Yaradandan fərman budur - GƏRAYLILAR

Yaradandan fərman budur - GƏRAYLILAR
2 sentyabr 2015
# 10:28

Kulis Qazaxda yaşayan gənc şair Hikmət Carçılı Orhunun təzə gəraylılarını təqdim edir

***

sən olsan allah adamı,

mən ollam imam övladı.

yerin altın, üstün bilər,

hələb oğlu, şam övladı.

gəl, məni qovğadan qutar,

naşı atar, nadan tutar.

gözünün üstündə tutar,

sonlamaz adam övladı.

sinəmdə var bir ağız söz,

qaldım qarasız, kağızsız.

qul hikmət dilsiz, ağızsız -

yaradanın xam övladı.

***

göz görəsi canım çıxdı

ruhumu görən olmadı.

daşlara çırpılıb qaldı,

ahımı görən olmadı.

saqi badəmi doldurdu,

içdim, nəfsimi öldürdü.

beş rükət namaz qıldırdı

şahımı görən olmadı.

qul hikmət der: xəbər aldım,

yolumu yaxına saldım.

para verib kəfən aldım

behimi görən olmadı.

***

zamanası qara gəlsin,

qardaş da yağı kimidi.

qonum-qonşu hücum çəkər,

xoş sözü ağı kimidi

alan almaz - satan öyməz

alar da əyninə geyməz

nəfsim keçməz, əlim dəyməz

mülküm göz dağı kimidi.

qulun olmaz yazı, yayı,

burnundan tökülər payı.

bilinməz səmti-sarayı,

solu da sağı kimidir.

***

bir diyara ürcah oldum,

kəndinin itləri hürməz.

cavanı kefə qulluqdu,

ağsaqqalı öyüd verməz.

rəncbəri dinməz söyləməz,

ağası zülüm eyləməz,

şahı gədanı əyləməz,

fərmanına ağıl ərməz.

qulun sözü enər haqdan,

cəza çəkilməz nahaqdan,

mömini razı Allahdan,

cahili heç bəla görməz.

***

dərdə düşdüm, dərdə düşdüm,

halım bilmədi, bilmədi.

el-aləm qədrimi bildi,

zalım bilmədi, bilmədi.

düşündüm, durdum: nə edim?

yavan doydum, yavan yedim.

fikir çəkdim: yoxsa gedim -

qalım, bilmədi, bilmədi.

qulam, soldu baxçam-bağım,

tutuldu qaşım-qabağım.

qanlar tökdü solum-sağım,

gülüm bilmədi, bilmədi.

***

sürünməkdən doğmalaşıb,

dizim yollara, yollara.

var sinəmdə neçə qatar,

sözüm yollara, yollara.

tanrıdan belim bükülü,

ağzımda dişim tökülü,

umudum sənə dikili,

gözüm yollara, yollara.

qul hikmətə olan olub,

bir güləndə, bir də dolub.

bir gedimlik ömür qalıb,

dözüm yollara, yollara.

***

yaradandan fərman budur:

yol yorasan yar yolunda.

əhdində möhkəm olanın

durmaz boran, qar yolunda.

su olub daşdan keçəsən,

göz olub yaşdan keçəsən.

quruca başdan keçəsən,

namus, qeyrət, ar yolunda.

ad alıb, axca salanın,

durub başına dolanın.

şirinə fərhad olanın,

sərt qayalar var yolunda.

# 1330 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyatın xilası yalnız yazıçıların deyil, həm də...

Ədəbiyyatın xilası yalnız yazıçıların deyil, həm də...

09:34 23 iyun 2025
Nizami Cəfərovun azərbaycanşünaslığı - Rahid Ulusel

Nizami Cəfərovun azərbaycanşünaslığı - Rahid Ulusel

12:00 22 iyun 2025
Bədii mətnin sirlərini açan mətnlər

Bədii mətnin sirlərini açan mətnlər

10:00 22 iyun 2025
"Bugünkü televiziya proqramları bu əsərlərdən daha pornoqrafikdir" - Qismət

"Bugünkü televiziya proqramları bu əsərlərdən daha pornoqrafikdir" - Qismət

09:00 21 iyun 2025
Həccə getməzdən əvvəl bu kitabı oxuyun! - Allahı sevməyin 56-cı dərəcəsi

Həccə getməzdən əvvəl bu kitabı oxuyun! - Allahı sevməyin 56-cı dərəcəsi

14:20 20 iyun 2025
Əgər evliliyə inanırsansa, bu roman səni sarsıdacaq!

Əgər evliliyə inanırsansa, bu roman səni sarsıdacaq!

12:26 19 iyun 2025
# # #