Yazar xanımların söhbəti: Onun çənəsi sallanıb, dişləri çürüyüb

Yazar xanımların söhbəti: Onun çənəsi sallanıb, dişləri çürüyüb
23 aprel 2015
# 09:46

Kulis yazarlar Könül Həsənqulu və Sahilə İbrahimovanın “Cənab Törner” filmi haqqında söhbətini təqdim edir.

Sahilə, bu dəfə oxucular üçün ayın əvvəli səninlə birlikdə dəvət olunduğumuz Britaniya Film Mövsümünün “28 Cinema”da keçirilən açılış mərasimi haqda təəssüratlarımı yazmağı qərara aldım. Doğrusu, son iki ayda sanki bahar yalnız təbiətdə qışın dondurduğu buzları deyil, həmçinin zamanı da əridib çay kimi axıdır əllərimdən. Hadisələr sürətlə baş verir və mən sonradan onlar haqda düşünməyə macal tapmıram. İzlədiyimiz filmi də vaxt tapıb müzakirə edə bilmədik. Sənin təəssüratların mənim üçün sual altındadır. Çox istərdim ki, sən də məktubunda bu haqda fikrini mənimlə, eyni zamanda oxucularımızla bölüşəsən.

Belə ki...

Oxucular üçün qeyd: 8 - 12 aprel tarixində British Council, Böyük Britaniya səfirliyi, PwC, UNICEF və 28 Cinema ilə əməkdaşlıq çərçivəsində Britaniya Film Mövsümü reallaşdı.

Açılışda Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq, “Əli və Nino” filminin rejissoru, “Oskar” mükafatı laureatı Kristofer Hempton və digər təşkilatçılar rəsmi nitqlərinə dekor olaraq ingilis yumoru qatmaqla film mövsümünün mahiyyəti haqqında qonaqları məlumatlandırdılar. Çıxışların ardınca müxtəlif mövzularda qısametrajlı, bir dəqiqəlik filmlər nümayiş olundu.

Bu filmlər azərbaycanlı gənc rejissorlar tərəfindən çəkilmişdi və özündə müəyyən ismarıclar əks etdirirdi. Nəhayət tədbir əsas hissəsinə keçid aldı. Mövsüm ilk olaraq İngiltərənin məşhur romantik peyzaj ustadı – rəssam Uilyam Törnerin həyatını əhatə edən “Mr.Turner” filminin nümayişi ilə başlandı. Digər təqdim ediləcək filmlər kimi bu film də məhz ingilis dilində nümayiş edildi.

Xatırlayırsansa, filmi izləyərkən sən mənə maraqlı fikir söylədin, Sahilə: “Film 2014-cü ilin filmidir. Maraqlı tərtibatdır; diqqət et, seçilən filmlər yalnız Britaniya kinematoqrafiyasının fərdi, özəl xüsusiyyətlərini deyil, həm də onun incəsənət və digər sahələrdə yer alan tarixi şəxsiyyətlərini ehtiva edir. Onların daha çox tanınmasına təkan verir”.

Həqiqətən də elə idi. Əminəm ki, zaldakı qonaqların böyük əksəriyyəti filmin qəhrəmanı olan XVIII əsrin parlaq rəssamını film vasitəsi ilə yenicə tanımış oldular. Şəxsən mən bu filmi izləyəndən sonra fürsət tapan kimi Uilyam Törner haqqında geniş məlumat əldə etməyə çalışdım. Doğrudur, iki saat otuz dəqiqəlik filmdə 76 il səyyar ömür sürmüş bir rəssamın bütün sarsıdıcı macəralarla dolu həyatını əhatə etmək qeyri-mümkündür.

Bu filmdə izləyicilər rəssam Törner həyanının xülasə şəklini gördülər. Film – rəssamın həyatını rəsm sərgisi kimi əsər-əsər nümayiş edirdi. Bütün natamam, düşündürücü kadrlar açarlanmışdı elə bil... Müəmmalı qısa hadisələr nəticəsində izləyicidə qəhrəmana qarşı sual doğur və bu sual hələ öz cavabını tapmamış film keçid alır növbəti – izləyicidə yeni-yeni suallar doğuracaq hadisələrə. Beləcə qəhrəmanın filmdə çəkilən xarakteri orda da çoxsaylı cavabsız sualların yaranmasına gətirib çıxarır.

Qəhrəman haqqında şəxsən məndə konkret bir fikrin formalaşmasına mane olan cavabsız suallar bunlardan ibarətdir: Zəngin rəssam, niyə boşandığı deyingən arvadının heyfini səfalət içində yaşayan və ya günlərin sonunu bir-birinə calayan zərif, susqun qız övladlarına maddi köməklik göstərməkdən boyun qaçırmaqla çıxırdı? Üstəlik onlara ata sevgisini də çox görürdü.


Bəs görəsən qadının xasiyyəti Uilyam Törner ilə bərabər yaşadığı müddət ərzində necə idi? Yoxsa bir dahi ilə bölüşdüyü ömrün əslində hədər getməsi onu belə pərişan hala salıb şikayətcil qadın edib?


Boşanandan sonra deyingən qadınına maddi yardım göstərərək onu susdurmaq əvəzinə niyə müdrik rəssam qadını öz aşağılayıcı rəftarı ilə daha çox deyingənliyə sövq edir?

Gözəl bədən quruluşuna malik qadınların rəsmini çəkməyə cəhd edərkən rəssam niyə onların qarşısında uşaq kimi səsli ağlasın axı?

Kübar və zəngin ali cəmiyyətin üzvü olan zövqlü rəssam niyə baxımsız, əqli inkişafca geri qalan qulluqçusu ilə sevgi(?) münasibəti qururdu?

Mənə elə gəlir ki, bütün bu sualların cavabları qəhrəmanın uşaqlıq və gənclik illərində şifrələnib qalmaqdadır. Ssenarist filmdə rəssam ömrünün yalnız son illərini – ahıl yaşlarını göstərməklə bizə gizlin şəkildə “Bu şəxsi araşdırın” ismarıcını ötürür. Yarımçıq araşdırmalarımda mən öz izləyici suallarıma cavab tapmadığım üçün, araşdırmalarımı yekunlaşdırar-yekunlaşdırmaz artıq film haqqında deyil, məhz ingilis rəssamı Uilyam Törner barəsində yazmağı düşünürəm, Sahilə.

Film haqqında isə son olaraq bunu deyim: üzü doğan günəşə sarı bir rəssamın can verməsində – mən təbiətin artıq rəssamla deyil, ölümlə sevişməsini gördüm... Törner gözümdə bu xəyanətin qurbanına çevrildi sanki...

Haqlısan Könül, filmi müzakirə eləməyə imkan tapmadıq. Film öncəki çay-kofe süfrəsində Humayun Ərşadi ilə söhbətdə qərara aldıq ki, ondan müsahibə götürək. Film nümayişinin səhəri vaxtı dəqiqləşdirmək üçün zəng elədim. Yazıçı-şairlərin jurnalistlik eləyib müsahibə götürməsini sevməsəm də, Erşadi ilə prinsiplərimə zidd gedə bilərdim.

Çünki onun aktyorluq tarixçəsi mənə maraqlıdır. Bundan əlavə, birgə baxdığımız “Cənab Törner” filmi ilə onun arasında da doğmalıq tapmışdım. Özü müsahibə verməyə həvəsli olsa da, hazırda çalışdığı prodakşn buna icazə vermədi. Bir az onun haqqında yazım.

Erşadi Kiarastaminin Kann festivalının baş mükafatını almış “Albalı dadı” filminin baş qəhrəmanıdır. O, bu filmə qədər İtaliyada təhsil almış sadə bir arxitektor olub. 50 yaşında bir gün maşınını svetaforda saxlayıb, fikrə gedir, pəncərəsi döyülür, şüşədən başını içəri salan Kiorastami soruşur: “Filmimə çəkilərsiz?” Buna uğur qapısını döydü deyirlər. Daha sonra Xalid Hüseyninin “Çərpələng uçuran” romanı əsasında çəkilmiş filmdə Baba rolunu alır.

Daxili gücü və sirayətedici enerjisi sayəsində mənim sevdiyim rejissor Mark Forsteri inandıra bilir ki, fiziki göstəriciləri uyğun olmasa da, bu rolu lazımınca oynayacaq. Beləcə, adi bir İran vətəndaşı film sənayesinin mərkəzinə doğru irəliləyir. İndi Törnerə keçək. Cənab Törnerə.

Ruslar filmin adını “Uilyam Törner” olaraq təqdim edərək yanlışlığa yol verirlər. Çünki rejissorun məqsədi onu məhz adi, sadə vətəndaş kimi təqdim etmək olub. Ona görə film “Mr. Turner” adlandırılıb, “Uilyam Törner” yox.

Hə, sənə ingilislər bir güllə ilə iki quş vurub, həm kinolarını, həm də rəssamlarını təbliğ edirlər dedim. Amma yox, bir güllə ilə üç quş vurulmuşdu. Filmdə çox gözəl təbiət mənzərələri göstərildi. Filmin yarıdan çoxunda Törner İngiltərənin əsrarəngiz təbiəti fonunda göstərilib, elə bil o, fırçasını günəşə, ağaclara, dağlara batırıb çəkirdi.

Filmdə demək olar ki, heç nə baş vermədi. Yüksələn, enən, kuliminativ məqamlar izlənmədi. Törner başda necə yöndəmsiz idisə, sonda da elə qaldı. Film rəssamın ölümə doğru gedən 20 rəngsiz ilini təsvir edir.

Törner rəsmi nikahda olmayıb. Sənin deyingən arvad adlandırdığın qadın və qızları, nəvəsi qeyri-qanuni birlikdəliyin nəticəsi idi. Suallarına cavab verməyə çalışacam. Əlbəttə, qadını deyingən edən Törnerin susqunluğu, laqeydliyi, sevgisizliyi idi. Qadın yanlış yol seçmişdi.

Şikayətlənərək birinin bizi sevməsini təmin etmək mümkün olsaydı nə vardı ki?... Bəzən həyat yoldaşından ayrılmış rəfiqələrim keçmiş ərlərinə zəng edib uşaqları ilə görüşməsini istəyirlər. Çarəsizlikdən bu yola əl atdıqlarını bilirəm, lakin yanlış yolda olduqlarını düşünürəm. Xahişlə, minnətlə ata düzəltmək, yanında sevgili saxlamaq olmaz.

Törner özü ilə tək qalanda əzab çəkirdi, lakin bunu qızlarının anası ilə bölüşməməkdə israrlı idi. Arada Törnerin piano çalan qadınla romantik dialoqu göstərilir, hiss olunur ki, aralarında uzaq keçmişdə qalmış sevgi yaşanıb, ikisi də kövrəlir, lakin hətta bu səhnə də qabardılmır, filmin mərkəzinə qoyulmur. Klassiklərin həyatından bəhs edən filmlərdə adətən rejissorlar, ssenaristlər qəhrəmanı çox bəzəyir, dramatikləşdirir, qeyri-adiləşdirir.

Bu filmdə isə rejissor Mayk Linin Törnerə bəzək vurmaq istəməməsini, təxəyyül qatmaqdan qaçmasını hiss elədim. Adamda kəskin ikrah hissi doğurmasa da, bəzi səhnələrdə hətta mərhəmətin yaranmasına səbəb olur. Törner qapalıdır, susqundur, çirkin və yöndəmsizdir, nə mehribandır, nə də çox kobud, mizantropdur (adamları sevmir). Eybəcərcəsinə gülür, fısıldayır, tövşüyür, xışıldayır, xırıldayır, çənəsi sallanıb, dişləri çürüyüb. Şəkillərini çəkərkən bəzən kətana tüpürür, bununla sanki içindəki hikkəni, qəzəbi də püskürür. Çəkdiyi dalğa savaşları, dənizin ortasında batmaq təhlükəsi ilə var gücünü toplayıb nəhəng dənizlə mübarizə aparan gəmilər bunun sayəsində daha canlı görünür, sanki.

Rejissor Törneri yöndəmsizliyin ən qabarıq rəngləri ilə təqdim etməkdən çəkinməyibsə, mən də özümü saxlamıram, mən həyatda belə adamdan iyrənərdim. Hətta donuzun bişirilməsi prosesi də film üçün təsadüfi seçilməyib. Bu, Törnerin donuza oxşadığına işarə idi. O, heyvani instinktlərlə yaşayır. Yeyir, yatır, qadınla münasibətləri də romantikadan uzaqdır.

O, əvvəlcə əqli cəhətdən geri qalmış bir qulluqçusu ilə münasibət yaşayır, sonra onu başqa bir köməkçi qadına dəyişir. Lakin bu münasibətdə nəvazişdən və qarşı tərəfə sayğıdan söhbət gedə bilməz. Hər şey məhz heyvanidir.

Əslində, Törner mənən tənhadır. O, filmin sonuna yaxın mənəvi yalqızlığını qismən dilə gətirir. Qadın şəkli çəkməyi bacarmayan, lakin bunu arzulayan rəssam hər dəfə bu məqsədlə fırçasını əlinə alanda proses yarımçıq qalır, zülüm-zülüm ağlayır. Ölümünə bir neçə saat qalmış sonuncu cəhdini edir, fırçasını götürüb çölə qaçır, qadın şəkli çəkməyə çalışır, yenə bacarmır.

Anası ilə ruhi bağ çətinliyimi, yoxsa həyatındakı ən önəmli qadının itkisimi onu incidir, bilmək olmur. Çarpayısında “Günəş öldü” sözlərini deyib gözlərini yumur. Səhnələri sadaladıqca əslində nə qədər dramatik və dərin məqamlara toxunulduğu görünür, filmdə isə bunlar üstündə dayanılmadan keçilir deyə həmən an adama sanki güclü təsir etmir. Törneri sarı rəngi sevdiyi və marianist (dəniz təsvirləri çəkən rəssam-S.İ.) olduğu üçün bəyəndim.

Detallara çox önəm verməyib, ümumi təbiət şəkillərini seyr etməyi, sahildə dayanıb dənizi izləməyi və mənzərəyə geniş və kənar baxışla baxıb, çəkməyi sevib.

Törner rolunu Timoti Spoll mükəmməl ifa edib. Filmi izləyib aktyor oyunundan riqqətə gəldikcə istər-istəməz Erşadinin reaksiyasını görmək üçün ona nəzər salırdım. Əmin idim ki, oyunu lazımınca qiymətləndirir.

Mən məkana deyil, adama bağlı adamam. Məkanları unuduram, onları yalnız hansısa insan fonunda xatırlayıram. Bu o deməkdir ki, Törnerin simasında 19-cu əsr İngiltərəsini bir daha xatırladım və onunla doğmalaşdım.

# 985 dəfə oxunub

Oxşar xəbərlər

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
#
#
# # #