Ədəbiyyat vətən deyil

Ədəbiyyat vətən deyil
18 aprel 2015
# 10:44

Ədəbiyyat da vətən deyil ki, uğrunda ölmək lazım olsun.

Söz də torpaq deyil ki, üç-beş sot götürüb, üstündə ev tikəsən.

Burda giriş pulsuzdur, yerlərin sayı məhdud deyil.

Ədəbiyyatda hamıya yer var.

Nəyin davasını edirsiz?

Bu, bədii yazının tələbinə uyğun, müəllifin acizliyini pərdələmək məqsədi daşıyan ritorik sual-filan deyil. Konkret cavab tələb edən əsl sual cümləsidi.

And olsun Uca Şirvinin ruhuna ki, mən öz qadın məntiqimlə bu sualın təxmini cavabını da tapa bilmirəm.

Bəlkə, siz öz kişi ağlınızla dəqiq cavabı deyəsiz...

Başa düşürəm, çətindi. Bilirəm, qələm ən yaxşı silah növü deyil, yaradıcılıq ən münasib mübarizə üsulu sayılmır.

Anlayıram, biz hamımız hədəfi çaşdırdıq, heç birimizin olduğu yer olmaq istədiyimiz yer deyil. Bir də ayılıb gördük ki, çaşıb tamamilə başqa istiqamətə getmişik.

Uduzduq, deyəlim... “Düşmən qəvi, tale zəbun” - təcrübəsi var tarixdə, necə olsa.

Sizi and verirəm, içki məclislərində Azərbaycan ədəbiyyatının sağlığına qaldırdığınız badələrə, azca obyektiv olun. Çıxış yolu öz gözümüzdə tiri qoyub başqalarının gözündə tük axtarmaq deyil. Bir-birini tostlarda dahi adlandırıb, ayıq vaxtlarda min cür “təşbeh” qoşmaq da deyil.

Yaza bilməyən yaza biləni ittiham edir, pulu olmayan pulu olanı, evsizi evlini, məşuqəsizi məşuqəlini, mənsəbsizi mənsəblini, şöhrətsizi şöhrətlini...

Televiziya jurnalisti qəzet jurnalistinə ağız büzür, qəzet yazarı sayt yazarına, posmodernisti klassikinə, nikbini bədbininə...

And olsun içki məclislərində cavan-cavan şairlərin saqini belə feyziyab edən yeni şeirlərinə, yaşlı-yaşlı tənqidçilərin xırdaladığı ədəbiyyat nəzəriyyəsinə ki, vəziyyət pisdi, çox pis.

...Ədəbiyyat da vətən deyil ki, iyirmi faizini itirib sonra geri qaytarmaq üçün vuruşasan. Elə şeylər var ki, geri qaytarmağı heç xəyal eləmək də mümkün deyil.

Kimin itkisi daha çoxdu, şərəfinimi, mənsəbinimi qurban verənin, ruhunumu, yoxsa bədəninimi satanın, ürəyinimi, ciyərinimi çürüdənin, vicdanınımı, zövqünümü itirənin, yolunumu, ağlınımı qeyb edənin və nəhayət, özünəmi, dostlarınamı xəyanət edənin?

Kim daha çox öz yerindədi: xəstəxanadamı, türmədəmi, küçədəmi, saraydamı olan?

And olsun yekə-yekə iddialı balaca-balaca qızların roman kitablarına ki, mən bu sualların cavabını bilmirəm.

Ey siz (və yaxud da biz), bu balaca ölkənin balaca-balaca kəndlərindən çıxıb bir şəhərə yığışmış, tanış, dost, qardaş olmuş, bir-biriylə“söz-çörək” kəsmiş qələm adamları, bu balaca ölkənin iki cüt bir tək ali məktəbini bitirmiş, eyni auditoriyalardan, eyni yataqxana dəhlizlərindən, redaksiya çayxanalarından çıxmış qrup, iş, otaq yoldaşları, bir-birinin tələbə yoldaşları ilə evlənmiş, bir-birinə mövzu vermiş, dərd danışmış söz sahibləri, minaya düşmüş kimi hissələrə ayrılmış, parça-tikə olmuş söz adlı süd anasının balaları, bir də deyirəm, bu suallar bədii yazıda məqbul sayılmayan əsl sual cümlələridi.

Mənim öz qadın məntiqimlə öhdəsindən gələ bilmədiyim, sizin öz kişi ağlınızla cavab verməli olduğunuz suallar.

And olsun şərəfinə badələr qaldırıb məhv etdiyiniz, sonra anasına, bacısına dərin hüznlə başsağlığı verdiyiniz pöhrə-pöhrə istedadlara ki, bütün uğursuzluqları unutmaq üçün içmək ən yaxşı yol hesab olunmur, nəinki ağlını itirincə içmək, heç huşunu itirincə içmək belə.

# 966 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #