İmir Məmmədlinin yeni hekayəsi - "TOY"

İmir Məmmədlinin yeni hekayəsi - <span style="color:red;">"TOY"
11 dekabr 2015
# 13:15

Kulis İmir Məmmədlinin “Toy” hekayəsini təqdim edir.

- Bas girəcək!

- Basıram də, girmir !

- Bir az da bas !

- Əşşi, basıram, xeyri yoxdur !

Bu səs toya üçcə gün qalmış bəy evindən çıxıb astananın beşaddımlığınadək yayılırdı.

Dəvətnamələr paylanmış, çalğıçılarla danışılmışdı. Lakin...

Bu səhər məlum olmuşdu ki, təzə bəy üçün Türkiyədən gətirilən toyluq ayaqqabı bəyin ayağına olmur.

“Olmur” sözü bəlkə də vəziyyəti tam dəqiqliyi ilə əks etdirmir. Bəlkə də təzə bəy, yəni evin ilk beşiyi Vəli canından keçib, qıçına-topuğuna güc verib ayaqlarını birtəhər ayaqqabıların darısqal boğazlarına pərçimləsə, evdəkilər sevincdən – oldu – deyə elə qışqırardılar ki, səs seyrəkevli dağ kəndini yarıb düz gedib qız evinə çatardı, amma Vəli belə sevinci doğura biləcək hadisənin qabağında aciz idi.

Vəlinin əzabkeş anası Xadicə arvad gözünün ilkinin başının üstünu kəsdirib neçənci dəfədir ruhlandırıcı tərzdə deyirdi:

- Ayə, möhkəm bas, bəlkə oldu.

- Basıram də! – Vəli də neçənci dəfədir qayğıkeş anasının üzünə çəmkirirdi, - görürsən, olmur.

- Bir az da möhkəm bas, - Xadicə arvad da (inadından dönmürdü demək istəmirəm), ümidini itirmirdi, - bir də gördün oldu!

- Ay ana, - Vəli oturduğu yerdən altdan yuxarı baxıb hirsini boğa-boğa izah edirdi, - tutalım ayağımı bir təhər dürtdüm, bəs ayağımı bir bu qədər sıxan ayaqqabıda təzə bəyə yaraşacaq yerişlə yeriyə biləcəmmi? Axsasam, hamı deyəcək, bəy topaldı.

- Əə, kəndin camaatı sənin topal olmadığını bilmirmi?—nəhayət söhbətə Pirməmməd kişi qarışmalı oldu.

- Ata, “Yanıq Kərəmi” çalınacaqmı? “Şalaxo” çalınacaqmı? Mən bu ayaqqabılarda taytıya-taytıya nə “Şalaxoya” oynaya bilərəm, nə də “Yanıq Kərəmi” havasına!

- Orası elədir.—Pirməmməd razılaşdı.

- Hələ bir geyin, bəlkə oynaya bildin!—Xadicə arvad dedi.

- Bilirəm, oynaya bilmərəm!—Vəli ümidsizcəsinə dilləndi.

Pirməmməd kişi yerindən durub təmkinli addımlarla ayaqqabılara yaxınlaşdı, onların sağ tayını yerdən götürüb mənalı baxışlarla süzərək əlində o yan, bu yana çevirdi.

- Bəlkə içinə keçi piyi çəkək,-- dedi.

- Əla fikirdi, - Xədicə ərinin təklifini təsdiqlədi səhərdən heç ağlıma gəlmir, boğazlarına piy çəkək, ayaqların sürüşüb girəcək.

- Yalın ayağıma geyim?—Vəli yerdəki ayaqqabını götürüb etirazla soruşdu.

- Yalın ayağına niyə geyirsən? - Pirməmməd öz təklifini təsdiqlədi, - keçi piyi elə köpəyoğlu şeydi ki, corablı ayağın da sürüşüb girəcək.

- Gətirin görək! - Vəli könülsüz də olsa, razılaşdı.

Xadicə arvad bu müşkül işin həllin tapmış kimi sevincək gedib qara gün üçün arxa otaqda taxçada saxladığı yarımbanka keçi piyini gətirib Vəlinin əlindəki ayaqqabının sol tayını bir növ hiddətlə qapdı.

- Gətir görüm, mən bunun içini yağlayım, sən gör necə olacaq!

O əvvəlcə ayaqqabının sol, sonra Pirməmmədin əlindəki sağ tayının içini yaxşı-yaxşı yağladı və işin çəmini tapıb həll etmiş adamlar kimi hələ də kətildə oturub anasının hərəkətlərini diqqətlə izləyən Vəliyə uzatdı.

- Aha, indi geyin, gör necə olacaq!

Vəli ayaqqabının sol tayını götürüb kötmül ayağına geyinməyə cəhd etdi. Gözlərini yumub ayağını var-gücü ilə ayaqqabının içinə təpərək- Iıııı!-deyə gücəndi.

- Bir az da bas! - Pirməmməd oğluna ürək-dirək verdi, - bas, qorxma!

- Basıram də! - Vəli dönüb atasının üstünə çəmkirdi.

- Ə, nazlanma, kişi deyilsənmi, səni əbəs yerə evləndirmirik ki!? Bas, girəcək! - Pirməmməd, bəlkə gücünü əsirgəməsin deyə, Vəlini qıcıqlandırmağa cəhd etdi.

Vəli gücənib bir az da basdı. Nə qədər qəribə olsa da, onun sol ayağı ayaqqabının içinə pərçimləndi.

- Oldu!—Xədicə sevincindən qışqırdı, - Oldu! Ürəyimdə Xıdır Əlləzi köməyə çağırmışdım, bilirdim, o bizi darda qoymaz!

- İndi o biri tayını geyin, - Pirməmməd ümidlə dilləndi.

- Biri oldusa, o biri də olacaq! - Xadicə arvad ürəkləndi.

Vəli ayaqqabının sağ tayını götürüb həmin üsulla onu da geyinməyə başladı. Xeyli cəhd etdi, xeyli çalışıb-çabaladı, fəqət ayağı ayaqqabıya yerləşmədi ki, yerləşmədi.

- Neynim, olmur! - Vəli başını qaldırıb onu faydasız ruhlandıran valideynlərin üzünə baxdı. Pirməmmədlə Xadicə udquna-udquna qaldılar. Təzə bəy ayaqqabının sağ tayını əlində o yan-bu yana çevirib ümidsizcəsinə təkrarladı, - olmur!

- Bəs neynəyək, toy günü təyin olunub, camaat çağırılıb, gəlin evində, necə deyərlər, artıq atdandırma çalınır...

- Neynim, öz toyuma yanıyırtıq sapoxları geyinə bilmərəm ki?—Vəli yerindən dilləndi.

- Bəlkə Qüdrətə deyəsən, bir baxsın, ayaqqabıların içini irdələsin, bəlkə bir az yekəsini tapdı... - Pirməmməd son ümiddən yapışdı.

- Dedim, hamısını satıb...—Xadicə acizanə səslə dilləndi.

- Bəlkə bunun ayağının ölçüsünü deyək, təzəsini alıb gətirsin!...

Ərinin bu təklifinə Xadicə arvad susub cavab vermədi. Ona görə cavab vermədi ki, birincisi, keçən dəfə Qüdrət Türkiyəyə mal dalınca yollanmamışdan bir həftə qabaq Vəlinin ayağının ölçüsünü tam dəqiqliyi ilə ona demişdi, hələ onu da əlavə eləmişdi ki, toyluq ayaqqabıdır, bir az urvatlısından alsın. Aha, aldı, gətirdi. Aldığı başına dəysin. İkincisi, Qüdrət mal dalınca dörd ayda bir dəfə gedir, bu dəfə lap dəqiqliyi ilə alıb gətirsə də, toya çatdıra bilməz, necə deyərlər, xeyir iş gəlib qapının ağzını kəsdirib. Təcili ayaqqabı dalınca Bakıya, lap belə rayon mərkəzinə adam göndərmək də mümkün deyil, neçə gündü aramsız yağan qar yolu-izi bağlayıb, bir də yazın ortalarında açıla - açılmaya. Bəs neynəsinlər?

- Başımıza nə daş salaq? - Xadicə arvad “bəs neynəyək? ”fikrini belə ifadə etdi.

Elə bu ara qapı açıldı, evin sonbeşiyi Əli (o Vəlidən üç il sonra dünyaya gəlmişdi) əlində bir qucaq iri-iri yarılmış odun içəri girdi. O, yarmaçalardan bir-ikisini ocağa atıb Vəliyə yaxınlaşdı.

- Olmadı?—deyə soruşdu.

- Yox! – Vəli sol ayağındakı ayaqqabını darta-darta dilləndi.

- Amma mənə olur. - Əli laqeydcəsinə dedi.

- Sənə olur? - Xadicə arvad soruşdu, - nə bilirsən sənə olduğunu?

- Səhər elə-belə geyindim, - Əli həmin tərzdə dilləndi, - düz ayağımın üstündədir.

- Götür geyin görüm! - Xadicə bir növ sevincək dilləndi.

Əli ayaqqabının sağ tayını götürüb çox asanlıqla ayağına geydi.

- Onu da ver, geyinim, - əlini Vəliyə tərəf uzadıb sol tayını istədi.

- Çıxır kı, verim?—Vəli sol ayağını bərk-bərk sıxan ayaqqabını var-gücüylə dartdı.

- Çıxmır? - Əli soruşdu.

- A bunu tikənin!...Pirməmməd kişi dişlərinin arasında mızıldandı.

Əli Vəlinin sol ayağındakı ayaqqabıdan yapışdı.

