özünə çəkir. Anam hinduşkanı əlimdən götürüb:

- Dayandıq, bəsdi, gedək, - dedi, - yolçu yolda gərək.

Üzüaşağı, dərəyə düşən yolun hər iki tərəfi sıx narlıqdır. Qaranlığın düşməyi ilə ürəyimdə bir qorxu baş qaldırmışdı. Çünki, qar möhkəm düşən vaxtlar, nəinki gecə, gündüz də Narlı Dərədə hər an canavarla üz-üzə gələrsən. Bu fikri başımdan qovmaq istəsəm də, olmurdu. Heç birimiz danışmırdıq. Mənə elə gəlirdi ki, dinməyimizlə qabağımıza canavarın çıxmağı bir olacaq. Çox maraqlı idi: Görən anam nə düşünür? Bəlkə, bunu ondan soruşum? Yox, yox, bəs canavar? Ürəyimin döyüntüsü artmışdı. Narlı Dərədən çıxana kimi əhədimiz kəsildi. Canımdakı həyəcan yavaş-yavaş əriyib gedirdi.

- Ay ana, - səsimə toxtaqlıq verdim, - indi burda qabağımıza bir ac canavar çıxsaydı, neynərdik?- axır ki, bayaqdan içimi gəmirən fikri dilimə gətirdim.

- Hardaydı bizdə o bəxt, - anamın cavabı özünü gecikdirmədi, - deyəsən, söz tapmırsan danışmağa - Anamın səsində yenə həmişəki ötkəmlik vardı. Doğrudan da, canavar söhbətim yersiz oldu. Çünki anam indiki halında canavar qorxusundan çox uzaq idi. O, elə bil, düşündüklərimi təsdiqlədi:

- Sən cibindəki puldan on qəpiyi Ayaza verərsən, on da sənə qalsın.

Ayaz, bilirdim ki, on qəpiyi götürüb atacaq. Bir-iki dəfə “Semiçka halvası!” deyib qışqıracaq, özünü yerə çırpacaqdı. Anam: “Bu dəfə səni mütləq özümlə bazara aparacam, halvanı da elə özün alarsan” deyib, onu sakitləşdirəcəkdi. Bu, bir az uzun çəksə də, Ayaz axırda on qəpiyi alıb cibinə qoyacaqdı. Bu pulla dükandan özünə “beş peçennik” alacaqdı.

Yolun çətinliyindənmi, ya nədirsə, birdən atam yadıma düşdü:

- Ay ana, atam gəlməz?

- Necə gəlsin, evi yıxılmışın oğlu? – o, sualıma sualla cavab verdi. Anamın, sözümü qurtarar-qurtarmaz, anındaca dillənməyində atama qəribə bir canıyananlıq vardı: elə bil, mən bu sualımla atamı günahlandırmaq istəyirəm, anam isə, onun müdafiəsinə qalxırdı. Amma sualım, həm də anam üçün göydəndüşmə oldu: atamı yada salmağım, sanki ona güc verdi:

- Bu yazıq Dəli neyləsin? Rəhmətlik atası tez getdi. Beş bacısı qaldı bunun boynunda. Hamısını da köçürtdü, özü də, bir quru müəllim maaşı ilə. Bu yandan da, yeddi uşaq. Bir belə çətinlik içində, çiy kərpicdən də olsa, alt-üst ev tikdi. Pis-yaxşı, iki otağının ağız-burnunu yığdı.

O, sözünə ara verdi. Ah çəkmək istədisə də, nədənsə nəfəsini yarıda qısdı. Bəlkə də, nəsə demək istəyirdi, amma sözünü dilinin ucundan qaytardı. Sonra güclə eşidiləcək kədərli bir səslə söhbətini tamamladı:

- Yazıq ömründə istədiyini geyə bilməyib.

Gördüm ki, anam çox yorulub, danışmağa belə taqəti qalmayıb...

Əl-ayağımız donmuşdu. Daha çox hinduşkaya yazığım gəlirdi. Hər növbə mənə çatanda, dizimlə yavaşca onun böyründən vururdum: sağdı, yoxsa yox. Əslində, mən tam arxayın idim ki, hinduşkanı bir gündə lap üç dəfə bazara aparıb, qaytarsaq da, o, ölən deyil. Sadəcə, mən arada bu qayda ilə Allahın bu yazıq heyvanına ürəyimin yandığını göstərmək istəyirdim. Elə bilirdim ki, həyətdə gur-gur guruldayan, indi isə fağır hala düşən sarı hinduşka mənim bu canıyananlığımı başa düşəcək.

Dikdirin başına çatıb dayandıq. İndi rahat nəfəs almaq olardı. Qaranlığın düşməyi anamın ürəyincə idi. Bayaq dedim axı, o istəmirdi ki, bizi kənddə bu kökdə görsünlər.

Yağan qarın sıxlığından kəndin sarı-ağımtıl işıqlarını uzaqdan güclə ayırd etmək olurdu...

Yanvar-mart, 2015-ci il

news-inner-user

16131 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər – Sərdar Amin yazır...
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020
Mühacirətdə olan yazıçı vəfat etdi
12:34 13 Avqust 2020
Sərdarın atası və əlləri
11:52 13 Avqust 2020
Bizə əl atan qoca müəllim
11:07 13 Avqust 2020
Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi
10:43 13 Avqust 2020
"Qarabağ hekayələri" özbək dilində nəşr olundu
10:04 13 Avqust 2020
Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajı
09:00 13 Avqust 2020
Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020