news-inner
clock11:56 calendar-gray 29 Oktyabr 2015 view-gray59 dəfə oxunub
view-gray59 dəfə oxunub

Vaqif Bəhmənlinin məzlum portreti ŞƏRİF AĞAYAR YAZIR

Nə qədər deyib-gülsəm, əylənsəm də keçmiş dostum, iş yoldaşım, müdirim Vaqif Bəhmənlinin başına gələnlər içimin dərinliklərini sızlatdı da xeyli.

Bu elə gizli, elə məhrəm bir ağrı idi ki, bəlkə də heç yazmamalıydım. Ancaq bütün hallarda yazmaq, yazmamaqdan yaxşıdır.

Vaqif yetim, kimsəsiz bir uşaq olub. Mətbuatda öz istedadı, qabiliyyəti hesabına irəliləyib, karyera qurub. Bəlkə də gənclərin çoxu bilmir, Vaqif Bəhmənlinin əla publisistik qələmi var. Hələ sovetin kəsəkəs vaxtı “Azərbaycan” jurnalında Eldar Baxış və Vaqif Cəbrayılzadə ilə birlikdə çap olunan şeirləri onun ədəbi pasportuna çevrilib. O şeirlərdən bir-neçə misra hələ də yaddaşımdadır və hər söyləyəndə işimdə nisgilli bir işıq parıldayır:

Cehiz ucbatından qoşulub qaçan

Dərdini yazmadım bacılarımın...

Vaqif müəllimi həm də gözüqıpıq, qorxaq, sadə görmüşəm həmişə. Yetimlik idimi ömrü boyu burnundan getmədi. Hara buyurdular, ora yüyürdü. O, özündən vəzifəcə bir pillə yuxarı olan adamların da yazı-pozusunu rəncbər əzmkarlığı ilə işləyər, düzəldər, heç uf da deməz.

İnanılmaz dərəcədə zəhmətkeşdir. Həlim xasiyyəti var. Mehriban, qılıqlı, yumor hissi güclü olan insandır.

Amma...

Ammaya keçmədən öncə bir xatirə söyləyim, bekarçılıqdır onsuz da. Necə deyərlər, qarı zad olub, qapı bağlanıb.

Vaqif Bəhmənlini özümün xeyirxahım da hesab edirəm. Hələ Ağcabədidə yaşadığım vaxtlar Bakıya göndərdiyim bir silsilə şeir təsadüfən onun əlinə keçib, məni axtarıb tapıb, şəhərə çağırıb, o zaman Türkiyədə nəfis tərtibatla nəşr olunan “21-ci əsr” jurnalında “Dərgidə kitab”ımı verib. Deyim ki, bu şeirlər də mənim ədəbiyyata pasportum olub.

Mən Bakıya birdəfəlik gələndə uzun müddət Vaqif Bəhmənlini görmədim.

Onunla bir də “Kino+” qəzetinin baş redaktoru işləyəndə qarşılaşdım. Keçmiş mədəniyyət naziri Polad Bülbüloğlu vəzifəsindən getdi, indiki nazir gəldi. Təbii ki, öz komandasıyla... Bu komandada Vaqif Bəhmənli də vardı və o, nazirliyin nəşriyyat şöbəsinə müdir təyin olunmuşdu.

Köhnə tanışlar kimi mehriban görüşdük, bir yerdə işləyəcəyimizi yəqinləşdirdik. Ancaq az keçməmiş Vaqif Bəhmənlinin “Kino+” qəzetini bağlamaq istədiyini gördüm. Ona söylədiklərimi aynən sizə də ilətirəm: “Müəllim, varlı ölkəyik, inkişafdayıq, yönümüz Avropaya doğrudur, belə şəraitdə 9 milyonluq bir ölkənin kinoyla bağlı mətbu orqanının olmaması gülməlidir. Ola bilsin, siz kino adamı deyilsiniz deyə, vəziyyəti tam olaraq dəyərləndirə bilmirsiniz. Əgər sizin şöbədə istəmirsinizsə Kino şöbəsinin kuratorluğu ilə mən “Kino+” qəzetini və ya aylıq bir dərgi saxlaya, onun maliyyəsini tapa bilərəm.”

Köhnə dostum məni vecinə almadı. Nazirliyin kollegiya qərarı ilə qəzeti bağladı, işçilərimiz bir müddət onun dost-tanış hesabına formalaşdırdığı “Mədəniyyət” qəzetində işləyib ora-bura dağılışdılar.

Mənə isə təklif etdilər ki, Mədəniyyət və Turizm Nazirliyinin aparatına işə götürüləcəksən. Açığı, əvvəl tərəddüd elədim. Bilirdim ki, bu rəsmi struktur mənim üçün cansıxıcı olacaq. Amma düşünəndə ki, işlədiyim şöbədə Vaqif Bəhmənli, Çingiz Əlioğlu, rəhmətlik Tehran Vəliyev var, ürəkləndim.

Getdim.

Məlum oldu ki, testlə qəbul imtahanı verməliyəm.

Onu da elədim.

Və haqqüçünə, Vaqif Bəhmənlinin də müsbət rəyi ilə nəşriyyat şöbəsinə işə düzəldim

Amma...

Amma elə gedən gündən gördüklərim məni dəhşətə gətirdi.

İşimiz mirzəlikdən başqa bir şey deyildi. Nə kitab, nə nəşriyyatların dirçəlməsi-filan... İlk günlər iclaslarda verdiyim maraqlı təkliflərə sonralar qah-qahla gülürdüm.

Vaqif Bəhmənlinin şəxsində bu mirzəlik, bu qulluq özünün təntənəsini yaşayırdı. Adam özünü fəda edirdi və bizdən də bu fədakarlığı tələb edirdi.

İnanın, Vaqif Bəhmənli bax bu gün də, lap töhmət alandan sonra da, nazirdən ötrü özünü və balalarını fəda edər. Onun təsəvvüründə vəzifəli insan, hətta tanrıdan da beş barmaq yuxarıdadır. O, təkcə nazirlikdəki yüksək çinli məmurların deyil, AYB rəhbərliyinin, başqa idarə və müəssisələrdəki vəzifəli insanların qarşısında uşağa dönürdü. Yapısı bu idi. Nə etmək olardı?

Yadımdadır bir dəfə türkiyəli ədəbiyyat biznesmeni İmdad Avşar “bakanlıqdakı koltuğ”unu nəzərə alaraq yubanmadan Vaqif Bəhmənlini rəhbərliyində özünün də təmsil olunduğu Avrasiya Yazarlar Birliyinə üzv qəbul eləmişdi. Vəsiqələrin təqdimat mərasimində Vaqif Bəhmənli ayağa qalxıb başqa bir ictimai təşkilata üzv olduğu üçün Anar müəllimdən üzr istədi. Anar müəllim də gülüb dedi ki, əşşi, bu qədər əldən-ayaqdan getmə, mən özüm də oranın üzvüyəm.

Az sonra nazirliyin “Qızıl Kəlmə” mükafatını Anara verdi. İnsafən Anarın kitabı yaxşı kitab idi. Ancaq məsələ bu idi ki, Anar kitabını mükafata təqdim eləməmişdi.

Daha sonra AYB öz şeir mükafatını Aqşin Yenisey kimi gənc şairlərin üzərindən Vaqif Bəhmənliyə verəndə dalağım sancdı, mükafatın “barter” olunduğunu anladım.

Vaqif Bəhmənli bütün ömrünü və istedadını özündən vəzifəcə yuxarı olan istənilən insanın qarşında payəndaz eləmişdi. O, tanrının verdiyi istedadı ona qaytarmaq əvəzinə, dünya cifəsi üçün xərcləyirdi. Amma, məsələ budur ki, adamın vəzifəsi də vardı, yetərincə maddi imkanı da.

Vaqif Bəhmənli Azərbaycan kitabının bu günə düşməyinin, nəşriyyat sisteminin iflic vəziyyətə salınmağının çörəyini yeyib həmişə. Bu qətliamın kitab-dəftərini hazırlayıb ki, arxivlərdə izi-tozu qalmasın. Bu heç. Konumuz bu deyil. Zatən ölkədə çoxu məşğul olduğu sahəni məhv eləməklə məşğuldur.

Sual budur: Vaqif Bəhmənlini bu günə salan nədir?

Mən Allaha inanıram.

Və qəti şübhə eləmirəm ki, Vaqifin bu özünüifşasında tanrının əli var.

İstedada xəyanət eləməyin, vəzifə, şöhrət və var-dövlət üçün onu özündən güclülərin qarşısında əl ulağı kimi işlətməyin aqibəti başqa necə ola bilər ki?

Adam vurular da, sındırılar da, hətta əyilər də!

Amma hökmən ədəbiyyat adlı o mənəviyyat dünyasında az da olsa bir təmiz yer saxlayar ki, ən ağır anda əl atıb yapışa bilsin.

Qəribədir ki, Vaqif Bəhmənlini məhz o təmiz ərazilərə xəyanət etdiyi, oraları çirkləndirdiyi üçün cəzalandırıblar. Özü də o adamlar ki, mənəvi və əxlaqi zəifliyindən istifadə edib Vaqif Bəhmənlini bu xəyanətə vadar eləyiblər.

Əlbəttə, iş yenə gəlib Azərbaycansayağı absurda dirənir.

Odur ki, gülüb-əylənməkdən başqa yol qalmır.

Davam edəlim...

news-inner-user
Şərif Ağayar

477 məqalə

Paylaş

Oxşar xəbərlər