- Sən ayağını bərk tut, - deyib dartdı, - qorxma, çıxacaq, - bir də dartdı. Ayağı ayaqqabıdan azad olanda, Vəli qeyri-ixtiyari inildədi. Əli isə ayaqqabını Vəlinin kötmül ayağından çıxaran kimi öz sol ayağına geydi.

- Aha, elə bil mənim ayağımın üstündə tikiblər, - Əli bir növ sevincək dedi.

- Nahaq deməyiblər, bir yandan bağlayan, digər yandan açar... – Xadicə arvad Əlinin ayağındakı ayaqqabılarına baxa-baxa dedi.

- Nəyi nəzərdə tutursan? – Pirməmməd şübhəli tərzdə soruşdu.

- Elə dediyimi nəzərdə tuturam.

- Arvad, müəmmalı danışırsan, sözünün mustafasını de, görək nə deyirsən? – Evin kişisi soruşdu.

- Sözümün mustafası odur ki,- Xadicə arvad azca sezilən tərəddüdlə dilləndi - deyirəm, gəl bu dəfə Əlini evləndirək, toyluq ayyaqqabı onun ayağına lap rahat olur. Qoy, Vəli sonraya qalsın. Qüdrət gələn dəfə Türkiyəyə gedəndə deyərik, düz ayağının ölçüsündə alar, onu da evləndirərik.

- Sən nə danışırsan? – Pirməmməd kişi təəccüblə soruşdu.

- Bəs hancarı eyləyək? – Xadicə arvad qərarını əsaslandırdı, - Allahla Allahlıq eyləməyəcəyik ki? Görünür, gözə görünməz kişi belə yazıbmış...

- Qız evinə nə deyək? – Pirməmməd yenə dilləndi, - Xanəhməd deməzmi, a quda, qızı əvvəlcə oğlunun birinə alırdın, indi də o birinəmi alırsan?


- Xanəhməd heç nə deyə bilməz. Biz Gülüzara elçi gedəndə, demədik ki, Vəliyə alırıq.

- Bəs nə dedik?- Kişi soruşdu.

- Dedik ki, Xadicə sözünə davam etdi, - Bugünkü gün kimi yadımdadı, dedik, qızınızı oğlumuza almaq istəyirik. O da dedi, nə deyirəm, bir qız bir oğlanındı... Allah mübarək eyləsin. İndi nə fərqi var, atqulağı iki qardaşdı, olmasın Vəli, olsun Əli! Hə, nə deyirsən?

- Nə deyim, vallah! – Pirməmməd tərəddüd içində çiyinlərini çəkdi.

- Zornan deyil ki! gələn dəfə də bir iy südü əmmişin birini tapıb Vəliyə alarıq. Hə, Əli nə deyirsən?

- Nə deyəcəm?! Vəli eytiraz eyləmirsə, mən razıyam, - Əli dedi.

- Mən niyə eytiraz eyləməliyəm ki? – Vəli alçaqdan dilləndi, - onsuz da ayaqqabı mənim ayağıma olmur, güc-bəla ilə dürtsəm də ki, toyda heç “Uzundərə” havasına belə oynaya bilmərəm, hələ “Yaniq Kərəmlə” “Şalaxonu” demirəm.

- Yaxşı, başqa nə çarə! – Son qərarı evin başbiləni verdi, - qoy bu dəfə Əli evlənsin, gələn dəfə də, inşallah, Vəlini evləndirərik.

***

Bu minvalla düz üç gün üç gecədən sonra toy oldu. Gəlinin yanında təzə bəy qismində Vəlini yox, Əlini görən Xanəhməd udqundu, Pirməmmədə nəsə demək istədi, namusa boğuldu, el içində demədi. Təzə qudanın üzünə eləcə mənalı-mənalı baxdı.

Yalnız toy axşamı bəylə gəlin yanaşı oturanda, Gülüzar üzündə dağ qızına xas abır-həya, başını ehmalca qaldırıb dodaqaltı pıçıldadı:

- Elə bilirdim, məni Vəliyə verirlər.

- Ayaqqabı Vəlinin ayağına olmadı, mənim ayağıma rahat oldu, - Əli qızın cavabında alçaqdan dilləndi.

- Lap yaxşı, demək sənin qismətindəyəmmiş, - Güluzar bunu deyib başını yenə aşağı saldı.


***

Asta başlayan toy məclisi get-gedə qızışdı, bəyliyə birinci namizədin ürəyinə damdığı kimi “Uzundərə” havasından başlayan çalğıçılar “Heybəgülünə”, “Heybəgülündən” “Yanıq Kərəmə” “Yanıq Kərəmdən” “Şalaxoya” “Şalaxodan” da “Ləzginkaya” keçdilər... Bəylə gəlin bütün havalara oynadılar. Vəli də oynayanlara qoşulub böyrüyırtıq çəkmələri kələ-kötür döşəməyə ilişə-ilişə çalınan havalara uyğun qol qaldırıb cani-dildən rəqs etdi.

# 923 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #