Arvad əti

Arvad əti
10 aprel 2015
# 10:12

Dünən Facebookda Ramiz Qusarçaylı gündəmdə olan söhbəti ümumiləşdirən maraqlı bir status yazmışdı: “Bu gün menyuda arvad ətidi”.

Son vaxtlar gündəmi sevməyə başlamışam. Yaxşı şeydi, adamın başını qatır, bəzən kefini açır. Bir var həmişə önündə görəndə mədənin qorxduğu ağır milli yeməklər kimi tanış mövzu ola, bir də var hansısa xarici mətbəxdən olan desert söhbətlər.

Ona görə də dünən Facebookda hamı şad-xürrəm görünürdü. Kişinin arvadını kəsib yemək söhbəti camaata ləzzət edirdi. Bizim qadınlar mövzuyla arxayın məzələnirdilər, çünki hələ onları kəsib yemək istəyən yox idi. Kişilər daha həvəslə məzələnirdilər, ona görə ki, təklifin xəyalı belə gözəl idi.

Mən isə “Nəsimi” filmində şeyxin sözlərini xatırlayırdım: “Siz gülürsünüz, amma mən onun qanını içərdim”.

Gerçəkdən, gülməli deyil. Bu məsələni leqallaşdırmaq dindarların əlində nədir ki? Zatən bizim dinimizdə qurban kəsib onun ətini yemək, qanını alnına sürtmək var. İbrahim peyğəmbərin Allah yolunda öz oğlunu qurban kəsmək istəməsinə inanan insanları kişinin öz arvadını kəsib yemək ayininə inandırmağa nə var? Necə olsa, arvad oğuldan min köynək uzaqdır. Qalır İsmayılın rəvayətinə uyğun bir nağıl düzüb qoşmaq.

“Ölülər” əsərində bir replika var. İsgəndərin bütün çabalarına rəğmən, öz qızını şeyx Nəsrullaha ərə vermək istəyən hacı Həsən arvadına deyir: “O qızın əlini-ayağını qayır, sabah veririk şeyxə”.

Buna uyğun replika da düzüb-qoşmaq olar. Tutaq ki, kişi öz qızına deyir: “Ananın əlin-ayağını qayır, xınala, sabah onu kəsəcəyik”.

Mənə elə gəlir, bununla islamda qadına olan ali münasibət tamamlanmış olur. Müxtəlif fətvaları ümumiləşdirən yeganə düzgün qərar. Daha həmin qadını daşqalaq etmək, dilini kəsmək, torbaya soxmaq lazım olmayacaq. Hərə öz arvadını kəsib yeyəcək, öz sonuncu qələbəsini qeyd edəcək, vəssalam.

Məncə, hər hansı müsəlman kişisinə dörd arvadından üçünü kəsib yemək, birini tumluq saxlamaq məqbul sayılmalıdı. Həmin adam əlavə xərclərdən qurtulmuş, həm də ət problemini həll eləmiş olur!

O ki qaldı sözün hər iki mənasında qurbanlara, yəni kəsiləcək zənənlərə, onların içindən şeyxin bu pəstahasına məntiqli baxan dindar qadınlar da az olmayacaq. Ağzıdualı, namazlı-dəstəmazlı mömin qəssablar əlində ölməklə, sevimli kişisinin həzm-rabesindən keçməklə xoşbəxt olmaq istəyən könüllülər dəstəsi. Döyüş bölgələrində cihada dəstək verdiyini düşünən zərif cinsin nümayəndələri üçün məhrəm bir kişinin əlində üzü qibləyə kəsilmək nədi ki?!

Yəqin ki istisnalar da olacaq. Qurban bayramı qabağı sahibinin əlindən qaçan bəzi qurbanlıqlar kimi.

Ətin taleyinə gəlincə, deyilənə görə, qurban əti dadlı olur...

# 898 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #