news-inner
clock09:00 calendar-gray 21 Dekabr 2015 view-gray268 dəfə oxunub
view-gray268 dəfə oxunub

Norveçin yoxsulları və ya saflığı itirmədən böyümək

Uşaqların və yeniyetmələrin həyatından bəhs edən kitabları sevirəm. Mənimlə eyni yaş qrupunda olan insanların çoxunda bu marağı hiss etmişəm. Bunun yaşaya bilmədiyimiz uşaqlıqla, ehtiyac içində keçirdiyimiz yeniyetməliklə hökmən bir əlaqəsi olduğunu düşünürəm. Etiraf edək ki, bəzi kitablarda özümüzü tapdığımız üçün bu kitablar bizə doğmalaşır.

Bakıya sonuncu gəlişimdə dostumuz Şahbaz Xuduoğlunun tövsiyəsi ilə, müasir Norveç ədəbiyyatının tanınmış siması, Skandinaviya ədəbiyyatının canlı klassiki hesab edilən Roy Jacobsenin “Möcüzə uşaq” romanını aldım. Bu əsər uşaqların həyatından, onların inkişafından, yetişkənliyindən bəhs edən, Norveç həyatına güzgü tutan bir ailə dramıdır. Roman dünyanın 20-dən çox dilinə tərcümə edilib, bir çox ədəbi mükafatlara layiq görülüb. “Möcüzə uşaq” romanının mərkəzində doqquz yaşında Finn, onun dul qalmış anası və ögey bacısı Linda dayanır. Roman Finnin dilindən, bir ailə dramı olaraq nəql edilsə də “arxa planda” ötən əsrin 60-cı illərinin Norveç mühiti, Oslonun kasıb məhəllələri, ehtiyac içində yaşayan insanlar, fəhlələr, həyata uduzmuş ailələr, tikinti bumu, “orta təbəqənin” yaranması, insanların kasıblıqdan rifaha doğru keçdiyi yol var.

Romanın əsas qəhrəmanı və hadisələri nəql edən Finnin valideynləri boşanıb. Finn atasını heç vaxt görməyib, çünki o hələ kiçik ikən atası da gəldikdən sonra dəyişməyə başlayır. Anasının cüzi qazancı ilə evlərini rəngləməyə qərar verməkləri də, onlar üçün ciddi dəyişiklik hesab olunur. Finn bu dəyişikliyin, kiçicik evlərinin içərisindəki yeniliyin fonunda, Norveçin, 60-cı illər Oslosunun şəhər həyatına, tikinti bumuna güzgü tutur: “Bayırda həyat qarma-qarışıqdır ­– hayana baxırsan, taxta-tuxtadır, binalar, damlar, onlardan da o yana ot basmış çöllər, ağac kötükləri, tirlər, şalbanlar, axıb gedən sular, qalın kolluqlar, palçıqlı yollar... keçə və iri qətran parçalarını, ağac qırıntılarını yandırırlar, mərtəbəli daxmalar tikirlər. Sonra güclülər, qüdrətlilər bu imarətlərin üstündə müharibələr aparır, onları bir anda yerlə-yeksan edirlər, bir gün sonra yenə tikirlər. Həm də onları dağıdanlar yox, başqaları tikir. Dağıdanlarla tikənlər heç vaxt eyni adamlar olmur.”

Mənzərə tanış gəlirmi? Məncə əlavə şərhə ehtiyac yoxdur.

Bu böyük və amansız mübarizədə, 60-cı illər tikinti bumunun gedişatında kiçicik mənzilin təmiri Finn və anasının həyatında böyük və önəmli dəyişiklik yaradır: “Kişilərin oğlan uşaqların, evdar qadınların gənc qızlara çevrildiyi bu inanılmaz on il boyunca evləri süni yeniləmə, hamıya pulsuzluq və ehtiyac gətirdi. Xüsusən də tutqun bir noyabr günü, kiçik, göy bir çamadanda özü ilə sanki bomba daşıyan zavallı qızcığazı Qrorud avtobusu ilə bizə gətirdi. O gəldi və həyatımızı alt-üst etdi.”

Finnin bəhs etdiyi “bimba daşıyan zavallı qızcığaz” həyatlarında önəmli dəyişiklik yaradan ögey bacısı Lindadır. Heç zaman üzünü görmədiyi atasının, haqqında heç vaxt eşitmədiyi, üzünü görmədiyi qızı, ögey bacısı Linda qəfildən ana və oğuldan ibarət kiçik ailəyə daxil olur. Linda anasıyla birlikdə yaşamağa alışmış Finn üçün inqilabi yenilikdir. Anasının Lindaya göstərdiyi diqqət və qayğı onu özündən çıxarır. Sevgini paylaşmaq onun üçün çətindir. Buna baxmayaraq o Lindaya qarşı çox diqqətlidir. Hətta mən oxucu kimi Finnin ögey bacısını sevdiyinə əmin oldum. Bu əsil uşaq saflığı, uşaq sevgisidir. Eyni zamanda Lindanın səhhətindəki problemlər də onun gözündən qaçmır: “Linda bu dünyaya aid deyildi, bunu bir gün anlayacaqdım ­– biz ibtidai yerlilərlə danışmaq üçün bu dünyaya gəlmiş marslıydı. Amma norveçlilərlə fransızca, amerikalılarla rusca danışırdı. O talenin özü idi, gözəllik və fəlakət idi... tanrının onunla bağlı bir planı olmalıydı... bəs o plan nə idi?”

Oxucunun Lindaya ürəyi yanır və hər yeni macərada onun üçün üzülür. Roy Jacobsen müəllif kimi Finn və digər uşaqları sevgiylə, böyük ürəklə yaradıb. Müəllifin əsər haqqındakı açıqlaması bu baxımdan maraqlıdır: “Qəlbini, ruhunu dəyişmədən necə yetkinləşmək olar? mövzusunda gerçək əhvalatlar. Əsər o uşaqlara həsr olunur ki, bunu bacarıblar. Elə bacarmayanlara da. Onların hamısını sevirəm.”

Müəllif əsas qəhrəmanla yanaşı, digər qəhrəmanları da ustalıqla əsas süjetə daxil edib. Bütün qəhrəmanlar haqqında ətraflı bəhs edilməsə də, oxucu bu qəhrəmanları tanımaqda, təsəvvür etməkdə çətinlik çəkmir. Müəllifin bu qədər obrazı geniş və çoxşaxəli tanıtmadan, oxucuya sevdirməsi böyük uğurdur. Obrazların xarakterləri dialoqlarda üzə çıxır, hekayənin axışında aydınlaşır. Jacobsenin üslubunun ən önəmli özəlliyi budur. Eyni zamanda heç bir obraz təsadüfi olaraq ortaya çıxmır. Hər obraz göründüyü səhnədə önəmli rola sahibdir. Eyni zamanda bütün obrazlar əhvalatın baş verdiyi dönəmi, ötən əsrin 60-cı illərini təsəvvürdə canlandırmaq üçün müəyyən detalları özündə birləşdirirlər.

Müəllifin mövzunu bu qədər ətraflı izah etməsindən, bütün obrazları canlı təqdim etməsindən belə qərara gəlmək olar ki, o bütün obrazlarını yaxşı tanıyır. Uşaqlığı Oslo yaxınlığındakı qəsəbələrin birində keçən müəllif öz həyatını və tanıdığı insanların yaşadıqlarını qələmə alıb. Romanın bizi apardığı ötən əsrin 60-cı illərinin Norveçi bu cür maraqlı və faciəli həyatların çox olduğu kasıb kapitalist cəmiyyətidir. Finnin də bəhs etdiyi “onilliyin” sonuna doğru Norveçə neft pulları axmağa başlayır. Tikinti bumu, kasıbların sürətlə orta təbəqəyə çevrilməsi bu illərə xas olan əsas dəyişiklikdir. Müəllif bir ailənin dramı fonunda qlobal hadisələrə də toxunur – Berlin Divarının tikilməsi, Kennedinin öldürülməsi, Qaqarinin kosmosa uçuşu, Karaib böhranı.

Jacobsenin qələmə aldığı Norveç dəyişikliyə “hamilədir” və bütün obrazlar bu dəyişiklik ərəfəsindədir. Böyük dəyişiklik ərəfəsində evdar və dul qadınların psixologiyası, öz saflığını qoruyan uşaqların gülməli və dramatik əhvalatları oxucunu öz təsiri altına alır.

Jacobsen fəhlə sinfinin kasıb fərdlərini rifah ərəfəsində, dəyişiklik ərəfəsində təsvir edir. İki kiçik uşağın formalaşması və dünyanı anlamaq, dərk etmək cəhdləri incəliklə işlənib. Xüsusən də uşaqların əzilənlərin tərəfini tutması, zəiflərə dəstək olmasa və qoruması uğurlu detal hesab oluna bilər.

Əsəri ingilis dilindən Firidun Ağazadə tərcümə edib. Tərcümənin keyfiyyəti haqqında danışmağı vacib hesab etmədiyimdən, tənqidi qeydlərimi də yazmaq istəmirəm.

Roman o qədər mənalı, faydalı və humanist əsərdir ki, Azərbaycan oxucusunun kitab rəfində yer tutmağa tamamilə layiqdir.

Oxşar xəbərlər

Xəbər lenti

Əməkdar artistin kitabı çap olunub
18:50 02 Mart 2021
Ancelina Coli keçmiş nazirin tablosunu satdı
18:01 02 Mart 2021
Mirzə Cəlili Qoqolun “Kolyaska”sına soxmaq cəhdləri
17:20 02 Mart 2021
Xalq artistinə ağır itki üz verdi
17:13 02 Mart 2021
Aşıqlar dastan oxuyacaq
16:40 02 Mart 2021
Azərbaycan Türkiyə ilə müştərək filmlər çəkəcək - Rəsmi müqavilə imzalandı
15:58 02 Mart 2021
Ən gözəl tərbiyəsizlik: Bakıda divarlara yazılan "dastanlar" - Fotolar
15:16 02 Mart 2021
O film ilk sanballı ekran əsərimizdir – Anar yazır...
14:36 02 Mart 2021
Azərbaycanda yeni qurum yarandı - Nəşriyyatlar birləşdi
13:40 02 Mart 2021
Ekspertdən test sualları ilə bağlı sərt açıqlama: “Bilərəkdən gəncləri elmdən qaçırırlar”
13:01 02 Mart 2021
Məşhur bəstəkarın qızı: “Atamı zibillikdə dəfn eləmişdilər” – Müsahibə
12:15 02 Mart 2021
Anar Kərimov Türkiyənin xarici işlər naziri ilə görüşdü
11:47 02 Mart 2021
Anar Yazıçılar Birliyinin qurultayının vaxtını açıqladı
11:27 02 Mart 2021
Atası gözünün qabağında öldürülən yazıçılar
11:02 02 Mart 2021
Berlin Film Festivalı başladı
10:23 02 Mart 2021
4 yaşlı uşaq şeir müsabiqəsinin qalibi oldu
09:32 02 Mart 2021
Çəpərin üstündən öpdüyüm traktorçu – Fəridədən yeni hekayə
09:03 02 Mart 2021
Mərhum şairin miras vəsiyyəti məhkəməlik oldu
18:56 01 Mart 2021
Türkiyə ilə mədəni əməkdaşlıq sənədləri imzalandı
18:21 01 Mart 2021
Tovstonoqovun kitabı ilk dəfə Azərbaycan dilində
17:49 01 Mart 2021