news-inner
clock08:30 calendar-gray 23 Sentyabr 2015 view-gray85 dəfə oxunub
view-gray85 dəfə oxunub

73 səhifəlik “Anna Karenina” – DÜNYANIN GƏNC ROMANÇILARI

Kulis Mirmehdi Ağaoğlu “Dünyanın gənc yazarları” layihəsindən “73 səhifəlik roman” məqaləsini təqdim edir

Çoxdandı bu barədə düşünürəm: Dünyanın gənc yazarları nə yazırlar, nədən yazırlar, necə yazırlar? Mövzuları nədir, üslubları necədir? Qalın kitablarmı yazırlar, yoxsa bizdəki kimi 100 min işarəlik hekayələr yazıb adını roman qoyurlar? Çağdaş dünyamızda bu qədər dəyişiklər olur, sosial şəbəkələr həyatımızın bir parçasına çevrilib, bunları da ədəbiyyatlarına mövzu edirlərmi? Edirlərsə, necə edirlər? Bu və bu kimi suallar...

Və qərara gəldim ki, imkan çatdıqca dünyada olan gənc yazarların əsərlərini oxuyum (40-45 yaşa qədər). Onsuz da yaşlı yazarları azdan-çoxdan tanıyırıq, bəs bu yeniləri necə tanıyaq? Bizim tərcümə-kitab bazarının bu tısbağa yerişi ilə dünyanın gənc yazarlarını yəqin nəvə-nəticələrimiz oxuyacaq. Odur ki, qollarımı çırmaladım. Əslində, bu işə bir az əvvəldən başlamışdım. Kolumbiyalı yazar Xuan Qabriel Vaskesin “Düşən əşyaların səsi” kitabını oxuyub haqqında yazarkən (Yazını burdan oxuya bilərsiniz). Buna görə də layihəyə başlamaq üçün bir az gecikmiş sayıla bilərəm. Amma olsun, necə deyərlər, gec olsun, güc olsun.

Beləliklə Çili şair-yazıçısı Alexandro Zambradan (Alejandro Zambra) başlayırıq.

Bioqrafiya

Müəllifi yaxından tanımaq üçün bunları oxumaq məsləhətdir:

Alexandro Zambra 1975-ci ildə Çilinin paytaxtı Santyaqoda anadan olub. Şair və yazıçıdır. Əvvəlcə Milli İnstitutda oxuyan Zambra daha sonra Çili Universitetinin İspan ədəbiyyatı fakültəsində təhsil alıb. Bundan sonra təqaüd ilə İspaniyada ispan filologiyasından magistr dərəcəsinə yiyələnib. Santyaqoda yerləşən Dieqo Portales Universitetində ədəbiyyatdan dərs deyir. İspan və Latın Amerikası mətbuatında aktiv dərc olunur. “Nito” (“Tüstü”) poeziya jurnalının baş redaktorudur.

Yaradıcılığa şair kimi başlayan Zambranın 1998 və 2003-cü illərdə şeir kitabları çap olunsa da 2006-cı ildə çıxmış “Bonzay” romanına görə dünyada daha çox yazıçı kimi tanınır. Bəri başdan bildirək ki, roman 2011-ci ildə çilili rejissor Kristian Ximenes tərəfindən eyni adla ekranlaşdırılıb. Film Kann və başqa festivallarda nümayiş olunub.

2007-ci ildə yazıçının “Ağacların şəxsi həyatı” adlı romanı çap olunub. Əsər Dublin ədəbi mükafatının nominantları arasında yer alıb.

2010-cu ildə “Oxumayın” adlı esseləri, 2011-ci ildə “Evə qayıtmağın yolları” adlı romanı çap olunub. Roman Altasar, Milli Kitab Sovetinin mükafatlarını alıb, Mediçi mükafatının qısa siyahısına düşüb. 2013-cü ildə isə “Mis documentos” adlı hekayələr kitabı çap olunub.

Yazıçının romanları bir neçə dilə, o cümlədən türk dilinə çevrilib. 2007-ci ildə Boqotada keçirilən Beynəlxalq Kitab Yarmarkası çərçivəsində “Latın Amerikasının 39 yaşa qədər olan 39 ən böyük yazıçısı” siyahısına daxil edilib. 2010-cu ildə isə Britaniyanın “Qranta” jurnalı onu yaşı 35-dən aşağı olan tanınmış ispandilli yazıçıların siyahısına salıb. Zambra 2013-cü ildə Prins Klaus (Niderland) mükafatına sahib olub.

73+146+91

Haqqında verdiyimiz məlumatdan da göründüyü kimi Alexandra Zambra cavan olmasına baxmayaraq kifayət qədər tanınır. Romanları dünyanın müxtəlif dillərinə tərcümə olunur. Türkiyənin Notos nəşriyyatında artıq üç kitabı çap olunub, dördüncüsü nəşrə hazırlanır.

Bəs Zambra nə cür yazıçıdır, nə yazır, nədən yazır, necə yazır?

Hər şeydən əvvəl onu deyim ki, Zambranın romanları çox qısadır. Görünür bu məsələdə çilililər bizi çox qabaqlayıblar. Məsələn, yazıçının “Bonzay” adlı romanı cəmi 73 səhifədir; “Evə qayıtmağın yolları” 146, “Ağacların şəxsi həyatı” isə 91.

Özü də deyəsən müəllif “Bonzay” ilə “Ağacların şəxsi həyatı”nı cəmi bircə günə yazıb. Çünki kitabın sonunda bir gün verilib. “Bonzay”ın sonunda yazılıb: 25 Aprel 2005. “Ağaclar...”da isə 11 İyul 2006 qeydi var.

Kitabdangəlmələrin qələbəsi

Zambranın başqa bir özəlliyi: Bizdə aktual olan “kitabdangəlmə” və “həyatdangəlmə” söhbəti deyəsən Çili ədəbiyyatında da var. Buna görə də Zambranı əminliklə birinci kateqoriyaya aid etmək olar. İxtisasca ədəbiyyatşünas olan Zambranın romanları Floberin, Prustun və bizim tanımadığımız onlarla Latın Amerika yazarlarının əsərləri ilə intertekstuallıq yaradır. Xulio və Emilio “Madam Bovari”ni müzakirə edirlər, birlikdə “İtmiş zamanın axtarışında”nı oxuyurlar. Masedonio Fernandezin (argentinalı şair-yazıçı, filosof, Xorxe Luis Borxesin dostu, Borxes onu həm də müəllimi hesab edirdi) “Tantaliada” əsəri barədə danışırlar və Xulio əsərin sonunda eynilə “Tantaliada”nın qəhrəmanının həyatına oxşar həyat yaşamağa başlayır.

Onun romanlarının baş qəhrəmanları müəllifin özü kimi ədəbiyyat dərsi verirlər, roman yazırlar. Elə buna görə də Zambranın romanlarında kitabla bağlı bölmələr tez-tez yer alır. Onun qəhrəmanları valideynlərinin evindəki kitab rəflərindən söhbət açırlar, “Madam Bovari”ni necə oxumaq haqda atalarından məsləhət alırlar (“Madam Bovari” evdəki romanlardan biri idi, beləcə həmən gecə oxumağa başladım, amma təsvirləri başa düşə bilmirdim. Floberin nəsri ancaq yuxulamağıma səbəb olurdu. Atamdan öyrəndiyim “əlimyandı” planı həyata keçirməli oldum: əvvəldən və sondan iki səhifə oxuyub romanın başını və axırını öyrəndikdən sonra ara vermədən oxumağa davam etmək. Bitirə bilməsən də ən azından qatilin kim olduğunu öyrənərsən, deyərdi atam, yəqin ancaq bir qatilin olduğu kitabları oxumuşdu) anaları ilə hansısa müasir Çili yazıçısının əsərini müzakirə edirlər.

Baş qəhrəman başqasının yerinə danışır

Kolumbiya yazıçısı Xuan Qabriel Vaskes kimi Alexandro Zambra da Latın Amerika ədəbiyyatının siması olan magik realizm ənənələrindən uzaqdır. Onu da Vaskes kimi bir məsələ düşündürür - tarix. Və bu tarix çox da uzaq tarix deyil, yaxındır, günümüzün tarixidir. Görünən budur ki, Latın Amerikasının son 50 ilinin tarixi bu materikin yaradıcı adamlarını ciddi şəkildə narahat edir. Onlar (Vaskes və Zambra timsalında) materiklərinin son 50 ildəki tarixlərinə qayıdırlar, bu ölkələri qanlı pəncələrində boğan diktatorların, xuntaların, rejimlərin əzdiyi, məhv etdiyi, sürgün etdiyi insanların keçmişlərini araşdırıb üzə çıxarırlar. Zambranın “Evə qayıtmağın yolları” romanı Pinoçet rejiminin qurbanlarından bəhs edir.

Görünür vaxtilə Markesi narahat edən məsələlər (“Nə qədər ki, Pinoçet hakimiyyətdədir, yazdıqlarımı çap etməyəcəm”) Latın Amerikan yazarlarını indi də düşündürür. Buna görə də onların qəhrəmanları bu və ya digər şəkildə həmin rejimlərin qurbanlarıdırlar. Burada Vaskeslə Zambranın yaradıcılığındakı qəribə oxşarlığı vurğulamaq yerinə düşərdi.

Vaskesin “Düşən əşyaların səsi” romanının qəhrəmanı özünün deyil başqasının hekayəsini danışır. Yəni baş qəhrəman A-dır, amma biz onun hekayəsini oxumuruq. A bizə B-nin hekayəsini öyrənməkdə vasitəçi rolu oynayır, onun hekayəsini çözməyə çalışır. Yəni romanda A yalnız vasitəçidir, əsas qəhrəman həyat hekayəsini öyrənməli olduğumuz qəhrəman B-dir. B isə əlbəttə Latın Amerikasının diktatorların, xuntanın caynağında çapaladığı o amansız dövrün qurbanıdır. Zambra da “Evə qayıtmağın yolları”nda eyni priyomdan istifadə edərək bizə Pinoçet rejimi ilə mübarizə aparan bir ailənin qızının – Klaudianın hekayəsini danışır. Bu üslub bizə bir qədər Pamukun “Qar” və “Məsumiyyət muzeyi” romanlarından tanışdır. Bu romanlarda da əsərin sonunda müəllif-qəhrəman əsərə daxil olur. “Məsumiyyət muzeyi”ndə Kamal əsərin sonunda bir zamanlar qonşu olduğu, hətta bir məclisdə rastlaşdığı Orhan Pamuku dəvət edib ondan hekayəsini yazmağı xahiş edir. Amma Pamukdan fərqli olaraq Vaskesin, xüsusən Zambranın romanında müəllif, hekayəni danışan, onu çözələyib üzə çıxaran qəhrəman ikinci dərəcəli qəhrəman deyil, o əsərin baş qəhrəmanıdır.

Kukla yazıçı

Zambranın romanları kitab içində kitabdır. Yəni bizim əlimizdə tutduğumuz kitab qəhrəmanın hazırda yazmaqda olduğu əsərdir. Hər nə qədər müəllif özünü qəhrəmanından ayırmaq istəsə də onlar əsərin müxtəlif hissələrində toqquşurlar və müəllifin təhkiyəsi ilə qəhrəmanın təhkiyəsi bir-birinə qarışır. Əgər başqa müəlliflər yazdıqlarının gerçək olduğunu inadla oxucuya çatdırmaq istəyirsə, onun əlindən tutub yaratdığı dünyanın içinə çəkib aparmaq istəyirsə, Zambra belə deyil. O, tez-tez bunun bədii əsər olduğunu oxucuya xatırladır. Hətta bəzən sözünü kəsə edib deyir ki, Xulionun həyatının filan hissəsi bizə gərəkli deyil.

Müəllif sanki kukla oynadır və göstərdiyi tamaşanı istədiyi an dayandıra bilər. Oxucu isə təkcə kuklalara fokuslanmayıb, müəllif də bu hekayənin içində yer alır, səhnədə kuklalarla yanaşı onların ipini çəkən adam da görünür. Bəlkə buna görə də müəllif cəsarət göstərərək əsərin ilk cümləsindəcə “Bonzay”ın qəhrəmanı Emiliyanın sonda öləcəyini söyləyir. Ona aksion, oxucunu gərginlikdə saxlamaq lazım deyil. Yəqin atasından kitab oxumaq qaydasını öyrənən müəllif onsuz əmindir ki, əgər oxucu əvvəldən hər şeyi bilmək istəsə kitabın sonundan iki səhifə oxuyaraq qəhrəmanın taleyinə vaqif olacaq.

“Evə qayıtmağın yolları”

“Bir dəfə azdım. Altı, ya da yeddi yaşında idim. Fikrim yayınmışdı, birdən anamla atamı itirdim. Qorxdum, amma sonra yolu tapdım və evə onlardan tez çatdım - ümidsizlik içində məni axtarırdılar. Amma, məncə o axşam əslində onlar azmışdılar. Çünki mən evə qayıtmağı bilirdim, amma onlar bilmirdi.”

Bu abzas Zambranın “Evə qayıtmağın yolları” romanının əvvəlindəndir. Romanın qəhrəmanı yazıçıdır. O, uşaqlıqdan başına gələnləri, xatirələrini yazır. Bu xatirələrsə günün birində reallıqla qovuşacaq. Bundan sonra qəhrəmanın həyatı necə dəyişəcəksə romanın sonu da o cür olacaq.

Bu yaxında Çilidə baş verən zəlzələdən biri də 3 mart 1985-ci ildə olmuşdu. Zəlzələ gecəsi dağıntıdan salamat çıxanlar, evlərində qalmaqdan qorxanlar nə edərlər? Əlbəttə küçəyə axışıb gecəni bayırda keçirərlər. Fəlakətlər həmişə insanları birləşdirir. Qəhrəman da o gecə qonşuları Raulun yanında gətirdiyi bir qadın və Klaudiya adlı bir qızla tanış olur. Zəlzələ ötüşəndən sonra Klaudiya qəhrəmanla dostluq etməyə başlayır. Amma bu dostluğun bir məqsədi var. 12 yaşlı Klaudiya doqquz yaşlı qəhrəmanımıza tapşırıq verir: Raulu izləyəcəksən, o nə eləsə mütəmadi mənə raport verəcəksən.

Beləcə doqquz yaşlı oğlan xəfiyyəyə çevrilir. Amma bunu maraqdan çox, Klaudiyaya duyduğu istəkdən edir. Sonra... Qız günün birində yaşadığı evdən xəbərsiz köçür. İllər ötür. Və qəhrəmanımız romanını yazdığı vaxtda xatirələrinin izinə düşür. Onda xəbər tutur ki, Klaudiya ABŞ-da yaşayır və bir zaman qəhrəmanımızın qonşusu olan Raul ölüm yatağında olduğu üçün vətəninə qayıdacaq.

Bundan sonra qəhrəmanımız öyrənir ki, sən demə Raul heç Raul deyilmiş, Roberto imiş. Pinoçet rejimi onu axtarmasın deyə xaricə qaçan qayını Raulun şəxsiyyət vəsiqəsini götürüb onun adıyla yaşayırmış. Buna görə təhlükəsizlik naminə qızı və həyat yoldaşından ayrı yaşayırmış, guya Klaudiyanın dayısı imiş.

Pinoçet rejimi bir çox cinayətlər, dəhşətlər törətməklə yanaşı Klaudiyanı da ata qayğısından məhrum edib. Elə buna görə də qəhrəman Klaudiyanı ailəsi ilə tanış elədiyi gecə Robertonun siyasətə qarışdığını deyən anasına irad tutur: “Hamı siyasətlə maraqlanırdı, ana. Siz də. Sizlər də. Heç bir şeyə qarışmayaraq diktatorluğu dəstəkləmiş olurdunuz.”

Ağır ittihamlardı. Qəhrəman bunun da kədərini yaşayır. Pinoçet rejiminin getməsində əməyi olmayan ailəsinə görə də üzülür: “Yaxşı, ana, amma diktatorluq öz-özünə devrilmir, mücadilə olmasa olmazdı.”

Qəhrəman danışdıqca, daha doğrusu yazdıqca Pinoçet rejiminn dəhşətləri ilə, işgəncə görmüş insanların ağrıları ilə tanış oluruq. Qəhrəman yuxarı sinifdə oxuduğu günlərdə bir səhər polis bölməsindən qaçan üç oğrunu təqib edir. Oğrularsa məktəbin avtomobil dayanacağında gizləniblərmiş. Tarix dərsi imiş. Bu vaxt atəş səsləri eşidilir. Tarix müəllimi qorxusundan masanın altına girir. Əlləri ilə qulaqlarını qapayıb, gözlərini yumur və uşaq kim ağlamağa başlayır. Şagirdlər onu sakitləşdirməyə çalışmış, birtəhər inandırıbmışlar ki, qorxmayın, bunlar əsgərlər deyil, polisdi, oğruları tutmağa çalışır.

Zambra Pinoçet dövrü dəhşətlərini konkret insanların timsalında hadisələri göstərir və oxucu Pinoçet əleyhdarlarının necə işgəncələr yaşadıqlarının şahidi olur.

Və ya...

Meksikalı komediya ustası Çiliyə konsert verməyə gəlibmiş. Klaudiyanın xahişi ilə valideynləri onu da konsertə aparıblar. Burda xatırladım ki, 1973-cü ilin sentyabrında hərbi çevriliş zamanı Pinoçet ordusu 40 minə yaxın etirazçını Çilinin Milli Stadionuna yığaraq öldürmüş, işgəncəyə məruz qoymuşdu. Aralarında Məmməd Arazın şeir həsr etdiyi məşhur solçu musiqiçi Viktor Xara da vardı. Burdan sonrası görək romanda necə yazılıb: “Anası ilə atası əvvəlcə onu konsertə aparmaq istəməyiblər. Konsertə dördü birlikdə gediblər, Klaudiya və Ximena da (bacısı) əməllicə şənləniblər. Klaudiya uzun illər sonra həmin günün anası ilə atası üçün böyük bir əzab olduğunu anlayır. Çünki orada olduqları vaxt ərzində stadionu gülən insanlarla dolu görməyin nə qədər ağlasığmaz olduğunu düşünüblərmiş. Anası ilə atası konsert boyu ölənləri düşünüblərmiş.”

Romanın sonunda Klaudiya gəldiyi kimi də yox olur. Çilidə yenə bir zəlzələ baş verir. Və zəlzələ ilə başlayan roman zəlzələ ilə də bitir:

“Gec oldu. Yazıram. Şəhər özünə gəlməyə çalışır, amma yayın axırının hər hansı bir gecəsindəki hərəkətliliyinə qaldığı yerdən yavaş-yavaş davam edir. Açıq ürəklə, ciddi-ciddi baş verənləri düşünürəm. Bu gün ölən insanları. Dünənin, sabahın ölülərini. Bir də bu, təvazökar və qaba, lazımlı və yetərsiz qəribə peşəni: həyatı baxaraq, yazaraq yaşamağı.”

“Ağacların şəxsi həyatı”

Zambranın “Evə qayıtmağın yolları” və aşağıda haqqında danışacağımız “Bonzay” romanında olduğu kimi burda da baş qəhrəman Julian ədəbiyyat adamıdır. Bir roman yazır. Amma hələlik qızlığı Danielaya yatması üçün “Ağacların şəxsi həyatı” adlı hekayələr danışır. Bu hekayədə qəhrəmanlar baobab və qovaq ağaclarıdırlar. Bu ağaclar “heç kəs onları görməyəndə fotosintez haqqında, sincablar haqqında və insan, heyvan ya da öz deyimləri ilə-axmaq beton parçaları olmaqdansa ağac olmağın gətirdiyi saysız-hesabsız fayda haqqında” danışırlar.

Veronika-Julianın həyat yoldaşı rəsm kursundan hələ qayıtmayıb. Oxucu da ögey qızını yatızdırmağa çalışan Julianla birlikdə onun gəlişini gözləyir. Müəllif deyir ki, o gəlincə roman bitəcək: “Amma bu gecə normal bir gecə deyil. Hələ ki, bu cürdür. Növbəti günün başlayıb başlamayacağı hələ dəqiqləşməyib, çünki Veronika rəsim kursundan hələ qayıtmayıb. O, qayıdan kimi roman bitir. Amma o, qayıdana qədər roman davam edir. Kitab o qayıdana, ya da Julianın onun qayıtmayacağına əmin olanədək davam edir...”

İndilik Julian ögey qızına ağacların şəxsi həyatını, müəllif isə bizə Julianın, Veronikanın şəxsi həyatını danışır...

Bizsə başqa bir romandan, bir bitki ilə bir insanın şəxsi həyatından danışaq - Zambranın sona saxladığımız ilk romanından.

“Bonzay”

Bonzay dibçəkdə cırtdan ağacları əkmə sənətidir. Bu sənət Yaponiyada yaransa da dünyada olduqca məşhurdur. Zambranın birinci romanının adı da burdan götürülüb. Əsərin girişi maraqlıdır: “Axırda qız ölür və oğlan tənha qalır; halbuki oğlan qızın, Emiliyanın ölməyindən bir neçə il əvvəldən tənha qalmışdı. Qızın adı deyək ki, Emiliya idi. Ya da hesab edək ki, Emiliya idi. Oğlanın adı isə Xulio, Xulioydu, hətta hələ də Xuliodur. Xulio və Emiliya. Axırda Emiliya ölür və Xulio isə ölmür. Qalanı ədəbiyyat.”

İlk abzası oxuyandan sonra oxucuya elə gəlir ki, bu bir “Bonni və Klayd” hekayəsidir. Qəhrəmanlar kriminal işlərlə məşğul olacaqlar, bank yaracaqlar, qətl törədəcəklər, polis onları təqib edəcək, axırda da biri öləcək.

Sonradan görürük ki, yox, düşündüklərimizin əksinə qəhrəmanlar ədəbiyyat fakültəsinin tələbələridirlər. İspan dilindən kəsirləri olan Xulio ilə Emilia tələbə yoldaşlarından birinin evində tanış olur. Tələbə sevgililər sevişməkdən başqa kitab da oxuyurlar. Zambra bu sevgililər haqqında deyir: Onların qəribəlikləri təkcə seksual xarakterli deyildi, sentimental da deyildi, eyni zamanda təbiri-caizsə ədəbi idi. Bəli, onların münasibəti həm də ədəbi idi. Görüşlərinin ilk gecəsi Xulio ona Ruben Dariodan şeirlər oxuyur. Hər sevişmədən sonra Misima, Peres, Nabokov oxuyurlar. Hətta heç biri Prustu oxumasa da bir-birilərinə yalandan “oxumuşam” deyirlər və sadəlövh sevgililər qərara gəlirlər ki, romanı ikinci dəfə oxusunlar (halbuki ilk dəfə). Hansısa kitabda rast gəldikləri erotik bir çalar, bir səhnə onları oxumanı yarımçıq saxlayıb sevişməyə başlamalarına bəs edir.

Tələbə sevgililər Fernandesin “Tantaliada” əsərini müzakirə edirlər. Fernandesin əsərində sevgilərini simvolizə edən bir bitki alırlar, dibçəkdə əkilmiş yonca. Sonra fikirləşirlər ki, bu bitki solanda onların sevgisi də bitəcək. Ona görə yoncanı aparıb yoncalıqda əkirlər ki, onların çiçəyi digər yoncaların arasında itsin, sevgililər öz bitkilərinin solduğunu görməsinlər.

Emilianın bəyənmədiyi hekayəni niyə danışdım? Çünki Emilia günün birində Xulionu tərk edir. Müəllif əlavə izah vermir. Dedim axı, o, istədiyi zaman istədiyi qəhrəmanını əsərdən çıxarır, mətni özü idarə edir, oxucunu düşünmür, onunla hesablaşmır. Bundan sonra müəllif bizi Xulionun tələbəlikdən sonrakı həyatına aparır. Xulio ali məktəbi bitirib latınca dərsi verir. Bir az pul qazanmaq üçün Qazumuri adlı yazıçıdan onun yeni əsərinin əlyazmasını kompüterə köçürmək sifarişi alır. Bu barədə təzə tanış olduğu Mariyaya deyir. Mariya Qazumirinin romanının nədən bəhs etdiyini soruşduqda isə “Bir adam radiodan cavanlıq sevgilisinin öldüyünü eşidir” deyir. Mariya “Davamı necədir?”, soruşanda Xulio bir zaman Emilia ilə oxuduğu “Tantaliada” hekayəsini xatırlayaraq “Cavanlıqda birlikdə bir bitki əkiblərmiş” deyir. Səhər Qazmuridən rədd cavabı alan Xulio Mariyaya bu barədə heç nə demir. Əvəzinə guya Qazmurinin “Bonzay” adını verdiyi əsəri özü yazmağa başlayır. Əlbəttə o, Emilia ilə məhəbbətindən yazır. Sən demə neçə il keçsə də Xulio Emilianı unutmayıb. Beləliklə Fernandesin qəhrəmanına çevrilən Xulio həm bu barədə əsər yazır, həm də bonzay alaraq yetişdirməyə başlayır. Sanki romanın bu hissəsindən sonra Xulionun hekayəsi ilə Zambranın hekayəsi birləşir. Biz guya Qazmurinin yazdığı Xulio əsərinin sonunu elə Zambranın kitabının sonunda biləcəyik.

Onsuz da kiçik olan romanı uzadıb ucuzluğa getməyim: Qazmurinin romanı çap olunur, Mariya ilə Xulio sakit şəkildə ayrılırlar, Xulio həm kitabı yazır, həm hələ də sevdiyi Emilianı düşünərək roman yazır, sevgilərinin simvolu olan bonzay yetişdirir. Zambra deyir: “Bir Bonzay yetişdirmək yazmağa bənzəyir, deyə düşünür Xulio. Yazmaq bonzay becərmək kimidir, deyə düşünür Xulio.”

Və bir gün bir sərgidə Emilianın rəfiqəsi (Anita) ilə rastlaşır, Emilianın Madriddə özünü metro qatarının altına ataraq intihar etdiyini öyrənir. Zambra burda da kitabdangəlmişlik edir. Bu sonluq sizə Tolstoyun “Anna Karenina”sını xatırlatmır ki? Hə, burda bir qədər ləngiməli olacağıq. Biz axı dedik ki, müəllif Emilianın Xuliodan niyə ayrılması barədə heç bir izahat vermir! Bunun əvəzinə əsərin sonunda Emilanı Anna Karenina ilə eyniləşdirir. Sanki müəllif bu göndərmə ilə Emilianın da oxşar ruhi sarsıntılardan əziyyət çəkdiyini, oxşar səbəblərdən intihar etdiyini söyləyir. Emilianı Tolstoyun qəhrəmanına bənzətdiyi üçün isə Emilianın xarakteri, sevgililərin ayrılma səbəbləri barədə geniş yazmağa lüzum görmür.

Ona görə bu roman qısadır - 73 səhifə. Əslində isə biz gözümüzün qabağında qalın bir Zambra romanı canlandırmalıyıq: Zambranın yazdıqları + ”Anna Karenina” (və ya Tolstoyun romanında Annanın daxili sarsıntılarının yazıldığı hissələr) = ”Bonzay” = 73 səhifə.

Bu da teoremin isbatı...

news-inner-user
Mirmehdi Ağaoğlu

542 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti