“Ağ atlı oğlan” - Seymur Baycanın hekayəsi

“Ağ atlı oğlan” - Seymur Baycanın hekayəsi
4 dekabr 2015
# 15:41

Kulis Seymur Baycanın “Ağ atlı oğlan” hekayəsini təqdim edir.

(romantik hekayə)

Səhər açılanda tutqun olan hava indi bir az da boğularaq dərə-təpənin və düzənliyin sükutunu artırırdı. Hava birdən elə tutulurdu ki, istəyirsən qaşıqla qarışdır, bıçaqla kəs. Yolu uzundu deyə keçmişi, bu günü, gələcəyi haqqında düşünməyə Ulduzun xeyli vaxtı vardı. Düşüncələrindən asılı olaraq o gah sürətlə, gah da yavaş yeriyir, bəzən isə dayanırdı.

Səhər qatardan düşəndə Ulduz vağzal binasının qarşısında dayanmış bir dəstə uşaq gördü. Uşaqlar əllərini irəli uzadıb pul dilənirdilər. Deyəsən onlar bu yola təzə düşmüşdülər. Hələ kifayət qədər sırtıqlaşmamışdılar. Adamlara mane olmurdular. Təqribən on iki-on üç yaşlı qaragöz qız Ulduzun diqqətini cəlb etdi. Bu qız çəmənlikdə açılan tək lalə kimi uşaqların hamısından seçilirdi. Yanaqları sərin havada qızarmışdı. Qara saçları açıq boynuna səpələnmişdi. Üç-dörd yaşlı bir oğlan uşağının əlindən tutmuşdu. Ulduz birbaşa qaragözlü qızı tuşlayıb dəstəyə yaxınlaşdı. Uşaqların gözləri Ulduza zilləndi. Onların baxışlarında həm maraq, həm də qorxu vardı. Qaragözlü qız bir addım geri çəkildi.

- Salam uşaqlar!

Heç kimdən səs çıxmadı. Uşaqlar daha artıq diqqət və ehtiyatla Ulduza baxdılar.

- Adın nədir, ay qaragöz qız? - Ulduz qızın başını sığalladı.

Qaragöz qız tutuldu, gözünü Ulduzdan çəkmədən dedi:

- Kimin? Mənim?

- Hə, sənin.

- Adım Məlahətdir.

- Gözəl adın var. Bu ad sənə çox yaraşır. Sənin kimi gözəl qızın adı ancaq Məlahət olmalıdır. Məlahət, bu oğlan sənin nəyindir?

- Kimin, mənim?

- Hə sənin.

Qaragöz qız cavab verənə qədər uşaqların arasından cırtdanaoxşar dörd-beş yaşlı oğlan yekə başını irəli uzadıb dedi:

- Qardaşıdır.

Cırtdanaoxşar uşaq başına qoyun dərisindən tikilmiş nimdaş papaq qoymuşdu. Əyninə yekə pencək geyinmişdi. Ayağına xeyli palçıq yığmış yekə ayaqqabı keçirmişdi. Belə bir geyimdə o həm gülməli, həm də yazıq görünürdü. Üzü köpmüş və göy ləkələrlə örtülmüşdü. Burnundan axan fırtıq ağzının ətrafına yayılmışdı. Hava kifayət qədər soyusa da təbiətə müqavimət göstərən bir sırtıq milçək bayaqdan uşağın ağzı ətrafında uçuşaraq fırtığının üstünə qonmaq istəyirdi. Ulduz uşağa mehriban nəzər salıb cibindən dəsmal çıxartdı. Uşağa yaxınlaşıb burnunu silmək istədi. Şübhəli nəzərlərlə Ulduza baxan uşaq birdən ağladı. Dəstədən aralanıb ayaqları dolaşa-dolaşa harasa getdi. Birdən-birə Ulduzun bütün vücudunu ağır kədər bürüdü. Kədər onun boğazını göynətdi. Ulduz hönkürüb ağlamamaq üçün bütün gücünü səfərbər etməli oldu. O, özünü uşaqların qarşısında aciz hiss edirdi. Ulduza elə gəldi ki, bu uşaqlar onun doğma bacıları, doğma qardaşlarıdır. Yalnız bircə fərq vardı ki, onların yanında Ulduz çox sığallı, bəzəkli görünürdü. Geyimi, görkəmi onların üst-başı ilə heç bir müqayisəyə gəlmirdi. Bu kəskin fərqə görə Ulduz utandı, müqəssir kimi başını aşağı saldı. Sanki üzünə dikilmiş baxışlarla uşaqlar ona ittiham oxuyub deyirdilər: Niyə sən eləsən, biz beləyik?

Ulduz Məlahəti qucaqlayıb öpdü. Boynundakı ipək yaylığı açıb qaragöz qızın başına bağladı.

Səhər vağzalda baş vermiş hadisəni səssiz çöldə xatırlayan Ulduz indi rahatlıqla heç kimdən utanmadan-çəkinmədən hönkürüb ağladı. İri damlalar gözündən dayanmadan axırdı. Heç kəsin görmədiyi, heç kəsin eşitmədiyi bu geniş çöldə öz hisslərinə azadlıq vermişdi. İnsanların baxışlarından uzaq bir yerdə göz yaşları bulaq suyu kimi axırsa, qoy axsın! Ağlayıb-ağlayıb səhərdən bəri ürəyini sıxan kədərdən, ağırlıqdan azad oldu. Üz-gözünü dəsmalla silib rahatlaşdı.

Elə bu zaman kolların arasından bir ağ at çıxdı. Ağ atın üstündə gənc bir oğlan şax oturmuşdu. Oğlan Ulduzun on-on beş addımlığında yüyəni çəkib ağ atı saxladı. O, uzunboğaz çəkmə, döşündə qoşa cibi olan göy pencək, qara şalvar geyinmişdi. Ciblərdən birində bloknot, birində diyircəkli qələm vardı. Qələmin başı yeyilmişdi. Pencəyinin qabağı açıq idi. Altdan zolaqlı matros köynəyi görünürdü. Ov tüfəngini çiynindən aşırmışdı. Birdən-birə kolların arasından ağ atlı oğlanın çıxması özündən asılı olmayaraq Ulduzun fantaziyasını bərk qıcıqlandırdı. Səssiz çöldə ağ atın göstərdiyi təsirin qarşısında Ulduz aciz qaldə, özünə nəzarəti itirdi. O, ağ atın göstərdiyi güclü təsirin qabağında heç cürə sakit dayana bilməzdi. Bəlkə də atın rəngi ağ yox, qara, ya da boz olsaydı Ulduzun fantaziyası belə bərk qıcıqlanmazdı. Ona elə gəldi ki, uzun müddət hələ uşaqlıqdan axtardığı xoşbəxtlik nəhayət özü gəlib onu tapmışdı. Ulduz ağ atın üstündə oturmuş oğlanın sifətinə baxdı. Oğlanın üz cizgiləri yerində olsa da ümumilikdə götürəndə yaraşıqlı sayılmazdı. Lakin atın rənginin ağ olması oğlanı Ulduzun gözündə bir neçə saniyəyə yaraşıqlı oğlana çevirdi. Lənətə gəlmiş həyatımız lakinlərlə, ammalarla, ancaqlarla, əgərlərlə doludur və bu lakinlər, ammalar, ancaqlar, əgərlər bir anda, heç gözləmədiyimiz bir vaxtda həyatımızın məcrasını dəyişir.

- Salam, gözəl xanım. Bizim çöllərə girmək asan, çıxmaq çətindir. Gəlin oturun tərkimdə, hara deyirsən səni aparım - deyərək ağ atlı oğlan xəfifcə güldü. Odlu baxışlarını qızın qabarmış sinəsində gəzdirərək qırmızı yanaqlı ağ üzündə saxladı. Təmiz hava, romantik duyğular, pərvazlanmış xəyallar qızın yanaqlarını qızartmışdı.

Oğlanın sizlə yox, sənlə danışması Ulduzu azca kədərləndirdi, amma orasını da fikirləşdi ki, kənddə böyümüş bir adamdan mədəni danışıq, nəzakətli davranış gözləmək bir qədər ədalətsizlikdi. Hər şeyin zamana ehtiyacı var.

