news-inner
clock15:09 calendar-gray 26 Noyabr 2015 view-gray334 dəfə oxunub
view-gray334 dəfə oxunub

Nazim Hikmətin afrikalı qadına yazdığı məktublar

Kulis Nazim Hikmətin “Taranta Babuya məktublar”ını ixtisarla təqdim edir.

Asiya və Afrika xalqlarının dillərini öyrənməyə böyük maraq göstərən bir italyan dostumdan bu günlərdə bir məktub aldım.

Dostumun adını yazmaq istəmirəm: qorxuram ki, çək-çevirə salarlar. Amma yazdıqlarını olduğu kimi təqdim edirəm:

“Əziz qardaşım, sən Romanı zərflərin üstünə yapışdırılmış poçt markalarından, eləcə də, tarix və coğrafiya kitablarında dərc olunmuş şəkillərdən tanıyırsan: üstündə Sezarın və əsgərlərinin oyma üsulu ilə daş təsvirləri işlənmiş üçgözlü qapılar; qıraqlarını siçovullar yemiş nəhəng ələyə bənzəyən Kolizey meydanı; Batrus rəsul kilsəsinin göyərçinli həyəti; Plazzo Venetsiya sarayı və sarayın balkonunda ağzı bir qarış açılmış, sağ əli böyründə, sol əli isə havada donub qalmış Mussolini...

Amma bu şəkillərdəki Romaya bənzəməyən bir Roma da vardır, adı: ”Karteri populari, yəni xalq məhəllələri”. Burada evlər iş tapa və yaxud Amerikaya köç edə bilməyən italyanların ümidsizliyinə bənzəyir. Onların şəkillərinə nə poçt markalarında, nə tarix, coğrafiya kitablarında, nə də qədim dövrlərə və yaxud gözəl mənzərələrə maraq göstərən turistlərin kolleksiyalarında rast gələ bilməzsən. Axı, bu rütubətli və üfunətli evlər kimin nəyinə lazımdır?

Şahzadə Torlonyanın dəbdəbəli qəsrini mənimsəyən və qızını ölkənin ən zəngin gənci—Konte Cianoya ərə verən Benito Mussolini italyan ensiklopediyasının “F” hərfində faşizmin nə demək olduğunu belə izah edir: “Faşizm rahat həyata xor baxır və Yer üzündə səadətin mümkünlüyünə inanmır.” Əslində, o, tam əminliklə demək olar ki, bu nəzəriyyəni Karteri populari, yəni xalq məhəllələrində çox ciddi şəkildə həyata keçirmişdir...

Mən, iki həftə bundan əvvəl, Romada faşizmin tam bərqərar olduğu xalq məhəllələrindən Qarbetellada üçmərtəbəli bir evin qapısını döydüm. Bura kasıb tələbələrin, Benito Mussolinin ideyalarının “gözəlliyini” dərk edə bilməyən elm və sənət adamlarının, işsiz-gücsüz fəhlələrin naəlac qalıb kirələdikləri yaşayış üçün yararsız olan onlarla binadan biri idi.

Qapını bir qadın açdı, kirayə ev istədiyini dedim. O, qabaqda, mən isə arxada, ikinci mərtəbəyə qalxdıq. Göstərdiyi otağı, bundan daha yaxşısını tapa biləcəyimə zərrə qədər ümidim olmadığına görə, bəyəndim.

Kirayə verilən evlərlə kirayə verilən paltarlar arasında, nəsə, bir oxşarlıq var. Hər ikisində də ağlagələn ilk şey bu olur: “Görəsən, bu evdə məndən əvvəl kim yaşayıb və yaxud bu paltarı məndən əvvəl kim geyinib?”

Qadından soruşdum:

- Məndən əvvəl burda kim yaşayıb?

Qadın qəfildən əlinə iynə batmış adam kimi diksindi və nədənsə, ağappaq ağardı. Sonra şübhə dolu nəzərlərlə üzümə baxa-baxa dedi:

- Məgər, onun haqqında sizə bir şey deməyiblər?

Qadının cavabından bir şey anlamadım. Lakin qısa mükalimədən sonra aydın oldu ki, sən demə, bu zavallı məni polis zənn edib. Yanıldığını və evi kirələməkdən vaz keçmədiyini biləndə, çox sevindi:

- Burda bir həbəş olurdu, - dedi. Qalladan gəlmişdi, bir müddət İtaliyada qalıb, rəssamlıq sənətinin sirlərini öyrənmək istəyirdi. Gecəyarısı evə basqın edib apardılar...

Axşama yaxın çamadanımı və kitablarımı götürüb, təzəcə kirələdiyim mənzilə köçdüm. Bərk yorulmuşdum. Özümü elə paltarlı-paltarlı çarpayının üstünə atdım. Amma, nədənsə, yata bilmədim. Yastığın üstündə, tükü bir qədər tökülmüş – dazlaşmış başımın yanında sanki məndən əvvəl burda yaşayan həbəşin qara, qıvrım saçlı başını gördüm. Qalxıb oturdum və anladım ki, otaqda tək deyiləm...

Bəlkə elə həmin gecə güllələnən və yaxud həbs edilən bir adamın illərlə nəfəs aldığı, düşündüyü, rəsm çəkdiyi, mahnı oxuduğu bir otaqda özümü necə tək hiss edə bilərdim? Birdən-birə içimdə ona qarşı bir hörmət, bir sevgi duydum. Sanki illərlə bir yerdə olmuşduq, bir yerdə sevinib, bir yerdə kədərlənmişdik.

Həbəşistan yarımmüstəmləkədir. O, yəni məndən əvvəl bu mənzildə yaşayan həbəş bu yarımmüstəmləkənin müstəmləkəsi olan Qalladan gəlmiş qaradərili bir kölədir, mən isə, əyninə qara köynək geyinmiş imperializmin ağdərili köləsiyəm. Təbii ki, bu oxşar cəhətimiz də bizi doğmalaşdırırdı.

Anam məni doğarkən ölüb – üzünü görməmişəm. Bu həbəşin də üz-gözü necədi, bilmirəm. Mənim yaşamaq üçün içəri girdiyim bu qapıdan o ölmək üçün çıxıb. Birdən-birə hiss elədim ki, o, mənə anam qədər yaxındır. Qəribədir, bəzən özünə yaxın bildiyin insandan qalma əllə tutula, gözlə görülə bilən hər şeyi əllə tutmaq, gözlə görmək istəyirsən. Ürəyimə damdı ki, qallalı həbəşdən bu evdə nəsə qalmış olacaq. Çarpayının baş tərəfində balaca bir kamod vardı. Qalxıb, alt gözünü açdım – boşdu. Üst gözünü açdım - siyirtmənin içinə rəngi saralmış qəzet parçaları sərilmişdir. Adətən, axtarış zamanı ən diqqətli polisin də gözündən nəsə yayınır. Qəzet parçalarını qaldıranda, həbəş dilində yazılmış bir yığın qaralama gördüm. Bunlar qallalı həbəşin arvadına – Taranta Babuya yazdığı və çox güman ki, göndərməyə ehtiyat etdiyi məktublar idi...

Mən sonuncu məktubu oxuyub qurtaranda dan yeri yavaş-yavaş ağarırdı. Üç gün, üç gecə durub-dincəlmədən yol gəlmiş adam kimi yorulmuşdum. Qalxıb işığı söndürdüm, yatağıma girdim. Tükü bir qədər getmiş – dazlaşmış başımı onun qara, qıvrım saçlı başının yanına qoyub, yuxuya daldım.

Daha nə deyim? Sənə göndərdiyim bu zərfdə həm Taranta Babuya yazılmış məktubların əsli - əlyazmaları, həm də mənim tərcümələrim var. Bunları burada çap etdirmək mümkün deyil, sən orda balaca bir kitab şəklində buraxdırarsan. O kitabın üzünü nə o, - çox güman ki, artıq güllələnib, – nə Taranta Babu, nə də mən görəcəyəm. Taranta Babunun yaşadığı ölkəyə poçt yox, göydə qana batmış bir xaç kimi uçan ölüm təyyarələri gedir. Mən isə, Yer üzünün dörd bir tərəfinə uzanan ağlagələn bütün yolları bağlanmış bir ölkədə yaşayıram və heç bir poçt gəmisi, poçt qatarı, poçt təyyarəsi Taranta Babuya yazılmış məktubları bura gətirə bilməz.

Roma, 5 avqust 1935-ci il.

TARANTA BABUYA BİRİNCİ MƏKTUB

Atasının iyirmi beşinci qızı,

mənim üçüncü arvadım,

canım-gözüm,

Taranta Babu.

Sənə bu məktubu

İçinə ürəyimdən başqa bir şey qoymadan

yollayıram Romadan.

Nə olar, qınama məni,

sənə şəhərlər şəhərindən

öz ürəyimdən başqa

ağıllı-başlı bir hədiyyə tapmadım deyə...

Taranta Babu,

onuncu gecədir ki,

başımı üzü gümüş suyuna çəkilmiş

kitabların üstünə əyib,

oxuyuram

Romanın yaranışını...

Qabaqda sısqa, dişi bir qurd,

arxada gombul və çılpaq

Remüslə Remülüs

dolaşırlar içində otağımın.

Ağlama, Taranta Babu,

Bu, Ual bazarında günün günorta çağı

sənin o əncir məməli bacını altına basan

mavi muncuq taciri Remülüs deyil...

Qeyd. Kağız əzildiyindən, məktubun bu hissəsi yaxşı oxunmur. Amma hiss olunur ki, söhbət Romanın necə yaranmasından gedir.

Remüs və Remülüs...

Silvanın əkizləri...

Venüsün nəvələri...

Baxmadan

gözlərinin yaşına,

qaranlıq gecədə

aparıb atdılar onları

əlçatmaz, ünyetməz bir dağın başına...

Nə alınlarında

dəfnə yarpağı,

nə əyinlərində donları vardı...

Remüslə Remülüs

bir sabah erkən

çarəsiz-çarəsiz düşünərkən:

“İndi biz neyləyəcəyik burda?” —

Qəfildən rast gəldilər

yanıbalalı bir dişi qurda.

Balaları öldürüb,

ana qurdun südü ilə

qarınlarını doyurdular.

Sonra... sonra gəlib,

Romanı qurdular.

Qurdular,

amma Roma dar gəldi iki adama.

Və bir axşam

bilmədən keçdiyi üçün

şəhərin sərhəd daşını,

kəsdi Remülüs

qardaşı Remüsün başını...

Belə-belə işlər, Taranta Babu,

üzü gümüş suyuna çəkilmiş

kitablarda yazılıb bu!

İndi anladım ki,

Romanın təməlində

niyə dişi qurd südü ilə dolu kasalar

və bir də bir ovuc qardaş qanı var...

TARANTA BABUYA İKİNCİ MƏKTUB

Boynunda mavi meymun dişindən

üç sıra gərdanlıq daşıyan,

qızılı tüklü bir quş kimi göyün altında

və axar su kimi yerin üstündə yaşayan,

gözləri gözlərimin,

sözləri sözlərimin saf aynası,

üçüncü qızımın

və beşinci oğlumun anası,

Tarantya Babu...

Aylardır

döymədiyim qapı qalmadı,

Küçə-küçə,

ev-ev

Romanı axtarıram Romada

Burda artıq

böyük ustalar

mərməri ipək bir qumaş kimi kəsmirlər.

Nə Dante Aligerinin nəğmələri,

nə Beatriçe nin süslü üzü,

nə də Leonardo da Vinçinin öpüləsi əli var!..

Mikel Ancelo

muzeylərdə falaqqaya salınmış

bir məhbusdu.

Və bir kilsənin divarından

sapsarı, nazik boğazından

asıblar Rafaeli!

Bu gün Romanın böyük,

Romanın geniş küçələrində

dayayıb kürəyini dəmir- beton banklara,

İkibaşlı balta kimi dayanan

yalnız bir qara,

bir qanlı kölgə var!

Hər addımında

bir əsir başı vuran Sezar!

Hər addımında

bir məzar qazan Sezar,

Roma!

Kavadis Roma? – deyə sorma!

Sus, Taranta Babu!

Sevgiylə,

sayğıyla,

gülərək,

hayqıraraq sus!

Və dinlə, bax!

Zəncirlərini qırır

Romanın xalq məhəllələrində Spartak!

TARANTA BABUYA BEŞİNCİ MƏKTUB

Hey, Taranta Babu, hey!

Görmək,

eşitmək,

düşünmək,

və yaşamaq

nə gözəl şey!..

Məni düşün-

qollarım dopdolu yançaqlarındaykən...

Düşün

qapqara bir daşın

üstünə damcılayan

çırılçılpaq su səsini..

Xoşladığın meyvənin

rəngini, ləzzətini, adını düşün.

Gözdəki dadını düşün

yamyaşıl otun, qıpqırmızı günəşin

və masmavi bir çiçək kimi açan Ay işığının...

Düşün, Taranta Babu!

Dünya elə böyük ki!..

Elə gözəl,

elə sonsuz ki, dənizlərin sahilləri,

hər gecə hamımız

qumların üstündə yan-yana uzanıb,

ulduzlu suların

türküsünü dinləyə bilərik.

Yaşamaq nə gözəl şey,

Taranta Babu,

yaşamaq nə gözəl şey...

Amma, buna rəğmən,

Taranta Babu, səndən soruşsan, desəm ki:

keçilərimizin

qıvırcıq uzun tükləri tökülüb,

məmələrindən ağ işıq kimi axan südləri kəsilərsə,

günəş yavrusutək portağallarımız

budaqlarında quruyarsa

və qıtlıq

əti getmiş, sümüyü qalmış ayaqlarıyla

yerli bir kral kimi

torpağımızdan keçərsə,

sən nə edərsən?

Mənə deyərsən ki:

bir afrikalı qadından

belə şey soruşarlarmı heç?

Bilirəm, Taranta Babu, bilirəm,

qıtlıq –ölümdür,

bolluq – bərəkət, sevinc!

Amma nə hikmətdisə,

büsbütün tərsinədir burda bu:

bolluqla- ölürlər,

qıtlıqla – yaşayırlar...

Xalq məhəllələrində

İnsanlar ac, xəstə qurdlar kimi dolaşırlar,

Amma anbarlar buğda ilə dolu,

Amma anbarlar kilidli.

Dəzgahlar

yerdən günəşə qədər olan yolu

ipək xalı kimi toxuya bilər,

Amma insanlar yalınayaq,

İnsanlar çılpaq...

Qısacası, Taranta Babu,

İtalyanın

naxışlarında şəfəqlər sayrışan ipək şalları,

Pompei dağlarını aşan atlarının nalları,

incə simlərində Verdinin qəlbi döyünən skripkası

və büküm-büküm makaronu qədər

faşizmi də məşhurdur.

TARANTA BABUYA SƏKKİZİNCİ MƏKTUB

Mussolini çox danışır, Taranta Babu!

Qaranlıqda

yapyalnız,

təkbaşına

qalmış bir uşaq kimi

öz səsinə oyanaraq,

bağıra-bağıra danışır.

Mussolini çox danışır, Taranta Babu,

çox qorxduğu üçün

çox danışır!

TARANTA BABUYA DOQQUZUNCU MƏKTUB

Qeyd. Məktubun yuxarı hissəsinə bir radio qurğusunun şəkli yapışdırılıb.

Bu gün ağıma

boyasız və cizgisiz

bir rəsm gəldi, Taranta babu!

Və mən, birdən-birə,

sənin üzünü deyil,

gözünü deyil,

səsini görmək istədim, Taranta Babu:

mavi Nil kimi sərin,

yaralı bir aslan gözü kimi dərin səsini!

Qeyd. Məktubun aşağı hissəsinə qəzetdən kəsilmiş belə bir xəbər yapışdırılıb: “Mussolinin əmrinə hər an müntəzir olduğunu bəyan edən alim Markoni ilk sınaqları müvəffəqiyyətlə keçən və yaxın vaxtlarda Həbəşistanda tətbiq ediləcək ölüm işığı kəşf etmişdir.”

TARANTA BABUYA ONUNCU MƏKTUB

Qeyd. Məktubun əvvəlinə qəzetlərdən kəsilmiş belə bir elan yapışdırılmışdır. “İtalyan ordusu Həbəsistanda hərbi əməliyyatlara başlamaq üçün yağışların kəsməsini və baharın gəlməsini gözləyir.”

Dəhşətdir, Taranta Babu:

bizi öz torpaqlarımızda öldürmək üçün

öz baharımızı gözləyirlər.

Dəhşətdir, Taranta Babu:

bu il Afrikada

yağışların kəsməsi,

rənglərin, qoxuların

göydən yerə bir nəğmə kimi enməsi

və günəşin altında islaq torpağımızın

dərisi tunc rəng

Qallalı bir qadın kimi gərnəşməsi,

bizə sənin

məmələrin kimi

dadlı meyvələrlə bərabər

ölünü də gətirəcək...

Dəhşətdir, Taranta Babu!

Ölüm,

Kalon şapkasına

bir bahar çiçəyi taxıb,

qapımızdan içəri girəcək...

TARANTA BABUYA ON İKİNCİ MƏKTUB

Gəlirlər, Taranta Babu,

Səni öldürməyə gəlirlər.

Qarnını yarıb,

bağırsaqlarının

qumun üstünə ac ilanlar kimi

necə qıvrıldığımı görməyə gəlirlər.

Gəlirlər, Taranta Babu,

Gəlirlər səni

və keçilərini öldürməyə.

Baxmayaraq ki,

nə sən onları tanıyırsan,

nə onlar səni,

nə də keçilərin girib dirriklərinə.

Gəlirlər, Taranta Babu,

kimi Napolidən,

kimi Torino...

Onları bölük-bölük,

tabur-tabur,

ordu-ordu

toya aparırmış kimi

üç dənizdən keçirib

ölümə gətirir gəmilər.

Gəlirlər, Taranta Babu, gəlirlər,

sənin torpaq evinin

saman damına

bayraqlarını sancmaq üçün.

Gəlirlər,

əgər, geri dönsələr belə,

Sağ əlini Somalidə itirmiş

Torinoli tornaçı

artıq dəmir çubuqları

İpək şal kimi hörə bilməyəcək.

Və kor olmuş Siciliyalı balıqcı

bir daha dənizlərin pul-pul yaşılını görməyəcək.

Gəlirlər, Taranta babu.

Bu ölməyə və öldürməyə gələnlər

qanlı sarğılarına

parıltılı xaç taxıb, döndükləri gün

“böyük və adil” Romada

səhmlərin qiyməti yüksələcək

və yeni ağalarımız

ölülərimizi soymağa gələcək...

Tərcümə edən: DİLSUZ

news-inner-user
Dilsuz

7 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Aydın sabahların dostu
18:56 04 Dekabr 2020
Sirlərin bədii və elmi sərgüzəştləri – Elçin yazır...
18:10 04 Dekabr 2020
Azərbaycanlı rejissor qəhrəmanlarımızdan film çəkmək üçün müraciət etdi
17:35 04 Dekabr 2020
Şəhid dənizçilərə kitab həsr olunacaq
17:10 04 Dekabr 2020
Xudayar Yusifzadə və bütün Şəhidlərimizin ruhuna: Vətən yaxşıdır
16:28 04 Dekabr 2020
"Ulduz" jurnalının yeni nömrəsi Qarabağa həsr olundu
15:46 04 Dekabr 2020
Bizim üçün ölümə gülə-gülə gedən 2783 adam
15:03 04 Dekabr 2020
Qadın yazarın yeni kitabı işıq üzü gördü
14:19 04 Dekabr 2020
Kamal Abdulla: “Mənim üçün ad günü kədərli gündür” - Müsahibə
13:37 04 Dekabr 2020
Koronavirusa qarşı qələbə vaksini - Ayxan Ayvaz yazır...
13:01 04 Dekabr 2020
Aqşin Yenisyey: “Bundan sonra hər gün “sayğı duruşu”nda dayanacağıq”
12:23 04 Dekabr 2020
Anar Vətən müharibəsindən danışdı: “Arzu edirəm ki...”
11:50 04 Dekabr 2020
Bir dəqiqə sükut... Gəmi siqnalı... – Günün şeiri
11:16 04 Dekabr 2020
Avropada şeir festivalında olan Ramil Əhməd: “Xalqımıza qarşı çox böyük sevgi gördüm”
10:45 04 Dekabr 2020
Mən də gedim komandir... – Döyüşçü-şair şəhid olan dostlarına şeir yazdı
10:15 04 Dekabr 2020
Bu gün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
09:45 04 Dekabr 2020
Daşları yuxarıdan-aşağı maşının üstünə yağdırdım - Bircənin romanı
09:01 04 Dekabr 2020
Gələn il Ağdamda özümə toy edəcəm – Aqil Abbas yazır...
21:49 03 Dekabr 2020
Aktrisa evində ölü tapıldı
18:57 03 Dekabr 2020
İşğaldan azad edilmiş rayonların kitabxanaçıları ilə görüş keçirildi
18:22 03 Dekabr 2020