news-inner
clock13:34 calendar-gray 05 Oktyabr 2015 view-gray229 dəfə oxunub
view-gray229 dəfə oxunub

Vaqif Səmədoğlunun “xoşbaxtlıq” sözünə qafiyəsi

Onun şair taleyini şeiri yazdı...

Xalq şairi Vaqif Səmədoğlunun məzarüstü abidəsinin ictimaiyyətə təqdim edilməsini son günlərin ən təsirli mədəniyyət hadisəsi hesab etmək mümkündür.

Şairin məzarının üstündə nə baş daşı, nə də heykəl var. Yerə döşənmiş iki qara mərmər lövhədən birinin üstünə günəş şəfəqlərinin rənginə çalan hərflərlə Vaqifin tanış müraciəti yazılıb: “Mən burdayam, İlahi”.

Pilləvarı yerləşdirilmiş iki lövhənin arasına sanki təsadüfən bir vərəq əlyazması düşüb. Lövhələrin pilləvarı yerləşdirilməsi bu vərəqi daha hərəkətli edir, nəzərə çarpdırır və maraq dairəsinə salır. Alt lövhənin sağ küncünə bir cüt ayaqqabı qoyulub. Lövhənin üzərində isə elə bu mənzərənin şeiri yazılıb:

Məzarıma
nə başdaşı qoyun,
nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın
geyib getsin...

Bu şeiri yazanda Vaqifin vəsiyyət eləyən vaxtı deyildi, ömrü qarşıda idi, hələ heç 24 yaşı tamam olmamışdı...


Adətən, şairlər öz ömür yollarını, yaşadıqlarını, başlarından keçənləri, tale hekayələrini yazırlar. Kədərlə xoşbəxtliyin, ağla qaranın, işıqla qaranlığın çulğalaşdığı insan talelərindən şeirlər doğulur.


Çox nadir hallarda şeir şairin taleyini yazır, iqbalına, qədərinə, yazısına çevrilir.


Yaradıcılığının lap əvvəlində dilə-dişə düşən bu kiçik şeir Vaqifin şair taleyinin yazısı-qisməti oldu.


Əslində, bu misralar Vaqifin yaradıcılığının manifesti idi: burada şairin ictimai düşüncəyə və əxlaqa, sözə, ədəbiyyata münasibəti, sənətə yanaşma mövqeyi, eləcə də sözlə işləmə tərzi, sözü təqdimetmə üsulu öz ifadəsini tapmışdı.


O vaxt, 1960-cı illərdə ömrü sözün, sənətin beşiyindən, Səməd Vurğun ocağından boy atan və özü də ömrünü sözə, sənətə bağlanmış bir insan üçün bu, kifayət qədər riskli addım idi. Gözlənilən risk isə elə də uzaqda deyildi.


Bakı mühitinə kənddən yenicə gəldiyim tələbəlik illərimi (1975-1980) xatırlayıram. Vaqifin bu şeiri filoloji ictimaiyyətin bir hissəsində ironik zərb-məsələ, atmacalı jarqona çevrilmişdi. “Sən öl” andının qarşılığı olaraq “Özün öl, ayaqqabıların da başdaşın olsun” deyənlər vardı.


1976-cı ildə universitetdə bizə “Müasir ədəbi proses” mövzusunda kurs keçilib. Ədəbiyyata qeyri-mühafizəkar münasibəti və azadfikirliliyi ilə fərqlənən məşhur professorun apardığı həmin kursda da Vaqif Səmədoğlunun şeirlərinin ciddi söhbət mövzusuna çevrildiyi, müzakirə olunduğu yadıma gəlmir...

Bunlar heç də təsadüf deyil. O vaxt şeir anlayışı fərqli olan, şeiri başqa cür tanıyan və qavrayan oxucu ona təklif olunan yeni pəncərənin önündə ayaq saxlamaq, oradan içəri baxmaq, içərini görmək əvəzinə, o pəncərənin altından bəzən gülə-gülə, bəzən də heç əhəmiyyət vermədən laqeydliklə yan keçirdi...

Vaqif yaradıcılığına oxucu-mətn pəncərəsindən baxanda Umberto Ekonun “Oxucunu yaratmaq” essesindən bir mülahizə burada yerinə düşür: “Biz gələcək nəsillərin ideal oxucusunu təsəvvürümüzə gətirə bilmərik. Biz yalnız öz müasirlərimizi tanıyırıq. Azlıq üçün yazan yazıçı varmı? Var. Onlar dərk edirlər ki, ideal oxucunun çoxlarına nəsib olmayan keyfiyyətləri var. Lakin bu cür hallarda yazanlar ümid edirlər ki, yeni ideal oxucu tipinin (özü də çoxlu sayda) üzə çıxarılması məhz onların kitablarının qismətidir və bunu heç də gizlətmirlər. Yaradılmasına böyük güc və sənət işığı sərf olunmuş arzu olunan tip məhz onların əsərləri ilə tərbiyə olunmuş, kamala yetmiş oxucu tipidir. Mən fərqi yalnız yeni ideal oxucu yetişdirməyə yönəldilmiş mətnlər ilə publikanın zövqünü necə varsa elə təmin etməyə yönəldilmiş mətnlər arasında görürəm”.


Bu da bir həqiqətdir ki, Vaqif Səmədoğlu Azərbaycan ədəbiyyatında öz oxucusunu uzun zaman içində yetişdirmiş, tədricən “yaratmış” nadir söz ustalarındandır.

Vaqif öz oxucusunu – ideal oxucusunu 1980-ci illərdən tapmağa başladı. Bunda, heç şübhəsiz, onun uzun illər televiziyada apardığı “Caz həvəskarları klubu”nun da müəyyən təsiri oldu: bu veriliş şair ilə oxucu arasında həssas təmas nöqtəsi idi. Ona görə həssas ki, cəmiyyətin müəyyən təbəqələrində caz musiqisi də müqavimətlə qarşılanırdı. Caza ideoloji yanaşma, onu “milli əxlaqa pozucu təsir göstərən yad amil” kimi qiymətləndimək, muğama, saza qarşı qoymaq tendensiyası mövcud idi. Lakin Vaqifin dərin intellekti, yüksək ünsiyyət mədəniyyəti, səmimiyyəti və mövzuya bələdliyi, inandırıcı danışıq intonasiyası bu müqaviməti əridirdi...

Vaqifin şeir yaradıcılığına maraq göstərən oxucu burada tapmaqdan daha çox axtarmalı idi və onun axtardıqlarına birmənalı cavab tapacağına zəmanət vermək müşkül məsələ idi. Vaqif yaradıcılığının, U.Ekonun təbiri caizdirsə, ideal tədqiqatçısı İradə xanım Musayevanın sözləri ilə desək: “Vaqif Səmədoğlu haqqında söz demək ... üçün Vaqif şeirinin boyunu görmək gərəkdir. Lakin “boyunun” hündürlüyü onu hərtərəfli, olduğu kimi görməyə imkan vermir. Bəlkə buna görədir ki, ... ədəbi tənqidimiz ona əməlli-başlı, düzgün “don” biçə bilmir”...

Mənə elə gəlir ki, Vaqifin yaradıcılığının əyninə düzgün don biçilməməsi tamamilə təbiidir: çünki onun yaradıcılığının başlıca təyinatı ölçünü-biçini sındırmaq idi...

Məzarüstü abidəyə gəldikdə, sənətə yanaşma fərdiliyi ilə seçilən, Abşeronun, Bakının təbii və mənəvi landşaftına, eləcə də Vaqif Səmədoğlu yaradıcılığına dərindən, içdən bələd olan rəssam-heykəltəraş Mir Teymurun bu əsəri şairin bilavasitə özünün deyil, yaradıcılığının ÖZ OXUCUSUNA uzanan uzun və pilləli yolunun abidəsidir.

Vaqifin şeiri ilə oxucu intibahının birliyini əhatə edən bu qeyri-standart abidədə Mir Teymur böyük ustalıqla Şairi və Şeiri “daş dilinə” çevirib. Bu dəfə oxucu Vaqifi məzarı başında “daş dilində” oxuyur. Bu daş abidə Vaqifin bütün şeir yaradıcılığını və şair şəxsiyyətini ehtiva edir. Səfərinin başlanğıcında ironiya və laqeydliklə üzləşən, istehzalı atmacalarla müşayiət olunan Şeir uzun yol qət edərək XXI əsrin əvvəllərində Mir Teymurun təqdimatında dərin estetik duyğular oyadır, yaddaşı hərəkətə gətirir, insanı (tamaşaçını və oxucunu) şeir, ölüm və həyat barədə düşündürür.

Vaqifin şeirləri başlanğıcdan sona qədər həyatın (ölümün yox, məhz həyatın!) ölümdən əvvəlki və ölüm anındakı mənzərələrinin tablosu ilə müşayiət olunur. Vaqifin yaradıcılığında ölüm zamanın sərhədidir. Şairin poetik təqdimatında ölüm insanın yaşadığı həyatla həyatın bitdiyi an arasında təmas nöqtəsidir. Vaqifin poeziyasının ruhu isə həmin təmas nöqtəsinin həyat tərəfindədir. Şair öləndən sonra da özünü ağlamaq üçün yarısının bu dünyada qalmasını dilək eləyir: “Allah, məni yarı öldür, yarı saxla ağlamağa”...


İnsanın metafiziki ömrü, həyatdan sonrakı həyatı Vaqifin yaradıcılıq və düşüncə görümündən, təqdimatından kənardadır. Ölümdən o tərəf Vaqifin yaradıcılığı üçün mücərrəddir, boşluqdur. Ölümə ən yaxın anlarında belə Vaqif “o tərəfə” ironiya nəzəri ilə baxdı. Ömrünün son günlərində özündə fiziki və mənəvi güc tapıb ölümdən sonrakı dünyada qıl körpünün önündə centlmenlik edib, qadınlara yol verəcəyini dediyini yadımıza salaq...

Ölümdən bu tərəfdə qalan həyat isə Vaqif yaradıcılığının başlıca estetik enerji mənbəyidir. Bu enerji mənbəyi Zuğulbayla Şüvəlanın arasındakı sahilin əyrisi, Füzulinin, Pasternakın şeirləri, uşaqlıqda Səməd Vurğunla gəzdiyi yerlər, İçərişəhərdə qız toyunun qarmon səsidir. Bunları xatırlaya-xatırlaya ölmək isə Allahın insana verdiyi ən ağır cəza ola bilər:


Ay Allah, kömək et mənə,
kömək et, ölümdən qabaq,
bir bulud da
papiros tüstüsünə, divə, Tolstoya,
bir də sənə oxşamasın göy üzündə.
Kömək et, unudum
sevimli valsın
son taktlarını...

Ölümdən sonra da Vaqifin nigaranlığı ölümün bəri, bu dünya tərəfindəndir:

Kimin xarabasında
Bir damla yaşa dönüb
Düşəcəyəm gözündən?..
Və ölümdən sonra...

Onun şair taleyini şeiri və oxucusu yazdı. Vaqif Səmədoğlunun yetişdirdiyi oxucu (məncə, burada “ideal oxucu” termini lap yerinə düşür) dəfn günü şairin məzarının üstə bir cüt ayaqqabı və Vaqifin şeirləri köçürülmüş bir vərəq kağız qoymuşdu. Kağızın kənarında öz imzasını “Sizin şəhərin adamı” kimi göstərən bu gənc gözünü dünyaya XXI əsrdə açmış yeni nəslin nümayəndəsi idi...

Vaqifin ömür-gün yoldaşı Nüşabə xanımın dediyi kimi, məzarüstü abidənin ideyası da elə bu hadisədən yaranıb...

XX əsrdə Vaqifi bədbin şair kimi qiymətləndirirdilər. 1986-cı il idi. Kommunist Partiyasının Mərkəzi Komitəsindən Yusif Səmədoğluya zəng vurub Vaqifin “Ulduz”da çap olunan şeirlərinin bədbin olduğunu irad tutmuşdular. Yusif müəllim də özünəməxsus ironiya ilə cavab vermişdi ki, sovet ədəbiyyatının 99 faizi nikbin şeirlərdən ibarətdir, Vaqifin bədbin şeirləri ilə hökumətə nə olasıdır?

Vaqifin şeirləri ilə hökumətə nə olduğunu demək çətindir. Ancaq bu gün bir şeyi qəti demək olar ki, Vaqifin şeirləri ilə yeni bir oxucu nəsli yetişdi. Bu nəsil Vaqifin ədəbiyyatda yerinin harada olduğunu bilir.


Bakı Dövlət Universitetində tələbəm olan Dilrubə Vaqifzadə şairin vəfatı münasibətilə yazdığı vida sözündə mənsub olduğu yeni oxucu nəslinin şeirə və şairə münasibətini Vaqifin öz sözləri ilə belə ifadə etmişdi: “Dəfninə ayaqyalın gəlirəm, şair. Yerişini yeriyə bilməyəcəm. Məzarının üstündə olan bir cüt ayaqqabını geyinib yaşıl eynəkdə 70 addım o yana, 70 addım bu yana addımlayıb uyuduğun uzaq yaşıl adaya baxacam. Qara şanı mövsümü deyil. Söz verirəm, yetişən kimi indi yanından trolleybusun keçmədiyi Fəxri Xiyabana gəlib məzarının üstünə qara şanı qoyacam”...

Bu qeydləri oxuyandan sonra mənə elə gəldi ki, Vaqif Səmədoğlu Azərbaycan şeirinin “xoşbaxtlıq” sözünün qafiyəsini tapmış ən nikbin şairidir...

news-inner-user

17090 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Tank lüləsində striptiz- Dahiyanə filmlər
21:00 24 Noyabr 2020
“Zorla erməniləşdirmə” sənədli filmi təqdim olunub
19:40 24 Noyabr 2020
Bakı Kitab Mərkəzinə 100-dən çox ərəb dilində kitab hədiyyə olunub
19:37 24 Noyabr 2020
Xalq artisti Əjdər Həmidov vəfat etdi
18:50 24 Noyabr 2020
Xocalı haqda film Tehran festivalının əsas müsabiqəsində
18:21 24 Noyabr 2020
Azərbaycandakı dini rəhbərlər dağıdılan abidələrimizlə bağlı bəyanat verib
17:33 24 Noyabr 2020
Ermənilərin "əl gəzdirdiyi" Əsgəran qalası
17:05 24 Noyabr 2020
48-ci Beynəlxalq "Emmi" mükafatının qalibləri açıqlandı
16:23 24 Noyabr 2020
İbrahim İlyaslının yeni kitabı nəşr edildi - Foto
15:57 24 Noyabr 2020
Rəssamlar İttifaqı beynəlxalq müsabiqə elan etdi
15:21 24 Noyabr 2020
Rus qadınla gizlin evləndi, anasının ölümünə səbəb oldu, otel otağında huşsuz tapıldı– Kinomuzun Əhmədinin faciəvi həyatı
14:42 24 Noyabr 2020
Ağam şəhərim! Adam şəhərim! - Qulu Ağsəsdən Ağdam şeiri
14:01 24 Noyabr 2020
Məsciddə çəkilən fotoda ən incə məqam
13:16 24 Noyabr 2020
Sosial media mütəxəssisi: “Laykdan asılı vəziyyətə düşmək xəstəlikdir” – Müsahibə
12:40 24 Noyabr 2020
Muğam Mərkəzindən növbəti təqdimat
12:05 24 Noyabr 2020
Tanınmış həkimdən koronavirus xəbərdarlığı: “Vəziyyət çətindir”
11:35 24 Noyabr 2020
Boşana bilmirəm, nə edim? – Fəridə yazır...
11:04 24 Noyabr 2020
Serbiyada Üzeyir bəyin xatirəsi anıldı - Foto
10:30 24 Noyabr 2020
Xanımını əmisi oğlu ilə tutdu, baltalamaq istədi – Şukşinin hekayəsi – Dilimizdə ilk dəfə
09:01 24 Noyabr 2020
Fikircil – Rafiq Tağıdan hekayə
21:00 23 Noyabr 2020