Mollanın zorladığı iki qadın   90 YAŞLI  FİLMİMİZ

Mollanın zorladığı iki qadın  <span style="color:red;"> 90 YAŞLI  FİLMİMİZ
3 iyul 2015
# 10:18

Sevda SULTANOVA

“Naməlum kino” layihəsində geniş tamaşaçı kütləsinin məlumatsız olduğu milli kino tarixinin filmləri haqda yazılar təqdim olunacaq.

Layihədə ilk olaraq Abbas Mirzə Şərifzadənin 1925-ci ildə çəkdiyi “Bismillah” bədii filmini təqdim edirik.

“Bismillah” – Azərbaycan səhnəsində Hamlet rolunun ilk ifaçısı, teatrda bir sıra klassik pyeslərə quruluş vermiş A.Şərifzadənin kinoda debütüdür.

Film nədən bəhs edir?

Əslində süjeti eklektik saymaq olar: varlılara qarşı mübarizə aparan inqilabçıların fəaliyyəti, dinin hakimiyyətlə işbirliyi, kütlələrin dinə münasibətdə cahilliyi, qul psixologiyası, qadın haqları, milli adət ənənələrdəki arxaik detallar (məsələn, yengələrin zifaf gecəsini qapıdan güdməsi kimi).

Amma əsas obrazlardan biri Qulunun (Mustafa Mərdanov) ailəsinin taleyi süjetin əsas xəttidir. Qoyulan problemlər konkret bir ailənin fonunda orqanik şəkildə dramaturji materialda yer alıb.

Yoxsulluq içində yaşayan Qulunun uşağı olmur. O, dərdinə əlac tapmaq üçün sadəlövh insanların inandığı avantürist molla Əbdürrəhimin (Mirzəağa Əliyev) yanına gedir. Molla ona arvadını yanına tək göndərməyi tapşırır. Və o, Qulunun arvadı Hökuməyə (T.Vişnevskaya) təcavüz edir. Hökumə hamilə qalır, üstəlik, molla Qulunun bacısı Zeynəbi (K.Vyaznova) da zorlayır. Və hadisələr getdikcə daha mürəkkəb xarakter alır...

Sovet dövründə dərc olunan metraillarda film dinə qarşı təbliğat kimi xarakterizə olunsa da, əslində hədəfdə dini fanatizm, insanların inancı, savadsızlığı üzərində manipulyasiya edən mollalardır.

“Bilmillah” ümumilikdə, zamanının bir çox önəmli problemlərini əhatə edən dramdır.

Film realist üslubda çəkilib, hətta bəzi səhnələrdə sənədli kadrlardan istifadə olunub. Rejissor eyni zamanda minimal da olsa poetik ifadə vasitələrindən yararlanıb.

Məsələn, əhvalatın əvvəlində həyətdə qaçışan uşaq, oynayan pişik balası ilə küçük təsviri artıq tamaşaçıya sakit həyat tərzi keçirən mehriban ailə haqda vizual informasiya verir.

Rejissor vəziyyətə, obrazların həyat tərzinə uyğun olaraq həm ləng, həm hərəkətli çəkiliş metoduna müraciət edir. Əgər kənd həyatı, onun ətalətdə yaşayan sakinlərinin həyat tərzi asta tempdə göstərilirsə, şəhər həyatı, fəhlələrin neft buruqlarındakı işi, inqilabçıların fəaliyyəti daha dinamikdir.

Filmdəki Məhərrəmlik mərasimi səhnəsi sənədlidir, yəni Aşura günündə Bakıda çəkilib. Qulu obrazının ifaçısı Mustafa Mərdanov bu haqda deyirdi: “Təbii çıxsın deyə, Abbas Mirzə bu səhnəni Aşura gününə saxladı. Aşura günü yalançı mollaların təbliğinə uyub baş yaranların arasına qarışdıq”.

Yeri gəlmişkən, bu epizod Bibiheybət məscidində gizli şəkildə çəkilib. Böyük rus rejissoru Dziqa Vertovun dünya kinosuna gətirdiyi “gizli kamera” metodu Azərbaycanda ilk dəfə “Bismillah” filmində istifadə edilib.

Filmdə diqqətimi bir epizod xüsusən çəkdi. Əcnəbi zabitlər, onların zərif geyinmiş xanımları ayaqlarını ayaqları üstünə aşıraraq zəncirvurma səhnəsini, özlərini qanına qəltan etmiş insanları teatrda tamaşa izləyirmiş kimi soyuqqanlıqla seyr edir.

Həmin səhnənin təsvir həlli italyan rejissoru Gualtiero Yakopettinin sənədli kinoda “mondo” janrının əsasını qoymuş, dövründə böyük qalmaqala səbəb olmuş “Mondo Cane” (hərfi mənası “Köpək dünyası”) filmini yada saldı. 1962-ci ildə lentə alınmış filmdə bir Asiya ölkəsində əsgərlər öküzlərin başını qəddarcasına kəsir və onların bunu cəsarəti ifadə edən davranış kimi təqdim etdiyi mərasimi ingilis zabitləri ayağının ayağını üstünə aşıraraq soyuqqanlıqla seyr edir. A.M. Şərifzadənin hələ 37 il bundan əvvəl lentə aldığı yuxarıda qeyd etdiyim səhnəsi təsir gücünə, həllinə görə heç də Yakopettinin epizodundan geridə qalmır.

Onun yozumunda zəncirvurma səhnəsi insanların inancı səmimilikdən, məhrəmlikdən çıxaraq nümayişkaranə hərəkətə, tamaşaya çevrilir.

Tükürpədici kadrlardan biri Qulunun oğlunun başının ülgüclə çərtilməsidir. Məhərrəm ayında oğlu doğulan Qulu arzusunun həyata keçməsi münasibətilə məsciddə zəncir vurur, yenicə doğulmuş uşağın başına bir neçə yerdən mollanın məsləhəti ilə ülgüc çəkir. Körpənin ülgüclə çərtmək kadrı bir anlıq ispan rejissoru Luis Bunuelin “Əndəlus köpəyi” filmində məşhur - kişinin ülgücü itiləyərək gənc qızın gözünü kəsməsi səhnəsi effektini doğurdu.

Qeyd edək ki, körpə roluna Cəfər Cabbarlının oğlu Aydın çəkilib.

Dramatik olan digər epizod molla tərəfindən zorlanmış Zeynəb toy gecəsi ərinə ləkələndiyini deməsidir. O, dinlənilmədən evdən qovulur, ailəsi tərəfindən rədd edilir. Çöllərə düşən Zeynəbin zavallı, köməksiz vəziyyətini rejissor sanki Məcdəlli Məryəmlə eyniləşdirir.

“Toy” səhnəsi də filmin ən maraqlı, koloritli hissələrindəndir. Toyda şənlənən qadınların təsviri ilə Zeynəbin kədərli vəziyyəti paralel monatjla ekrana gətirilir. Bu kəskin kontrast Zeynəbin faciəsini dolğun çatdırır.

Filmdə Zeynəbin müsavat əsgərləri tərəfindən plantasiyalarda qul kimi işlədildiyi verilir. Bu da təbiidir. Çünki sovet hakimiyyəti qurulandan sonra kino sənət növü olmaqdan çıxaraq bolşevik ideologiyasının təbliğat mexanizminə çevrilir.

Həm də nəzərə alaq ki, film Pavel Blyaxinin ssenarisi əsasında çəkilib. Blyaxin inqilabi hərəkatın fəallarından biri idi. Uzun müddət Bakıda inqilabi fəaliyyət göstərmiş, sovet hakimiyyəti qurulandan sonra burada mühüm vəzifələrdən birini tutmuşdur.

Finalda Zeynəb, varlılara qarşı mübarizə aparan qardaşı Cəfərə (İbrahim Azəri) qoşulur. Kənd mollasının fırıldaqları aşkara çıxır, Qulu da ona inamını itirir, məhkəmə onun həbs olunması haqda hökm çıxarır...

“Bismillah”da şərq həyatı, şərqli insanının həyat tərzi, məişəti detallı təsvirlərlə verilir, kütləvi səhnələrdəki yaxın planlarda çəkilmiş müxtəlif insan portretləri filmin vizuallığını, emosional qatını daha da gücləndirir.

Operatoru Arakadi Yalovoy olduğu film həm də qadın azadlığı məsələsinə toxunan ilk ekran əsəri sayılır.

MARAQLI FAKTLAR

* “Bismillah” filmi yenicə çəkilib başa çatdığı vaxt Almaniya kino şirkətinin nümayəndələri Bakıda imiş. Onlar İrandan Berlinə qayıdarkən şəhərin qonağı olurlar. Qonaqlara “Bismillah” filmi göstərilir və film onların çox xoşuna gəlir. Hətta qeyd edirlər ki, Azərbaycanın məişət və ənənələrini göstərən epizodlar yüksək keyfiyyətlə həll edilib, çəkilən toy dəstgahı və məhərrəmlik mərasimi onlarda dərin təəssürat yaradıb. Onlar indiyə kimi kino aləmində belə ənənəvi epizodlar görmədiyini deyirlər. Nümayəndə heyətinin başçısı, rejissor Maks Bruxmüller onu da deyib ki, təchizat cəhətdən o qədər yüksək səviyyədə olmayan studiyada belə bir filmin çəkilməsi böyük uğurdur.

*A.M. Şərifzadə Ağarza Quliyevi rejissor köməkçisi vəzifəsinə dəvət edir. A. Quliyev xatirələrində deyir:

“Abbas Mirzə necə oldusa çəkiliş meydanında mənə bərk acıqlandı. Doğrusu onun bu hərəkəti məni mütəəssir elədi. Mən lal-dinməz çəkiliş meydanından çıxıb getdim. Bir neçə gün sonra Cəfər Cabbarlıdan məktub aldım. Məktub qısa yazılmışdı: “Ağarza, Abbas Mirzə sənin böyük qardaşındır, get, işinə başla. Sən gərək kinoda işləyəsən. Səni istəyən Cəfər”.

Gözəl və mehriban yoldaşımız Cəfərin təsirli və nəsihətamiz məktubu məni yenidən qaytardı studiyaya. Sonralar hətta Cəfərin vasitəsilə mən Abbas Mirzə ilə daha da yaxınlaşdım və dostlaşdım.

*“Bismillah” filminin çəkilşiləri dəfələrlə təxirə salınıb və müəlliflər bəzi problemlərlə üzləşiblər. Maliyyə çatışmamazlığı çəkilişin təxirə salınmasının səbəblərindən biri idi.

*Filmdə A.M. Şərifzadə ilə birlikdə rejissor kimi Vladimir Ballyuzek də təklif olunur. O, baş rol ifaçılarını kənardan dəvət etmək istəsə də Şərfizadə bununla razılaşmır, milli teatr truppasına üstünlük verir. Şərifzadənin fikrincə, milli adət-ənənələri, obrazların psixologiyasını yerli aktyorlar dəqiq, inandırıcı ifa edə bilərlər. Bu səbəbdən Ballyuzek filmə quruluş verməkdən imtina edir.

*Şərifzadə 1930-cu illərdə "xalq düşməni" elan edildikdən sonra onun adı rejissoru olduğu "Bismillah" filminin titrlərindən çıxarılıb.

*Filmin ilk adı "Şaxsey-vaxsey" olub. Buna uyğun olaraq şaxsey-vaxsey səhnələri dolğun çəkilib. Mollalar çəkilən lentləri alıb məhv etmək istəyiblər. Amma çəkiliş qrupumollaları inandırıb ki, işıq lentləri xarab eləyib, heç nə alınmayıb. \"Aydın yol" qəzeti

# 2782 dəfə oxunub

Oxşar xəbərlər

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
#
#
# # #