news-inner
clock12:13 calendar-gray 19 İyun 2015 view-gray50 dəfə oxunub
view-gray50 dəfə oxunub

Qismət: “Dastanlara yox, Nizamiyə istinad etməliyik”

Kulis “Blitz müsahibə” layihəsindən Qismətin cavablarını təqdim edir.

- Azərbaycan ədəbiyyatının ən mühüm nəsr əsəri sizcə hansıdır və niyə?

- Mən iki Yusifin – Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı”nı və Yusif Səmədoğlunun “Qətl günü”nü, iki də Hüseynovun – İsa Hüseynovun “Məhşər”ini və Çingiz Hüseynovun “Fətəli fəthi”ni, bir də Kamal Abdullanın “Yarımçıq əlyazma”sını sevirəm. Bu romanların hər biri təbii şəkildə bir-birindən ayrı-ayrı üslubların, dünyagörüşünün məhsulu olsalar da, onların hər birində çox önəmli saydığım ortaq özəlliklər var. Birincisi, mənə həmişə elə gəlib ki, bu mətnləri yaradan müəlliflər qətiyyən mənsub olduqları ədəbiyyatın dünyadakı yerini düşünmədən, yəni ənənəsi olmayan, üçüncü növ ölkənin yazıçısı kompleksinə düşmədən masa arxası otura biliblər. “Meymunu unudublar”, mətnin həqiqətinə fokuslanıblar. Bunu ancaq intellektual hazırlığı olan, öz içində bir çox şeyləri həll etmiş, öz gücünü idarə etməyi öyrənmiş adamlar bacarırlar. İkincisi, bu romanların hər biri bədii mətnin materialını yalnız müəllifin avtobioqrafiyasının dəyişilmiş forması kimi götürən klişeləşmiş qənaətini dağıdırlar; yəni dünyanın ən cazibədar səslənən uydurması olan “həyatdangəlmə-kitabdangəlmə” söhbətlərinin boş olduğunu, kitabların da həyatın tərkib hissəsi olmasını təsdiq edirlər. Üçüncüsü, bu əsərlərin hər biri müəyyən qədər Mişel Fukonun arxeoloji metodla tarixə, mifologiyaya, etnoqrafiyaya tətbiq etdiyini özünəməxsus formada realizə edir, materialı birqatlı klassik realizmdən çıxarır, ikinci-üçüncü müstəvilər yaradır, axtarışın əbədi dolanbaclarında gəzişməyi sevirlər. Dördüncüsü, hər biri dil, üslub və forma qatında eksperimentallığa meyllidirlər.

- Özünüzü hansı milli və xarici yazıçının davamçısı sayırsınız ?

- Özümü heç kimin davamçı saymıram. Amma ədəbiyyatda məşhur “ədəbi əcdadlar” məsələsi var və bu mənada mən özümü maarifçilik, tənqidi realizm xəttinin yox, estetik modernizm və daha çox postmodernizm çevrəsinə yaxın hiss edirəm. Yəni sonsuz forma oyunları, kamil üsluba canatım, dekonstruksiya, metafikşn, intertekstuallıq, dünyanın mətn kimi dərk olunması, çoxqatlılıq, çoxsəslilik və s.

- Ölkəmizdə ədəbiyyata olan münasibət sizi narahat edirmi?

- Pol Valerinin bir frazası var: “Mədəniyyət – əsrlər boyu artan, böyüyən sərmayədir”. Bizim ədəbiyyata münasibətimiz yaxşı deyil. Mən bu münasibəti təkcə ədəbiyyatla məhdudlaşdırmaq istəmirəm deyə, mədəniyyətlə bağlı sitat gətirdim. Məsələni daha bütöv, orqanik anlamaq lazımdır. Yaxın zamanlarda ədəbiyyatın, yəni avtomatik olaraq dilin, mədəniyyətin əhəmiyyəti haqqında olan, Lyosanın “Romansız dünya” essesini də demək istədiklərimin ifadəsi kimi çevirdim dilimizə. Ötən il İstanbuldan aldığım bir kitabı bala-bala oxumağa başlamışam, Pascale Casanovanın “Dünya ədəbiyyatı cumhuriyyəti” kitabı. Çox gözəl kitabdı, uzaqdan yaxından mədəniyyətə aidliyi olan hər kəsin bu kitabı oxumasını istərdim. Bu araşdırma, məncə, dövlətin mədəniyyət siyasətinə yön verənlərin stolüstü kitabı olmalıdı. Casanova ədəbiyyat, mədəniyyət uğrunda qitələr, mədəniyyətlər, dövlətarası rəqabətdən danışır. Mədəniyyətə təkcə mənəvi sərvət kimi yox, həm də sözün tamam real mənasında sərməya kimi baxmağın faydasından yazır. Məsələn, yazır ki, ədəbiyyat dünyası ayrıca bir dünyadır və bu dünyanın mexanizmlərə qətiyyən siyasətdəki, yaxud iqtisadiyyatdakına bənzəmir. Misal üçün, XVI əsrdə Venesiya iqtisadi paytaxt idi, amma intellektual güc Florensiyanın idi; XVII əsrdə Amsterdam avropanın ən böyük ticarət mərkəzi idi, amma sənətdə Roma və Madrid irəlidəydi; XVIII əsrdə London dünyanın mərkəzi oldu, amma mədəni güc Parisdəydi.

- Sizcə Azərbaycan yazıçıları dünyaya çıxmaq üçün nə etməlidir?

- Birincisi, dünya mədəniyyətinin dilində danışmağı öyrənməliyik. Burda dil deyəndə, mən tutalım, təkcə ingilis dilini öyrənmək, o dilə tərcümə olunmağı nəzərdə tutmuram. Dünya mədəniyyəti ilə eyni “fm”- də, eyni kanalda danışmağı öyrənməkdən söhbət gedir. İkincisi, klassiklərdən kimi və necə təqdim etmək məsələsini özümüz üçün aydınlaşdırmalıyıq. Məsələn, məhəlli siyasi atışmadan başqa heç nə ifadə etməyən “farsca yazıb” söhbətlərini kənara qoyub Nizaminin əsərlərini dünyaya təqdim etmək haqqında düşünmək lazımdır. Mən dayaq nöqtəmiz kimi Nizamini görürəm. Şifahi xalq ədəbiyyatı nümunələrinə, dastanlara apelyasiya etmək effekt vermir, məncə, ilk növbədə yazılı ədəbiyyata istinad etmək vacibdir. Bütün dünyada ciddi qəbul olunan budur. Qalan məsələlər sonrakı məsələnin işidir. Bundan başqa, başa düşməliyik ki, xalq şairi, xalq yazıçısı, milli təəssübkeş, istiqlal mücahidi və s. kimi etiketlərlə işarələnmiş, öz daxilimizdə nəyisə ifadə edən müəlliflərin əsərlərini tərcümə etdirib qızıl üzlükdə də çap etdirsək, heç bir effektin olmayacağını anlamalıyıq. Yəni ki, sərmayəmizi doğru idarə etməyi, bizə hörmət gətirən şeylərə maddi güc sərf etmək düşüncəsini mənimsəməliyik.

- İnternetin kütləviləşməsi ədəbiyyata necə təsir edir?

- İnternetin kütləviləşməsini ədəbiyyatın qarşısında maneə kimi görən düşüncəni mühafizəkarlıq kimi, dünya mədəniyyətində baş verənlərdən bixəbərliyi ört-basdır etmək kimi başa düşürəm. İndiki çağın ən güclü təbliğat silahı internetdi, virtual mediadı, bundan düzgün faydalanmağı nə yazıçı kimi, nə də oxucu kimi öyrənə bilməmişik. Sosial şəbəkələrdən çayxana kimi istifadə edirik, nəticə dəyişmir.

news-inner-user

13147 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Gənc yazar Toppuşbacı ilə veriliş aparacaq
01:11 13 Noyabr 2019
Bomj - Xalid Kazımlının hekayəsi
21:00 12 Noyabr 2019
"Ustad" dərgisinin 31-ci sayı nəşr olundu
20:11 12 Noyabr 2019
Bakıda müasir incəsənət biennalesi keçiriləcək
19:28 12 Noyabr 2019
Jerar Depardye Özbəkistanın səfiri təyin edilib
19:21 12 Noyabr 2019
Bakı Dövlət Sirki köçürüləcək
18:45 12 Noyabr 2019
Azərbaycanlılardan bəhs edən film Türkiyədə qətliam yaratdı
18:12 12 Noyabr 2019
Seymur Baycanın hekayəsi fransız dilində - Foto
17:40 12 Noyabr 2019
Kəramət Böyükçöl: "Deputat olmaq üçün küçədə kitab satıram" - Fotolar
17:03 12 Noyabr 2019
Ankarada azərbaycanlı yazarın kitabı təqdim edildi
16:15 12 Noyabr 2019
Müğənni Vəfa Şərifovanı aşağılamaq cəhdi – Sevda Sultanova “Günün yarısı” verilişindən yazır
15:41 12 Noyabr 2019
Azərbaycanlı kinotənqidçi "Leyla ile Mecnun"un rejissorunu danışdırdı - Video
15:20 12 Noyabr 2019
"Oskar"a namizədlər açıqlandı
15:00 12 Noyabr 2019
Zahid Sarıtorpaqdan yeni roman
14:30 12 Noyabr 2019
Mahsun Kırmızıgülün bu hərəkəti alqışlandı
14:02 12 Noyabr 2019
Təcavüzdə suçlanan müğənni istefa verdi
13:21 12 Noyabr 2019
Məşhur rejissorun yeni filmi təqdim edildi
12:50 12 Noyabr 2019
13 yaşlı məşhur aktrisa qəflətən öldü
12:20 12 Noyabr 2019
Azərbaycanlı yazarlar bu maraqlı aksiyaya qoşuldular - Fotolar
11:41 12 Noyabr 2019
Müslüm Maqomayevin həyat yoldaşı xəstəxanaya yerləşdirildi
11:14 12 Noyabr 2019