- Ayıdan qorxan meşəyə girməz. Bu sakit çöldə addımlamaq mənim üçün çox xoşdur. Adamın beyni dincəlir. Çoxdandır belə sakit bir yer axtarırdım. Heç kim mane olmasın və mən də rahatlıqla həyat haqqında düşünə bilim. Sakitlik insana çox lazımdır, yoxsa insan həyat haqqında düşünə bilməz - Ulduz nazlana-nazlana həm də müdrikcəsinə cavab verdi. O, bacardıqca mədəni və ağıllı danışmağa çalışırdı.

Ulduz uşaqlıqdan atı sevirdi, lakin yükdaşıyan qoşqu atlarını yox, minik atlarını! Şəhərdə bayram nümayişlərinə çıxanda milli paltar geyinmiş oğlanların altında cilov gəmirən atlara heyranlıqla baxardı. Ata minmək, atın üstündə yol getmək onun şirin xəyallarından biri idi. Ona görə də ağ atlı oğlanın təklifini açıq sevinclə qarşıladı. Ulduz ilk dəfə ata minənlər kimi çaşqınlıq göstərmədi, asanlıqla qalxıb atın belində yerini bərkitdi. Ağ at fınxıraraq irəli cumdu, özünü kolluğa saldı. Oğlan ağ atın cilovunu çəkib yola qaytardı. Arxada heç kim olmasa da Ulduz arxaya çevrilib məchulluğa əl etdikdə - o, hər şeyə sehrli don geyindirməyi xoşlayırdı - az qaldı ağ atın üstündən aşıb yerə düşsün, lakin oğlan tez sağ əliylə onun belindən tutub yıxılmağa qoymadı.

- Ehtiyalı ol, məndən bərk yapış. Atdan yıxılmaq çox pis şeydir. Allah göstərməsin. Atım xoşuna gəlirmi?

- Uşaqlıqdan belə bir günün həsrətindəydim.

- Çox xoşbəxtəm ki, mənim vasitəmlə arzuna çatdın.

Ağ atlı oğlan daha nəsə dedi. Lakin Ulduz həyəcanlı olduğundan onun nə dediyini dəqiq eşitmədi. Ulduzun bütün fikri ağ atda, gözəlliyindən doymadığı çöllərdə idi. Hər şey onu həyəcanlandırırdı. Hətta saçını isladan şehə oxşar sısqa yağış da ona ləzzət verirdi. Otların, kolların üstünə sanki işıldayan narın muncuqlar düzmüşdülər. Kolların budaqlarına tək-tək quşlar qonmuşdu. Arada civildəyib tərpənməsəydilər quşları kolların yarpaqları hesab etmək olardı. Bu mənzərə Ulduzun ürəyində indiyə qədər duymadığı yeni sevinclər oyadırdı. Ulduzun xəyali boyalara qənaət etməyərək gələcək səadətin rəsmini çəkməkdə idi. Ağ atlı oğlan çiyninin üstündən Ulduza baxdı. Maye muncuqlar Ulduzun saçlarına, kirpiklərinə, alışıb yanan üzünə də düzülmüşdü.

- Üşümürsən ki? Soyuqdursa pencəyimi verim.

- Yox, üşümürəm.

Ağ atlı oğlan kolların, otların üstündə işıldayan narın damcıları göstərdi:

- Bax, gor necə gözəldir. Buna nə şeh demək olar, nə də yağış.

- Mən heç vaxt belə şey görməmişəm, olduqca gözəldir. Nə yaxşı ki, sizə rast gəldim.

- Mən səndən də artıq sevinirəm. Səni uzaqdan görən kimi dedim bu gün bəxt üzümə gülüb. Yoluma qəşəng xanım çıxıb. Rəhmətlik nənəm həmişə deyərdi ki, bala, yoluna ağbəniz gəlin çıxsa qorxma, irəli get, işin avand olar. Yoluna qarayanız gəlin çıxsa getmə, qayıt geri. Məni qınamayın, qədimdən qalma, dədə-baba sözlərinə bir az aşiqəm. Uşaqlıqdan girib beynimə. İnanmışam. Deyəsən sən də atalar sözünə vurğunsan?

- Hardan bildiniz?

- Eh xanım, şəhərlilər elə bilirlər ki, kənddə ancaq avam adamlar yaşayır. Daha bilmirsiz ki, biz hər quşun yuvasını tanıyırıq. Bizim də ürəyimiz var. Axı ürəksiz necə yaşamaq olar?

Ulduz ağ atlı oğlanın sözlərində əlavə bir məna axtarmadı. Bu sözləri kənddə böyümüş sadə bir oğlanın ədalı-ədalı danışıb özünü göstərməsi kimi qəbul etdi. Əgər özünü göstərmək xoşuna gəlirsə, qoy göstərsin. Görünür bir az ədabazdır. Əsas odur ki, ürəyiaçıq adam olsun. Ağ at balaca bir təpəyə çıxdı. Burda ağ at qulaqlarını şəklədi. Oğlan cilovu çəkib atı saxladı.

- Nə oldu?

Oğlan buralarda hər şeyə bələd olduğunu bildirən arxayınlıqla dedi:

- Yəqin qabaqda heyvandan zaddan var. Mənim atım heç vaxt boş yerə qulaqlarını şəkləmir. Çox ağıllı atdı. Neçə dəfə almaq istəyiblər satmamışam. Heç vaxt satmaram. Bu atı hamıdan çox istəyirəm. Sakit ol. Qorxma.

Oğlan atın cilovunu şalvarının kəmərinə keçirtdi. Çiynindən aşırdığı ov tüfəngini çıxartdı. Məndən bərk yapış, xanım - deyib atması bir oldu. Gurultu çölü titrətdi. Ağ at sıçrayıb irəli cumdu. Ulduz oğlanı bərk-bərk qucaqladı. Başqa əlacı yox idi. Hər an yəhərdən qopub yerə düşə bilərdi. Həm maraq həm də həyəcan dolu bir səslə soruşdu:

- Nə oldu?

İkinci dəfə təkrar olunan bu sual ağ atlı oğlanı ehtiraslandırdı.

- Məndən bərk yapışın, xanım - deyib ağ atı irəli sürdü.

Ulduz nə hadisə baş verdiyini bilmək həvəsi ilə oğlandan bərk-bərk yapışaraq irəli baxırdı. Oğlan kolların qalınlaşdığı yerdə atı saxlayıb qışqırdı:

- Baxın, baxın.

Ulduz diqqətlə irəli baxdıqda heyrətdən gözləri böyüdü. Böyük bir tülkü qanına bulaşmış bir halda dəhşətli bir əzab içərisində ölümlə çarpışırdı. Şələ quyruğunu o yana bu yana çırpır, çapalayaraq yeri cırmaqlayırdı.

- Kəndə gedirdi. Fürsət düşən kimi kiminsə toyuğunu oğurlayacaqdı. Bu vaxta qədər mənim gülləm boşa çıxmayıb.

Ulduzun maraqdan, heyrətdən, həyəcandan böyümüş gözü tülküyə dikilib qalmışdı. Güllə bu balaca vəhşinin bağırsaqlarını çölə tökmüşdü. Buna görə də həyatdan əzabla, yavaş-yavaş ayrılırdı. Şiddətli ağrı tülkünü gah dırnaqları ilə torpağı cırmaqlamağa, gah da ayağını ağzına salıb çeynəməyə məcbur edirdi.

- Bu nə əzablı ölümdür!- Ulduz başını yana çevirdi.

- Bu saat onun işini yüngülləşdirərəm.

Oğlan ikinci dəfə tülküyə atəş açdı.

- Ah siz nə etdiniz? Bu nə amansızlıqdır?

Ağ atlı oğlan onun suallarını eşitmirmiş kimi gülə-gülə dedi:

- Bilirsən xanım, bu toyuq cinsi ki var, çox yazıq, aciz, bədbəxt heyvandır. Tülkü də fürsət düşən kimi toyuqları oğurlayıb yeyir. Əgər sən bircə dəfə tülkünün toyuq oğurlamasını öz gözünlə görsən, bu əclafın dərisini çəkib boğazından çıxartsalar uf deməzsən. Keçən həftə kənddən qayıdanda gördüm bir tülkü oğurladığı toyuğu yeyir… Bu namərdin qanını da içsən yenə azdır. Tülkülərə qarşı çox amansızam, çünki toyuqlara yazığım gəlir.

Bu sözdən oğlanın özünün də xoşu gəldi. Ona görə təkrar etdi:

- Tülkülərə qarşı çox amansızam, çünki toyuqlara yazığım gəlir.

Oğlan atdan yerə hoppandı. Ulduzun belindən yapışıb onu yüngül bir əşya, məsələn, içi boş plastmas vedrə kimi torpağın üstünə qoydu. Ulduz oğlanın gücünə heyran oldu. Ağ atlı oğlan qısa vaxtda tülkülərin toyuqlara tutduğu divan barəsində çoxlu cürbəcür əhvalatlar danışdı. O, pencəyini soyunub yerə sərdi və birdən-birə müqəddiməsiz-filansız Ulduza dedi:

- Soyun uzan pencəyin üstündə?

- Nə?

- Qulağın zəif eşidir? Deyirəm soyun uzan pencəyin üstünə.

Hər şey bir anda Ulduza aydın olsa da gərəksiz suallar verdi:

- Axı niyə? Nəyə lazımdır bütün bunlar?

- Necə yəni nəyə lazımdır? Ona görə lazımdır ki, mən belə istəyirəm.

- Xahiş edirəm...

- Boş-boş danışma. Nə özünü yor, nə də məni. Elə etmə səni də o tülkünün gününə salım. Axı sənə dedim ki, hələ bu vaxta qədər gülləm boşa çıxmayıb.

- Mən istəmirəm.

- Xanım, burda səndən və məndən başqa heç kim yoxdur. Vaxt azdır. Məni əsəbiləşdirmə. Soyun uzan pencəyin üstünə.

Ulduz bərkdən hönkürdü. Onu bərkdən hönkürdən bir azdan zorlanacağı qorxusu deyildi, onu hönkürdən bütün xəyallarının və arzularının əvvəldə darmadağın olması idi. Bəlkə də dünya yaranandan bəri böyük arzuların belə gözlenilmədən fəlakətə uğramasını hələ heç kim görməyib. O, özünün məhv olmuş arzuları üçün göz yaşı axıdırdı.

- Ağlama, ağlamaq lazım deyil. Sakit ol.

- Saxlaya bilmirəm, özü axır.

- Qadınlar ağlayanda ürəyim sıxılır. Nə olursa olsun bircə qadınlar ağlamasın. Mən istəyirəm sən güləsən.

Birdən Ulduza aydın oldu ki, oğlan çox rəvan danışır.

- Siz institut qurtarmısınız?

- Yox.

- Bəs bu cür danışmağı hardan öyrənmisiniz?

- Qardaşımdan.

- Qardaşınız harda oxuyub?

- Bakı Dövlət Universitetində. Fəlsəfə fakültəsində. İndi Almaniyadadı.

- Aydındır.

- Xanım, axı bu söhbət nəyə lazımdır. Mən çox səbrli adamam, amma səbrim daşanda çox qəddar oluram. Ona görə də çalışın səbrim daşmasın. Yoxsa səni də uzadacam o tülkünün yanına. Başa düşdün?

- Başa düşdüm.

- Onda soyun uzan pencəyin üstünə. Özün də səsini çıxartma. Qışqırma.

- Yaxşı. Bir xahişim var. Mənə iki dəqiqə vaxt verin göyə baxım.

- Göyü neynirsən?

- Göyə baxmaq istəyirəm.

Ağ atlı oğlan qadınla rəftar etməyə alışmamış bir kişi kimi üstünü tük basmış qüvvətli əlləri ilə Ulduzun boğazından yapışdı və qəzəblə dedi: “Uzanıb baxarsan. Mənim qanım qızanda ağlım başımdan çıxır.”

Şəhvət ağ atlı oğlanın simasındakı cizgiləri büsbütün eybəcərləşdirmişdi.

Ulduz hiss etdi ki, kimsəsiz çölün ortasında bu qüvvətli əllərdən azad olmaq mümkün deyil. Ətrafına nəzər saldı, lakin ona kömək edə bilcək bir kəs görmədi. O, öz talesizliyini aciz bir itaətkarlıqla qarşılayıb sakitcə pencəyin üstünə uzandı.

# 2839 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #