news-inner
clock08:30 calendar-gray 15 Yanvar 2016 view-gray147 dəfə oxunub
view-gray147 dəfə oxunub

Yazıçılar nəyi yazmaqdan utanır? - SORĞU

Kulis tanınmış yazıçılara “Həyatınızda elə bir hadisə, əhvalat və ya mövzu olubmu ki, yazmaqdan utanasınız?” sualı ilə müraciət edib. Cavabları təqdim edirik.

Seyran Səxavət

- Söhbət hadisədən gedirsə, insanın dünyaya gəlməsi də bir hadisədir və onun sonrakı yaşayışı, keçirdiyi hislər də hadisədir. Onun mövqeyindən, peşəsindən asılı olmayaraq, bu belədir. Dünyada 50 milyon azərbaycanlı var və hər birinin ömründə müxtəlif hadisələr olub. Onlar bunun hamısını yazsaydı, 50 milyon Azərbaycan yazıçısı olardı. Ona görə də hadisə ədəbiyyat deyil. Mənim yaradıcılığımda hadisə üç faiz təşkil edir. Daha çox insanın hislərini, psixologiyasını yazmışam. Qaldı ki, utanc gətirən hadisələri yazmağa, istənilən mövzunu yazmaq olar, hətta ayıb bilinəni də. Bir şərtlə ki, yazdığını abır-həya və istedadla yazasan. O zaman heç kim buna pis baxmayacaq, ayıb saymayacaq.

Səfər Alışarlı

- Nəsrdə "tipiklik", "ümumiləşdirmə" anlayışları var. Bunlar sovet ədəbiyyatşünaslığı terminologiyasındandır. Mənası odur ki, cəmiyyət üçün yazılan əsər özündə mütləq xarakterik, tipik, eyni zamanda aktuallıq kəsb edən məsələləri əks etdirməlidir. Yazılması lazım olmayan heç nə, heç bir hadisə yoxdur, sadəcə, onları yazmaq üçün istedad lazımdır. Mövzu nə qədər darıxdırıcıdırsa, onun yazılması bir o qədər çətin olur, bu, daha böyük istedad tələb edir. Vaxtilə Bakıdakı müəllimlərim məni inandırmağa çalışırdı ki, yazıçının qələmə aldıqları yalnız yuxarıda dediyim prizmadan qiymətləndirilə bilər. Açığı, burada bir az da kölə düşüncəsinin dominantlığı görünür. Moskvadakı müəllimlərim deyirdi ki, yazıçı üçün qadağan olunan, yazılması mümkün olmayan heç bir mövzu yoxdur. “Qadağan olunmuş” mövzular sırasında onlar, məsələn, “Qaynana” mövzusunun adını çəkirdilər. Bildiyiniz kimi, bu mövzu bizdə bu gün də bir daha və bir daha kəşf olunmaqda davam edir. Konkret mənim təcrübəmə gəlincə, deməliyəm ki, əsasən yaşadığım, yəni bütün varlığımla hiss etdiyim, hər detalına həqiqətən dərindən bələd olduğum hadisələri yazmağa üstünlük verirəm. Amma nəsr təkcə olmuş hadisələrdən ibarət ola bilməz, ona mütləq yaradıcılıq fantaziyasından doğan "ədvalar" da vurulmalıdır. Mən nəsr üçün yararlı saydıqlarımın az bir hissəsini yazmışam. Allah qismət eləsə, yazarıq. Olmasa, deməli, belə lazımmış fələyə...

Elçin Hüseynbəyli

- Konkret belə bir hadisə yadıma düşmür ki, onu hansısa əsərimdə yazmamışam. Yəqin ki, olub, xatırlamıram. Ancaq mən həmişə öz kəndimizdən yazanda bir az ehtiyat etmişəm. Bəzən hekayədə kəndimizdəki bir adamın prototipini yaratmışam, öz adı ilə təsvir etmişəm. Həmin adam da məndən inciyib, ya da deyib ki, niyə başıma gəlməyən hadisəni götürüb yazmısan. Daha başa sala bilməmişəm ki, mən səni əbədiləşdirirəm. Ona görə də xalqın hazır olmadığı məsələlərdən yazanda həmişə ehtiyat etmişəm.

İlqar Fəhmi

- Mən qarşılaşdığım hadisələri yazmıram. Bu, realist yazarlara xasdır. Əksinə həyatda rastıma çıxmayan, amma əsərin ideyasına xidmət edən hadisələri yazıram. Bu real ola da bilər, olmaya da bilər, fərqi yoxdur... Amma ideyaya xidmət edən hadisədə açıq-saçıq məqamlara ehtiyac varsa, bunu yazmaqda kompleks keçirtmirəm. Əsərlərimə fikir versəniz, bunu görərsiniz.

Nərmin Kamal

- Bədii əsərdə qəhrəmanlar həm də onun üçündür ki, yazıçı öz həyatının öz dilindən yazmağa utandığı detallarını da xarakterlərindən birinin həyatı kimi göstərsin. Soruşduğunuz "utanmalı" hadisənin ya estetik əhəmiyyəti, ya da ictimai əhəmiyyəti olmalıdır ki, adam onu öz dilindən yazsın.

Ancaq indi çoxları öz şəxsi personalarını dünyanın mərkəzi hesab eləyərək, "mən, mən" deyərək, öz həyatlarından, məişətlərindən heç bir estetik və ya ictimai əhəmiyyəti olmayan şeyləri mətbuatda yazırlar, - belə yazmağa utanaram.

Sevinc Elsevər

- Azərbaycan ədəbiyyatında qadın imzalar içində komplekssiz biri olaraq tanınmağıma baxmayaraq, bəli, yazmağa çəkindiyim mövzular olub deyə cavab verəcəm sualınıza. Təəssüf ki, bu belədir! Xüsusən qadınlarla bağlı bildiyim, müşahidə etdiyim çox şeyi yazmaqdan çəkindiyim olub. Bununla belə, çalışmışam ki, komplekslərimi aşım. Ölkəmizin insanları çox komplekslidirlər. Onları təəccübləndirmək çox asandı. Əvvəllər bu daha asan idi, söz yox. Məsələn, on-on beş il əvvəl hansısa qıcıq yaradan hadisəni işıqlandırırdın, aləm dəyirdi bir-birinə. Amma zaman keçdikcə bu mənim üçün də, adamlar üçün də çox adiləşdi. Demirəm, bütün oxucular üçün adiləşib. Amma bu həqiqətdir ki, artıq epataj xarakterli yazılar oxucuları tərpətmir. Azərbaycan oxucusu çox inanan və saf oxucudur. Həm də o cür tamaşaçıdır. Filmlərdə mənfi qəhrəmanın yaradıcısı olan aktyorları küçədə görüb danlayan, hətta döyən insanlar var. Yazıçı "mən"in dilində danışırsa, işi daha da çətindi. Oxucu bunu etiraf kimi qəbul edir, sənin özünü hədəfə çevirir. Qələm adamlarına da sirr deyil ki, “mən”in dilindən yazmaq daha rahatdı, asandı. Və üstəlik, şeirlərdə əsasən birinci şəxsin dilindən danışır şairlər. Bu mənada yazdığım xeyli cəsarətli mətnlər var. Amma təəssüflə etiraf edirəm ki, bəhs etməyə çəkindiyim bir çox mövzular var ki, onlardan qocalanda yazmaq niyyətindəyəm. Şərq ölkələrində qoca qadınlar az qınanılır. Onları başlı-başına buraxırlar. Məsələn, qoca qadın axşamüstü küçədə tində oturub damağında siqaret gəlib-gedənə göz qoya bilər. Gənc qadın bunu edəndə onu əxlaqsız belə adlandıra bilərlər. Dini və mental dəyərlərin basqısı olan cəmiyyətlərdə yazıçı axıra qədər səmimi ola bilmir. Nəinki qadınlar, kişilər də eyni problemi yaşayırlar.

Hədiyyə Şəfaqət

- Məhz nəyə görə utanıb? Bu müxtəlif ola bilər. İkiüzlülük etdiyimi düşünə bilərək utana bilərdim, açıq-saçıq səhnələrin təsvirindən utana bilərdim, ədalətsizlik etdiyimi düşünüb utana bilərdim, ya da saxtakarlıq etdiyimdən, elə deyilmi? Amma olmayıb. İndiyəcən nəyi yazmaq istəmişəmsə, gücüm də yetibsə yazmışam. Yazdığım mətnləri tez üzə çıxarıb sonra onlardakı əyər-əskikləri görəndə peşman olduğum olub, təzədən işləmişəm. Utanaraq yazmamaq deyə bir şey olurmu? İstəməmək ola bilər, istəyirsənsə yazacaqsan, yazmaq istəyib utanmamaq üçün yazmırsansa da səmimi deyilsən... Utana-utana yazmaq da düzgün deyil, məncə, nə məcbursan, yazma...

Mirmehdi Ağaoğlu

- Təzə-təzə yazmağa başlayanda elə düşünürdüm ki, hər şeydən yaza bilərəm. Özümdə o təpəri hiss edirdim, sonra yazdıqca, təcrübəm artdıqca gördüm yox, elə şeylər var ki, yazmaq olmur, söz səni çəkmir. Buna görə də indi açıq-saçıq mövzular məni daha cəlb etmir. Düşünürəm ki, bunda yazıçının həyat tərzi, düşüncələri, yaşadığı cəmiyyətin də təsiri var. Misal üçün, götürək Frederik Beqbederi. Onun bir çox əsərləri olduqca açıq-saçıqdır, istədiyi mövzulardan yazır, cəsarətlidir. Amma gəlin baxaq görək bu adamın həyat tərzi necədir. Beqbederin bütün həyatı gecə barlarında, əyləncə yerlərində keçir, heroin iyləyir, həbsxanaya düşür. Yəni həyat tərzi nədirsə onu da yazır. Və ya Mişel Uelbek bitnik, səhv etmirəmsə həm dənudist (Nudizm əsasən Avropa ölkələrində geniş yayılmışdır. İnsanların çılpaq formada hərəkət etməsidir. Almaniyada xüsusi nudist çimərlikləri və idman zalları fəaliyyət göstərir ki, burada insanlar tam çılpaq formada gəzir, söhbətləşir və əylənirlər) ata-ananın oğludur. Buna görə də onun “Elementar hissəciklər” əsərində anasının təsadüfi əlaqələrindən yazması təbii görünür. Ömrü boyu bar piştaxtalarında içib sərxoş olan, başı davalardan ayılmayan, gününü təsadüfi qadınlarla keçirən Bukovskinin də əsərlərində açıq-saçıqlığa meyl etməsi təbiidir.Bu nümunələri nəyə görə misal çəkdim? Yazıçının həyat tərzi, düşüncəsi nədirsə əsərlərində də istər-istəməz o ştrixlər özünü göstərir. Bunları süni, qondarma yolla edəndə isə təbii ki, o dəqiqə saxtalığı hiss olunur.Amma ümumilikdə götürəndə yazıçılar üçün hər zaman tabu olan, aşmağa çətinlik çəkdiyi mövzular ailə məsələləri ilə bağlı olur. Bir çox yazıçı bu əngəli aşa bilmir, bunda ilişib qalır. Düşünürəm ki, bunları da yazmaq olar, amma bunun üçün gərək müəyyən bir mənəvi evolyusiya keçəsən, mənən bu cür şeyləri yazmağa, onları sözə çevirməyə hazır olasan ki, sonra yaza biləsən.

Cavid Zeynallı

- Olub, əlbəttə, belə şeylər olub. Bu cür situasiyalar hər bir yazıçının həyatında olur. Məsələn, bizim kəndlə bağlı, rayondakı qonşularımızla bağlı, ədəbi mühitimizlə bağlı elə faktlar olub ki, yazmaq istəmişəm, amma qarşımı kəsən səbəblər olub. Əxlaqi və mənəvi baxımdan keçə bilməmişəm. Bilmirəm, bunu yazıçıya bağışlamaq olar, ya yox, hər halda, fakt belədir. Xatırlayıram ki, "Günəşi gözləyənlər" romanında universitetlə bağlı bir neçə məsələ var idi, onun bir hissəsini yazdım, bəzilərini saxladım. İstəmədim yazım.

news-inner-user

16044 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə
18:57 04 Avqust 2020
Məşhur romana çəkilən serialın ilk görüntüləri yayıldı - Foto
18:02 04 Avqust 2020
III Beynəlxalq Animasiya Festivalına daxil olan filmlərin siyahısı açıqlandı
16:21 04 Avqust 2020
Gözyaşardıcı qazlar elektron ağlamaqdır vətən üçün - Güneyli şairin şeirləri
15:18 04 Avqust 2020
Rənglərə aldanan uşaqlar – Cavanşir Yusifli müharibə hekayələrindən yazır...
15:14 04 Avqust 2020
Pelevinin yeni kitabı bu tarixdə nəşr olunacaq
14:28 04 Avqust 2020
Bəy qızını qaçıran, üç övladını itirən, on dörd il sürgündə qalan Xalq artisti - Səməd Vurğun onun həyatını necə xilas etdi?
13:22 04 Avqust 2020
Anar Nağılbazı kim öldürdü?
12:33 04 Avqust 2020
"YARAT" uşaqlar üçün sərgi açdı
11:50 04 Avqust 2020
Selfi çəkərkən tarixi abidəni qırdı
10:58 04 Avqust 2020
Məşhur yazıçının hekayəsinə film çəkilir
10:10 04 Avqust 2020
Ataqamdan yeni hekayə: Dişlək alma
09:00 04 Avqust 2020
Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020
Şon Penn özündən 31 yaş kiçik qızla gizlin evləndi
13:08 03 Avqust 2020
Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şeirinə rok yazıldı - Video
12:05 03 Avqust 2020
Məşhur aktyor dünyasını dəyişdi
11:14 03 Avqust 2020
Azərbaycan bəstəkarının musiqisi ABŞ festivalında səsləndirildi
10:33 03 Avqust 2020