Xox gəlmişsiniz!

Xox gəlmişsiniz!
10 mart 2015
# 17:01

Bəli, yazımın adında heç bir hərf səhvi yoxdur, bilərəkdən və olduğunu yazmışam.

Haralardansa Bakıya doluşub, sonra Bakıdan da haralarasa gedib xox gələn yazarlardan söhbət açmaq istəyirəm.

Yadınızdadırsa, keçən il “Korrupsiya və qanun” adlı qəzetin xanım müxbiri Astaranın kənd orta məktəblərindən birində direktordan aldığı rüşvətə görə həbs olunmuşdu.

Həmin xanım müxbir o günlər ərəfəsində bölgənin hansı rayonunun hansı orta məktəb və digər müəssisələrində olmuşdu, hardan nə qədər pul almışdı, kim bilə bilər ki?

Bir belə müxbirin həbs olunması bir də belə müxbirlərin əyalətlərə gedib gözünün altına keçənə xox gəlməsini və pul tələb etməsini dayandırırmı?

Təbii ki yox.

Qəribə kateqoyiadır.

Mən bir neçə dəfə beləsiylə qarşılaşmışam deyə, ümumi təsvirlərini təxmini də olsa verə bilərəm.

Qadın ya kişi olmasından asılı olmayaraq onların gözlərində qorxu və həyəcan duyulur, baxışları oynayır, qulaqları daim ətrafı dinləyir. Baxışlarının və qulaqlarının sanki paralel işləyə bilən əlavə funksiyaları var. Hədəf seçdiyi adamlarla danışıb onları dinləsələr də ətrafı daha diqqətlə görür və daha dəqiqliklə eşidirlər.

Qorxaqdırlar.

Qorxaq olduqları üçün də zəhmli və ciddi görünməyə çalışırlar.

Adətən rəsmi geyim tərzləri olur. Qalstukları, saatları, qələm və bloknotları, səliqə ilə daranmış saçları, bəzən eynəkləri...

İlk baxışdan paytaxtdan gələn əzazil və yalnız və yalnız həqiqəti yazacaq, həqiqətdən başqa heç nə görməyən və görmək də istəməyən biri kimi qəbul etdirməyə çalışırlar özlərini.

Hədəf seçdikləri müəssisələrdə iynə ucu boyda da olsa neqativ hal varsa, bu barədə özlərinin həmin bölgədə yaşayan xəbərçiləri vasitəsilə məlumatları olur.

Xox gəlmək istədikləri yerlərdə müxbir vəsiqələrini elə bir təntənə ilə təqdim edirlər ki, az qalır fonda dövlət himni və ya “Koroğlu” uvertürası eşidəsən.

İtinin adını Gümüş qoyan kasıb kimi bu tip müxbirlərin vəsiqələrinin məxsus olduğu mətbu orqanların adları özündə o qədər zəhm daşıyır ki, hədəf seçilən əyalət adamı bilmir qorxusundan ödünün hansı tərəfdən yesin.

Həmən müəssisənin fəaliyyətini yoxlamağa və bloknotuna qeydləri etməyə başlamaq istəyən müxbirə hədəf olan müdir əlinin altındakı müavindən-köməkçidən kimisə ona bələdçilik etməyə qoşur. Özü isə məsləhət üçün mütləq bir-iki əyalət müəssisə rəhbərinə və ya kiçik ranqlı məmura zəng edir, onlar da mütləq “yola sal, getsin” formatlı təlimatlarını verirlər, çünki, vəsiqədəki zəhmli mətbu orqanı adı və Bakıdan gələn müxbir obrazı telefondan da olsa, onlara da öz xəfif həyəcan təsirini ötürə bilir.

Sonra hədəf kabinetindən çıxır və müəssisəni dolaşan əli bloknotlu müxbirin dalınca düşür, ona bir az dincəlməyi, çay içməyi, yoldan gəldiyi üçün istirahətə və yemək süfrəsində sakit-sakit söhbət etməyə dəvət edir.

Müxbir isə elçisi gələn qarımış qız hikkəsi ilə üzünü turşudur və nümayəndəsi olduğu mətbu orqanın zəhmi ürək partladan adını çəkə-çəkə müəssisədən mütləq tənqidi yazı hazırlayacağını israr edir.

Nə isə, uzun yazmağım əbəsdir, zatən mətbuat aləmində hamı bu cür tipləri tanıyır, əyalətlərdəki kiçik məmur aləmi dövrü mətbuatı normal izləmədiyi səbəbindən tanımasa da.

Xox gələnlərdən başqa, xoş gələnlər də var.

Onlar adətən şeir kitablarını müəssisə rəhbərlərinə “hədiyyə etmək” istəyənlərdir.

Belə müəssisə rəhbərləri günün rahat vaxtında kabinetlərində oturub çay içdikləri zaman, bir də görürlər, qapı açıldı və özünü birnəfəsə yazıçı, şair, jurnalist, nə bilim, universal və internasional qələm sahibi, üstəlik də bir sürü ədəbi mükafatların qənimi kimi təqdim edən qadın və ya kişi kitabını masanın üstünə qoyur.

Bəzən elə birbaşa deyirlər: “Satmıram, mən kitab satan deyiləm ki, yazaram, amma nə qiymət versəniz odur, məni yola salın gedim.”

Yola salma prosesi cibə və ya kitabın arasına pul qoymaqla bitir, ümidverici hallarda isə restoranda, daha sonra daha kim bilir haralarda davam edir.

Yadıma düşmüşkən, bu günlərdə bir bəzək-düzəkli şair xanım özünün parıltısı göz partladan avtomobilini bir küçədə saxlayıb, hara girsə yaxşıdır? Qadın üst geyimləri tikən kişi dərzisinin yanına. Özünü ölçdürdükdən sonra da dərzini dünyayi-aləmə məşhur edəcəyini vəd edir, sənə elə bir şeir həsr edəcəyəm ki, onu qəzetdə verəndən sonra respublikanın hər yerindən müştərilərin olacaq, 200 manat ver, qəzetin xərci üçün, qiyməti budur, bax vallah mənə qəpik çatmır, sənə görə eləyirəm, əla ustasan axı...

Beləcə, həm havayı əyin-baş tikdirir, həm də məktəb divar qəzeti kimi bir ağ-qara “aleksandrovski” görünüşlü qəzetdə bu dərziyə həsr etdiyi cızma-qaraya görə 200 manat qazanır.

İndi həmin şeir həmin dərzinin iş otağının ən görkəmli yerində divarda yadigardır.

O bəzəkli şairə isə hardadır, kimə şeir yazır, bilmirik.

# 1418 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #