Müharibədən Nobel qazananlar

Müharibədən Nobel qazananlar
16 dekabr 2015
# 08:30

XX əsr iki cahan müharibəsi ilə yadda qaldı. Bəşəriyyət özünün elmi və mədəni inkişafının pik nöqtəsində bu müharibələri yaşadı.

İnsanlıq öz vicdanı ilə üzləşdi. Qarşıda iki yol vardı. Ya Şərə təslim olub bu vaxta qədər insanlığın əldə etdiyi nailiyyətlərdən əl çəkmək, ya da özündə güc tapıb Şərlə mübarizə aparmaq, bu sınaqdan üzüağ çıxmaq, bəşəriyyəti xilas etmək.

Ağır sınaq idi. Müharibələr, dağıntılar, insanların ölüm düşərgələrində görünməmiş işgəncələrə məruz qalması, qırılan talelər, yarıda qalan ömürlər...

İkinci dünya müharibəsi ilə bəşəriyyət sanki silkindi, şok terapeyası yaşadı, başa düşdü ki, insanlıq daha bu şərtlərlə mövcud ola bilməz. Əgər dünya yarım əsr ərzində iki dəfə dünya savaşına girmişdirsə deməli, təhlükə sovuşmayıb, deməli üçüncüsü qapıda gözləyir. Deməli, bundan qorunmaq lazımdır.

Bunu isə yalnız bu iki dünya müharibəsinin fəsadlarını təkrar-təkrar xatırlatmaqla etmək olardı. Bu məsələdə incəsənətin üzərinə böyük yük düşürdü. Ədəbiyyat bu baxımdan misilsiz işlər gördü. Yazıçılar müharibə, onun fəsadları haqqında saysız əsərlər yaratdılar.

Amma müharibənin üstündən 70 il keçməsinə baxmayaraq əsrimiz yenidən qanla, müharibə ilə üz-üzədir. Hər dəfə dünyanın müxtəlif nöqtələrində baş verən savaşlar bizi qarşıda gözləyən böyük müharibənin elçisi sayılmalı?

Sanki dünyanın düşünən başları da bu təhlükəni görürlər və cidd-cəhdlə İkinci dünya müharibəsinin fəsadlarının unudulmamasına çalışırlar.

Ötən il Nobel mükafatının Patrik Modianoya, bu il isə Svetlana Aleksieviçə verilməsi bu sahədə atılmış addım deyildisə, bəs nə idi?

Gəlin əvvəlcə baxaq görək Nobel komitəsi Patrik Modianoya mükafatı niyə vermişdi: “İşğal dövrünü və ən qarışıq insan talelərini əks etdirən xatirələri uğurla canlandırdığına görə...”

Modianonun özünün də Nobel nitqində dediyi kimi o, müharibə uşağı idi: “Mən də 1945-ci ildə doğulanların hamısı kimi “müharibə uşağı”yam, daha dəqiq sözlərlə ifadə etməli olsam, doğum yerim Paris olduğu üçün mən “müharibə illərinin Parisində doğulmaq məcburiyyətində qalan uşağ”am.”

Baxmayaraq ki, 1945-ci ildə anadan olmuşdu və o amansız illərin ən kəskin dövrünü görməmişdi, bununla belə özünü müharibə uşağı hesab edir, müharibənin ağrı-acısını ömrü boyu canında qəlpə kimi gəzdirir, bunu əsərlərində canlandırırdı.

Modiano qəribə metod seçmişdi. O, Parisin istənilən rayonunun telefon kitabçasını götürüb orda ixtiyari adı seçir, sonra həmin adamın hekayəsini qurmağa çalışır. Misal üçün, Antuan Departye kim idi, müharibə və işğal illərində nə edirdi, kimlərin tərəfində idi, indi itkin düşübmü, ölübmü, sağdırsa harda yaşayır və sair.

Modiano bu üsulla təkcə Prustdan gəlmə “itmiş zamanın axtarışı” missiyasını davam etdirmir, o, həm özünün, həm də parislilərin yaddaşını bərpa etməyə çalışırdı.

Unikal nümunədir. Müharibə bitən ili anadan olasan, müharibənin qızğın illərindən heç bir şey xatırlamayasan, bir dənə alman zabiti, bir ölü görməyəsən, bir gün aclıq, susuzluq yaşamayasan, bununla belə öz təxəyyülünün hesabına şəhərin və insanların yaddaşını bərpa etməyə can atasan. Modianoda bu alınmışdımı? Nəticə göz qabağındadı.

Modiano təxəyyülünün gücü ilə müharibənin fəsadlarını unutdurmamağa, yaddaşlarda saxlamağa çalışırdı. O, sanki öz əsərlərini “yaddaş kartı” kimi yükləyib gələcək nəsillərə ötürməklə məşğul idi: Baxın bu kitablar ona görə yazılıb ki, siz - gələcək nəsillər, müharibənin dəhşətlərini görəsiz və bir daha müharibə barədə düşünməyəsiz.

Əlbəttə, yazının əvvəlində də dedik ki, Avropanın, dünyanın düşünən beyinləri insanlığın yenidən belə bir cahanşümul müharibə ilə üz-üzə qaldığını görür və buna görə də komitə Nobel qalibini seçəndə dünyanın hazırda yaşayan Filip Rot, Kerol Oats, Milan Kundera, Umberto Eko, Haruki Murakami kimi məşhur yazarlarını deyil, məhz əsərlərində qırmızı xətt kimi “İkinci dünya müharibəsi” keçən yazarları seçir.

Bu il isə Nobel komitəsi sanki bu fikri təsdiqləyirmiş kimi mükafatı belarus yazıçı Svetlana Aleksieviçə təqdim etdi. Aleksieviç müharibədən yazırdı. Ona məşhurluq gətirən isə “Müharibənin qadın siması yoxdur” əsəri idi. Aleksieviçin yaradıcılığına komitənin verdiyi qiymət belədir: “Polifonik yaradıcılığı - zəmanəmizdə iztirab və cəsarətə abidə qoyduğu üçün.”

Aleksieviçin sonralar yazdığı “Sonuncu şahidlər”, “Sink oğlanlar” əsərləri də müharibə fəsadlarından, onların qurbanlarından bəhs edirdi. Yazıçıya şöhrət gətirən “Müharibənin qadın siması yoxdur” əsəri isə İkinci dünya müharibəsində iştirak etmiş qadınların xatirələrindən ibarət idi. Aleksieviçin Nobel alması oktyabrdan bəri müzakirə mövzusudur. Mütəxəssislər onun yaradıcılığını sənədli nəsr adlandırırlar. O, özü isə yaradıcılığı barədə Nobel nitqində belə dedi: “Müharibədən dərhal sonra Teodor Adorno silkələnmişdi: “Osvensimdən sonra şeir yazmaq – vəhşilikdir.” Mənim müəllimim, adını bu gün minnətdarlıqla çəkdiyim Ales Adamoviç də hesab edirdi ki, XX yüzilin dəhşətləri haqda nəsr yazmaq kafirlikdir. Bu yerdə özündən nəsə uydurmaq olmaz. Həqiqəti vermək lazımdır, olduğu kimi. “Fövqəl-ədəbiyyat” tələb olunur. Şahid danışmalıdır.”

Aleksieviçin yaradıcılığının əsas xüsusiyyəti bundan ibarətdir ki, o, demək olar yazıçı üçün vacib xüsusiyyətlərdən biri sayılan təxəyyüldən istifadə etmir. Onun yaradıcılığı gerçək faktlar əsasında hörülür. Aleksieviç istər “Müharibənin qadın siması yoxdur”, istər başqa əsərlərini yazarkən əvvəlcə araşdırma aparıb müharibə qurbanlarını tapır, onları danışdırır, sonra isə onların fikirlərini cüzi bədii boyalarla təqdim edir. Yəni Modianonun qəhrəmanlarından fərqli olaraq Aleksieviçin qəhrəmanları hansısa telefon kitabçasından götürülməyib, uydurma deyillər. Onlar N saylı hərbi hissədə xidmət etmiş, filan-filan adda qadın əsgərlərdir, müharibə başlayan kimi anasından ayrı düşüb uşaq evinə göndərilmiş qızlardır.

Ola bilsin ki, ədəbiyyat adamları jurnalistika ilə yazıçılığın “Suqovuşan”ında dayanan bu yazıçını əsl ədəbiyyat adamı kimi qəbul etməsinlər. Onu inkar etsinlər. Amma bir gerçək var ki, müharibənin ağrısını öz yaddaşının süzgəcindən keçirib gələcək nəsillərə ötürən Modiano kimi Aleksieviçin də məqsədi topladığı bu gerçək həyat hekayələrini, bəzək-düzəksiz, çılpaqlığı ilə gələcək nəsillərə ötürməkdir. Bəzən həqiqət o qədər aydın, o qədər şəffaf olur ki, onu göstərmək üçün əlavə enerjiyə, əlavə cəhdə ehtiyac qalmır. O, özü-özünü göstərməyə bəs edir. Xolokost faciəsini göstərmək üçün “Xolokost” sözünün özündən qüvvətli bənzətmə varmı?!

Bu baxımdan Modianonun da, Aleksieviçin də məqsədi eynidir. Müharibənin necə dəhşətli olduğunu gələcək nəsillərə ötürmək, onları bu dəhşətlərdən uzaq tutmaq.

Elə Nobel Komitəsinin mükafatı ötən il Modianoya, bu il isə Aleksieviçə - bir-birinə zidd qütblərdə dayanmış yazıçılara verməkdə məqsədi eynidir: Nəyin bahasına olursa-olsun müharibə dəhşətlərini gələcək nəsillərə çatdırmaq.

Modiano da, Aleksieviç də Marafondan Afinaya dayanmadan qaçan Fidippiddirlər. Amma bu dəfə gətirdikləri qələbə xəbəri deyil, təəssüf ki: Müharibə qapınızı döyəcləyir! Ehtiyatlı olun!

# 1295 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #