Qadınları anlayan yazıçı

Qadınları anlayan yazıçı
16 noyabr 2015
# 14:33

Bu yaxında bir qadın dostumla söhbət edirdik. Söz dolandı Mopassanın üstünə gəldi. Bu vaxt o heyranlıqla dedi ki, məəttəl qalmışam; bir yazıçı, qadınları bu qədər yaxından necə tanıya bilər.

Bir kişinin belə deməyi təbii görünər, amma bir qadın Mopassan haqqında bu cür düşünürsə və onun yazdıqlarında zərrə qədər də qeyri-dəqiqlik hiss etmirsə deməli fikirləşməyə dəyər.

Mopassan qadınlardan yazanda olduqca maraqlı, adi vaxt bəlkə heç kəsi cəlb etməyən məsələlərə toxunur. Məsələn, onun “Bir yaz axşamında” hekayəsi cəmi bircə cümlə üzərində qurulub: “O, səndən soruşdu ki, “sənin qəşəng, pənbə ayaqcıqların üşümədi ki” heç kəs, heç vaxt... heç vaxt... mənə bu cür söz deməyib! Heç vaxt! Heç vaxt!”

Qarıyıb evdə qalmış Lozan xala nişanlı olan bacısı uşaqlarının söhbətini eşidir. Oğlanın qıza nəvaziş göstərməsi Lozan xalanı ağlamağa vadar edir. Çünki heç vaxt kimsə ona belə nəvazişli söz deməyib.

“Bir yaz axşamı” adi hekayə kimi başlayır. Əsərdə kəskin süjet, dramatizm göstərilmir. Hekayənin sonuna qədər gözümüzün qarşısında ancaq bir-birlərini sevən qızla oğlan canlanır və qəfildən Lozan xala əsərə daxil olur, öz şərti monoloqunu söyləyir və bununla da əsərin mərkəzini özünə tərəf çəkir. Əsər elə yuxarıdakı cümlələrlə də bitir, amma Lozanın dərdi, Lozanın ağrısı, ömründə heç bir kişi nəvazişi görməmiş qadının əzabı bitmir. Halbuki Jakın nişanlısı Jannaya dediyi sözlər olduqca adi idi. Janna üçün adi nəvaziş olan bu sözlər Lozan xala üçün böyük ehtiyac idi. Və o, çox təəssüflə daha heç vaxt bu nəvazişli sözlərdən eşidə bilməyəcəyini anlayırdı. Çünki hər şey sonuncu qatar kimi vağzalı tərk etmişdi; cavanlıq da, gözəllik də... Yerində isə, qoca, xəstə, bütün günü kreslosunda oturub corab toxuyan bir qarı qalmışdı.

Əlbəttə, Mopassandan əvvəl və sonra da qadın mövzusuna toxunan, onların hisslərini yazan, psixologiyalarının dərinliklərinə girməyə cəhd edən yazıçılar olub. Elə Mopassanın müəllimi, Qustav Floberin “Madam Bovari” əsərini yada salmaq kifayət edər. Mopassan isə müəllimindən fərqli olaraq “Madam Bovari”dəki kimi öz gözəlliyi ilə cəmiyyətdə ad qazanmağa, sevilməyə çalışan, bunun üçün bütün əxlaq normalarını çeynəməyə hazır olan, ad-san pillələrində ucalmağa çalışdıqca əxlaq pillələrindən də enən qadını deyil, o, həm də sevən, özünü qurban verə bilən, hiyləgər, kişiləri bir sözü ilə özündən asılı edən qadınları da qələmə alıb. Həm də böyük mətləbləri özünün balaca hekayələrinə sığdıra bilib. Və Floberdən fərqli olaraq Mopassanın əsərlərində qadın mərkəzdədir.

“Ehtiras” hekayəsinin qəhrəmanı xanım Puanso Jan Renoldiyə vurulur. Ərindən gizlin onunla görüşməyə başlayır. Renoldi bu əlaqəyə ötəri bir həvəs kimi baxır. Bir müddət sonra xanım Puansonun bu ehtirasının artıq sərhəd tanımadığını, qadının görüş üçün hər cür riskə getdiyini gördükdə əlaqələri kəsməyə çalışır. Puanso yatağa düşür, onun sağalmağına ümid qalmır. Renoldi onunla görüşüb ölüm yatağında olan qadına “Səni sevirəm” deyəndən sonra Puanso dirçəlməyə başlayır, zabit Renoldinin ardınca onun təyinat aldığı şəhərə gedir.

Qadının əri heç nə olmamış kimi arvadını geri qaytarmağa gəldikdə və Renoldi də onu geri göndərmək istədikdə Puanso kişilərin necə ikiüzlü, ləyaqətsiz olduğunu anlayır. Əri və sevgilisi arasında qalan xanım Puanso onların necə ləyaqətsiz, əclaf olduqlarını başa düşür. Xanım Puanso öz günahında bu iki kişidən daha səmimi, daha insani idi. Puanso öz əxlaqsızlığında ərindən də, sevgilisindən də əxlaqidir, təmizdir.

“Qadın etriafı” hekayəsinin qəhrəmanı isə qoca bir qadındır. O özü haqda deyir: “İndi mən qocalmışam, heç kimim yoxdur, nə uşağım var, nə də qohum-əqrəbam, ona görə də sizin qarşınızda hər şeyi boynuma ala bilərəm. Siz özünüz də yaxşı bilirsiniz ki, mənə aşiq olanlar çox idi, elə mən özüm də tez-tez aşiq olurdum... Məhəbbət mənim həyatımın canı idi, insan havasız yaşaya bilmədiyi kimi, mən də məhəbbətsiz bircə gün də yaşaya bilməzdim. Mən bircə gün nəvazişsiz yaşamaqdan ölümü üstün tutardım və mənim haqqımda düşünən adamın olmamasını hiss etsəm, elə o gün ölərdim. Qadınlar deyirlər ki, ömürlərində ancaq bircə dəfə dərin ehtirasla sevə bilirlər, amma mən dəfələrcə dəlicəsinə aşiq olmuşam və təsəvvürümə gətirə bilmirdim ki, mənim ehtiraslarımın sonu ola bilər, həm də həmişə mənim ehtirasım odunu qurtaran soba kimi öz-özünə, təbii şəkildə söndürülürdü.”

Bu girişi oxuyandan sonra gözümüzün qarşısında cavanlığını kişilərin qoynunda keçirmiş yüngül əxlaqlı qadın canlanır. Amma bir az sonra adını gizli saxlayan bu qadının nədən bu yola düşdüyünü öyrəndikdə ömrünü yad kişilərin qoynunda keçirməyə razı olmağının səbəbini anlayırsan. Adı gizli saxlanılan qadının əri ona inanmır, ondan şübhələnir. Şübhələrini dilə gətirmək əvəzinə gizlicə həyətlərinə girən kişini vurub öldürür. Kişi isə sən demə adı gizli saxlanılan qadının oynaşı yox, qulluqçunun sevgilisi imiş. Ərinin bu vəhşiliyini görən qadın qərara alır: “Elə bu andan başa düşdüm ki, ərimə mütləq xəyanət edəcəyəm.”

Təqsirkar qadındırmı? Əlbəttə yox. Qadınına inanmayan, içindəki şübhələrin səbəbini axtarmadan gözünə şübhəli bir kişini güllə ilə vurub öldürən, məsuliyyətsiz ərdir günahkar.

XIX əsrdə Avropada qadınların hələ seçim azadlıqlarının olmadığı, əşya kimi alınıb-satıldıqları, cəmiyyətdə söz haqlarının olmadığı bir dövrdə Mopassan onlara tərəfdar çıxır, onları hekayələrinin qəhrəmanı etməklə müdafiə edir, neçə əsrlərdir onlara qarşı mövcud olan bu önyarğıları darmadağın edir.

“Həsirçi qadın” hekayəsinin qəhrəmanı “ömürlərində ancaq bircə dəfə dərin ehtirasla sevə bilən” qadınlardandır. O, ömrü boyu bircə kişini sevib, ancaq onun eşqi ilə yanıb alovlanıb, onun həsrəti ilə yaşayıb. Öləndə də həsir toxumaqla qazandığı pulları sevdiyi kişiyə miras qoyur. Özü də bu cür yüksək ideyalara sahib olan qadın heç də varlı ailədən çıxan biri deyil, yoxsul təbəqədən olan sadə insandır. Onun sevdiyi kişi isə varlı ailədən çıxmış, ailəsi, uşaqları olan, qəsəbənin əczaçısı cənab Şukedir.

Bəs qadının onu sevdiyini bilən cənab Şuke nə edir? Artıq ölüb getmiş həsirçi, yoxsul qadının nə vaxtsa qəsəbənin bu adlı-sanlı adamını sevdiyini öyrəndikdə özünü təhqir olunmuş sayır. Ona bu xəbəri gətirən həkimə deyir: “Başa düşürsüzmü, həkim? Kişi üçün bu, ən dəhşətli hallardan biridir! Nə edəsən? Uf! Əgər bunu sağlığında bilsəydim, jandarm idarəsindən tələb edib onu həbsxanaya atdırardım. Özü də sizi inandırıram ki, ordan heç vaxt çıxa bilməzdi!”

İlk baxışdan cənab Şukeni də başa düşməyə çalışırsan. İnsandır da, ailəsi, uşaqları var. Bəlkə kiminsə onu sevməsini, bu yaşında ailəsinin dağılmasını istəmir? Niyə də yox. Ola bilər. Elə hər səni sevən insanın sevgisini qəbul etmək kimi öhdəliyin yoxdur ki. Həyatdır. Biri səni sevir, sən başqasını...

Ancaq!

Şuke həsirçi qadının ömrü boyu qənaət edib topladığı iki min üç yüz frank pulu ona miras qoyduğunu öyrəndikdə acgözlük nümayiş etdirir, düşünmədən o pulu qəbul edir. Ölüb getmiş qadının sevgisini istəməyən adam, pulu istəyir.

Böyük məhəbbətlə sevən yoxsul qadının qarşısında biz maddiyyata vurğun, mənən yoxsul bir cənabı, cənab Şukeni görürük. Xanım Puansonun təbiri ilə desək, əclaf, əclaf, əclaf bir adamı!

“Qadın yanına gedəndə qamçını unutma” - deyən Nitşe Mopassanı oxumuşdumu, bilmirəm. Amma, məncə, qadınları tanımaq üçün Mopassanı oxuyun.

Mütləq oxuyun!

# 2060 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #