Kafkanı ağladan əsər

Kafkanı ağladan əsər
18 iyun 2015
# 07:30

Ədaləti təkbaşına bərqərar etmək, ədalətin pozulmuş tərəzisini öz qanunlarımızla nizamlamaq mümkündürmü? Hamımız, daha doğrusu içindəki vicdan və ədalət hissi diri olanlar, heç olmasa ömrümüzdə bir dəfə bu barədə düşünüb, hansısa fədakarlığa, hansısa məhrumiyyətə ehtiyac hiss etmişik. Çünki lap əzəldən ədalətin tərəzisi düz çəkmir. Və insan ədalət axtarışındadır.

Başqasına ədalətsizlik etmədən öz haqqını almağın, insanları incitmədən beynində qurduğun ilahi ədalətə qovuşmağın məncə mümkünsüzdür. Sən öz pozulmuş hüquqlarını qoruyarkən başqalarının haqqını tapdalayırsansa, buna görə cavab vermək məcburiyyətində qalacağını da anlamalısan. Bu da başqalarının gözlədiyi ədalətdir. Haynrix fon Klaystın (Heinrich Von Kleist) “Michael Kohlhaas” (Maykl Kolas) əsəri təkbaşına ədaləti bərqərar edəcəyinə inan, sadə bir at tacirinin həyatından bəhs edir. Frans Kafka, Klaystın bur romanı haqqında deyir: “Nə zaman yadıma düşsə, göz yaşlarımı saxlaya bilmirəm”. Kafkanın bu qədər həssas yanaşdığı bu əsərin qəhrəmanı Kolasın faciəsi doğrudan da olduqca həzin və təsirlidir.

Отображается файл "Hans-Kohlhase.jpg"

At tacirinin mübarizəsi

XIV əsrin ortalarında Havel çayının sahillərində yaşayan və at ticarəti ilə məşğul olan Maykl Kolas Klaystın təbirincə desək “dövrünün ən ədalətli ancaq ən qorxunc adamıydı”. Günlərin birində parçalanmış Almaniyanın gənc və harınlamış əsilzadələrindən birinin adamları Kolası hər zaman keçdiyi Tronkenburqda heç bir səbəb olmadan saxlayırlar. Atların keçdiyi torpaqların gənc ağası, Kolasdan icazə kağızı tələb edir. İcazə kağızı üçün öz yaşadığı yerə qayıtmalı olan Kolasın iki seçmə qara atını və bir qulluqçusunu gənc baron girov saxlayır. Kolas icazə almağa çalışdığı dönəmdə Tronkenburq əsilzadəsinin adamları onun qara ayğırlarını təsərrüfatda işlədir, buna mane olmaq istəyən qulluqçusunu isə ölümcül döyüb, qovurlar. Baronun ədalətsiz davranışı at tacirini özündən çıxarır. İcazə almaq üçün müraciət etdiyi dövlət idarəsində məlum olur ki, Tronkenburqdan keçmək üçün heç bir icazə kağızına ehtiyac yoxdur. Kolas hüquqi müstəvidə mübarizəyə başlayır və gənc baronu məhkəməyə verir. Məhkəmədə yaxın qohumları olan barona qarşı şikayəti təmin edilməyən at taciri mübarizəsini davam etdirmək üçün torpaqlarını, illərlə qurub yaratdığı evini satmağa qərar verir və qərarını belə əsaslandırır : “Hüquqlarımı qorumaq istəməyən bir ölkədə qətiyyən qala bilmərəm. Əgər ayaqlar altında əziləcəyəmsə, insan olmaqdansa it olmağı seçərəm”.

Bu dəfə Kolas birbaşa kral sarayına şikayət etmək üçün həyat yoldaşı ilə yola çıxır. Amma bu səfər faciə ilə sonuclanır. Kolasın həyat yoldaşı baronun qohumları tərəfindən öldürülür və Kolas ədaləti bərqərar etmək üçün öz mübarizəsinə başlayır.

Отображается файл "800px-Heinrich_von_Kleist_Erzählungen_1810_-_1811.jpg"

Qanunların qorumadığı insan

“Maykl Kolas” romanı 1500-1540-cı illər arası yaşamış alman üsyançısı Hans Kolhasenin başına gələnlərdən təsirlənərək qələmə alınıb. Klayst bu əsəri ölümündən bir neçə il əvvəl tamamlayıb. Əsərdə dövrünün böyük kilsə reformisti Martin Lüterin də maraqlı obrazı yaradılıb. Lüter üsyanın və qırğının qarşısını almaq üçün Kolasa məktub yazıb, nə üçün insanları öldürdüyünü, şəhərləri yandırdığını soruşur. Martin Lüteri və onun kilsədə həyata keçirməyə çalışdığı islahatları dəstəkləyən Kolas onun görüşünə gedir və atdığı addımların səbəbini izah etməyə çalışır: “Əgər hüquqlarım pozularaq cəmiyyətdən kənarlaşdırılmasaydım, mənim mübarizəm ədalətsiz hesab oluna bilərdi. Qanunların qorumadığı bir insanı mən cəmiyyətdən təcrid olunmuş hesab edirəm.”

Martin Lüterə görə Kolas baronu ələ keçirmək, haqqını almaq üçün apardığı dəhşətli mübarizədə başqalarının hüququnu pozur, ədalətsiz davranır. İstənilən halda, dövlətin müdafiəçisi kimi görünsə də Lüterə bu baxımdan haqq qazandırmamaq olmur. Yandırılan şəhərlərdə öldürülən günahsız adamların heç birinin baronla əlaqəsi olmadığı üçün, bu məqamda Kolas ədalət mizanı pozmuş sayılır və bu cəzasız qala bilməzdi. Kolas bu həqiqəti gec də olsa dərk edir.

Kolasın üsyanı xalqın oyanmasına, üsyana qalxmasına səbəb olur. Öz yaxın ətrafı ilə mübarizəyə başlayan Kolas, böyük bir ordunu idarə etməyə başlayır. Onun öz hüquqları uğrunda başladığı mübarizə, bütün xalqın mübarizəsinə çevrilir.

Ədalətin zəfəri, yoxsa?

Dövlətlə danışığa gedən at taciri barondan girov qoyduğu atlarını almaqla yanaşı, döyülmüş qulluqçusu üçün təzminat almağa, baron Ventselin iki illik həbs olunmasına nail olur. Amma Kolasın ədaləti bərqərar etmək üçün apardığı qeyri-qanuni mübarizə də cəzasız qalmır. Yandırdığı şəhərlərə və öldürdüyü insanlara görə onu edama məhkum edirlər. Edamdan əvvəl at taciri baron Ventseldən geri aldığı iki qara ayğırın yüyənindən tutub oğlanlarına təhvil verir. Oğlanlarına təhvil verməyi bacardığı atlar əslində onun azadlıq və ədalət uğrunda apardığı mübarizənin simvoludur. Kolasın mübarizəsindəki paradoks, onun ədaləti axtararkən insanlara qarşı ədalətsizlik etməsidir. Bəs əsərin sonluğunu ədalətin zəfəri saymaq olarmı? Klaystın qələmə aldığı bu paradoks dolu əsər, oxucu üçün ciddi suallar yaradır. Bu mübarizəyə haqq qazandıranlar da, bu mübarizə metodunu səhv hesab edənlər də olması çox normaldır. Çünki hər kəsin ədalət anlayışı fərqlidir. Ömrünü axtarışlarda keçirib, gənc yaşında sevgilisi ilə birlikdə intihar edən müəllif məncə özü də bu paradoks qarşısında aciz qalıb. Əsərin sonluğundan da bunu hiss etmək çətin deyil.

Kolas filmləri

“Maykl Kolas” əsərinin motivləri əsasında “Michael Kohlhaas – Der Rebell” adlı ilk film 1969-cu ildə Volker Schlöndorff tərəfindən çəkilib. Bu maraqlı əsər əsasında çəkilən “Michael Kohlhaas” adlı ikinci filmi isə 2013-cü ildə fransız rejissor Arno de Paler çəkib. Hər iki film Kann Film Festivalında nümayiş etdirilsə də, kifayət qədər məhşurlaşa bilməyib. Eyni zamanda Amerikalı rejissor Con Bedemin 1999-cu ildə vestern janrında çəkdiyi “The Jack Bull” filminin ssenarisi də məhz bu əsərdən təsirlənərək yazılıb. Kitabı oxumaq imkanı olmayanların bu filmlərə baxmağı tövsiyə edərdim. Xüsusən Arno De Pelerin çəkdiyi Fransa və Almaniya kinematoqraflarının ortaq istehsalı olan “Michael Kohlhaas” daha maraqlıdır. Film türk dilinə “Adalet için” adıyla dublyaj edilib.

# 1020 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
#
#
# # #