Anarın Şərifə qoşulub ağlaması, Əkrəmin bic gülüşü...

Anarın Şərifə qoşulub ağlaması, Əkrəmin bic gülüşü...
21 sentyabr 2015
# 11:50

Kulis Şərif Ağayarın “Anar yuxusu” məqaləsini təqdim edir.

İnanmamaq haqqınızdır, amma Allah şahiddir ki, bir kəlmə də o yan-bu yan yazmıram: bu gecə Anar müəllimi yuxuda görmüşəm!

Nəsə geniş salondumu, yataqxanadımı, nədirsə al-əlvan geyinmiş şən uşaqlar var və bu uşaqların arasında iki bir-üç bir iri kreslolar qoyublar. Nədənsə Anar müəllim mənimlə söhbət etmək istəyir. Deyəsən, debatdır. Jurnalistlər də var. Sadəcə salonun bir tərəfində top oynayan uşaqların səsi bizə mane olur. Anar müəllim tez irəli qaçıb arxası mənə tərəf olan kreslolardan birində oturur. İnamla arxaya söykənəndə hiss edirəm ki, yıxılacaq, qaçıb tutmaq istəyirəm. Amma çatdırmıram... Anar müəllim həqiqətən yıxılır, kreslo qırılır. Adamlarla köməkləşib onu qaldırırıq, uşaqlar şalvarının arxasını çırpır. Anar müəllim yanını çəkə-çəkə başqa bir kresloya yaxınlaşır. Mən qaçıb deyirəm ki, oturmayın, ondan da yıxıla bilərsiniz. Heç nə demir, ancaq sözümə də qulaq asmır, yenə oturur və yenə arxası üstdə yıxılır. Mən yenə qaçıb onu tuta bilmirəm. Bu dəfə də onu ayağa qaldırırıq. Anar müəllim növbəti kresloya tərəfə addımlayır. Bu vaxt dostumuz Pərviz Cəbrayıl iki operatorla peyda olur. Əlində “AzTV” yazılmış mikrofon tutub. Deyir, Anar müəllim, madam ki, bütün kreslolar qırılır və ya aşır, siz onlarda oturmayın. Gəlin futbol oynayan uşaqlara tərəf gedib orda ayaqüstü söhbət edək. Anar müəllim razılaşır. Dinməz-söyləməz Pərviz Cəbrayılın dalınca düşürük. O ayaqüstü göstərişlər verir, futbol oynayıb səs-küy salan uşaqları sakitləşdirir, kameraları quraşdırır. Və veriliş başlayır. Anar müəllimlə nə barədəsə mübahisə edirik və bu mübahisədən yadımda bircə söz qalıb: “Konyuktura” Özü də bu sözü mən deyirəm və elə bərkdən, qəzəblə deyirəm ki, Anar müəllim iri addımlarla bizdən uzaqlaşır. Arxasınca da danışıram nəsə. Hirsli-hirsli. O, heç bir reaksiya vermədən yaxınlıqdakı maşına minib gedir...

Bir azdan məlum olur ki, Anar müəllim heç yerə getməyib. Daha doğrusu gedib, sadəcə mən də yanındayam. Başqa bir yoldaşımız da var: Əkrəm Əylisli... Anar müəllimlə çox mehriban danışır. Bu məni qıcıqlandırır. Başlayıram Əkrəm müəllimə deyinməyə ki, bəs Anar bunu elədi-onu elədi, sən niyə onunla belə mehribansan. Əkrəm heç nə demir, eləcə bic-bic gülümsəyir. Mən sıxılıram...

Növbəti montajda Əkrəm müəllim bizdən üç-dörd addım öndə gedir, bu səfər Anar müəllimlə mən şirin-şirin söhbətləşirik. Qəribədir, mənə deyir ki, Oğuzun “Azərbaycan 60” qəsəbəsinə getmişdim bayaq, orda sənin ananı gördüm. Ağlayırdı. Mənə dedi ki, indi beşmərtəbəli evlərin altıncı mərtəbələrində sadəcə krosnı antenalar var. Və Anar müəllimin bu sözləri yuxuda o qədər təsirli alınır ki, ikimiz də ağlayırıq.

Mən deyirəm, uşaqlarım çətin şəraitdə yaşayır, qaldığımız otağın hamamındakı tavan nəmişlikdən uçub onların başına tökülür, amma siz də Yazıçılar İttifaqının ev növbəsinə evi olan yazıçıları salırsınız. Anar müəllim təəccüblənir. Deyir, mən bunu bilməmişəm, amma bir dəfə sizin yataqxanaya gəldim, bahalı televizorunuz vardı.

Biz – Anar, Əkrəm Əylisli və mən deyəsən Şəkiyə gedirk. Şəkiylə bağlı konkret heç nə görünmür. Sadəcə belə hiss edirəm. Bircə İsmayıllı Qəbələ arası meşəlik xəyal kimi ötüşüb keçir eynimdən.

Yol uzanır, hara gedib çıxdığımızı bilmirəm. Mən həm Anarla Əkrəmə qoşulub meşədəki dumanın içində itir, həm də arxada qalıb dumanda əriyən siluetlərimizə baxıram.

Sonra bir-iki epizodda Anar müəllimi yatılı görürəm. Hətta mənə elə gəlir ki, xoruldayır. Birdən hiss edirəm ki, yatmayıb, ölüb, ağlamaq tutur məni. Elə bilirəm onu mən öldürdüm. Solğun üzünə baxıram, ona dəhşətli dərəcədə yazığım gəlir.

Son epizod kimi Anar müəllimlə iç-içə otaqlarda gəzib nələrsə danışırıq. Muzey Mərkəzinin iç-içə salonlarıdır deyəsən. Amma divarlarda şəkil-filan yoxdur...

Yuxunun yozumu

Bu nə yuxudur, necə yuxudur, niyə bunu görmüşəm konkret bir söz deyə bilmərəm. Amma təxminlərimi sizin üçün də yazıram, maraqlı olar.

Niyə yataqxana? – Mən Bakıya gələndən qaçqın kimi yataqxanada məskunlaşmışam. Bakı Dövlət Universiteti yaxınlığında. Bir dəfə orda təsadüfən Azərbaycan Yazıçılar Birliyinin o zamankı katibi Arif Əmrahoğlunu gördüm. Dedi, sən xeyir ola? Olmaya Universitetdə işləyirsən. Dedim, yox, burda qalıram. Arif müəllim görünüşündən səfalət yağan uçuq-sökük yataqxanamıza baxdı, dedi, gəl adını AYB-nin mənzil növbəsinə salaq, real bir şey yoxdur, amma gələcəkdə hər şey ola bilər. Bu o vədələr idi ki, AYB üzvü olmağıma çox sevinmişdim və indiki bəzi sadəlövh gənclər kimi ciddi adam olduğumu, yazarlığımın rəsmi təsdiq edildiyini düşünürdüm. Dedim, Arif müəllim, ev-filan istəmirəm, burda qohumlarla iki otaqlı ailəvi mənzilin dar bir otağında qalıram, dörd nəfərik, otağa heç cür sığışa bilmirik, imkansa, yataqxanadan bircə otaq alıb qohumları ora çıxara bilsəm, elə bilərəm mənə ev alıbsınız. Nə başınızı ağrıdım, bu vəsilə ilə Arif Əmrahoğlu məni Anar müəllimlə görüşdürdü. O da müvafiq yerlərə zəng elədi və məktub yazdı. Düzdür, iş düzəlmədi, amma hər halda bu xahişi elədi...

Niyə kreslo? – Anar müəllimi tanıyan ilk gündən bu günəcən anlaya bilmirəm ki, o, kresloya niyə bu qədər bağlıdır? Hətta bəzən düşünürəm ki, nə vaxtsa paltarı çürüyüb AYB sədri kreslosuna yapışacaq. Anar müəllim bu dünyada yaxşı-pis hər şeydən imtina eləyə-eləyə gedir, bir kreslodan başqa! “Dantenin yubileyi”ni yazan, Mirzə Cəlili yüksək səviyyədə mütaliə edib filmləşdirən Anar niyə də onu Anar eləyən dəyərləri uf demədən qotur bir kresloya qurban verir? O kreslo Anar müəllimin imtina etdiklərinə, ayaqlayıb keçdiklərinə dəyərmi? Dəyməz, vicdan haqqı! Özü də bu yaşda. O yaşda ki, Selincer hər şeydən imtina edib inzivaya çəkildi, Tolstoy bütün variyyətini kilsəyə bağışladı. Mübahisə və intrqialardan uzaq komfort içində müdrik bir qocalıq yaşamaq bu qədərmi çətindir? Kreslodan ayrı həyat Anar müəllim üçün bu qədərmi qorxulu və maraqsızdır? Baş açılası deyil...

Niyə kreslodan yıxılmaq? – Yaşlı adamlar hər dəfə naqolay kreslolarda yayxananda nəsə içimdə xəfif bir qorxu dolaşır ki, bu saat arxaya aşacaqlar. Qocalar ağır eşidib ağır gördüyü kimi həm də ağır duyub ağır dərk edirlər. Təhlükəni hiss edincə yıxılıb biabır olarlar. Və qəribədir narahatlıqla müşahidə elədiyim qocaların bir çoxu elə düşündüyüm kimi də yıxılıblar. Belə mənzərələr adətən adamları güldürdüyü halda, məni ağırdır, mütəəssir edir. İnsanın yıxılmasına baxa bilmirəm. Nəinki baxıb gülmək... Gerçək sözümdür. Səmimiyyətimə inanın. Bütün qocalar kimi Anar müəllimin də istər yuxuda, istər həyatda yayxandığı kreslodan arxaya aşması məni kədərləndirər. Hətta bəlkə sarsıdar. Qəza isə qaçılmazdır. Çünki Anar müəllim dözsə də kreslo dözməz. O bir gün mütləq yıxılacaq və adamlar bu biabırçı mənzərəyə için-için güləcəklər. Necə ki, deputat seçilməyəndə hər tərəfdən lağa qoyub gülürdülər.

Pərviz Cəbrayıl və konyuktura söhbəti – etiraf edək ki, bu yuxunun absurd hissəsidir. Heç bir izahım yoxdur.

Azərbaycan 60 qəsəbəsi – Oğuzda həqiqətən belə bir qəsəbə var. Qaçqınlar yaşayır. Bu yay məzuniyyətində getmişdim. Demək ki, burdan ilişib yaddaşıma.

Əkrəm Əylisli söhbəti – məlum hadisədə Əkrəm Əylisliyə Anar qədər aqressiya göstərən olmadı. Hətta Zahid Oruc, Nurəddin Mehdixanlı da ondan abırlı göründü. Niyə? Bu dünyada cavabını bilmədiyim çox nəhəng suallardan biri də budur. Adam nə günə düşə bilərmiş? Adam o boyda təcrübə, yaş və mütaliə ilə ədəbiyyatdan nə qədər uzaq qala bilərmiş? Anarı bu günə qoyan səbəblər onun bu vəziyyəti qarşısında o qədər xəfif görünür ki...

Anamın ağlaması – Məni AYB-dən xaric edəndən sonra Anar kulis saytına haqqımda təhqiramiz ifadələr işlətmişdi. Bildiyiniz kimi, Anar mədəni adamdır. Heç vaxt söyüşlə danışmır. Amma mənim qarama əməlli-başlı söyüş söymüşdü. O Anar ki, bizi bu günə qoyanların ən balacasına belə güldən ağır söz deyə bilmir. Çıqqılı bir məmurla da münasibətini korlamır. O Anar ki, jurnalistin “Çörəyin qiyməti qalxdı, bu barədə nə deyə bilərsiniz?” sualına “Mən ölkədə yoxam” – cavabını verə-verə həm də ziyalılıq iddiasındadır. Dır, dir, dur, dür... Hansını sayasan? Belə bir mağmın və qorxaq adamın məni söyməsi qanıma toxunmuşdu açığı və götürüb facebookda Nigar Rəfibəylinin Kremldə işləməsini onun başına qaxmışdım. Və təbii, sonra səhv etdiyimi anladım, pis oldum, statusu sildim. Məncə, yuxumda anamın Anar müəllimi görəndə ağlaması bu vicdan əzabından doğub. Amma krosnı və altıncı mərtəbə ilə bağlı heç bir izahım yoxdur. Anam qəribə qadın olub. İgid, qoçaq, silahla gəzən, kişiləri yumruqlayıb çırpan... Amma deyəsən yuxuda çox kövrək olur. Adam da Anar Rzayevin üstünə ağlayar? Ağlamağa yermi, üz tutmağa adammı yoxdu, qadın? Anarın öz gününə ağlamısansa, bu başqa məsələ. Amma sən onu bu qədər yaxından tanımazsan axı? Yaxşı, ona yozaq ki, Nigar Rəfibəyli haqqında yazdıqlarıma görə Tanrı məni “nakazat” eləyib və ikimiz də rahatlayaq...

Anara baxıb ağlamağım – Anarı ilk dəfə canlı görəndə gözlərim dolub. “İlahi, necə qocalıb?” demişəm özü-özümə. O vaxt mənə elə gəlirdi ki, Anar müəllim bütün ədəbiyyatın, bütün imkansız ədəbiyyatçıların yaşamaq və yazmaq qarantıdır. Nə qədər ki, o var, bizim kimilərə zaval yoxdur. Amma zaman keçdikcə bu sadədil qənaətim yerlə yeksan olub və elə xəyal qırıqlığına uğramışam ki, sözlə ifadə edə bilmərəm. Münasibətimiz onun səyi nəticəsində şəxsi düşmənçilik müstəvisinədək gedib çıxıb. Mən ədəbiyyat və yaradıcılıq problemlərindən yazıb kiflənmiş AYB-ni, orda bəslənən yaltaq və istedadsız adamları tənqid etdikcə Anar müəllim bunu şəxsinə həqarət kimi qəbul edib. Çünki AYB-ni şəxsi mülkü hesab edib.

Anarın mənə yağı düşmən kimi baxdığı günlərin birində qəfil küçədə rastlaşdıq. Hətta salamlaşdıq da! İçimdə olub-qalan insanlığı yoxlamaq üçün düşündüm: bu an iraq-iraq Anar müəllimin ayağı burxulsa və yıxılsa mən nə edərəm? Anındaca qaçıb qolundan tutdum, yaxındakı mağazalardan stul (kreslo yox!) gətirdim, alnına su çilədim, təcili yardıma zəng vurdum, aptekə dərman dalınca qaçdım... Və gördüm yox, nə olandan sonra insanlığım yerindədir. Onu tam itirməmişəm. Və Anar müəllimin uzaqdan başı ilə mənə həzincə bir salam verməsi kifayət elədi ki, onun içindəki işıqların tamamilə sönmədiyinə də özümü inandırım. Mən özümü inandırmağı bacarıram!

Hamamın uçması və televizor – Televizoru da absurda yozuram. Bircə onu deyim ki, evimizdə televizorlar tez-tez xarab olur. Amma uçan hamam məsələsi realdır. Hətta elə bu gün tezdən tualetdə oturub bu yuxu haqqında dərin-dərin düşünürdüm ki, qəfil nəmişlikdən quzulayıb tökülən tavandan hardasa yarım kiloqram ağırlığında bir beton parçası alnımın sağ küncündən qıl yazaraq yerə düşdü. O qədər möhkəm idi ki, parçalanmadı da! Və təbii ki, sevindim. Birinci, ona görə ki, başımı dağıtmadı. İkinci, ona görə ki, uşaqların da üstünə düşə bilərdi. Üçüncü ona görə Tanrı hər şeyi görürdü və mənə işarələr göndərirdi.

Sonluq

Yazımdan elə anlaşılmasın ki, Anar müəllimin mənzil problemimi həll etməməsindən giley-güzar edirəm. Əsla! Əgər belə olsa ən azı adımı AYB-nin ev növbəsinə yazdırardım. Mən bunu istəməmişəm. Səbəbini soruşanlara da demişəm ki, Anarın əli ilə Laçının, doğma kəndimizin açarlarını mənə təqdim etsələr, qəbul eləmərəm, nəinki ev-filan. Çünki Anarın şərtləri çox alçaldıcıdır!

...Bəli, beton parçasına baxa-baxa xeyli düşündüm və özümdən asılı olmadan dilimdən bu sözlər çıxdı: “Başımıza haranın daşını salaq?!”

Halbuki o daş lap yanımda, ayağımın altındaydı...

# 1348 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
# # #